Məhkəmə qərarları › İş №1(011)-278/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-278/2023

03.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-278/2023 03.05.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, Paşayev Orxan Zakir oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1983-cü il tarixində Daşkəsən şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmuş və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan– Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,950 qram narkotik vasitə heroin əldə edib, üzərində saxlamaqla daşımış və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında Xətai RPİ-nin 37-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində o, 24 fevral 2022-ci il tarixdə saat 19:00 dəqiqədə ünvan 2 ünvanın qarşısında saxlanılıb ünvan 3 inzibati binasına gətirilərək orada videoçəkilişdən istifadə etməklə polis əməkdaşları, müdafiəçisinin iştirakı ilə aparılan şəxsi axtarış və götürmə zamanı əynində olan qara rəngli gödəkçəsinin sol qol cibindən bir ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 0,950 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş təqsirləndirilən şəxs saxlanılarkən tərtib edilmiş protokol, təqsirləndirilən şəxsin təhqiqat zamanı izahatı, ibtidai araşdırma və məhkəmə istintaqı zamanı vermiş olduğu ifadələri, şahidlərin ifadələri, maddi sübutların götürülməsi protokolu, məhkəmə-kimyəvi və məhkəmə-narkoloji ekspertizalarının rəyləri, eləcə də işin biri-digərini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək məhkəməyə vermiş olduğu ifadəsində göstərmişdir ki, o, bədənində olan mil ilə əlaqədar olaraq ağrılarını azaltmaq üçün lirika, tramadol kimi psixotrop maddələrdən istifadə edir. Heroindən istifadə etməmişdir. O, polis əməkdaşları tərəfindən evdən götürülmüşdür. Ona bildirilmişdir ki, verilən sənədlərə qol çəkdiyi təqdirdə azad olunacaqdır, o da, polis əməkdaşlarına inanıb həmin sənədlərə qol çəkmişdir. Bildirmişdir ki, himayəsində 5 azyaşlı uşağı vardır. İki uşağı Azərbaycanda olan nikahından dünyaya gəlmiş, digər 3 azyaşlı uşağı isə Rusiya Fedrasiyasının ərazisindədir. Ona yüngül cəza verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu ifadə ilə cari məhkəmə baxışında verdiyi ifadələr arasında zidddiyyətlər olduğundan təqsirləndirilən şəxs ifadə verdikdən və verilmiş suallara cavab verdikdən sonra onun məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsi elan edilmişdir. Təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda təqsirli bilərək ifadəsində göstərmişdir ki, bir neçə ildir ki, narkotik vasitənin müxtəlif növündən istifadə etmiş, əsasən də narkotik vasitə heroin və tiryəkdən istifadə etmişdir. Belə ki, narkotik vasitə aslılığında olduğu üçün bədənində ağrılar olmuş və buna dözə bilməmiş, ağrıların qarşısını almaq üçün də narkotik vasitə əldə etdikdən sonra inyeksiya yolu ilə qəbul etmişdir ki, əhval-ruhiyyəsi yaxşı olsun. Narkotik vasitəni tanımadığı şəxslərdən pulla almışdır. Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə məhkum olunmuş və azadlıqdan məhrum edilmişdir. Cəzasını çəkib azadlığa buraxılmışdır. Azadlığa çıxdıqdan sonrada narkotik vasitə istifadə etmişdir. 23 fevral 2023-cü il tarixdə axşam saatlarında narkotik vasitə əldə etmək üçün yaşadığı evdən çıxaraq Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsinə gəlmişdir. Keşlə qəsəbəsində stansiya deyilən yerin yaxınlığında üzdən tanıdığı və şifahi olaraq narkotik vasitə istifadə etməsini bildiyi şəxsi görmüşdür. Həmin şəxsə yaxınlaşıb ağrıları olmasını bildirib narkotik vasitə istəmişdir. Həmin şəxs 10 manat istəmiş və sonuncuya 10 manat vermişdir. Bundan sonra həmin şəxs bir ədəd şəffaf sellofan büküm vermişdir. Bükümü alıb baxmayaraq cibinə qoymuş və oradan uzaqlaşmışdır. Həmin günü yaşadığı ev gəlmiş və yatmışdır. Səhəri günü, yəni 24 fevral 2023-cü il tarixdə yuxudan oyanıb işləri ilə məşğul olmuşdur. İşlərini bitirdikdən sonra narkotik vasitəni cibindən çıxarıb gödəkçəsinin sol qol cibinə qoymuşdur ki, ağrıları olduqda istifadə edər. Həmin günü Xətai rayonu, UPD qəsəbəsinə gəlmişdir. Saat 19 radələrində UPD qəsəbəsi, R.Bağırov küçəsi 2 ünvanın qarşısında dayanan zaman iki nəfər mülki geyimli şəxslər yaxınlaşaraq xidməti vəsiqələrini göstərib Xətai RPİ-nin 37-ci PŞ-nin əməkdaşları olmasını bildirmişlər. Polis əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olmağını bildirib şəxsiyyəti barədə sorğusual edib 37-ci PŞ-nə dəvət etmişlər. Heç bir etiraz etməmiş və polis şöbəsinə gətirmişlər. Polis şöbəsində xidməti otaqların birinə vəkil dəvət edilmiş, hüquq və vəzifələri izah olunmuşdur. Sonra vəkilin və polis əməkdaşlarının iştirakı ilə videoçəkilişdən istifadə olunmaqla üzərində şəxsi axtarış aparılmışdır. Üzərində qanunsuz əşya olub-olmaması barədə sual verilmiş və olduğu halda təqdim etməyi təklif olunmuşdur. Bundan sonra əynində olan qara rəngli gödəkçəsinin sol qol cibindən bir ədəd şəffaf sellofan bükümü çıxarıb təqdim etmişdir. Həmin büküm açılaraq içərisinə baxış keçirilmişdir. Sellofan bükümün içərisindən qəhvəyi rəngli, spesfik iyə malik, bərk halda maddə aşkar olunmuşdur. Həmin maddənin nə olması və haradan əldə etməyi barədə sual verilmiş, bu zaman bildirmişdir ki, həmin maddə narkotik vasitə heroindir, narkotik vasitəni həmin günü səhər saatlarında Nizami rayonu, Keşlə qəsəbəsində şəxsi istifadəsi üçün haqqında heç bir məlumata sahib olmadığı şəxsdən 10 manata almışdır. Aşkar edilmiş narkotik vasitə elektron tǝrǝzi ilə çəkilmiş və çəkisi 1,05 qram müəyyən edilmişdir. Bundan başqa üzərindən heç bir qanunsuz əşya aşkar olunmamışdır. Üzərindən aşkar edilmiş narkotik vasitə polis əməkdaşı tərəfindən zərfə qoyularaq qablaşdırılmış və möhürlənmişdir. Bu barədə protokol tərtib olunmuş, protokol ucadan oxunmuş, doğruluğunu axtarışda iştirak edən şəxslər imza edərək təsdiq etmişlər. (i.v.64-66); Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, o 24 fevral 2023-cü il tarixdə ünvan 1 ünvanda qeydiyyatda olan, ünvan 4ayan Təqsirləndirilən şəxs inzibati ərazidə qanunsuz olaraq narkotik vasitə əldə edərək istifadə etməsi barədə etimad doğuran məlum və qərəzsiz mənbədən polis şöbəsinə məlumat daxil olmuşdur. Həmin məlumatın yoxlanılması və Təqsirləndirilən şəxs ətrafında əməliyyat tədbirlərinin keçirilməsi barədə polis şöbəsinin rəisinə raportla məruzə etmişdir. Rəis tərəfindən həmin məlumatın qanuna uyğun formada yoxlanılmasına icazə verilmişdir. Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə saxlamasına görə və onun ifşa edilməsi məqsədi ilə onun ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmiş, həmin qərar bölmə rəisi tərəfindən təsdiq olunmuş, əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair təsdiq olunmuş qərar barədə Xətai rayon prokuroruna və Xətai rayon məhkəməsinə məlumatlar verilmişdir. Bundan sonra əməliyyat qrupu yaradılmış, həmin qrupun rəhbəri o, üzvü isə bölmənin sahə inspektoru, polis kapitanı Şahid2 təyin olnmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs ətrafında tədbirlər keçirilməyə başlanılmışdır. Həmin gün Şahid1 ilə birlikdə məlumat əsasən ünvan 2 ünvanın qarşısına gəlmişlər. Saat 19:00 dəqiqədə həmin ünvanın qarşısında Təqsirləndirilən şəxs əlamətlərinə görə oxşadıb sonuncuya yaxınlaşmışlar. Həmin şəxsə xidməti vəqisələrini göstərib özlərini təqdim etmişlər və sonuncudan özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs də Təqsirləndirilən şəxs olmasını bildirmişdir. Onlar Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olmasını bildirib sonuncunu Xətai RPİ-nin 37-ci PŞ-nə dəvət etmişlər. Lətif da heç bir etiraz etməyərək razılaşmışdır. Bundan sonra onlar birlikdə polis şöbəsinə gəlmişlər. Şöbəda raport yazıb rəisə məruzə etmişdir. Bir sıra prosessual hərəkətlər icra olunduqdan sonra polis şöbəsinə vəkil dəvət edilmişdir. Bundan sonra xidməti otaqların birində Təqsirləndirilən şəxs huquq va vəzifələri izah edilməklə vəkilin iştirakı ilə videoçəkiliş etməklə onun üzərində şəxsi axtarış aparılmağa başlanılmışdır. Axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunsuz har hansı bir əşyanın olub-olmaması barədə sual verilmiş va olduğu halda onu könüllü taqdim etməsi təklif edilmişdir. Bu zaman Təqsirləndirilən şəxs aynində olan qara rəngli gödəkçəsinin sol qol cibindən bir ədəd şəffaf sellofan bükümü çıxarıb taqdim etmiş. homin büküm açılaraq içərisinə baxış keçirilmiş və sellofan bükümda qəhvəyi rəngli maddə olması müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs həmin maddənin nə olması və haradan əldə etməsi barədə sual verilmiş, sonuncu da bildirmişdir ki, həmin maddə heroin kimi tanıdığı narkotik vasitədir, narkotik vasitəni Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsində üzdən tanıdığı şəxsdən 10 manata şəxsi istifadəsi üçün alaraq üzərində saxlamışdır. Aşkar edilmiş sellofan büküm elektron tərəzi ilə çəkilmiş və çəkisi 1,05 qram olmuşdur. Aşkar edilmiş maddə kağız zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri 153 saylı möhür ilə möhürlənmiş, iştirakçılar tərəfindən imzalanmış vo Təqsirləndirilən şəxs üzərindən başqa qanunsuz əşya aşkar edilməmişdir. Bundan sonra protokol tərtib olunmuş, protokol ucadan oxunmuş, protokol düzgün tərtib edildiyi üçün doğruluğunu baxışda iştirak şəxslər imza edərək təsdiq etmişlər. İş üzrə digər Şahid1 məhkəmə iclasının vaxtı barədə qanuna müvafiq qaydada məlumatlandırılmasına baxmayaraq, o məhkəmə iclasına gəlməmişdir. Məhkəmə həmin şahidin məhkəmə iclasında iştirak etməməsini nəzərə alaraq, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmiş, habelə istintaq dövründə vermiş olduqları ifadəsi elan olunmuşdur. Həmin ifadəsində o, iş üzrə digər Şahid2 ilə oxşar məzmunlu ifadələr verərək onun qeyd etdiyi xüsusatları bir daha təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 25 fevral 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə cinayət işi başlanılmış və icraata qəbul edilmişdir (i.v. 1); şübhəli şəxsin tutulması haqqında 24 fevral 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 24 fevral 2023-cü il tarixdə, saat 19:00-da narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli şəxs qismində saxlanılaraq Xətai RPİ-nin 37-ci polis şöbəsinə gətirilmiş və həmin tarixdə, saat 19:30-da müdafiəçinin iştirakı Xətai RPİ-nin 37-ci PŞ-nin inzibati binasında Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (i.v. 21); şəxsi axtarış və götürmə aparılması haqqında 24 fevral 2023-cü il tarixli protokoldan görünür ki, Xətai RPİ-nin 37-ci PŞ-in CA üzrə əməliyyat müvəkkili, Şahid1, Xətai RPİ-nin 37-ci PŞ-in sahə inspektoru Şahid2, barəsində şəxsi axtarış və götürmə aparılan şübhəli şəxs Təqsirləndirilən şəxs, müdafiəçi Bakı şəhəri 13 saylı vəkil bürosunun vəkili X2 iştirakları ilə şəxsi axtarış və götürülmə aparılmış, bu barədə müvafiq protokol tərtib olunmuşdur. Şəxsi axtarış və götürmə başlamazdan əvvəl bütün iştirakçılar bu prosessual hərəkətin aparılması zamanı “Panasonic” markalı videokameradan istifadə olunmaqla video çəkilişin həyata keçirilməsi barədə xəbərdar edilmişdir. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim edilməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkçəsinin sol qol cibindən 1 ədəd şəffaf sellefonın içərisində siqaretin gümüşü kağızına bükülmüş bükülünü və həmin bükülünün içərisində olan maddəni təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin 1 ədəd şəffaf sellefonin içərisində siqaretin gümüşü kağızına bükülmüş büklülünün içərisində nə olması soruşulduqda, Təqsirləndirilən şəxs həmin bükümdəki kütlənin narkotik maddə olan "heroin" olmasını bildirmişdir. Həmin şəffaf sellefonın içərisində siqaretin gümüşü kağızı açıldıqda, içərisində qəhvəyi bərk halda, spesifik iyə malik kütlələr aşkar edilmişdir. Həmin bükümdə olan maddələr elektron tərəzidə çəkiləri çəkilmiş və məlum olmuşdur ki, həmin kütlənin çəkisi qablaşdırma ilə birlikdə 1,05 qramdır. Təqsirləndirilən şəxs həmin narkotik maddəni 24 fevral 2023-cü il tarixdə Nizami rayonu, Keşlə qəsəbəsi yaxınlığında üzdən tanıdığı, lakin heç bir anket məlumatlarını bilmədiyi şəxsdən 10 manata almış və özü istifadə etmək üçün 1 büküm edərək üzərində saxlamışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan tərəfimdən bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 153 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. (i.v. 32-33); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 25 fevral 2023-cü il tarixli, 6/1145 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində "Azərbaycan Respublikası DİN Zərflər üçün Nº174" dairəvi möhür əksi və "...Təqsirləndirilən şəxs-imza, 3- imza,təhqiqatçı: Ş.Nuraliyev - imza..." yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdə 01 (bir) ədəd bükümdəki təmiz çəkisi - 0,950 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Heroin 2005-ci il 08 iyun tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin" in siyahısına (Siyahı İ) daxildir. (i.v. 41-44); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 26 fevral 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb olunmuş və Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan ittiham elan edilmişdir (i.v. 55); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 4(011)-146/2022 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri qismində həbs seçilməklə məcburiyyət tədbiri tətbiq edilmiş, həbsdə saxlama müddəti 2 (iki) ay həddində müəyyən edilmiş, həbsetmənin əvvəli 24 fevral 2023-cü il tarixdən hesablanmışdır ( i.v. 73-78); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X10 şəxsi Ambulator X1 xx.xx.2023-cü il tarixli, 1346 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs Opioidlərin qəbul edilməsi nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür ( i.v. 93-94); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən alınmış 29 mart 2023-cü il tarixli tələbnamə əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli höküm ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək 01 il 11 ay 26 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2022-ci il tarixində cəzasının sonu ilə azad olunmuşdur.( i.v. 95-96); Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-246/2020 saylı, xx.xx.2020-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 02 il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən məhkəməyədək icraat dövründə tutulduğu 04 gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 01 il 11 ay 26 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, cəzasının əvvəli 19 sentyabr 2022-ci il tarixdən hesablanması, cəzasının ümumi rejimli cəzasında cəkməsi hökm olunmuşdur.(i.v 98-107) sübutların qiymətləndirilməsi haqqında 28 mart 2023-cü il tarixli qərardan görünür ki, Cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM- nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham dəyişdirilmədən qüvvəsində saxlanılması, təqsirləndirilən şəxs X3 barasinda seçilmiş habs qətimkan tədbiri nəzərə alınması, Təqsirləndirilən şəxs ifadələri toplanmış sübutların məcmusi ilə taqsdiq edildiyindən şahid qismində dindirilmiş Şahid1, Şahid2 ifadələri, məhkəmə kimyəvi ekspertizasının 25 fevral 2023-cü il tarixli 6/1145 saylı rayi, məhkəmə narkoloji ekspertizasının 07 mart 2023-cü il tarixli 1346 nömrəli rəyi, şəxsi axtarış və götürmə, diskə baxış protokolları iş üzrə sübut növü kimi qiymətləndirilməsi, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra 0,900 qram qalan narkotik vasitə heroin maddi sübut kimi tanınması, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmasını əks etdirən bir ədəd "DVD" disk sübut kimi tanınması, Təqsirləndirilən şəxs Nərimanov rayon məhkəməsinin 27 oktyabr 2020- ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 11 ay 26 gün müddətində azadlıqdan məhrumetmə cəzasına məhkum olunduqdan sonra cəzasını çəkib qurtardığı gündən iki il müddət keçmədiyi üçün əvvəllər məhkum edilmiş şəxs hesab edilməli və əvvəlki cəzası residiv kimi qiymətləndirilməsi, Azərbaycan Respublikası CM-in 61-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs Nərimanov rayon məhkəməsi tərəfindən 01 il 11 ay 26 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edildikdən sonra Azərbaycan Respublikası CM- nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi onun məsuliyyətini ağırlaşdıran hal kimi qiymətləndirilsin. 8. Xətai RPİ-nin 37-ci Polis Bölməsində Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman narkotik vasitə heroini təqdim etməsi könüllü təqdim etmə kimi qiymətləndirilməsi, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroinin miqdarı məhkəmə kimyəvi ekspertizasının rəyində göstərilmiş miqdara əsasən, yəni 0,950 qram əsas götürülməsi qərara alınmışdır. (i.v. 112-120); Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 7(003)-60/2022 saylı qərarından görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-246/2020 saylı 27 oktyabr 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, CM-nin 69.3-cü maddəsinə əsasən qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlıqdan mahrum etmə cəzasına məhkum edilmiş X5 barəsində "8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında" Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 4-cü bandi tetbiq edilsin ve ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsi 06 (altı) ay azaldılması qərara alınmışdır. “AZEMİS” elektron məhkəmə sistemindən əldə edilmiş məlumatdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2013-cü il təvəllüdlü X6 və xx.xx.2011-ci il təvəllüdlü X8 övladları var. Məhkəmə iclasında tərəflərin iştirakı ilə videogörüntü tədqiq edilmiş, videogörüntüdə Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış aparıldığı, hüquq və vəzifələri izah edildiyi, üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyanı təqdim etməsi təklif edildiyi, Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkçəsinin sol qol cibindən 1 ədəd bükümdə olan bükülünün "heroin" olmasını bildirməsi və həmin narkotik maddəni 24 fevral 2023-cü il tarixdə Nizami rayonu, Keşlə qəsəbəsi yaxınlığında üzdən tanıdığı, lakin heç bir anket məlumatlarını bilmədiyi şəxsdən 10 manata almış və özü istifadə etmək üçün 1 büküm edərək üzərində saxlamasını deməsi müəyyən olunmuşdur. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin, şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Məhkəmə, Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olmaması və onun polis əməkdaşları tərəfindən yaşadığı evdən götürülməsi ilə bağlı məhkəmədə verdiyi ifadəsinə tənqidi yanaşır və hesab edir ki, onun bu ifadəsi cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyır və özünün məhkməyədək icraat dövründə verdiyi ifadələri, şahid ifadələri ilə təkzib olunur. Bundan əlavə, ibtidai araşdırma zamanı müdafiəçinin iştirakı ilə təqsirləndirilən şəxsin ifadələri alınmış, həmin ifadələrdə Təqsirləndirilən şəxs özünü tam təqsirli bilərək hadisə ilə bağlı bütün xüsusatları göstərmiş, həmin ifadələri təsir altında verməsi ilə bağlı ibtidai araşdırma zamanı hər hansı müraciəti olmamışdır. Bundan əlavə təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2023-cü il tarixli, 4(011)-146/2023 saylı qərardan görünür ki, təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək, himayəsində 5 azyaşlı uşağının olduğunu və onlara baxdığını bildirərək vəsastət və təqdimatın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.3-ci maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəza çəkmə müəssisələrində çəkirlər. 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 61.1.1-ci maddəsinə əsasən cinayətlərin təkrar törədilməsi, cinayətlərin residivi ağırlaşdırıcı hal hesab olunur; 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir; 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə. 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahının 5-ci qrafasına əsasən təmiz çəkisi 0,950 qram olan heroin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli qərarında qeyd edilmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 25 may 2009-cu il tarixli qərarında qeyd edilmişdir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. 05 noyabr 2021-ci il tarixli 8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin Qərarının 4-cü bəndinə əsasən bu qərarın 1-ci və 2-ci hissələrində nəzərdə tutulan şəxslərdən başqa, 3 ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslərin cəzalarının bu Qərar qüvvəyə mindiyi günədək çəkilməmiş hissəsi 6 aydan artıq olduqda, çəkilməmiş cəza 6 ay azaldılması müəyyən olunmuşdur. (bu Qərarın 10-cu hissəsində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla). Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı övladının olmasını(CM 59.1.4) nəzərə alır və onu yüngülləşdirici hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-246/2020 saylı, xx.xx.2020-ci il tarixli hökmü ilə məhkum olunduğu 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasını çəkib qurtardığı xx.xx.2022-ci il tarixindən 02 il müddət keçmədiyindən, yəni məhkumluğu ödənilmədən hazırki cinayət əməlini törətmişdir. Bununla da onun əməlində cinayətin residivi müəyyən edilmişdir Təqsirləndirilən şəxs əməlində residivin olması(CM-61.1.1) cəzanı ağırlaşdıran hal kimi qiymətləndirilməlidir. Təqsirləndirilən şəxs əvvəllər də hazırki ittiham olunmuş cinayətlə eyni məzmunlu cinayət əməlini törətməsini, həmin cinayətə görə məhkum olunmasını, əməlində cinayətin residivin olması, yenidən eyni məzmunlu cinayət əməlini törətdiyini, digər cəza ilə cəzanın məqsədinə nail olunmamasını, təqsirkarın şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğuna görə ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halı və ağırlaşdıran halın olması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, az ciddi cəza növünün cəzanın məqsədlərini təmin edə bilməməsi nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu tarixindən hesablanmalı, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan narkotik vasitə hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə maddi sübut - 01 (bir) ədəd disk iş materiallarında saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş 13 saylı Vəkil bürosunun vəkili Müdafiəçi 20 (iyirmi) saat üçün nəzərdə tutulan 120 (yüz iyirmi) manat pul ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 06(altı) aymüddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli 24 fevral 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut – ekspertiza tədqiqatından sonra qalan Bakı şəhəri Xətai Rayon Polis İdarəsində saxlanılan 0,900 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Ekspertiza tədqiqatının dəyəri 92 (doxsan iki) manat pul Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut – 01 ədəd disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş 13 saylı Vəkil bürosunun vəkili Müdafiəçi 20 (iyirmi) saat üçün nəzərdə tutulan 120 (yüz iyirmi) manat pul ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sülhanə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar