Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-267/2022 26.08.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Yaqubov Fərid Murtuza oğlunun sədrliyi, İskəndərova Əlvanə İlham qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, müdafiəçi - “Mirzəyev və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında, xx xxxxxxx 1990-cı ildə Lerik rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilərək, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən, o, 21 yanvar 2022-ci il tarixdə, saat 03 radələrində ünvan 3 ünvanında qeyri-rəsmi ər-arvad münasibətlərində yaşadığı Zərərçəkmiş şəxs əxlaqsızlıq hərəkətlər etməkdə günahlandırdığına görə, aralarında yaranmış mübahisə zamanı, Zərərçəkmiş şəxs əlləri və ayaqları ilə sifət nahiyəsinə və bədəninin müxtəlif nahiyələrinə vuraraq, ona sol bazunun və sol budun yumşaq toxumalarının hematomaları, başın alın nahiyəsinin, sol gözaltı nahiyənin və sağ qalça darağı nahiyəsinin qançırları ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cinayət əməlini törətməkdə özünü təqsirli bilərək göstərdi ki, xx xxxxxxx 1990-cı ildə Lerik rayonunda anadan olmuş və 1997-ci ildən valideynləri ilə birlikdə Bakı şəhərinə köçmüşlər. 2011-ci ildə ailə həyatı qurmuş, 2014 və 2016-cı il təvəllüdlü iki azyaşlı uşaqları var. Ailə qurduqdan sonra, arvadı ilə birlikdə valideynlərinə məxsus Maştağa qəsəbəsində yaşamışlar. 2015-ci ildə marşrut avtobusunda sürücü işlədiyi vaxt, təsadüfən “Sovxoz Ramana” deyilən qəsəbədə yaşayan Pərvanə adlı qadınla tanış olmuşdur. Həmin vaxt Pərvanə özünə məxsus mobil telefon nömrəsini ona vermişdir. Bundan sonra, mütamadi mobil telefonla əlaqə saxlamışlar. İlk danışdıqları vaxt Pərvanə demişdir ki, hansısa gözəllik salonunda saç ustası işləyir və subaydır. Lakin Pərvanə avtobusa minən zaman görmüşdür ki, yanında iki nəfər şəxs var. Sonradan Pərvanədən soruşan zaman demişdir ki, avtobusa mindiyi vaxt yanında olan şəxs əri və uşağıdır. Sonradan Pərvanə ilə tez-tez mobil telefonla danışaraq görüşmüşlər. Pərvanə ilə tanış olduqlarından iki il sonra, Pərvanənin əri bundan xəbər tutmuş, öz aralarında söz-söhbətləri olmuş və Pərvanə ilə əri ayrılmışlar. Bundan sonra, məcbur olub Bakıxanov qəsəbəsində kirayəyə mənzil tutub, Pərvanə və uşaqları ilə birlikdə həmin evdə kirayədə yaşamışlar. Pərvanə ilə həmin evdə kirayədə yaşadıqları müddətdə, özü də, ailəsinə baş çəkmiş, lakin bir müddətdən sonra öz arvadı xəbər tutmuşdur ki, o, Pərvanə adlı qadınla yaşayır. Bunu biləndən sonra, arvadı Lənkəran rayonuna, atasının evinə getmişdir. Buna baxmayaraq, yenə də, Pərvanə ilə birlikdə kirayədə yaşamışlar. Sonradan Pərvanə və onun iki azyaşlı uşaqları Pərvanənin nənəsinə məxsus Xətai rayonu, K.Kərimov küçəsi 3450 ünvanına köçmüşlər. Həmin dövrdə işsiz olmuş, Pərvanə isə gözəllik salonunda saç ustası işləmişdir. Pərvanənin başqa kişilərlə telefonda danışdığına görə, dəfələrlə xəbərdarlıq etmişdir ki, heç kimlə danışmasın. Lakin, Pərvanə dediklərinə fikir verməmişdir. 20 yanvar 2022-ci il tarixdə Pərvanə “Redmi” markalı mobil telefon gətirmiş və o, telefonu kimdən aldığını soruşduqda, sonuncu demişdir ki, guya hansısa tanışından alıbdır. Bu səbəbdən Pərvanə ilə aralarında mübahisələri olmuşdur. 21 yanvar 2022-ci li tarixdə, gecə saat 03 radələrində evdə olan zaman, Pərvanə ilə aralarında yenidən mübahisələri baş vermiş və həmin vaxt Pərvanənin əlində olan “Redmi” markalı mobil telefonu əlindən alıb telefona baxan zaman görmüşdür ki, sonuncu hansısa şəxslə telefonda danışıbdır. Buna görə, o, əsəbləşib əli ilə Pərvanənin sifətinə və bədəninə bir neçə dəfə vurmuşdur. Sonradan məlum olmuşdur ki, Pərvanə Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinə şikayət edibdir. Törətdiyi əməldən hazırda səmimi peşmançılıq çəkdiyini və Zərərçəkmiş şəxs ilə barışdığını bildirərək, ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs göstərdi ki, 2012-ci ildə Anar Heydərov adlı şəxslə ailə həyatı qurmuş və həmin nikahdan iki övladları dünyaya gəlmişdir. Sonradan münasibətləri pozulduğuna görə, rəsmi qaydada ayrılmışlar. Boşandıqdan sonra, təxminən 3 ilə yaxın kirayələrdə yaşamış, 2021-ci ilin oktyabr ayından isə nənəsinə məxsus Xətai rayonu, K.Kərimov küçəsi, ev 3450-də nənəsi və iki azyaşlı uşaqları ilə birlikdə yaşayır. 2015-ci ildə təsadüfən Təqsirləndirilən şəxs ilə tanış olmuş və münasibətləri yaranmışdır. Zaminlə tanış olandan sonra, əri Anar bundan xəbər tutmuş və bundan sonra Anarla ayrılmışlar. Sonradan Zaminlə Bakı şəhərində müxtəlif ünvanlarda kirayələrdə yaşamışlar. Sonradan yenidən birlikdə nənəsinə məxsus evə köçmüşlər. 21 yanvar 2022-ci il tarixdə, gecə saat 03 radələrində evdə yatan zaman, Zamin haradansa gəlib evin qapısını döymüşdür ki, qapını açsın, lakin o, qapını açmamışdır. Zamin görmüşdür ki, qapını açmır, mətbəxin qapısını sındırıb, evin içərisinə daxil olaraq, onun əlində olan mobil telefonunu əlindən alıb söndürmüş və sonra otaqda yerə atmışdır. Zamin əlləri ilə onu döyüb, saçlarından tutaraq, evdə sürümüşdür. Nəticədə o, bədəninin müxtəlif yerlərindən xəsarət almışdır. Bundan sabahkı gün isə o, baş vermiş hadisə barədə Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinə ərizə ilə müraciət etmişdir. Hazırda isə o, Təqsirləndirilən şəxsla barışmış, heç bir tələb və şikayəti yoxdur. Bu səbəbdən iş üzrə Təqsirləndirilən şəxs barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmiş və onun təqsiri etirafı ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Belə ki, məhkəmə istintaqı zamanı tədqiq olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya birliyinin 24 yanvar 2022-ci il tarixli, 82 saylı ekspert rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs aşkar olunan xəsarətlər sol bazunun və sol budun yumşaq toxumalarının hematomaları, başın alın nahiyəsinin, sol gözaltı nahiyənin və sağ qalça darağı nahiyəsinin qançırları bərk küt əşyanın (əşyaların) təsirindən törənmiş, xəsarətlər 21 yanvar 2022-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərəvurmaya aiddir. İş materiallarından görünür ki, istintaq orqanından gizləndiyi üçün, 08 aprel 2022-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. İş materiallarından görünür ki, axtarışda olan Təqsirləndirilən şəxs 21 aprel 2022-ci il tarixdə tutulmuşdur. İş materiallarından görünür ki, 23 aprel 2022-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və o, saxlandığı Xətai RPİ-nin MSY-dən azad olunmuşdur. Eyni zamanda, iş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 21 iyun 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs məhkəmədən gizləndiyindən, barəsində axtarış elan olunmuşdur. İş materiallarından görünür ki, axtarışda olan Təqsirləndirilən şəxs 30 iyun 2022-ci il tarixdə Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən tutularaq, məhkəməyə təqdim edilmişdir. Həmçinin, iş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 07 iyul 2022ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs yenidən məhkəmədən gizləndiyindən, seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri dəyişdirilərək, onun barəsində axtarış elan olunmaqla “həbs” qətimkan tədbiri seçilmişdir. İş materiallarından görünür ki, axtarışda olan Təqsirləndirilən şəxs 29 iyul 2022-ci il tarixdə Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən tutularaq, Bakı İstintaq Təcridxanasına təhvil verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən verilmiş 07 aprel 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-383/2012 saylı, 07 dekabr 2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, 4000 (dörd min) manat miqdarda cərimə cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən, onun 2 (iki) ay həbsdə və ev dustaqlığında olduğu müddət nəzərə alınmaqla, cəzası yüngülləşdirilmiş və ona qəti olaraq 3500 (üç min beş yüz) manat miqdarda cərimə cəzası təyin edilmişdir. İş materiallarına əlavə edilmiş Lerik Rayon İcra və Probasiya Şöbəsinin arayışından görünür ki, məhkum Təqsirləndirilən şəxs təyin edilmiş 3500 (üç min beş yüz) manat miqdarda cərimə cəzasının ödənilməmiş 2756 (iki min yeddi yüz əlli altı) manat hissəsi Lerik Rayon Məhkəməsinin 7(048)-4/2019 saylı, 06 mart 2019-cu il tarixli qərarı ilə dəyişdirilərək, 480 (dörd yüz səksən) saat ictimai işlər cəzası ilə əvəz edilmiş, Təqsirləndirilən şəxs ictimai işlər cəzasını bitirərək, qeydiyyatdan çıxarılmışdır. Göründüyü kimi, hazırda Təqsirləndirilən şəxs ödənilməmiş məhkumluğu yoxdur. Eyni zamanda, iş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi Etibar Hüseynovun 10 fevral 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs iş üzrə Zərərçəkmiş şəxs ilə barışığı nəzərə alınaraq, barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilməklə, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilmiş və barəsində olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2014 və xx.xx.2016-cı il təvəllüdlü iki uşaqları vardır. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu və digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin qeyd olunan maddəsi ilə tövsif edilmişdir. Məhkəmə həmçinin hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs iş üzrə zərərçəkmiş Zərərçəkmiş şəxs ilə barışsa da, hazırda Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, 01 dekabr 2017-ci il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Digər tərəfdən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “qeyd” hissəsinə əsasən, şəxs bu Məcəllənin 72-73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. İş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs əvvəllər CM-nin 73.2-ci maddəsində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən azad edilmişdir. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-ci maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən şəxsin barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin təqsirləndirildiyi maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli qərarında qeyd olunur ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Təqsirləndirilən şəxs cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən, həmin cinayətin böyük ictimai təhlükə törətməyən cinayətlər sırasına aid edilməsini, Təqsirləndirilən şəxs şəxsiyyətini nəzərə alır. Təqsirləndirilən şəxs cəza təyin edərkən məhkəmə, təqsirləndirilən şəxsin törətdiyi əməli etiraf etməsini, əməlindən peşmançılıq çəkməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini və himayəsində azyaşlı uşaqların olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 44.1-ci maddəsinə əsasən cərimə bu Məcəllə ilə müəyyən edilmiş hallarda və məbləğdə məhkəmə tərəfindən təyin edilən pul tənbehidir. Eyni zamanda məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, onun ümumilikdə 1 (bir) ay 1 (bir) gün həbsdə saxlanıldığı müddəti nəzərə alır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən, həbsdə saxlanılan şəxsə cərimə və ya müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əsas cəza təyin edilərkən, məhkəmə həbsdə saxlama müddətini nəzərə alaraq, təyin edilmiş cəzanı yüngülləşdirir və ya şəxsi bu cəzadan tamamilə azad edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ilə dəyişdirilməli və o, dərhal məhkəmə zalında həbsdən azad edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 175.1-ci maddəsinə əsasən qətimkan tədbiri cinayət prosesini həyata keçirən orqan tərəfindən öz səlahiyyəti daxilində, bunun zəruriliyi sübutlarla təsdiq olunduqda daha ciddi qətimkan tədbiri ilə cinayət işi üzrə icraatın gedişində şübhəli və ya təqsirləndirilən şəxsin lazımi qaydada davranışının və hökmün icrasının təmin edilməsinə nail olmaq mümkün olduğu halda isə daha yüngül qətimkan tədbiri ilə əvəz edilə bilər. Həmin Məcəllənin 162.1.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirildikdə və ya ləğv edildikdə, habelə məhkuma təyin edilmiş cəza azadlıqdan məhrum etmə ilə bağlı olmadıqda, şəxs məhkəmənin qərarına əsasən həbsdən azad edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut, məhkəmə xərci və mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347- 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 1500 (bir min beş yüz) manat miqdarda cərimə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 1 (bir) ay 1 (bir) gün həbsdə saxlanıldığı müddət nəzərə alınmaqla, ona təyin edilmiş 1500 (bir min beş yüz) manat miqdarda cərimə cəzası yüngülləşdirilərək, ona qəti olaraq 500 (beş yüz) manat miqdarda cərimə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ilə dəyişdirilsin və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin; barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən: Fərid Yaqubov
Məhkəmə qərarları › İş №1(011)-267/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-267/2022
26.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver