Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(011)-277/2022 14.06.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Yaqubov Fərid Murtuza oğlunun sədrliyi, İskəndərova Əlvanə İlham qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, müdafiəçi - “Sigma” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında, xx xxxxxx 1986-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, “Healthy GYM” administrator işləyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 29 aprel 2022-ci il tarixdə, saat 15 radələrində Bakı şəhəri, Xətai rayonu, Mehdi Mehdizadə küçəsində yerləşən “Healthy GYM” fitnes zalının birinci mərtəbəsində, girişdə Zərərçəkmiş şəxs ilə zalda mövcud səs-küy səbəbindən aralarında baş vermiş mübahisə zamanı, bir dəfə yumruq zərbəsi ilə sonuncunun sol çiyin nahiyəsindən qəsdən vuraraq, boyun əzələlərinin regidliyi fonunda ağrı ilə müşahidə olunan gərilməsi, sol bazu oynağının hərəkət məhdudluğu fonunda şişkinliyi və dərialtı hematoması ilə nəticələnən, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid xəsarətlər yetirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cinayət əməlini törətməkdə özünü təqsirli bilərək göstərdi ki, o, Xətai rayonu, M.Mehdizadə küçəsində yerləşən “Healthy GYM” fitnes zalının administratoru işləyir. Həmin fitnes zalı çoxmərtəbəli binanın ikinci mərtəbəsində yerləşdiyindən, yuxarı mərtəbədə yaşayan bina sakini olan Zərərçəkmiş şəxs adlı şəxs mütəmadi olaraq gələrək, zalda olan səs-küydən narazılığını bildirirmiş. O isə, hər zaman xoş münasibət saxlamaq istəmişdir. O, Nicatın dedikləri ilə razılaşmayaraq, gecə saatlarında səs-küy yaratmadığını və ümumiyyətlə zalın qadağan edilmiş saatlarda fəaliyyət göstərmədiyini bildirmişdir. Sonuncu dəfə, 29 aprel 2022-ci il tarixdə o, zalda olduğu zaman, Nicat yenidən gələrək mübahisə yaratmış, onu və orada işləyən işçiləri təhqir etmişdir. Bundan sonra, o, Nicatın yaxasından tutaraq, sol çiynindən vurmuşdur. Həmin vaxt Nicat onun yaxasını buraxmağı tələb edərək, əynindəki gödəkçəsinin cırıldığını nümayiş etdirmişdir. Baş vermiş hadisə ilə bağlı mübahisə etdiyi Zərərçəkmiş şəxsla hazırda barışdığını, onu vurduğuna görə əməlindən peşman olduğunu bildirərək, barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs bildirdi ki, o, ailəsi ilə birlikdə ünvan 2 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasında yaşayır. Yaşadığı mənzildən aşağı mərtəbədə fitnes zalı fəaliyyət göstərir. Fitnes zalı fəaliyyətə başladıqdan sonra, oradan olan səs-küy səbəbindən rahat yaşamaq mümkün olmur. O, dəfələrlə bu barədə fitnes zalının administratoru işləyən Təqsirləndirilən şəxs müraciət edərək, səs-küyü yığışdırmaqlarını tələb etmişdir. 29 aprel 2022-ci il tarixdə evdə olduğu zaman, musiqinin yüksək səslə olması səbəbindən, Azərə yenə də öz narazılığını bildirmişdir. Həmin vaxt aralarında mübahisə baş vermiş və gözlənilmədən Azər onun yaxasından tutaraq, yumruqla sol çiynindən vurmuşdur. Bundan sonra, o, baş vermiş hadisə barədə polisə müraciət etmişdir. Hazırda isə iş üzrə təqsirləndirilən Təqsirləndirilən şəxslə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını göstərərək, təqsirləndirilən şəxsin barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya birliyinin 11 may 2022-ci il tarixli, 485 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs üzərində aşkar olunan xəsarətlər - boyun əzələlərinin regidliyi fonunda ağrı ilə müşahidə olunan gərilməsi, sol bazu oynağının hərəkət məhdudluğu fonunda şişkinliyi və dərialtı hematoması müəyyən edildi. Xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmiş, yetirilmə müddəti 29 aprel 2022-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş 19 may 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Beləliklə, aparılmış məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs yuxarıda göstərilən cinayət əməlini törətməsi özünün etirafedici ifadəsi, ekspert rəyi, eləcə də işin tədqiq olunmuş digər materialları ilə sübuta yetirilir. Məhkəmə Təqsirləndirilən şəxs izahatını, zərərçəkmiş şəxsin barışıq barədə ərizəsini nəzərdən keçirib, iş materiallarını araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs hazırki iş üzrə cinayət məsuliyyətindən azad edilməli və onun barəsində olan cinayət təqibinə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.8-ci maddəsinə əsasən, zərərçəkmiş şəxsin şikayəti olmadıqda (cinayət təqibi xüsusi ittiham qaydasında həyata keçirildikdə, habelə cinayət təqibinin başlanmasına prokurorun təşəbbüsü olmadığı halda cinayət təqibi ictimai-xüsusi ittiham qaydasında həyata keçirildikdə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə əsasən, bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1-ci maddəsinə əsasən, böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. 20 oktyabr 2017-ci il tarixli Qanunla əlavə edilmiş və 01 dekabr 2017-ci il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 37.4, 39.1.9, 40.2 və 41.7-ci maddələrinin şərh edilməsinə dair” 15 iyul 2011-ci il tarixli Qərarında qeyd edilir ki, cinayət təqibi ictimaixüsusi və ictimai ittiham qaydasında həyata keçirilərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-cü maddəsində nəzərdə tutulmuş hallar aşkar olunduqda bu Qərarın əsaslandırıcı hissəsində göstərilən şərtlərə riayət edilməklə icraatın məhkəməyədək mərhələsində təhqiqatçının və müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmaya və ya ona xitam verilə bilər. Bu hal məhkəmə baxışının gedişində müəyyən edildikdə cinayət təqibinə müdafiə tərəfinin razılığı ilə xitam verilə bilər. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda qiymət verib, Təqsirləndirilən şəxs səmimi peşmançılığını və zərərçəkmiş şəxslə barışmasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq olunmaqla, cinayət məsuliyyətindən azad edilməsi və onun barəsində olan cinayət təqibinə xitam verilməsi məqsədəuyğundur. İş üzrə maddi sübut, məhkəmə xərci və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 37.4, 39.1.8, 43.1.2, 321.2.1 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən: Fərid Yaqubov
Məhkəmə qərarları › İş №1(011)-277/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №1(011)-277/2022
14.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver