Məhkəmə qərarları › İş №1(011)-281/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-281/2021

25.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-281/2021 25.06.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, prokuror - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1981-ci ildə Masallı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Kənd Əhmədlidə nömrəsiz evdə yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 0,182 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin əldə edərək üzərində saxlayıb Bakı şəhəri, Xətai rayonu, Əhmədli kəndi, 9-cu Əhmədli küçəsinə daşımış, 18 mart 2021-ci il tarixdə, saat 08:00-da həmin ünvanda Xətai Rayon Polis İdarəsinin 34-cü Polis şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbiri zamanı yaxalanaraq ünvan 4 ünvanında yerləşən 34-cü Polis şöbəsinə gətirilərək şəxsi axtarış zamanı əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd bükümdə təmiz çəkisi 0,182 qram qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, özü əvvəllər oğurluq cinayəti törətməyi ilə bağlı iki dəfə, sonuncu dəfə isə narkotik vasitə əldə etməyi ilə bağlı həbs edilmiş və iki il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. O, 2020-ci ilin aprel ayında azadlığa çıxmışdır. 18 mart 2021-ci il tarixdə, tezdən kirayədə yaşadığı evdən çıxıb siqaret almaq məqsədilə dükana getmişdir. Yolda onu iki nəfər mülki geyimli şəxs saxlayıb özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirmiş və ona narkotik vasitə dövriyyəsi ilə bağlı şübhəli olduğunu bildirərək birlikdə 34cü Polis Şöbəsinə getməli olduqlarını demişdirlər. O, razı olmuş və polis əməkdaşları ilə birlikdə 34-cü Polis Şöbəsinə getmişdir. Şöbədə vəkil dəvət edilmiş və ona hüquqları izah edilmişdir. Bundan sonra polis əməkdaşı videoçəkiliş aparmaqla vəkilin iştirakı ilə onun üzərinə baxış keçirmişdir. Baxış zamanı polis əməkdaşının ona üzərində olan hər hansı qanunsuz əşyanı təqdim etməsi təklifi ilə o, əynində olan cins şalvarının sağ yan cibindən siqaretin qızılı kağızına bükülmüş bir büküm heroini çıxardıb polis əməkdaşına təqdim etmişdir. Ondan həmin bükümdə olan kütlənin nə olduğunu və haradan əldə etdiyini soruşmuşdurlar. O, bildirmişdir ki, bükümdə olan kütlə narkotik vasitə heroindir və onu şəxsi istifadəsi üçün bir neçə gün əvvəl 20 manata «Neftçilər» metrosunun yanında, tanımadığı şəxsdən almış və cibində saxlamışdır. Bundan sonra onun üzərində axtarış aparılmış, başqa heç bir qanunsuz əşya aşkar edilməmişdir. Ondan götürülən bir büküm heroin hamının yanında polis əməkdaşı tərəfindən ağ zərfə qoyulub möhürlənmişdir. Daha sonra isə axtarışla bağlı tərtib olunuş protokolu imzalamış və qanunsuz olaraq narkotik vasitə əldə etməyi ilə bağlı səmimi izahat vermişdir. Beləliklə o, törətdiyi cinayət əməlindən peşmançılıq çəkdiyini və bir daha belə hallara yol verməyəcəyini bildirərək, ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid1 ifadəsində göstərmişdir ki, 18 mart 2021-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, Kənd Əhmədli qəsəbəsi ərazisində “Rəsul” adlı şəxsin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı mötəbər mənbələrdən əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatın yoxlanılması məqsədi ilə əməliyyat qrupu yaradılmış, o da həmin əməliyyat qrupunun rəhbəri kimi qrupun tərkibində olmuşdur. 18 mart 2021-ci il tarixdə, saat 08:00 radələrində ünvan 5 ünvanının qarşısında həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində xarici görünüşünə görə “Rəsul” adlı şəxsə bənzəyən şəxs müəyyən edilmişdir. Həmin şəxsə yaxınlaşaraq özlərini təqdim etmiş, polis əməkdaşları olduqlarını bildirərək həmin şəxsdən şəxsiyyətini təsdiq edən sənəd təqdim etməsini xahiş etmişlər. Həmin şəxs özünü Təqsirləndirilən şəxs kimi təqdim etdikdən sonra xidməti avtomobil ilə Xətai RPİ-nin 34-cü Polis Şöbəsinə dəvət etmişlər. 34-cü Polis Şöbəsində olduqları zaman həmin şəxsin xx.xx.1981-ci ildə Masallı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkum olunmuş, ünvan 6 ünvanında qeydiyyatda olan və Bakı şəhəri, Xətai rayonu, Kənd Əhmədli qəsəbəsi, 8-ci Əhmədli küçəsində kirayədə yaşayan Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Daha sonra 34-cü Polis Şöbəsində dəvət edilmiş müdafiəçinin iştirakı ilə videoçəkiliş vasitəsilə saxlanılan şəxs Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah ediləndən sonra üzərinə şəxsi axtarış və götürmə aparılmışdır. Şübhəli şəxs qismində tutulmuş şəxs Təqsirləndirilən şəxs üzərində əldə edilməsi, istifadəsi, daşınması, satışı, saxlanılması və digər formada dövriyyəsi qanunla qadağan olunmuş əşya, maddə və ya predmet varsa, könüllü olaraq təqdim etməsi təklif edilmişdir. Bu zaman Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarının sağ cibindən bir ədəd siqaretin iç kağızına bükülmüş bükümü çıxarıb təqdim edərək həmin bükümün içərisində “heroin” olduğunu, özünün narkotik vasitə istifadəçisi olduğunu, öz istifadəsi üçün Neftçilər metrostansiyası adlanan ərazidən üzdən tanıdığı şəxsdən aldığını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd bükümün içərisində qəhvəyi rəngli, spesifik iyə malik narkotik vasitə heroinə bənzər maddə aşkar edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış davam etdirilmiş, lakin üzərindən əhəmiyyət kəsb edə biləcək heç bir əşya, maddə və ya predmet aşkar olunmamışdır. Üzərindən aşkar olunmuş bir ədəd bükümdə olan narkotik vasitə heroinə bənzər maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan, elektron tərəzi ilə çəkilmiş və ümumi çəkisinin 0,3 qram olduğu müəyyən edilmişdir. Daha sonra həmin büküm bir ədəd boş kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün 152” saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə başa çatmış, bu barədə protokol tərtib olunmuş və protokol bütün iştirakçılar tərəfindən imzalanmışdır. O, əməliyyat tədbirlərindən əvvəl Təqsirləndirilən şəxs tanımamış və heç bir münasibəti, ədavəti və ya düşmənçiliyi olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 digər Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi faktları və halları eynilə təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 19 mart 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət işi başlanılmış və istintaq aparılması üçün icraata qəbul edilmişdir (i.v. 01); şübhəli şəxsin tutulması haqqında 18 mart 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 08:00-da Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (i.v. 24); şəxsi axtarış və götürmə aparılması haqqında 18 mart 2021-ci il tarixli protokoldan görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış və götürmə aparılmazdan əvvəl həmin istintaq hərəkətində iştirak edən şəxslərə CPM-də nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilmiş, bundan sonra Təqsirləndirilən şəxs üzərində olan hər hansı qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və sənədlərin könüllü surətdə təqdim olunması təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara cins şalvarının sağ cibindən qızılı kağıza bükülmüş spesifik qoxuya malik, küstar üsulla hazırlanmış narkotik vasitə heroinə bənzər maddəni masanın üzərinə qoymuşdur. Qara cins şalvarının sağ cibindən qızılı kağıza bükülmüş spesifik qoxuya malik, küstar üsulla hazırlanmış narkotik vasitə heroinə bənzər maddə aşkar edilərək götürülmüşdür. Götürülmüş küstar üsulla hazırlanmış narkotik vasitə heroinə bənzər maddə elektron tərəzi vasitəsi ilə çəkilmiş və müəyyən edilmişdir ki, onun çəkisi 0,3 qram təşkil edir. Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş maddənin nədən ibarət olması haqqında sual verilərkən sonuncu Bakı şəhəri, Nizami rayonu, Neftçilər metrosunun yaxınlığında tanımadığı şəxsdən öz istifadəsi üçün 20 manata narkotik vasitə almış və “heroin” olduğunu bildirmişdir (i.v. 33-34); Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 19 mart 2021-ci il tarixli, 6/1116 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərlərində “....(imza) Quliyev (şübhəli şəxs)..” sözləri olan zərfdəki 01 ədəd bükümdə, təmiz çəkisi 0,182 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Heroin Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin”-in siyahısına daxildir (i.v. 39-43); təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 19 mart 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir (i.v. 52-53); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 4(011)-112/2021 saylı, 19.03.2021-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində 3 (üç) ay müddətinə həbs qismində qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 18 mart 2021-ci il tarixdən hesablanmışdır (i.v. 67-70); bir ədəd “DVD” diskdə olan videogörüntüdən görünür ki, həmin görüntü, şəxsi axtarış və götürmə aparılması haqqında 18 mart 2021-ci il tarixli protokola uyğun olmuşdur (i.v. 79); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən alınmış 09 aprel 2021-ci il tarixli tələbnamədən, hökm və qərardan görünür ki, Quliyev X1 Rayon Məhkəməsinin 23.05.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinmiş və ona 03 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Qaradağ Rayon Məhkəməsinin 17.07.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinmiş və ona 04 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Masallı Rayon Məhkəməsinin 17.07.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinmiş və ona 02 il 09 gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, 27.11.2018-ci ildə Şirvan Apellyasiya Məhkəməsinin qərarı ilə 17.07.2018-ci il tarixli hökmü dəyişdirilmiş, CM-nin 234.1, 67.1-ci maddəsinə əsasən ona qəti olaraq 02 il 09 gün azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, 15.04.2020-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir (i.v. 88-90, 101-104, 105-108); Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X2 X3-Narkoloji Tibbi yoxlamanın 12.04.2021-ci il tarixli, 1043 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən suiistifadə edilməsi ilə nəticələnən Narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (i.v.110-111); cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında 20 may 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd təmiz çəkisi 0,182 qram olan narkotik vasitə heroin cinayət işi üzrə maddi sübut kimi tanınmış, tədqiqatdan sonra qalıq çəkisi 0,152 qram olan heroin cinayət işinin istintaqı başa çatdıqdan sonra iş üzrə məhkəmənin hökmünün icra olunmasınadək saxlanılması üçün Xətai RPİ-nin saxlanc yerinə təhvil verilmiş, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmasını özündə əks etdirən “Princo DVD-R” yazıları olan 01 ədəd DVD maddi sübut kimi tanınmışdır (i.v. 112-116). Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahının 5-ci qrafasına əsasən təmiz çəkisi 0,15 qram olan heroin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində cəza çəkmə müəssisələrində çəkməsi müəyyən edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 65.2-ci maddəsinə görə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli qərarında qeyd edilmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 25 may 2009-cu il tarixli qərarında qeyd edilmişdir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkməsini, gənc olmasını CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində olan Qaradağ Rayon Məhkəməsinin 17.07.2014-cü il tarixli hökmü üzrə olan əməli böyük ictimai təhlükə törətməyən cinayət hesab olunduğundan həmin əməli cinayətlərin residivinin müəyyən edilməsi zamanı nəzərə almır. Bununla belə, təqsirləndirilən şəxs Quliyev X1 Rayon Məhkəməsinin 23.05.2014-cü il tarixli hökmü və Masallı Rayon Məhkəməsinin 17.07.2018-ci il tarixli hökmü ilə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasına baxmayaraq, üzərindən məhkumluğu götürülmədən və ödənilmədən yenidən cinayət törətmişdir ki, bu da CM-nin 18.2-ci maddəsinə əsasən cinayətin təhlükəli residivi hesab olunur. Məhkəmə, Təqsirləndirilən şəxs əməlində cinayətin təhlükəli residivinin olmasını CMnin 61.1.1-ci maddəsinə əsasən iş üzrə cəzanı ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsiri nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs əvvəllər azadlıqdan məhrumetmə cəzasına məhkum olunmasını, yenidən qəsdən cinayət törətməsini, digər cəza ilə cəzanın məqsədinə nail olunmamasını, təqsirkarın şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğuna görə ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) az ciddi cəza növünün cəzanın məqsədlərini təmin edə bilməməsi nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəza təyin edilərkən cinayətlərin təhlükəli residivi nəzərə alınmalı(CM-65.2.), cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu tarixindən hesablanmalı, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.3.), barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli (CM-93.1.2), ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan narkotik vasitə hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, HÖKM E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 18 mart 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut - Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin MSK-da saxlanılan 01 ədəd bükümdə təmiz çəkisi 0,182 qram, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,152 qram narkotik vasitə olan hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 01 ədəd “DVD” disk iş materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 81,82 (səksən bir manat səksən iki qəpik) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar