Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-273/2024 20.06.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi, Dövlət ittihamçısı Baş prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1979-cu ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Xətai rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 03 il 06 ay müddətində azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2023-cü il tarixdə cəzasının sonu ilə azad olunmuş və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İbtidai istintaq orqanı ********* saylı cinayət işi üzrə müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda 01 ədəd sellofan bükümdə təmiz çəkisi 0,846 qram olan psixotrop maddə metamfetamin əldə edib üzərində saxlamaqla daşımış, onun qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə Xətai RPİ-nin 36-cı PŞ-yə daxil olmuş əməliyyat məlumatı əsasında həmin şöbənin əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri zamanı o, 16 yanvar 2024-cü il tarixdə saat 11:30-da ünvan 2 ünvanın yaxınlığında saxlanılıb ünvan 3Pİ-nin 36-cı PŞ-nə gətirilərək videoçəkilişlə müdafiəçinin iştirakı ilə şəxsi-axtarış və götürmə zamanı əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd sellofan bükümdə təmiz çəkisi 0,846 qram ağ rəngli kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bundan başqa o, qanunsuz olaraq 03 ədəd zavod üsulu ilə istehsal olunmuş döyüş sursatı olan F-1 əl qumbarasının gövdəsi və 03 ədəd “UZRQM” tipli əl qumbarasının alışdırıcısını əldə edib üzərində saxlamaqla daşıyaraq gəzdirmiş, Xətai RPİ-ni CAŞ- nın əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində 25 yanvar 2024-cü il tarixdə saat 14:50-də ünvan 5 ünvanının yaxınlığında hərəkətdə olarkən saxlanılıb ünvan 6a yerləşən 35-ci PB-nə gətirilərək videoçəkilişlə müdafiəçinin iştirakı ilə şəxsi axtarış və götürmə zamanı sol əlində olan göy, qırmızı rəngli sellofan torbada döyüş sursatı olan 03 ədəd əşya zavod üsulu ilə istehsal olunmuş, müdafiə təyinatlı F-1 əl qumbarasının gövdəsi, natamam döyüş sursatı, 03 ədəd əşya " UZQRM" tipli partlayıcı, F-1, RQD-5, RQ-42 əl qumbaralarının partlayıcısı, həmin 03 ədəd əl qumbarasının gövdəsi və həmin 03 ədəd "URQM" tipli partlayıcısı ilə birlikdə zavod üsulu ilə istehsal olunmuş döyüş sursatı MDB dövlətlərinin hərbi qüvvələrində istifadə olunan, tamlığının pozulmadığı üçün təyinatı üzrə istifadəyə yararlı vəziyyətdə aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 228.1 və 234.1 -ci maddələri ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, uzun müddətdir ki, müxtəlif növ narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə edir. xx.xx.2024-cü il tarixdə saat 19:10 radələrində Bakı şəhəri, “Kubinka” adlanan ərazidə tək olduğu zaman heç bir anket məlumatlarını bilmədiyi, yalnız üzdən tanıdığı şəxslə görüşərək sonuncudan 60 (altmış) manat pul müqabilində şəxsi istifadəsi üçün “şüşə” adı ilə tanıdığı 01 (bir) ədəd şəffaf rəngli sellofana bükülmüş bükümdə olan psixotrop maddə metamfetamin almışdır. xx.xx.2024-cü il tarixdə saat 11:30-da ünvan 2 ünvanın yaxınlığında olduğu zaman 2 nəfər polis əməkdaşı ona yaxınlaşıb özlərini təqdim edərək onu Xətai RPİ-nin 36-cı polis şöbəsinə dəvət etmişlər. O da polis əməkdaşları ilə 36-cı PŞ-nə getmişdir. Şöbədə ona hüquq və vəzifələri izah olunduqdan sonra dövlət hesabına müdafiəçi dəvət etmişlər. Polis şöbəsində xidməti otaqların birində polis əməkdaşları və vəkilin iştirakı ilə video çəkilişlə üzərində şəxsi axtarış aparılan zaman əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən şəffaf rəngli sellofan kəsiyinə bükülmüş 01 (bir) ədəd bükümdə olan psixotrop maddə metamfetamini təqdim etmiş və həmin psixotrop maddəni anket məlumatlarını bilmədiyi, üzdən tanıdığı şəxsdən 60 (altmış) manat pul müqabilində öz şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Daha sonra təqdim etdiyi büküm bir ədəd zərfə qoyulmuş, həmin zərf özü də daxil olmaqla iştirakçılar tərəfindən üzərində imzalar çəkilmiş və möhürlənmişdir.Bu fakt üzrə iki gün həbsdə qaldıqdan sonra barəsində başqa yerə getməmək haqqında iltizam alınmış və azadlığa buraxılmışdır. Daha sonra xx.xx.2024-cü il tarixdə ünvan 7 ünvanının yaxınlığında olan zaman tapdığı 3-ədəd əl qumbarası və 3 ədəd yandırıcını göy və qırmızı sellofan bükülmüş vəziyyətdə üzərində daşıyarkən həmin ərazinin yaxınlığında polis əməkdaşları ona yaxınlaşıb özünü təqdim etməyini tələb etmişlər. O, özünü təqdim etdikdən sonra əlində olan sellofanın içərisində nə olduğunu soruşmuşlar. Döyüş sursatlarını polisə təqdim edərək tapdığını bildirmişdir. Əməkdaşlar onu Xətai RPİ-nin 35-ci Polis Bölməsinə dəvət etmişlər. Polis əməkdaşları ilə birlikdə 35-ci PB-nə getmiş və orada xidməti otaqların birində polis əməkdaşları ona təqdim edilmiş müdafiəçinin iştirakı ilə üzərində şəxsi axtarış keçirilmişdir. İştirakçıların iştirakı ilə əlində daşıdığı göy-qırmızı rəngli sellofana bükülmüş 3 ədəd əl qumbarasını və hissələrinə baxış keçirilmişdir. Ondan aşkar edilmiş qumbara ehtiyat hissələri ilə birlikdə iştirakçıların iştirakı ilə zərfə qoyulub möhürlənmiş, bu barədə protokol tərtib olunaraq, iştirakçıların iştirakı ilə zərf və protokol imzalanmışdır. O, qeyd edilən 3 ədəd əl qumbarasını Bakı şəhəri, Xətai rayonu İ.İsmayılov küçəsində tapmış, maraq kəsb etdiyi üçün özündə saxlamışdır. Daha sonra son sözündə əməlindən peşman olmasını, bir daha belə səhvlərə yol verməyəcəyini nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlləri onun özünün etirafı ilə yanaşı şahid ifadələri, şəxsi axtarış və diskə baxış protokolları, məhkəmə-narkoloji, məhkəməpsixiatrik, məhkəmə-ballistik və məhkəmə-kimyəvi ekspertizalarının rəyləri, maddi sübutlar, habelə digər sənədlərlə sübuta yetirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, Xətai RPİ-nin Cinayət Axtarış Şöbəsinin baş əməliyyat müvəkkili vəzifəsində işləyir və polis baş leytenantıdır. 25 yanvar 2024-cü il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq döyüş sursatı əldə etməsi barədə daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə tərəfindən əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuşdur. Ondan və Xətai RPİ-nin CAŞ-nin kiçik inspektoru, polis kiçik serjantı Şahid2 ibarət əməliyyat qrupu təşkil olunmuşdur. O və Mövsüm birlikdə məlumat əsasında xx.xx.2024cü il tarixdə saat 14:50-də Bakı şəhəri, Xətai rayonu, İ.İsmayılov küçəsi ünvanının qarşısına getmişlər. Həmin vaxt onlar xarici görkəm əlamətlərinə görə Aminin əlamətləri ilə üst-üstə düşən bir nəfər şəxsin orada olmasını, onları görən kimi özünü şübhəli aparıb əlində olan göy və qırmızı rəngli sellofan paketi gizlətməyə çalışdığını görmüşlər. Buna görə də həmin şəxsə yaxınlaşıb xidməti vəsiqələrini göstərib özlərini təqdim etmişlər və həmin şəxsdən də özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs özünü xx.xx.1979-cu ildə Bakı şəhərində anadan olmuş, ünvan 8 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Onlar Aminə əlində olan və onları görən kimi gizlətməyə çalışdığı göy və qırmızı rəngli sellofan paketin içərisində nə olduğunu soruşmuşlar. Amin də sellofan torbanın içərisində döyüş sursatı olan qumbara olduğunu bildirmiş və onlar Aminə təhlükəsizlik qaydalarına əsasən döyüş sursatını təqdim etməsini bildirmişlər. Amin də əlində olan göy və qırmızı rəngli sellofan paketi içərisində olan döyüş sursatı ilə birlikdə onlara təqdim etmiş və onlar Amini saxlayaraq Xətai RPİ-nin 35-ci PBnə dəvət etmişlər. Amin də buna etiraz etmədikdən sonra PB-nə apararaq barəsində araşdırma aparılması üçün silahla birlikdə təhqiqatçı Uğur Məmmədova təhvil vermişlər. Uğur Məmmədov da Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etməsi üçün vəkil dəvət edərək həmin vəkilin iştirakı ilə şübhəli şəxs qismində tutmaqla hüquq və vəzifələrini izah etmişdir. Bundan sonra onların və müdafiəçinin iştirakı ilə video çəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməyə başlanmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs təhlükəsizlik qaydalarına uyğun olaraq saxlanılan zaman sonuncudan götürülmüş 01 ədəd göy və qırmızı rəngli sellofan torbanın içərisindən döyüş sursatı olan 03 ədəd F-1 tipli əl qumbarasını və 03 ədəd qumbaraya məxsus partlayıcını çıxarıb təqdim edərək, həmin döyüş sursatını xx.xx.2024-cü il tarixdə ünvan 9 ünvanının yaxınlığından yerdən tapdığını bildirmişdir. Sonra Aminin üzərinə şəxsi axtarış keçirilmiş və axtarış zamanı üzərindən başqa heç bir qanunsuz maddə və ya əşya aşkar olunmamışdır. Bundan sonra axtarış iştirakçılarının iştirakı ilə Aminin üzərindən aşkar olunmuş döyüş sursatları qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Bu barədə protokol tərtib olunmuş, iştirakçılara ucadan oxunmuş, iştirakçılar və Amin tərəfindən həmin protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, Xətai RPİ-nin 36-cı PŞ-nin cinayət axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində işləyir və polis leytenantıdır. 16 yanvar 2024-cü il tarixdə Təqsirləndirilən şəxs Bakı şəhəri, Xətai rayonu ərazisində narkotik qanunsuz qəbul etməsi və üzərində saxlaması barədə daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə tərəfindən əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuşdur. Ondan və Xətai RPİ-nin 36-cı PŞ-nin sahə inspektoru Şahid4 ibarət əməliyyat qrupu təşkil olunmuşdur. O və Elnur birlikdə məlumat əsasında həmin gün saat 11:30 radələrində ünvan 10 ünvanının qarşısına getmişlər. Həmin vaxt onlar xarici görkəm əlamətlərinə görə Aminin əlamətləri ilə üst-üstə düşən bir nəfər şəxsin orada olmasını, həmin şəxsin özünü şübhəli apardığını görüb, həmin şəxsə yaxınlaşıb xidməti vəsiqələrini göstərib özlərini təqdim etmişlər və həmin şəxsdən də özünü təqdim etmələrini xahiş etmişlər. Həmin şəxs özünü xx.xx.1979-cu ildə Bakı şəhərində anadan olmuş, ünvan 8 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Aminə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduqlarını bildirib sonuncunu saxlayaraq Xətai RPİ-nin 36-cı PŞ-nə dəvət etmişlər. Amin də buna etiraz etmədikdən sonra PŞ-nə apararaq barəsində araşdırma aparılması üçün təhqiqatçı Rəşad Babayevə təhvil vermişlər. Rəşad Babayev də Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etməsi üçün vəkil dəvət edərək həmin vəkilin iştirakı ilə şübhəli şəxs qismində tutmaqla hüquq və vəzifələrini izah etmişdir. Bundan sonra onların və müdafiəçinin iştirakı ilə video çəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməyə başlanmışdır. Şəxsi axtarış keçirməmişdən əvvəl Təqsirləndirilən şəxs üzərində qeyri qanuni maddə və ya əşya varsa çıxarıb təqdim etməsi təklif edilmişdir. Amin də əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd sellofan bükümü çıxarıb masanın üzərinə qoyaraq həmin sellofan bükümün içərisində olan maddənin psixotrop maddə metamfetamin olduğunu, həmin maddəni Bakı şəhəri “Kubinka” adlanan yerdə tanımadığı şxəsdən 60 manata şəxsi istifadə məqsədi ilə əldə etdiyini bildirmişdir. Sonra Aminin üzərinə şəxsi axtarış keçirilmiş və axtarış zamanı üzərindən başqa heç bir qanunsuz maddə və ya əşya aşkar olunmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlə qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxsin səmimi etirafı nəzərə alınaraq iştirakı təmin edilməsi mümkün olmayan şahidlər Şahid4 və Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilərək tədqiq edilmişdir. Şahid4 ifadəsi məhkəmədə şahid qismində dindirilmiş Xətai RPİ-nin Cinayət Axtarış Şöbəsinin baş əməliyyat müvəkkili Şahid1, Şahid2 ifadəsi isə Xətai RPİ-nin 36-cı PŞ-nin cinayət axtarış üzrə əməliyyat müvəkkili Şahid3 ifadəsinə oxşar məzmunlu olmuş və cinayət işinin yuxarıda göstərilən xüsusatlarını bir daha təsdiq etmişdir. İfadələr arasında heç bir ziddiyyət müəyyən edilməmişdir. İş materiallarında olan 16 yanvar 2024-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs Xətai RPİ-nin inzibati binasına gətirilmiş, polis idarəsində müdafiəçinin iştirakı ilə videoçəkilişlə şəxsi axtarış və götürmə keçirilən zaman əynində olan cins şalvarın sağ yan cibindən 01 ədəd sellofana bükülmüş bükülünü təqdim etmiş, onun “şüşə” olmasını bildirmiş, Bakı şəhəri “Kubinka” deyilən ərazidə tanımadığı şəxsdən 60 manat müqabilində şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Aşkar edilmiş həmin maddə möhürlənərək götürülmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 16 yanvar 2024-cü il tarixli 6/262 №-li rəyindən məlum olur ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN “Zərflər üçün № 151” möhür əksi və "...Təqsirləndirilən şəxs...” və s. soyadlar, imzalar olan 01 (bir) ədəd kağız zərfdə 01 (bir) ədəd bükümdə təmiz çəkisi - 0,846 qram olan ağ rəngli kristal şəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. (Tədqiqatdan sonra qalıq 0.796 qram). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzin Ambulator X1 27 mart 2024-cü il tarixli, 1912 nömrəli rəyindən aydın olur ki, müayinə zamanı Təqsirləndirilən şəxs Opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı var. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının 30 mart 2024cü il tarixli 829 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunur və onun hərəkəti Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. İş materiallarında olan xx.xx.2024-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, Xətai RPİ-nin 35-ci Polis Bölməsində müdafiəçinin iştirakı ilə videoçəkilişlə şəxsi axtarış və götürmə keçirilən zaman əlində olan göy və qırmızı rəngli sellofan torbanın içərisində 03 ədəd F-1 tipli əl qumbarası və 03 ədəd qumbaralarının alışqanı aşkar edilərək götürülmüş, Təqsirləndirilən şəxs onları xx.xx.2024-cü il tarixdə Xətai rayonu, İ.İsmayılov küçəsi 32 ünvanından tapdığını bildirmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin xx.xx.2024-cü il tarixli 24/196 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 03 ədəd əşya zavod üsulu ilə istehsal olunmuş, müdafiə təyinatlı F-1 tipli əl qumbarasının gövdəsidir, natamam döyüş sursatıdır. Digər 03 ədəd əşya «UZRQM» tipli partlayıcıdır, F-1, RQD-5, RQ-42 əl qumbralarının partlayıcısıdır. Həmin 03 ədəd əl qumbarasının gövdəsi və 03 ədəd «UZRQM» tipli partlayıcısı ilə birlikdə zavod üsulu ilə istehsal olunmuş döyüş sursatıdır, MDB dövlətlərinin hərbi qüvvələrində istifadə olunur, tamlığının pozulmadığı üçün təyinatı üzrə istifadəyə yararlıdır. İş materiallarında olan 18 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ittiham elan edilmişdir. İş materiallarında olan 27 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə ittiham elan edilmişdir. İş materiallarında olan 08 fevral 2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə istintaq edilən ********* saylı cinayət işi Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə istintaq edilən ********* saylı cinayət işinə birləşdirilmiş və iş üzrə əməl Azərbaycan Respublikası CM-nin 228.1 və 234.1-ci maddələrinə tövsif edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən və iş materiallarına əlavə edilmiş hökmdən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə təqsirli bilinərək 03 il 06 ay müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və xx.xx.2023-cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 16 yanvar 2024-cü il tarixdə tutulmuşdur. İş materiallarında olan Xətai RPİ İstintaq şöbəsinin müstəntiqi Rafiq Ağəliyevin 18 yanvar 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs MSY dən azad edilmiş və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 25 yanvar 2024-cü il tarixdə yenidən tutulmuşdur. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbsin əvvəli 25 yanvar 2024-cü il tarixdən hesablanmışdır. İş materiallarında olan 30 mart 2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan məlum olur ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 01 ədəd bükümdə ilkin təmiz çəkisi 0,846 qram olan psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,796 qram çəkidə psixotrop maddə metamfetamin saxlanış üçün Xətai RPİ-nin saxlanc anbarına təhvil verilmişdir. Təqsirləndirilən şəxs aşkar olunmuş 03 ədəd əşya zavod üsulu ilə istehsal olunmuş, müdafiə təyinatlı F-1 tipli əl qumbarası və 03 ədəd F-1, RQD-5, RQ-42 əl qumbaraların partlayıcısı olan «UZRQM» tipli partlayıcısı maddi sübut kimi tanınmış və saxlanış üçün Xətai RPİ-nin saxlanc anbarına təhvil verilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman çəkilmiş görüntüləri əks etdirən 2 ədəd disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutlaran məcmusu ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 234.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməsi, onun özünün etirafı, şahidlərin ifadələri, iş üzrə keçirilmiş ekspertiza rəyləri və digər iş materiallara ilə tamamilə sübuta yetirilmişdir. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci və 234.1-ci maddələri ilə tövsif edilmiş və o, həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin residivini, xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun səmimi etirafını, əməlindən peşman olmasını cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən əvvəllər məhkum olunmuş Təqsirləndirilən şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Məhkəmə, cinayətin residivini Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal hesab edir. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə uyğun olaraq, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. Azərbaycan Respublikasının CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə cəzanın növünü və həddini təyin edərkən CM-nin yuxarıdakı tələblərinə əməl edərək cinayətin residivini, xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini nəzərə alır. Bununla bağlı məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cinayətlərin residivi zamanı azadlıqdan məhrum etmə cəzası ciddi rejimli cəzaçəkmə müəssissələrində çəkilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs residiv nəzərə alınmaqla təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci və 234.1-ci maddələrinin sanksiyalarında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə, Təqsirləndirilən şəxs üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 02 (iki) gün saxlandığı müddət nəzərə alınmaqla ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində qəti cəzası saxlanılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə ambulator X1 rəyi ilə müalicəyə ehtiyacı olduğunu nəzərə alaraq Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunmasını, həmçinin onun ərazi narkoloji dispanserdə qeydiyyatda alınmasını məqsədəmüvafiq sayır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.0.1-ci maddəsinə əsasən məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Məhkəmə hesab edir ki, Bakı şəhəri Xətai rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan iş üzrə maddi sübut olan tədqiqatdan sonra qalıq qalan 0.796 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Maddi sübut kimi tanınmış 03 ədəd əşya zavod üsulu ilə istehsal olunmuş, müdafiə təyinatlı F1 tipli əl qumbarası və 03 ədəd F-1, RQD-5, RQ-42 əl qumbaraların partlayıcısı olan «UZRQM» tipli partlayıcısı hökm qanuni qüvvəyə mindikdən sonra dövlət nəfinə müsadirə edilərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin silah sursat saxlancına təhvil verilməlidir. Maddi sübut kimi tanınmış 2 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə hesab edir ki, ekspertiza tədqiqatının dəyəri – 110 (yüz on) manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. Cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 234.1ci maddələri ilə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs kimi saxlandığı 02 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 25 yanvar 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut 0.796 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, Maddi sübut kimi tanınmış 03 ədəd əşya zavod üsulu ilə istehsal olunmuş, müdafiə təyinatlı F-1 tipli əl qumbarası və 03 ədəd F-1, RQD-5, RQ-42 əl qumbraların partlayıcısı olan «UZRQM» tipli partlayıcısı hökm qanuni qüvvəyə mindikdən sonra dövlət nəfinə müsadirə edilərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin silah sursat saxlancına təhvil verilsin. Maddi sübut kimi tanınmış 2 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə xərci ekspertiza tədqiqatının dəyəri 110 (yüz on) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Bəxtiyar Məmmədov
Məhkəmə qərarları › İş №1(011)-273/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-273/2024
20.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver