Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-284/2021 13.08.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Yaqubov Fərid Murtuza oğlunun sədrliyi, Mirzəyeva Ünsiyyət Hacımehdi qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, müdafiəçi - Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında, xx xxxxxx 1981-ci ildə Laçın rayonu, Bülüldüz kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, natamam orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmuş, Laçın rayonu, Bülüldüz kəndində qeydiyyatda olan və Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsində kirayədə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən, o, 10.01.2021 -ci il tarixdə, saat 12:25-də Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsi, Z.Yusubov küçəsində, yolun İ hərəkət zolağı ilə hərəkətdə olan zaman, «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərini pozaraq, həmin nəqliyyat vasitələrini idarə etmək hüquq olmadan idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “Qaz 24” markalı, ** CE *** dövlət qeydiyyat nişanlı avtomobil ilə 40 km/saat sürətlə «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin İ-ci hissəsinin İİİ bəndində nəzərdə tutulan yol hərəkəti qaydalarını pozaraq, yəni yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına və başqa əmlaka zərər vurmamalı olduğu halda bunu etməyərək, həmin yolda səki ilə piyada yeriyən X3 avtomobilin qabaq hissəsi ilə vurub ehtiyatsızlıqdan ona sol qaş nahiyyəsinin əzilmiş yarası, sağ mil sümüyünün distal ucunun xətti sınığı və sağ aşıq-baldır oynağı bağlarının gərilməsi ilə nəticələnən sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilən bədən xəsarətləri yetirmiş, həmçinin Təqsirləndirilən şəxs idarə etdiyi “Qaz 24” markalı, ** CE *** dövlət qeydiyyat nişanlı avtomobil Zərərçəkmiş şəxs2 məxsus “Daewoo Gentra” markalı, **-OA-*** dövlət qeydiyyat nişanlı avtomobilin sağ qanadına çırpılaraq, ehtiyyalsızlıqdan sonuncuyu 400 manat məbləğində maddi ziyan vurulmasına səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, o, ailəsi ilə birlikdə Xətai rayonu, NZS qəsəbəsində yaşayır, rəsmi qaydada heç bir yerdə işləmir və qara metalların yığımı ilə məşğuldur. O, müxtəlif ünvanlardan metalı yığaraq, zavoda təhvil verirmiş. 10 yanvar 2021-ci il tarixdə o, sürücülük vəsiqəsi olmadan, idarə etdiyi 1981-ci il buraxılışlı “Qaz-24” markalı, **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobillə, saat təxminən 13 radələrində Xətai rayonu, NZS qəsəbəsi, Z.Yusubov küçəsi ilə yolun İ hərəkət zolağı ilə saatda 40 km sürətlə Babək prospekti istiqamətində bərəkətdə olarkən, qarşıda karantin postunu görüb əyləcə basan zaman, avtomobili sağa tərəf yönəltmiş və səkidə piyada hərəkət edən qadını avtomobilin qabaq sağ hissəsi ilə vurmuşdur. Sonra isə avtomaşını səkidən düşərək, “Daewoo Gentra” markalı, **-OA-*** dövlət qeydiyyat nişanlı avtomaşınla toqquşmuşdur. Həmin vaxt o, avtomaşını saxlayaraq düşüb, zəng vurub təcili tibbi yardım çağırmışdır. Törətdiyi əməldən hazırda səmimi peşmançılıq çəkdiyini və Zərərçəkmiş şəxs1 ilə barışıq əldə etdiyini bildirərək, ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs2 göstərmişdir ki, o ailə üzvləri ilə birlikdə yaşayır, evlidir və rəsmi qaydada heç bir yerdə işləmir. 10 yanvar 2021-ci il tarixdə etibarnamə əsasında idarə etdiyi “Daewoo Gentra” markalı, **-OA-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə saat təxminən 13 radələrində Xətai rayonu, NZS qəsəbəsi, Z.Yusubov küçəsi ilə yolun İ hərəkət zolağı ilə saatda 40 km/sürətlə Babək prospekti istiqamətində hərəkətdə olarkən, qarşıdakı karantin postunu görüb sürətini azaltmış və maşını saxlamışdır. Həmin vaxt o, yan güzgüdən baxan zaman görmüşdür ki, “Qaz 24” markalı avtomobil onun sağında olan piyada səkisinə qalxaraq, piyada gedən bir qadını vurub, sonra isə səkidən düşərək onun avtomobilinin sağ tərəfinə dəymişdir. Hadisə nəticəsində o, heç bir xəsarət almamış, lakin avtomaşınına 300-400 dəyərində manat maddi ziyan dəymişdir. Ona dəymiş maddi ziyan hal-hazıradək ödənilməmişdir.Sonradan ona məlum olmuşdur ki, yol-nəqliyyat hadisəsini törədən Təqsirləndirilən şəxs adlı şəxsdir. Göstərilənlərə əsasən, iş üzrə Təqsirləndirilən şəxs qanuni və ədalətli cəza təyin olunmasını xahiş etmişdir. İş üzrə zərərçəkmiş şəxs X4 məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 315-ci maddəsinə əsasən məhkəmə zərərçəkmiş şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 315-ci maddəsinə əsasən zərərçəkmiş şəxs (xüsusi ittihamçı) bu Məcəllənin 87.6-cı maddəsinin nəzərdə tutulmuş hüquqlardan istifadə etməklə məhkəmə baxışı zamanı bütün məhkəmə iclaslarında iştirak etmək hüququna malikdir. Zərərçəkmiş şəxs (xüsusi ittihamçı) ictimai və ya ictimai-xüsusi ittiham qaydasında həyata keçirilməli cinayət təqibi üzrə məhkəmə iclasına gəlmədikdə, məhkəmə cinayət prosesi tərəflərinin fikrini dinlədikdən sonra onun iştirakı olmadan cinayət təqibi ilə bağlı olan bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsinin, qanuni və əsaslı yekun məhkəmə qərarının çıxarılmasının mümkünlüyü barədə məsələni həll edir. Eyni zamanda, zərərçəkmiş şəxs X4 məhkəməyə müraciət edərək, ibtidai istintaqda verdiyi ifadəni təsdiq etdiyini, səhhəti ilə bağlı məhkəmə iclaslarında iştirak edə bilməyəcəyini, iş üzrə Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş ziyanın ödənildiyini və hazırda təqsirləndirilən şəxsə qarşı heç bir tələb və şikayətinin olmadığını bildirmişdir. Məhkəmə iclasında ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş zərərçəkmiş şəxs X4 göstərmişdir ki, o ailəsi ilə birlikdə yaşayır, evlidir, hal-hazırda heç bir yerdə işləmir. 10 yanvar 2021-ci il tarixdə, saat təxminən 12 radələrində Xətai rayonu, NZS qəsəbəsində yolun piyada üçün nəzərdə tutulmuş hissəsində normal yerişlə hərəkətdə olan zaman, yolun avtomobil üçün nəzərdə tutulmuş hissəsində hərəkətdə olan maşın piyada səkisinə qalxaraq, onu arxa tərəfdən vuraraq xəsarət yetirmişdir. Hadisə nəticəsində o, müxtəlif dərəcəli bədən xəsarətləri alaraq, xəstəxanaya müraciət etmişdir. Həmçinin onu vurub xəsarət yetirən avtomobil səkidən düşüb başqa bir avtomobilə dəymişdir. Onu vuran şəxsin sonradan Təqsirləndirilən şəxs olmasını bilmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmiş və onun təqsiri özünün etirafedici ifadəsi ilə yanaşı aşağıda göstərilən digər sübutlarla təsdiq edilir. Belə ki, məhkəmə istintaqı zamanı tədqiq olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya birliyinin 29 yanvar 2021-ci il tarixli, 09/2021 saylı ekspert rəyində göstərilmişdir ki, X2 üzərində aşkar edilmiş xəsarətlər - sol qaş nahiyəsinin əzilmiş yarası, sağ mil sümüyünün distal ucunun xətti sınığı və sağ aşıq - baldır oynağı bağlarının gərilməsi küt əşyanın (əşyaların) təsirindən törənmiş, 10.01.2021-ci il tarixdə və şəraitdə, yəni piyada qismində hərəkətdə olan avtomobilin qabarıq hissələrinin təsirindən əmələ gələ bilərdilər, ümumilikdə dərəcələrinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddirlər. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 09 aprel 2021-ci il tarixli, 8/732 saylı ekspert rəyində qeyd olunur ki, təqdim olunmuş məlumatlara əsasən, “Qaz 24” markalı, **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur və o, avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən, onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş qüsur aktından görünür ki, “Daewoo Gentra” markalı, **-OA-*** dövlət qeydiyyat nişanlı avtomobilə ilkin texniki baxış zamanı zədələnmiş hissələrin bərpası üçün 400 manat məbləğində vəsaitin tələb olunması müəyyən olunmuşdur. İş materiallarında olan 10 yanvar 2021-ci il tarixli, 2/542 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinə aktından görünür ki, Təqsirləndirilən şəxs ayıqdır, onda alkoqolun qəbulu əlamətləri yoxdur. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsi tərəfindən verilmiş 01.05.2021-ci il tarixli arayışından görünür ki, xx.xx.1981-ci il təvəllüdlü Təqsirləndirilən şəxs adına sürücülük vəsiqəsi mövcud deyildir. İş materiallarından görünür ki, “Qaz 24” markalı, **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobil cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanılmasından ötrü Təqsirləndirilən şəxs geri qaytarılmışdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 19.04.2021-ci il tarixdə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən verilmiş 24 fevral 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 02.10.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,177.2.1, 29,177.2.3, 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, ona 05 (beş) il 26 (iyirmi altı) gün müddətinə azadlıqdan məhrumetmə cəzası təyin olunmuş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 09 sentyabr 2019-cu il tarixli qərarı ilə 04 (dörd) ay 19 (on doqquz) gün vaxtından əvvəl şərti azad olunmuşdur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs himayəsində 2008 və 2010-cu il təvəllüdlü iki azyaşlı uşağı vardır. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263- 1.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu və digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin qeyd olunan maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-ci maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin təqsirləndirildiyi maddələrin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3cü maddəsinə əsasən, həmin cinayətin az ağır cinayətlər sırasına aid edilməsini, Təqsirləndirilən şəxs şəxsiyyətini nəzərə alır. Təqsirləndirilən şəxs cəza təyin edərkən məhkəmə, təqsirləndirilən şəxsin törətdiyi əməlini səmimi etiraf etməsini, əməlindən peşmançılıq çəkməsini, Zərərçəkmiş şəxs1 ilə barışıq əldə etməsini və himayəsində azyaşlı uşaqların olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə görə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilməsi məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. İstinad edilən maddənin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin edilən azadlıqdan məhrum etmə növündə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınan - “Qaz 24” markalı, **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobilin Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınmalıdır. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347- 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, 2 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzanın icrasının əvvəli Təqsirləndirilən şəxs məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınan - “Qaz 24” markalı, **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobilin Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən: Fərid Yaqubov
Məhkəmə qərarları › İş №1(011)-284/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-284/2021
13.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver