Məhkəmə qərarları › İş №1(011)-283/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-283/2022

29.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-283/2022 29.07.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Yaqubov Fərid Murtuza oğlunun sədrliyi, İskəndərova Əlvanə İlham qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı Şöbəsinin prokuroru X2, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, müdafiəçi - Bakı şəhəri 25 saylı Vəkil Bürosunun vəkili X3 iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında, xx xxxx 1992-ci ildə Şamaxı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 06 avqust 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, 2 (iki) il 8 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən, ona Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 iyul 2012-ci il tarixli hökmü ilə təyin olunmuş 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 11 (on bir) ay 11 (on bir) gün müddətinə azadlıqdan məhrum etmə cəzası həmin hökmlə təyin olunan cəzaya qismən birləşdirilməklə, ona qəti olaraq 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarına əsasən, 18 noyabr 2021-ci il tarixdə cəzadan azad edilmiş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilərək, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən, o, özgənin əmlakını ələ keçirmək məqsədi ilə, adı istintaqa “Rauf” kimi məlum olan tanışı ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, bir qrup şəxs halında cinayətin törədilməsinə yönələn niyyətlə 15 mart 2022-ci il tarixdə, saat 16 radələrində ünvan 2 ünvanında yerləşən binanın 12-ci mərtəbəsində olan Zərərçəkmiş şəxs1 məxsus 296 nömrəli mənzilin qarşısında dayanaraq, rolların bölüşdürülməsinə dair aralarında əldə edilmiş razılığa görə o, mənzilin qarşısında dayanıb, gələn olacağı halda xəbər vermək üçün gözləmiş, “Rauf” adlı şəxs isə əvvəlcədən əldə etdiyi açarla mənzilin giriş qapısını açarseçmə üsulu ilə açıb, qanunsuz olaraq yaşayış sahəsinə daxil olub, eyvana quraşdırılmış bir ədəd 2.100 manat dəyərində “İmmergas” markalı kombi qızdırıcı cihazını gizli olaraq talayıb, Zərərçəkmiş şəxs1 ümumilikdə 2.100 (iki min bir yüz) manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını ələ keçirmək məqsədi ilə adı istintaqa “Rauf” kimi məlum olan tanışı ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, bir qrup şəxs halında cinayətin törədilməsinə yönələn niyyətlə, 15 mart 2022-ci il tarixdə, saat 16:20-də ünvan 2 ünvanında yerləşən binanın 14-cü mərtəbəsində olan Zərərçəkmiş şəxs2 məxsus 313 nömrəli mənzilin qarşısında dayanaraq, rolların bölüşdürülməsinə dair aralarında əldə edilmiş razılığa görə o, mənzilin qarşısında dayanıb, gələn olacağı halda xəbər vermək üçün gözləmiş, “Rauf” adlı şəxs isə əvvəlcədən əldə etdiyi açarla mənzilin giriş qapısını açarseçmə üsulu ilə açıb qanunsuz olaraq yaşayış sahəsinə daxil olub, eyvana quraşdırılmış bir ədəd 700 manat dəyərində “Luxorn” markalı kombi qızdırıcı cihazını gizli olaraq talayıb, Zərərçəkmiş şəxs2 ümumilikdə 700 (yeddi yüz) manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, o, ünvan 3 ünvanında qeydiyyatda olsa da, 1998-ci ildən anası ilə birlikdə Bakı şəhərində yaşamışlar. O, idarə etdiyi “Opel Astra” markalı avtomobillə taksi fəaliyyəti ilə məşğul olur. 2022-ci ilin ilin yanvar ayının sonlarında “Rauf” adlı şəxs ilə tanış olmuşdur. 14 mart 2022-ci il tarixdə idarə etdiyi avtomobillə “İnşaatçılar” metrostansiyasının yaxınlığına müştəri aparmışdır. Orada “Safsu” su satışı məntəqəsinin yanında təsadüfən “Rauf” adlı şəxs ilə rastlaşmışdır. Rauf yaxınlaşıb hal-əhval tutaraq, 10 manat müqabilində Xırdalan şəhərinə aparıb-gətirməsini xahiş etmişdir. O, razılaşaraq Rauf ilə birlikdə Xırdalan şəhərinə getmiş, sonra isə geri qayıtmışdır. Səhəri gün, yəni 15 mart 2022-ci il tarixdə Rauf öz mobil telefon nömrəsi ilə zəng edərək, Nardaran qəsəbəsində “Bağ massivləri” adlanan yerdə gözlədiyini və ora gələrək, şəhərin “Koroğlu” metrostansiyasının qarşısına gedəcəklərini bildirmişdir. O, Raufun dediyi yerə getmiş, oradan Raufu götürüb şəhərə qayıdanda, Əhmədli qəsəbəsində, yeni tikili binada yerləşən mənzillərdən kombi istilik qurğusunu oğurlamağı təklif etmişdir. Rauf hər hansı bir problemin olmayacağını və oğurluğu yalnız özü edəcəyini, onun isə kənardan dayanmaqla, kənar şəxslərin gəlməsini xəbər vermək və kombini açaraq daşınmasında kömək edəcəyini bildirmişdir. Rauf həmin işlərin qarşılığında 40 manat pul verəcəyini vəd etmiş və o, Raufun təklifini qəbul edib razılaşmışdır. Oradan Raufu əvvəlcədən dediyi hündürmərtəbəli yeni tikili binaya aparmışdır. Həmin binanın ətrafında avtomobillə bir neçə dövrə vurduqdan sonra, kənar şəxslərin diqqətini cəlb etməmək üçün avtomobili binadan 10-15 metr yol kənarında saxlayıb, piyada binanın həyətinə daxil olmuşlar. Ətrafa nəzər saldıqdan sonra, binanın içərisində olan girişlərdən yalnız birinin açıq olduğunu görüb, həmin girişdən içəri daxil olmuşlar. Rauf əvvəlcədən özü ilə çoxsaylı qapı açarları və bir ədəd muxtəlif ölçülərə nizamlanan təsərüffat təyinatlı açar gətirmişdir. Onlar ikisi də, binanın 12-ci mərtəbəsinə qalxaraq, liftdən çıxdıqda sol tərəfdə yerləşən qapıya yaxınlaşıb, ətrafı nəzarətdə saxlamışdır. Evdə heç kimin olmamasına əmin olduqdan sonra, gödəkçəsinin cibindən açar toplusunu çıxardıb, müxtəlif açarları bir-bir qapının daxili qıfılına salıb açmaq üçün yoxladıqda, qapını açmışdır. Bundan sonra, onlar birlikdə mənzilə daxil olmuşlar. Otaqları gəzdikdə, mənzilin yeni təmirdən çıxdığını, lakin mebel və məişət əşyalarının olmadığını görmüşlər. Mətbəxdən eyvana çıxdıqda, orada “İmergas” markalı kombi qurğusunun olmasını görmüşlər. Rauf ona mənzilin giriş qapısının çöl tərəfində gözləməyini və kənar şəxsin gəldiyi halda isə qapını döyməklə ona xəbər etməyini tapşırmışdır. Dərhal mənzildən çıxaraq, qapını bağlamaqla çöl tərəfində gözləmişdir. Bir qədər sonra, Rauf işini yekunlaşdırıb əlində kombi ilə birlikdə mənzildən çıxmışdır. Oğurladığı kombi isə kardon qutunun içərisinə qoyulmuş vəziyyətdə olmuşdur. Rauf ilə köməkləşib kombinin qoyulduğu qutunun orada kənardan tapdığı elektrik xətti naqili vasitəsi ilə qutunu bağlayıb, liftin qarşısında gözləmişdir. Rauf isə orada gözləməklə həmin işi davam etdirmək üçün, digər mərtəbəyə qalxacağını bildirmişdir. Rauf pilləkən vasitəsi ilə yuxarı mərtəbəyə qalxaraq, 10-15 dəqiqə sonra əlində başqa bir “Luxor” markalı ağ rəngli kombi ilə qayıtdığını görmüşdür. Ondan sonra hər iki kombini liftə qoyduqdan sonra, birinci mərtəbəyə düşüb, hər biri kombini götürüb binanın həyətinə çıxmışlar. Həmin zaman binanın mühafizəçisi olan şəxs onlara yaxınlaşaraq, əllərində olan kombiləri haradan götürdüyünü və hara aparacaqlarını soruşmuşdur. Rauf da bildirmişdir ki, “ev sahibinindir, səhv gətirimişik, başqa ünvana aparmalıyıq”.Bundan sonra, həmin şəxs sorğu-sual etməmiş və oradan kombiləri çıxararaq, küçədə saxladığı avtomobilinin yük hissəsinə qoyub, birlikdə Nərimanov rayonu istiqamətinə getmişlər. “Nərimanov” metrostansiyasının yaxınlığında, beş mərtəbəli binanın arxasında avtomobilini saxlamışdır. Rauf yolda tanımadığı və adını bilmədiyi tanışına zəng edib, həmin ünvanda gözləcəyini bildirmişdir. Onlar oraya çatdıqda, bir qədər sonra bir nəfər orta yaşlı şəxs “Mercedes- Benz 190” markalı avtomobillə ora gəlmişdir. Həmin şəxs hər iki kombini avtomobilinin yük yerindən götürüb öz avtomobilinin yük yerinə qoymuş və Raufla tanımadığı şəxs öz aralarında söhbət etməyə başlamışlar. Avtomobilinin yük yerini bağladıqdan sonra, kənara çəkilmişdir. 20 dəqiqə sonra tanımadığı şəxsdən ayrılıb Rauf yaxınlaşmış və cibindən çıxartdığı puldan 40 manatını ona verib, səhəri gündə 10 manat əlavə pul verəcəyini demişdir. 16 mart 2022-ci il tarixdə bir neçə dəfə 10 manat qalıq pulunu almaq üçün Raufa zəng etmiş, lakin telefonuna cavab vermədiyi üçün danışa bilməmişdir. Daha sonra isə polis tərəfindən Raufla etdiyi oğurluq faktının ifşa olunduğunu bilmiş və bu barədə polis əməkdaşları onunla şifahi sorğu aparan zaman, törətdiyi əməli etiraf etmiş və 18 mart 2022-ci il tarixdə Xətai RPİ-nin İstintaq Şöbəsinə təqdim olunmuşdur. Hazırda isə törətdiyi əməldən səmimi peşmançılıq çəkdiyini və iş üzrə zərərçəkmiş şəxslərlə barışıq əldə etdiyini bildirərək, ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs1 göstərmişdir ki, təxminən altı ay əvvəl “AMAL-2015” yaşayış kompleksindən özünə mənzil almışdır. Həmin kompleksin komendantı Günel xanım 16 mart 2022-ci ildə zəng edərək bildirmişdir ki, 15 mart 2022-ci il tarixdə oğurluq hadisəsi olmuşdur. Dərhal yaşadığı evdən çıxaraq Xətai rayonu, N.Tusi küçəsi 57 ünvanında yerləşən binaya getmişdir. Oraya çatdıqda mənzilin qapısının açıq olduğunu görmüşdür. İçəri daxil olub evə göz gəzdirmişdir. Müəyyən etmişdir ki, eyvanda yerləşən “İmergas” markalı kombi qurğusu oğurlanmışdır. Daha sonra polisə məlumat vermək istəyən zaman, məlum olmuşdur ki, polis əməkdaşları artıq oradadır. Belə ki, Elnur adlı qonşusunun da, kombi qurğusunun oğurlandığı məlum olmuşdur. Həmin hadisə nəticəsində ona 2.100 manat maddi ziyan dəymişdir. “İmergas” markalı kombi qurğusunu 2021-ci ilin sonlarında “8-ci km bazarı” adlanan ərazidə 2.100 manata almış və evində yaşayış olmadığı üçün, istifadə olunmamış, yalnız sistemə qoşulu vəziyyətdə olmuşdur. Həmin kombini bazardan aldığı üçün, rəsmi bir sənəd və ya qaimə tələb etməmişdir. Mənzilindən başqa heç bir əmlakı oğurlanmamışdır. Mənzil yeni təmirdən çıxdığına görə, təmirdən sonra giriş qapısının açarlarını yenisi ilə əvəz edərək, ehtiyyat açarlar daxil olmaqla, bütün açarlar özündə olmuşdur. Lakin, həmin ünvana gedərək binanın komendantının otağında olan zaman, müşahidə kameralarına baxmış və hadisənin bir gün əvvəl, yəni 15 mart 2022-ci il tarixdə, saat 17 radələrində baş verdiyini və oğurluq edən iki nəfər şəxsin görüntüyə düşdüyünün şahidi olmuşdur. Sonradan ona məlum olmuşdur ki, oğurluq edənlərdən biri Təqsirləndirilən şəxs adlı şəxsdir. Hazırda isə həmin şəxs tərəfindən ona dəymiş ziyan tam ödənilmiş, onunla barışmış və hal-hazırda heç bir tələb və şikayəti yoxdur. Bu səbəbdən, iş üzrə təqsirləndirilən Təqsirləndirilən şəxs yüngül cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs2 bildirmişdir ki, 2017-ci ildə “AMAL- 2015” yaşayış kompleksindən mənzil almışdır. Mütəmadi olaraq həmin mənzilinə getmiş və mənzilə nəzarət etmişdir. 16 mart 2022-ci il tarixdə evə gedən zaman görmüşdür ki, ona məxsus mənzildə, yəni Xətai rayonu, N.Tusi küçəsi 57 ünvanında yerləşən binanın 313 nömrəli mənzilində oğurluq hadisəsi olmuşdur. O, mənzilin qapısının açıq olduğunu aşkar etmişdir. İçəri daxil olub evə göz gəzdirmiş və məlum olmuşdur ki, eyvanda yerləşən “Luxor” markalı kombi qurğusu oğurlanmışdır. Bundan sonra, o, DİN-nin 102 xidmətinə zəng edərək, hadisə barədə məlumat vermişdir. Həmin vaxt həmin binada yerləşən Tural adlı qonşusunun da mənzilindən kombi qurğusunun oğurlandığı öyrənmişdir. Oğurlanmış kombinin dəyəri 700 manat olmaqla, həmin hadisə nəticəsində ona həmin məbləğdə maddi ziyan dəymişdir. “Luxor” markalı kombini 2020-ci ilin sonlarında “8-ci km bazarı” adlanan ərazidə 700 manata almışdır. Aldıqdan sonra, evində yaşayış olmadığı üçün, kombi istifadə olunmamış, yalnız sistemə qoşulmuşdur. Həmin kombini bazarda aldığı üçün rəsmi bir sənəd və ya qaimə tələb etməmişdir. Mənzilindən başqa əmlakı oğurlanmamışdır. Mənzil yeni təmirdən çıxdığına görə, təmirdən sonra giriş qapısının açarlarını yenisi ilə əvəz edərək, ehtiyyat açarlar daxil olmaqla, bütün açarlar özündə olmuşdur. Binanın komendantının otağında olan zaman, müşahidə kameralarına baxarkən, hadisənin bir gün əvvəl, yəni 15 mart 2022-ci il tarixdə baş verdiyini və oğurluq edən iki nəfər şəxsin görüntüyə düşdüyünün şahidi olmuşdur. Oğurluq edən hər iki şəxsi kamera görüntülərinə baxarkən tanımamış və həmin şəxsləri ilk dəfədir ki, görmüşdür. Sonradan ona məlum olmuşdur ki, oğurluq edənlərdən biri Təqsirləndirilən şəxs adlı şəxsdir. Hazırda isə həmin şəxs tərəfindən ona dəymiş ziyan tam ödənilmiş, onunla barışmış və hal-hazırda heç bir tələb və şikayəti yoxdur. Göstərilənlərə əsasən, iş üzrə təqsirləndirilən Təqsirləndirilən şəxs yüngül cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə müəyyən edilmiş cinayət əməlini törətmiş və onun təqsiri etirafedici ifadəsi ilə yanaşı aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Belə ki, iş materiallarında olan Diskə baxış keçirilməsi və şübhəli şəxsə videogörüntünün təqdim edilməsi haqqında protokoldan görünür ki, cinayət işinin istintaqı ilə əlaqədar diskə baxış zamanı aşağıdakılar müəyyən olunur: ilk görüntüdə gümüşü rəngli liftin giriş qapısından iki nəfər şəxs daxil olmuş, liftə ilk daxil olan şəxsiyyəti məlum olan Təqsirləndirilən şəxsdur, o, qara papaqlı, qara maskalı, qara rəngli gödəkçə və qara rəngli şalvar geyinmiş, sonuncudan sonra liftə digər şəxs, yəni orta yaşlı, orta boylu, tünd göy rəngli gödəkçəli və göy rəngli cins şalvarlı şəxs daxil olmuş, hər iki şəxs bir qədər gözləyib liftin qapısının açılması ilə liftdən çıxmışlar, digər görüntüdə Təqsirləndirilən şəxs qarşısında yerləşən iki ədəd kardon qutulara bükülmüş, qara və göy bağlamalı qutulardan ən kiçiyini götürərək, liftə daxil olmuş, daxil olan zaman isə qutulardan ən böyüyünü sürüyərək, liftin içərisinə daxil etmiş, sonra geridə qalan digər orta həcmli qutunu isə Təqsirləndirilən şəxs digər şəxs kömək edərək, digər qutunu liftə daxil etmişlər. Daha sonra qısa bir müddət gözlədikdən sonra qutuları hər iki şəxs bir-birlərinə kömək edərək, liftdən kənara çıxarmışlar. Üçüncü videoda hər iki şəxs qutuları liftdən çıxararaq hadisə yerindən uzaqlaşmışlar. Baxışda iştirak edən Təqsirləndirilən şəxs görüntüdə olan qara papaqlı, qara maskalı şəxsin özünün olmasını, digər şəxsin isə “Rauf” adlı şəxs olmasını bildirmişdir. İş materiallarından görünür ki, videogörüntülər əks olunmuş bir ədəd disk cinayət işi üzrə maddi sübut kimi tanınaraq, cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs ilə qabaqcadan əlbir olub cinayət törətmiş, adı istintaqa “Rauf” kimi məlum olan şəxsin barəsində cinayət işinin materiallarından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə ayrıca icraata cinayət işinin ayrılması qərara alınmışdır. İş materiallarında olan “Klimat-X” şirkətinin arayışından görünür ki, bazar araşdırması nəticəsində, “İmmergas” markalı kombi qızdırıcı sisteminin orta bazar qiyməti 1000-2400 manat, “Luxorn” markalı kombi qızdırıcı sisteminin orta bazar qiyməti isə 600-900 manat müəyyən olunmuşdur. İş materiallarında olan Şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 18 mart 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 19 mart 2022-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddəsi ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 18 mart 2022-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən verilmiş 05 may 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 iyul 2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.5-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həmçinin, iş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 06 avqust 2019-cu il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 2 (iki) il 8 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən, ona Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 iyul 2012-ci il tarixli hökmü ilə təyin olunmuş 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 11 (on bir) ay 11 (on bir) gün müddəti həmin hökmlə təyin olunan cəzaya qismən birləşdirilməklə, ona qəti olaraq 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarına əsasən, 18 noyabr 2021-ci il tarixdə cəzadan azad edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.4-cü maddəsinə əsasən, ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi, məhkumluğu ödənilmədən, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törətmişdir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu və digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin qeyd olunan maddələri ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs hərəkətlərində əməlin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-ci maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən şəxsin barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin təqsirləndirildiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən, həmin cinayətin az ağır cinayətlər sırasına aid edilməsini, Təqsirləndirilən şəxs şəxsiyyətini nəzərə alır. Təqsirləndirilən şəxs cəza təyin edərkən məhkəmə, təqsirləndirilən şəxsin törətdiyi cinayəti etiraf etməsini, əməlindən peşmançılıq çəkməsini və zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini cəzanı yüngülləşdirən hallar, cinayətlərin residivini isə cəzanı ağırlaşdıran hal kimi nəzərə alır. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Məhkəmə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin edərkən, residivə görə cəzanın təyin edilməsinə dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65-ci maddəsinin də tələblərini nəzərə alır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün azadlıqdan məhrum etmə növündə cəzanın ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən olunmuşdur. İstinad edilən maddənin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin edilən azadlıqdan məhrum etmə növündə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli onun tutulduğu tarixdən, yəni 18 mart 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınan - videogörüntülər əks olunmuş bir ədəd disk cinayət işi üzrə icraat materiallarının saxlanma müddəti ərzində hazırki cinayət işində saxlanılmalıdır. İş üzrə məhkəmə xərci və mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347-349, 351- 353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin; onun həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəzasının əvvəli 18 mart 2022-ci il tarixdən hesablansın; barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınan - videogörüntülər əks olunmuş bir ədəd disk cinayət işi üzrə icraat materiallarının saxlanma müddəti ərzində hazırki cinayət işində saxlanılsın. Hökmdən elan olunduğu (məhkum Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən: Fərid Yaqubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar