Məhkəmə qərarları › İş №1(011)-269/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №1(011)-269/2022

01.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(011)-269/2022 01.06.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Yaqubov Fərid Murtuza oğlunun sədrliyi, İskəndərova Əlvanə İlham qızının katibliyi, xüsusi ittiham qaydasında şikayət verən - X25, onun və digər xüsusi ittiham qaydasında şikayət verən X30 və X11 nümayəndəsi - fərdi qaydada fəaliyyət göstərən vəkil Nümayəndə, xüsusi ittiham qaydasında barəsində şikayət verilən - X12, Abbas-zadə Alim İltifat oğlu, X8 və X3 iştirakı ilə, xüsusi ittiham qaydasında X25, X30 və X11 şikayətinə məhkəmənin hazırlıq iclasında baxaraq, m ü ə y y ə n e t d i: X25, X30 və X31 xüsusi ittiham qaydasında şikayət ilə məhkəməyə müraciət edərək, X12, X26, X9, X27, Abbas-zadə Alim İltifat oğlu, X8, X35, X13, X14, X4, X32, X17, X18, X19 və X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 147.2-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilmələrinə dair xüsusi ittiham qaydasında verilmiş şikayətin icraata qəbul edilərək, həmin şəxslərin qeyd olunan maddələrlə təqsirli bilinməklə, barələrində həmin maddələrin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını xahiş etmişdirlər. Şikayət onunla əsaslandırılmışdır ki, özlərini “Bakı şəhəri, S.Vəzirov küçəsi 11 ünvanında yerləşən "xxxx" MTK-nın işçiləri və orada yaşayan sakinlər” kimi təqdim etmiş - X12, X26, X9, X27, Abbas-zadə Alim İltifat oğlu, X8, X35, X13, X14, X4, X32, X17, X18, X19, X15 uzun müddət ərzində onların şərəf və ləyaqətini ləkələyən, onları nüfuzdan salan məlumatları, yalan olduqlarını bilə-bilə kütləvi çıxışlarda, insanlar arasında bilərəkdən, davamlı surətdə yaymaqla bərabər, həm də, onları ağır cinayətlər törətməkdə ittiham edərək böhtan atmaqla məşğuldurlar. Bundan başqa, adıçəkilən şəxslər barələrində şərəf və ləyaqətini ləkələyən, eləcə də, onları nüfuzdan salan yalan məlumatları ayrı-ayrı şəxslərə yaymaqla yanaşı, həm də, barələrində Baş Prokurorluğa, DİN-nə, FHN-nə və digər orqanlara davamlı olaraq şikayət ərizələri ilə müraciət edərək, bir sıra cinayət əməlləri törətməkdə barələrində yalan məlumatları verməklə bərabər, böhtan da atmışlar. Həmin şəxslər Bakı şəhər Xətai RPİ-nin 37-ci Polis Şöbəsinə ünvanladıqları ərizələrdə və sonradan təhqiqata vermiş olduqları izahatlarında göstərmişlər ki, Bakı şəhəri, Xətai rayonu, S.Vəzirov küçəsi, 11-D saylı evin 1-A saylı mənzilində yaşayan X25 və oğlu X30 mütəmadi olaraq "xxxx" MTK-nin iş rejimini pozaraq, işçilərə qarşı kobudluq etmişlər, nalayiq sözlərlə təhqir etmişlər, sakinlərə məxsus avtomobillərə zərər vurmuşlar, sakinlərin vəsaitinə alınmış liftləri, blokların giriş qapılarını və binanın fasadını qəsdən zədələyərək, pis hala salmışlar. 2021-ci ilin iyul ayında MTK-nin lift bələdçisi işləyən Abbas-zadə Alim İltifat oğlunu Azər Sərdarov söyərək təhqir etmiş, üzərinə avtomobili sürüb xəsarət yetirmək istəmişdir. xx.xx.2021 -ci ildə Azər Sərdarov həyətdə MTK-nin işçiləri əyləşdikləri yerdə onların fotoşəklini mobil telefonla çəkib onları hədələyərək, təhqir etmişdir. xx.xx.2021-ci ildə MTK-nm qapıçısı işləyən X1 Azər Sərdarov itələyərək, öldürəcəyi ilə hədələmişdir. xx.xx.2021-ci ildə Azər Sərdarov yenə Adıgözəl Cəbiyevin və iş yoldaşlarının şəkilini çəkmiş, nalayiq ifadələrlə təhqir etmiş, başlarına oyun açacağı ilə hədələmiş, sakinlərin avtomobillərinə və taxta tikililərə ziyan vuracağını demişdir. Etdiklərinə görə Azər və Cavad Sərdarovlar dəfələrlə xəbərdarlıq edilmələrinə baxmayaraq, öz hərəkətlərini davam etmişlər. xx.xx.2021-ci ildə Azər Sərdarov 37-ci Polis Şöbəsinə məlumat verib bildirmişdir ki, guya Adıgözəl Cəbiyev özünü onun avtomobilinin altına atmışdır. Polislər hadisə yerinə gələnə qədər, X40 Cəbiyevi hədələmiş, başına oyun açacağını demişdir. X23 polis şöbəsinə aparılmışdır. xx.xx.2021-ci ildə Azər və Cavad Sərdarovlar MTK-ya məxsus 4 ədəd müşahidə kameralarını və binanın sakini X2 məxsus 2 ədəd müşahidə kameralarını oğurlamışlar, qarajın jaluz qapılarını zədələmişlər. Onların haqqında 37-ci Polis Şöbəsinə şikayət etmiş həmin şəxslər ərizədə göstərmişlər: “X25 və X16 əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147 (böhtan), 177 (oğurluq), 148 (təhqir) və 134 (öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə) maddələrinin əlamətləri mövcuddur. Odur ki, X25 və X16 əməlləri barədə qanuni tədbir görülməsini xahiş edirik”. Xətai RPİ-nin 37-ci X29 Bölməsində araşdırma aparılmış, adları çəkilən şəxslərin şikayətləri həqiqətə uyğun olmayan və əsassız olduğu üçün, xx.xx.2021-ci il tarixdə cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Təhqiqatın tam və hərtərəfli aparılmaması səbəbindən, onun tərəfindən həmin qərardan şikayət verilmiş və şikayəti əsasında material Xətai Rayon Prokurorluğunda öyrənilmiş və xx.xx.2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar ləğv edilərək, yenidən təhqiqat üzrə araşdırma aparılmasından ötrü bir sıra göstərişlərlə Xətai RPİ-nin 37-ci Polis Şöbəsinə qaytarılmışdır. Əlavə araşdırma zamanı adları çəkilən şəxslər verdikləri izahatlarında bir daha onların barəsində yaydıqları yalan məlumatları təkrar qeyd etmişlər. Adıçəkilən şəxslər onların haqqında həqiqətə uyğun olmadığını bilə-bilə, yalan və böhtan xarakterli məlumatlar yaymaqla bərabər, onları bir sıra ağır cinayət əməlləri törətməkdə təqsirləndirərək, onlara qarşı uydurma ittihamlar irəli sürərək, məsuliyyətə cəlb olunmalarını xahiş etmişlər. Adıçəkilən şəxslərin onlarla bağlı yaydıqları məlumatlar açıq-aşkar həqiqətə uyğun olmayan yalan məlumatlar olmaqla yanaşı, həm də düşünülmüş şəkildə onların şərəf və ləyaqətini ləkələməyə və onları nüfuzdan salmağa yönəlmişdir. Onların haqqında həqiqətə uyğun olmayan, bir sıra cinayət hadisələri törətməkdə əsassız ittihamlar etməklə, böhtan xarakterli məlumat yaymaqla məşğul olan bu şəxslər, öz əməlləri ilə şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaldan hərəkətlər etmişlər və onları ağır cinayətlər törətməkdə ittiham etməkdə, onlara böhtan atmışlar. X12, X27, Abbas-zadə Alim İltifat oğlu, X35, X10, X26, X6, X20 və digərlərinin onların barəsində verdikləri şikayət ərizələri üzrə əlavə araşdırma aparılarkən, ərizəni imzalamış digər şəxslər araşdırma üzrə izahatlar verməmişlər. Aparılan əlavə araşdırma nəticəsində də, “kollektiv şikayət ərizəsi”ndəki göstərilən xüsusatlar təsdiqini tapmadığı, əməllərində hər hansı bir cinayətin tərkib əlamətlərinin mövcud olmadığı üçün, toplanmış əlavə material üzrə 06 yanvar 2022-ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Buna baxmayaraq, adıçəkilən şəxslər 37-ci Polis Şöbəsinə yazdıqları ərizə və izahatlardakı qeyd etdikləri həqiqətə uyğun olmayan, böhtan xarakterli məlumatları ünvan 2 ünvanda yaşayan ayrı-ayrı şəxslərə və digər şəxslərə də yaymışlar. O, yəni X25 iqtisadçı alim olmaqla bərabər, “İstehlakçıların maarifləndirilməsi və hüquqlarının müdafiəsi” İctimai Birliyinin sədridir. Dövlətin iqtisadiyyat sahəsində, o cümlədən bank, qida təhlükəsizliyi, istehlakçı hüquqlarına dair qəbul edilmiş qərarların əhaliyə izah edilməsi və vətəndaşların maarifləndirilməsi məqsədi ilə televiziya, radio, sosial şəbəkələr, mətbuat və digər kütləvi informasiya vasitələri ilə mütəxəssisekspert rəyləri ilə çıxışlar edir. İqtisadiyyat Nazirliyi tərəfindən bu sahələr üzrə təşkil edilən dəyirmi masa, iclas və konfranslarda çıxışlar etmək üçün İctimai Birliyin sədri və mütəxəssis-ekspert kimi dəvət olunur. Ölkənin bir neçə ali təhsil müəssisələrində uzun illər tədrislə məşğul olmuş. Lakin adıçəkilən şəxslər onun barəsində yaydıqları böhtan xarakterli, heç bir həqiqətə uyğun olmayan, yalan məlumatları insanlar arasında yaymaqla, şikayət ərizələri yazıb çoxsaylı sakinlərə müraciət edib, nəticədə bir neçəsini dilə tutaraq şikayət ərizələrini imzalatdırmışdır. Övladları Cavad və Ziyad Sərdarovlar magistr dərəcəli təhsil almışlar, hər ikisi işləyirlər, mütəmadi olaraq idmanla məşğul olurlar. Ünsiyyətdə olduqları insanlar arasında ciddi və iş adamı kimi tanınaraq hörmət sahibidirlər. Azərbaycan Respublikası Cinayət Qanunvericliyinə görə böhtan cinayəti hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatlar yayıldığı andan başa çatmış sayılır. Eyni zamanda qeyd etmək lazımdır ki, böhtanın yalnız kütləvi yayılan məlumatlara aid edilməsi onun əhatə dairəsini məhdudlaşdırır. Halbuki, yayılma dedikdə, belə məlumatların heç olmasa bir nəfərə çatdırılması başa düşülür. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” 14 may 1999cu il tarixli 7 №li Qərarının 3-cü bəndində deyilir ki, məhkəmələr şərəf və ləyaqətin müdafiəsi barədə işlərə baxarkən, üç halı aydınlaşdırmalı və onlara məcmu halında hüquqi qiymət verməlidir: məlumatın vətəndaşların və təşkilatların şərəf və ləyaqətini ləkələməsi; həmin məlumatların doğru olmaması; bu məlumatların yayılması. Plenum qərarında göstərilmişdir ki, məlumat əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında hüquqi və fiziki şəxs barəsində mənfi rəy yaradırsa, o, şərəf və ləyaqəti ləkələyə, habelə işgüzar nüfuza xələl gətirən məlumat hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” 14 may 1999-cu il tarixli 7 №li Qərarının 3-cü bəndinin son abzasında deyilir ki, məlumat başqa şəxsə, bir neçə və yaxud qeyri-müəyyən şəxslər dairəsində bildirildikdə yayılmış hesab edilir. 1948-ci il “Ümumdünya İnsan hüquqları Bəyannaməsi”ndə, 1966-cı il “Mülki və Siyasi hüquqlar haqqında” Beynəlxalq Paktda və Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsində deyilir ki, hər kəsin şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır, heç bir hal şəxsiyyətin ləyaqətin alçaldılmasına əsas verə bilməz. Şərəf - cəmiyyətin üzvü kimi insanın əxlaqi, mənəvi, mədəni keyfiyyətlərinə, başqa şəxslərə, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən ictimai qiymətdir. Ləyaqət - şəxsin özünə, özünün davranışına, mənəvi və əxlaqi dünyagörüşünə, cəmiyyətdə tutduğu mövqeyinə özünün verdiyi qiymətdir. Nüfuz - şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə, mövqeyinə, ictimai əhəmiyyət kəsb etməsinə görə başqa şəxslər tərəfindən ona verilən qiymətdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci və 147.2-ci maddələrinin disposiziyasında göstərilmişdir: “Böhtan, yəni yalan olduğunu billə-bilə, hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatların kütləvi çıxışda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində yayma”, “ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma” cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 31 -ci maddəsinə əsasən, iki və ya daha çox şəxsin qəsdən cinayət törətməkdə qəsdən birgə iştirakı iştirakçılıq sayılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən cinayətin icraçısı ilə birlikdə, təşkilatçısı, təhrikçisi və köməkçisi cinayətin iştirakçıları sayılırlar. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən, cinayəti bilavasitə törətmiş və ya başqa şəxslərlə birlikdə onun törədilməsində bilavasitə iştirak etmiş şəxs (birgə icraçılıq), eləcə də bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda cinayət məsuliyyətinə cəlb edilə bilməyən şəxslərdən istifadə etməklə cinayəti törətmiş şəxs icraçı sayılır. Eyni Məcəllənin 32.3-cü maddəsinə əsasən, cinayətin törədilməsini təşkil etmiş və ya həmin cinayətin törədilməsinə rəhbərlik etmiş, eləcə də mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) yaratmış və ya bunlara rəhbərlik etmiş şəxs cinayətin təşkilatçısı sayılır. 2007-ci il tarixdə «Digesta» nəşriyyatında nəşr olunmuş “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Kommentariyası”nda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147-ci maddəsinin şərhində göstərilmişdir ki, həmin maddənin mətnində kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçatdan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Şərəf və ləyaqəti ləkələyən məlumatlar dedikdə, əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrıayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradan məlumatlar başa düşülür. Məlumatın yalan olması dedikdə, onun həqiqətə uyğun olmaması başa düşülür. Göründüyü kimi, X12, X26, X9, X27, Abbas-zadə Alim İltifat oğlu, X8, X35, X13, X14, X4, X32, X17, X18, X19 və X5 əməllərində Azərbaycan Respublikası CM-nin 147.1-ci və 147.2-ci maddələrinin tərkibi vardır. Şərəf və ləyaqətini ləkələyən, onları nüfuzdan salan, yalan məlumatları kütləvi çıxışlarda yaydıqları üçün, eləcə də əsassız olaraq, onları ağır cinayət əməlləri törətməkdə əsassız ittham etməklə, böhtan atdıqları üçün X12, X26, X10, X27, Abbas-zadə Alim İltifat oğlu, X8, X35, X13, X14, X4, X32, X17, X18, X19 və X15 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 147.2-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməli və qanunvericiliklə müəyyən edilmiş qaydada cəzalandırılmalıdırlar. Yuxarıda sadalanan şəxslərə başçılıq etməklə, onların haqqında törətmiş olduqları böhtan cinayətinin həm təşəbbüsçüsü, təşkilatçısı, təhrikçisi və icraçısı olan X7 daha ağır cəzaya məhkum edilməsini məhkəmədən xahiş edirlər. Həmin şəxslər dəfələrlə hüquq-mühafizə orqanlarına, o cümlədən Baş Prokurorluğa, DİN-ə, FHN-ə və digər orqanlara davamlı olaraq şikayət ərizələri ilə müraciət edərək, bir sıra cinayət əməlləri törətməkdə onların haqqında yalan məlumatları verməklə bərabər, cinayət əməlləri də törətməkdə böhtan da atmışlar. Onların müraciətləri əsasında hər dəfə həmin orqanlar tərəfindən müvafiq qaydada araşdırmalar aparılıb, nəticədə şikayətlərinin əsassız və həqiqətə uyğun olmadığına dair, cinayət işinin başlanılmasının rədd ediməsi haqqında qərarlar qəbul edilməklə, onlara rəsmi cavablar verilmişdir. Buna baxmayaraq, onlar öz qanunsuz əməllərindən, böhtan xarakterli, ləyaqətsiz hərəkətlərindən daşınmaq əvəzinə, öz məkrli niyyyətlərini həyata keçirmək məqsədi ilə dövlətin ali qurumlarından bir vasitə kimi istifadə etməyə cəhd etmişlər. Məhkəmə iclasında xüsusi ittiham qaydasında şikayət verən X25, onun və digər xüsusi ittiham qaydasında şikayət verən X30 və X11 nümayəndəsi Nümayəndə şikayəti müdafiə edərək, xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsi və məhkəmə baxışının təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. Məhkəmə iclasında xüsusi ittiham qaydasında barəsində şikayət verilən -X12, Abbaszadə Alim İltifat oğlu, X8 və X13 şikayəti əsassız hesab edərək, xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina olunması haqqında qərar qəbul olunmasını xahiş etdilər. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, xüsusi ittiham qaydasında verilmiş şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsinə əsasən, böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yaymaya görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsinə əsasən, ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atmaya görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Eyni zamanda, “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli qərarında qeyd olunur ki, böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Lakin, CM-nin 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi nümayiş etdirilən əsər dedikdə, ən azı iki nəfər kənar şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər (fotoşəkillər, rəsm əsərləri, kinematoqrafıya əsərləri, reklam və sair) başa düşülür. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Göründüyü kimi, qanunvericilikdə böhtan və təhqir xarakterli məlumatların mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirildiyi halda yayıla bilməsinin mümkünlüyü nəzərdə tutulmuşdur. Eyni zamanda, böhtan xarakterli məlumatların kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olduğu təqdirdə, şəxsin böhtana görə cinayət məsuliyyətinə cəlb edilə bilməsinin mümkünlüyü göstərilmişdir. İş materiallarından və məhkəmə iclasında verilmiş izahatlardan müəyyən olunur ki, xüsusi ittiham qaydasında barələrində şikayət verilən X12, X26, X9, X27, Abbas-zadə Alim İltifat oğlu, X8, X35, X13, X14, X4, X32, X17, X18, X19 və X15 məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yox, müxtəlif orqanlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunmaqla ötürmüşlər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 299.1-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 299.3.3-cü maddəsinə əsasən, cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayətin məzmununun bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrinin müddəalarına uyğun olub-olmaması barədə məsələlərə baxılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 300.1-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində təqsirləndirilən şəxsin məhkəməyə verilməsi və məhkəmə baxışının təyin edilməsi barədə; xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsi və məhkəmə baxışının təyin edilməsi barədə; xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina olunması barədə; müvafiq olaraq cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat materiallarının və ya xüsusi ittiham qaydasında şikayətin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə; cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə; cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraatın dayandırılması barədə; cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi barədə qərarlardan biri qəbul edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 302.1.3 və 302.1.6-cı maddələrinə əsasən, şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda və cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda, məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 302.2.3-cü maddəsinə əsasən, məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək, bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X12 və qeyrilərinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 147.2-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə xüsusi ittiham qaydasında X25, X30 və X31 tərəfindən verilmiş şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 299, 302 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: X12 və qeyrilərinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 147.2-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə xüsusi ittiham qaydasında X25, X30 və X31 tərəfindən verilmiş şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərid Yaqubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar