Məhkəmə qərarları › İş №1(011)-283/2020

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-283/2020

22.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-283/2020 22.09.2020 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Rəşid Şükür oğlunun sədrliyi, Səfərov Nihad Asif oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamının şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər - Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1, müdafiəçi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, tərcüməçi X2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxx 1993-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, cəzasını çəkməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən, o, özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə xx xxxxxx 2019-cu il tarixdə, saat 15:30dan saat 19:45 arasında olan müddətdə Bakı şəhəri, Xətai rayonu, A.Ələsgər küçəsi, 2 a saylı evin ikinci mərtəbəsində yerləşən 4 saylı mənzilin giriş qapısının qarşısında pilləkən meydançasında dəmir boruya qıfılla bağlanmış vəziyyətdə vətəndaş Zərərçəkmiş şəxs2 məxsus 800 (səkkiz yüz) manat dəyərində olan “Skott” markalı velosipedi qıfılı sındıraraq, gizli yolla talamış və zərərçəkmiş Zərərçəkmiş şəxs2 800 (səkkiz yüz) manat dəyərində maddi ziyan vurmaqla, oğurluq etmişdir. Bundan başqa o, təkrarən, özgənin əmlakını gizli olaraq talamaq məqsədilə xx xxxxxx 2019-cu il tarixdə, saat 13:00 radələrində Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 88 saylı evin beşinci girişinin birinci mərtəbəsində, pilləkənin alt hissəsində yerləşən və saxlanc yeri hesab olunan anbarın giriş qapısının üzərində olan qıfılı sındırmaqla qanunsuz daxil olaraq, oradan vətəndaş Zərərçəkmiş şəxs1 məxsus 424 (dörd yüz iyirmi dörd) manat dəyərində olan “Start-26” markalı velosipedi gizli yolla talayaraq, zərərçəkmiş Zərərçəkmiş şəxs1 424 (dörd yüz iyirmi dörd) manat dəyərində maddi ziyan vurmaqla, oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, xx xxxxxx 2019-cu il tarixdə, axşam saatlarında Bakı şəhəri, Xətai rayonu, Aşıq Ələsgər küçəsi 2 a saylı binanın həyətində olan zaman oğurluq etmək qərarına gəlmişdir. Buna görə də, həmin binanın blokuna daxil olaraq ikinci mərtəbəyə qalxıb mənzilin giriş qapısının qarşısında saxlanılmış “Scott” markalı velosipedin olduğunu görmüşdür. O, həmin velosipedi götürərək blokdan çıxmış və “Xalqlar Dostluğu” metrostansiyasının yaxınlığında yerləşən bazara getmişdir. Həmin bazarda oğurladığı velosipedi 40 (qırx) manata satmış və əldə etdiyi pulu şəxsi ehtiyacları üçün xərcləmişdir. Daha sonra, xx xxxxxx 2019-cu il tarixdə, günorta saatlarında Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi 88 saylı binanın blokuna daxil olub pilləkən meydançasında, üzərində qıfıl olan qapı görmüş, əli ilə həmin qıfılı sındırmış və qıfıl açıldıqdan sonra içəridə “Start” markalı velosipedin olduğunu görmüşdür. Həmin velosipedi oradan oğurlamış və satmaq məqsədilə “Xalqlar Dostluğu” metrostansiyasının yaxınlığında yerləşən bazara apararaq orada tanımadığı bir nəfər şəxsə 50 (əlli) manata satmış və əldə etdiyi pulu şəxsi ehtiyacları üçün xərcləmişdir. Əməlindən səmimi peşman olduğunu, zərəçəkmiş şəxslərlə barışıq əldə etdiyini nəzərə alaraq barəsində azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs2 bildirmişdir ki, 2019-cu ilin may ayında özünə 1200 (bir min iki yüz) manat dəyərində “Skott” markalı velosiped almışdır. Daimi olaraq həmin velosipedi yaşadığı Bakı şəhəri, Xətai rayonu, A.Ələsgər küçəsi 2 a saylı binanın ikinci mərtəbəsində, mənzilinin qarşısında boruya bağlayaraq saxlamışdır. xx xxxxxx 2019-cu il tarixdə, saat 15:00 radələrində ailə üzvləri ilə birlikdə yaşadığı mənzildən çıxmış və saat 19:00 radələrində evə qayıtdıqda, blokda saxladığı velosipedin yerində olmadığını aşkar etmişdir. İlk öncə velosipedi sürmək üçün qardaşının götürdüyünü düşünmüş, qardaşı ilə telefon əlaqəsi saxladıqdan sonra ona məxsus olan velosipedin qardaşında olmadığını və oğurlandığını bilmişdir. Bu barədə Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Oğurluq nəticəsində ona 800 (səkkiz yüz) manat dəyərində maddi ziyan dəymişdir. Ona dəymiş ziyan hazırda təqsirləndirilən Təqsirləndirilən şəxs tərəfindən tam şəkildə ödənilmişdir. Bu səbəbdən onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxsə cəza təyin edilərkən göstərilən xüsusatların nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs1 bildirmişdir ki, 2019-cu ilin fevral ayının sonlarında özünə “Start-29” markalı velosiped almış, velosipedi yaşadığı Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi 88 saylı binanın birinci mərtəbəsində, pilləkənin alt hissəsində yerləşən saxlanc yerinə qoyaraq qapısını da qıfılla bağlamışdır. xx xxxxxx 2019-cu il tarixdə, saat 13:00 radələrində evdən çıxan zaman saxlanc yerinin qapısının açıq vəziyyətdə olduğunu görmüş və oraya baxdıqda, ona məxsus olan velosipedin yerində olmadığını aşkar etmişdir. Bu barədə DİN-nin 102 xidmətinə məlumat vermiş, bundan sonra 36-cı Polis Bölməsində şikayət ərizəsi yazmışdır. Oğurlanmış velosipedi tapılaraq hazırda özünə qaytarılmışdır. Bu səbəbdən təqsirləndirilən şəxsə qarşı heç bir şikayətinin və tələbinin olmadığını, Təqsirləndirilən şəxsə cəza təyin edilərkən göstərilən xüsusatların nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş Şahid göstərmişdir ki, xeyli müddətdir ki, “Xalqlar Dostluğu” metrostansiyasının yaxınlığında yerləşən körpünün altında olan bazara gedib-gəlir və orada dayanaraq özünə iş tapıb işləməklə dolanır. xx xxxxxx 2019-cu il tarixdə, səhər saatlarında həmin bazara getmişdir. Həmin gün saat 16:00 radələrində bazarda olan zaman, əvvəllər tanımadığı bir şəxsin bazara gələrək, özü ilə gətirdiyi “Start-29” markalı velosipedin 100 manata satmaq istədiyinin şahidi olmuşdur. O, həmin şəxsə yaxınlaşaraq velosipedi almaq istəyini bildirmişdir. Sonradan adının Fərid olduğunu bildiyi həmin şəxslə razılaşıb, velosipedi 50 manata ondan almışdır. Sonradan onun iş yoldaşları ona irad tutmuş və bildirmişlər ki, nahaq yerə həmin velosipedi almışdır. Səbəbini soruşduqda iş yoldaşları ona bildirmişdir ki, velosipedi satan şəxs oğrudur və çox güman ki, həmin velosipedi oğurlamışdır. Aldığı velosipedi işlədiyi yerin yaxınlığında gizli bir yerdə saxlamış və fikirləşmişdir ki, səhərisi günü həmin şəxsi görsə velosipedi qaytarsın və pulunu geriyə alsın. Səhərisi günü həmişə olduğu kimi iş tapmaq üçün bazara gedəndə, orada 3 nəfər polis əməkdaşının gəzdiyini görmüşdür. Polis əməkdaşları onu görən kimi ona yaxınlaşmış və velosiped alıb-almamasını xəbər almışlar. O, səmimi olaraq bir gün əvvəl Fərid adlı şəxsdən 50 manata velosiped aldığını etiraf etmiş və almış olduğu velosipedi polis əməkdaşlarına təqdim etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında xx xxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 22:00-da şübhəli şəxs qismində tutulmuşdur.(İ cild, i.v. 26); Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməsi haqqında xx xxxxxx 2019cu il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və o, saxlandığı Xətai Rayon Polis X4 Yerindən azad edilmişdir.(İ cild, i.v. 68-69); Bakı şəhər Xətai Rayon Məhkəməsinin 1(011)-23/2020 nömrəli, xx xxxxxx 2020-ci il tarixli hökmündən görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” növündə qətimkan tədbiri ilə dəyişdirilmiş və o, məhkəmə zalından həbs edilmişdir.(İ cild, i.v. 175-177); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxxx 2019-cu il tarixli, 22262 nömrəli ekspert rəyindən görünür ki, aparılmış ekspert tədqiqatı nəticəsində, Bakı şəhərində yerləşən ticarət mərkəzlərində, mağazalarda, təzə və köhnə velosiped satışı şəbəkələrində mövcud olan qiymətlərə əsasən, ekspertizaya təqdim edilən əvvəllər istifadə olunmuş “Start” adlı 26 ölçülü velosipedin işlənmiş vəziyyətdə, xx xxxxxx 2019-cu il tarixə, köhnəlməsi nəzərə alınmaqla, respublikadaxili orta bazar satış qiyməti təxminən 424 (dörd yüz iyirmi dörd) manat müəyyən edilmişdir.(İ cild, i.v. 110-112); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X3 Ambulator Məhkəmə-Psixiatrik və Məhkəmə-Psixoloji Ekspertizasının xx xxxxxxx 2019-cu il tarixli, 2202 nömrəli ekspert rəyindən görünür ki, Məhkəmə-psixiatrik ekspertizası üzrə: Təqsirləndirilən şəxs hər hansı bir xroniki psixi xəstəlik əlamətləri aşkar edilmir. Onda İsterik tipli şəxsiyyət pozuntusu, özünü kəsmələrlə müəyyən edilir. Bunu anamnestik məlumatlar, təqdim edilmiş tibbi sənəd və hal-hazırda psixiatrik müayinənin nəticələri (görə kiçik yaşlarından onda əsəbilik halları olduğu üçün Bakı şəhər Uşaq Ruhi-Əsəb Dispanserində qeydiyyatda olması özünə kəsmələr və əsəbiliyi ilə əlaqədar hərbi çağırış zamanı Bakı şəhər 2 saylı X1 müayinədə olması, onda “Şəxsiyyətin isterik tipli pozuntusu, özünü kəsmələrlə” diaqnozu müəyyən edilməsi, “Xəstəliklər cədvəli”-nin 18b maddəsi ilə sülh dövründə hərbi xidmətə yararsız müharibə dövründə məhdud yararlı hesab edilərək hərbi xidmətdən azad edilməsi, hazırki müayinə zamanı əsəbiliyi, bir qədər nümayişkarənəliyi, emosional qeyri-sabitliyi və s.) sübut edir. Cinayət işi materiallarının tədqiqi və hal- hazırki psixiatrik müayinənin təhlili belə nəticəyə gəlməyə əsas verir ki, Təqsirləndirilən şəxs müəyyən edilən şəxsiyyət pozuntusu o dərəcədə ifadə olunmayıb ki, o, ona ittiham olunan əməl dövründə öz hərəktlərinin faktiki xarakterini və ictimaitəhlükəliliyini dərk etmək və onları idarə etmək imkanından məhrum etsin. Bununla əlaqədar Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəməpsixoloji ekspertizası üzrə: Belə nəticəyə gəlinir ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs intellektual-mnestik imkanları normaya uyğundur. Şəxsi keyfiyyətlərində və emosiolnaliradi sferasında emosional dayanıqsızlıq, qıcığa qarşı həssaslıq, emosional reaksiyalara meyillilik aşkar olunur. Kobudluq, tez özündən çıxmaq, hövsələsizlik, impulsivlik kimi fərdipsixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs qoryeviç hadisəni düzgün qavramaq, təsvir etmək və düzgün ifadə vermək qabiliyyətinə malikdir. Onda yalan danışmağa, özündən qondarma fikirlər söyləməyə meyillilik əlamətləri müşahidə olunmamış, Təqsirləndirilən şəxs cinayət əməlini törədən zaman psixi-emosional vəziyyətində iş üçün əhəmiyyət kəsb edə biləcək hər hansı bir dəyişiklik (stress, psixi-emosional gərginlik, fizioloji affekt və s.) yaranmamışdır. Hadisə baş verən vaxt emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək, hərəkət və davranışını tənzimləmək və onlara iradi nəzarət etmək iqtidarında olmuşdur.(İ cild, i.v. 122-125); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsinə ünvanlanmış tələbnaməyə xx xxxxxx 2019-cu il tarixli cavabından və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-39/2019 saylı, xx xxxx 2019-cu il tarixli qərarından görünür ki, cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən, Təqsirləndirilən şəxs barəsində olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin icraatına xitam verilmişdir.(İ cild, i.v. 103-104; 175-177); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-279/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir.(İ cild, i.v. 128-130); Bakı şəhəri Xətai Rayon İcra və Probasiya Şöbəsinin xx xxxxxx 2020-ci il tarixli arayışından görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-279/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli hökmü ilə 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs hazırda 9 (doqquz) ay 5 (beş) gün çəkilməmiş cəzası qalmışdır.(İ cild, i.v. 222); xx xxxxxxxx 2019-cu il tarixli qəbzdən görünür ki, Zərərçəkmiş şəxs1 məxsus “Start 26” markalı velosiped zərərçəkmiş şəxs tərəfindən həmin tarixdə təhvil alınmışdır. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 tərəfindən verilmiş ərizələrdən görünür ki, onlara dəymiş ziyan Təqsirləndirilən şəxs tərəfindən ödənilmiş, təqsirləndirilən şəxsə qarşı heç bir tələbləri və şikayətləri yoxdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin və şahidin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxslərin, şahidin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi oğurluq əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla təkrar törədildikdə – bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 18.4.4-cü maddəsinə görə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlarda residiv nəzərə alınmır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. 66.2-ci maddəsinə əsasən Cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2012-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, “cinayətlərin məcmusu üzrə cəza ilkin mühakimədən əvvəl törədilmiş cinayətlərə, hökmlərin məcmusu üzrə cəza isə qanuni qüvvəyə minmiş hökmlə məhkum edilmiş şəxs tərəfindən yeni cinayət törədilməsi hallarına tətbiq edilir. Göründüyü kimi, qanunverici məcmu halında cəzanın təyin edilməsində fərqləndirməni cinayətlərin törədilməsi zamanı ilə əlaqələndirmişdir. Bu mənada, müraciətdən görünür ki, təcrübədə çətinliklər yaradan məqam birinci cinayət işi üzrə ittiham hökmünün elan edildiyi vaxtdan onun qanuni qüvvəyə mindiyi anadək olan dövrdə törədilən cinayətə görə şəxsə cəzanın hökmlərin, yaxud da cinayətlərin məcmusu üzrə təyin edilməsindən ibarətdir. ...Yuxarıda göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, cinayət hüququnda “məhkum” anlayışı qanuni qüvvəyə minmiş hökmə əsasən təqsirli bilinmiş şəxsi ehtiva etdiyindən, Cinayət Məcəlləsinin 66.5-ci maddəsində birinci iş üzrə qanuni qüvvəyə minmiş hökm nəzərdə tutulur”. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkməsini (CM-nin 59.2), zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini (CM-nin 59.1.12) nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-279/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi hazırkı cinayət işi üzrə cinayətin residivi kimi nəzərə alına bilməz. Beləki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsiri nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs əvəllər azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmasını, yenidən qəsdən cinayət törətməsini, bununla da Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasının islah təsirinin yetərli olmamasını və həmin cəza ilə cəzanın məqsədinə nail olunmamasını, təqsirkarın şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğuna görə ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli,Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təyin edilmiş və çəkilməmiş 9 (doqquz) ay 5 (beş) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə hesabı ilə hesablanmalı (CM 68.1.1-1), onun həbsdə saxlanıldığı xx xxxxxx 2019-cu il tarixindən xx xxxxxx 2019-cu il tarixinədək 02 (iki) gün, təyin olunmuş cəzadan çıxılmalı (CM-69.3), cinayətlərin məcmusu üzrə qəti cəza təyin edilməli (CM 65.1), cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu tarixdən hesablanmalı (CPM-158.2.1., 158.6), barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). İş üzrə maddi sübut kimi tanınan - Təqsirləndirilən şəxs tərəfindən oğurlanmış Zərərçəkmiş şəxs1 məxsus “Start 29” markalı velosipedin zərərçəkmiş şəxsə qaytarılması nəzərə alınmalıdır. İş üzrə maddi sübut yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiqetdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 73, 179, 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü ilə təyin edilmiş və çəkilməmiş 9 (doqquz) ay 5 (beş) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası iki günə bir gün hesabı ilə nəzərə alınıb hazırki hökmlə təyin edilmiş 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına qismən toplanmaqla, ona 02 (iki) il 01 (bir) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx xxxxxx 2019-cu il tarixdən xx xxxxxx 2019-cu il tarixədək həbsdə saxlanıldığı müddət təyin edilmiş cəzadan çıxılmaqla, üzərində qəti olaraq 02 (iki) il 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin; cəzasının əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınan - Təqsirləndirilən şəxs tərəfindən oğurlanmış Zərərçəkmiş şəxs1 məxsus “Start 29” markalı velosipedin zərərçəkmiş şəxsə qaytarılması nəzərə alınsın. İş üzrə keçirilmiş ekspertizanın dəyəri olan 75 (yetmiş beş) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Hökmdən, elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişdirsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Rəşid Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar