Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-275/2021 18.06.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseyn Cavid Vaqif oğlunun sədrliyi, məhkəmə iclasının katibi Paşayev Orxan Zakir oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs, müdafiəçi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1998-ci ildə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Bərdə Rayon Məhkəməsinin 14.05.2020-ci il tarixli hökmü ilə Azərbayacan Respublikası CM-nin 177.2.1 və 177.2.3cü maddələri ilə təqsirli bilinərək 01 il 07 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş və ya götürülməmiş, Xocalı rayonu Meşəli kəndində qeydiyyatda olmaqla Bakı şəhəri Xətai rayonu Lütfüzadə küçəsi 3 saylı uşaq evində müvəqqəti məskunlaşmış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan – Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını açıq talamaqla soyğunçuluq etmişdir. Belə ki, o, özgənin əmlakını ələ keçirmək məqsədi ilə 02 mart 2021-ci il tarixdə, saat 20:43-də Bakı şəhəri Xətai rayonu Gəncə prospekti 16 ünvanında yerləşən “OBA Xəzər- 5” marketə daxil olub satıcının kassada olmamasından istifadə edərək mağazanın giriş hissəsindəki kassa aparatının altından içərisində ümumi dəyəri 454 manat 60 qəpik olmaqla bir ədədinin qiyməti 2 manat 30 qəpik olan 46 manat dəyərində iki blok, yəni 20 ədəd Rothmans markalı, bir ədədinin qiyməti 3 manat 40 qəpik olan 30 manat 60 qəpik dəyərində 09 ədəd Kent 4 markalı, bir ədədinin qiyməti 3 manat 60 qəpik olan 36 manat dəyərində 10 ədəd Kent 8 markalı, bir ədədinin qiyməti 3 manat 40 qəpik olan 34 manat dəyərində 10 ədəd Kent 1 markalı, bir ədədinin qiyməti 1 manat 80 qəpik olan 18 manat dəyərində 10 ədəd Bakı markalı, bir ədədinin qiyməti 2 manat 20 qəpik olan 22 manat dəyərində 10 ədəd Palmalı markalı, bir ədədinin qiyməti 3 manat 90 qəpik olan 39 manat dəyərində 10 ədəd Sobranie markalı, bir ədədinin qiyməti 3 manat 80 qəpik olan 38 manat dəyərində 10 ədəd Sobranie kompakt markalı, bir ədədinin qiyməti 2 manat 30 qəpik olan 23 manat dəyərində 10 ədəd Winichester markalı, bir ədədinin qiyməti 2 manat 80 qəpik olan 28 manat dəyərində 10 ədəd Davidoff markalı, bir ədədinin qiyməti 2 manat olan 100 manat dəyərində 50 ədəd Want markalı, bir ədədinin qiyməti 2 manat olan 40 manat dəyərində 20 ədəd Magna markalı siqaretlər yığılan qutunu gizli olaraq talayaraq oradan uzaqlaşmaq istəyərkən müşahidə kamerasında bunu görən mağaza müdiri Şahid onun arxasınca qaçaraq dayanmasını istəmiş, həmin vaxt Təqsirləndirilən şəxs dayanıb əlindəki qutunu yerə atdıqdan sonra yerdəki müxtəlif növ siqaret olan qutunun içərisindən bir ədədinin qiyməti 2 manat 50 qəpik olmaqla 10 ədəd göy “Rothmans” markalı və bir ədədinin qiyməti 3 manat 60 qəpik olmaqla 9 ədəd “Kent4” markalı tütün məmulatlarını açıq yolla talayaraq zərərçəkmiş hüquqi şəxs “xxxx” MMC-nə ümumilikdə 57 manat 40 qəpik maddi ziyan vurmaqla soyğunçuluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, 02.03.2021-ci il tarixdə axşam saatlarında yaşadığı evdən çıxaraq gəzişmək qərarına gəlmişdir. Evdən uzaqlaşaraq Həzi Aslanov metro stansiyası istiqamətində getməyə başlamışdır. Gəncə prospektinə yaxınlaşanda yaxınlıqda olan “Oba” market diqqətini çəkmişdir. Maddi sıxıntıları olduğu üçün oradan oğurluq etməyə qərar vermişdir. “Oba” marketin oğurluq etmək üçün əlverişli olduğunu görmüş, çünki marketin içərisindəki kassa marketin giriş qapısının yaxınlığında yerləşmişdir. O, bir neçə dəqiqə marketin giriş qapısının yaxınlığında dayanıb marketin içərisini izləməyə başlamışdır. Təxminən bir neçə dəqiqədən sonra saat 21 radələrində satıcıların başlarının qarışıq olduğunu görüb cəld şəkildə mağazaya daxil olmuşdur. Mağazanın giriş tərəfində yerləşən kassa aparatının alt hissəsində olan içərisində müxtəlif markalı siqaret qutusunu götürərək mağazadan çıxmış və Ukrayna dairəsi istiqamətində qaçmağa başlamışdır. Bu zaman mağazada olan satıcılardan biri onun mağazadan oğurluq etməyini görmüş, cəld şəkildə mağazadan çıxaraq onun arxasınca qaçmağa başlamışdır. O, qaçan zaman həmin şəxsin ona çatmaq üzrə olduğunu və onu tuta biləcəyini hiss etmişdir. Ona görə də, o, əlində olan siqaretlə dolu qutunu yerə qoyub dayanmışdır. O, dayanan zaman satıcı da onun təxminən iki metr yaxınlığında dayanmışdır. O, siqaret qutusunu yerdən götürərək satıcıya tərəf uzadıb götürməsini təklif etmiş, lakin satıcı oğlan isə siqaret qutusunu yerə qoymağını bildirmiş, o, bir daha siqaret qutusunu satıcıya uzadıb götürməsini istəmişdir. Oğlan yenə də siqaret qutusunu yerə qoymağını tələb etmişdir. Bu zaman o, yenidən siqaret qutusunu yerə qoymuş və bir neçə addım geri getmişdir. Oğlan siqaret qutusuna tərəf deyil onun üzərinə gəlməyə başlamışdır. O, qorxutmaq üçün əlini bel hissəsinə atmış və satıcıya üzərinə gəlməməsini demişdir. Onun fikri üzərində bıçaq olmasını inandırıb qorxudaraq satıcını özündən uzaqlaşdırmaq, qaçıb oradan uzaqlaşmaq olmuşdur. Onun üzərində bıçaq və ya hər hansı bir əşya olmamışdır. Oğlan onun üzərində bıçaq olmasına inanıb bir az ondan aralaşmışdır. Bu zaman o, siqaret olan qutuya yaxınlaşmış və qutudan bir ədəd “Kent 8” markalı siqareti götürərək oradan uzaqlaşmışdır. 06.03.2021-ci il tarixdə Xətai rayonu İ.İsmayılov küçəsində gəzən zaman bir neçə nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini polis əməkdaşları kimi təqdim etmiş və onu Xətai RPİ-nin 36-cı PB-nə dəvət etmişlər. O, artıq etdiyi əməlin polis əməkdaşlarına bəlli olduğunu düşündüyündən birlikdə qeyd olunan polis bölməsinə getmişdir. Polis bölməsində olan zaman o, etdiyi əməli etiraf etmişdir. Əməlindən peşmandır, bir daha belə hallara yol verməyəcək, barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş təqsirləndirilən şəxs saxlanılarkən tərtib edilmiş protokol, təqsirləndirilən şəxsin izahatı, ibtidai araşdırma və məhkəmə istintaqı zamanı vermiş olduğu ifadələri, zərərçəkmiş şəxsin nümayəndəsinin və şahidin ifadələri, maddi sübutların götürülməsi protokolu, eləcə də işin biri-digərini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirildi. Zərərçəkmiş hüquqi şəxs “xxxx” MMC-yə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə baxış iclasında iştirak etməmiş, məhkəməyə teleqram ünvanlayaraq üzürlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini qeyd etmiş, istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq etdiyini, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini bildirmişdir. Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilmişdir. Zərərçəkmiş şəxs həmin ifadəsində göstərmişdir ki, 24.08.2020-ci il tarixdən “xxxx” MMC-də hüquqşünas vəzifəsində çalışır. Bakı şəhəri Xətai rayonu Gəncə prospekti 16 ünvanında yerləşən “OBA Xəzər-5” market “xxxx” MMC-nə məxsusdur. Şahid 02.02.2021-ci il tarixdən Bakı şəhəri Xətai rayonu Gəncə prospekti 16 ünvanda yerləşən «OBA Xəzər-5» marketin müdiri vəzifəsində çalışır. 02.03.2021-ci il tarixdə saat 20 radələrində sözügedən marketdən içərisində tütün məmulatları olan qutu naməlum şəxs tərəfindən oğurlanmış, bunu kameradan görən mağaza müdiri Şahid həmin şəxsi saxlamaq üçün arxasınca qaçaraq həmin şəxsi saxlamışdır. Şahid siqaretlərin əksəriyyətini geri gətirsə də, həmin şəxs bir ədədinin satış qiyməti 3 manat 40 qəpik olmaqla 30 manat 60 qəpik dəyərində 9 ədəd Kent 4 markalı və bir ədədinin satış qiyməti 2 manat 30 qəpik olmaqla 23 manat dəyərində 10 ədəd Rothmans markalı siqaretləri Şahid gözü önündə götürüb qaçmaqla oradan uzaqlaşmışdır. Həmin hadisə nəticəsində “xxxx” MMC-nə 53 manat 60 qəpik maddi ziyan dəmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid ifadəsində göstərmişdir ki, 02.02.2021-ci il tarixdən Bakı şəhəri Xətai rayonu Gəncə prospekti 16 ünvanda yerləşən “OBA” marketin müdiri vəzifəsində çalışır. 02.03.2021-ci il tarixdə, saat 20:43 dəqiqədə marketin təhlükəsizlik kamerasının görüntülərinə baxmışdır. Həmin vaxt kassada əyləşən xanım kassanı tərk edərək arxa rəflər olan hissəyə keçmişdir. Kassa marketin giriş qapısında yerləşmişdir. Həmin vaxt bir nəfər cavan oğlan marketin giriş qapısını açıb içəri daxil olaraq kassanın arxa tərəfinə keçmiş və orada içərisində müxtəlif çeşidli siqaretlər olan qutunu götürüb bayıra çıxmışdır. O, bunu kamera görüntülərindən görən kimi həmin şəxsi saxlamaq üçün arxasınca bayıra çıxmışdır. Həmin şəxs içərisində siqaretlər olan qutunu tutub Ukrayna dairəsinə tərəf qaçmışdır. O da həmin şəxsin arxası ilə qaçaraq dayanmasını, siqaretləri qaytarmasını qışqırmışdır. Həmin şəxsi təxminən 100 metr təqib edərək sonuncuya çatmışdır ki, həmin şəxs qutunu yerə atıb dayanmışdır. O da həmin şəxsdən təxminən 2-3 metr aralı dayanmışdır. Həmin şəxs əlini belinə tərəf atıb özünə yaxınlaşmamağını, əks halda onu vuracağını bildirmişdir. Həmin vaxt o, qorxmuş və düşünmüşdür ki, həmin şəxs ona bıçaqla xəsarət yetirə bilər. Ona görə də, həmin şəxsə tərəf yaxınlaşmamışdır. Həmin şəxs təkrar qutunu götürüb oradan uzaqlaşmaq istəmiş, lakin o, təkrar qışqırıb siqaretləri qaytarmasını tələb etmişdir. Bu vaxt həmin şəxs içərisində müxtəlif növ siqaret yığılmış qutudan sayını və markasını görmədiyi siqrat bloku götürüb oradan qaçaraq uzaqlaşmışdır. Bundan sonra o, yerdən həmin qutunu götürüb marketə qayıtmışdır. Oradan DİN-nin 102 xidmətinə zəng edərək baş vermiş hadisə barədə məlumat vermişdir. O, marketdə qutunun içərisində olan siqaretlər ilə fakturanı qarşılaşdırmış və müəyyən etmişdir ki, bir ədədinin qiyməti 3 manat 40 qəpik olmaqla 30 manat 60 qəpik dəyərində 9 ədəd “Kent 4” markalı və bir ədədinin qiyməti 2 manat 30 qəpik olmaqla 23 manat dəyərində 10 ədəd Rothmans markalı siqaret əksikdir. Beləliklə, həmin şəxs ümumilikdə 57 manat 40 qəpik dəyərində siqaretləri ələ keçirərək marketə maddi ziyan vurmuşdur. Verilən suallara cavab olaraq göstərmişdir ki, həmin şəxsə yaxınlaşmaq istəyəndə əlini belinə tərəf atıb özünə yaxınlaşmamağını bildirib, yaxın getsə onu bıçaqla vuracağını bildirmişdir. O, konkret olaraq həmin şəxsin əlində bıçaq görməmiş, ona görə də, həmin bıçağı təsvir edə bilməmişdir. Həmin şəxsin əlini belinə tərəf aparıb ona tərəf getsə bıçaqla vuracağını dediyi üçün o qorxub həmin şəxsə yaxınlaşmamışdır. Həmin şəxsdə bıçaq olmasını özündən eşitdiyi üçün DİN-nin 102 xidmətinə zəng edərkən də, həmçinin ərizə və izahatında bu barədə yazmışdır. O, həmin şəxsin əlində konkret olaraq bıçaq görməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 06 mart 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxsbarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmış və icraata qəbul olunaraq istintaqı aparılmışdır ( i.v. 1); şübhəli şəxsin tutulması haqqında 06 mart 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 180.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli olduğundan 06 mart 2021-ci il tarixdə, saat 18:20-də tutulmuşdur ( i.v. 23); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 08 mart 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və Azərbaycan Respublikası CMin 180.1-ci maddəsində nəzərdə tutulan ittiham elan edilmişdir ( i.v. 42); video diskə baxış keçirilməsi barədə 08 mart 2021-ci il tarixli protokoldan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs 02 mart 2021-ci il tarixdə Xətai rayonu Gəncə prospekti 16 ünvanında yerləşən xxxxdə törtədiyi cinayəti əks etdirən bir ədəd CD disk cinayət işinə əlavə edilmişdir. Cinayət işinin istintaq zərurəti ilə əlaqədar həmin bir ədəd CD diskə baxış keçirilmişdir. Baxış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CPM-nin 91-ci maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilmişdir. Video görüntüdən görünür ki, CD diskdə iki görüntü yerləşir. Əvvəl həmin görüntülərdən “Video 17.00.23.mp4” yazısı ilə qeyd edilən görüntüyə baxıldı. Həmin görüntü 16 saniyə davam edir və kassanın üzərində yerləşən kameradan çəkilir. Saat 20:43 dəqiqədə qapı açılır və bir nəfər oğlan içəri daxıl olub kassanın alt hissəsində yerləşən içərisində tütün məmulatları olan qutunu götürüb cəld mağazanı tərk edir. Təqsirləndirilən şəxs bildirdi ki, qapını açıb içəri daxil olan və əyilərək kassanın alt hissəsindən içərisində siqaret olan iri qutunu götürən şəxs özüdür. Bundan sonra, “Video 17.11.12.mp4” yazısı ilə qeyd edilən görüntüyə baxıldı. Həmin görüntü 1 dəqiqə 56 saniyə davam edir və marketin giriş qapısını bayır tərəfdən çəkir. Bir nəfər oğlan marketin qarşısında dayanıb tez-tez içəri baxır və irəli geri hərəkət edir. Təqsirləndirilən şəxs bildirdi ki, marketin bayır tərəfində dayanıb içəri baxan, irəli geri gedən şəxs özüdür (i.v. 57); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 4(011)-93/2021 saylı, 08.03.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlamanın müddəti 03 (üç) ay həddində müəyyən edilmiş, həbsetmənin əvvəli 06 mart 2021-ci il tarixdən hesablanmışdır ( i.v. 67-71); zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində tanınma haqqında 01 aprel 2021-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə hüquqi şəxs “xxxx” MMC zərərçəkmiş şəxs qismində tanınmışdır ( i.v. 75-76); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən alınmış 04.05.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bərdə Rayon Məhkəməsinin 14.05.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 il 07 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir ( i.v. 81-82); Bərdə Rayon Məhkəməsinin 1(021)-42/2020 saylı, 14 may 2020-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 2 (iki) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 12.12.2019-cu il tarixdən 14.05.2020-ci il tarixəək həbsdə olduğu 5 (beş) ay 2 (iki) gün müddətin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla 10 (on) ay 04 (dörd) gün ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmış və üzərində qəti olaraq 1 (bir) il 7(yeddi) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır ( i.v. 83-88); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 07 may 2021-ci il tarixli, 9/2693 nömrəli ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş siqaretlərin 2021-ci ilin mart ayına olan orta bazar qiyməti təxminən aşağıdakı kimi müəyyən edilir: 1. 1 ədəd AR-ın aksiz markası ilə markalanmış “Kent 4” markalı siqaret-3.60 manat, 2. 1 ədəd AR-ın aksiz markası ilə markalanmış “Rothmans” markalı siqaret- 2.50 manat ( i.v. 94-96); sübutların qiymətləndirilməsi haqqında 08 may 2020-ci il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə yeni ittiham elan edilmiş, cinayət işinin materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs 02.03.2021-ci il tarixdə, saat 20:43-də Bakı şəhəri Xətai rayonu Gəncə prospekti 16 ünvanda yerləşən “OBA Xəzər-5” marketdən törətdiyi cinayətinin video görüntüsü olan bir ədəd CD disk iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə olunması nəzərə alınmış, Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin olmaması nəzərə alınmış, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 181-ci maddəsinin tərkibi olmadığından barəsində həmin hissədə cinayət təqibi rədd edilmiş, zərərçəkmiş hüquqi şəxs “xxxx” MMC-nə dəymiş ziyanın dəyəri məhkəmə əmtəəşünaslıq ekspertizasının rəyində göstərilən məbləğə əsasən götürülmüş, Təqsirləndirilən şəxs üzərində bıçağın olması və həmin bıçağı nümayiş etdirməsi iş materialları ilə sübuta yetməməsi nəzərə alınmış, istintaq zamanı zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin ifadəsi, şahid ifadəsi, məhkəməəmtəəşünaslıq ekspertizanın 07 may 2021-ci il tarixli 9/2693 saylı rəyi, cinayətinin video görüntüsü olan bir ədəd CD disk iş üzrə sübut növü kimi qiymətləndirilmişdir ( i.v. 99- 104); təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 10 may 2021-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-in 180.1-ci maddəsində nəzərdə tutulan yeni ittiham elan edilmişdir (i.v. 107-108); Məhkəmə iclasında tərəflərin iştirakı ilə video diskə baxış keçirilmişdir. Video görüntüdən görünür ki, CD diskdə iki görüntü yerləşir. “video 17.00.23.mp4” yazısı ilə qeyd edilən görüntüyə baxıldı, həmin görüntü 16 saniyə davam edir, saat 20:43 dəqiqədə qapı açılır və bir nəfər şəxs içəri daxıl olub kassanın alt hissəsində yerləşən içərisində tütün məmulatları olan qutunu götürüb cəld mağazanı tərk edir, Təqsirləndirilən şəxs qapını açıb içəri daxil olan və əyilərək kassanın alt hissəsindən içərisində siqaret olan iri qutunu götürən şəxsin özü olduğunu bildirdi. “video 17.11.12.mp4” yazısı ilə qeyd edilən görüntüyə baxıldı, görüntü 1 dəqiqə 56 saniyə davam edir və marketin giriş qapısını bayır tərəfdən çəkir. Bir nəfər şəxs marketin qarşısında dayanıb tez-tez içəri baxır və irəli geri hərəkət edir. Təqsirləndirilən şəxs marketin bayır tərəfində dayanıb içəri baxan, irəli geri gedən şəxsin özü olduğunu bildirdi. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin nümayəndəsinin, şahidin ifadələri, hadisə yerinin görüntüləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsinə əsasən soyğunçuluq, yəni özgənin əmlakını açıq olaraq talama —üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkməsini, gənc olmasını (CM-59.2) nəzərə alır və onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Bununla yanaşı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həm ibtidai istintaq, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi, əvvəllər məhkum edilməsi onun şəxsiyyətini mənfi səciyyələndirən hallar kimi nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, əvvəllər məhkum olunması və azadlığın məhdudlaşdırılması cəzası təyin ediləcəyi halda cəzanın məqsədlərinə nail olunmayacağı nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, 01 ədəd CD disk iş materiallarında saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər.Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 73, 197-198, 344- 347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən Bərdə Rayon Məhkəməsinin 1(021)-42/2020 saylı 14 may 2020-ci il il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddəsi ilə təyin edilmiş 01 (bir) il 07 (yeddi) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 11 (on bir) ay 08 (səkkiz) gün hissəsi iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla 05 (beş) ay 19 (on doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hazırkı hökm üzrə təyin edilmiş 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə ona qəti olaraq 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 06 mart 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut – 01 ədəd CD disk iş materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Cavid Hüseyn
Məhkəmə qərarları › İş №1(011)-275/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-275/2021
18.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver