Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-269/2021 04.06.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi, dövlət ittihamçısı Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, xx xxxx 1991-ci ildə Sabirabad rayonu, Şəhriyar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Sabirabad rayonu, Şəhriyar kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında kirayə yaşayan, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən, şatış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə - heroin əldə edib saxlamaqla üzərində daşıyaraq 06 mart 2021-ci il tarixdə saat 18:30 dəqiqədə ünvan 2 ünvanının qarşısına gəlmiş, həmin vaxt Xətai RPİ-nin 34-cü Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün saxlanılaraq ünvan 4 ünvanında yerləşən 34-cü Polis Şöbəsinin inzibati binasına gətirilmiş, orada üzərinə şəxsi axtarış keçirilərkən əynindəki qara rəngli şalvarın sol yan cibindən qızılı rəngli kağız bükümdə 0,168 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə - heroin aşkar edilərək götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin səmimi etirafı, şahidlərin ifadələri və işin tədqiq olunmuş digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə elan edilən ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə birlikdə kirayə yaşayır, evlidir və iki yaşlı X2 və bir yaşlı X3 öhdəliyindədir. 12 saylı marşrut avtobusunda “dispeçer” kimi fəaliyyət göstərir. Sol ayağının damarlarında qan hərəkət etmədiyindən, ayağında möhkəm ağrılar olur, əməliyyat olunmağına maddi vəziyyəti imkan vermədiyindən ağrıları kəsmək üçün bir ilə yaxındır ki, narkotik vasitə hesab olunan və “kakos” adlandırılan heroini falqa üzərində əridib, tüstüsünü çəkməklə istifadə edir. Hökməli qəsəbəsində İlqar adlı şəxslə təsadüfən qarşılaşmışdır. Narkotik vasitə istifadəçisi kimi tanıdığı İlqarla söhbət zamanı sonuncudan xahiş etmiş ki, ağrılarını kəsmək üçün ona təcili narkotik vasitə tapsın. Həmçinin üzərində 10 manat məbləğində pulun olduğunu bildirmişdir. İlqar ona köməklik edəcəyini demiş və ondan 10 manat pulu almış və avtomobili tərk etmişdir. Sonra İlqar avtomobilə qayıdıb, qızılı rəngli falqanın içərisində narkotik vasitə heroin hesab olunan “kakos” adlandırılan maddəni ona vermişdir. Daha sonra isə yaşadığı evə getmək üçün Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsində yerləşən Əhmədli metrostansiyasının yaxınlığına gəlmişdir. Saat 18 radələrində evə getmək məqsədi ilə piyada M.Hadi küçəsi, 9 ünvanının qarşısına gəlmişdir. Orada olarkən ona polis əməkdaşları yaxınlaşmışlar və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduğunu deyib, onu xidməti avtomobillə 34-cü Polis Şöbəsinin inzibati binasına gətirmişlər. Vəkillə təmin edildikdən sonra ona qanunvericiliklə müəyyən edilmiş hüquqları izah edilmiş və üzərinə videoçəkilişdən istifadə edilməklə baxış keçirilmişdir. Baxış zamanı əynindəki qara rəngli şalvarın sol yan cibindən həmin 01 ədəd qızılı rəngli kağıza bükülmüş bükülünü təqdim etmişdir. Həmin 01 ədəd büküm açıldıqda içərisində qəhvəyi rəngli, tozşəkilli, narkotik vasitəyə bənzər maddə aşkar edilmişdir. Polis əməkdaşı həmin maddənin nə olduğunu soruşduqda, “kakos” olduğunu bildirmişdir. Bundan sonra təqdim etdiyi 01 ədəd büküm ekspertizaya göndərilməsi üçün bir zərfdə qablaşdırılmış, üzəri möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra əməlindən peşman olduğunu, səmimi etirafını, himayəsində azyaşlı uşaqların olmasını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Xətai RPİ-nin 34-cü Polis Şöbəsinin cinayət-axtarış üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid1 ifadəsində göstərmişdir ki, Bakı şəhəri Xətai RPİ-nin 34-cü Polis Şöbəsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində xidmət edir və polis leytenantı rütbəsini daşıyır. Cinayət işinin mahiyyəti üzrə göstərmişdir ki, 06 mart 2021 -ci il tarixdə Bakı şəhəri Xətai rayonu ərazisində “Babək” adlı şəxsin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə mötəbər mənbələrdən əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatın yoxlanılması məqsədi ilə əməliyyat qrupu yaradılmış, o da həmin əməliyyat qrupunun üzvü kimi, qrupun tərkibində idi. 06 mart 2021-ci il tarixdə saat 18:30-da ünvan 5 ünvanının yaxınlığında tərəflərindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində xarici görünüşünə görə “Babək” adlı şəxsə bənzəyən şəxs müəyyən edilmişdir. Həmin şəxsə yaxınlaşaraq, özlərini təqdim etmişlər, polis əməkdaşları olduqlarını və ondan şəxsiyyətini təsdiq edən sənədi təqdim etməsini xahiş etmişlər. Həmin şəxs özünü Təqsirləndirilən şəxs kimi təqdim etdikdən sonra sonuncunu xidməti avtomobillə Xətai RPİ-nin 34-cü Polis Şöbəsinə dəvət etmişlər. 34-cü Polis Şöbəsində olduqları zaman həmin şəxsin xx xxxx 1991-ci ildə Sabirabad rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmuş, Sabirabad rayonu, Şəhriyar kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında kirayə yaşayan Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Daha sonra 34-cü Polis Şöbəsinə dəvət edilmiş müdafiəçinin iştirakı ilə videoçəkiliş vasitəsilə saxlanılan şəxs Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış aparılmışdır. Belə ki, Təqsirləndirilən şəxs qanunla müəyyənləşdirilmiş hüquqları izah edilməklə üzərində qanunla dövriyyəsi qadağan edilmiş əşyaların olub-olmaması soruşulmuş, olduğu halda təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra şübhəli şəxs Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarın sol yan cibindən 01 ədəd qızılı rəngli kağıza bükülmüş bükülünü təqdim etmişdir. Həmin 01 ədəd büküm açıldıqda içərisində qəhvəyi rəngli, tozşəkilli, narkotik vasitəyə bənzər maddə aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin maddənin “kakos” olduğunu bildirmişdir. Şübhəli şəxsin təqdim etdiyi 01 ədəd büküm elektron tərəzi vasitəsi ilə çəkildikdə 0,36 qram olması müəyyən olunmuşdur. Şəxsi axtarış zamanı şübhəli şəxsin üzərindən başqa heç bir əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş içərisində narkotik vasitəyə bənzər maddə olan 01 ədəd büküm ekspertizaya göndərilməsi üçün bir ədəd zərfdə qablaşdırılmış, üzəri möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid polis leytenantı Şahid2 ifadəsi elan edilərək tədqiq edilmişdir. Onun ifadəsi Şahid1 ifadəsinə oxşar olmuşdur. İş materiallarına əlavə edilmiş 06 mart 2021-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli şalvarın sol yan cibindən bir ədəd qızılı rəngli falqa kağızına bükülmüş qəhvəyi rəngli, toz şəkilli narkotik maddəyə bənzər vasitə aşkar olunaraq götürülmüşdür. İş materiallarında olan materialların məhkəmə ekspertizanın 07 mart 2021-ci il tarixli, 6/928 saylı ekspert rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərilərində "... (imza) Abdullazadə...” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,168 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. (Tədqiqata sərf edilmişdir 0.050 qr., qalıq 0.118 qr.). İş materiallarında olan 30 aprel 2021-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntüsü olan 01 ədəd CD-R disk maddi sübut kimi tanınmış və iş materiallarına əlavə olunmuşdur. İş materiallarına əlavə edilmiş məhkəmə-narkoloji ekspertizanın 19 aprel 2021-ci il tarixli, 1161 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan matemfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan 30 aprel 2021-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında olan qərardan məlum olur ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,118 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroin iş üzrə maddi sübut kimi tanınıraq saxlanılması üçün Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin saxlanc anbarına təhvil verilmişdir. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 06 mart 2021-ci il tarixdə şübhəli şəxs kimi tutulmuşdur. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 08 mart 2021-ci il tarixli qərarından məlum olur ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlanma müddətinin əvvəli 06 mart 2021-ci il tarixdən hesablanması qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyləri, onun özünün, şahidlərin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdikləri ifadələri, digər iş materialları ilə onun istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroini əldə edib özündə saxlama cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran və yüngülləşdirən halları müəyyən etməmişdir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Cəzaçəkmə müəssisəsinin rejimini müəyyən edilməsi ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə təsdiq olunur ki, Təqsirləndirilən şəxs faktiki şübhəli şəxs kimi 06 mart 2021-ci il tarixdən saxlanılmışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli həmin vaxtdan hesablanmalı və barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyi ilə müalicəyə ehtiyacı olduğunu nəzərə alaraq Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunmasını, həmçinin onun ərazi narkoloji dispanserdə qeydiyyatda alınmasını məqsədəmüvafiq sayır. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin saxlanc anbarına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,118 qram heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntüsü olan 01 ədəd CD-R disk iş materiallarında saxlanılmalıdır. Məhkəmə hesab edir ki, ekspertiza tədqiqatının dəyəri – 81.82 manat (səksən bir manat səksən iki qəpik) Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-nin 197-198, 341-349, 351- 353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 06 mart 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin saxlanc anbarına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,118 qram heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntüsü olan 01 ədəd CD-R disk iş materiallarında saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası dəyəri 81.82 manat (səksən bir manat səksən iki qəpik) Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikası Dövlət Büdcəsinə keçirilsin. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən: Bəxtiyar Məmmədov
Məhkəmə qərarları › İş №1(011)-269/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-269/2021
04.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver