Məhkəmə qərarları › İş №1(011)-279/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-279/2022

03.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-279/2022 03.10.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1996-cı ildə Ağcabədi şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına” vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs ittiham elan olunmuşdur ondan ötrü ki, o, aralarında əvvəldən tanışlıq münasibətlərinin olduğu Müdafiə Nazirliyinin Ağcabədi rayonu, Yeni Qaradolaq kənd ərazisində yerləşən N nömrəli hərbi hissənin 3-cü bölüyünün 1-ci tağımının 3-cü tankının mexanik-sürücüsü, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Şahid1 ilə 17 iyun 2021-ci il tarixdə "Whatsapp" mobil tətbiqi vasitəsilə istifadəsində olan "Azercell” mobil operatoruna məxsus ***-***-**-** saylı mobil nömrədən onun istifadəsində olan "Azercell" operatoruna məxsus ***-***-**-** saylı mobil nömrəyə zəng etmiş, həmin danışıq zamanı ona mənbəyi barədə məlumat vermədən bir ədəd "Makarov" konstruksiyalı tapançaya malik olduğunu bildirib həmin silahı satmaqda ona köməklik etməsini xahiş etmiş, Təqsirləndirilən şəxs əsgər Şahid1 təklifini qəbul etmiş və sonuncudan həmin tapançanı 2-3 gün ərzində ona verməsini istəyib silahı satdıqdan sonra bunun müqabilində ona 300 manat pul verəcəyini bildirmiş, əsgər Şahid1 da həmin təklifi qəbul edərək razılaşmış, 20 iyun 2021-ci il tarixdə təxminən saat 20 radələrində qabaqcadan aralarındakı razılaşmaya əsasən onunla Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının qarşısında təklikdə görüşərək qeyd edilən odlu silahı və onun komplekt hissəsini, eləcə də daha öncədən talayıb gizlətdiyi patronlardan 8 ədədini əlavə edib ümumilikdə 24 ədəd atəşə yararlı, 9 mm kalibrli patronları ona satmış, öz növbəsində o da qanunsuz olaraq əldə etdiyi həmin silahı, onun komplekt hissəsini və 24 ədəd 9 mm kalibrli patronları 28 iyun 2021-ci il tarixədək yaşadığı ünvan 2 ünvanında yerləşən evində gizlətməklə saxlamış, daha sonra həmin silahı, onun komplekt hissəsini və döyüş sursatlarını istintaqa məlum olmayan taksi avtomobilində 28 iyun 2021-ci il tarixdə Ağcabədi şəhərindən Bakı şəhərinə qanunsuz daşıyıb üzərində gəzdirmiş və 29 iyun 2021-ci il tarixdə saat 17 radələrində Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 1022 ünvanında yerləşən "Babək Plaza" biznes mərkəzinin 2-ci mərtəbəsinin 17 nömrəli otağında tanışı X3 ofisində olan zaman sonuncunun xəbəri olmadan həmin silahı, onun komplekt hissəsini və döyüş sursatlarını ofisdə divanın alt hissəsində gizlətməklə saxlamışdır. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Şahid1 uzun müddətdir ki, tanıyır. Hidayət onun uzaq qohumudur. Şahid1 ünvan 5 ünvanına yaxın ərazidə qalır. Şahid1 Ağcabədi rayonunda yerləşən hərbi hissədə xidmət etdiyini bilmişdir. O, özü 2-ci "Vətən müharibəsi" dövründə könüllü olaraq, döyüşlərə qatılmış, hərbi hissənin tərkibində xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixə kimi xidmət etmişdir. Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı rayonlarının işğaldan azad olunmasında iştirak etmiş, Azərbaycan Respublikasının Prezidenti X8 24 iyun 2021-ci il tarixli, 2713 və 2715 nömrəli sərəncamları ilə "Zəngilanın azad olunmasına görə" və "Qubadlının azad olunmasına görə" medalları ilə təltif olunmuş, Həmçinin ona Azərbaycan Qarabağ müharibəsi əlilləri və şəhid ailələri ictimai birliyi tərəfindən müharibə iştirakçısı statusu verilmişdir. Təxminən 2021-ci ilin iyun ayının ortalarında Şahid1 xatırlamadığı mobil telefon nömrəsindən onun ********** saylı mobil telefon nömrəsinə "Whatsapp" proqramı vasitəsilə zəng edərək, onda "Makarov" markalı tapança olduğunu bildirib, satmaq istədiyini, onun həmin tapançanı satıb-sata bilməyəcəyini soruşmuş, o, Şahid1 tapançanı sata biləcəyini, 2-3 gün ərzində silahı ona verməsini və silahı satdıqdan sonra 300 manat pul verəcəyini bildirmiş və Şahid1 onunla razılaşmışdır. Bundan 2-3 gün sonra Şahid1 yenidən onunla mobil telefonla əlaqə saxlamış, tapançanı gətirmək istədiyini bildirmiş, həmin vaxt onlar Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının qarşısında görüşmək üçün razılığa gəlmişlər və həmin gün saat 20 radələrində razılaşdıqları yerdə görüşmüşlər. O, həmin yerə taksi ilə gəlmiş, həmin avtomobil ağ rəngli "VAZ 2106" markalı avtomobil olmuş, avtomobilin dövlət qeydiyyat nişanını bilməmiş, sürücünü də tanımamışdır. Orada avtomobilin yanında Şahid1la görüşüb, söhbət etmişlər. Söhbət zamanı Şahid1 silahı gətirdiyini və silahı ona necə verəcəyini soruşmuş, o da avtomobilə əyləşərək, silahı verməsini bildirmiş, bundan sonra sürücüdən onlar üçün su almasını xahiş etmiş, sürücü də avtomobildən düşmüş və Şahid1la o, avtomobilin arxa oturacağında oturmuşlar. Şahid1 özü ilə gətirdiyi əl çantasını ona uzatmış, o, həmin çantanı açanda içərisində bir ədəd "makarov" markalı tapança olduğunu və silahın üzərində patron darağının da olduğunu görmüş, lakin daraqda patron olmadığını bildirmiş, o, tapançanı götürüb, paltarının altına yerləşdirmiş, bundan sonra əl çantasının içərisində ağ rəngli sellofanın içərisində patronların olduğunu görmüş və həmin patronları Şahid1 deyərək götürmüş, patronları saymamış, sellofanda təxminən 20 ədəddən bir az çox patron olmuşdur. Bundan sonra Şahid1 evlərinə düşürüb, yaşadığı evə gəlmişdir. Silahı və patronları göy rəngli politetilen torbaya qoyub, evin giriş qapısından bayırda olan arxın yanındakı kolların arasında gizlətmişdir. Daha sonra o, xx.xx.2021-ci il tarixdə tanımadığı taksi sürücüsünün avtomobili ilə Bakı şəhərinə gəlmişdir. Bakı şəhərində olan zaman əvvəldən tanıdığı X3 işlədiyi ofisə getmişdir. Məlikin işlədiyi ofis Bakı şəhəri, Xətai rayonu, Babək prospektində yerləşən adını dəqiq bilmədiyi plazada yerləşmişdir. xx.xx.2021-ci il tarixdə təxminən 17-18 radələrində o, Məlikin işlədiyi ofisə gedib onunla görüşmüşdür. Əldə etmiş olduğu silahı və onun komplekt hissələrini həmin vaxt özü ilə götürmüş və onları sellofan torbanın içərisinə qoymuşdur. Sellofan torbanın içərisində başqa bir sellofan torba olmuşdur və həmin sellofan torbanın içərisində köynək gətirmişdir. O, köynəyini dəyişmək üçün tualetə keçmiş və köynəyini dəyişmişdir. Köynəyini dəyişdikdən sonra yenidən ofisə qayıtmışdır. O, Məliklə birlikdə ofisin içərisində olan zaman Məlikə zəng gəlmiş və Məlik ofisin içərisində olan digər otağa keçmişdir. Bu vaxt o, əlində olan sellofan torbanı ofisin içərisində yerləşən divanın altına qoyaraq gizlətmişdir. Məlik telefonla danışdıqdan sonra yenidən onun yanına qayıtmış və onu yola salmışdır. Bundan sonra Şahid1 xx.xx.2021-ci il tarixdə tutulduğunu eşitmişdir. O, silahın onda olacağını biləcəklərini və cinayət məsuliyyətinə cəlb edilə biləcəyini düşünüb Ağcabədi rayonunda yerləşən aviakassadan xx.xx.2021-ci il tarixli Bakı-Moskva uçuşu üçün bilet almışdır. xx.xx.2021-ci il tarixdə Bakı Beynəlxalq hava limanında ona sərhədi keçməyə icazə verilməmişdir. Bundan sonra xx.xx.2021-ci il tarixdə Polis əməkdaşları onu dindirmə üçün hərbi prokurorluğa təhvil vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 16 aprel 2020-ci il tarixdə Müdafiə Nazirliyinin hərbi hissəsində mexanik sürücüsü vəzifəsinə təyin olunaraq, əsgər hərbi rütbəsində müddətdən artıq həqiqi hərbi xidmətdə hərbi qulluqçu kimi xidmətə başlamış, “Vətən müharibəsi” zamanı aparılan döyüş əməliyyatlarında iştirak etmişdir. 2020-ci ilin dekabr ayında daimi dislokasiya yerləri olan Ağcabədi rayonunun Yeni Qaradolaq kəndində yerləşən hərbi hissəyə qayıtmışdır. Həmin vaxtdan sonra həftədə bir dəfə və ya iki həftədən bir gün olmaqla hərbi hissədə patrul naryadına təyin olunmuş, bir sutka müddətində, yəni saat 19:00-dan növbəti gün eyni saata kimi hərbi hissənin Raket Artilleriya Silahları anbarının mühafizəsini təşkil etmiş, patrul kimi vəzifəsi silah anbarında olan silahları mühafizə etməkdən ibarət olmuşdur. 03 iyun 2021-ci il tarixdə saat 19:00-da hərbi hissənin silah anbarının mühafizəsi üçün patrul növbəsinə təyin olunmuş, növbədə olduğu zaman gecə saatlarında tikanlı məftilin alt hissəsindən keçib, silah anbarının ərazisinə daxil olmuş, silah anbarının qapısına yaxınlaşaraq, xidməti istifadə üçün ona verilən süngü bıçağın uc hissənini qapıda olan qıfılın bağlanc hissəsinin arasına salaraq, güc tətbiq edib, kiçik qıfılı açmış, qapıda olan möhürün tamlığı pozulmaması üçün plastlini kənara çəkib, qapını açıb, içəri daxil olmuşdur. Bundan sonra içəridə sol tərəfdə olan qapını, yəni silah anbarının qapısını açmış, həmin qapının kilidi olmamış, silah anbarına daxil olduqdan sonra solda metal materialından olan qara rəngli yeşiyin qıfılını süngü bıçaqla açıb, möhürdə olan plastlini kənara çəkib, yeşiyin içərisində olan bir ədəd “Makarov” konstruksiyalı tapança silahını və həmin silaha məxsus bir ədəd patron sandıqçasını götürmüşdür. Bundan sonra həmin yeşiyin qarşısında olan qıfılı olmayan bir ədəd taxta yeşiyi açıb, həmin yeşikdən bir qutuda olan N ədəd 9 mm kalibrli patron götürmüş, sonra isə qıfılları alt hissəsindən vurub bağlamış, möhürləri yerinə bərkitmiş, anbardan çıxmışdır. Taladığı silah və sursatı üzərində daşımış, 04 iyun 2021-ci il tarixdə saat 19:00-da növbədən çıxdıqdan sonra hərbi hissənin əsgər yataqxanasına gedərək, silah və sursatı çantasına qoymuşdur. Daha sonra təxminən 16 və ya 17 iyun 2021-ci il tarixdə istifadəsində olan ********** saylı mobil telefon nömrəsindən “Whatsapp” proqramı vasitəsilə uşaqlıqdan tanıdığı, uzaq qohumu Təqsirləndirilən şəxs xatırlamadığı mobil telefon nömrəsi ilə əlaqə saxlayıb, bir ədəd “Makarov” konstruksiyalı silahı olduğunu və həmin silahı satmaq istədiyini bildirdikdə Təqsirləndirilən şəxs silahı sata biləcəyini, satdıqdan sonra ona 300 manat pul verəcəyini və silahı ona 2-3 gün içində verməyini bildirdikdə sonuncu ilə razılaşmışdır. Buna görə də 19 iyun 2021-ci il tarixdə saat 19:00-da hərbi hissədə patrul naryadına təyin olunaraq, naryadda olan zaman silah anbarının mühafizəsi ona həvalə olunmuş və gecə saatlarında eyni qayda ilə silah anbarına daxil olmuş, oradan bir ədəd “Makarov” konstruksiyalı silahı, bir ədəd həmin silaha məxsus patron sandıqçanı və qutuda olan N ədəd 9 mm kalibrli patronları götürüb, eyni qayda ilə anbardan çıxmışdır. Anbardan çıxdıqdan sonra silah və sursatı üzərində daşımışdır. 20 iyun 2021-ci il tarixdə saat 19:00-da növbəni təhvil verdikdən sonra əsgər yataqxanasına gedərək silah və sursatı çantasına qoyub, hərbi hissədən çıxaraq Ağcabədi şəhərinə getmişdir. Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının yeni binasının yaxınlığında Təqsirləndirilən şəxs ilə görüşüb, söhbət edərək, Təqsirləndirilən şəxs gəldiyi taksi fəaliyyəti ilə məşğul olan avtomobilə arxa oturacağa Təqsirləndirilən şəxs yanına əyləşmişdir. Avtomobildə çantasını Təqsirləndirilən şəxs vermiş, Təqsirləndirilən şəxs çantadan bir ədəd “Makarov” konstruksiyalı silahı və silahın üzərində olan bir ədəd həmin silaha məxsus patron sandıqçasını götürüb, silahı şalvarının belinə keçirmişdir. Həmin vaxt əvvəllər silah anbarından götürüb, evlərində saxladığı 9 mm kalibrli patronlardan da çantasında olmuş və torbada bir gün əvvəl taladığı patronlarla birlikdə Təqsirləndirilən şəxs 20 ədəddən çox 9 mm kalibrli patronları da vermişdir. Bundan sonra həmin avtomobillə yaşadığı ünvan 7 ünvanına gəlmiş, növbəti günlərdə bir neçə dəfə Təqsirləndirilən şəxs ilə əlaqə saxlamış, tapançanı satıb-satmadığını soruşmuş, pulunu istəmiş, Təqsirləndirilən şəxs isə onunla əlaqə saxlayacağını bildirsə də onun pulunu verməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, 1978-ci ildə Bakı şəhərində doğulmuş, orta təhsilini Bakı şəhərində almış, 1991-1995-ci illərdə Bakı Politexnik texnikomunda orta ixtisas təhsili almış, 1999-2005-ci illərdə Bakı Polis İdarəsində polis nəfəri vəzifəsində xidmət etmiş, 2005-ci ildən sonra isə müxtəlif televiziya kanallarında sürücü kimi işləmiş, 3 ilə yaxındır ki, Bakı şəhərində taksi fəaliyyəti ilə məşğul olmuşdur, ailəlidir və 3 övladı vardır. Təqsirləndirilən şəxs, X6 və Şahid5 tanımamış və onlarla heç bir münasibəti olmamış, təxminən 10 ilə yaxındır ki, ********** saylı mobil telefon nömrəsindən istifadə etmiş, başqa bir mobil telefon nömrəsindən istifadə etməmişdir. O, taksi fəaliyyəti ilə məşğul olur və "Bolt" taksi şirkətinin qeydiyyatındadır. Onun mobil nömrəsindən Təqsirləndirilən şəxs olunan zənglə bağlı qeyd edir ki, ola bilsin ki, Təqsirləndirilən şəxs internetlə "Bolt" taksi şirkətinə sifariş vermişdir və sifariş verən zaman sifariş verənin mobil nömrəsi sifarişi qəbul edən taksi sürücüsünə ünvanlanır. O da Təqsirləndirilən şəxs mobil telefon nömrəsinə zəng edərək onun yerini dəqiqləşdirib onu müştəri kimi sifariş verdiyi ünvana aparmış, amma o, hazırda həmin şəxsi, onu haradan götürüb hansı ünvana apardığını xatırlamır, Təqsirləndirilən şəxs şəxsiyyəti ilə bağlı heç bir məlumatı olmamışdır, onun tək və ya başqa bir şəxslə avtomobilə əyləşməsini də bilmir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Ağcabədi şəhər sakini Təqsirləndirilən şəxs uşaqlıqdan tanıyır. Onunla Fuad arasında əvvəllər heç bir düşmənçilik və ya ədavət olmamışdır. Onların arasında həmişə normal münasibət olmuşdur. Təxminən 2021-ci ilin iyul ayının 20-də Fuad ona zəng edərək, onda tapança silahın olduğunu, onu satmaq istədiyini bildirmiş, o da Fuada demişdir ki, “gözlə sənə xəbər edərəm”. Təxminən 1 saat sonra o, yenidən Fuada zəng edərək, tapançanı götürüb, Bakı şəhərinə gəlməyini, 300 manata müştəri tapdığını bildirmiş, bundan sonra o, əvvəldən tanıdığı Məlik adlı şəxsə zəng vurub Fuad adlı tanışının olduğunu və "Makarov" markalı silah satmaq istədiyini bildirmiş, o, həmin vaxt Fuadın mobil nömrəsini Məlikə vermiş, daha sonra Məlik və Fuad telefonda danışmışlar. xx.xx.2021-ci il tarixdə Fuad Bakı şəhərinə gəlmiş, yolda da ona zəng edib, Bakı şəhərinə gəldiyini bildirmişdir. Fuad həmin gün təxminən saat 17-18 radələrində Bakı şəhərinə gəlib, oradan taksi ilə onun həmin vaxt olduğu evə, yəni Müşfiqabad qəsəbəsinə gəlmiş, onunla görüşən zaman o, Fuaddan silahı gətirib-gətirmədiyini soruşmuş, Fuad da ona cavab vermişdir ki, "nə silah, silah zad yoxdur". O da həmin vaxt Fuadın silah gətirmədiyinə inanmış, bundan sonra həmin gün Fuad onunla birlikdə "Qorqud" oteldə olmuş və gecəni onun yanında qalmış, o, Fuadın Bakı şəhərində hərəkət etməsi üçün onun mobil telefonuna "Bolt" proqramını yükləmiş, səhəri gün yəni xx.xx.2021-ci il tarixdə günorta saatlarında Fuad onun yanından gedərək başqa işinin olduğunu demiş, onun hara getdiyini bilməmiş, o isə həmin vaxt öz işləri ilə məşğul olmuşdur, həmin gün təxminən saat 19-20 radələrində Fuad o, qaldığı otelə gəlmiş, həmin vaxt ona heç bir söz deməmiş, o, Fuadın Məlikə həmin vaxt silahı satıbsatmadığını bilməmişdir. Fuad həmin gün gecəni onun yanında qaldıqdan sonra səhəri gün, yəni xx.xx.2021-ci il tarixdə onun yanından çıxıb getmiş, daha sonra o, Fuadı heç yerdə görməmiş və ondan heç bir məlumatı olmamışdır. İbtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında tədqiq olunmuş ifadəsində şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun oğludur. Təqsirləndirilən şəxs Şahid1 silah alaraq, yaşadıqları evdə saxlamasını sonra isə Məlik Məlikov adlı şəxsə satmasını yalnız Təqsirləndirilən şəxs həbs olunduqdan sonra bilmişdir. 25 iyul 2021-ci il tarixdə günorta saatlarında istifadəsində olan ********** saylı mobil telefon nömrəsinə “Whatsapp” proqramı ilə Rusiya Federasiyasında yaşayan bacısının oğlu X4 +**********5 saylı mobil telefon nömrəsindən səs yazıları göndərərək, Təqsirləndirilən şəxs Məlik adlı şəxsə satmış olduğu silahı polis əməkdaşlarına vermək məqsədi ilə başqa bir şəxs vasitəsilə Məlikdən götürdüb, onların yaşadığı ünvan 8 ünvanında yerləşən evin yanına qoyulduğunu, polis əməkdaşlarına xəbər verib, silahı götürmələrini demişdir. Bundan sonra evlərindən 40-50 metr məsafədə hasarın dibində həqiqətən də torba olduğunu görərək, polis əməkdaşlarına məlumat vermişdir. Polis əməkdaşları onun iştirakı ilə həmin yerə baxış keçirmiş, baxış zamanı torbadan patron sandıqçası üzərində olmaqla, bir ədəd tapança silah və 24 ədəd həmin silaha aid patronlar aşkar edilərək götürülmüşdür. İbtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında tədqiq olunmuş ifadəsində şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun doğma qardaşıdır. Qardaşı Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah, onun komplekt hissələri və 24 ədəd patron əldə etdiyi üçün xx.xx.2021-ci il tarixdə barəsində həbs növündə qətimkan tədbiri seçilmişdir. Həmin vaxtdan hazırki, vaxta qədər Gəncə şəhərində yerləşən İstintaq təcridxanasında saxlanılır. Qardaşı Təqsirləndirilən şəxs Ağcabədi şəhərində Ağcabədi şəhər sakini Şahid1 İmran oğlundan qanunsuz olaraq əldə etdiyi silahı Bakı şəhərində Bakı şəhər sakini X1. Onun bu barədə dəqiq məlumatı olmamışdır. xx.xx.2021-ci il tarixdə təxminən saat 19 radələrində Məlik işlədiyi “Versal” şadlıq sarayına gəlib onu axtarmışdır. O, həmin vaxt onun qarşısına çıxıb Ceyhun olduğunu bildirmişdir. Bundan sonra hər ikisi restorandan çıxıb həyətdə söhbət etmişlər. Söhbət zamanı Məlik ona Fuadın silahının onda olduğunu, Fuadın tutulduğunu, onun adını verdiyini və buna görə də silahı polisə təqdim etməkdən qorxduğunu bildirib ondan həmin silahı polis şöbəsinə təqdim etməsini istəmişdir. O, həmin vaxt Məlikə həmin silahı götürməyəcəyini, onluq heç nə olmadığını deyib sadəcə olaraq onu bir gün gözləməsini bildirmişdir. Bundan sonra o, yaşadığı evə getmişdir. Məlik həmin vaxt onu izləyərək hansı evə daxil olduğunu görmüşdür. O, yaşadığı evdə olan zaman bu barədə ailə üzvlərinə məlumat vermişdir. xx.xx.2021-ci il tarixdə Rusiya Federasiyasında yaşayan xalası oğlu X4 "Whatsapp" sosial şəbəkəsi vasitəsi ilə əlaqə saxlayaraq Fuadın əldə etdiyi silahın darvazanın yanından biraz aralıda yerləşən telefon xəttinin dirəyinin yanında olduğunu və bu barədə Ağcabədi rayon Polis Şöbəsinə məlumat verməsini bildirmişdir. Bundan sonra anası Cəmilə bu barədə Ağcabədi rayon Polis Şöbəsinə məlumat vermişdir. Daha sonra Ağcabədi rayon Polis Şöbəsinin əməkdaşları gəlib yaşadığı evin darvazasından təxminən 70 metr aralıda yerləşən telefon xəttinin dirəyinin yanına baxan zaman orada bir ədəd sellofan torba aşkar etmişdirlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işindən başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında 21 dekabr 2021-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə cinayət işi ayrıca icraata ayrılmış, ayrılmış cinayət işinə ********* qeydiyyat nömrəsi verilməklə icraatına qəbul olunmuş və istintaqı davam etdirilmişdir (cild 1, i.v. 1-5); cinayət təqibinin başlanması haqqında 23 iyul 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə cinayət təqibi başlanmışdır (cild 1, i.v. 57-58); şübhəli şəxsin tutulması haqqında 23 iyul 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 19:30-da Azərbaycan Respublikası CM-nin 228.1ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (cild 1, i.v. 70); əməlin tövsif edilməsi haqqında 24 iyul 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsindən həmin məcəllənin 228.2.1 və 232.2.1-ci maddələrinə tövsif edilmişdir (cild 1, i.v. 78-79); təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 24 iyul 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikasının CM-nin 228.2.1 və 232.2.1-ci maddələri ilə ittiham elan olunmuşdur (cild 1, i.v. 80-81); baxış keçirilməsi haqqında 25 iyul 2021-ci il tarixli protokoldan görünür ki, Şahid3 istifadəsində olan “Samsung” markalı mobil telefona onun iştirakı ilə baxış keçirilmişdir. Baxışda iştirak edən Şahid3 “Whatsapp” sosial şəbəkəsinə daxil olaraq +7***-***-**-** saylı mobil nömrənin istifadəçisi Yaqub Kərimovla olan mesajlarını göstərmiş, həmin mesajların mətnlərinə və aralarında olan səs yazılarına baxış keçirildikdə müəyyən olmuşdur ki, Yaqub Kərimov Şahid3 onunla əlaqə saxlamasını, Təqsirləndirilən şəxs kömək etmək üçün sonuncunun satmış olduğu silahı satmış olduğu şəxsdən başqa bir şəxs vasitəsilə götürülməsini, Şahid3 yaşadığı evin yaxınlığına qoyulmasını, habelə bu barədə polis əməkdaşlarına məlumat verilməli olduğunu bildirmişdir (cild 1, i.v. 103-108); baxış keçirilməsi haqqında 25 iyul 2021-ci il tarixli protokoldan görünür ki, Ağcabədi rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən 25 iyul 2021-ci il tarixdə Ağcabədi şəhəri, İ.Qayıbov küçəsində Şahid3 evinin yaxınlığında 12 nömrəli tam orta məktəbin hasarının dibində otluqda bir ədəd torba aşkar edilmiş, torbanın içərisində bir ədəd HC4468 nömrəli, «Makarov» konstruksiyalı tapança, həmin tapançanın komplekt hissəsi hesab olunan bir ədəd boş patron sandıqça və 24 ədəd patronlar aşkar edilərək götürülmüşdür (cild 1, i.v. 112-114); Tərtər Hərbi Məhkəməsinin xx.xx.2021-ci il tarixli 4(098)-27/2021 saylı qərarından görünür ki, Azərbaycan Respublikasının CM-nin 228.2.1 və 232.2.1-ci maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli xx.xx.2021-ci il tarixdən hesablanmışdır (cild 1, i.v. 120-124); baxış keçirilməsi haqqında 28 iyul 2021-ci il tarixli protokoldan görünür ki, iki ədəd “Makarov” markalı tapança, iki ədəd həmin tapançalara məxsus patron darağı və ümumilikdə 53 ədəd patrona baxış keçirilmiş, fotoşəkilləri çəkilərək cinayət işinə əlavə olunmuşdur (cild 1, 125-133); axtarış aparılması haqqında 10 avqust 2021-ci il tarixli protokoldan görünür ki, Ağcabədi şəhəri, İ.Qayıbov küçəsində yerləşən Şahid3 məxsus fərdi yaşayış evində, həyətyanı sahədə və həyətyanı sahədə yerləşən tikililərə baxış keçirilmiş, fotoşəkilləri çəkilərək cinayət işinə əlavə olunmuşdur (cild 1, 149-157); 27 avqust 2021-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs və Şahid1 ibtidai istintaq zamanı verdikləri ifadələrini bir-birilərinin iştirakı ilə bir daha təsdiq etmişlər (cild 1, i.v. 178-180); təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında 28 avqust 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərdiyi xüsusatları Ağcabədi şəhəri, İ.Qayıbov küçəsində bir daha göstərmişdir (cild 1, i.v. 206-210); Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunması barədə əməliyyat kartotekasında məlumat mövcud deyil (cild 2, i.v. 22, 77-78); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 26 avqust 2021-ci il tarixli, 3/1317, 1/1318 saylı ekspert rəyindən görünür ki, təqdim edilmiş silah 1985-ci ildə zavod üsulu ilə istehsal olunmuş, 9 mm kalibrli, “Макаров” (“ПM”) konstruksiyalı, ИВ 0225 №-li, yarımavtomatik tapançadır-yivli odlu döyüş silahı hesab edilir, saz vəziyyətdədir və atəş açmaq üçün yararlıdır, tətiyini çəkmədən ondan öz-özünə atəş açılmır, silahın tətiyinin döyüş bölməsindən çıxması üçün 5,8-6,0 kq qüvvə tələb olunur. Təqdim edilmiş silah 1965-ci ildə zavod üsulu ilə istehsal olunmuş, 9 mm kalibrli, “Макаров” (“ПM”) konstruksiyalı, HC 4468 №-li, yarımavtomatik tapançadır-yivli odlu döyüş silahı hesab edilir, saz vəziyyətdədir və atəş açmaq üçün yararlıdır, tətiyini çəkmədən ondan öz-özünə atəş açılmır, silahın tətiyinin döyüş bölməsindən çıxması üçün 5,6-5,8 kq qüvvə tələb olunur. Təqdim edilmiş 02 (iki) ədəd sandıqça “Makarov” (“PM”) konstruksiyalı yivli tapançaların funksional əhəmiyyət daşımayan komplekt hissəsi olmaqla, 08 ədəd 9x18 mm kalibrli patron tutumuna malik olan, zavod üsulu ilə hazırlanmış sandıqçadır və təyinatı üzrə istifadəyə yararlıdır. Tədqiqata təqdim edilmiş “Ağcabədi RPŞ tərəfindən təqdim edilmiş 24 ədəd, Şahid1 üzərində aşkar edilmiş N ədəd və N nömrəli hərbi hissə tərəfindən təqdim edilmiş 13 ədəd, ümumilikdə 53 (əlli üç) ədəd predmet 9 mm kalibrli “Makarov” (“PM”), “PA63”, “P64”, “RK59”, “CESKA ZEROJOVKA” konstruksiyalı tapançalarda, “Steçkin” (“APS”) konstruksiyalı avtomatik tapançalarda və s. Uyğun kalibrli odlu silahlarda istifadə edilmək üçün nəzərdə tutulan zavod üsulu ilə istehsal edilmiş, döyüş sursatı hesab edilən 9x18 mm kalibrli patrondur, təyinatı üzrə istifadəyə yaralıdır. Təqdim edilmiş 2 (iki) ədəd 9 mm kalibrli, “Макаров” (“ПM”) konstruksiyalı, ИВ N və 9 mm kalibrli, “Макаров” (“ПM”) konstruksiyalı, HC 4468 seriya və nömrəli yarımavtomatik tapançaların lülə kanallarında atəşin əlavə faktoru olan tam yanmamış tüstüsüz barıt hissəcikləri aşkar edilmiş, bu da onu göstərir ki, həmin silahlardan atəş (atəşlər) açılmışdır (cild 2, i.v. 39-47); Ağcabədi şəhər İnzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur (cild 2, i.v. 72); Bakı Hərbi Məhkəməsinin xx.xx.2021-ci il tarixli 4-1(093)-130/2021 saylı qərarından görünür ki, Azərbaycan Respublikasının CM-nin 228.2.1 və 232.2.1-ci maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 2 ay, yəni 23 yanvar 2022-ci il tarixədək uzadılmışdır (cild 2, i.v. 112-115); zərərçəkmiş şəxs qismində tanınma haqqında 24 noyabr 2021-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə N nömrəli hərbi hissə hüquqi şəxs kimi zərərçəkmiş şəxs qismində tanınmışdır (cild 2, i.v. 117-119); zərərçəkmiş şəxsin nümayəndəsi kimi tanıma haqqında 24 noyabr 2021-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə zərərçəkmiş şəxs kimi tanınmış N nömrəli hərbi hissənin hərbi qulluqçusu ədliyyə kapitanı X2 zərərçəkmiş şəxsin nümayəndəsi qismində tanınmışdır (cild 2, i.v. 122-124); təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında 20 dekabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.2.1 və 232.2.1-ci maddələri ilə elan edilmiş ittiham dəyişdirilərək ona yenidən Azərbaycan Respublikasının CM-nin 228.1-ci maddəsi ilə ittiham elan olunmuşdur (cild 2, i.v. 148-150); təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında 18 fevral 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə yenidən ittiham elan olunmuşdur (cild 2, i.v. 215-216); təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında 04 mart 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərdiyi xüsusatları Bakı şəhəri, Xətai rayonunda yerləşən “Babək Plaza” da bir daha göstərmişdir (cild 2, i.v. 235-240); İ-6699 nömrəli Azərbaycan Respublikası Medalının vəsiqəsinin surətindən görünür ki, Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 24 iyun tarixli 2713 nömrəli Sərəncamı ilə Təqsirləndirilən şəxs “Zəngilanın azad olunmasına görə” medalı ilə təltif edilmişdir (cild 2, i.v. 241); İ-14792 nömrəli Azərbaycan Respublikası Medalının vəsiqəsinin surətindən görünür ki, Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 24 iyun tarixli 2715 nömrəli Sərəncamı ilə Təqsirləndirilən şəxs “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edilmişdir Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 4(017)-30/2022 saylı qərarından görünür ki, Azərbaycan Respublikasının CM-nin 228.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 2 ay, yəni 21 mart 2022-ci il tarixədək uzadılmışdır (cild 2, i.v. 263-264); 04 aprel 2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs və X6 ibtidai istintaq zamanı verdikləri ifadələrini bir-birilərinin iştirakı ilə bir daha təsdiq etmişlər (cild 2, 268-269); cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında 17 may 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə yeni məzmunda ittiham elan edilmiş, NS 4468 nömrəli, «Makarov» konstruksiyalı tapança silah və 01 ədəd həmin silahın patron sandıqçası, 24 ədəd 9 mm kalibrli patronların maddi sübut kimi tanınmaları və saxlanılmaları üçün N nömrəli hərbi hissəyə təhvil verilmələri qərara alınmışdır (cild 2, i.v. 299-309); təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında 18 may 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə yenidən ittiham elan olunmuşdur (cild 2, i.v. 311-313); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs barəsində Tərtər Hərbi Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, sonuncu dəfə Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə həbsdə saxlama müddəti xx.xx.2022-ci il tarixədək uzadılmış və Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti bitdiyindən xx.xx.2022-ci il tarixdə Bakı İstintaq Təcridxanasından həbsdən azad edilmişdir; Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-279/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs arəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir; Tərtər Hərbi Məhkəməsinin 1(098)-70/2022 saylı, 05 may 2022-ci il tarixli hökmündən görünür ki, iş üzrə maddi sübutlar - N nömrəli hərbi hissədə saxlanılan İV N və NS 4468 №-li nömrəli, «Makarov» konstruksiyalı tapançaların, 2 ədəd həmin silahların patron sandıqçalarının və 49 ədəd 9 mm kalibrli patronların, Ağcabədi Rayon Polis şöbəsində saxlanılan EA2691L və DA368№-li tapança silahların və həmin silahın patron sandıqçalarının, həmçinin Azərbaycan Respublikası Hərbi Prokurorluğunun İstintaq idarəsinin maddi sübutların saxlanc otağında saxlanılan iki ədəd qıfılın N nömrəli hərbi hissənin istifadəsinə verilməsi və iş üzrə məhkəmə xərci hesab olunan məhkəmə-ballistik ekspertizasının keçirilməsinə dair 128 (bir yüz iyirmi səkkiz) manat ekspertiza tədqiqatlarının dəyərinin Şahid1 alınıb Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməsi hökm edilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsinə əsasən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə — iki ilədək müddətə islah işləri və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz hazırlanmasına, dövriyyəsinə və talanmasına dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 may 2005-ci il tarixli 2 saylı Qərarının 9-cu bəndi ilə məhkəmələrə izah edilmişdir ki, Cinayət Məcəlləsinin 228.1-ci maddəsində odlu silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz əldə edilməsi dedikdə, onların satın alınması, başqa əmlakla və ya əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə ödənilməsi, habelə qeyd olunan predmetlər tapıldıqda, onların mənimsənilməsi və s. hərəkətlər başa düşülür. Odlu silahın və bu cinayətin digər predmetlərinin qanunsuz gəzdirilməsi dedikdə, onların təqsirli şəxsin bilavasitə paltarlarında, bədəninin üstündə olması, eyni zamanda çantada, portfeldə və s. əl yükündə gəzdirilməsi başa düşülməlidir. Bu cinayətin predmetlərinin qanunsuz saxlanılması dedikdə, onların binalarda, gizli saxlanc yerlərində, habelə mühafizəsi təmin edilən və üzərində zəruri nəzarət həyata keçirilən digər yerlərdə saxlanılması başa düşünülməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini etiraf etməsini, əməlindən peşman olmasını, Vətən müharibəsi iştirakçısı olmasını, “Zəngilanın azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə məhkəmə xərci hesab olunan məhkəmə-ballistik ekspertizasının keçirilməsinə dair 128 (bir yüz iyirmi səkkiz) manat ekspertiza tədqiqatlarının dəyərinin Tərtər Hərbi Məhkəməsinin 1(098)-70/2022 saylı, 05 may 2022-ci il tarixli hökmünə əsasən Şahid1 alınıb Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsinin hökm edilməsi və iş üzrə maddi sübut N nömrəli hərbi hissəyə təhvil verilmiş “Makarov” (“PM”) konstruksiyalı, NS 4468 №-li tapança silahın, 01 ədəd həmin silahın patron sandıqçasının və 24 ədəd 9 mm kalibrli patronların Tərtər Hərbi Məhkəməsinin 1(098)-70/2022 saylı, 05 may 2022-ci il tarixli hökmünə əsasən N nömrəli hərbi hissənin istifadəsinə verilməsi nəzərə alınmalıdır. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Odur ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan 09 (doqquz) ay 28 (iyirmi səkkiz) gün ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasına hesablanmalı və o, cəzasını çəkmiş hesab edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia və məhkəmə xərci yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 09 (doqquz) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Hazırki cinayət işi üzrə həbsdə saxlanıldığı (23 iyul 2021-ci il tarixdən 21 may 2022-ci il tarixədək olan) 09 (doqquz) ay 28 (iyirmi səkkiz) gün müddət təyin edilmiş cəzaya hesablansın və o, cəzasını çəkmiş hesab edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə məhkəmə xərci hesab olunan məhkəmə-ballistik ekspertizasının keçirilməsinə dair 128 (bir yüz iyirmi səkkiz) manat ekspertiza tədqiqatlarının dəyərinin Tərtər Hərbi Məhkəməsinin 1(098)-70/2022 saylı, 05 may 2022-ci il tarixli hökmünə əsasən Şahid1 alınıb Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsinin hökm edilməsi nəzərə alınsın. İş üzrə maddi sübut – N nömrəli hərbi hissəyə təhvil verilmiş “Makarov” (“PM”) konstruksiyalı, NS 4468 №-li tapança silahın, 01 ədəd həmin silahın patron sandıqçasının və 24 ədəd 9 mm kalibrli patronların Tərtər Hərbi Məhkəməsinin 1(098)-70/2022 saylı, 05 may 2022-ci il tarixli hökmünə əsasən N nömrəli hərbi hissənin istifadəsinə verilməsi nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar