Məhkəmə qərarları › İş №1(011)-282/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-282/2025

11.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-282/2025 11.06.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Əliyeva Fidan Rahim qızının katibliyi, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X1 və onun müdafiəçisi fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 İsgəndər oğlunun, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X3 və onun etibarnamə üzrə nümayəndəsi Bakı şəhəri 9 saylı Vəkil bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi1 iştirakları ilə, 28 iyul 1969-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair xüsusi ittiham qaydasında verilmiş şikayətə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: X10 xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək xüsusi ittiham qaydasında verilmiş şikayətin icraata qəbul edilməsini və işin məhkəmə baxışına təyin edilməsini, X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsində nəzərdə tutulmuş cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Xüsusi ittiham qaydasında şikayət onunla əsaslandırılmışdır ki, 20 noyabr 2022-ci il tarixdə ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin həyətində X12 həmin fərdi yaşayış evinə giriş üçün pilləkənin quraşdırılması zamanı tikinti işlərinə etiraz edərək, 6 nəfər adamın yanında, yəni həmin vaxt hadisə yerində olan şəxslər X14, X15, X5, X13, X6 və digərləri eşidə-eşidə qızı Məmmədova Vüsalə ilə mübahisə etməyə başlamış və mübahisəyə başlayan zaman şikayətçinin ünvanına yalan olduğunu bilə-bilə böhtan ataraq qızı M.Vüsaləyə demişdir ki, “anan deyir ki, uçaskovuya, yəni polis şöbəsinin yaşadığımız sahə üzrə rəisinə, pul vermişəm”. Bunu deməklə M.Kəmalə bildirmişdir ki, guya şikayətçi demişdir ki, polis şöbəsinin yaşadıqları sahə üzrə rəisinə, onun tərəfindən bilə-bilə qanunsuz hərəkətsizlik etməyə, yəni pilləkənin tikilməsinə göz yumacağına görə ona pul (rüşvət) vermişdir. Əslində isə şikayətçi heç vaxt onun dediyi sözləri deməmişdir və heç kimə, o cümlədən polis şöbəsinin yaşadıqları sahə üzrə rəisinə hər hansı pul və ya digər qiymətli əşya verməmişdir və belə bir niyyəti olmamışdır. Sözügedən ev özbaşına tikilidir, 1992-ci ildə inşa edilmişdir. M.Kəmalə bu sözləri özündən uyduraraq şikayətçinin ünvanına demişdir. Hər bir halda şikayətçiyə məlumdur ki, evinə giriş üçün pilləkənin tikilməsinə görə icazənin verilməsi polis şöbəsinin sahə rəisinin səlahiyyətlərinə aid deyildir. Məmmədova Kəmalə bu sözləri orada pilləkəni quraşdıran ustaların və digər şəxslərin yanında yalandan deməklə onu nüfuzdan salmaq, pilləkənin qurulmasından imtina etməyə nail olmaq olmuşdur. Həmin vaxt hadisə yerində kamera vasitəsi ilə audio-video qeydiyyat aparılmışdır. Həmin qeydiyyat əməlin törədilməsinin sübutu kimi CD disk şəklində məhkəməyə təqdim edilir. Beləliklə, Məmmədova Kəmalə bir neçə şəxsin yanında şikayətçiyə böhtan ataraq, CM-nin 312.2-ci maddəsində nəzərdə tutulmuş vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətsizlik etməyə görə ona rüşvət vermə kimi ağır cinayətdə şikayətçini ittiham etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 may 1999-cu il tarixli” şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” 7 nömrəli Qərarında göstərilmişdir ki, məlumat başqa şəxsə, bir neçə şəxsə və yaxud qeyri-müəyyən şəxslər dairəsinə bildirildikdə yayılmış hesab edilir”. Beləliklə, Məmmədova Kəmalə yalan olduğunu bilə-bilə şikayətçinin şərəf və ləyaqətini ləkələmək, onu nüfuzdan salmaq niyyəti ilə, barəsində CM-nin 312.2-ci maddəsində nəzərdə tutulmuş ağır cinayəti törətməkdə ittiham edici məlumatı yayaraq ona böhtan atmışdır. Bununla da CM-nin 147.2-ci maddəsində nəzərdə tutulmuş əməli törətmişdir. Ona görə də X12 CM-nin 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməlidir. Məhkəmə iclasında xüsusi ittihamçı X10 ifadəsində göstərmişdir ki, X7 uzun müddətdir ki, tanıyır, aralarında ədavətləri var, hazırda da mülki məhkəmə icraatı qaydasında mübahisələri davam edir. 2015-ci ildən onların həmin həyət üstündə mübahisələri var. Yaşadıqları ev zəlzələdən sonra təhlükəli vəziyyətdə olduğundan müvafiq icazə əsasında tikinti işləri aparmış, bunu görən X12 ona böhtan ataraq polisə rüşvət verməkdə günahladırmışdır. Onun tikinti üçün icazəsi var, lakin hazırda icazəni təqdim edə bilmir. Beləliklə, o, X1 əməlində Azərbaycan Respublikası CM-nin 147.2-ci maddəsinin tərkibi mövcud olduğuna görə onun həmin maddə ilə cinayət məsuliyyətinə cəlb edilməsini və cəzalandırılmasını xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs X12 özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, X10 onu əsassız olaraq ittiham edir. Mübahisə ondan başlayır ki, onlar hamısı ümumi həyətdən istifadə edirlər. X10 icazə sənədi olmadan orada tikinti işləri aparır, tikinti qanunsuz olmaqla standartlara uyğun deyildir. Aparılan tikinti onun da yaşayış yerinə təsir edir. Hadisə günü o, X4 icazəsiz tikinti apardığı ilə bağlı irad tutmuş, bundan sonra 102 xidmətinə zəng etmişdir. Polis əməkdaşları gəldikdə isə X10 polisə guya icazə sənədi göstərmiş, polis də tikintiyə icazə verildiyini bildirmişdir. Halbuki, orada yerləşən tikililər qanunsuz tikilidir və müvafiq icazə yoxdur. Beləliklə o, göstərilənləri nəzərə alaraq əməlində hər hansı cinayətin tərkibi olmadığından ona bəraət verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində bildirmişdir ki, xalası X1 evinin qabağında pilləkən vardır. O pilləkən sökülən zaman qonşular gələrək müdaxilə etmişlər. X12 həmin vaxt X1 polisə rüşvət verdiyini demişdir. Daha sonra 102 xidmətinə məlumat verilmişdir. Polis əməkdaşları oraya gələrək sənədlərə baxmış, bundan sonra müəyyən edilmişdir ki, orada tikintiyə icazə var, o da tikinti işlərinə davam etmişdir. O, sənədin məzmununu görməmişdir. Həmin vaxt hadisə yerində o özü, dayısı oğlu İlqar, 2 nəfər dostları, yeznəsi, xalası, Kəmalə və qızı olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 ifadəsində bildirmişdir ki, X12 və X10 onun gəlinləridir. O, sonuncuların baldızıdır. İllərdir mülk üstündə ədavət var. Valideynlərimizin tapşırığına əsasən kimin harada yaşayacağı və evlərin necə tikiləcəyi müəyyən edilmişdi, lakin X12 və X10 onun orada yaşamasına məhəl qoymadan orada tikinti işlərinə başlamışlar. Hadisə olan vaxt orada olmuşdur. Ş.Məmmədova K.Məmmədovaya demişdir ki, gedin hara müraciət edirsiniz edin, biz kimə nə lazımdı vermişik. Məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxs X12 tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı xüsusi ittihamçının gəldiyi nəticə əsassız olmaqla, X3 hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsinin tərkibi müəyyən edilməmişdir. Belə ki, “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2015ci il tarixli, 3 saylı qərarının 2-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, cinayət qanunvericiliyində xüsusi ittiham qaydasında cinayət təqibinə səbəb olan əməllərin törədilməsinə görə cinayət məsuliyyətinin nəzərdə tutulması hər kəsin mənəvi dəyəri olan şərəf və ləyaqətini, nüfuzunu qeyri-qanuni qəsdlərdən qorumaq məqsədi daşıyır. Hər kəsin şərəfi dedikdə onun cəmiyyətin üzvü kimi əxlaqi, mənəvi keyfiyyətlərinə, digər insanlara, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən qiymət, ləyaqəti dedikdə şəxsin öz mənəvi və əqli keyfıyyətlərini, cəmiyyətdəki mövqeyini və nüfuzunu dərk etməsi və özünün özünə verdiyi qiymət, nüfuzu dedikdə isə şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə görə tutduğu mövqe başa düşülür. Həmin Qərarın 6-cı bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, Avropa Məhkəməsinin presedent hüququna müvafiq olaraq barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs tərəfindən yayılmış məlumatlarda fikrin və ya faktın əks etdirilməsi fərqləndirilməli və bu hala əhəmiyyət verilməlidir. Faktların mövcudluğu nümayiş oluna bilsə də, fikirlərin həqiqiliyi sübut oluna bilən deyildir. Fikirlərin həqiqiliyini sübut etmək tələbinə riayət etmək mümkün deyil və bu tələb Konvensiyanın 10-cu maddəsi ilə təmin edilmiş hüququn əsas hissəsi olan fikir azadlığının özünü pozur (bax, yuxarıda qeyd olunan De Haes və Gijsels, § 42 və Lingens, § 46). Eyni zamanda, üçüncü tərəfin davranışı barədə iddialar irəli sürüldüyü hallarda bəzən faktın təqdimatı ilə fikirlər arasında fərqi müəyyən etmək çətin olur. Buna baxmayaraq, hətta fikirlər faktlara əsaslanmadıqda onlar olduqca əsassız ola bilər (bax, Jerusalem Avstriyaya qarşı, §43). Avropa Məhkəməsinin qərarlarında qeyd edilmişdir ki, ifadə azadlığına hər hansı məhdudiyyətin “zəruriliyi” əsaslı qaydada müəyyən edilməlidir. İlk növbədə məhkəmələr məhdudiyyətin tətbiqi üçün “ciddi ictimai tələbatın” mövcud olub-olmadığını müəyyən etməlidirlər; bu halda onların müəyyən mülahizə hüdudları vardır. Mətbuat ilə bağlı işlərdə məhkəmələrin malik olduğu mülahizə hüdudları demokratik cəmiyyətin azad mətbuatı təmin etmək və qorumaq marağı ilə müəyyən edilir. Eynilə, Konvensiyanın 10-cu maddəsinin 2-ci bəndinə əsasən məhdudiyyətin qanuni məqsədə mütənasib olubolmamasının müəyyən edilməsində bu maraq daha ağır çəkiyə malikdir (bax, Fressoz və Ruar Fransaya qarşı (BP), § 45). Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquqi normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyətli olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CMin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 147.2-ci maddəsinə əsasən ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma—iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə ilkin olaraq qeyd etməyi zəruri hesab edir ki, AR CM-nin 147.2-ci maddəsinin tərkibinin yaranması üçün ağır və ya xüsusilə ağır cinayətlər kateqoriyasına aid olan cinayətdə ittiham edilmə halı mövcud olmalıdır. Hazırkı iş üzrə xüsusi ittihamçı barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsi rüşvət verməkdə ittiham etdiyini bildirmişdir. Halbuki CM-nin 312.1-ci maddəsinə əsasən rüşvət vermə, yəni xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətin edilməsi və ya belə hərəkətin edilməsindən imtina olunması müqabilində vəzifəli şəxsə onun özü və ya üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair nemət, imtiyaz və ya güzəşt təklif olunması, vəd edilməsi və ya verilməsi - beş min manatdan səkkiz min manatadək miqdarda cərimə və ya üç ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin normanın sanskiyası ilə müəyyən edilir ki, bu cinayət az ağır cinayətlət kateqoriyasına aiddir. CM-nin 312.2-ci maddəsinə əsasən vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət vermə və ya təkrar rüşvət vermə—səkkiz min manatdan on iki min manatadək miqdarda cərimə və ya dörd ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Sözügedən normanın sanksiyası ilə həmin cinayətin ağır cinayətlər kateqoriyasına aid edildiyi görünsə də, həmin cinayətin subyekti vəzifəli şəxs olduğundan, hazırkı iş üzrə xüsusi ittihamçı da vəzifəli şəxs olmadığından, istinad olunan maddə hazırkı iş üzrə tətbiq edilə bilməz. Bundan əlavə məhkəmə qeyd edir ki, xüsusi ittihamçı tərəfindən təqdim edilmiş videogörüntüdən görünür ki, K.Məmmədova özünün fikrini yox, xüsusi ittihamçı tərəfindən deyilmiş fikri səsləndirməsini müşahidə etmək mümkün olur (anan özü deyir ki, uçaskovuya pul vermişəm). Məhkəmə araşdırılması zamanı məhkəmə iclasında təqsirləndirilən şəxs ifadəsində də bildirmişdir ki, xüsusi ittihamçı tərəfindən polisə pul verilməsi ilə bağlı fikirlər ona söylənmiş və o, məhz xüsusi ittihamçının özü tərəfindən deyilmiş cümlələri təkrar etmişdir. Məhkəmə iclasında şahid qismində dinlənilən X11 da ifadəsində onun yanında “Ş.Məmmədova K.Məmmədovaya demişdir ki, gedin hara müraciət edirsiniz edin, biz kimə nə lazımdı vermişik” kimi fikirlərin səsləndirildiyini bildirmişdir. Məhkəmə yuxarıda istinad olunanlara, eyni zamanda xüsusi ittihamçı ilə barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsin qohum olduqlarına, aralarında mülki müstəvidə mübahisə və ədavətin olmasına istinad edərək hesab edir ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsin hərəkətlərində yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatların yayılmasına aid olan hərəkətlər aşkar edilmir. Odur ki, məhkəmə, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X3 xüsusi ittihamçı X8 qarşı işlətdiyi ifadələrin məzmunlarında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsinin tərkibinin olması ilə razılaşmır və hesab edir ki, məhkəməyə təqdim olunmuş sübutlarla da həmin maddənin dispozisiyasında təsbit edilmiş cinayət əməlinin tərkibinin olması öz təsdiqini tapmır. Azərbaycan Respublikası Konstitusiyasının: 63-cü maddəsinin İ hissəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. 63-cü maddəsinin İİ hissəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 42.1.1-ci maddəsinə əsasən cinayət hadisəsi olmadıqda, 42.1.2-ci maddəsinə əsasən cinayət tərkibi olmadıqda, 42.1.3-cü maddəsinə əsasən cinayətin törədilməsinə aidiyyatı olmadıqda, 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədikdə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. 144-cü maddəsinə görə cinayət təqibi üzrə sübutlar tam, hərtərəfli və obyektiv yoxlanmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə edilmiş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə görə hüquqi qiymət verilməlidir. 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror və ya hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. 145.3-cü maddəsinə əsasən ittihamın sübut edilməsində yaranan şübhələri digər sübutlarla aradan qaldırma mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. 146.1-ci maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Avropa İnsan Hüquqları Məhkəməsi təqsirsizlik prezumpsiyası ilə bağlı Avropa Konvensiyasının 6-cı maddəsi üzrə şikayətlərlə bağlı qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidir. Avropa Məhkəməsi xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olubolmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir. Adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında tədqiq edilməlidir. Bu prinsipdən istisna ola bilər, lakin istisnalar təqsirləndirilən şəxsin müdafiə hüququna xələl gətirməməli və o, ittiham tərəfinin şahidlərinin ifadələrini təkzib etmək imkanına malik olmalıdır. X20 Konvensiyasının 6-cı maddəsini 2-ci bəndində göstərilmişdir ki, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Avropa İnsan Hüquqları Məhkəməsi Telfner Avstriyaya qarşı (2001) işində qeyd etmişdir ki, məhkəmə araşdırması gedişində təqsirsizlik prezumpsiyası prinsipinin əhəmiyyəti sübutetmə yükünün ittiham tərəfinin üzərinə düşməsi, irəli sürülən ittihamın əsaslılığına dair şübhələrin isə təqsirləndirilən şəxsin xeyrinə şərh olunmasıdır. “Barbera, Messege və Yabardo İspaniyaya qarşı” şikayətlə bağlı qərarında Avropa Məhkəməsi bildirmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən, təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir və bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür, istənilən şübhə isə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Bundan əlavə “Hoanq Fransaya qarşı” işində Avropa məhkəməsinin mövqeyinə əsasən bütün sübutlar diqqətlə qiymətləndirilmədən hüquq fərziyyəsinin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. Ehtimal və fərziyyə ilə ittiham irəli sürülə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Fadin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə xx.xx.2009, “Radçikov Rusiyaya qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarında göstərilmişdir ki,sübutları hərtərəfli təhlil edib qiymətləndirmək əvəzinə, məhkəmələr bəzən ittihamı təsdiq edən ifadələrin mətnini hökmdə əks etdirməklə kifayətlənirlər. İttihamı şübhə altında qoyan ifadələr isə ya ümumiyyətlə nəzərə alınmır, yaxud da onlar hökmdə təhlil edilib qiymətləndirilmir. İttiham hökmü iş üzrə baş vermiş bütün rəvayətlər tədqiq edildikdən, bütün mövcud ziddiyyətlər aydınlaşdırılıb qiymətləndirildikdən sonra mötəbər sübutlar əsasında çıxarılmalıdır. Həmçinin, həmin qərarda göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 323-cü maddəsinə müvafiq olaraq məhkəmənin hökmü yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslanabilər. Göründüyü kimi, hər hansı şəxsin əməlində cinayət tərkibinin olmasının müəyyən edilməsi və ona ittiham və ya bəraət hökmünün çıxarılması yalnız məhkəmə istintaqında tədqiq olunmuş sübutlar əsasında müəyyən edilə bilər. Məhkəmə iclasında tədqiq edilməyən və məhkəmə iclas protokolunda öz əksini tapmayan sübutlara istinad edə bilməz. Məhkəmə qeyd edir ki, ittiham irəli sürülən şəxs barəsində ittiham hökmü o zaman qəbul edilə bilər ki, ittiham üzrə göstərilən sübutlar məhkəmə istintaqı zamanı təkzib edilməməklə təsdiq olunsun, əgər ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirsizlik prezumpsiyası cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirinin cinayət-prosessual qanunun müəyyən etdiyi qaydada sübuta yetirilməsini tələb edir. Cinayət mühakimə icraatının prinsiplərinə dair normalar cinayətdə təqsirləndirilən şəxsin təqsirinin sübuta yetirilməsində fundamental əhəmiyyət daşıyan ümumi qaydaları göstərir ki, onlara riayət edilməməsi bütövlükdə sübut etməni, onun nəticələrini əhəmiyyətsiz etmiş olar. Qiymətləndirmə zamanı hökmdə həm konkret məsələ üzrə gəlinən nəticəni təsdiqləyən, həm də onu təkzib edən sübutlara istinad etməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin: 9.2-ci maddəsinə əsasən Bu Məcəllə ilə müəyyən edilmiş hallarda cinayət prosesi prinsiplərinin və ya şərtlərinin pozulması cinayət təqibi üzrə başa çatmış icraatın etibarsız sayılmasına, onun gedişində qəbul edilmiş qərarların ləğvinə, yaxud toplanmış materialların sübutedici qüvvəsinin olmaması qənaətinə gəlməyə səbəb ola bilər. 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. 28-ci maddəsinə görə, məhkəmələr cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmədə yalnız bu Məcəllə ilə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmalıdırlar. Şəxsin cinayətdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. 42.2.4-cü maddəsinə əsasən həmin Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə bəraət hökmü çıxarılır. 145.3-cü maddəsində qeyd edilmişdir ki, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. 146.1-ci maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz. 350.2-ci maddəsinə əsasən Bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. “V.Q.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 sentyabr 2005-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyinə görə, məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğundur. Qeyd edilən sübutların mötəbərliyinin müəyyən olunması və qiymətləndirilməsi baxımından Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında uzun müddətdir formalaşmış yanaşma standartını müəyyən etmişdir. Məmmədov (Cəlaloğlu) Azərbaycana qarşı 11 yanvar 2007-ci il tarixli, X2rşı 18 yanvar 1978-ci il tarixli məhkəmə qərarlarında, həmçinin bir sıra qərarlarda sübutları qiymətləndirərkən «əsaslı şübhə yerinin qalmaması» sübutetmə standartını tətbiq edir. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı, Mülki və siyasi hüquqlara dair Beynəlxalq Paktın 14-cü maddələrinə müvafiq olaraq hər kəs ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz sayılır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə görə ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır (CPM-in 351.2-ci maddə). Məhkəmə iş üzrə əldə olunmuş sübutlar məcmusuna qiymət verərək Cinayət Prosessual Məcəlləsinin 21.2, 145.3 və 351.3.4-cü maddələrinin ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilməli, təfsir edilməli və şərh edilməli olmasına dair tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, X8 qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə verilmiş xüsusi ittiham üzrə təqsirləndirən şəxsin əməlində böhtan cinayətinin tərkibi olmadığından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə təqsirləndirilən şəxs X8 istinad edilən ittiham üzrə bəraət verilməli, iş üzrə maddi sübut hesab edilən 01 ədəd fleşkart və 02 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır (CPM 132). İş üzrə mülki iddia və məhkəmə xərci yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 39, 42, 344-350, 352356, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, H Ö K M E T D İ: X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə verilmiş ittiham üzrə əməlində cinayət tərkibi olmadığından bəraət verilsin. İş üzrə maddi sübut hesab edilən 01 ədəd fleşkart və 02 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar