Məhkəmə qərarları › İş №1(011)-275/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №1(011)-275/2023

28.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(011)-275/2023 28.04.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, tərcüməçi X1, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs və müdafiəçisi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1976-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Təqsirləndirilən şəxs ittiham elan olunmuşdur ondan ötrü ki o, xx.xx.2023-cü il tarixdə, saat 21:40 dəqiqədə yaşadığı ünvan 2 ünvanında bacısı Şahid ilə aralarında yaranmış mübahisə zamanı sonuncunu nalayiq küçə söyüşü ilə təhqir etmiş, mübahisəyə müdaxilə edən Urşanzadə X3 nahiyəsindən yumruqla vurmuş, cavab olaraq Eldar Kənanın üz nahiyəsinə qəsdən yumruqla vuraraq həyat üçün təhlükəli olmayan və bu məcəllənin 221-ci maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın az müddətə pozulmasına səbəb olmuş, sol qaş nahiyəsinin əzilmiş-cırılmış yarası, sol qaş nahiyəsinin, sol gözaltı nahiyəsinin və göz qapağını əhatə etmiş qançırları müəyyən edilmişdir. Törənmə müddəti qərarda göstərilmiş xx.xx.2023-cü il tarixdə və şəraitdə əmələ gələ bilərdi. Aşkar edilmiş xəsarətlərin xarakter və lokalizasiyalarına əsasən, həmin xəsarətlərin yıxılma nəticəsində əmələ gəlməsi və ya özü tərəfindən yetirilməsi inandırıcı deyildir. Beləliklə, Təqsirləndirilən şəxs dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aid bədən xəsarəti yetirmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə hazırlıq iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi məhkəməyə yazılı vəsatətlə müraciət edərək məhkəməyədək sadələşdirilmiş icraat materialının baxılmasına xitam verilməsini və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasını xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, hüquqlarını müdafiə etdiyi şəxs rus dillidir və Azərbaycan dilini bilmir. İstintaq zamanı ona tərcüməçi təyin olunmamışdır, ona görə də o, iş materialları ilə tanış ola bilməmişdir. Bununla da onun Azərbaycan Respublikası CPMnin 91.5.12-ci maddəsində nəzərdə tutulan hüququ pozulmuşdur. Azərbaycan Respublikası CPM-ni 303.3.2-ci maddəsinə əsasən cinayət işində olan kobud pozuntulara görə icraat materiallarına baxılmasına xitam verilməli və iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Məhkəmə hazırlıq iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçinin vəsatəti ilə razı olduğunu bildirərək əlavə olaraq qeyd etmişdir ki, atası İran, anası ləzgi milliyətindən olmaqla, natamam orta təhsilini Azərbaycan SSR Xalq Təhsil Nazirliyi nəzdində fəaliyyət göstərən Bakı şəhəri Xətai rayonu 264 nömrəli tam orta məktəbin rus bölməsində almışdır. Azərbaycan dilində sərbəst yazıboxuya bilmir. Yuxarıda qeyd olunan sadələşdirilmiş icraat materialının araşdırılması zamanı təhqiqatçı tərəfindən ona heç bir tərcüməçi təqdim edilməmiş və ümumiyyətlə ona təqdim olunmuş sənədlərdə yazılanları başa düşüb-düşməməsinə nəzər yetirilməmişdir. Təhqiqatçı tərəfindən bütün sənədlər ona Azərbaycan dilində təqdim olunmuş, bütün qeydlər təhqiqatçı tərəfindən aparılmış və o, sadəcə olaraq həmin sənədlərin məzmunundan xəbərsiz onları öz imzası ilə təsdiqləmişdir. Həmçinin, iş üzrə yekun protokol da ona rus dilində verilməmişdir. Odur ki, göstərilənlərə əsasən o, hüquqlarının əhəmiyyətli dərəcədə pozulmasını bildirərək barəsində toplanmış məhkəməyədək sadələşdirilmiş icraat materialının baxılmasına xitam verilməsini və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Dövlət ittihamçısı məhkəməyədək sadələşdirilmiş icraat materialının araşdırılması zamanı kobud pozuntulara yol verilmədiyini bildirərək müdafiəçi tərəfindən verilmiş vəsatətin təmin edilməməsini, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddələri ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialının məhkəmə baxışına təyin edilməsini təklif etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs müdafiəçi tərəfindən verilmiş vəsatətlə razılaşmayaraq Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddələri ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialının məhkəmə baxışına təyin edilməsini xahiş etmişdir. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş vəsatəti müzakirə edərək belə nəticəyə gəlir ki, vəsatət əsaslıdır və təmin olunmalıdır. Belə ki, məhkəməyə təqdim olunmuş Bakı şəhəri Qaradağ rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş İV-ЖГ seriyalı 265433 saylı doğum haqqında şəhadətnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.1976-cı il tarixdə Bakı şəhərində doğulmuş, atası X4, anası isə ləzgi milliyətindən olan X2r; məhkəməyə təqdim olunmuş Azərbaycan SSR Xalq Təhsil Nazirliyi nəzdində fəaliyyət göstərən Bakı şəhəri Xətai rayonu 264 nömrəli məktəbin natamam orta təhsil haqqında şəhadətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs 1991-ci ildə həmin məktəbin rus bölməsini bitirmişdir; iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi X11 xx.xx.2023-cü il tarixli, 298 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs sol qaş nahiyəsinin əzilmiş-cırılmış yarası, sol qaş nahiyəsinin, sol gözaltı nahiyəsinin və göz qapağını əhatə etmiş qançırları müəyyən edilmişdir. Xəsarətlər bərk küt əşya (əşyalar) təsirindən törənmişlər, törənmə müddətləri qərarda göstərilmiş xx.xx.2023-cü il tarixdə və şəraitdə əmələ gələ bilərdilər və dərəcələrinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddirlər. Zərərçəkmiş şəxs aşkar edilmiş xəsarətlərin xarakter və lokalizasiyalarına əsasən demək olar ki, həmin xəsarətlərin yıxılma nəticəsində əmələ gəlməsi və ya özü tərəfindən yetirilməsi inandırıcı deyildir; iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi X11 xx.xx.2023-cü il tarixli, 299 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs sağ mil-bilək oynağı nahiyyəsinin sıyrığı müəyyən edilmişdir. Xəsarət bərk küt əşya təsirindən törənmişdir, törənmə müddəti qərarda göstərilmiş xx.xx.2023-cü il tarixə və şəraitə uyğun gəlir və sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. Təqsirləndirilən şəxs aşkar edilmiş xəsarətlərin xarakter və lokalizasiyalarına əsasən demək olar ki, həmin xəsarətlərin yıxılma nəticəsində əmələ gəlməsi və ya özü tərəfindən yetirilməsi inkar edilmir; cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsi və onun müdafiəçisini böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə məhkəməyədək sadələşdirilmiş icraat materialları ilə tanış etmə haqqında 27 mart 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs protokolun qeyd hissəsində “mən heç bir vaxt məhdudiyyəti olmadan sadələşdirilmiş icraat materialı və yekun protokolla tanış oldum, heç bir şikayət və etirazım yoxdur” yazaraq öz imzası ilə təsdiqləmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Bakı şəhəri Xətai RPİ-nin 35-ci Polis Bölməsinin təhqiqatçısı, polis baş leytenantı X7 tərəfindən HK-1/508 saylı material üzrə aparılan təhqiqat zamanı CPM-nin tələbləri pozulmuş və cinayət prosesi üzrə kobud pozuntu hesab edilən nöqsanlara yol verilmişdir. Məhkəmə ilk növbədə hesab edir ki, təhqiqat orqanı məhkəməyədək icraat zamanı cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin ana dilindən və ya tərcüməçinin köməyindən istifadə etmək hüququnu pozmaqla və cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə ana dilinə və ya bildiyi başqa dilə tərcümə olunmuş yekun protokolun surətini verməməklə cinayət prosessual qanunvericiliyinin tələblərini aşkar surətdə pozmuşdur. Məhkəmə hazırlıq iclasında müəyyən edilmişdir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs Azərbaycan dilində çətinliklə danışa bilsə də, orta məktəbi rus dilində bitirmişdir. Bu səbəbdən də Azərbaycan dilində olan əksər sözləri başa düşmür, həmçinin yaza və oxuya bilmir. Belə olan halda cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı cinayət prosesinə cəlb edildiyi andan tərcüməçi ilə təmin edilməli olduğu halda tərcüməçi ilə təmin olunmamış, sonrakı mərhələdə, yəni cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsi və onun müdafiəçisini böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə məhkəməyədək sadələşdirilmiş icraat materialları ilə tanış etmə və yekun protokolun təqdim olunması mərhələsində Təqsirləndirilən şəxs cinayət prosessual qanunvericilikdə nəzərdə tutulmuş hüquqları kobud şəkildə pozulmuş və yekun protokolun onun başa düşdüyü dilə tərcümə olunmuş nüsxəsi ona təqdim olunmamışdır. Belə ki, iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair yekun protokol 27 mart 2023-cü il tarixdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən təsdiq edilmişdir. Eyni tarixli cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsi və onun müdafiəçisini böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə məhkəməyədək sadələşdirilmiş icraat materialları ilə tanış etmə haqqında protokolun qeyd hissəsində “mən heç bir vaxt məhdudiyyəti olmadan sadələşdirilmiş icraat materialı və yekun protokolla tanış oldum, heç bir şikayət və etirazım yoxdur” qeyd edilsə də, həmçinin həmin protokola əlavə edilmiş qəbzdə məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə yekun protokolun surətinin Təqsirləndirilən şəxs təqdim edilməsi göstərilsə də, sözügedən yekun protokol cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin başa düşdüyü dilə tərcümə olunaraq ona təqdim edilməmişdir. Başqa sözlə, təhqiqat orqanı tərəfindən rus dilinə tərcümə olunmuş yekun protokolun surətinin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs verilməsini təsdiq edən sənədlər, rus dilinə tərcümə olunmuş yekun protokolun sonuncu tərəfindən alınmasını təsdiq edən qəbzlər və rus dilində olan yekun protokolun surəti məhkəməyədək sadələşdirilmiş icraat materiallarına əlavə olunmamışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 26.2-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqan cinayət mühakimə icraatının aparıldığı dili bilməyən cinayət prosesi iştirakçılarının öz ana dilindən istifadə etmək və ibtidai araşdırma və məhkəmə baxışı zamanı tərcüməçinin köməyindən pulsuz istifadə etmək, ibtidai araşdırma qurtardıqdan sonra cinayət işi və ya cinayət təqibi ilə bağlı digər materiallarla tam tanış olmaq, məhkəmədə ana dilində çıxış etmək hüquqlarını təmin etməlidir. 26.3-cü maddəsinə əsasən cinayət mühakimə icraatının aparıldığı dili bilməyən cinayət prosesi iştirakçılarının bu Məcəllənin 26.2.2-ci maddəsində göstərilən hüquqlarının təmin olunması Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına həyata keçirilir. 26.4-cü maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqan təqdim edilməli sənədləri müvafiq şəxslərə cinayət mühakimə icraatının aparıldığı dildə təqdim edir. Cinayət mühakimə icraatının aparıldığı dili bilməyən müvafiq şəxslərə təqdim edilməli sənədlər onların ana dilində və ya onların bildiyi başqa dildə təqdim edilir. 91.5.11 və 95.5.12-ci maddələrinə əsasən ana dilində və ya bildiyi başqa dildə ifadə (izahat) vermək, tərcüməçinin köməyindən pulsuz istifadə etmək təqsirləndirilən şəxsin hüquqları sırasına daxildir. Böyük ictimai təhlükə törətməyən aşkar cinayətlər üzrə təhqiqatın nəticələrini əks etdirən prosessual sənəd məhkəməyədək sadələşdirilmiş icraatın aparılması nəticələrinə dair tərtib olunmuş yekun protokuludur (CPM-in 296-cı maddəsi). Cinayət qanunu ilə nəzərdə tutulan əməli törədən şəxsi, əməlin törədildiyi yeri, vaxtı, üsulu, motivi, nəticələri və digər mühüm halları, o cümlədən əməli törətmiş şəxsin təqsirliliyini də təsdiq edən sübutları göstərən həmin prosessual sənəd məhkəmədə işə baxılmasına əsasdır (CPM-in 297.0.2-ci maddəsi). Göstərilən sənəd sübutların məcmusu əsasında cinayət əməlinin məhz konkret şəxs tərəfindən törədildiyini israr etdiyindən məhkəməyədək sadələşdirilmiş icraatda cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs təqsirləndirilən şəxs statusuna malikdir. Belə ki, “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 293.1-ci maddəsinin və 297.0.4-cü maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 297.0.4-cü maddəsinin «cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs» müddəası məhkəməyədək sadələşdirilmiş icraat çərçivəsində həmin Məcəllənin 214.4-cü maddəsində göstərilən cinayətlərdən hər hansı birini törətmiş təqsirləndirilən şəxsi nəzərdə tutur. Həmçinin, məhkəmə hesab edir ki, təhqiqat orqanı tərəfindən məhkəməyədək icraat cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin müdafiə hüququnun pozulması ilə aparılmışdır. Belə ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin tərcüməçi ilə təmin edilməməsi və bununlada iş materiallarında olan mühüm prosessual sənədlərin təqsirləndirilən şəxsin başa düşdüyü dilə tərcümə olunmaması həmin sənədlərin formal olaraq imzalandığını təsdiq edir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs iş materialları ilə formal olaraq tanış olsa da, həmin sənədlərin məzmununu başa düşmədiyi üçün müdafiə imkanından da məhrum olmuşdur. Başqa sözlə, məhkəməyədək icraat zamanı təhqiqat orqanı tərəfindən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin mühüm prosessual hüququ olan müdafiə hüququ pozulmuşdur. Nəzərə alınmalıdır ki, müdafiə hüququ cinayət prosesində şübhəli və ya təqsirləndirilən şəxsin sadəcə müdafiəçi ilə təmin edilməsindən ibarət deyil. Bu hüquq şəxsin müdafiə hüquqları barədə qanunvericilikdə nəzərdə tutulmuş prosessual imkanlara dair məlumatlanmaq, eləcə də öz müdafiəsini hazırlamaq üçün kifayət qədər vaxta və imkana malik olmaq kimi geniş prosessual imkanları əhatə edir. Göstərilən prosessual təminatlar tərcüməçi ilə təmin olunmaq hüququ ilə əlaqəli olduğundan həmin hüququn pozulması nəticə etibarilə müdafiə hüququnun pozulmasına gətirib çıxarır. Odur ki, cinayət prosesini həyata keçirən orqan şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi ilə bağlı olan bütün imkanları real olaraq təmin etməli, buna formal yanaşmamalıdır. Cinayət qanununun müvafiq maddəsi üzrə ittihamın mahiyyətinin nədən ibarət olmasının aydın olmaması və ya dəqiq müəyyən edilməməsi təqsirləndirilən şəxsin “nədə ittiham olunduğunu”, “nədən müdafiə olunmalı olduğunu” bilməməsinə və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin formalaşdırdığı presedent üzrə belə olan halda müdafiə hüququnun pozulmasına səbəb olur. İnsan Hüquqları və X5 Haqqında Konvensiyanın 6-cı maddəsinin 3-cü bəndinin “a” yarımbəndinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəsin ən azı ona qarşı irəli sürülmüş ittihamın xarakteri və əsasları haqqında onun başa düşdüyü dildə dərhal və ətraflı məlumatlandırılmaq hüququ vardır. Məhkəmə yuxarıda sadalanan qanunvericiliyin tələblərini rəhbər tutaraq qeyd etməyi zəruri hesab edir ki, məhkəmənin hazırlıq iclası məhkəmə baxışının yüksək səviyyədə hazırlanmasında və keçirilməsində əhəmiyyətli rol oynamaqla məhkəmə baxışında aradan qaldırılması mümkün olmayan qüsur və çatışmamazlıqları olan cinayət işlərinin və cinayət təqibi ilə bağlı digər materialların məhkəmə baxışına keçməsinin qarşısını alır. Azərbaycan Respublikası CPM-in 303.3-cü maddəsində sadalanmış kobud pozuntular mahiyyət etibarilə cinayət mühakimə icraatının, xüsusən də məhkəməyədək icraatın ən mühüm və prinsipial xarakterli tələblərinin pozulmasından ibarətdir. Azərbaycan Respublikası CPM-nin: 301.1 və 301.1.3-cü maddələrinin mənasına görə məhkəmə baxışı yalnız məhkəməyədək icraat həmin Məcəllənin 303.3-cü maddəsində nəzərdə tutulmuş kobud pozuntularına yol verilmədən aparıldıqda, keçirilə bilər. 303.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntularına yol verildiyini müəyyən etdikdə məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. 303.2-ci maddəsinə əsasən cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması məhkəmənin əsaslandırılmış qərarı ilə həyata keçirilir. 303.3-cü maddəsinə əsasən cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar aşağıdakı kobud pozuntulara yol verildikdə çıxarılır: 303.3.1. təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması (bu pozuntunun mümkün dərəcədə aradan qaldırılması üçün); 303.3.2. cinayət mühakimə icraatının aparıldığı dili bilməyən təqsirləndirilən şəxsin ana dilindən və ya tərcüməçinin köməyindən istifadə etmək hüququnun pozulması; 307.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai (araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarla, habelə cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi haqqında qərarla yanaşı, məhkəməyədək icraat zamanı bu Məcəllənin tələblərinin kobud surətdə pozulmasına yol vermiş şəxslər barəsində xüsusi qərar çıxarmalıdır. Beləliklə, məhkəmə verilmiş vəsatəti, proses iştirakçılarını dinləyərək və cinayət işinin materiallarını tədqiq edərək hesab edir ki, məhkəməyədək icraat zamanı CPM-nin 303.3.1 və 303.3.2-ci maddələrində nəzərdə tutulan kobud pozuntulara yol verildiyindən müdafiəçinin vəsatəti təmin edilməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialının baxılmasına xitam verilməli və material araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Xətai rayon prokuroruna qaytarılmalıdır. Bundan başqa məhkəməyədək icraat zamanı CPM-nin yuxarıda qeyd olunan tələblərinin kobud surətdə pozulmasına yol vermiş təhqiqatçı barəsində ayrıca xüsusi qərar çıxarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 289, 300, 303, 306-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Müdafiəçi vəsatəti təmin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialının baxılmasına xitam verilsin və iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Xətai rayon prokuroruna qaytarılsın. Qərarın surəti 3 (üç) gün müddətində cinayət prosesinin iştirakçılarına göndərilsin. Qərardan apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilməz. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar