Məhkəmə qərarları › İş №1(011)-265/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №1(011)-265/2024

17.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(011)-265/2024 17.05.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Əliyeva Nailə Namiq qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, müdafiəçi - Bakı şəhəri 34 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında, xx xxxxx 1998-ci ildə Şəmkir rayonu, Təzəkənd kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, işləməyən, məhkum olunmamış, Şəmkir rayonu, Təzəkənd kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs etibarnamə əsasında idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan "X13" marka və modelli **-FN-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə xx.xx.2024-cü il tarixdə, saat 02 radələrində Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti ilə "Nargilə" dairəsi istiqamətində 30 km/saat sürətlə hərəkətdə olarkən "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şəraiti, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almalı, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməli, hərəkət üçün təhlükə yarandığını gördüyü, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda qanunun normasına əməl etməyib hadisənin qarşısını almağa texniki imkanı olmasına baxmayaraq, ünvan 2 ünvanın qarşısında yolu sağ tərəfdən sol tərəfə keçən piyada Zərərçəkmiş şəxs yolun hərəkət hissəsinin dördüncü zolağında ehtiyatsızlıqdan avtomobilin ön sağ tərəfi ilə vurmaqla sonuncuya sağ qaş nahiyəsinin əzilmiş yarası, sağ gözaltı nahiyənin və göz qapaqlarının hematoması, alın və üzün çoxsaylı sıyrıqları, sağ mil sümüyünün xətti sınığı kimi ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid xəsarətlər yetirməklə yol hərəkəti qaydalarını pozmaqla yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cinayət əməlini törətməkdə özünü təqsirli bilərək göstərdi ki, xx.xx.2024-cü il tarixdə saat 02 radələrində tanışları ilə görüşərək birlikdə "İlaxır çərşənbəsini qeyd etmişlər. Daha sonra tanışı Şahid ilə digər tanışı Elvin İsrafilovu yaşadığı Polad Həşimov küçəsində yerləşən evinə aparmışlar. Rasim və Elvin onun idarə etdiyi Toyota Prius markalı **-FN-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşmişdir. Rasim avtomobildə ön oturacaqda Elvin isə arxa oturacaqda əyləşmişdir. O, avtomobili ilə Elvini yaşadığı məhəlləyə düşürmüşdür. Daha sonra P.Həşimov küçəsində hərəkətini davam etdirib avtomobilinə yanacaq doldurmaq üçün 8 Noyabr prospektində yerləşən "SOCAR" yanacaq doldurma məntəqəsində avtomobilinə yanacaq doldurmuşdur. Avtomobilinə yanacaq doldurduqdan sonra Rasim ilə biraz gəzmək üçün H.Aslanov metrostansiyası istiqamətində getmişlər. 8 Noyabr prospektində hərəkətini davam etdirib "Nargilə" dairəsi istiqamətində getmişdir. 8 Noyabr prosektindən R.Quliyev küçəsinə daxil olmaq üçün yolun sağ zolağı ilə hərəkətini davam etdirib "Nargilə" dairəsinə çatmağına təxmini 20-30 metr məsafə qalmış səkinin üzərində dayanmış piyada bir anda avtomobil yoluna daxil olmuşdur. Bu zaman o, qəzadan yayınmaq üçün avtomobilinin sükanını sol tərəfə döndərmiş, lakin qəzadan yayına bilməmişdir. O, idarə etdiyi avtomobilinin ön sağ işıq cihazı ilə həmin piyadanı vurmuşdur. Zərbənin təsirindən piyada yerə yıxılıb xəsarət almışdır. O, avtomobilini saxlayıb avtomobilindən yerə düşüb həmin piyadaya yaxınlaşıb səhhəti ilə maraqlanıb Rasim ilə birlikdə avtomobilinə əyləşdirib xəstəxanaya aparmışdır. Baş vermiş hadisə ilə bağlı Zərərçəkmiş şəxs ilə barışmış və ona dəymiş ziyanı tam şəkildə ödəmişdir. Odur ki, barəsində olan sadələşdirilmiş icraat materialına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs göstərdi ki, xx.xx.2024-cü il tarixdə saat 02 radələrində işlədiyi 8 Noyabr prospekti 14A ünvanında yerləşən "Sarı Qaya" restoranından tək çıxaraq 8 Noyabr prospekti 5 saylı ünvanında yerləşən "Bazarstore" mağazasının qarşısına avtobus dayancağına doğru getmişdir. Piyada hərəkətini davam etdirib "Nargilə" kafesinin arxa hissəsindən keçib 8 Noyabr prospektinə yolun kənarına yaxınlaşıb avtomobillərin keçməsini gözləmişdir. Yolun boşalmasını gözləyib avtomobil yoluna daxil olan zaman Zığ qəsəbəsi istiqamətində hərəkətdə olan Toyota Prius markalı avtomobil ön sağ tərəfi ilə onu vurmuşdur. Zərbənin təsirindən o, yerə yıxılıb xəsarət almışdır. Bu zaman avtomobilin sürücüsü dərhal avtomobilini saxlayıb ona yaxınlaşıb səhhəti ilə maraqlanıb onu avtomobilinə əyləşdirib avtomobildə olan sərnişin ilə birlikdə xəstəxanaya aparmışdır. Hazırda iş üzrə Təqsirləndirilən şəxs ilə barışdığını, zərərin tam şəkildə ödənildiyini, ona qarşı heç bir şikayət və tələbinin olmadığını göstərərək, təqsirləndirilən şəxsin barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - 20 mart 2024-cü il tarixli hadisə yerinə baxış protokolundan görünür ki, hadisə ünvan 2 ünvanın qarşısında baş vermişdir. Hadisə yerində avtomobil yolu düz, hamar olmaqla asfalt-beton örtüklüdür, yolun ümumi eni 17 metr olmaqla 4 hərəkət zolaqlıdır. - 20 mart 2024-cü il tarixli 2/15210 nömrəli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Təqsirləndirilən şəxs ayıqdır, alkoqol qəbulu əlamətləri yoxdur. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Bakı Şəhər Narkoloji Mərkəzi” X7 27 mart 2024-cü il tarixli məktubundan görünür ki, xx.xx.1998-ci il təvəllüdlü Təqsirləndirilən şəxs Bakı Şəhər Narkoloji Mərkəzində qeydiyyatda yoxdur. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X7 29 mart 2024-cü il tarixli məktubundan görünür ki, xx.xx.1998-ci il təvəllüdlü, Şəmkir rayonu, Təzəkənd kəndində yaşayan Təqsirləndirilən şəxs arxiv məlumatlarına görə xx.xx.2022-xx.xx.2022; xx.xx.2023-xx.xx.2023-cü il tarixlərdə Respublika Psixiatriya Xəstəxanasında gündüz stasionarı şöbəsində yarım stasionar rejimdə müalicədə olub. Diaqnoz: Fəlakət (İİ Qarabağ müharibəsi) keçirdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi depressiv epizodlar, özünü kəsmələrlə. - Azərbaycan Respublikası Bakı Şəhəri İcra Hakimiyyəti Xətai Rayonu Mənzil- Kommunal Təsərrüfatı Birliyi 85 saylı Mənzil-Kommunal İstismar Sahəsinin 27 mart 2024cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs həqiqətən Gəncə prospekti 65 saylı evin 74 №-li mənzilində qeydiyyatsız yaşayır. - 85 saylı Mənzil-Kommunal İstismar Sahəsinin rəisi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, xx.xx.1998-ci il təvəllüdlü Təqsirləndirilən şəxs həqiqətən ünvan 3 ünvanda yaşadığı müddətdə Təqsirləndirilən şəxs barəsində qonşular və yaxud inzibati orqanlar tərəfindən 85 saylı MKİS-ə heç bir şikayət daxil olmamışdır. - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* №-li arayışından görünür ki, Təqsirləndirilən şəxs Şəmkir rayonu, Təzəkənd Ə/D, Təzəkənd kəndində qeydiyyatdadır. - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 6 saylı Bakı “ASAN XİDMƏT” Mərkəzində Qeydiyyat şöbəsinin 27 mart 2024-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi - atası X4 (xx.xx.1966), anası X3 (xx.xx.1969), qardaşı X5 (xx.xx.1989 – ölüb xx.xx.2018) və bacısı X1 (xx.xx.1990) ibarətdir. - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin BƏSİİ-dən verilmiş 02 aprel 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X7 29 mart 2024-cü il tarixli 825 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X2 X10 Xətai rayon şöbəsinin 01 aprel 2024-cü il tarixli, 294 saylı rəyindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs sağ qaş nahiyəsinin əzilmiş yarası, sağ gözaltı nahiyənin və göz qapaqlarının hematoması, alın və üzün çoxsaylı sıyrıqları, sağ mil sümüyünün xətti sınığı müəyyən edilmişdir. Xəsarətlər bərk küt əşya(lar) təsirindən törənmişlər, qərarda göstərildiyi kimi xx.xx.2024-cü il tarixdə baş vermiş YNH zamanı törənə bilərdilər və dərəcələrinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddirlər. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhəri Xətai Rayon Polis İdarəsinin 04 aprel 2024-cü il tarixli məktubundan görünür ki, xx.xx.1998-ci il təvəllüdlü Təqsirləndirilən şəxs nəqliyyat vasitələrini idarə etmə hüququ xx.xx.2024-cü il tarixindən 6 ay müddətinə məhdudlaşdırılmışdır. - Şəmkir rayon məhkəməsinin 18 mart 2024-cü il tarixli, 3(076)-211/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, nəqliyyat vasitəsini idarə etmək hüququ 6 (altı) ay müddətə məhdudlaşdırılmışdır. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 02 aprel 2024-cü il tarixli 8/880 saylı ekspert rəyindən görünür ki, Toyota Prius markalı **-FN- *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. - 06 aprel 2024-cü il tarixli zərərçəkmiş şəxs kimi tanıma haqqında qərardan görünür ki, böyük ictimai təhlükə törətməyən aşkar cinayətlər üzrə məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə Zərərçəkmiş şəxs kimi tanınmışdır. - Zərərçəkmiş şəxs 17 may 2024-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona dəymiş ziyan tam şəkildə ödənilmişdir, təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və mülki iddiası yoxdur. İş üzrə icraata xitam verilməsini xahiş etmişdir. - Təqsirləndirilən şəxs 17 may 2024-cü il tarixli ərizəsindən görünür ki, özünü təqsirli bilir, əməlindən peşmandır. Zərərçəkmiş şəxs ilə barışmışdır. Ona dəymiş ziyanı tam şəkildə ödəmişdir. Zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmadığını nəzərə alaraq, barəsində olan cinayət işinin icraatına xitam verilməsini xahiş etmişdir. - 10 yanvar 2024-cü il tarixli 157 №-li Xəstəlik haqqında şəhadətnamədən görünür ki, Təqsirləndirilən şəxs “Fəlakət (müharibə) keçirtdikdən sonra orta (mülayim) dərəcədə ifadə olunmuş davamlı şəxsiyyət dəyişikliyi, depressiv epizodlar, özünü kəsmələrlə. Gərginlik tip baş ağrısı. Sağ gözün alt qapağının (xx.xx.2020) çapığı. Sol bazunun yuxarı 1/3-nin kəsilmiş yaralarınadn sonrakı bərkimiş dəri çapıqları” – “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır”. “İİ (ikinci) dərəcəli alimentar konstitusional piylənmə BÇİ-33,0. Çoxsaylı kariyes” – “ümumi xəstəlikdir”. - Azərbaycan Respublikası Medalının Vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs “Qubadlının azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Cəsur döyüşçü” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilmişdir. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyanın 115134 №-li vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs müharibə veteranları üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququna malikdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin qeyd olunan maddəsi ilə tövsif edilmişdir. Beləliklə, aparılmış məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs yuxarıda göstərilən cinayət əməlini törətməsi özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxsin ifadəsi, ekspert rəyi, eləcə də işin tədqiq olunmuş digər materialları ilə sübuta yetirilir. Məhkəmə təqsirləndirilən şəxsin ifadəsini, zərərçəkmiş şəxsin barışıq barədə ərizəsini nəzərdən keçirib, iş materiallarını araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və onun barəsində olan cinayət təqibinə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsində avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olmasına görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Eyni zamanda həmin maddənin “Qeyd” hissəsində göstərilir ki, “bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir”. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: Məhkəmə baxışının gedişində cinayət təqibinə xitam verilməsinin əsaslarına dair 43.1.2-ci maddəsinə əsasən, bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Həmin Məcəllənin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Beləliklə, məhkəmə iş materiallarını araşdıraraq, Təqsirləndirilən şəxs səmimi peşmançılığını, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkənə dəymiş ziyanı tam şəkildə ödəməsini, “Qubadlının azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Cəsur döyüşçü” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi və onun barəsində olan cinayət təqibinə xitam verilməsi məqsədəuyğundur. İş üzrə maddi sübut kimi tanınan - «Toyota Prius» minik markalı **-FN-*** dövlət qeydiyyat nişanlı avtomobilin Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınmalıdır. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 85 (səksən beş) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 34 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 15 (on beş) iş saatına görə 90 (doxsan) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabına ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, onun müdafiəçisinin cinayət prosesində iştirakı dövlət büdcəsi vəsaiti hesabına təmin edilir, həmin Məcəllənin 193.5-ci maddəsinə görə hüquqi yardıma görə hər iş saatı üçün ödənişin məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir, müdafiəçinin təqdim etdiyi hesabat əsasında hesablanır və vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarı ilə müdafiəçiyə hər iş saatı üçün ödənilən haqqın məbləği 06 manat məbləğində müəyyən edilmişdir. İş üzrə mülki iddia yoxdur. İş üzrə müsadirə yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 37.4, 39.1.8, 43.1.2, 321.2.1 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin və barəsində olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilsin. İş üzrə maddi sübut kimi tanınan - «Toyota Prius» minik markalı **-FN-*** dövlət qeydiyyat nişanlı avtomobilin Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 85 (səksən beş) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş Bakı şəhəri 34 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi vəsaiti hesabına 15 (on beş) saat üçün nəzərdə tutulan 90 (doxsan) manat pul ödənilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qeyd olunan müddət ərzində qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, növbəti gün qərar qüvvəyə minir. Sədrlik edən: Rəfail Sadıxov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar