Məhkəmə qərarları › İş №1(011)-265/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-265/2025

08.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-265/2025 08.12.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Cəfərov Samid Sadiq oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi – “Alyans” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxxxx 1986-cı il tarixdə Yevlax rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olan, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası ƏN PX-nin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və vaxtda, satış məqsədi olmadan, qanunsuz olaraq, xeyli miqdarda 01 ədəd bükümdə, təmiz çəkisi 0,463 qram olan narkotik vasitə heroini əldə edib üzərində saxlayaraq daşımış, onun narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasına dair daxil olmuş məlumat əsasında Xətai RPİ-nin 37-ci PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində 25 fevral 2025-ci il tarixdə saat 18:26-da ünvan 2 ünvanın yaxınlığında saxlanılıb videoçəkilişdən istifadə edilməklə keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan qara rəngli qış gödəkçəsinin sol yan cibindən 01 ədəd şəffaf rəngli sellofan kəsiyinə bükülmüş bükümdə, təmiz çəkisi 0,463 qram olan, açıq-qəhvəyi rəngli maddə, kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Sahib adlı bir nəfər var idi, daha əvvəl onunla türmədə olmuşdu. Həmin ərəfədə ona zəng edib 50 manat pul istəmiş və bildirmişdir ki, 2-3 sata qaytaracaqdır. O, pulu ona göndərmişdir. Aradan 2 gün keçdikdən sonra onunla danışıb pulunu istəmiş, lakin pulunun olmadığını bildirib verməmişdir. O, artıq pul istəməmiş, gedib onu döymək istəmiş, 2 gün sonra saat 1 radələrində onunla görüşmək üçün həmin yerə getmişdir. O, ora çatan kimi, Sahib qaçmış, polislər üstünə tökülüb onu tutmuşlar. 6-7 nəfər polis var idi, onu 6 saat orada döydülər, bir nəfər yaşlı kişi gəldikdə ona dedilər ki, “əməliyyat keçiririk, get işində ol, işimizə qarışma”. Polislər onu tutan kimi, başladılar ki, narkotik hanı, hara atıbsan, lakin o, narkotik olmadığını bildirmişdir. Daha sonra başladılar ki, udubsan, qaytarmalısan. Gedib soda alıb gətirdilər, onu içizdirib, qaytartdılar, amma yenədə heç nə düşmədi, sonra Vüsal adlı şəxs əlində nəsə atdı, hələ ondan əvvəl ona dedilər ki, əgər narkotiki götürməsə onu satışla tutduracaqlar. O da məcbur qalıb yarım qram narkotiki götürdü. Çəkiliş olduqdan sonra onu bölməyə gətirdilər. Verilmiş suallara cavab olaraq o, bildirmişdir ki, kimə etiraf etsin, müstəntiq durub yazmışdır ki, guya narkotiki tanımadığı şəxsdən 20 manata almışdır, tanımadığı şəxs ona niyə narkotik satsın? Ümumi məlumatı var, narkotik necə alınır, neçəyə alınır. İstintaq zamanı o, heç nə deməmişdir, sadəcə olaraq sənədləri qabağına qoymuşlar və o da imzalamışdır. Təxmini nə yazıldığını bilirdi, razılıq vermişdir ki, narkotiki götürəcək. Onu həm qorxutmuşular, həmdə döymüşlər. O, Tanımır Sahib kimdi, nəçidi. Onu həbsxanada tanımış, içəridə yaxın olmuşlar, çıxandan sonra da ancaq, elə-belə bir-birilərindən içəridən kimin çıxdığını maraqlanmışlar. Kürdəxanıda olanda çox adam demişdir ki, Sahib onları tutdurub, polisin adamıdı. Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğundan təqsirləndirilən şəxs ifadə verdikdən və verilmiş suallara cavab verdikdən sonra onun məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsi elan edilmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsində bildirmişdir ki, 25 fevral 2025-ci il tarixdə saat 18:20-də ünvan 2 ünvanın yaxınlığında piyada hərəkət edən zaman 2 nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq xidməti vəsiqələrini göstərib özlərini polis əməkdaşı kimi təqdim etmişlər. Polis əməkdaşları onun narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib ondan özünü təqdim etməyini tələb etmişlər. O da polis əməkdaşlarına hər hansı bir etiraz etmədən özünü təqdim edərək barəsində olan məlumatları onlara bildirmişdir. Daha sonra polis əməkdaşları ona hüquq və vəzifələrini izah etmişlər. O, polis əməkdaşlarına hüquq və vəzifələrinin aydın olduğunu söyləmişdir. Bundan sonra polis əməkdaşları saxlanıldığı yerdə üzərinə baxış keçiriləcəyini bildirmişlər. Buna görə də onlar üzərində qanunla dövriyyəsi qadağan edilmiş və ya məhdudlaşdırılmış hər hansı bir əşya və ya predmet olduğu təqdirdə könüllü təqdim etməyini tələb etmişlər. O da əynində olan qara rəngli qış gödəkçəsinin sol yan cibindən 1 ədəd şəffaf rəngli sellofan kəsiyinə bükülmüş bükümü polis əməkdaşlarına təqdim etmişdir. Təqdim etdiyi 1 ədəd büküm açıldıqda içərisindən qəhvəyi rəngli kütlə aşkar edilmişdir. Polis əməkdaşları ondan təqdim etdiyi bükümün içərisində olan kütlənin nə olmasını, kimdən və nə vaxt əldə etdiyini və nə məqsədlə üzərində saxladığını soruşduqda o, həmin kütlənin narkotik vasitə olan heroin olduğunu və həmin kütləni 25 fevral 2025-ci il tarixdə günorta saatlarında Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsində üzdən tanıdığı, lakin anket məlumatlarını bilmədiyi şəxsdən şəxsi istifadəsi üçün 20 (iyirmi) manata əldə etdiyini bildirmişdir. Daha sonra üzərinə və əynində olan digər geyim paltarlarına axtarış keçirilmişdir. Həmin vaxt əynində olan qara rəngli idman şalvarının sol yan cibindən özünə məxsus 1 ədəd qara rəngli “Samsung” markalı mobil telefon aşkar edilmiş və polis əməkdaşları tərəfindən götürülmüşdür. Təqdim etdiyi 1 ədəd büküm elektron tərəzidə çəkilmiş və daha sonra içərisi boş olan 1 ədəd zərfn içərisinə qoyularaq qablaşdırılmışdır. Zərfin üzəri möhürlənmiş, o və polis əməkdaşları tərəfindən imzalanmışdır. Bundan sonra polis əməkdaşları onu Xətai RPİ-nin 37-ci PŞ-yə gətirmişlər. Polis bölməsində olarkən ona hüquqlarının müdafiə edilməsi üçün vəkil təqdim edilmiş və o da həmin vəkilb tanış olaraq hüquqlarının onun tərəfindən müdafiə edilməsinə hər hansı bir etirazının olmadığını bildirmişdir. Polis bölməsində olarkən saxlanılmağı ilə bəzi sənədlər tərtib olunmuşdur. Sənədlər ona və digər iştirakçılara ucadan oxunduqdan sonra onların mətni ilə tanış olaraq doğruluğunu imza ilə təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Bakı şəhəri Xətai RPİ-nin 37-ci PŞ-nin cinayət axtarış üzrə əməliyyat müvəkkili, polis kapitanı Şahid2 ifadəsində bildirmişdir ki, 25 fevral 2025-ci il tarixdə Təqsirləndirilən şəxs Bakı şəhəri, Xətai rayonu ərazisində narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə ona əməliyyat məlumatı daxil olmuşdur. Təqsirləndirilən şəxs saxlamaq üçün ondan, X1 və Şahid1 ibarət əməliyyat qrupu təşkil olunmuşdur. 25 fevral 2025-ci il tarixdə saat 18:20 radələrində NZS qəsəbəsinə, Savxoz küçəsinə gəlmişlər. Daha sonra Təqsirləndirilən şəxs görüb onu saxlamışlar. İnam üzərində narkotik vasitə olmasını bildirmişdir. Videoçəkilişlə üzərinə baxış keçirmişlər, həmin vaxt İsmayıl video çəkiliş eləmiş, Vüsalla o isə onun üzərini yoxlamışlar. Onun üzərində narkotik vasitə olmuşdur. Daha sonra onu bölməyə aparmışlar, bölmədə videoçəkilişə və üzərindən çıxan narkotik vasitəyə baxış keçirmişlər. Təqsirləndirilən şəxs tərəflərindən saxlanılarkən və Polis Bölməsində olarkən ona hər hansı bir fiziki və psixi təsir göstərilməmişdir. İbtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında tədqiq olunmuş ifadəsində şahid qismində dindirilmiş Bakı şəhəri Xətai RPİ-nin 37-ci PŞ-nin cinayət axtarış üzrə əməliyyat müvəkkili, polis kapitanı Şahid1 ifadəsində bildirmişdir ki, 25 fevral 2025-ci il tarixdə Təqsirləndirilən şəxs Bakı şəhəri, Xətai rayonu ərazisində narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə ona əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədilə tərəfindən şöbə rəhbərliyinə məruzə edilmişdir. Şöbə rəhbərliyinin göstərişindən sonra Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa olunması üçün əməliyyat tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuşdur. Əməliyyat tədbirlərinin keçirilməsi üçün o, şöbənin rəis müavini, polis mayoru X2 və şöbənin əməliyyat müvəkkili, polis kapitanı Şahid2 ibarət əməliyyat qrupu təşkil olunmuşdur. Bundan sonra o, X2 və Şahid2 ilə birlikdə daxil olmuş əməliyyat məlumatı əsasında 25 fevral 2025-ci il tarixdə saat 18:20 radələrində ünvan 2 ünvanın qarşısına gəlmişlər. Həmin yerdən mobil telefon vasitəsilə videoçəkiliş etməklə müşahidə aparmağa başlamışlar. Bir neçə dəqiqədən sonra orada qarşı istiqamətdən əməliyyat məlumatına əsasən xarici görünüş əlamətlərinə görə Təqsirləndirilən şəxs əlamətləri ilə üst-üstə düşən təxminən 38-40 yaşlarında olan bir nəfər şəxsin oniara tərəf piyada hərəkət etməsini görüb ona yaxınlaşaraq xidməti vəsiqələrini göstərib özlərini təqdim etmişlər. Daha sonra həmin şəxsdən də özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs özünü xx xxxxxxxx 1986- cı ildə Yevlax rayonunda anadan olmuş, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, P.Fərzəliyev küçəsi, ev 215-də qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Onlar Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib hüquq və vəzifələrini, eləcə də saxlanıldığı andan müdafiəçinin hüquqi yardımından istifadə etmək hüququnun olduğunu izah etmişlər. Bundan sonra Təqsirləndirilən şəxs üzərində qanunla dövriyyəsi qadağan edilmiş və ya məhdudlaşdırılmış hər hansı bir əşya və ya predmet olarsa könüllü təqdim etməsini təklif etmişlər. Bu təklifdən sonra şübhəli şəxs Təqsirləndirilən şəxs əynində olan qara rəngli qış gödəkçəsinin sol cibindən 1 ədəd şəffaf rəngli sellofan kəsiyinə bükülmüş bükümü təqdim etmişdir. Həmin bükümün içərisində qəhvəyi rəngli, toz halında olan kütlənin olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümün içərisində olan kütlənin nə olmasını, kimdən, nə vaxt və nə məqsədlə əldə etməsini soruşduqda o, bükümün içərisində olan kütlələnin narkotik vasitə olan heroin olmasını, həmin bükümü bu gün, yəni 25 fevral 2025-ci il tarixdə günorta saatlarında Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsində üzdən tanıdığı, lakin anket məlumatlarını vo əlaqə vasitələrini bilmədiyi şəxsdən şəxsi istifadəsi üçün 20 manat məbləğində nağd pula aldığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərinə baxış keçirildikdə əynindəki qara rəngli idman şalvarının sol yan cibindən 1 ədəd qara rəngli «Samsung» markalı mobil telefon, şalvarın sağ yan cibindən isə 1 ədəd «Leo Bank»a aid plastik kart və 1 ədəd cib dəsmalı aşkar edilmişdir. Onun üzəri və digər geyim paltarları yoxlanılsa da üzərindən digər hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd büküm elektron tərəzidə çəkildikdə çəkisinin 0,53 qram olması müəyyən edilmişdir. Həmin büküm içərisi boş olan 1 ədəd zərfin içərisinə qablaşdırılmış, zərfin üzəri möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Videoçəkilişin davamı olaraq Təqsirləndirilən şəxs onlarla birlikdə getməsi üçün Xətai RPİ-nin 37-ci PŞ-yə dəvət etmişlər. Təqsirləndirilən şəxs buna etiraz etmədikdən sonra onu üzərindən aşkar edilmiş 1 (bir) ədəd büküm və digər maddi sübutlarla birlikdə Xətai RPİ-nin 37-ci PŞ-nə gətirib şöbənin təhqiqatçısı, polis mayoru Elnur Abdullayevə təhvil vermişlər. X3 ilk olaraq Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah etmişdir. Bundan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs saxlanılması, üstünün yoxlanılması və üzərinə baxış keçirilməsinin videogörüntüsü olan bir ədəd diskə kompyuterdə baxış keçirilmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs bir daha üstünün yoxlanılması və üzərinə baxış keçirilməsinə heç bir narazılığının və etirazının olmadığını, üzərindən aşkar olunmuş, içərisində qəhvəyi rəngli, toz halında kütlə olan 1 ədəd bükümün ona məxsus olmasını bildirmişdir. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 ədəd büküm zərfin içərisindən çıxarılıb bir daha elektron tərəzidə çəkildikdə bükümün içərisində olan kütlənin çəkisinin 0,52 qram olması müəyyən edilmişdir. Həmin büküm təhqiqatçı tərəfindən yenidən həmin zərfin içərisinə qablaşdırılmışdır. Sonda təhqiqatçı videoçəkilişin yekunlaşmasını bildirmişdir. Vidcoçəkilişə baxış keçirilməsi barədə protokol tərtib olunmuş, tərtib edilmiş protokol iştirakçılara ucadan oxunmuş, iştirakçılar və Təqsirləndirilən şəxs tərəfindən protokolun tərtibatına dair hər hansı bir şikayət, etiraz və ya təklif olmadığından doğruluğu o və digər iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 26 fevral 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilməklə ibtidai araşdırılması aparılmışdır (i.v. 1); əməliyyat-axtarış tədbirinin keçirilməsinə, şübhəli şəxsin üstünün yoxlanılmasına və baxış keçirilməsinə dair 25 fevral 2025-ci il tarixli protokolun surətindən görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış və götürmə aparılmazdan əvvəl Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitə və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçəsinin sol yan cibindən 1 (bir) ədəd şəffaf rəngli sellofan kəsiyinə bükülmüş bükümü təqdim etmişdir. Təqsirləndirilən şəxs üstü yoxlanılarkən əynində olan qara rəngli idman şalvarının sol yan cibindən 1 (bir) ədəd «Samsung» markalı mobil telefon, şalvarın sağ yan cibindən isə «Leo Bank» plastik kart və cib dəsmalı aşkar olunmuşdur. Bükümün içərisində qəhvəyi rəngli, toz halında kütlə aşkar edilmişdir. Həmin kütlə Çin istehsalı, üzərində heç bir yazı olmayan elektron tərəzidə çəkilmiş və kütlənin çəkisinin 0,53 qram olması müəyyən edilmişdir. Sonra həmin kütlə qablaşdırılmaqla tədbir iştirakçıları, saxlanılan şəxs tərəfindən imzalanmış və götürülmüşdür. Daha sonra şəxsin üzəri yoxlanılmış, sonuncunun üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya predmetə rast gəlinməmişdir. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 1 (bir) ədəd şəffaf rəngli sellofan kəsiyinə bükülmüş büküm və 1 (bir) ədəd «Samsung» markalı mobil telefon sonuncudan götürülmüşdü. Təqsirləndirilən şəxs suallara cavab olaraq, üzərindən aşkar olumuş kütlənin narkotik vasitə olan heroin olmasını və saxlanılan zaman polis əməkdaşları tərəfindən ona zor tətbiq edilmədiyini bildirmişdir. Üstünü yoxlama və baxış Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsi, Sovxoz küçəsi 5 ünvanının yaxınlığında keçirilmişdir (i.v. 11-12); təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında 25 fevral 2025-ci il tarixli protokoldan görünür ki, təqdim olunan zərfdə qablaşdırılmış 1 ədəd şəffaf bükümdə qəhvəyi rəngli, “Heroin”-ə bənzər maddə elektron tərəzidə çəkilərək çəkisi bükümlə birlikdə 0,52 qram olduğu görünmüş, sonra həmin maddə yenidən qablaşdırılıb möhürlənmiş, eləcə də şəxsin saxlanıldığı yerdə çəkilmiş videogörüntüyə baxış keçirilmişdir. Videogörüntüdə təhqiqata təqdim olunan narkotik pasitə "Heroin"-ə bənzər bükümün 0,53 qram aşkar olunması, Təqsirləndirilən şəxs ondan həmin maddənin aşkar olunmasını bildirməsi əksini tapmışdır (i.v. 20); şübhəli şəxsin tutulması haqqında 25 fevral 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 18:26-da CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (i.v. 29); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 26 fevral 2025-ci il tarixli, 3-16-16/2-6/876/2025 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «...Təqsirləndirilən şəxs (imza)...» sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,463 qram olan açıq-qəhvəyi rəngli maddə, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir (i.v. 41-44); şübhəli şəxsin dindirilməsi haqqında 26 fevral 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs, əynində olan qara rəngli qış gödəkçəsinin sol yan cibindən 1 ədəd şəffaf rəngli sellofan kəsiyinə bükülmüş bükümü polis əməkdaşlarına təqdim etdiyini, təqdim etdiyi 1 ədəd büküm açıldıqda içərisindən qəhvəyi rəngli kütlə aşkar edildiyini, həmin kütlənin narkotik vasitə olan heroin olduğunu və həmin kütləni 25 fevral 2025-ci il tarixdə günorta saatlarında Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsində üzdən tanıdığı, lakin anket məlumatlarını bilmədiyi şəxsdən şəxsi istifadəsi üçün 20 (iyirmi) manata əldə etdiyini etiraf etmiş və həmin protokolu “ifadəmi oxudum, sözlərimlə düzgün yazılıb, doğruluğunu imzamla təsdiq edirəm” sözləri ilə imzalamışdır (i.v. 53-55); “CD-R” disklərə baxış keçirilməsi haqqında 26 fevral 2025-ci il tarixli protokollardan görünür ki, disklərdə olan həmin görüntülər, əməliyyat-axtarış tədbirinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması və baxış keçirilməsi haqqında xx.xx.2025-ci il tarixli, həmçinin təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında xx.xx.2025-ci il tarixli protokollara uyğun olmuşdur (i.v. 56-59); təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 27 fevral 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərədə tutulan ittiham elan olunmuşdur (i.v. 60-61); təqsirləndirilən şəxsin dindirilməsi haqqında 27 fevral 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs, əynində olan qara rəngli qış gödəkçəsinin sol yan cibindən 1 ədəd şəffaf rəngli sellofan kəsiyinə bükülmüş bükümü polis əməkdaşlarına təqdim etdiyini, təqdim etdiyi 1 ədəd büküm açıldıqda içərisindən qəhvəyi rəngli kütlə aşkar edildiyini, həmin kütlənin narkotik vasitə olan heroin olduğunu və həmin kütləni 25 fevral 2025-ci il tarixdə günorta saatlarında Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsində üzdən tanıdığı, lakin anket məlumatlarını bilmədiyi şəxsdən şəxsi istifadəsi üçün 20 (iyirmi) manata əldə etdiyini etiraf etmiş və həmin protokolu “ifadəmi oxudum, sözlərimlə düzgün yazılıb, doğruluğunu imzamla təsdiq edirəm” sözləri ilə imzalamışdır (i.v. 76-78); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 4(011)-104/2025 saylı qərarından görünür ki, Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmışdır (i.v. 85-87); Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bərdə Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə AR CM-in 177.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsi tətbiq edilməklə 344 saat ictimai işlər cəzasına məhkum edilmişdir; Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə əsasən CM-in 29, 177.2.1, 29, 177.2.3-2-ci maddələri ilə təqsirli bilinərək 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya qərarının 2.5-ci bəndinə əsasən azadlığın məhdudlaşdırılması cəzasından azad edilmiş və üzərindən məhkumluq götürülmüşdür; Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə AR CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin qərarı ilə cəzasının çəkilməmiş qalan hissəsindən vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2023-cü ildə cəza müddəti başa çatmışdır (i.v. 104-106); maddi sübut kimi tanınma haqqında 13 mart 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş aparılmaqla üstünün yoxlanılması, üzərinə baxış keçirilməsi, üzərindən aşkar edilmiş əşya və predmetlərə baxış keçirilməsi və predmetlərin götürülməsi zamanı qeydə alınmış videogörüntülərin olduğu 02 ədəd "xxxx" formatlı disk maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdir (i.v. 107); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X6 Şəxsinin xx.xx.2025-ci il tarixli, 1171 nömrəli Ambulator Məcburi-Narkoloji Tibbi yoxlama rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (i.v. 138-139); cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında 30 aprel 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi elan edilmiş ittiham dəyişdirilmədən qüvvəsində saxlanılmış, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd bükümdə ilkin təmiz çəkisi 0.463 qram olan narkotik vasitə heroin maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra qalıq qalmış 0.263 qram narkotik vasitə heroin saxlanılması üçün Bakı şəhəri Xətai RPİ-nin Növbətçi Hissəsinə təhvil verilmiş, təqsirləndirilən şəxsin, şahidlərin ifadələri, əməliyyat-axtarış tədbirinin keçirilməsinə, şübhəli şəxsin üstünün yoxlanılmasına və baxış keçirilməsinə, təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə aparılmasına, diskə baxış keçirilməsinə dair protokollar, maddi sübut kimi tanınma haqqında qərar, məhkəmə-kimyəvi və məhkəmə-narkoloji ekspertizalarının rəyləri sübut növü kimi qiymətləndirilmişlər (i.v. 163-170); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanası tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, həbs edilmiş şəxs Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Bakı İstintaq Təcridxanasına daxil olmuş və təlimata uyğun olaraq təcridxananın Tibb- sanitar hissəsində ilkin tibbi müayinədən keçirilərək onun adına tibbi kitabça açılmışdır. Sorğu zamanı xəsarət almadığını bildirmişdir. Bədəninə baxış keçirən zaman hər iki əlin arxa səthində köhnə çapıq toxuma aşkar edilmişdir. Bakcell MMC tərəfindən təqdim edilmiş CD diskdən olan məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 12:56, 13:46, 14:22, 14:33, 14:47, 14:48, 14:50, 15:20, 16:33, 16:42, 17:14-də Bakı şəhəri Nizami rayon ərazisində olmuşdur. Məhkəmə iclasında birinci diskdə olan görüntüyə baxış keçirilmiş, diskdə olan video görüntüdən görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış və götürmə aparılmazdan əvvəl həmin istintaq hərəkətində iştirak edən şəxslərə CPM-də nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilir, bundan sonra Təqsirləndirilən şəxs üzərində olan hər hansı qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və sənədlərin könüllü surətdə təqdim olunması təklif edilir, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçəsinin sol yan cibindən 1 (bir) ədəd şəffaf rəngli sellofan kəsiyinə bükülmüş bükümü təqdim edir. Təqsirləndirilən şəxs üstü yoxlanılarkən əynində olan qara rəngli idman şalvarının sol yan cibindən 1 (bir) ədəd «Samsung» markalı mobil telefon, şalvarın sağ yan cibindən isə «Leo Bank» plastik kart və cib dəsmalı aşkar olunur. Bükümün içərisində qəhvəyi rəngli, toz halında kütlə aşkar edilir. Həmin kütlə Çin istehsalı, üzərində heç bir yazı olmayan elektron tərəzidə çəkilir və kütlənin çəkisinin 0,53 qram olması müəyyən edilir. Təqsirləndirilən şəxs suallara cavab olaraq, üzərindən aşkar olumuş kütlənin narkotik vasitə olan heroin olmasını və saxlanılan zaman polis əməkdaşları tərəfindən ona zor tətbiq edilmədiyini bildirir. Məhkəmə iclasında ikinci diskdə olan görüntüyə baxış keçirilmiş, diskdə olan video görüntüdən görünür ki, təqdim olunan zərfdə qablaşdırılmış 1 ədəd şəffaf bükümdə qəhvəyi rəngli, “Heroin”-ə bənzər maddə elektron tərəzidə çəkilərək çəkisi bükümlə birlikdə 0,52 qram olduğu görünür, sonra həmin maddə yenidən qablaşdırılıb möhürlənir, eləcə də şəxsin saxlanıldığı yerdə çəkilmiş videogörüntüyə baxış keçirilir. Videogörüntüdə təhqiqata təqdim olunan narkotik pasitə "Heroin"-ə bənzər bükümün 0,53 qram aşkar olunması, Təqsirləndirilən şəxs ondan həmin maddənin aşkar olunmasını bildirməsi əksini tapır. Məhkəmə, Təqsirləndirilən şəxs təqsirini etiraf etməməsinə və narkotik vasitəni üzərində daşımaması barədə ifadəsinə tənqidi yanaşır və hesab edir ki, onun bu ifadəsi özünü müdafiə xarakteri daşıyır. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş videogörüntüdən də məlum olur ki, şəxsi axtarış və götürmə aparılan zaman Təqsirləndirilən şəxs narkotik vasitənin özünə məxsus olmaması barədə hər hansı xüsusat bildirməmiş, şəxsi axtarış və götürmə barədə protokolu imzaları ilə təsdiq etmişdir. Təqsirləndirilən şəxsin üzərində şəxsi axtarış və götürmə aparılarkən iştirak etmiş Bakı şəhəri Xətai RPİ-nin 37-ci PŞ-nin cinayət axtarış üzrə əməliyyat müvəkkili, polis kapitanı Şahid2 ifadəsində bildirmişdir ki, 25 fevral 2025-ci il tarixdə Təqsirləndirilən şəxs Bakı şəhəri, Xətai rayonu ərazisində narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə ona əməliyyat məlumatı daxil olmuşdur. Təqsirləndirilən şəxs saxlamaq üçün ondan, X1 və Şahid1 ibarət əməliyyat qrupu təşkil olunmuşdur. 25 fevral 2025-ci il tarixdə saat 18:20 radələrində NZS qəsəbəsinə, Savxoz küçəsinə gəlmişlər. Daha sonra Təqsirləndirilən şəxs görüb onu saxlamışlar. İnam üzərində narkotik vasitə olmasını bildirmişdir. Videoçəkilişlə üzərinə baxış keçirmişlər, həmin vaxt İsmayıl video çəkiliş eləmiş, Vüsalla o isə onun üzərini yoxlamışlar. Onun üzərində narkotik vasitə olmuşdur. Daha sonra onu bölməyə aparmışlar, bölmədə videoçəkilişə və üzərindən çıxan narkotik vasitəyə baxış keçirmişlər. Təqsirləndirilən şəxs tərəflərindən saxlanılarkən və Polis Bölməsində olarkən ona hər hansı bir fiziki və psixi təsir göstərilməmişdir. Məhkəmə, şahidə bilə-bilə yalan ifadə verməyə görə məsuliyyət barədə xəbərdarlıq edilməsini, təqsirləndirilən şəxsə isə bilə-bilə yalan ifadə verməyə görə məsuliyyət barədə xəbərdarlıq edilməməsini və təqsirləndirilən şəxsin yalan ifadə verməyə görə məsuliyyət daşımamasını nəzərə alaraq şahidin ifadəsinin daha mötəbər olmasına inanır və həmin ifadənin iş materiallarında olan digər sübutlarla uzlaşdığından ittihamın sübuta yetirilməsi üçün kifayət hesab edir. Habelə, məhkəmə iclasında verdiyi ifadəsində Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən ona psixi və fiziki təsir göstərildiyini, bu səbəbdən məcbur qalb törətmədiyi əməli etiraf etdiyini bildirsə də, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanası tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli sorğuya cavab məktubunda qeyd edilmişdir ki, həbs edilmiş şəxs Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Bakı İstintaq Təcridxanasına daxil olmuş və təlimata uyğun olaraq təcridxananın Tibb-sanitar hissəsində ilkin tibbi müayinədən keçirilərək onun adına tibbi kitabça açılmışdır. Sorğu zamanı xəsarət almadığını bildirmişdir. Bədəninə baxış keçirən zaman hər iki əlin arxa səthində köhnə çapıq toxuma aşkar edilmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs ifadəsində bildirmişdir ki, onun üzərinə videoçəkilişlə baxışı 18:00 radələrində etmişlər, lakin o real olaraq həmin yerdə 5-6 saat əvvəl saxlanılmışdır. Bu xüsusatla bağlı məhkəmə qeyd edir ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs telefonunun anten dairəsinin müəyyənləşdirilməsi üçün Bakcell MMCyə sorğu göndərilmiş və həmin sorğuya cavab olaraq göndərilmiş CD diskə baxış keçirilərkən müəyyənləşdirilmişdir ki, Təqsirləndirilən şəxs 25 fevral 2025-ci il tarixdə üzərinə baxış keçirilənədək özü dediyimi kimi hadisə yerində deyil, Nizami rayon ərazisində olmuşdur. Göündüyü kimi bu hal da onun məhkəmə iclasında qeyri-səmimi ifadə verməsinə dəlalət edir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahının 83-cü qrafasına əsasən təmiz çəkisi 0.463 qram olan narkotik vasitə heroin xeyli miqdar hesab olunur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müəyyən edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 65.2-ci maddəsinə görə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz; 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkumluğun anlayışı «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin «məhkum olunmuş şəxs» müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Eyni zamanda həmin qərarda qeyd edilmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. Belə ki, məhkumluğu olan şəxs tərəfindən yeni cinayətin törədilməsi, bir qayda olaraq, onun sabit kriminal meylliliyinə, məhkəmə tərəfindən edilmiş xəbərdarlığa məhəl qoymamasına dəlalət edir, bu isə nəticə etibarilə onun yüksək ictimai təhlükəliliyinə işarə edir. Yeni cinayət törətdiyinə görə qanun belə şəxsə qarşı daha sərt cinayət-hüquqi təsir tədbirlərinin tətbiq edilməsini nəzərdə tutur. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Bərdə Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli və Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmləri üzrə olan məhkumluqları azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluq olduğundan Azərbaycan Respublikası CM-nin CM-nin 18.4.4cü maddəsinə əsasən cinayətin residivinin müəyyən edilməsi zamanı nəzərə alınmır. Bundan başqa, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs barəsində olan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü üzrə olan məhkumluğu ödənilmədən hazırki cinayət əməlini törətmişdir. Belə ki, Azərbaycan Respublikası CM-nin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Göründüyü kimi Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə 02 il müddətinə azadlıqdan məhrum edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 21 (iyirmi bir) gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, lakin azad edildiyi vaxtdan 02 il keçmədən, yəni 25 fevral 2025-ci il tarixdə hazırki cinayət əməlini törətmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasına baxmayaraq, üzərindən məhkumluğu götürülmədiyi və ödənilmədiyi halda, yenidən qəsdən cinayət törətməsi cinayətlərin residivini yaradır. Məhkəmə, cinayətin residivini iş üzrə CM-nin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən, ona təyin ediləcək cəza təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzasının son həddinin yarısından az olmamalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.), az ciddi cəza növünün cəzanın məqsədlərini təmin edə bilməməsi nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəza təyin edilərkən cinayətlərin residivi nəzərə alınmalı (CM-65.2.), cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.3.), cəzasının əvvəli 25 fevral 2025-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı (CM-93.1.2), iş üzrə maddi sübut kimi tanınan Bakı şəhəri Xətai RPİ-nin Növbətçi Hissəsinə təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 01 ədəd bükümdə ilkin təmiz çəkisi 0.463 qram olan, tədqiqatdan sonra qalıq qalmış 0.263 qram çəkidə narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, şübhəli şəxsin üstünün yoxlanılmasına və baxış keçirilməsini, təqdim olunan əşyaya baxış keçirilmə və götürməni əks edən videogörüntülər olan 2 ədəd "xxxx" formatlı disk, Bakcell MMC tərəfindən təqdim edilmiş 2 ədəd CD formatlı disk iş materiallarında saxlanılmalı (CPM-132), 81 (səksən bir) manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 25 fevral 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut - Bakı şəhəri Xətai RPİ-nin Növbətçi Hissəsinə təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 01 ədəd bükümdə ilkin təmiz çəkisi 0.463 qram olan, tədqiqatdan sonra qalıq qalmış 0.263 qram çəkidə narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 02 ədəd "xxxx", 02 ədəd “CD” disk iş materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 81 (səksən bir) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar