Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-28/2023 11.04.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Təhməzov Nəcməddin Azər oğlunun katibliyi, Dövlət ittihamçısı Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs, Müdafiəçi “Mirzəyev və Partntorları” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1995-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli "xxxx" MMC reabilitasiya mərkəzində inzibatçı işləyən, əvvəllər məhkum olunmamış, Xocalı rayonı, Kərkicahan qəsəbəsində qeydiyyatda olan, ünvan 1 ünvanda yaşayan, "barəsində başqa yerə getməmək haqqında iltizam" qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İbtidai istintaq orqanı ********* saylı cinayət işi üzrə müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs özgənin xeyli miqdarda əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə qanunsuz və əvəzsiz olaraq öz mükiyyətinə keçirmək qərarına gəlib bu məqsədlə vətəndaş Zərərçəkmiş şəxs1 6000 AZN müqabilində 15 gün müddətində Bakı şəhəri, Sabunçu rayonu 96 saylı orta məktəbin inzibati binasında fəaliyyət göstərən Qurban Piriyev adına 2 saylı Ağdam musiqi məktəbinə təlim-tərbiyə işləri üzrə müdir vəzifəsinə işə düzəldəcəyinə dair yalan vəd verib aldadaraq 05 mart 2022-ci il tarixdə ünvan 2 ünvanında 3000 AZN pul vəsaitini və 09 mart 2022-ci il tarixdə həmin ünvanda 3060 AZN ekvivalentində olan 1800 ABŞ dolları pul vəsaitini vahid niyyətlə alıb ələ keçirərək zərərçəkmiş Zərərçəkmiş şəxs1 ümumilikdə xeyli miqdar hesab edilən 6060 AZN məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə qanunsuz və əvəzsiz olaraq öz mülkiyyətinə keçirmək qərarına gəlib bu məqsədlə vətəndaş Zərərçəkmiş şəxs2 5500 AZN müqabilində bir ay müddətində Bakı şəhəri, Sabunçu rayonu 96 saylı orta məktəbin inzibati binasında fəaliyyət göstərən Qurban Piriyev adına 2 saylı Ağdam musiqi məktəbinə müəllimə vəzifəsinə işə düzəldəcəyinə dair yalan vəd verib aldadaraq Zərərçəkmiş şəxs2 11 mart 2022-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 34 ünvanında yerləşən ərzaq mağazasında quraşdırılmış «Emanat» elektron ödəmə terminalı vasitəsilə adına olan, "xxxx" ASC-yə aid olan bank hesabına köçürtdüyu 5000 AZN pul vəsaitindən sonradan hissə-hissə olmaqla ümumilikdə 1700 AZN pul vəsaitini Zərərçəkmiş şəxs2 qaytarmış, qalan 3300 AZN pul vəsaitini ələ keçirərək zərərçəkmiş Zərərçəkmiş şəxs2 3300 AZN məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 Zeynəb adlı tanışının vasitəsilə tanımışdır. Belə ki, Zeynəb 2022-ci ilin mart ayının əvvəlində müraciət edərək Ulduz adlı tanışını hər hansı bir işə düzəltməyi xahiş etmişdir. Buna etiraz etməmişdir. Ulduza ali təhsil haqda diplomun və şəxsiyyət vəsiqəsinin surətini, 3x4 fotoşəklini və tərcümeyi-halını işlədiyi ünvan 2 ünvanda yerləşən "xxxx" MMC reabilitasiya mərkəzinə gətirməyi demişdir. Ulduz növbəti gün sənədləri toplayıb iş yerinə gəlmişdir. Sabunçu rayonu 96 saylı orta məktəbin inzibati binasında fəaliyyət göstərən Qurban Piriyev adına 2 saylı Ağdam musiqi məktəbinin direktoru, tanışı Şahid1 bundan bir müddət öncə direktoru olduğu məktəbdə təlim-tərbiyə işləri üzrə mütəxəssis-müdir vakansiyasının olduğunu, istəyən olsa təmənnasız həmin vəzifəyə işçi götürə biləcəyini demişdir. Zeynəbin zəngindən sonra Şahid1 zəng etmiş və o, həmin vakansiyanın boş olduğunu bildirmişdir. Bu səbəbdən Ulduza sənədlərini toplayıb iş yerinə gəlməyini demişdir. Fikirləşmişdir ki, Şahid1 xahişi ilə Ulduzu işə götürər, Ulduzdan özü üçün zəhmət haqqı kimi müəyyən məbləğdə pul götürər. Ulduz iş yerinə gələndən sonra ona 6000 manat müqabilində onu 2 saylı Ağdam musiqi məktəbinə işə qəbul etdirə biləcəyini demişdir. Ulduz etiraz etməmişdir. Bundan iki-üç gün sonra, yəni 05 mart 2022-ci il tarixdə Ulduz gətirib iş yerində, yəni "xxxx" MMC-nin binasında 3000 manat pul vermişdir. Ulduz notariat ofisində pul almağı ilə bağlı qəbz yazmağı demiş, lakin buna ehtiyacın olmadığını bildirib şəxsiyyət vəsiqəsinin surətini çıxartmış və vərəqin arxa tərəfində Ulduzdan 3000 manat pulu almağı ilə bağlı qəbz yazmışdır. Həmçinin, Ulduza bildirmişdir ki, pulun qalan hissəsini, yəni 3000 manatı işə qəbul olunduqdan sonra verəcək. Ulduz razılaşmışdır. Ulduz gedəndən sonra həmin gün Şahid1 iş yerinə gedib orada onunla görüşmüş və orada Elşada Ulduzun işi ilə bağlı Ulduzun 3x4 fotoşəklini, diplomun və şəxsiyyət vəsiqəsinin surətlərini və tərcümeyi-halını vermişdir ki, Ulduzu işə qəbul etdirsin. Elşad sənədləri götürəndən sonra Ulduzun əmrinin 10 günə hazır olacağını bildirmişdir. Fikirləşmişdir ki, Elşad Ulduzu işə qəbul etdirsə, 6000 manat pul özünə qalar, sonradan Elşada bir hədiyyə alıb verər. 07 mart 2022-ci il tarixdə Elşad zəng edərək Ulduzla tanış olmaq istədiyini və 09 mart 2022-ci il tarixdə Ulduzla birlikdə onun iş yerinə gəlməyi demişdir. 09 mart 2022-ci il tarixdə günorta saatlarında Ulduzla «Neftçilər» metrostansiyasının yaxınlığında görüşüb oradan Şahid1 iş yerinə getmişlər. Şahid1 iş otağında Ulduzla söhbət edib ona işlə bağlı bir-iki sual vermiş, sonra oranı tərk etmişlər. Şahid1 otağından çıxandan sonra Ulduza yalandan işə qəbul olunduğunu bildirmiş və pulun qalan hissəsini ondan istəmişdir. Həmin gün Ulduz iş yerinə gəlib 3060 manat ekvivalentində olan 1800 ABŞ dolları pul vermişdir. Şahid1 arxayın olub Ulduzun ümumilikdə verdiyi 6060 manat pulun bir hissəsini anasının müalicəsinə xərcləmiş, qalan hissəsi ilə borclarını bağlamışdır. Lakin sonradan, Şahid1 Ulduzun işinin alınmadığını bildirmiş, buna çox pis olmuşdur. Şahid1 Ulduzun işi ilə bağlı arxayın olub Zərərçəkmiş şəxs2 da həmin musiqi məktəbinə işə qəbul etdirmək istəmişdir. Fikirləşmişdir ki, Ulduzdan sonra Şahid1 xahiş edər Rufanəni də musiqi məktəbinə işə götürər. Lakin Ulduzun işi alınmamış, artıq Rufanədən götürdüyü 5000 manat pulu şəxsi ehtiyacları üçün xərcləmişdir. Son sözündə Təqsirləndirilən şəxs əməlindən peşman olmasını,qismən ödəniş etməsini, Ulduza dəymiş ziyandan 4060 manat, Rufanəyə isə 1640 manat ödənilməmiş qaldığını, qısa müddətdə qalan ziyanı da ödəyəcəyini, himayəsində azyaşlı uşağının olmasını, hamilə olmasını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 2022ci ilin mart ayının əvvəlində tanışı Zeynəb adlı xanım qohumu olan Təqsirləndirilən şəxs bir çox adamı işə düzəltdiyini, pul müqabilində onuda işə düzəldə biləcəyini deyib Nigarla danışmaq üçün sonuncunun istifadə etdiyi mobil nömrəsini ona vermişdir. Elə həmin gün Zeynəbin adından Nigara zəng etmişdir. Nigar işlədiyi ünvan 4 ünvanın yaxınlığında yerləşən özəl bağçaya dəvət etmiş və özü ilə diplomunun və şəxsiyyət vəsiqəsinin surətlərini və tərcümeyi-halını yazıb gətirməyi demişdir. Növbəti gün Nigarın yuxarıda qeyd etdiyi iş yerinə gəlmiş və sonuncunun istədiyi sənədləri, yəni ali təhsil haqda diplomun və şəxsiyyət vəsiqəsinin surətlərini və yazdığı tərcümeyi-halı ona təqdim etmişdir. Nigar qohumu olan Şahid1 Sabunçu rayonu, 96 saylı orta məktəbin inzibati binasında yerləşən Qurban Piriyev adına 2 saylı Ağdam musiqi məktəbinin direktoru olduğunu, onun vasitəsilə həmin məktəbə bir neçə şəxsi işə düzəltdiyini və 7000 manat müqabilində 15 gün müddətində həmin məktəbə təlim-tərbiyə işləri üzrə müdir vəzifəsinə işə düzəldə biləcəyini, 7000 manatdan 3000 manatı ilkin olaraq verməli olduğunu, işə qəbulla bağlı əmri çıxandan sonra isə qalan 4000 manat pulu ona verməli olduğunu bildirmişdir. Nigar həmin pulu özünə zəhmət haqqı kimi götürəcəyini demişdir. 05 mart 2022-ci il tarixdə günorta saatlarında Nigarın iş yerinə gedib orada ona 7000 manata imkanının olmadığını, ona yalnız 6000 manat verə biləcəyini demişdir. Nigar razılıq verəndən sonra, orada ona təklikdə ilkin olaraq 3000 manat pul vermişdir. Özünü «sığortalamaq» üçün Nigara 3000 manat pulu alması ilə bağlı notariat ofisində qəbz yazmağı demiş, lakin Nigar buna ehtiyacın olmadığını deyərək şəxsiyyət vəsiqəsinin surətini çıxartmış və vərəqin arxa tərəfində 3000 manat pulu alması ilə bağlı qəbz yazmış və imza etmişdir. Özü də həmin vərəqdə imza etmişdir. 09 mart 2022-ci il tarixdə günorta saatlarında «Neftçilər» metrostansiyasının yaxınlığında Nigarla görüşmüş, Nigar ora taksi ilə gəlmişdir. Oradan taksi ilə Sabunçu rayonu, 96 saylı orta məktəbə gəlmişlər. Belə ki, 2 saylı Ağdam musiqi məktəbi müvəqqəti olaraq həmin məktəbin inzibati binasında fəaliyyət göstərir. Nigarla 2 saylı Ağdam musiqi məktəbinin direktoru Şahid1 otağına keçmişlər. X5 Məmmədovla onu tanış etmişdir. Elşadın diktəsi ilə adına işə qəbulla bağlı ərizə yazmışdır. Artıq işə qəbul olunacağına əmin olmuşdur. X3 rayonu ərazisində işlədiyi baxçaya gəlmişlər və orada Nigara təklikdə 1800 ABŞ dolları pul vermişdir. Bir aydan çox vaxt keçsə də, işə düzəlməmişdir. Artıq başa düşmüşdür ki, Nigar tərəfindən aldanılıb. Nigardan pulunu tələb etməyə başlamış, Nigar isə hər dəfə gözləməyi və işinin alınacağına onu inandırmağa çalışmışdır. İşə düzəlmək üçün Nigara ümumilikdə 6060 manat pul vermişdir Məhkəmə ərəfəsində Nigar ona hissə -hissə 2000 manat ödəniş etmişdir.Dəymiş ziyandan 4060 manat ödənilməmiş qalmışdır. Dəymiş ziyan tam ödənilmədiyindən təqsirləndirilən şəxslə barışmadığını və onun cəzalandırılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 2022-ci ilin mart ayının əvvəlində tanışı Zərərçəkmiş şəxs1 Sabunçu rayonu 96 saylı orta məktəbin inzibati binasında yerləşən Qurban Piriyev adına 2 saylı Ağdam musiqi məktəbinə işə düzələcəyini və həmin məktəbə işə düzəlməkdə ona Təqsirləndirilən şəxs pul müqabilində köməklik etdiyini bildirmişdir. İxtisası üzrə işləmək istədiyi üçün Ulduzdan Təqsirləndirilən şəxs ilə tanış etməyi xahiş etmişdir. Ulduz isə əlaqə saxlamaq üçün Təqsirləndirilən şəxs istifadə etdiyi mobil nömrəni vermişdir. Nigara zəng edib onunla danışmış və bir-iki gün sonra Nigarla «Xalqlar Dostluğu» metrostansiyasının yaxınlığında görüşüb söhbət etmişdir. Nigar 5500 manat müqabilində bir ay müddətində 96 saylı orta məktebin inzibati binasında yerləşən Qurban Piriyev adına 2 saylı Ağdam musiqi məktəbinə müəllimə kimi işə düzəldəcəyini, 573 manat əmək haqqı alacağını bildirmiş və diplomunun, şəxsiyyət vəsiqəsinin surətlərini istəmişdir. Sonradan həmin sənədlərin fotoşəkillərini «WhatsApp» mesenceri vasitəsilə Nigara göndərmişdir. Söhbət zamanı Nigar 5000 manat pulu öncədən ona vermək lazım olduğunu, işə qəbulla bağlı əmri çıxandan sonra isə qalan 500 manat pulu ona verməli olduğunu bildirmişdir. Nigara 5000 manat pulu vermək üçün ondan bank kartının fotoşəklini istəmişdir. Nigar «WhatsApp» mesenceri vasitəsilə adına olan "xxxx" ASC-yə aid olan bank kartının fotoşəklini göndərmişdir. 11 mart 2022-ci il tarixdə saat 14 radələrində Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 34 ünvanda yerləşən marketdən «E-manat» elektron ödəmə terminalı vasitəsilə Nigarın bank hesabına 5000 manat pul köçürtmüşdür. Lakin bir ay vaxt keçsə də Nigar verdiyi vədə əməl etməmişdir. Nigardan işi ilə maraqlananda, o, hər dəfə müxtəlif bəhanələr gətirərək vaxtı uzatmağa başlamışdır. Sonra məlum olmuşdur ki, Ulduzun da işi alınmayıb. Artıq Nigar tərəfindən aldanıldığını başa düşüb ondan pulunu geri tələb etməyə başlamışdır. Çoxsaylı təkidlərindən sonra Nigar 24 may 2022-ci il tarixdə adına olan "xxxx" ASC-yə aid olan bank kartına 1000 manat, 04 iyul 2022-ci il tarixdə isə bank kartına 300 manat pul köçürtmüş, 2022-ci ilin may ayının sonlarında isə Nigar əlbəəl 400 manat pul vermişdir. Qalan 3300 manat pulu qaytarmadığı üçün şikayət etmişdir.Daha sonra məhkəmə gedişi ərəfəsində Nigar dəymiş 3300 manat ziyandan hissə-hissə 1660 manat ödəniş etmiş ,1640 manat ödənilməmiş qalmışdır. Dəymiş ziyan tam ödənilmədiyindən təqsirləndirilən şəxslə barışmadığını və onun cəzalandırılmasını məhkəmədən xahiş etmişdir. Şahid1 məhkəməyə teleqram ünvanlayaraq səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini, istintaqa verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Təqsirləndirilən şəxsin səmimi etirafı nəzərər alınaraq şahidin məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq olunmuşdur. Şahid1 istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə təxminən 2019-cu ilin əvvəlində Rəşid Behbudov adına Mahnı Teatrında keçirilmiş tədbirdə tanış olmuşdur. Həmin vaxtdan aralarında münasibət yaranmış və arabir tədbirlərdə rastlaşmışlar. 2022-ci ilin mart ayının əvvəlində Nigar zəng edərək Ulduz adlı qohumunu rəhbəri olduğu 2 saylı Ağdam musiqi məktəbinə işə düzəltməyi xahiş etmişdir. Nigarı qohumu ilə birlikdə iş yerinə dəvət etmişdir. Təxminən 09 mart 2022-ci il tarixdə Nigar Ulduz adlı qadınla iş yerinə gəlmişdir. 2 saylı Ağdam musiqi məktəbi müvəqqəti olaraq 96 saylı orta məktəbin inzibati binasında fəaliyyət göstərir. Nigara və Ulduza rəhbəri olduğu musiqi məktəbində yaxın vaxtlarda xadimə yerinin boşalacağını bildirmişdir. Belə ki, xadimənin 65 yaşı tamam olandan sonra onun əmək müqaviləsinə xitam verilməliydi. Nigar və Ulduz vakansiyanın boşalacağını gözləyəcəklərini bildirmişlər və çıxıb getmişlər. Bundan bir həftə sonra Nigar bir neçə dəfə zəng edərək vakansiyanın nə vaxt boşalacağını soruşmuş, Nigara gözləməyi demişdir. Təxminən 2022-ci ilin aprel ayının ortalarında Ağcabədi regional mədəniyyət idarəsində olanda orada bildirmişlər ki, rəhbəri olduğu musiqi məktəbində işləyən xadimənin əmək müqaviləsinin vaxtı artırılmayacaq və vaxtı çatanda əmək müqaviləsinə xitam veriləcəkdir. Həmin vaxt Nigara zəng edərək Sevinc adlı xadimənin əmək müqaviləsinə yaxın vaxtlarda xitam veriləcəyini və Ulduza işə qəbulla bağlı zəruri sənədləri toplamağı deməsini bildirmişdir. Nigar Ulduzun nə vaxt əmək haqqı kartını, yəni bank kartını alacağını soruşmuş, Nigara 2 saylı Ağdam musiqi məktəbinin işçilərinin əmək haqqı kartlarını «Qara Qarayev» metrostansiyasının yaxınlığında yerləşən "xxxx"ın filialından hər ayın əvvəli aldıqlarını bildirmişdir. Təxminən 2022-ci ilin aprel ayının 25-də məlum olmuşdur ki, Sevinc adlı xadimənin əmək müqaviləsi xx.xx.2022-ci il tarixədək artırılıb. Sonra Nigara zəng edərək bu haqda məlumat vermişdir. Nigar sözlərinə çox pis olmuşdur. Nigarın danışığından başa düşmüşdür ki, o, Ulduzdan işə qəbulla bağlı pul alıb. Bir bəhanə ilə Nigardan Ulduzun mobil nömrəsini götürüb ona zəng etmiş və işlə bağlı bir az gözləməli olduğunu demişdir. Söhbət zamanı Ulduz Nigarın ondan rəhbəri olduğu 2 saylı Ağdam musiqi məktəbinə işə qəbulla bağlı iki dəfəyə 6060 manat pul aldığını bildirmişdir. Bundan sonra Nigara zəng edərək Ulduzdan pul alıb-almadığını soruşmuş, Nigar isə Ulduzdan 4000 manat pul aldığını, həmin pulu anasının müalicəsinə xərclədiyini və Ulduzu işə götürməyi xahiş etmişdir. Nigara yaxşı hərəkət etmədiyini bildirmişdir. Şahid2 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə iclasında onun ibtidai istintaqda verdiyi ifadəsi elan olunaraq tədqiq edilmişdir. Şahid2 ifadəsinə görə Zərərçəkmiş şəxs1 təxminən 9 ildir ki, tanıyır. Onun oğlu ilə qızı bir sinifdə oxumuşlar. Ulduz uzun müddət işsiz olmuş və ona bir iş tapmağı xahiş etmişdir. Ulduzun ərindən boşandığını və ailəsinin maddi vəziyyətinin elə də yaxşı olmadığını görüb ona kömək etmək qərarına gəlmiş və Ulduz haqda bir neçə tanışına, o cümlədən Təqsirləndirilən şəxs demişdir. Nigara zəng edib Ulduz haqda məlumat vermiş və onu bir işə düzəltməyi xahiş etmişdir. Nigar isə Ulduza iş tapmaqda köməklik edəcəyini bildirmişdir. Nigar Ulduzu hər hansı bir işə düzəltsəydi, Ulduz Nigara hörmət olaraq pul verəcəydi. Ulduza Nigarla əlaqə saxlamaq üçün sonuncunun həmin vaxt istifadə etdiyi mobil nömrəni vermişdir. Ulduz da adından Nigara zəng edərək sonuncu ilə görüşə getmişdir. Sonradan Ulduz bildirmişdir ki, Nigar onu 6000 manat müqabilində 96 saylı orta məktəbin inzibati binasında fəaliyyət göstərən Qurban Piriyev adına 2 saylı Ağdam musiqi məktəbinə təlim-tərbiyə işləri üzrə mütəxəssis-müdir vəzifəsinə işə düzəldə biləcəyini deyib. Ulduza işini ehtiyatlı tutmağı demişdir. X4 inanaraq pulun bir hissəsini - 3000 manat pulu Nigara iş yerində vermiş və Nigar pulu alması ilə bağlı şəxsiyyət vəsiqəsinin surətində qəbz yazmışdır. 09 mart 2022-ci il tarixdə Ulduz zəng edərək işə qəbul olunduğunu bildirmiş, təşəkkür etmiş və Nigara qalan 3000 manat pulu verdiyini və bir ay müddətində işə çıxacağını və əmək haqqı kartını alacağını bildirmişdir. İş materiallarında olan Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsinin surəti əks olunmuş vərəqin arxa hissəsində yazdığı əlyazmanın surətindən görünür ki, o, Zərərçəkmiş şəxs1 3000 AZN pul aldığını yazmış və imzalamışdır (iş vərəqə 9). İş materiallarında olan xx.xx.2022-ci il tarixli qəbzin surətindən görünür ki, "xxxx" ASC-yə aid olan 416974******5546 nömrəli bank kartına 5000 manat mədaxil edilmişdir (iş vərəqə 78). İş materiallarında olan AZ-İV 257069 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2019-cu il təvəllüdlü X1 adlı azyaşlı uşağı var. İş materiallarında olan “Diaqnoz” Tibb mərkəzinin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs hamilədir. İş materiallarında olan DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Məhkəmə hökmü əsaslandırarkən hesab edir ki, hökmün əsaslı olması üçün məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli 7 nömrəli Qərarının 5-ci bəndində məhkəmələrə izah edilmişdir ki, şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun. Məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, təqsirləndirilən şəxsin səmimi etirafı, zərərçəkmiş şəxslərin, şahidlərin verdikləri ifadələri ilə və digər iş materialları ilə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi tamamilə sübuta yetirilmişdir. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xaraketerizə edən amillərdəndir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən onun əməlindən peşman olmasını, dəymiş ziyanı qismən ödəməsini, himayəsində azyaşlı uşağının olmasını, hamilə olmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən etməmişdir. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, səmimi etirafını, yüngülləşdirici halları nəzərə alır və belə hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən tam təcrid etmədən, yaşayış yeri üzrə onun azadlığını məhdudlaşdırmaqla islah etmək mümkündür. Məhkəmə, bu səbəbdən Təqsirləndirilən şəxs barəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmasını məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini günün müəyyən vaxtı tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. İş üzrə mülki iddia, maddi sübut, məhkəmə xərci və xüsusi müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197- 198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini gecə saat 23:30-dan saat 07:00-dək tərk etməmək və elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Bəxtiyar Məmmədov
Məhkəmə qərarları › İş №1(011)-28/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-28/2023
11.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver