Məhkəmə qərarları › İş №1(011)-28/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-28/2022

03.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-28/2022 03.03.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi ilə, Dövlət ittihamçısı Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X1 etibarnamə üzrə nümayəndəsi vəkil Nümayəndə, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxxxx 1967-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, işləməyən, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla faktiki olaraq ünvan 2vanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 15 oktyabr 2020-ci il tarixdə saat 20:30 radələrində "BC” kateqoriyalı, AC № 039196 nömrəli sürücülük vəsiqəsi ilə etibarnamə əsasında idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan, “Mersedes Benz E 270 CDİ" markalı, ** MS *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti ilə üzü Zığ şossesi istiqamətində saatda təxminən 60 km/saat sürətlə hərəkətdə olarkən Zərifə Şadlıq sarayının qarşısında «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayandırma həddinə qədər azaltmalı olduğu halda, azaltmaq üçün mümkün olan tədbirləri görüb, hadisənin qarşısını almağa texniki imkanı olduğu halda həmin qaydaların tələblərini pozaraq idarə etdiyi avtomobilin qabaq sağ hissəsi ilə yolu sağdan sola doğru adi yerişlə keçən piyada X5 vuraraq ehtiyatsızlıqdan sonuncuya başın sol alın nahiyəsində əzilmiş yaralar və sol ənsə nahiyəsində hematoma və dərialtı qansızmalar ilə qeyd olunan sol alın, gicgah, ənsə sümüklərinin kəllə əsasına keçən qəlpəli və xətti sınıqları, baş beyin toxumasının əzilməsi, baş beyin maddəsinə, qişasına və mədəciklərinə qansızmalar, hər iki göz almasının ağıl qişasında qansızmalar, hər iki baldır sümüklərinin açıq sınıqlar ilə müşayət olunan hər iki baldır nahiyələrində geniş ölçülü əzilmiş-cırılmış yaralar, başın sağ alın, sağ gicgah, döş qəfəsinin sağ yan səthindən, qarın nahiyəsinin sağ yarısının ön və sağ yan səthlərinə qədər davam edən sahədə, döş qəfəsinin sof yan səthi, döş qəfəsinin ön səthi, qarın nahiyəsinin sol yan səthi, sağ dirsək oynağı, sağ əlin İİİ, İV, V barmaqları, sol bud, sol diz oynağı, sol baldır və sol ayağın baş barmağı nahiyələrində nəm sıyrıqlarla müşayət olunan, həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malik olub, ölümə səbəb olan xəsarətləri yetirməklə yol-nəqliyyat hadisəsi törətmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin səmimi etirafı, zərərçəkmiş şəxsin hüquqi varisinin ifadələri, ekspert rəyləri və işin tədqiq olunmuş digər halları ilə tam sübuta yetmişdir. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, ünvan 3 ünvanında ailəsi ilə birlikdə yaşayır. Heç bir psixi xəstəliyi yoxdur. 2011-ci ildən, “Mersedes Benz E 270 CDİ” markalı **-MS-*** dövlət nömrə nişanlı avtomobili BC sürücülük vəsiqəsi ilə, etibarnamə əsasında idarə edirmiş. Həmin avtomobil X4 məxsus olmuşdur. Muxtarzadə Muxtar ilə heç bir tanışlığı olmamışdır, 22 noyabr 2011-ci il tarixdə həmin avtomobili Sumqayıt maşın bazarı deyilən yerdən Muxtardan almış, lakin avtomobili öz adına sənədləşdirməmişdir. Avtomobil ona məxsus olsa da Muxtarın mülkiyyətində olmuşdur. 15 oktyabr 2020-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, Nobel prospektində yerləşən Zərifə şadlıq sarayının qarşısından soldan ikinci zolaqla 60 km saat sürət həddi olan yolda 60 km/saat sürətlə hərəkət etmişdir. Piyada keçidi olmayan ərazidə anidən bir nəfərin yolu sağdan sola doğru adi yerişlə keçərək qoşa xəttə yaxınlaşdığını görmüş , ayağını əyləcə sıxmış və həmin anda da piyadanı idarə etdiyi avtomobilin qabaq sağ tərəfi ilə vurmuşdur. Zərbənin təsirindən piyada maşının ön şüşəsinə dəyərək yerə yıxılmışdır. O, dərhal avtomobili saxlamış və həmin piyadaya yaxınlaşmışdır. Piyada zərbənin təsirindən sonra yerdən qalxmamışdır. 3-4 dəqiqə sonra hadisə yerinə polis əməkdaşları və təcili tibbi yardım briqadası gəlmişdir. Təcili tibbi yardım briqadası hadisə yerinə gəldikdən sonra onun avtomobil ilə vurduğu şəxsi müayinə edərkən həmin şəxsin öldüyünü demişlər. Sonradan ona məlum olmuşdur ki, avtomobil ilə vurduğu şəxs 1981-ci il təvəllüdlü X2 və Plujnikov Roman yol nəqliyyat hadisəsindən sonra hadisə yerində ölmüşdür. Bundan başqa əməlindən peşman olduğunu, ehtiyatsızlıqdan törətdiyi cinayət əməlini səmimi etiraf etməsini, zərərçəkmiş şəxsin hüquqi varisinin ondan şikayətçi olmadığını,onlarla barışıq əldə etməsini, xəstəliyini və hadisədən bir müddət sonra açıq ürək əməliyyatı keçirdiyini nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxs X3 hüquqi varisi X1 etibarnamə üzrə nümayəndəsi Nümayəndə ifadə verərək zərərçəkmiş şəxsin hüquqi varisinin təqsirləndirilən şəxslə barışdığını, təqsirləndirilən şəxsin vurulmuş ziyanı ödədiyini bildirmişdir. Həmçinin təqsirləndirilən şəxsə qarşı heç bir tələb və şikayəti olmadığından cəza təyin edilərkən nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin sərxoşluq vəziyyətinin tibbi müayinəsinə dair 15.10.2020-ci il tarixli 1/2727 nömrəli aktından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs hadisə zamanı ayıq vəziyyətdə olmuşdur. İş materiallarına əlavə edilmiş məhkəmə-tibbi ekspertizasının 14.11.2020-ci il tarixli, 101 saylı rəyindən görünür ki, mərhum X3 meyiti üzərində aşkar edilmiş xəsarətlər - başın sol alın nahiyəsində əzilmiş yaralar və sol ənsə nahiyəsində hematoma və dərialtı qansızmalar ilə qeyd olunan sol alın, gicgah, ənsə sümüklərinin kəllə əsasına keçən qəlpəli və xətti sınıqları, baş beyin toxumasının əzilməsi, baş beyin maddəsinə, qişasına və mədəciklərinə qansızmalar, hər iki göz almasının ağıl qişasında qansızmalar, hər iki baldır sümüklərinin açıq sınıqları ilə müşayət olunan hər iki baldır nahiyələrində geniş ölçülü əzilmiş-cırılmış yaralar, başın sağ alın, sağ gicgah, döş qəfəsinin sağ yan səthindən, qarın nahiyəsinin sol yan səthi, sağ dirsək oynağı, sağ əlin İİİ, İV, V barmaqları, sol bud, sol diz oynağı, sol baldır və sol ayağın baş barmağı nahiyələrində nəm sıyrıqlar həyati olub, bərk küt əşyanın (əşyaların) qüvvətli təsirindən törənmişlər, 15.10.2020-ci il tarixdə və şəraitdə, yəni piyada qismində hərəkətdə olan avtomobilin qabarıq hissələrinin təsirindən əmələ gelə bilərdilər, ümumilikdə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malik olub, baş vermiş ölümlə birbaşa səbəbli əlaqəlidirlər. R.G.Pİujnikovun ölümünə səbəb-başın küt travması nəticəsində yaranmış kəllə sümüklərinin sınığı, baş beyin toxumasının əzilməsi ilə ilə müşayət olunan baş beyin toxumasına, qişalarına və mədəciklərinə qansızmalar olmuşdur. Meyit əlamətlərinin inkişaf dərəcəsinə əsasən ölüm meyitin meyitxanada müayinə olunduğu vaxtdan təxminən 12-14 saat əvvələ uyğun gəlir. Mərhum R.G.Plujnikovun meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkaloidlər (həmçinin tiryək qrupu), fenotiozin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. İş materiallarında olan məhkəmə yol-nəqliyyat hadisəsi ekspertizasının 27 oktyabr 2020-ci il tarixli, 484 saylı rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara görə Mercedes Benz E 270 CDİ markalı ** MS *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hadisənin qarşısını almağa texniki imkanı olmuş və onun hərəkətlərində “Yol hərəkəti haqqında “Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. İş materiallarında olan məhkəmə yol-nəqliyyat hadisəsi ekspertizasının 14 yanvar 2022-ci il tarixli, 8/3269 saylı rəyindən görünür ki, hadisənin istintaq orqanı tərəfindən təqdim olunmuş mexanizm üzrə baş verməsi şəraitində Mercedes Benz E 270 CDİ markalı ** MS *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında “Azərbaycan Respublikasmın Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Müdafiə tərəfinin təqdim etdiyi məlumatlar, yəni piyadanın yolu keçərkən iti qaçışla hərəkətdə olması və təhlükə yaranan anda Mercedes Benz E 270 CDİ markalı avtomobil ilə piyada arasında 5 metr məsafənin olması real hadisə mexanizminə uyğun deyildir və real olmayan məlumatlar əsasında Mercedes Benz E 270 CDİ markalı markalı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hadisənin qarşısını almağı ilə əlaqədar hərəkətləri üzrə tədqiqat aparılmır. İş materiallarına əlavə edilmiş 05 yanvar 2021-ci il tarixli videodiskə baxış keçirilməsi barədə protokoldan görünür ki, “DVD” formatlı disk Xətai RPİ-nin stintaq şöbəsində xidməti otaqda olan “ASUS” markalı kompyuterin DVD oxuyucusu vasitəsilə açıldıqda “TS5-009.1- Part 1”, “TS5-009.1-Part 2”, “TS5-009.2.avi”, “TS5-009.3avi” yazıları olab fayllar aşkar edilmişdir. Fayllar açılan zaman 15.10.2020-ci il tarixdə saat 20:29-da Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti və həmin prospektdə maşınların və insanların intensiv hərəkəti müşahidə olunur. 20:30:34-cü saniyədə markası məlum olmayan avtomobilin kameranın altından keçməsi, arxa stop işıqlarının yanmasından sonra sola və sağa doğru hərəkət etməsi və qarşıda saxlaması, daha sonra həmin prospektdə hərəkət edən avtomobillərin də saxlaması və tıxac yaranaması əks olunur. Baxışda iştirak edən X11 həmin prospektdə arxa stop işıqları yanandan sonra sola və sağa doğru hərəkət edən və qarşıda saxlayan avtomobilin ona məxsus olan **-MS-*** dövlət qeydiyyat nişanlı Mercedes Benz E 270 CDİ markalı avtomobilin ona məxsus olmasını bildirmişdir. İş materiallarında olan 06 yanvar 2021-ci il tarixli sübutların qiymətləndirilməsi barədə qərardan görünür ki, Mercedes Benz E 270 CD markalı ** MS *** dövlət qeydiyyat nişanlı avtomobil cinayət işi üzrə maddi sübut hesab edilmiş və Təqsirləndirilən şəxs oğluna təhvil verilmişdir. Yol-nəqliyyat hadisəsinin baş verdiyi anın görüntülərini özündə əks etdirən 01 ədəd DVD formatlı disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs adına olan, 04.09.2014-cü ildə verilmiş AC 039196 №-li sürücülük vəsiqəsindən məlum olur ki, həmin sürücülük vəsiqəsi “BC” kateqoriyalıdır və nəqliyyat vasitəsini 04.09.2024-cü il tarixədək idarə etməyə hüquq verir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. İş materiallarında olan təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi haqqında 30 dekabr 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş zərərçəkmiş şəxs X3 hüquqi varisi X1 etibarnamə üzrə nümayəndəsi Nümayəndə ərizəsindən görünür ki, zərərçəkmiş şəxsin hüquqi varisinin təqsirləndirilən şəxslə barışdığını, təqsirləndirilən şəxsin vurulmuş ziyanı ödədiyini bildirmiş, təqsirləndirilən şəxsə qarşı heç bir tələb və şikayəti olmadığından cəza təyin edilərkən nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. İş materiallarında olan X7 adına 1 saylı MİS tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xasiyyətləndirilmişdir. İş materiallarında olan Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi haqqında arayışdan görünür ki, Təqsirləndirilən şəxs ikinci dərəcəli əlildir. İş materiallarında olan “X6 - Bakı” MMC tərəfindən verilmiş epikrizdən görünür ki, Təqsirləndirilən şəxs 23.12.2014-cü il tarixdə “Aortakoronar Şuntlama” əməliyyatı olunmuşdur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs oğlu X8 “Cəbrayılın azad olunmasına görə” medalı və “Azərbaycan bayrağı” ordeni ilə təltif edilmişdir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, iş üzrə toplanmış və biri digərini tamamlayan sübutların cəminə qiymət verməklə məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs oğlunun təqsirli olması tam sübuta yetmişdir. «Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istimarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli qərarına əsasən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə bağlı cinayət işləri üzrə şəxsin təqsirlilik məsələlərini həll edərkən məhkəmələr işin bütün faktiki hallarını hərtərəfli, tam və obyektiv araşdırmaqla yanaşı, həm də təqsirləndirilən şəxsin «Yol hərəkəti haqqında» Qanunun məhz hansı normasının tələblərini pozduğunu və bu pozuntunun konkret nədə ifadə olunduğunu göstərməli, həmin qayda pozuntuları ilə baş vermiş nəticə arasında səbəbli əlaqənin mövcudluğunu, habelə təqsirləndirilən şəxsin yol-nəqliyyat hadisəsinin qarşısını almaq üçün texniki cəhətdən imkanının olub-olmadığını müəyyənləşdirməlidir. Göründüyü kimi iş üzrə tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, baş vermiş yol nəqliyyat hadisəsi zamanı Təqsirləndirilən şəxs oğlunun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş, həmin maddələrin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuş və sürücünün hərəkətlərində Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə olan uyğunsuzluqla hadisənin baş verməsi arasında səbəbli əlaqə olmuşdur. Məhkəmə təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini də həll etmiş və belə nəticəyə gəlmişdir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə tövsif edilmiş və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla təqsirləndirilən Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət törətməsini, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini cəzanı yüngülləşdirici hal kimi nəzərə almışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar Təqsirləndirilən şəxs oğlunun əməlində müəyyən olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinnin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xaraketerizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, məhkəmə belə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinnin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən cəzasını X10 Müəssisəsində çəkməlidir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinnin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Hazırki halda, məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs oğluna tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Cinayət işi üzrə maddi sübut kimi tanınmış və Təqsirləndirilən şəxs təhvil verilmiş Mercedes Benz E 270 CDİ markalı ** MS *** dövlət nömrə qeydiyyat nişanlı avtomobil hökm qanuni qüvvəsini aldıqdan sonra onun istifadəsinə verilmiş hesab edilməlidir. Maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmiş yol-nəqliyyat hadisəsini əks etdirən videogörüntünün köçürüldüyü DVD disk iş materiallarında saxlanılmalıdır. Cinayət işi üzrə aparılmış ekspertiza tədqiqatının dəyərini təşkil edən 300 (üç yüz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Yuxarıdakıları nəzərə alaraq və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 344-347, 349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını X10 Müəssisəsində çəksin,cəza çəkmə müddətinin əvvəli X10 Müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cinayət işi üzrə maddi sübut kimi tanınmış və Təqsirləndirilən şəxs təhvil verilmiş Mercedes Benz E 270 CDİ markalı ** MS *** dövlət nömrə qeydiyyat nişanlı avtomobil hökm qanuni qüvvəsini aldıqdan sonra onun istifadəsinə verilmiş hesab edilsin. Maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmiş yol-nəqliyyat hadisəsini əks etdirən videogörüntünün köçürüldüyü DVD disk iş materiallarında saxlanılsın. Cinayət işi üzrə aparılmış ekspertiza tədqiqatının dəyərini təşkil edən 300 (üç yüz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Bəxtiyar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar