Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-276/2022 26.07.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Yaqubov Fərid Murtuza oğlunun sədrliyi, İskəndərova Əlvanə İlham qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı1, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, müdafiəçi - “Mirzəyev və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında, xx xxxxxxx 1991-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən, o, qanunsuz olaraq, istintaqa məlum olmayan mənbədən, natamam döyüş sursatı olan bir ədəd «RQD-5» tipli hücum təyinatlı əl qumbarasının gövdəsini, F-1, RQD-5, RQ-42 əl qumbaralarının partlayıcısı olan bir ədəd «UZRQM» tipli partlayıcını, həmin bir ədəd «RQD-5» tipli əl qumbarasının gövdəsi ilə bir ədəd «UZRQM» tipli partlayıcı komplektləşdirildikdə, zavod üsulu ilə istehsal olunmuş, MDB dövlətlərinin hərbi qüvvələrində istifadə olunan, tamlığının pozulmadığı üçün, təyinatı üzrə istifadəyə yararlı döyüş sursatını əldə edib daşımaqla, ünvan 3 ünvanında torpağa basdırıb gizlədərək saxlamış, həmçinin üzərində gəzdirmiş, Təqsirləndirilən şəxs qanunsuz hərəkətləri barədə Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsinə daxil olmuş məlumat əsasında, həmin bölmənin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı, Təqsirləndirilən şəxs 08 aprel 2022-ci il tarixdə, saat 16:35-də ünvan 3 ünvanında saxlanıldıqda, polis əməkdaşlarının təklifinə əsasən, əynindəki gödəkçənin sağ yan cibindən çıxararaq, təqdim etdiyi həmin döyüş sursatı aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, o, heç bir yerdə işləmir və ailə üzvləri ilə birlikdə Xətai rayonu, X.Məmmədov küçəsində yerləşən yaşayış sahəsində yaşayır. Bir müddət əvvəl işləri ilə əlaqədar Günəşli qəsəbəsinə getmiş və həmin ərazidə hərəkətdə edib, “dərə” deyilən əraziyə çatdığı zaman, təsadüfən yol kənarına atılmış ağ rəngli sellofan bağlama onun diqqətini cəkmişdir. Həmin bağlamanın içərisində olan xakki rəngli boya ilə rənglənmiş əşya görünüşcə ona qumbaranı xatırlatdığından, həmin bağlamanı götürmüşdür. Bağlamanın içərisinə nəzər salan zaman, içərisində həqiqətən də bir ədəd qumbara, yanında isə qumbaraya aid bir ədəd alışdırıcısının olduğunu görmüşdür. Maraq məqsədi ilə həmin əl qumbarasını və bir ədəd alışdırcısını əynindəki gödəkçənin içərisinə yerləşdirib özü ilə götürmüşdür. O, həmin predmetləri yaşadığı evin yaxınlığında torpağa basdıraraq gizlətmiş və bu barədə heç kimə məlumat verməmişdir. Torpağa basdıraraq gizlətdiyi bir ədəd əl qumbarasını və bir ədəd alışdırıcısını 08 aprel 2022-ci il tarixdə götürüb, yaşadığı evə apararaq, özünə aid əşyalar arasında gizlətmək qərarına gəlmişdir. Bu məqsədlə həmin gün saat təxminən 16 radələrində qeyd edilən ünvana gedib, həmin əşyaları gizlətdiyi yerdən götürüb, əynindəki gödəkçənin cibinə qoyub, oradan uzaqlaşmaq istəyən zaman, bir neçə nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşıb, özlərini polis əməkdaşı kimi təqdim edərək, onun şəxsiyyəti ilə bağlı sorğu-sual etmişlər. O, özünü təqdim etdikdən sonra, polis əməkdaşları qanunsuz olaraq döyüş sursatı əldə edib, saxlamağı ilə bağlı məlumatın daxil olduğunu bildirib, üzərində qanunsuz əşyanın olubolmamasını soruşmuşlar. O, polis əməkdaşlarının məlumatlı olduqlarını başa düşüb, əynindəki gödəkçənin cibində əl qumbarasının və alışdırıcısının olduğunu bildirməklə, həmin əşyaları polis əməkdaşlarına təqdim etmişdir. Bundan sonra polis əməkdaşları onu Xətai RPİ-nin 36-cı Polis Bölməsinə dəvət etmiş və o, buna etiraz etmədən, polis əməkdaşlarının müşayiəti ilə polis bölməsinə getmişdir. Polis bölməsində ona döyüş sursatı əldə edib, saxlamağı ilə bağlı şübhəli olduğu üçün şəxsi axtarışa məruz qalacağı izah edilmişdir. Bundan sonra dəvət edilmiş vəkilin iştirakı ilə üzərində şəxsi axtarış keçirilmiş və ilk əvvəl polis əməkdaşları onlara təqdim etdiyi bir ədəd “RQD-5” tipli əl qumbarası və ona aid bir ədəd alışdırıcısını masanın üzərinə qoymuşlar. Daha sonra üzərində şəxsi axtarış aparılmış, lakin üzərindən qanunla qadağan edilmiş digər əşya və ya predmet aşkar edilməmişdir. Polis əməkdaşları onlara təqdim etdiyi əl qumbarasını və alışdırıcısına baxış keçirdikdən sonra, həmin əşyalar qablaşdırılaraq götürülmüş, bu barədə protokol tərtib olunmuş və doğruluğunu təsdiq etmək üçün o, özü və digər iştirakçılar tərəfindən protokola imza edilmişdir. Törətdiyi əməldən hazırda səmimi peşmançılıq çəkdiyini bildirərək, ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. 08 aprel 2022-ci il tarixdə Təqsirləndirilən şəxs adlı şəxsin qanunsuz olaraq döyüş sursatı əldə etməsi, daşıması və saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş həmin məlumatın yoxlanması üçün, əməliyyat qrupu təşkil edilmişdir. Bundan sonra həmin gün saat 16 radələrində əməliyyat qrupunun üzvləri ilə birlikdə Təqsirləndirilən şəxs olması ehtimal edilən Xətai rayonu, M.Hadi küçəsi 75 ünvanına getmişlər. Bir neçə vaxt ərzində müşahidə apardıqdan sonra, xarici görünüşünə görə Təqsirləndirilən şəxs oxşar şəxsin həmin ünvana gəlməsini müşahidə etmişlər. Həmin şəxsi kənardan nəzarətə götürüb, hərəkətlərini izlədiklərində, onun həmin ərazidəki torpaq sahəsini qazaraq, torpaqdan hər hansı əşyalar götürüb əynindəki gödəkçənin sağ yan cibinə qoymasını müşahidə etmişlər. Onlar dərhal həmin şəxsə yaxınlaşıb, onu saxlamış, xidməti vəsiqələrini təqdim etməklə, Xətai RPİ-nin 36-cı Polis Bölməsinin əməkdaşları olduqlarını bildirib, ondan özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs özünü Təqsirləndirilən şəxs kimi təqdim etdikdə, ona qanunsuz olaraq döyüş sursatı əldə etməsi, daşıması və saxlaması barədə məlumatın daxil olduğunu izah etmiş, daha sonra ondan üzərində qanunsuz əşya və ya predmetin olub-olmamasını soruşduqda, Təqsirləndirilən şəxs əynindəki gödəkçənin sağ yan cibindən bir ədəd “RQD-5” tipli əl qumbarasını və həmin qumbaraya aid bir ədəd alışdırıcını çıxarıb təqdim edərək, təhlükəsizlik tədbirləri çərçivəsində Təqsirləndirilən şəxs təqdim etdiyi əşyalar götürülmüşdür. Bundan sonra, Təqsirləndirilən şəxs araşdırma zərurəti ilə əlaqədar Xətai RPİ-nin 36-cı Polis Bölməsinə dəvət edilmişdir. Bölməyə gəldikdən sonra, vəkil dəvət olunaraq, Təqsirləndirilən şəxs təqdim edilmiş, ona hüquq və vəzifələri izah edilərək, dəvət olunmuş müdafiəçinin iştirakı ilə, videoçəkilişdən istifadə edilməklə, şəxsi axtarış aparılacağı izah edilmişdir. Daha sonra, Təqsirləndirilən şəxs şəxsi axtarışı keçirilmişdir. Şəxsi axtarış aparılan zaman, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş bir ədəd “RQD-5” tipli əl qumbarası və ona aid bir ədəd alışdırıcı barədə sorğu-sual edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs 10 gün əvvəl Günəşli qəsəbəsində “dərə” adlanan ərazidə hərəkətdə olduğu zaman, yerdən əl qumbarasını və alışdırıcısını tapdığını, maraq kəsb etdiyi üçün həmin əşyaları özü ilə götürüb, yaşadığı əraziyə yaxın yerdə torpağa basdırdığını, 08 aprel 2022-ci il tarixdə isə qumbaranı gizlətiyi yerdən götürməklə, evə aparmaq istədiyi zaman, saxlandığını qeyd etmişdir. Təqsirləndirilən şəxs baş verənlər barədə ətraflı məlumat verdikdən sonra, Təqsirləndirilən şəxs götürülmüş bir ədəd “RQD-5” tipli əl qumbarası və ona aid bir ədəd alışdırıcını təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim edilmiş əl qumbarasının və bir ədəd alışdırıcının məhz ondan götürülməsini təsdiq etdikdən sonra, ona üzərində olan qeyri-qanuni əşyaları təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş digər əşya olmadığını bildirmiş və şəxsi axtarış zamanı onun üzərindən başqa heç bir qeyri-qanuni əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs götürülmüş bir ədəd əl qumbarası və həmin qumbaraya aid bir ədəd alışdırıcı zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş, daha sonra bu barədə protokol tərtib olunmuş və həmin protokol bütün iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsinin əməliyyat müvəkkili Şahid2 Şahid1 ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmiş və onun təqsiri özünün etirafı ilə yanaşı aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Belə ki, iş materiallarında olan Şəxsi axtarış və götürmə haqqında protokoldan və videogörüntüdən görünür ki, 08 aprel 2022-ci il tarixdə polis əməkdaşlarının və vəkilin iştirakı ilə şübhəli şəxs - Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, 10 gün əvvəl Günəşli qəsəbəsindən yerdən onun üçün maraqlı gəlmiş əl qumbarasını aşkar etmiş, həmin qumbaranı götürüb cibinə qoymuş və həmin gün onu gətirib “Həzi Aslanov” metrostansiyasının yaxınlığında “Grand” marketin arxa tərəfində torpağa basdırıb gizlətmiş, həmin gün, yəni 08 aprel 2022-ci il tarixdə, saat 16 radələrində həmin qumbaranı gizlətdiyi yerdən götürüb, özü ilə yaşadığı evə aparmaq üçün həmin yerə gedib, gizlətdiyi yerdən qumbaranı götürüb onu cibinə qoyub, uzaqlaşmaq istəyərkən, polis əməkdaşları tərəfindən saxlanılmışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd qumbara və qumbaraya aid bir ədəd alışdırıcı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan, bir ədəd kağız zərfdə qablaşdırılıb götürülmüş, bu barədə protokol tərtib olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin 09 aprel 2022-ci il tarixli, 22/293 R nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, bir ədəd əşya – “RQD-5” tipli hücum təyinatlı əl qumbarasının gövdəsidir natamam döyüş sursatıdır. Digər bir ədəd əşya “UZRQM” tipli partlayıcıdır, “F- 1”, “RQD-5”, “RQ-42” əl qumbaralarının partlayicısıdır. Həmin bir ədəd “RQD-5” tipli əl qumbarasının gövdəsi ilə bir ədəd “UZRQM” tipli partlayıcını komplektləşdirdikdə, zavod üsulu ilə istehsal olunmuş döyüş sursatıdır, MDB dövlətlərinin hərbi qüvvələrində istifadə olunur, tamlığının pozulmadığı üçün təyinatları üzrə istifadə üçün yararlıdır. İş materiallarından görünür ki, bir ədəd “RQD-5” tipli hücum təyinatlı əl qumbarasının gövdəsi və bir ədəd “UZRQM” tipli partlayıcı cinayət işi üzrə maddi sübut kimi tanınaraq, saxlanılması üçün Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin saxlanc anbarına təhvil verilmişdir. Həmçinin, şəxsi axtarış aparılan zaman qeydə alınmış görüntüləri əks etdirən bir ədəd disk cinayət işi üzrə maddi sübut kimi tanınaraq, cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan Şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 08 aprel 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarından görünür ki, 09 aprel 2022-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və o, saxlandığı Xətai RPİ-nin MSY-dən azad olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən verilmiş 11 may 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 22 avqust 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, üzərində qəti olaraq 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, 20 fevral 2017-ci ildə cəzasının sonu ilə azad olunmuşdur. Göründüyü kimi, hazırda Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.2-1-ci maddəsinə əsasən, böyük ictimai təhlükə törətməyən cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu və digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin qeyd olunan maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-ci maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən şəxsin barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin təqsirləndirildiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən, həmin cinayətin az ağır cinayətlər sırasına aid edilməsini, Təqsirləndirilən şəxs şəxsiyyətini nəzərə alır. Təqsirləndirilən şəxs cəza təyin edərkən məhkəmə, təqsirləndirilən şəxsin törətdiyi əməli etiraf etməsini və əməlindən peşmançılıq çəkməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Eyni zamanda məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, onun 08 aprel 2022-ci il tarixdən 09 aprel 2022-ci il tarixədək həbsdə saxlanıldığı müddəti nəzərə alır. Belə ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət; ev dustaqlığında saxlanıldığı müddət; məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət; Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən olunmuşdur. İstinad edilən maddənin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin edilən azadlıqdan məhrum etmə növündə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli 26 iyul 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri “həbs” növündə qətimkan tədbiri ilə dəyişdirilməli, o, məhkəmə zalında həbsə alınmalı və barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınan və Bakı şəhəri Xətai Rayon Polis İdarəsində saxlanılan istifadəyə yararlı, zavod üsulu ilə istehsal olunmuş, döyüş sursatı hesab edilən bir ədəd “RQD-5” tipli hücum təyinatlı əl qumbarasının gövdəsi və bir ədəd “UZRQM” tipli partlayıcı hökm qanuni qüvvəyə mindikdən sonra dövlət nəfinə müsadirə olunmalı və saxlanılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin silah-sursat saxlancına təhvil verilməlidir. İş üzrə maddi sübut olan şəxsi axtarış və götürmə keçirilməsinin görüntüləri əks olunmuş bir ədəd disk cinayət işi üzrə icraat materiallarının saxlanma müddəti ərzində hazırki cinayət işində saxlanılmalıdır. İş üzrə məhkəmə xərci və mülki iddia yoxdur. Qeyd olunanlara əsasənvə Azərbaycan Respublikası CPM-nin 346, 347-349, 351- 353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 1 (bir) gün həbsdə saxlanıldığı müddət təyin edilmiş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 1 (bir) il 5 (beş) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin; cəzasının əvvəli 26 iyul 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri “həbs” növündə qətimkan tədbiri ilə dəyişdirilsin və o, məhkəmə zalında həbsə alınsın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınan və Bakı şəhəri Xətai Rayon Polis İdarəsində saxlanılan istifadəyə yararlı, zavod üsulu ilə istehsal olunmuş, döyüş sursatı hesab edilən bir ədəd “RQD-5” tipli hücum təyinatlı əl qumbarasının gövdəsi və bir ədəd “UZRQM” tipli partlayıcı hökm qanuni qüvvəyə mindikdən sonra dövlət nəfinə müsadirə olunsun və saxlanılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin silah-sursat saxlancına təhvil verilsin. İş üzrə maddi sübut kimi tanınan - şəxsi axtarış və götürmə keçirilməsinin görüntüləri əks olunmuş bir ədəd disk cinayət işi üzrə icraat materiallarının saxlanma müddəti ərzində hazırki cinayət işində saxlanılsın. Hökmdən elan olunduğu andan (məhkum Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən: Fərid Yaqubov
Məhkəmə qərarları › İş №1(011)-276/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-276/2022
26.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver