Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-266/2022 09.06.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1994-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Təqsirləndirilən şəxs, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan, qanunsuz olaraq bir ədəd siqaretin gümüşü rəngdə iç kağızına bükülmüş, şəxsi istehlak miqdarından artıq miqdarda 1.658 qram maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edərək üstündə saxlamaqla daşımış, 27.02.2022-ci il tarixdə, saat 05:55 dəqiqədə Xətai Rayon Polis İdarəsinin PPXB-nün polis nəfərləri tərəfindən ünvan 2 ünvanın qarşısında saxlanılıb ünvan 3 RPİ-nin 35-ci PB-nə gətirilərək üzərində keçirilən şəxsi-axtarış və götürmə zamanı, əynindəki qara rəngli gödəkçənin sol yan cibindən 1.658 qram maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, ünvan 1-də qeydiyyatda olmaqla ailəsi ilə birlikdə həmin ünvanda yaşamışdır, heç bir yerdə işləmir, əvvəllər məhkum olunmamışdır. Bir müddətdir ki, narkotik vasitə olan heroini istifadə edir. Narkotik vasitələri tanımadığı şəxslərdən alır. Sonuncu dəfə 26.02.2022-ci il tarixdə saat 22 radələrində Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində yerləşən Şəms kafesinin yanından keçən zaman yerdə bükülü görmüşdür. Həmin bükülünün narkotik vasitə olmasının ehtimal etdiyi üçün yerdən götürmüşdür. Bükülünü açan zaman həmin bükülünün içərisində narkotik vasitə olan heroin olduğunu bilmiş və bükülünü qara rəngli gödəkçənin sol yan cibinə qoymuşdur. Fikri o olmuşdur ki, bir müddət sonra həmin narkotik vasitəni istifadə edər. 27.02.2022-ci il tarixdə saat təxminən 05:55-də ünvan 2 ünvanda olan zaman iki nəfər polis əməkdaşları ona yaxınlaşmışlar. Həmin şəxslər onun hərəkətlərindən özünü şübhəli apardığını demiş, üzərində narkotik vasitə olub-olmamadığını soruşmuşlar. O, səmimi etiraf edərək bir neçə dəfə narkotik maddə heroin istifadə etdiyini demiş, üzərində də bir büküm narkotik vasitə heroin olduğunu bildirmişdir. Bundan sonra polis əməkdaşları onu Xətai RPİ-nin 35-ci PBnə dəvət etmişlər. Polis bölməsində hüquq və vəzifələri izah olunmuş, hüquqlarının müdafiəsi üçün vəkil dəvət olunmuşdur. Daha sonra üzərində olan əşyaları təqdim etməsini dedikdə, o, əynindəki qara rəngli gödəkçənin sol yan cibindən bir ədəd siqaretin gümüşü rəngli iç kağızına bükülmüş bükülünü çıxardıb təqdim etmişdir. Polis əməkdaşı ondan həmin bükümdəki maddənin nə olmasını soruşduqda bükümdə olan maddənin narkotik vasitə heroin olmasını bildirmişdir. Sonra isə polis əməkdaşları və vəkilin iştirakı ilə üzərinə axtarış keçirilməsi barədə protokol tərtib olunmuş, üzərindən aşkar edilmiş həmin narkotik vasitə heroin sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılmış və möhürlənərək götürülmüşdür. Həmçinin o əməlindən peşman olduğunu bildirmiş, qardaşının Qarabağ müharibəsi iştirakçısı olduğunu qeyd etmiş, müharibədə göstərdiyi şücaətə görə medal aldığını demişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Bakı şəhəri Xətai RPİ-nin post patrul xidməti bölüyündə xidmət edir, polis serjantıdır. Onunla birlikdə eyni avtomobildə Şahid2 xidmət edir, gecə növbəsində xidmət edirlər. Onların iş saatı 20 radələrində başlayır və saat 09-da xidmət başa çatır. ünvan 5 ünvanının yaxınlığında xidməti avtomobillə keçərkən bir nəfər şəxsin narkotik vasitə istifadəsində şübhəli olduğunu görüb saat 05:55 dəqiqədə həmin şəxsə yaxınlaşmışlar. Həmin şəxsdən özünü təqdim etməsini istəyən zaman, həmin şəxs özünü təqdim etməmişdir. Bundan sonra onlar həmin şəxsə narkotik vasitə istifadəsində şübhəli olduğunu deyərək Xətai RPİ-nin 35-ci PB-nə dəvət etmişlər. Polis bölməsində olan zaman həmin şəxs Təqsirləndirilən şəxs olduğunu qeyd etmişdir. Polis bölməsinin inzibati binasında olan zaman Təqsirləndirilən şəxs müdafiə etmək üçün 13 saylı vəkil bürosundan vəkil dəvət olunmuşdur. Vəkil polis bölməsinə gəldikdən sonra xidməti otaqda Təqsirləndirilən şəxs üzərinə video çəkiliş ilə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində qanunla qadağan olunmuş əşya və ya predmet varsa təqdim etsin, bu zaman Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sol yan cibindən bir ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş bükülünü onlara təqdim etmişdir. Oqtay bükülünün içərisində narkotik vasitə olan heroin olmasını bildirmişdir. O qeyd etmişdir ki, heroini 26.02.2022-ci il tarixdə saat 22 radələrində Xətai rayonu “Şəmsi” restoranının yaxınlığında, yerdən tapmışdır. Əlavə olaraq Təqsirləndirilən şəxs üzəri axtarılsa da qanunla qadağan edilmiş başqa heç nə aşkar olunmamışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitə qablaşdırılmışdır. Daha sonra bu barədə protokol tərtib olunmuş və tərtib olunmuş protokol və qablaşdırma iştirakçılar tərəfindən imzalarla təsdiqlənmişdir. 35-ci PB-də Təqsirləndirilən şəxs qarşı heç bir zor tətbiq olunmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Xətai RPİ-nin post patrul xidməti bölüyünün polis nəfəri Şahid2 ifadəsində Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə verərək onun ifadəsində göstərdiyi xüsusatları eyni ilə təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 27 fevral 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmış və icraata qəbul edilərək istintaqı aparılmışdır (i.v. 01); şübhəli şəxsin tutulması haqqında 27 fevral 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 05:55 radələrində CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (i.v. 13); şəxsi axtarış və götürmə aparılması haqqında 27 fevral 2022-ci il tarixli protokolun surətindən görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış və götürmə aparılmazdan əvvəl həmin istintaq hərəkətində iştirak edən şəxslərə CPM-də nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilmiş, bundan sonra Təqsirləndirilən şəxs üzərində olan hər hansı qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və sənədlərin könüllü surətdə təqdim olunması təklif edilmiş, bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkçənin sol yan cibindən bir ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş, açıq qəhvəyi rəngli toz şəklində heroinə oxşar maddəni çıxardıb təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi maddənin heroin olmasını, həmin narkotik maddəni 26.02.2022-ci il tarixdə saat 22:00 radələrində Xətai rayonu, Gəncə prospektində yerləşən “Şəms” kafesinin arxasında olan yaşıllıq zolağından taparaq əynində olan qara rəngli gödəkçənin sol yan cibinə qoyduğunu və 27.02.2022-ci il tarixdə təxminən saat 05:55 radələrində ünvan 2 ünvanın qarşısında polis əməkdaşları tərəfindən saxlanılaraq Xətai RPİ-nin 35-ci PB-nin inzibati binasına gətirilməsini bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bükülü elektron tərəzidə çəkildikdən sonra 1.28 qram çəkidə olan narkotik maddə heroin olması müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs təqdim etdiyi maddə bir ədəd kağız zərfə qoyularaq qablaşdırılmış, Azərbaycan Respublikası DİN-nin 154 nömrəli möhürü ilə möhürlənmiş və zərf bütün iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış və götürmə aparılarkən video çəkilişin əks olunduğu bir ədəd “DVD-R” disk materiala əlavə edilmişdir (i.v. 24-25); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 6/1215 nömrəli 27 fevral 2022-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN “zərflər üçün № 154” möhür əksi, “...Təqsirləndirilən şəxs..” və s. sözlər, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 1.658 qram maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin Azərbayacan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbayacan Respubliası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir (i.v. 32-34); 28 fevral 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş ittiham elan edilmişdir (i.v. 42-43); bir ədəd “DVD-R” diskdə olan videogörüntüdən görünür ki, həmin görüntü, şəxsi axtarış və götürmə aparılması haqqında 27 fevral 2022-ci il tarixli protokola uyğun olmuşdur (i.v. 60); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 28.02.2022-ci il tarixli, 4(011)-109/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli 27 fevral 2022-ci il tarixdən hesablanmaqla 03 ay müddətinə həbs qismində qətimkan tədbiri seçilmişdir (i.v. 68-72); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış 08.04.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur (i.v. 80-81); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X2 Şəxsinin 06.04.2022-ci il tarixli 1632 saylı təkrar ambulator məcburi-narkoloji tibbi yoxlama rəyindən görünür ki, Təqsirləndirilən şəxs OPİOİDLƏRİN qəbulu nəticəsində yaranan Asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (i.v. 83-84); sübutların qiymətləndirilməsi haqqında 26 aprel 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri nəzərə alınmaqla ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən saxlanılmış, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə cinayət təqibi üzrə icraata xitam verilmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, 01 ədəd bükümdə təmiz çəkisi 1.658 qram olan ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalmış 1.608 qram narkotik vasitə olan heroin iş üzrə əhəmiyyət kəsb etdiyinə görə maddi sübut hesab edilərək Bakı şəhəri Xətai RPİ-nin saxlancına təhvil verilmiş, Təqsirləndirilən şəxs üzərinə keçirilən baxış zamanı qeydə alınmış video görüntü olan 01 ədəd DVD-R disk sübut əhəmiyyəti kəsb etdiyindən cinayət işinə əlavə olunmuş, şəxsi axtarış və götürmə aparılması haqqında protokol, şahidlərin ifadələri, video diskə baxış protokolu, məhkəmə-kimyəvi və narkoloji ekspertiza rəyləri iş üzrə sübut növü kimi qiymətləndirilmişlər (i.v. 85-91); İ-8198 nömrəli Azərbaycan Respublikası medalının vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs qardaşı X3 Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 24 iyun tarixli 2719 nömrəli Sərəncamı ilə “Laçının azad olunmasına görə” medalı ilə təltif olunmuşdur; 12.01.2021-ci il tarixli fəxri fərmandan görünür ki, Təqsirləndirilən şəxs qardaşı X3 “Vətən Müharibəsi” zamanı döyüş tapşırığının layiqincə yerinə yetirilməsində fəal iştirak etdiyinə görə 888 saylı Hərbi Hissənin komandiri Elzamin Behbudov tərəfindən fəxri fərmanla təltif olunmuşdur; Təqsirləndirilən şəxs məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, o, ünvan 7 ünvanında qeydiyyatdadır və orada yaşayır. Məhkəmə iclasında bir ədəd “DVD-R” diskə baxış keçirilmiş, diskdə olan video görüntüdən görünür ki, Təqsirləndirilən şəxs üzərində olan qanunla qadağan edilmiş əşya və ya predmetləri təqdim etməsi təklif edilir, həmin vaxt Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkçənin sol yan cibindən bir ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş, açıq qəhvəyi rəngli toz şəklində heroinə oxşar maddəni çıxardıb təqdim edir, ondan həmin maddənin nədən ibarət olması və haradan əldə etməsi soruşulduqda Təqsirləndirilən şəxs təqdim etdiyi maddənin heroin olduğunu, həmin narkotik maddəni 26.02.2022-ci il tarixdə saat 22:00 radələrində Xətai rayonu, Gəncə prospektində yerləşən “Şəms” kafesinin arxasında olan yaşıllıq zolağından taparaq əynində olan qara rəngli gödəkçənin sol yan cibinə qoyduğunu bildirir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahının 5-ci qrafasına əsasən təmiz çəkisi 1.658 qram olan narkotik vasitə heroin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəməhüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Məhkəmə Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini etiraf etməsini, əməlindən peşman olmasını, qardaşı X1 Vətən müharibəsi iştirakçısı olmasını CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM- 58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, 27 fevral 2022-ci il tarixdən 09 iyun 2022-ci il tarixədək həbsdə saxlanıldığı 03 (üç) ay 13 (on üç) gün müddət təyin edilmiş cəzaya hesablanmalı (CM-69.3), öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbirinə dəyişdirilməli, barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan narkotik vasitə hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd “DVD-R” disk iş materiallarında saxlanılmalı (CPM-132), 110 (yüz on) manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM- 198.1.). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - ünvan 8 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, əlavə olaraq kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, HÖKM E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 27 fevral 2022-ci il tarixdən 09 iyun 2022-ci il tarixədək həbsdə saxlanıldığı 03 (üç) ay 13 (on üç) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 06 (altı) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası ona təyin edilmiş 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində 02 (iki) il 05 (beş) ay 04 (dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ünvan 8 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbirinə dəyişdirilsin və o, dərhal məhkəmə iclas zalından azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut – Xətai RPİ-nin saxlanc anbarına təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 01 ədəd bükümdə ilkin təmiz çəkisi 1.658 qram olan tədqiqatdan sonra qalıq qalmış 1.608 qram çəkidə narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 1 ədəd “DVD-R” formatlı disk iş materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 110 (yüz on) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №1(011)-266/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-266/2022
09.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver