Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-274/2022 23.06.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Yaqubov Fərid Murtuza oğlunun sədrliyi, İskəndərova Əlvanə İlham qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, müdafiəçi - Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında, xx xxxxxxx 1995-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 31 avqust 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Salyan Rayon Məhkəməsinin 11 iyun 2021-ci il tarixli qərarı ilə vaxtından əvvəl şərti azad olunmuş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilərək, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən, o, istintaqa məlum olmayan mənbədən, satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda, təmiz çəkisi 0,171 qram narkotik vasitə heroin əldə edib, üzərində saxlamaqla daşımış və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında, Xətai RPİ-nin 34-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində 07 aprel 2022-ci il tarixdə, saat 14 radələrində Bakı şəhəri, Xətai rayonu, 3-cü Qəsəbə küçəsi yaxınlığında saxlanılıb, ünvan 3İ-nin 34-cü Polis Şöbəsinin inzibati binasına gətirilərək, orada videoçəkilişdən istifadə edilməklə üzərində şəxsi axtarış və götürmə aparılan zaman, əynində olan tünd göy rəngli şalvarının sağ yan cibindən bir ədəd qızılı rəngli siqaret kağızına bükülmüş, təmiz çəkisi 0,171 qram qəhvəyi rəngli, tozşəkilli maddə - kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən, satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda, təmiz çəkisi 0,277 qram narkotik vasitə heroin əldə edib, üzərində saxlamaqla daşımış və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında, Xətai RPİ-nin 34cü Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində 26 aprel 2022-ci il tarixdə, saat 14:00-da Bakı şəhəri, Xətai rayonu, 3-cü Qəsəbə küçəsi, ev 3 ünvanının qarşısında saxlanılıb, ünvan 3İ-nin 34-cü Polis Şöbəsinin inzibati binasına gətirilərək, orada videoçəkilişdən istifadə edilməklə üzərində şəxsi axtarış və götürmə aparılan zaman, əynində olan tünd göy rəngli şalvarın sağ cibindən, bir ədəd qızılı rəngli siqaret kağızına bükülmüş, təmiz çəkisi 0,277 qram qəhvəyi rəngli, tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, o, bir neçə ildir ki, narkotik vasitədən istifadə edir. Narkotik vasitəni Bakı şəhərində tanımadığı şəxslərdən pul müqabilində alırmış. 07 aprel 2022-ci il tarixdə, səhər saat 11 radələrində “Neftçilər” metrostansiyasının yaxınlığında olarkən, üzdən tanıdığı, lakin adını bilmədiyi bir nəfər şəxsdən 10 manata bir büküm narkotik maddə olan heroin almış və həmin narkotik maddəni üzərində saxlamışdır. Həmin gün yaşadığı evə gəlmiş və saat 14 radələrində yaşadığı Xətai rayonu, 3-cü Qəsəbə küçəsi 3 ünvanında yerləşən mənzildən çıxıb mağazaya getmişdir. Yaşadığı binanın yaxınlığında iki nəfər şəxs yaxınlaşaraq, özlərini təqdim edib, polis əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları onun narkotik vasitədən istifadə edib-etməməyini soruşduqda, yalan danışmağın bir əhəmiyyət verməyəcəyini başa düşüb, narkotik vasitə istifadəçisi olduğunu demişdir. Bundan sonra polis əməkdaşları polis şöbəsinə vəkil dəvət etmişlər və videoçəkilişdən istifadə etməklə, üzərində axtarış keçirilmişdir. İlk əvvəl ona üzərində olan əşyaları təqdim etməsi təklif olunmuş və o, əynindəki şalvarın cibindən bir ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş tozşəkilli narkotik vasitə olan heroini çıxardıb təqdim etmişdir. Polis əməkdaşları həmin narkotik vasitəni haradan və kimdən almasını soruşduqda, həmin narkotik vasitə olan heroini “Neftçilər” metrostansiyasının yanından tanımadığı şəxsdən əldə etdiyini bildirmişdir. Sonra isə, axtarış keçirilməsi barədə protokol tərtib olunmuş, üzərindən aşkar edilmiş maddə bir ədəd kağız zərfdə qablaşdırılıb, möhürlənərək götürülmüşdür. Bundan başqa, 26 aprel 2022-ci il tarixdə, səhər saatlarında Əhmədli qəsəbəsinə getmişdir. Əhmədli qəsəbəsində dalanda tanımadığı bir nəfər şəxs ilə rastlaşmışdır. Söhbət zamanı məlum olmuşdur ki, həmin şəxs narkotik vasitə satır. Həmin şəxsə 15 manat pul verərək, ondan bir ədəd qızılı rəngli siqaret kağız bükümü almışdır. Bükümü açaraq içərisinə baxmış və içərisində narkotik vasitə heroin olmasını aşkar etmişdir. Bundan sonra, işlərini həll edib yaşadığı evə getmək istəmişdir. Narkotik vasitəni də əynində olan şalvarın cibində olmuşdur. Saat təxminən 14 radələrində iki nəfər şəxs yaxınlaşıb xidməti vəsiqələrini göstərib, Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinin əməkdaşları olmasını bildirmişlər. O, özünü təqdim etdikdən sonra, onun narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olmağını bildirib, Xətai RPİ-nin 34-cü Polis Şöbəsinə dəvət etmişlər. Polis şöbəsində dəvət edilmiş vəkilin və polis əməkdaşlarının iştirakı ilə, videoçəkilişdən istifadə olunmaqla, üzərində şəxsi axtarış aparılmışdır. Həmin vaxt o, əynində olan şalvarın cibindən bir ədəd qızılı rəngli siqaret kağızına bükülmüş narkotik vasitə heroini və bir ədəd alışqanı çıxarıb təqdim etmişdir. Üzərindən aşkar edilmiş narkotik vasitə polis əməkdaşı tərəfindən zərfə qoyularaq qablaşdırılmış və möhürlənmişdir. Hazırda törətdiyi əməldən səmimi peşmançılıq çəkdiyini bildirərək, ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Bakı şəhəri Xətai RPİ-nin 34-cü Polis Şöbəsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. 07 aprel 2022-ci il tarixdə şöbəyə “Elvin” adlı şəxsin narkotik vasitələrin saxlanılması və qəbulu ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin şəxsin ifşa edilməsi məqsədi ilə ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmişdir. Bundan sonra əməliyyat qrupu yaradılmış, həmin qrupun rəhbəri o, üzvü isə şöbənin əməliyyat müvəkkili Şahid4 təyin olunmuşdur. “Elvin” ətrafında tədbirlər keçirilməyə başlanılmış və həmin gün Şahid4 ilə Xətai rayonu, 3-cü Qəsəbə küçəsinə getmişlər. Saat 14:00-da kənardan bir nəfər şəxsin özünü şübhəli aparmasını seyr etmişlər və sonuncunu əlamətlərinə görə “Elvin” adlı şəxsə oxşatmışlar. 3-cü Qəsəbə küçəsinin yaxınlığında həmin şəxsə yaxınlaşıb saxlamışlar. Həmin şəxsə xidməti vəqisələrini göstərib, özlərini təqdim etmişlər və ondan özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Həmin şəxsə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olmasını bildirib, Xətai RPİ-nin 34-cü Polis Şöbəsinə dəvət etmişlər. Sonuncu da heç bir etiraz etməyərək razılaşmışdır. Bundan sonra, dəvət edilmiş vəkilin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə, onun üzərində şəxsi axtarış aparılmağa başlanılmışdır. Axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunsuz hər hansı bir əşyanın olub-olmaması barədə sual verilmiş və olduğu halda, təqdim etməsi təklif olunmuşdur. Bu zaman, Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli şalvarın sağ cibindən bir ədəd qızılı rəngli kağız bükümü çıxarıb təqdim etmişdir. Həmin büküm açılaraq içərisinə baxış keçirilmiş və içərisində qəhvəyi rəngli spesfik iyə malik maddə olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs həmin maddənin nə olması və haradan əldə etməsi barədə sual verilmiş, o da həmin maddənin narkotik vasitə heroin olmasını və tanımadığı şəxsdən şəxsi istifadəsi üçün almasını bildirmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs üzərindən qanunsuz əşya aşkar edilməmişdir. Aşkar edilmiş maddə kağız zərfə qoyularaq qablaşdırılmış, üzərində qeydlər aparılaraq, möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra protokol tərtib edilmiş, protokol ucadan oxunmuş, məzmununa dair ərizə və şikayət daxil olmamış, iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Xətai RPİ-nin 34-cü Polis Şöbəsinin əməliyyat müvəkkili Şahid4 Şahid3 ilə oxşar məzmunlu ifadə vermişdir. İş üzrə şahidlər Şahid1 və Şahid2 məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 317.1-ci maddəsinə əsasən, qeyd olunan şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş Şahid1 göstərmişdir ki, Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinin Cinayət Axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində işləyir. 26 aprel 2022-ci il tarixdə işlədiyi polis şöbəsinə “Elvin” adlı şəxsin narkotik vasitələrin saxlanılması və qəbulu ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatın yoxlanılması və “Elvin” adlı şəxsin ətrafında əməliyyat tədbirlərinin keçirilməsi barədə şöbə rəisinə raportla məruzə etmişdir. Rəis tərəfindən həmin məlumatın qanuna uyğun formada yoxlanılmasına icazə verilmişdir. “Elvin” adlı şəxsin qanunsuz olaraq narkotik vasitə saxlamasına görə və onun ifşa edilməsi məqsədi ilə onun ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmiş, həmin qərar şöbə rəisi tərəfindən təsdiq olunmuşdur. Bundan sonra, əməliyyat qrupu yaradılmış, həmin qrupun rəhbəri o, üzvü isə şöbənin Cinayət Axtarış üzrə əməliyyat müvəkkili Şahid2 təyin olunmuşdur. Bundan sonra, “Elvin” ətrafında tədbirlər keçirilməyə başlanılmışdır. Həmin gün əməliyyat müvəkkili Şahid2 ilə ünvan 4 ünvanda yerləşən evin qarşısına gəlmişlər. Saat 14 radələrində həmin ünvanın qarşısında “Elvin” adlı şəxsi əlamətlərinə görə oxşadıb, ona yaxınlaşmışlar. Həmin şəxsə xidməti vəqisələrini göstərib özlərini təqdim etmişlər və sonuncudan özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs də, adının Elvin olmasını bildirmişdir. Elvinə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olmasını bildirib Xətai RPİ-nin 34-cü Polis Şöbəsinə dəvət etmişlər. Elvin də heç bir etiraz etməyərək razılaşmışdır. Şöbədə Elvinin şəxsiyyəti dəqiqləşdirildikdən sonra, bu barədə raport yazıb şöbə rəsinə məruzə etmişdir. Bir sıra prosessual hərəkətlər icra olunduqdan sonra, polis bölməsinə vəkil dəvət edilmişdir. Xidməti otaqların birində Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilməklə, vəkilin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə üzərində şəxsi axtarış və götürmə aparılmağa başlanılmışdır. Axtarış zamanı, Təqsirləndirilən şəxs üzərində qanunsuz hər hansı bir əşyanın olub-olmaması barədə sual verilmiş və olduğu halda təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli şalvarının sağ cibindən bir ədəd qızılı rəngli siqaret kağız bükümü çıxarıb təqdim etmişdir. Həmin büküm açılaraq, içərisinə baxış keçirilmiş və içərisində qəhvəyi rəngli spesifik qoxuya malik narkotik vasitəyə bənzər maddə olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs həmin maddənin nə olması və haradan əldə etməsi barədə sual verilmiş, sonuncu da bildirmişdir ki, həmin maddə narkotik vasitə heroindir, narkotik vasitəni tanımadığı şəxsdən 15 manat pul müqabilində Əhmədli qəsəbəsində şəxsi istifadəsi üçün almışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzəri yoxlanılmış, lakin onun üzərindən qanunsuz əşya aşkar edilməmişdir. Aşkar edilmiş maddə ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, üzərində qeydlər aparılaraq möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra protokol tərtib edilmiş, protokol ucadan oxunmuş, məzmununa dair ərizə və şikayət daxil olmamış, iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş şahid Bakı şəhəri Xətai RPİ-nin 34-cü Polis Şöbəsinin əməliyyat müvəkkili Şahid2 Şahid1 ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə təqsirləndirilən şəxsi və şahidləri dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmiş və onun təqsiri etirafedici ifadəsi ilə yanaşı aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Belə ki, iş materiallarında olan Şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan və videogörüntüdən görünür ki, 07 aprel 2022-ci il tarixdə polis əməkdaşlarının və vəkilin iştirakı ilə şübhəli şəxs - Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs əynindəki tünd göy rəngli şalvarın sağ cibindən bir ədəd qızılı rəngli siqaret kağızına bükülmüş qəhvəyi rəngli, tozşəkilli, spesifik qoxuya malik maddəni çıxardıb təqdim etmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş maddənin nədən ibarət olması haqqında sual verilərkən, sonuncu bildirmişdir ki, təqdim etdiyi maddə narkotik vasitə heroindir və onu tanımadığı şəxsdən şəxsi istifadəsi üçün əldə etmişdir. Aşkar olunmuş maddə bir ədəd zərfdə qablaşdırılıb, möhürlənərək götürülmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 08 aprel 2022-ci il tarixli, 6/1933 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs (imza)” yazısı olan zərfdə bir ədəd bükümdə təmiz çəkisi 0,171 qram qəhvəyi rəngli, tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqatdan sonra qalıq - 0,121 qramdır. İş materiallarında olan Şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan və videogörüntüdən görünür ki, 26 aprel 2022-ci il tarixdə polis əməkdaşlarının və vəkilin iştirakı ilə şübhəli şəxs - Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs əynindəki tünd göy rəngli şalvarın sağ cibindən bir ədəd qızılı rəngli siqaret kağızına bükülmüş qəhvəyi rəngli, tozşəkilli, spesifik qoxuya malik maddəni və bir ədəd qırmızı rəngli alışqanı çıxardıb təqdim etmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddənin nədən ibarət olması haqqında sual verilərkən, sonuncu bildirmişdir ki, təqdim etdiyi maddə narkotik vasitə heroindir və onu tanımadığı şəxsdən 15 manat müqabilində Əhmədli qəsəbəsində şəxsi istifadəsi üçün əldə etmişdir. Aşkar olunmuş maddə bir ədəd zərfdə qablaşdırılıb, möhürlənərək götürülmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 26 aprel 2022-ci il tarixli, 6/2404 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs (imza)” yazısı və imzalar olan zərfdə bir ədəd bükümdə təmiz çəkisi 0,277 qram qəhvəyi rəngli, tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqatdan sonra qalıq - 0,227 qramdır. İş materiallarından görünür ki, 0,121 qram və 0,227 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin cinayət işi üzrə maddi sübut kimi tanınaraq, saxlanılması üçün Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin maddi sübutların saxlanc anbarına təhvil verilmişdir. Həmçinin, şəxsi axtarış aparılan zaman qeydə alınmış görüntüləri əks etdirən iki ədəd disk cinayət işi üzrə maddi sübut kimi tanınaraq, cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 22 aprel 2022-ci il tarixli, 2010 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 07 aprel 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarından görünür ki, 09 aprel 2022-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və o, saxlandığı Xətai RPİ-nin MSY-dən azad olunmuşdur. Eyni zamanda, iş materiallarında olan Şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 26 aprel 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 28 aprel 2022-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 26 aprel 2022-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən verilmiş 05 may 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 31 avqust 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən, həmin cəza Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 07 avqust 2020-ci il tarixli hökmü ilə təyin olunmuş cəzaya qismən toplanılmaqla, üzərində qəti olaraq 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Salyan Rayon Məhkəməsinin 11 iyun 2021-ci il tarixli qərarı ilə vaxtından əvvəl şərti azad olunmuş, 15 noyabr 2021-ci il tarixdə cəza müddəti başa çatmışdır. Hazırda həmin məhkumluq ödənilməmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Həmin Məcəllənin 83.4-cü maddəsinə əsasən, məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. İş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs vaxtından əvvəl cəza çəkməkdən azad edildiyi gündən iki il keçmədən hazırki cinayət əməlini törətmişdir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu və digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin qeyd olunan maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-ci maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən şəxsin barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin təqsirləndirildiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3cü maddəsinə əsasən, həmin cinayətin az ağır cinayətlər sırasına aid edilməsini, Təqsirləndirilən şəxs şəxsiyyətini nəzərə alır. Təqsirləndirilən şəxs cəza təyin edərkən məhkəmə, təqsirləndirilən şəxsin törətdiyi əməli etiraf etməsini və əməlindən peşmançılıq çəkməsini cəzanı yüngülləşdirən hallar, cinayətlərin residivini isə cəzanı ağırlaşdıran hal kimi nəzərə alır. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Məhkəmə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin edərkən, residivə görə cəzanın təyin edilməsinə dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65-ci maddəsinin də tələblərini nəzərə alır. Belə ki, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Eyni zamanda məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, onun 07 aprel 2022-ci il tarixdən 09 aprel 2022-ci il tarixədək həbsdə saxlanıldığı müddəti nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün azadlıqdan məhrum etmə növündə cəzanın ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən olunmuşdur. İstinad edilən maddənin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin edilən azadlıqdan məhrum etmə növündə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli onun tutulduğu tarixdən, yəni 26 aprel 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə iş üzrə keçirilmiş ambulator X1 rəyinə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, yaşadığı ərazinin narkoloji dispanserində qeydə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. İş üzrə maddi sübut kimi tanınan və Bakı şəhəri Xətai Rayon Polis İdarəsində saxlanılan 0,227 qram və 0,121 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınan - şəxsi axtarış keçirilməsi istintaq hərəkətinin görüntüləri əks olunmuş iki ədəd disk cinayət işi üzrə icraat materiallarının saxlanma müddəti ərzində hazırki cinayət işində saxlanılmalıdır. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 228 (iki yüz iyirmi səkkiz) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasənvə Azərbaycan Respublikası CPM-nin 346, 347-349, 351- 353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 2 (iki) gün həbsdə saxlanıldığı müddət təyin edilmiş cəzadan çıxılmaqla, üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin; onun həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəzasının əvvəli 26 aprel 2022-ci il tarixdən hesablansın; barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, yaşadığı ərazinin narkoloji dispanserində qeydə alınsın. İş üzrə maddi sübut kimi tanınan və Bakı şəhəri Xətai Rayon Polis İdarəsində saxlanılan 0,227 qram və 0,121 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınan - şəxsi axtarış və götürmə keçirilməsi istintaq hərəkətinin görüntüləri əks olunmuş iki ədəd disk cinayət işi üzrə icraat materiallarının saxlanma müddəti ərzində hazırki cinayət işində saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 228 (iki yüz iyirmi səkkiz) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Hökmdən elan olunduğu (məhkum Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən: Fərid Yaqubov
Məhkəmə qərarları › İş №1(011)-274/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-274/2022
23.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver