Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(011)-271/2021 01.06.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseyn Cavid Vaqif oğlunun sədrliyi, Paşayev Orxan Zakir oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru X1, müdafiəçi – 13 saylı Vəkil Bürosunun vəkili X2, Təqsirləndirilən şəxs iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə açıq məhkəmə iclasında ilkin dinləmələr keçirərək MÜƏYYƏN ETDİ: İbtidai araşdırma orqanının ittiham aktı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham olunmuş və cinayət işi baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilmişdir. İttiham aktına əsasən Təqsirləndirilən şəxs 2021-ci ilin yanvarın əvəllərində Bakı şəhəri Nəsimi rayon ərazisinə yerləşən “kubinka” adlanan yerdə istintaqa məlum olmayan şəxsdən 20 manat müqabilində qanunsuz olaraq satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda 0,747 qram çəkidə narkotik vasitə olan heroini əldə edib saxlayaraq daşımış, 21 yanvar 2021-ci il tarixdə saat 23 radələrində ünvan 1 ünvanın qarşısında Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq 22-ci Polis Şöbəsinin inzibati binasına gətirilmiş, orada barəsində şəxsi axtarış aparılan zaman əynində olan tünd göy rəngli şalvarın qabaq sağ cibindən bir ədəd şəffaf polietilen bükümündə təmiz çəkisi 0,747 olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 08 may 2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmiş, Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri Bakı Şəhəri Xətai Rayon Məhkəməsinə məhkəmə hazırlıq iclası keçirilənədək və qətimkan tədbiri məsələsinə məhkəmə hazırlıq iclasında baxılıb yekun qərarı qəbul edilənədək dəyişdirilmədən saxlanılmış, qərarın bu hissəsinin icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına həvalə edilmişdir. Qərar onunla əsaslandırılmışdır ki, ittihamda qeyd olunan əməl Təqsirləndirilən şəxs tərəfindən Xətai rayonunun ərazisində törədildiyindən, hazırki cinayət işinə aidiyyəti üzrə həmin cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsində, yəni Bakı şəhəri Xətai Rayon Məhkəməsində baxılmalıdır. Məhkəmə hazırlıq iclasında dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru X3, Təqsirləndirilən şəxs və müdafiəçisi – 13 saylı Vəkil Bürosunun vəkili X4 cinayət işinə aidiyyəti üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində baxılmalı olduğunu bildirdilər. Məhkəmələr arasında hazırki cinayət işinin ərazi üzrə məhkəmə aidiyyətinə dair fikir ayrılığı olduğundan məhkəmə hesab edir ki, aidiyyət məsələsinin həll edilməsi üçün cinayət işi Bakı Apelyasiya Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin; 67.4-cü maddəsinə əsasən hər bir rayon (şəhər) məhkəməsinə yalnız onun yurisdiksiyasında baş vermiş cinayətlərlə bağlı işlər aiddir. 74.1-ci maddəsinə əsasən cinayət işinə və digər materiala cinayətin törədildiyi yerin fəaliyyət dairəsinə aid olan birinci instansiya məhkəməsində baxılır. 74.2-ci maddəsinə əsasən uzanan və ya davam edən cinayətlərin törədilməsi ilə bağlı cinayət işlərinin məhkəmə aidiyyəti aşağıdakılara əsasən müəyyənləşdirilir: - uzanan cinayətin başa çatdığı yer onun törədildiyi yer hesab olunur; - cinayət qanunu ilə nəzərdə tutulmuş son əməlin törədildiyi yer davam edən cinayətin başa çatdığı yer hesab olunur. 75.1-ci maddəsinə əsasən cinayət işinin məhkəmənin icraatına qəbul edilməsi məsələsi həll edilərkən onların məhkəmə aidiyyəti mütləq yoxlanılmalıdır. Məhkəməyə daxil olmuş cinayət işinin və ya digər materialın həmin məhkəməyə aid olmadığı müəyyən edildikdə, məhkəmə onu aidiyyəti üzrə göndərməlidir. 77.1-1-ci maddəsinə əsasən məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmə aidiyyəti qaydalarına müvafiq olaraq hər hansı cinayət işi və ya digər material bir məhkəmədən digərinə göndərildikdə şərtsiz olaraq göndərildiyi məhkəmənin icraatına götürülməlidir. Məhkəmələr arasında bununla əlaqədar fikir ayrılığı olduqda cinayət işi və ya digər material bir məhkəmədən digərinə müvafiq apellyasiya instansiyası məhkəməsinin sədri tərəfindən göndərilir. 299.3 və 299.3.1-ci maddələrinin tələblərinə görə məhkəmə hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında məhkəməyə daxil olmuş cinayət işinin ona aid olubolmaması məsələsinə baxır. Azərbaycan Respublikasının Konstitusiyasının 62-ci maddəsinin tələbinə görə hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir Məhkəmə qeyd edir ki, Cinayət Məcəlləsinin 234.1-ci maddəsində göstərilən cinayət əməli alternativ tərkibli olmaqla, onun obyektiv cəhətini satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə və daşıma təşkil edir. Eyni zamanda, həmin əməl uzanan cinayətdir. Məhkəmə nəzərə alır ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai rayonu ərazisində saxlanılan zaman onun ehtimal olunan narkotik vasitəni əldə edib saxlayaraq daşıması şübhələrdən ibarət olmuş, Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq 22-ci Polis Şöbəsinin inzibati binasına gətirildikdən sonra orada barəsində şəxsi axtarış aparılan zaman qeyd olunan hal aşkar edilmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, ehtimal olunun cinayət Bakı şəhəri Nəsimi rayonu ərazisində başa çatmışdır. Digər tərəfdən, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 08 may 2021-ci il tarixli qərarındakı mövqe ilə razılaşılsa belə, ittihama əsasən ehtimal olunun narkotik vasitə Bakı şəhəri Nəsimi rayon ərazisinə yerləşən “kubinka” adlanan yerdə əldə edildiyindən Cinayət Məcəlləsinin 234.1-ci maddəsində göstərilən cinayət əməlinin obyektiv cəhətini təkil edən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə halı başa çatmış hesab olunmalı, bu halda da qanunvericiliyin tələbinə əsasən işə cinayətin törədildiyi yerin fəaliyyət dairəsinə aid olan birinci instansiya məhkəməsi - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində baxılmalıdır. Beləliklə məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin ərazi üzrə məhkəmə aidiyyəti ilə bağlı fikir ayrılığı olduğundan həmin məsələnin həll edilməsi üçün cinayət işi Bakı Apelyasiya Məhkəməsinə göndərilməlidir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 08 may 2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbirinin məhkəmə hazırlıq iclası keçirilənədək və qətimkan tədbiri məsələsinə məhkəmə hazırlıq iclasında baxılıb yekun qərarı qəbul edilənədək dəyişdirilmədən saxlanılması nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 67.4, 74, 77, 299.3, 299.3.1, 300.1 və 300.1.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə aidiyyətinə dair yaranmış fikir ayrılığının həll edilməsi üçün hazırki iş Bakı Apelyasiya Məhkəməsinə göndərilsin. Sədrlik edən Cavid Hüseyn
Məhkəmə qərarları › İş №1(011)-271/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №1(011)-271/2021
01.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver