Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(011)-280/2022 10.08.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Yaqubov Fərid Murtuza oğlunun sədrliyi, İskəndərova Əlvanə İlham qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, müdafiəçi - Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında, xx xxxxx 1996-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən, o, 03 yanvar 2022-ci il tarixdə, saat 20:00-da Bakı şəhəri, Xətai rayonu, Y.Səfərov küçəsi ilə H.Əliyev prospekti istiqamətində “BB 402629” nömrəli “BC” kateqoriyalı sürücülük vəsiqəsi əsasında, texniki cəhətdən saz vəziyyətdə olan, etibarnamə əsasında X2 məxsus qırmızı metallik rəngli “Toyota Prius” markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobili 40-50 km/saat sürətlə idarə edərək, Y.Səfərov küçəsi 14 ünvanında yerləşən Ali Məhkəmənin inzibati binasının yaxınlığında “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 75-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, yəni piyadaya yol verməli, yolu keçən piyadanın onun hərəkət zolağını boşaltdıqdan sonra, hərəkətini davam etdirməli və hərəkət üçün təhlükəli şərait yaratmamalı olduğu halda, həmin təhlükəsizlik tələblərinə riayət etməyib, yolun sağ tərəfindən sol tərəfinə keçmək istəyən piyada Zərərçəkmiş şəxs piyada keçidinin üzərində avtomobilin qabaq sol hissəsi ilə vuraraq, ehtiyatsızlıqdan sonuncuya sağ baldır sümüklərinin qapalı, oynaqdaxili sınıqları ilə müşayiət olunan, sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vuran xəsarətlər yetirməklə yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, əvvəllər taksi fəaliyyəti ilə məşğul olmuş və avtomobili idarə etmək üçün BC dərəcəli sürücülük vəsiqəsi vardır. “Toyota Prius” markalı, **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmişdir. Avtomobili “Uber” taksi şirkətindən qeydiyyatdan keçmiş və şirkətin verdiyi müştəriləri ünvanlardan götürüb, sifariş olunan ünvanlara çatdırmışdır. 03 yanvar 2022-ci il tarixdə, axşam saatlarında avtomobillə müştərini düşürdükdən sonra, növbəti müştərini götürmək üçün “Xətai” metrostansiyası istiqamətində hərəkət etməyə başlamışdır. Saat 20 radələrində Y.Səfərov küçəsi ilə saatda 40 km sürətlə hərəkət etmişdir. Y.Səfərov küçəsində olan Ali Məhkəmənin inzibati binasına çatdıqda, Xocalı prospektinə dönmək üçün avtomobili sağ istiqamətində hərəkət etdirmişdir. Xocalı prospektinə dönən zaman, piyada xəttinin üzərində yolu keçmək istəyən bir nəfər qadının avtomobilin qabaq sol hissəsi ilə sağ ayağından vurmuşdur. Həmin qadın avtomobilinin qabaq kapotunun üzərinə yıxılmışdır. Dərhal avtomobili saxlamış və avtomobildən düşərək, qadına yaxınlaşıb kömək edib, idarə etdiyi avtomobilə əyləşdirmişdir. Yolda qadının Zərərçəkmiş şəxs olmasını öyrənmişdir. Yeganə xanımı “X4” klinikasına aparmışdır. Orada Yeganə xanıma ilkin tibbi yardım göstərilmiş və onun sol baldır sümüklərinin sınması məlum olmuşdur. Yeganə xanıma tibbi yardım göstərildikdən sonra, onu Yasamal rayonu ərazisində yerləşən evinə aparmışdır. Bundan sonra, Yeganə xanımın müalicəsi üçün imkanı daxilində kömək etmişdir. Eyni zamanda, Yeganə xanımı lazım olan həkimlərə aparıb-gətirmişdir. O, hadisə zamanı avtomobili ayıq vəziyyətdə idarə etmiş, yəni hər hansı bir spirtli içkinin və ya narkotik vasitənin təsiri altında olmamışdır. Baş vermiş hadisə ilə bağlı hazırda Zərərçəkmiş şəxs ilə barışdığını, törətdiyi əməlindən peşman olduğunu bildirərək, barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs göstərdi ki, 03 yanvar 2022-ci il tarixdə, axşam saatlarında Xətai rayonu, Y.Səfərov küçəsində yerləşən Ali Məhkəmənin inzibati binasının yaxınlığında olan anasının yaşadığı evdə olmuşdur. Saat 20 radələrində anasının evindən çıxaraq, öz yaşadığı evə getməyə başlamışdır. Ali Məhkəmənin inzibati binasının yaxınlığında yolun kənarında dayanıb digər tərəfinə keçmək istəmişdir. Yola baxaraq, avtomobilin gəlməməsini görüb, yolun digər tərəfinə keçməyə başlamışdır. Bir metr yola daxil olub piyada hərəkət etdikdə, bir anda qırmızı rəngli “Toyota Prius” markalı avtomobil onu vurmuş və dayanmışdır. Həmin vaxt o, avtomobilin qabaq kapotunun üzərinə yıxılmışdır. Sağ ayağında ağrı hiss etmişdir. Avtomobil ilə onu vuran sürücü avtomobildən düşmüş və yaxınlaşıb öz avtomobilinin arxa oturacağına əyləşdirmişdir. Həmin sürücü onu “X4” klinikasına aparmışdır. Orada həkimlər tərəfindən ona ilkin tibbi yardım göstərilmişdir. Məlum olmuşdur ki, sağ baldırında sınıq vardır. Həmin gün müalicənin davam olunması üçün ev şəraitinə buraxılmışdır. Sürücü isə klinikadan onu evinə gətirmişdir. Sonradan ona məlum olmuşdur ki, idarə etdiyi avtomobil ilə onu vuran Təqsirləndirilən şəxs adlı şəxsdir. Həmçinin, Təqsirləndirilən şəxs hadisədən sonra ona maddi yardım göstərmədiyindən, o, mülki iddia ilə məhkəməyə müraciət edərək, onun mülki iddiaçı kimi tanınmasını və dəymiş maddi və mənəvi ziyanın mülki cavabdeh Təqsirləndirilən şəxs onun xeyrinə tutulmasını xahiş etmişdir. Hazırda isə iş üzrə Təqsirləndirilən şəxs ona dəymiş zərəri ödədiyini, onunla barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını göstərərək, təqsirləndirilən şəxsin barəsində olan cinayət təqibinə xitam verilməsini və mülki iddianın baxılmadan geri qaytarılmasını xahiş etdi. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya birliyinin 16 fevral 2022-ci il tarixli, 166 saylı ekspert rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs üzərində müəyyən edilmiş xəsarət - sağ baldır sümüklərinin qapalı, oynaqdaxili sınıqları müəyyən edildi. Xəsarət bərk küt əşyanın (əşyaların) təsirindən törənmiş, xx.xx.2022-ci il tarixdə yolnəqliyyat hadisəsi şəraitində piyada qismində avtomobilin vurması nəticəsində törənə bilər, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir. Eyni zamanda iş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18 mart 2022-ci il tarixli, 8/620 saylı ekspert rəyində qeyd olunur ki, təhqiqat tərəfindən təqdim olunmuş məlumatlara əsasən, “Toyota Prius” markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 75-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi “Toyota Prius” markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobil cinayət işi üzrə maddi sübut kimi tanınaraq, saxlanması üçün sahibinə təhvil verilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs BB seriyalı 402629 nömrəli, “BC” dərəcəli sürücülük vəsiqəsi verilmiş və onun nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməsi ilə bağlı məlumat yoxdur. İş materiallarında olan 04 yanvar 2022-ci il tarixli, 2/374 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinə aktından görünür ki, Təqsirləndirilən şəxs ayıqdır, onda alkoqolun qəbulu əlamətləri yoxdur. İş materiallarından görünür ki, 10 may 2022-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən verilmiş 09 may 2022-ci il tarixli tələbnamədən görünür ki, əməliyyat-sorğu kartotekasında Təqsirləndirilən şəxs məhkumluğu barəsində heç bir məlumat yoxdur. Həmçinin, iş materiallarından görünür ki, iş üzrə Zərərçəkmiş şəxs mülki iddia ilə məhkəməyə müraciət edərək, cinayət işi üzrə onun mülki iddiaçı qismində tanınmasını və dəymiş maddi ziyana görə 12.800 manat, mənəvi ziyana görə isə 5.000 manat məbləğində pulun Təqsirləndirilən şəxs onun xeyrinə tutulmasını xahiş etmişdir. Beləliklə, aparılmış məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs yuxarıda göstərilən cinayət əməlini törətməsi özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxsin ifadəsi, ekspert rəyi, eləcə də işin tədqiq olunmuş digər materialları ilə sübuta yetirilir. Məhkəmə təqsirləndirilən şəxsin ifadəsini, zərərçəkmiş şəxsin barışıq barədə ərizəsini nəzərdən keçirib, iş materiallarını araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və onun barəsində olan cinayət təqibinə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsində avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olmasına görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Eyni zamanda həmin maddənin “Qeyd” hissəsində göstərilir ki, “bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir”. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.8-ci maddəsinə əsasən zərərçəkmiş şəxsin şikayəti olmadıqda (cinayət təqibi xüsusi ittiham qaydasında həyata keçirildikdə, habelə cinayət təqibinin başlanmasına prokurorun təşəbbüsü olmadığı halda cinayət təqibi ictimai-xüsusi ittiham qaydasında həyata keçirildikdə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Beləliklə, məhkəmə iş materiallarını araşdıraraq, Təqsirləndirilən şəxs səmimi peşmançılığını, ilk dəfə cinayət əməli törətməsini, zərərçəkmiş şəxslə barışmasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi və onun barəsində olan cinayət təqibinə xitam verilməsi məqsədəuyğundur. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə maddi sübut kimi tanınan - Təqsirləndirilən şəxs idarə etdiyi “Toyota Prius” markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə qaytarılması nəzərə alınmalıdır. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 85 (səksən beş) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Eyni zamanda, məhkəmə iş üzrə Zərərçəkmiş şəxs ərizəsini əsas tutaraq hesab edir ki, Zərərçəkmiş şəxs mülki iddiası baxılmamış saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 353.4.10-cu maddəsinə əsasən, məhkəmənin ittiham hökmünün nəticəvi hisssində mülki iddianın həlli göstərilməlidir. Həmin Məcəllənin 354.1-ci maddəsinə əsasən, məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq aşağıdakı qərarlardan biri əks etdirilir: 354.1.1. iddianın tam və ya qismən təmin edilməsi; 354.1.2. iddianın rədd edilməsi; 354.1.3. iddianın baxılmamış saxlanması. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 37.4, 39.1.8, 43.1.2, 321.2.1 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin və barəsində olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut kimi tanınan - Təqsirləndirilən şəxs idarə etdiyi “Toyota Prius” markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə qaytarılması nəzərə alınsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 85 (səksən beş) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. İş üzrə Zərərçəkmiş şəxs mülki iddiası baxılmamış saxlansın. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən: Fərid Yaqubov
Məhkəmə qərarları › İş №1(011)-280/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №1(011)-280/2022
10.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver