Məhkəmə qərarları › İş №1(011)-272/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-272/2025

11.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-272/2025 11.07.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, müdafiəçi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında, xx xxxxxx 1991-ci il tarixində Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən, o, istintaqa məlum olmayan şəxsdən və vaxtda satış məqsədi olmadan qanunsuz olaraq, 01 ədəd bükümdə xeyli miqdarda təmiz çəkisi 0,432 qram küstar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlayaraq daşımış və 18 fevral 2025-ci il tarixdə saat 16:47-də Xətai RPİ-nin 37-ci PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində ünvan 2 ünvanının qarşısında saxlanılıb videoçəkilişlə ilə şəxsi axtarış və götürmə zamanı əynindəki göy rəngli cins şalvarın sol yan cibindən bir ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 0,432 qram olan boz rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, o, narkotik vasitələrin aludəçisidir. Belə ki, xx.xx.2025-ci il tarixdə səhər saatlarında Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsində səhər saat təqribən 15 radələrində əvvəllər bir neçə dəfə narkotik vasitə aldığı adını və anket məlumatlarını bilmədiyi şəxslə rastlamışdır. Həmin şəxsə verdiyi 15 manat pulun müqabilində anket məlumatlarını bilmədiyi şəxsdən 01 bükümdə narkotik vasitə olan heroin alaraq əynimdə olan göy rəngli cins şalvarın sol yan cibinə oradan uzaqlaşmışdır. NZS qəsəbəsi, Marat Əmirxanov küçəsi tərəfdə olan zaman heroini istifadə etməyə kənar yer axtaran zaman mülki geyimli şəxslər ona yaxınlaşaraq özlərini polis əməkdaşları kimi təqdim etmiş və narkotik vasitələri üzərində daşımaqda şübhəli olduğunu demişlər. Polis əməkdaşları ona şübhəli şəxs kimi hüquqlarımı izah etmiş və könüllü olaraq üzərində olan qanunsuz əşya və ya predmetləri təqdim etməini demişlər. Həmin zaman polis əməkdaşları telefonla videoçəkiliş etməyə başlamış və o əynində olan göy rəngli cins şalvarın sol yan cibindən təxminən 1-2 saat əvvəl aldığı bir ədəd şəffaf sellofan bükümü təqdim etmişdir. Həmçinin üzərində olan bir ədəd "İphone 11" markalı mobil telefonu polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşları onu saxladığı vaxt saat 16:47 idi. Təqribi 8-10 dəqiqə baxış keçirildikdən sonra polis əməkdaşları narkotik vasitələrin daşınmasında şübhəli şəxs kimi onu Xətai RPİ-nin 37-ci PŞ-nin inzibati binasına aparmışlar. Polis Şöbəsinə gəldikdən sonra xidməti otaqların birində təhqiqatçı tərəfindən hüquq və vəzifələri izah edilmiş və hüquqlarının müdafiə olunması üçün ərizəsinə əsasən dövlət hesabına vəkil təyin edilmişdir. Müdafiəçinin iştirakı ilə saxlanıldığı zaman üzərinfə olan bir ədəd şəffaf sellofan bükümdəki narkotik vasitə heroinə baxış keçirilərək götürdükdə təhqiqatçı onun nə olduğunu soruşdu və o da bükümdəkinin narkotik vasitə olduğunu, istifadə etmək üçün xx.xx.2025-ci il tarixdə günorta saatlarında NZS qəsəbəsində əvvəllər bir neçə dəfə narkotik vasitə aldığı, lakin, anket məlumatlarını bilmədiyi şəxsdən 15 manata aldığını bildirmişdir. Bükümdəki narkotik vasitəni təhqiqatçı tərəfindən elektron tərəzidə ölçdükdən sonra həmin narkotik vasitənin təxminən 0,46 qram olması müəyyən edilmişir. Həmin narkotik vasitə kağız zərfə qoyularaq möhürlənmiş və bu barədə protokol tərtib edilərək iştirakçılar və onun tərəfindən imzalanmışdır. Polis əməkdaşları tərəfindən saxlanılan zaman ona qarşı heç bir zor tətbiq edilməmişdir. Hazırda əməlindən peşmandır və barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə etimad doğuran, qərəzsiz, məlum mənbədən xx.xx.1991-ci il təvəllüdlü, Bakı şəhərində anadan olmuş, evli, orta təhsilli, fərdi əməklə məşğul olan ünvan 3 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə əldə etməsi, saxlaması və daşıması barədə məlumat daxil olmuşdur. Dərhal qeyd olunan məlumat barəsində 37-ci PŞ-nin CA üzrə əməliyyat müvəkkili Şahid1 raport yazaraq Xətai RPİ-nin 37-ci PŞ-nin rəisi, polis polkovnik-leytenantı cənab Rəhman İsmayılova məlumat vermiş, elə qeyd olunan tarixdə də əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul etmiş və həmin qərarı da şöbə rəisi təsdiq edərək əməliyyat qrupunun yaradılması barədə əmr vermişdir. Əmrə əsasən qrup rəhbəri 37-ci PŞ-nin CA üzrə əməliyyat müvəkkili Şahid1 olmuş, qrupun üzvləri isə o və sahə inspektoru, polis leytenantı X4 olmuşdur. Məlumat əsasında xx.xx.2025-ci il tarixdə saat 16:47-də ünvan 4 ünvanının qarşısında Təqsirləndirilən şəxs piyada hərəkətdə olan zaman tərəflərindən saxlanılmış və saxlanılan zaman paltarında, əşyalarında və ya bədənində narkotik vasitənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və ya sənədləri verilməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və baxış keçirilməsi zamanı onun əynində olan göy rəngli cins şalvarın sol yan cibindən bir ədəd ağ rəngli şəffaf sellofana bükülmüş toz şəkilli, qəhvəyi rəngdə narkotik vasitəyə bənzər maddə aşkar edilmişdir. Səddam həmin maddənin narkotik vasitə heroin olduğunu bildirmişdir. Üzərindən aşkar edilmiş İphone 11 markalı markalı mobil telefon götürülmüş, iş üçün əhəmiyyətli olmayan digər əşyalar özünə qaytarılmışdır. Təqsirləndirilən şəxs şübhəli kimi saxlanılması və üzərinə şəxsi axtarış və götürmənin aparılması videoçəkilişlə həyata keçirilmiş, video çəkilişi iş yoldaşım İlkin Axundov istifadəsində olan "İphone" markalı mobil telefonla çəkmişdir. Saxlanılan Təqsirləndirilən şəxs isə Xətai RPİ-nin 37-ci PŞ-nin inzibati binasına aparılmışdır. Əməliyyat-axtarış tədbiri zamanı götürülmüş 01 ədəd büküm, "İphone" markalı mobil telefon protokollaşdırılaraq bölmənin təhqiqatçısı, polis mayoru Elnur Abdullayevə təhvil verilmişdir. Məhkəmə iclasına gəlməmiş və ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş Şahid1 ifadəsi Şahid2 ifadəsi ilə oxşarlıq təşkil edərək, onun göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - 19 fevral 2025-ci il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilməklə istintaqı aparılmışdır; (i.v.1) - 18 fevral 2025-ci il tarixli əməliyyat-axtarış tədbirinin keçirilməsinə, şübhəli şəxsin üstünün yoxlanılmasına və baxış keçirilməsinə dair protokoldan görünür ki, üstünü yoxlama və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən külli miqdarda narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sol yan cibindən 1 (bir) ədəd ağ rənfli şəffaf sellofan bükülmüş toz şəkilli, qəhvəyi rəngdə, narkotik vasitəyə bənzər maddə aşkar olunmuşdur. Narkotik maddəyə bənzər bir ədəd kütlə Çin istehsallı üzərində heç bir yazı olmayan elektron tərəzidə çəkildi. Çəkisi 0,46 (sıfır tam yüzdə qırx altı) qram olması müəyyən edildi. Sonra həmin kütlə qablaşdırılmaqla tədbir iştirakçıları, saxlanılan şəxs və polis mayoru Şahid1 tərəfindən imzalandı və götürüldü. Daha sonra şəxsin üzəri yoxlanıldı, sonuncunun üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya predmetə rast gəlinmədi. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 1(bir) ədəd ağ rənfli şəffaf sellofan bükümdə olan maddə sonuncudan götürüldü. Təqsirləndirilən şəxs suallara cavab olaraq, üzərindən aşkar olumuş narkotik vasitələrin heroin, olmasını və saxlanılan zaman polis əməkdaşları tərəfindən ona zor tətbiq edilmədiyini bildirmişdir. Üstünü yoxlama və baxış ünvan 5 ünvanının qarşısında keçirildi. Üstünü yoxlama və baxış zamanı “İphone” markalı mobil telefonun videokamerası vasitəsi ilə Xətai RPİ-nin 37-ci PŞ-nin sahə inspektoru polis leytenantı X4 tərəfindən video çəkiliş aparıldı. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş İphone 11 markalı mobil telefonundan başqa digər əşyaları özünə qaytarıldı. Mobil telefonu gələcəkdə iş üçün əhəmiyyət kəsb etdiyindən götürülərək protokola əlavə olunmuşdur; (i.v.10-11) - İş üzrə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntüsü olan 01 ədəd CD formatlı disk maddi sübut kimi tanınmış və istintaq materiallarına əlavə edilmişdir; (i.v. 12) - 18 fevral 2025-ci il tarixli təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında qərardan görünür ki, iş üzrə əhəmiyyət kəsb etdiyindən təqdim olunan 01 ədəd zərfə və 01 DVD-yə baxış keçirilərək götürülmə aparılmışdır; (i.v. 19) - 18 fevral 2025-ci il tarixli təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında protokoldan görünür ki, təqdim olunan zərfdə qablaşdırılmış 1 ədəd sellofan bükümdə qəhvəyi rəngli, toz şəkilli “heroin”-ə bənzər maddə aşkar olundu və “Çin” istehsallı elektron tərəzidə çəkilərək çəkisinin qablaşdırma ilə birlikdə 0,46 qram olduğu müəyyən edildi sonra həmin maddə yenidən qablaşdırılıb möhürləndi, daha sonra 1 ədəd DVD-yə “HP” markalı komputerdə baxış keçirildi. DVD-də olan görüntülərdə təhqiqata təqdim olunan narkotik vasitə «heroin»-ə bənzər kütlənin aşkar olunması, Təqsirləndirilən şəxs ondan həmin maddə aşkar olunmasını bildirməsi əksini tapmışdır; (i.v. 20) - İş üzrə təqdim olunan əşyaya baxış keçirilməsinin görüntüsü olan 01 ədəd CD formatlı disk maddi sübut kimi tanınmış və istintaq materiallarına əlavə edilmişdir; (i.v. 21) - 18 fevral 2025-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 18 fevral 2025-ci il tarixdə saat 16:47-də şübhəli şəxs qismində tutulmuşdur; (i.v. 29) - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 6/780 nömrəli 19 fevral 2025-ci il tarixli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində "Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №153" dairəvi möhür əksi olan, "Təqsirləndirilən şəxs" sözləri, soyadlar və imzalar qeyd edilmiş bir ədəd zərfin içərisində bir ədəd bükümdə təmiz çəkisi 0,432 qram olan boz rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroinin təmiz çəkisi – 0,432 qram, tədqiqata sərf edildi – 0,050 qram, qalıq – 0,382 qram; (i.v. 39-43) - 19 fevral 2025-ci il tarixli telefona baxış keçirilməsi haqqında protokoldan görünür ki, baxış zamanı qara rəngli "İphone" markalı mobil telefonun kənar düyməsi sıxılaraq açılmış, telefonun "WhatsApp", sms, zənglər, fotolar bölməsinə baxıldıqda orada iş üçün əhəmiyyət kəsb edən hər hansı bir məlumat aşkar edilməmişdir; (i.v. 47-48) - Videoyazıya baxış keçirilməsi haqqında 19 fevral 2025-ci il tarixli protokoldan və məhkəmə iclasında disk üzrə videoyazı məlumatlarına baxış keçirilərkən müəyyən olunmuşdur ki, süni işıqlandırma ilə işıqlandırılmış otaq Xətai RPİ- nin 37-ci PŞ-inzibati binasında olan şöbənin təhqiqatçısı, polis mayoru Elnur Abdullayevin xidməti otağıdır. Video çəkilişin davamında əməliyyat müvəkilləri xx.xx.2025-ci il tarixdə Rəşad Rəfiyevi narkotik və psixotrop maddələrin əldə edilməsi, saxlanması və daşınmasında şübhəli şəxs qismində saxlayan zaman üzərindən aşkar edilərək götürülmüş bir ədəd ağ rəngli şəffaf sellofan bükülmüş toz şəkilli, qəhvəyi rəngdə, narkotik vasitəyə bənzər maddəni qablaşdıqları bükümü, və bir ədəd "İphone 11" markalı mobil telefonu təqdim etmişdir. Daha sonra təhqiqatçı Elnur Abdullayev şübhəli şəxs Təqsirləndirilən şəxs qanunla nəzərdə tutulmuş hüquq və vəzifələrini izah edir. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş sol yan cibindən bir ədəd ağ rəngli şəffaf sellofan bükülmüş toz şəkilli, qəhvəyi rəngdə, narkotik vasitəyə bənzər maddəyə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs əməliyyat müvəkkilləri tərəfindən saxlanılması zamanı əməliyyat-axtarış tədbirlərinin gedişatına dair qeyd alınmış video çəkilişə baxış keçirilmiş, saxlanılan şəxs ona qarşı heç bir qanunsuz fiziki və ya psixi təsirin olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sol yan cibindən bir ədəd ağ rəngli şəffaf sellofan bükülmüş toz şəkilli, qəhvəyi rəngdə, narkotik vasitəyə bənzər maddə əməliyyat müvəkilləri tərəfindən qablaşdırılaraq götürülmüş və bir ədəd "İphone 11" markalı mobil telefon təhqiqatçı tərəfindən götürülmüşdür. Qeyd olunan büküm yenidən qablaşdırılmışdır. Eyni zamanda iş üzrə şübhəli şəxs Təqsirləndirilən şəxs görüntüdən göründüyü kimi ünvan 6 ünvanın qarşısında saxlanılan zaman əynində olan əynində olan göy rəngli cins şalvarın sol yan cibindən aşkar edilərək götürülmüş bir ədəd ağ rəngli şəffaf sellofan bükülmüş toz şəkilli, qəhvəyi rəngdə, narkotik vasitəyə bənzər maddənin özünə məxsus olmasını deyərək səmimi olaraq deməsi videogörüntüdə öz əksini təsdiqini tapmışdır; (i.v. 49) - Videoyazıya baxış keçirilməsi haqqında 19 fevral 2025-ci il tarixli protokoldan və məhkəmə iclasında disk üzrə videoyazı məlumatlarına baxış keçirilərkən müəyyən olunmuşdur ki, təbii işıqlandırma şəraitində küçədə xx.xx.2025-ci il tarixdə saat 16:47-də videoya başlayan zaman Xətai RPİ-nin 37-ci PŞ-nin baş əməliyyat müvəkilli, polis mayoru Şahid2 və şöbənin əməliyyat müvəkkili, polis mayoru Şahid1 hərəkətdə olan Səddam adlı şəxsi ünvan 7 ünvanının qarşısında saxlayaraq, onun narkotik vasitələrin qanunsuz olaraq daşınmasında şübhəli olduğunu bildirərək özünü təqdim etməsini bildirmişdir. Həmin şəxs özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. şübhəli şəxs Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmişdir. Həmin şəxsin saxlanılan zaman paltarında, əşyalarında və ya bədənində narkotik vasitənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan saxlanıldığı yerdə üstünü yoxlamağa başlaşmışlar. Üstünü yoxlama və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən külli miqdarda narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sol yan cibindən bir ədəd ağ rəngli şəffaf sellofan bükülmüş toz şəkilli, qəhvəyi rəngdə, narkotik vasitəyə bənzər maddə aşkar olunmuşdur. Üzərindən başqa heç bir qadağan edilmiş predmet və ya əşya aşkar edilməmişdir. Eyni zamanda iş üzrə şübhəli şəxs Təqsirləndirilən şəxs görüntüdən göründüyü kimi üzərindən aşkar edilmiş narkotik vasitə olan heroinin ona məxsus olmasını deyərək özü könüllü surətdə səmimi olaraq təqdim etdiyi videogörüntüdə öz əksini təsdiqini tapmışdır; (i.v. 50) - 20 fevral 2025-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan olunmuşdur; (i.v. 54-55) - Şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, 03 oktyabr 2020-ci il təvəllüdlü X1 Səddam Azər oğlunun övladıdır; (i.v. 66) - Bakı şəhəri Xətai rayon məhkəməsinin 20 fevral 2025-ci il tarixli, 4(011)-87/2025 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qismində qətimkan tədbirinin seçilməsinə dair vəsatət və təqdimat təmin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində həbs qismində qətimkan tədbiri seçilmiş, təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs cinayət işi üzrə məhkəməyədək icraat zamanı həbsdə saxlama müddəti 03 (üç) ay həddində müəyyən edilmiş, həbsetmənin əvvəli 18 fevral 2025-ci il tarixdən hesablanması qərara alınmışdır; (i.v. 73-76) - Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2025-ci il tarixli tələbnaməsindən və Bakı şəhəri Qaradağ rayon məhkəməsinin 1(002)-293/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2022-ci il tarixdə Qaradağ rayon məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 11 ay 26 gün azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2023-cü il tarixdə Sabunçu rayon məhkəməsi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 01 il 03 ay 28 gün azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2023-cü il tarixdə Nizami rayon məhkəməsinin qərarı ilə vaxtından əvvəl şərti azad edilmiş və xx.xx.2024-cü il tarixdə cəzanın müddəti bitdiyi üçün idarənin qeydiyyatından çıxarılmışdır; (i.v. 96-) - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X7 xx.xx.2025-ci il tarixli 1116 nömrəli Ambulator Məcburi-Narkoloji Tibbi yoxlama rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs OPİOİDLƏRİN və psixostimulyatorların qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. VSİS-ndən alınan məlumata Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən Bakı şəhər NM-da (F11x1) diaqnozu ilə dispanser qeydiyyatdadır; (i.v.104-105) - 11 mart 2025-ci il tarixli təqsirləndirilən şəxsin köçürülməsi barədə qərardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxsnın 03 (üç) gün müddətinə saxlanıldığı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi PX-nin Bakı İstintaq Təcridxanasından Xətai RPİ-nin MSYyə köçürülmüş və qeyd olunan müddət Təqsirləndirilən şəxs Xətai RPİ-nin MSY-yə köçürüldüyü gündən hesablanmışdır; (i.v.108-109) - "xxxx" MMC tərəfindən daxil olmuş 30 aprel 2025-ci il tarixli sorğuya cavabdan görünür ki, 1 ədəd CD disk iş materiallarına əlavə edilmişdir; (i.v.114) - 06 may 2025-ci il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, baxış zamanı Təqsirləndirilən şəxsla ayrı-ayrı şəxslərə məxsus mobil telefon nömrələri arasında sms yazışması olmuş, həmin yazışmada iş üçün əhəmiyyət kəsb edən hər hansı bir məlumat aşkar edilməmişdir. Eyni zamanda iş üzrə Təqsirləndirilən şəxs sonuncu dəfə xx.xx.2025-ci il tarixdə saat 15.21.21 radələrində LBBK0167O2/LBBK0167 Bulbule/Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S. Bəhluzadə küçəsi 1/Surakhany/ (40.439xx/xx.96478) olması qeyd edilmişdir; (i.v.115-116) - 06 may 2025-ci il tarixli toplanmış sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 20 fevral 2025-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham qüvvəsində saxlanılmış və həmin tarixdə barəsində həbs qətimkan tədbirinin seçilməsi nəzərə alınmış, məhkəməkimyəvi ekspertizasının 19 fevral 2025-ci il tarixli, 6/780 saylı rəyi, məhkəmə-narkoloji ekspertizasının 26 fevral 2025-ci il tarixli, 1116 saylı rəylər, ifadələr və protokollar sübut əhəmiyyət kəsb etdiyindən, sübut növü kimi qiymətləndirilmiş və istintaq materiallarına əlavə edilmiş, iş üzrə maddi sübut əhəmiyyəti kəsb edən 01 ədəd bükümdə təmiz çəkisi 0,432 qram narkotik vasitə heroin maddi sübut hesab edilmiş və qalıq qalmış 0,382 qram heroin saxlanılması üçün Xətai RPİ-nin saxlancına verilmişdir. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə cinayət təqibinin başlanılması rədd edilmişdir. Cinayət işi üzrə əməliyyat-axtarış tədbirinin keçirilməsinə, şübhəli şəxsin üstünün yoxlanılmasına və evinə baxış keçirilməsini əks etdirən 01 ədəd CD disk və təqdim olunan əşyaya baxış keçirilməsi və götürməni əks etdirən 01 ədəd CD disk iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işi üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasuitə heroinin əsas miqdarı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-nin 6/780 saylı rəyinin nəticə hissəsində qeyd edilən 0,432 qram əsas hesab edilmişdir; (i.v.117-124) - Bakı şəhəri Xətai rayon məhkəməsinin 15 may 2025-ci il tarixli, 4(011)-255/2025 saylı qərarından görünür ki, təqdimat təmin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 15 (on beş) gün olmaqla 03 (üç) ay 15 (on beş) gün müddətinə uzadılmışdır; (i.v. 73-76) - Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 05 aprel 2023-cü il tarixli, 1(008)- 250/2023 saylı hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 09 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 1(002)- 293/2022 saylı, 29 dekabr 2022-ci il tarixli hökmü ilə təyin edilmiş 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlıqdan məhrumetmə cəzası hazırki azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanmaqla Təqsirləndirilən şəxs üzərində qəti olaraq 01 (bir) il 04 (dörd) ay müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu 02 (iki) gün müddətinin azadlıqdan məhrumetmə cəzasının 02 (iki) gün gününə bərabər tutulmaqla, onun cəzasından 02 (iki) gün çıxılaraq üzərində qəti olaraq 01 (bir) il 03 (üç) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzasının əvvəli 11 dekabr 2022-ci il tarixdən hesablanmışdır. - 01 iyul 2025-ci il tarixli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs ona məxsus İphone 11 pro markalı mobil telefonu qəbul etmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin etirafedici ifadəsi, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahının 83-cü qrafasına əsasən təmiz çəkisi 0, 432 qram olan narkotik vasitə heroin xeyli miqdar hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-ci maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən şəxsin barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin təqsirləndirildiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3cü maddəsinə əsasən, həmin cinayətin az ağır cinayətlər sırasına aid edilməsini, Təqsirləndirilən şəxs şəxsiyyətini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs təqsirini etiraf etməsini, əməlindən peşman olmasını və himayəsində azyaşlı övladının olmasını CM-nin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi məhkəmə tərəfindən onun cəzasını ağırlaşdıran hal kimi müəyyən edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyələndirən halları, törətdiyi cinayət əməlinin xarakterini, cinayətin törədilməsi hallarını, cinayətin ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin törətdiyi əmələ münasibətini nəzərə alaraq qeyd edir ki, təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddənin sanksiyasından aşağı həddə cəzanın təyin edilməsi üçün müstəsna hallar, eləcə də cəzanın şərti tətbiq edilməsi üçün əsaslar yoxdur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2013-cü il tarixli Qərarına görə cinayətlərin residivi müəyyən edildikdə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə, 83.3.2-1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə, 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə, 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə və 83.3.5-ci maddəsinə əsasən xüsusilə ağır cinayət törətməyə görə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən səkkiz il keçdikdə onların məhkumluqları ödənilmiş hesab olunur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2010-cu il tarixli Qərarına əsasən, amnistiya aktının özündə məhkumluğun götürülməsi birbaşa nəzərdə tutulduğu hallar istisna olmaqla, qalan hallarda cəzadan (cəzanın çəkilməsindən) azad edilmiş şəxs məhkum olunmuş hesab edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin “məhkum olunmuş şəxs” müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən, xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən olunmuşdur. Bu baxımdan məhkəmə qeyd edir ki, cəzanın əsas məqsədlərindən olan məhkumun islah olunması və qanunla qorunan ictimai münasibətlərin toxunulmazlığı və başqa şəxslərin qanunla qorunan hüquqlarına hörmət hissinin formalaşdırılması baxımından Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə həmin maddənin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəzasının təyin edilməsi qanuni və ədalətlidir, həm də cəzanın məqsədinə uyğundur. Eyni zamanda məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, onun 18 fevral 2025-ci il tarixdən həbsdə saxlanıldığı müddəti nəzərə alır. Belə ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət; ev dustaqlığında saxlanıldığı müddət; məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət; Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmasını, şəxsiyyətini səciyyələndirən digər halları nəzərə, cəzanın əsas məqsədlərindən olan məhkumun islah olunması və qanunla qorunan ictimai münasibətlərin toxunulmazlığı və başqa şəxslərin qanunla qorunan hüquqlarına hörmət hissinin formalaşdırılması baxımından alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. İşin yuxarıda qeyd edilən hallarına görə həmin maddə ilə nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının məhkuma tətbiq edilməsi cəzanın məqsədlərinə nail olmaq üçün yetərli deyildir. İstinad edilən maddənin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin edilən azadlıqdan məhrum etmə növündə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli onun tutulduğu vaxtdan, yəni 18 fevral 2025-ci il tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə iş üzrə keçirilmiş ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyinə qiymət verərək hesab edir ki, o, yaşadığı ərazinin narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan və Bakı şəhəri Xətai Rayon Polis İdarəsində saxlanılan ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalan 0,382 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan - şəxsi axtarış və götürmə keçirilməsinin görüntüləri əks olunmuş üç ədəd disk cinayət işi üzrə icraat materiallarının saxlanma müddəti ərzində hazırkı cinayət işində saxlanılmalıdır. Təqsirləndirilən şəxs məxsus mobil telefonunun sahibinə qaytarılması nəzərə alınmalıdır. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 65 (altmış beş) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 30 (otuz) iş saatına görə 330 (üç yüz otuz) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabına ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, onun müdafiəçisinin cinayət prosesində iştirakı dövlət büdcəsi vəsaiti hesabına təmin edilir, həmin Məcəllənin 193.5-ci maddəsinə görə hüquqi yardıma görə hər iş saatı üçün ödənişin məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir, müdafiəçinin təqdim etdiyi hesabat əsasında hesablanır və vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarı ilə müdafiəçiyə hər iş saatı üçün ödənilən haqqın məbləği 11 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347-349, 351- 353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, 01 (bir) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin; onun həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəzasının əvvəli 18 fevral 2025-ci il tarixdən hesablansın; barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ərazinin narkoloji dispanserində qeydiyyatda olması nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınan və Bakı şəhəri Xətai Rayon Polis İdarəsində saxlanılan 0,382 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınan – üç ədəd disk cinayət işi üzrə icraat materiallarının saxlanma müddəti ərzində hazırki cinayət işində saxlanılsın. Təqsirləndirilən şəxs məxsus mobil telefonunun sahibinə qaytarılması nəzərə alınsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 65 (altmış beş) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında göstərdiyi cəmi 30 (otuz) saat hüquqi yardıma görə Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 330 (üç yüz otuz) manat ödənilsin. Hökmdən elan olunduğu (məhkum Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rəfail Sadıxov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar