Məhkəmə qərarları › İş №1(011)-271/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №1(011)-271/2025

27.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(011)-271/2025 27.05.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, müdafiəçi – Alyans Vəkil Bürosunun vəkili X1 iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında, xx xxxxxx 1981-ci ildə Bərdə rayonu, Zümürxaç kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, Bərdə rayonu, Həsənqaya ərazi dairəsi, ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə hazırlıq iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 02 radələrində ünvan 2 ünvanda yerləşən nömrəsiz fərdi yaşayış evlərinin girişində şəxsi münasibətlərin pozulması zəminində aralarında yaranmış mübahisə zamanı qəsdən əl və ayaq zərbələri ilə qeyrirəsmi nikah münasibətində olduğu Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrindən vurmaqla döyərək, sonuncuya sol gözətrafı nahiyənin dərialtı hematoması və sağ qaş nahiyəsinin sıyrığı ilə nəticələnən, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmaya aid edilən bədən xəsarətləri yetirmişdir. Məhkəmə hazırlıq iclasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı aidiyyəti üzrə məhz Bakı şəhəri Xətai Rayon Məhkəməsinə aiddir. Aparılmış ibtidai araşdırma dövründə Azərbaycan Respublikası CPM-nin tələblərinin pozulması məhkəmənin hazırlıq iclası zamanı aşkar edilməmişdir. Yekun protokolun prosessual formasına riayət edilmişdir. Məhkəməyədək icraat hüquqi pozuntulara yol verilmədən aparılmışdır. İş üzrə icraatın dayandırılması üçün əsaslar müəyyən olunmamışdır. İş materiallarında olan: - sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan xx.xx.2025-ci il tarixli 2/20412 nömrəli tibbi müayinə protokolundan görünür ki, alkoqol sərxoşluğunun dərəcəsi ortadır; (i.v.8) - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya birliyi X5n 15 aprel 2025-ci il tarixli, 361 nömrəli ekspert rəyindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs sol gözətrafı nahiyənin dərialtı hematoması və sağ qaş nahiyəsinin sıyrığı müəyyən edildi. Xəsarətlər bərk-küt əşya(lar) təsirindən törənmişlər, qərarda göstərildiyi kimi xx.xx.2025-ci il tarixdə kənar şəxs(lər) tərəfindən törənə bilərdi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aid edilir; (i.v.18-19) - zərərçəkmiş şəxs qismində tanınma haqqında 29 aprel 2025-ci il tarixli qərardan görünür ki, məhkəməyədək sadələşdirilmiş icraat matrealı üzrə vətəndaş Zərərçəkmiş şəxs qismində tanınmış və ona qərar elan olunmuşdur; (i.v.25) - Azərbaycan Respublikası Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Həsənqaya kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2025-ci il tarixli 186 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Bərdə rayonu, Saatlı kəndində qeydiyyatda olmağına baxmayaraq ərazidə yaşamır; (i.v.52) - Azərbaycan Respublikası Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Həsənqaya kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2025-ci il tarixli xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Bərdə rayonu, Saatlı kəndində qeydiyyatda olmağına baxmayaraq ərazidə yaşamır. Yaşadığı müddətdə onun haqqında heç bir şikayət daxil olmamışdır; (i.v.53) - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X5 tərəfindən verilmiş 18 aprel 2025-ci il tarixli məktubdan görünür ki, xx.xx.1981-ci il təvəllüdlü Təqsirləndirilən şəxs Respublika Narkoloji Mərkəzi Mərkəzində qeydiyyatda yoxdur; (i.v.54) - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X5 tərəfindən verilmiş 25 aprel 2025-ci il tarixli məktubdan görünür ki, xx.xx.1981-ci il təvəllüdlü Təqsirləndirilən şəxs arxiv məlumatına görə Respublika Psixiatriya Xəstəxanasında müalicədə olmamışdır; (i.v.55) - Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 29 aprel 2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur; (i.v.56) - böyük ictimai təhlükə törətməyən aşkar cinayətlər üzrə məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə sübutların qiymətləndirilməsi haqqında 03 may 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmiş hesab edilmişdir; (i.v.57-59) - Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona dəymiş ziyan tamamilə ödənilmişdir, ona qarşı heç bir şikayəti və tələbi olmadığını nəzərə alaraq, Təqsirləndirilən şəxs barəsində olan iş üzrə icraata xitam verilməsini xahiş etmişdir; - Təqsirləndirilən şəxs məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, özünü təqsirli bilir, əməlindən peşmandır, Zərərçəkmiş şəxs ilə barışmışdır, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayəti və tələbi yoxdur, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs və iş üzrə Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək barışdıqlarını qeyd edərək iş üzrə icraata xitam verilməsini xahiş etmişlər. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin müddəaları nəzərə alınaraq məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə hazırlıq mərhələsində xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: Belə ki, 299.3.4-cü maddəsinə əsasən, hər bir halda cinayət prosesi tərəflərinin iştirakçı ilə məhkəmənin hazırlıq iclasında cinayət işi üzrə icraatın dayandırılması və ya ona xitam verilməsi üçün əsasların olub-olmaması barədə məsələlərə baxılır. 300.1.7-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi barədə qərarlardan biri qəbul edilir. 305.1-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasında bu Məcəllənin 39-cu, habelə 40.3-cü və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə məhkəmə cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi haqqında əsaslandırılmış qərar çıxarır. 40.1-ci maddəsinə əsasən Cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Məcəllənin 40.3-cü maddəsində göstərilmişdir ki, şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. 43.1.2-ci maddəsinə əsasən, bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. 156.4-cü maddəsinə əsasən, cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 73.1-ci maddəsinə əsasən, böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. 20 oktyabr 2017-ci il tarixli Qanunla əlavə edilmiş və 01 dekabr 2017-ci il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 37.4, 39.1.9, 40.2 və 41.7-ci maddələrinin şərh edilməsinə dair” 15 iyul 2011-ci il tarixli Qərarında qeyd edilir ki, böyük ictimai təhlükə törətməyən cinayətlər üzrə cinayət təqibi ictimai-xüsusi və ictimai ittiham qaydasında həyata keçirilərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-cü maddəsində nəzərdə tutulmuş hallar aşkar olunduqda bu Qərarın əsaslandırıcı hissəsində göstərilən şərtlərə riayət edilməklə icraatın məhkəməyədək mərhələsində təhqiqatçının və müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmaya və ya ona xitam verilə bilər. Bu hal məhkəmə baxışının gedişində müəyyən edildikdə cinayət təqibinə müdafiə tərəfinin razılığı ilə xitam verilə bilər. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda qiymət verib, Təqsirləndirilən şəxs səmimi peşmanlığını və zərərçəkmiş şəxslə barışmasını, habelə əvvəllər cinayət məsuliyyətindən azad edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq olunmaqla, cinayət məsuliyyətindən azad edilməli və onun barəsində olan cinayət təqibinə xitam verilməlidir. İş üzrə maddi sübut, xüsusi müsadirəyə məruz qalınmalı əmlak və mülki iddia yoxdur. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Alyans Vəkil Bürosunun vəkili X2 məhkəmədə iştirak etdiyi 5 (beş) iş saatına görə 55 (əlli beş) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabına ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, onun müdafiəçisinin cinayət prosesində iştirakı dövlət büdcəsi vəsaiti hesabına təmin edilir, həmin Məcəllənin 193.5-ci maddəsinə görə hüquqi yardıma görə hər iş saatı üçün ödənişin məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir, müdafiəçinin təqdim etdiyi hesabat əsasında hesablanır və vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli, 141 nömrəli Qərarı ilə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli qərarında dəyişiklik edilmiş, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə hər iş saatı üçün ödənilən haqqın məbləği artırılaraq 11 manat müəyyən edilmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 37.4, 39.1.8, 43.1.2, 321.2.1 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2ci maddəsi tətbiq edilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında göstərdiyi cəmi 5 (beş) saat hüquqi yardıma görə Alyans Vəkil Bürosunun vəkili X2 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 55 (əlli beş) manat ödənilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qeyd olunan müddət ərzində qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, növbəti gün qərar qüvvəyə minir. Sədrlik edən: Rəfail Sadıxov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar