Məhkəmə qərarları › İş №1(011)-272/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-272/2022

11.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-272/2022 11.08.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Yaqubov Fərid Murtuza oğlunun sədrliyi, İskəndərova Əlvanə İlham qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, müdafiəçi - Bakı şəhəri 34 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında, xx xxxxxxx 1979-cu ildə Cəbrayıl rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Cəbrayıl rayonu, Şəybəy kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilərək, hazırda Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən, o, satış məqsədi ilə, qanunsuz olaraq, 249,467 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı istintaqa məlum olmayan mənbədən, naməlum vaxtda və şəraitdə əldə edib, 243,949 qramını üç ədəd şüşə bankada, beş ədəd şəffaf sellofanda, bir ədəd kibrit qutusunda və bir ədəd salfet kəsiyi bükümündə qablaşdırıb yaşadığı ünvan 2 ünvanına daşıyaraq orada saxlamış, qalan 5,518 qramını isə on bir ədəd kağız kəsikləri bükümündə qablaşdırıb üzərində saxlamaqla, ünvan 3 ünvanının yaxınlığına daşımış, daxil olmuş məlumat əsasında, DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 10 mart 2022-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində, Təqsirləndirilən şəxs həmin gün saat 11:20-də ünvan 3 ünvanının yaxınlığında saxlanılaraq, Baş İdarəyə gətirilib, üzərində şəxsi axtarış keçirilən zaman, onun satış məqsədi ilə, qanunsuz olaraq, əldə edib üzərində saxlamaqla, daşıdığı 5,518 qram çəkidə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana on bir ədəd kağız kəsikləri bükümündə 0,347 qram, 0,565 qram, 0,270 qram, 0,530 qram, 0,586 qram, 0,575 qram, 0,585 qram, 0,505 qram, 0,530 qram, 0,500 qram və 0,525 qram olmaqla, əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həmin gün saat 15:26-da Təqsirləndirilən şəxs özünün razılığı və iştirakı ilə yaşadığı ünvan 2 ünvanına baxış keçirilərkən, onun satış məqsədi ilə, qanunsuz olaraq, əldə edib daşıyaraq, saxladığı 243,949 qram çəkidə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana üç ədəd şüşə bankada ayrı-ayrılıqda, təmiz çəkiləri 73,0 qram, 58,0 qram, 48,0 qram, beş ədəd şəffaf sellofanda ayrı-ayrılıqda, təmiz çəkiləri 1,610 qram, 9,330 qram, 10,930 qram, 33,430 qram və 5,250 qram, bir ədəd kibrit qutusunda, təmiz çəkisi 3,860 qram, bir ədəd salfet kəsiyi bükümündə, təmiz çəkisi 0,539 qram olmaqla, həmçinin üzərində narkotik vasitə marixuananın hissəcikləri olan bir ədəd elektron tərəzi evin qonaq otağından aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək göstərdi ki, o, rəsmi olaraq heç bir yerdə işləmir və fərdi qaydada özünə məxsus olan “Opel Astra H minik” markalı, **-UZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə taksi fəaliyyəti ilə məşğul olur. Narkotik vasitə olan marixuanadan isitifadə etməyə təxminən beş il əvvəl başlamışdır. Narkotik vasitələri əsasən “Sərxan” adlı şəxsdən almışdır. Həmin şəxslə aralarında tanışlıq Saatlı rayonunda olduğu zaman, təsadüfən yaranmışdır. Həyat yoldaşı Saatlı rayonundan olduğuna görə, oraya tez-tez gedib-gəlmiş, “Sərxan” adlı şəxs də Saatlı rayonunda yaşayır. Bir dəfə Sərxan yanında marixuana çəkməyə başlamış və ona da, həmin maddələrdən istifadə etmək təklifini etmişdir. İlk öncə tərəddüd etsə də, sonradan dadına baxmaq üçün çəkməyə başlamışdır. Bundan sonra, hər dəfə Sərxanla görüşəndə ona marixuana çəkmək təklifini etmiş və onlar birlikdə marixuana çəkmişdirlər. Sonradan, narkotik vasitə almaq üçün Sərxana müraciət etmiş, sonuncu da ona narkotik vasitə satmağa başlamışdır. Sonuncu dəfə tutulmamışdan 5-6 gün əvvəl Saatlı rayonunda olduğu zaman, təsadüfən Sərxanla qarşılaşmış və avtovağzal ərazisində görüşüb 1200 manata ondan təxminən 400 qram çəkidə, 30 ədəd bükümdə narkotik vasitə almışdır. Həyat yoldaşı və övladları evdə olmadıqlarından, narkotik vasitələri və elektron tərəzini aparıb evində saxlamaq qərarına gəlmişdir. Narkotik vasitənin bir hissəsini isə istifadə etmək üçün, üzərində saxlamış, üzərində olan maddələr qurtaranda, yaşadığı evdən həmin maddələri götürmüşdür. 10 mart 2022-ci il tarixdə Xətai rayonu, Y.Səfərov küçəsi 45 ünvanın yaxınlığında idarə etdiyi avtomobili yolun kənarında siqaret çəkmək üçün saxlamışdır. Avtomobilin yanında olan zaman, üç nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşıb, özlərini Baş Mütəşəkkil Cinayətlkarlıqla Mübarizə İdarəsinin əməkdaşları kimi təqdim edərək, ondan özünü təqdim etməyini xahiş etmişlər. Özünü təqdim etdikdən sonra, polis əməkdaşları onun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz olaraq satışı ilə məşğul olmaqda şübhəli olduğunu bildirmişlər. O, həmin zaman üzərində narkotik vasitə marixuana olduğunu demiş və onlar birlikdə Baş Mütəşəkkil Cinayətlkarlıqla Mübarizə İdarəsinə getmişdirlər. Polis idarəsində vəkillə təmin edilmiş, sonra üzərinə videoçəkilişdən istifadə edilməklə, şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı, üzərində narkotik vasitə marixuana olduğunu bildirib, əynində olan gödəkçənin cibindən bir ədəd sellofan paketi, avtomobilin və mənzilin açarlarını, mobil telefonunu, əynində olan şalvarının cibindən isə 93 manat pulu çıxardıb təqdim etmişdir. Təqdim etdiyi bir ədəd sellofan paketin içində narkotik vasitə marixuana olduğunu qeyd etmiş və paket açıldıqda oradan on bir ədəd kağız büküm aşkar edilmişdir. Bundan sonra üzərindən aşkar olunmuş narkotik vasitə polis əməkdaşı tərəfindən qablaşdırılıb götürülmüş, mobil telefonu da götürülsə də, qalan əşyaları özünə geri qaytarılmışdır. Sorğu zamanı, idarə etdiyi avtomobildə narkotik vasitələr və psixotrop maddələr olmasa da, yaşadığı evdə narkotik vasitə marixuana gizlədib saxladığını, yaşadığı ünvana getdikləri halda, onları təqdim edə biləcəyini bildirmişdir. Bundan sonra idarə etdiyi “Opel Astra H” markalı, **-UZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilməsinə etiraz etməməyinə dair ərizə yazmış və şəxsi axtarışda iştirak etən şəxslərlə birlikdə maşınına baxış keçirilmişdir. Baxış zamanı, idarə etdiyi avtomobildə narkotik vasitə saxlamadığını bildirmiş və avtomobilə baxış zamanı qanunsuz hər hansı bir əşya aşkar edilməmişdir. Sorğu zamanı yaşadığı ünvanda narkotik vasitə marixuana saxladığını deyərək, baxış keçirilməsinə etiraz etmədiyini qeyd etmişdir. Bundan sonra, şəxsi axtarışda iştirak edən şəxslərlə birlikdə yaşadığı Xətai rayonu, NZS qəsəbəsi, A.Səhhət küçəsi, ev 7 ünvanında özünün razılığı və iştirakı ilə baxış aparılmışdır. Baxış zamanı, ona yaşadığı ünvanda narkotik vasitələr, psixotrop maddələr olduğu təqdirdə, təqdim etməsi təklif olunmuşdur. O, yaşadığı ünvanda narkotik vasitə marixuana olduğunu bildirib, mənzilin giriş qapısını üzərində olan açarla açaraq, polis əməkdaşlarını evə dəvət etmişdir. O, yataq otağında mebelin alt hissəsində olan bir ədəd narıncı rəngli torbanı qonaq otağına gətirib, masanın üzərinə qoyaraq, onun içərisində narkotik vasitə marixuana olduğunu demişdir. Həmin torbada bir ədəd salfet büküm, üç ədəd şəffaf şüşə banka və bir ədəd sellofan torba, o cümlədən bir ədəd elektron tərəzi və özünə məxsus şəxsiyyət vəsiqəsi aşkar edilmişdir. Aşkar olunmuş elektron tərəzi məişətdə istifadə edilirmiş. Daha sonra, yaşadığı ünvandan aşkar olunmuş maddələr və elektron tərəzi polis əməkdaşı tərəfindən qablaşdırılıb götürülmüş, həmçinin şəxsiyyət vəsiqəsi də götürülmüşdür. Bundan sonra Baş İdarəyə gəlmişlər, orada baxışın keçirilməsinə dair protokol tərtib olunmuş, düzgün yazıldığı üçün həmin sənədləri imzalamışdır. Yaşadığı ünvanda və üzərində aşkar edilmiş narkotik maddələri öz istifadəsi üçün saxlamış, o, narkotik maddələrin satışı ilə məşğul olmamışdır. Bu səbəbdən ona qarşı irəli sürülmüş ittiham üzrə narkotik maddələrin satışında yox, yalnız saxlaması və istifadəsində özünü təqsirli bilir. Törətdiyi əməldən hazırda səmimi peşmançılıq çəkdiyini bildirərək, ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. xx xxxxxxx 1979-cu il təvəllüdlü, Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədi ilə narkotik vasitələr və psixotrop maddələr əldə edərək saxlaması və daşıması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat tərəfindən rəsmiləşdirilmiş və əməliyyat qrupu yaradılmışdır. Həmin qrupa o, idarənin əməliyyat müvəkkilləri Şahid2 və Şahid3 daxil olmuşlar. Bundan sonra, Təqsirləndirilən şəxs Xətai rayonu, Y.Səfərov küçəsi yaxınlığında olması ilə bağlı daxil olmuş əməliyyat məlumatına əsasən, qeyd olunan istiqamətdə yola düşmüşlər. 10 mart 2022-ci il tarixdə, saat 11:20-də Xətai rayonu, Y.Səfərov küçəsi 45 ünvanının qarşısında olduqları zaman, xarici görünüşü Təqsirləndirilən şəxs bənzəyən şəxsin “Opel Astra” markalı, **-UZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin yanında dayandığını görmüşlər. Onlar həmin şəxsə yaxınlaşıb, özlərini təqdim etmişlər və ondan da özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Həmin şəxsə qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə etməsi, saxlaması, daşıması və satışı ilə məşğul olması ilə bağlı əsaslı şübhələr olduğunu izah edərək, Baş İdarəyə dəvət etmişlər. Baş İdarəyə gəldikdən sonra, təhqiqatçı Babək Haqverdiyev tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün vəkil dəvət edilmişdir. Daha sonra, Təqsirləndirilən şəxs üzərinə videoçəkilişdən istifadə olunmaqla, şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı, Təqsirləndirilən şəxs üzərində ola biləcək qanunla dövriyyəsi qadağan olan əşyaları təqdim etməsi təklif olunmuşdur. Bu təklifdən sonra, sonuncu üzərində narkotik vasitə marixuana olduğunu bildirib, əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibindən bir ədəd sellofan paketi, həmin gödəkçəsinin ciblərindən avtomobilin və mənzilin açarlarını, mobil telefonunu və əynində olan şalvarının cibindən 93 manat pulu çıxardıb, təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd sellofan paketin içərisində narkotik vasitə marixuana olduğunu qeyd etmiş, həmin paket açıldıqda, oradan on bir ədəd kağız büküm aşkar edilmiş, hər bir büküm açıldıqda isə onların içərisindən narkotik vasitə marixuana aşkar edilmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən, üzərindən qanunla qadağan olunan digər əşya və predmetlər aşkar olunmamışdır. Aşkar olunmuş narkotik vasitələr qablaşdırılıb götürülmüş, mobil telefon götürülsə də, pul və açarlar özünə qaytarılmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs avtomobildə qanunsuz əşya olmasa da, yaşadığı mənzildə narkotik vasitə marixuana gizlədib saxladığını, onları təqdim edə biləcəyini və baxışın keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Bundan sonra protokol tərtib olunmuş, protokol ucadan oxunmuş, düzgün yazıldığı üçün hər bir iştirakçı tərəfindən imzalanmışdır. Daha sonra, Təqsirləndirilən şəxs razılığı və iştirakı ilə idarə etdiyi “Opel Astra” markalı, **-UZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilməyə başlanılmışdır. Baxış zamanı avtomobildən sübut əhəmiyyəti kəsb edəcək hər hansı əşya aşkar edilməmişdir. Daha sonra, Təqsirləndirilən şəxs yaşadığı ünvana baxış keçirilməsi üçün ünvan 4sına getmişlər. Baxış zamanı, Təqsirləndirilən şəxs yaşadığı ünvanda narkotik vasitə marixuana olduğunu bildirərək, özündə olan açarla evin giriş qapısını açıb içəriyə daxil olmuş və onları evin içərisinə dəvət etmişdir. Təqsirləndirilən şəxs iştirakçıları evin yataq otağına dəvət edərək, həmin otağda yataq mebelinin alt hissəsində olan bir ədəd torbanı qonaq otağına gətirib, masanın üzərinə qoyaraq, onun içərisində narkotik vasitə marixuana olduğunu demişdir. Həmin torba açıldıqda, torbanın içərisində narkotik vasitələr, bir ədəd elektron tərəzi və Təqsirləndirilən şəxs məxsus şəxsiyyət vəsiqəsi aşkar olunmuşdur. Bundan sonra, yaşadığı ünvandan aşkar olunmuş narkotik vasitələr və elektron tərəzi qablaşdırılıb götürülmüş, şəxsiyyət vəsiqəsi də götürülmüşdür. Sorğu zamanı, Təqsirləndirilən şəxs üzərindən və yaşadığı ünvandan aşkar edilmiş narkotik vasitəni təxminən 5-6 gün əvvəl Saatlı rayonu ərazisində “Sərxan” adlı şəxsdən aldığını, şəxsi istifadəsi üçün üzərində saxlayıb gəzdirdiyini bildirmişdir. Bundan sonra baxış sona çatmış və Baş İdarəyə gəlmişlər. Baş İdarədə baxışın keçirilməsinə dair protokol tərtib olunmuş, protokol ucadan oxunmuş, düzgün yazıldığı üçün hər bir iştirakçı tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid3 Şahid1 ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmiş və onun təqsiri özünün qismən etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Belə ki, iş materiallarında olan Şəxsi axtarış və götürmə haqqında protokoldan və videogörüntüdən görünür ki, 10 mart 2022-ci il tarixdə polis əməkdaşlarının və vəkilin iştirakı ilə şübhəli şəxs - Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibindən bir ədəd sellofan paketi, əynində olan qara rəngli gödəkçəsinin sol yan cibindən bir ədəd avtomobilin və mənzilin açarını, “Samsung” markalı mobil telefonu, əynində olan şalvarının sağ arxa cibindən 93 manat pulu çıxardıb, masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd sellofan paketin içində narkotik vasitə marixuana olduğunu qeyd etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd sellofan paket iştirakçıların şahidliyi ilə açıldıqda, həmin sellofan paketin içərisində on bir ədəd kağız büküm aşkar edilmişdir. On bir ədəd kağız büküm açılarkən, bükümlərin içərisində yaşıl rəngli, spesifik qoxuya malik narkotik vasitə marixuanaya oxşar kütlə olması müşahidə edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddənin narkotik vasitə olan marixuana olduğunu, həmin maddəni 5-6 gün əvvəl Saatlı rayonu ərazisində “Sərxan” adlı şəxsdən aldığını, şəxsi istifadəsi üçün üzərində saxlayıb gəzdirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddələr zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş və zərf bütün iştirakçılar tərəfindən imzalanmışdır. İş materiallarında olan Baxış və götürmə haqqında protokoldan və videogörüntüdən görünür ki, 10 mart 2022-ci il tarixdə polis əməkdaşlarının və vəkilin iştirakı ilə şübhəli şəxs - Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 ünvanına baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs evin yataq otağından yataq mebelinin alt hissəsində olan bir ədəd narıncı rəngli torbanı təqdim edərək bildirmişdir ki, həmin torbanın içərisində narkotik vasitə marixuana vardır. Həmin torba açıldıqda, torbanın içərisində bir ədəd salfet büküm, üç ədəd şəffaf şüşə banka və bir ədəd sellofan torba, o cümlədən bir ədəd elektron tərəzi və Təqsirləndirilən şəxs məxsus şəxsiyyət vəsiqəsi aşkarlanmışdır. Bir ədəd sellofan torbaya baxış zamanı, həmin sellofan torbanın içərisində beş ədəd sellofan paket və həmin sellofan paketlərin içərisində yaşıl rəngli, spesifik qoxuya malik narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə müşahidə edildi. Bir ədəd salfet bükümün içərisində yaşıl rəngli, spesifik qoxuya malik narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə aşkar edildi. Üç ədəd şüşə bankalara baxış keçirilərkən, bankaların içərisində yaşıl rəngli, spesifik qoxuya malik narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə, o cümlədən böyük şüşə bankanın içərisində əlavə olaraq bir ədəd kibrit qutusu və həmin kibrit qutusunun içərisində yaşıl rəngli, spesifik qoxuya malik narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə aşkar edildi. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə marixuananı təxminən 5-6 gün əvvəl Saatlı rayonu ərazisində “Sərxan” adlı şəxsdən aldığını, şəxsi istifadəsi üçün üzərində saxlayıb gəzdirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs yaşadığı ünvandan aşkar edilmiş maddələr və bir ədəd elektron tərəzi qablaşdırılıb, möhürlənərək, götürülmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 11 mart 2022-ci il tarixli, 7/237 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri.... narkotik vasitə qurudulmuş marixuanaya oxşar.....” yazı və imzalar olan torbada üç ədəd şüşə bankada hər birinin ayrı-ayrılıqda, təmiz çəkisi 73,0 qr, 58,0 qr, 48,0 qr, beş ədəd şəffaf sellofanda hər birinin ayrı-ayrılıqda, təmiz çəkisi 1,610 qr, 9,330 qr, 10,930 qr, 33,430 qr, 5,250 qr, bir ədəd kibrit qutusunda, təmiz çəkisi 3,860 qr və bir ədəd salfet kəsiyi bükümündə, təmiz çəkisi 0,539 qram olmaqla, ümumi çəkisi 243,949 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Həmin zərfdə olan bir ədəd ağ rəngli elektron tərəzinin səthində narkotik vasitə olan marixuananın hissəcikləri vardır. Üzərində “şübhəli şəxs Təqsirləndirilən şəxs.... ” yazı və imzalar olan zərfdə on bir ədəd kağız kəsikləri bükümündə, hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 0,347 qr, 0,565 qr, 0,270 qr, 0,530 qr, 0,586 qr, 0,575 qr, 0,585 qr, 0,505 qr, 0,530 qr, 0,500 qr, 0,525 qram olmaqla, ümumi çəkisi 5,518 qram olan bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Təqdim edilmiş marixuanaların ümumi çəkisi 249,467 qram olub, tərkiblərinə görə eynidir. Tədqiqatdan sonra qalıq - 248,417 qramdır. İş materiallarından görünür ki, 248,417 qram narkotik vasitə - qurudulmuş marixuana və bir ədəd elektron tərəzi cinayət işi üzrə maddi sübut kimi tanınaraq, saxlanılması üçün Azərbaycan Respublikası DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlama yerinə təhvil verilmişdir. Həmçinin, şəxsi axtarış, avtomobilə və evə baxış aparılan zaman qeydə alınmış görüntüləri əks etdirən bir ədəd disk cinayət işi üzrə maddi sübut kimi tanınaraq, cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 25 aprel 2022-ci il tarixli, 2062 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabioidlərdən istifadə etmə halları olubdur. Lakin, hal-hazırda onda narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hazırda Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 10 mart 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 12 mart 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 10 mart 2022-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən verilmiş 16 aprel 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 2008 və 2017-ci il təvəllüdlü iki uşağı vardır. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu və digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin qeyd olunan maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-ci maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən şəxsin barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin təqsirləndirildiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Həmçinin, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs hazırda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə özünü təqsirli bilməsə də, barəsində həbs qətimkan tədbiri seçilməsinə dair verilmiş vəsatət və təqdimata məhkəmə iclasında baxılarkən, Təqsirləndirilən şəxs törədilmiş cinayət əməlinə görə özünü təqsirli bildiyi bildirmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən, həmin cinayətin az ağır cinayətlər sırasına aid edilməsini, Təqsirləndirilən şəxsin şəxsiyyətini nəzərə alır. Təqsirləndirilən şəxs cəza təyin edərkən məhkəmə, təqsirləndirilən şəxsin törətdiyi əməli qismən etiraf etməsini, əməlindən peşmançılıq çəkməsini və himayəsində azyaşlı uşaqların olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən olunmuşdur. İstinad edilən maddələrin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin edilən azadlıqdan məhrum etmə növündə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli onun tutulduğu tarixdən, yəni 10 mart 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə iş üzrə keçirilmiş ambulator X1 rəyinə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs yaşadığı ərazinin narkoloji dispanserində qeydə alınmalıdır. İş üzrə maddi sübut kimi tanınan və Azərbaycan Respublikası DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılan 248,417 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və bir ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınan - şəxsi axtarış, avtomobilə və evə baxış keçirilməsinin görüntüləri əks olunmuş bir ədəd disk cinayət işi üzrə icraat materiallarının saxlanma müddəti ərzində hazırki cinayət işində saxlanılmalıdır. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 88 (səksən səkkiz) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347-349, 351- 353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, 3 (üç) il 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin; onun həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəzasının əvvəli 10 mart 2022-ci il tarixdən hesablansın; barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ərazinin narkoloji dispanserində qeydə alınsın. İş üzrə maddi sübut kimi tanınan və Azərbaycan Respublikası DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılan 248,417 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və bir ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınan - şəxsi axtarış, avtomobilə və evə baxış keçirilməsinin görüntüləri əks olunmuş bir ədəd disk cinayət işi üzrə icraat materiallarının saxlanma müddəti ərzində hazırki cinayət işində saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 88 (səksən səkkiz) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Hökmdən elan olunduğu (məhkum Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən: Fərid Yaqubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar