Məhkəmə qərarları › İş №1(011)-285/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №1(011)-285/2022

05.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(011)-285/2022 05.07.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Yaqubov Fərid Murtuza oğlunun sədrliyi, İskəndərova Əlvanə İlham qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı Şöbəsinin prokuroru X4, zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs - Təqsirləndirilən şəxs, müdafiəçi - Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili X2 iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında, xx xxxxxx 1991-ci ildə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Heydər Əliyev adına X7 cihazçı işləyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə toplanmış məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Tərtib olunmuş və xx.xx.2022-ci il tarixdə təsdiq edilmiş yekun protokola əsasən, Təqsirləndirilən şəxs 06 may 2022-ci il tarixdə, saat 19 radələrində birgə yaşadıqları Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanında, ailə münaqişəsi zəminində, aralarında yaranmış mübahisə zamanı, qəsdən əlləri ilə arvadı Zərərçəkmiş şəxs itələməklə və bədəninin müxtəlif nahiyələrinə vurmaqla döyərək, sonuncuya ağrı simptomu və hərəkət məhdudluğu ilə qeyd olunan sağ mil-bilək oynağı nahiyəsində cərrahi tikişə ehtiyacı olan əzilmiş yara və sol said nahiyəsində qançır kimi, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid xəsarətlər yetirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs göstərdi ki, Zərərçəkmiş şəxs onun arvadıdır və onlar 2015-ci ildə rəsmi nikaha daxil olmuşlar. Birgə nikahlarından iki azyaşlı övladları var. Zümrüdün valideynlərinin onun ailəsinə müdaxiləsi səbəbindən, son zamanlar münasibətlərində soyuqluq yaranmış və aralarında tez-tez mübahisələr baş verir. Sonuncu dəfə 06 may 2022-ci il tarixdə, axşam saatlarında yaşadıqları evdə olarkən, yenidən Zümrüd ilə aralarında mübahisə baş vermişdir. Mübahisə zamanı, Zümrüd arxadan yaxınlaşıb onun kürəyindən və baş nahiyəsindən əli ilə vurmuşdur. O, isə özündən aralamaq üçün, Zümrüdü itələmişdir. Lakin, o, həmin zaman Zümrüdü vurmamışdır. Bu səbədən, onun vuraraq döyməsi barədə Zümrüdün şikayət ərizəsində göstərdikləri həqiqəti əks etdirmir. Eyni zamanda, arvadı Zərərçəkmiş şəxs Xətai RPİ-nin 34-cü Polis Şöbəsinə etdiyi müraciəti əsasında, təhqiqatçı tərəfindən aparılmış araşdırma zamanı, hüquqlarının müdafiəsi üçün müqavilə bağladığı vəkil Abdul Bağırov müdafiəçi kimi buraxılmamış, təhqiqatçı tərəfindən dəvət olunmuş vəkili isə o, ümumiyyətlə görməmiş və həmin vəkil ona hər hansı bir hüquqi yardım göstərməmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs bildirdi ki, 2015-ci ildə o, Təqsirləndirilən şəxs ilə ailə həyatı qurmuş və onların birgə nikahından iki övladları anadan olmuşdur. Əvvəllər münasibətləri yaxşı olsa da, son zamanlar əri Niyazın ona qarşı münasibəti dəyişmiş və bunun nəticəsində tez-tez aralarında mübahisələr olmuşdur. 06 may 2022-ci il tarixdə, saat 19 radələrində, yaşadıqları evdə olduqları zaman, yenidən aralarında mübahisə baş vermişdir. Həmin zaman, Niyaz onun qollarından tutaraq, divara çırpmış, sonra isə əlləri ilə onun boyun, sağ ayaq və qollarından bir neçə dəfə vurmuşdur. Bundan sonra, Niyaz sakitləşib evdən çıxıb getmiş, o, isə uşaqlarla birlikdə valideynlərinin evinə getmişdir. Baş vermiş hadisədən bir neçə gün sonra o, Təqsirləndirilən şəxs barəsində qanuni tədbir görülməsi üçün Xətai RPİ-nin 34-cü Polis Şöbəsinə ərizə ilə müraciət etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs müdafiəçisi X5 vəsatətlə müraciət edərək, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə toplanmış məhkəməyədək sadələşdirilmiş icraat materialının baxılmasına xitam verilməsi və əlavə araşdırma aparılması üçün materialın ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul olunmasını xahiş etdi. Müdafiəçi vəsatətini onunla əsaslandırmışdır ki, toplanmış məhkəməyədək sadələşdirilmiş icraat materialında Xətai RPİ-nin 34-cü Polis Şöbəsinin təhqiqatçısının “Müdafiəçi dəvət edilməsi haqqında” qərarı və həmin qərar əsasında 10 may 2022-ci il tarixli vəkil orderi olsa da, faktiki olaraq təyin edilmiş müdafiəçi hüquqlarını müdafiə etdiyi Təqsirləndirilən şəxs təqdim olunmamış, öz növbəsində Niyaz da, dövlət hesabına təyin olunmuş müdafiəçisinin olmasından məlumatı olmamışdır. Hətta Təqsirləndirilən şəxs toplanmış məhkəməyədək sadələşdirilmiş icraat materialı ilə tanış olmaq və vəsatət verilməsi üçün imkan yaradılmamışdır. Bununla da, vəkilin orderi formal olaraq iş materiallarına əlavə edilmişdir. Digər tərəfdən, Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi ilə bağlı Xətai RPİ-nin 34-cü Polis Şöbəsinin təhqiqatçısına onun tərəfindən 13 may 2022-ci il tarixli order təqdim olunmuşdur. Məhkəmə binasında iş materialları ilə tanış olan zaman isə, həmin orderin iş materiallarına əlavə edilmədiyi ona məlum olmuşdur. Nəticədə Təqsirləndirilən şəxs hüquqi yardım almamış və hüquqlarının müdafiəsi pozulmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs ifadələri də təhrif olunmuşdur. Belə ki, Təqsirləndirilən şəxs heç bir halda arvadını döyməmiş və xəsarət yetirməmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs müdafiə hüququ kobud şəkildə pozulmuşdur. Məhkəmə iclasında dövlət ittihamçısı X4 vəsatətlə müraciət edərək, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə toplanmış məhkəməyədək sadələşdirilmiş icraat materialının baxılmasına xitam verilməsi, materialın ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması və məhkəməyədək icraat zamanı, Azərbaycan Respublikası CPM-nin tələblərinin kobud surətdə pozulmasına yol vermiş Xətai RPİ-nin 34-cü Polis Şöbəsinin təhqiqatçısı X3 barəsində xüsusi qərar çıxarılmasını xahiş etdi. Dövlət ittihamçısı vəsatətini onunla əsaslandırmışdır ki, məhkəməyədək sadələşdirilmiş icraat materialı məhkəmə hazırlıq iclasından əvvəl onun tərəfindən öyrənilərkən müəyyən edilmişdir ki, ibtidai araşdırma mərhələsində kobud qanun pozuntularına yol verilmişdir. Belə ki, iş üzrə Zərərçəkmiş şəxs şikayət ərizəsində və izahatında Təqsirləndirilən şəxs qəsdən əlləri ilə onun boyun, qol və ayaq nahiyələrindən vuraraq, ona xəsarət yetirdiyini göstərmişdir. Təqsirləndirilən şəxs isə izahatında Zərərçəkmiş şəxs sağ qolundan tutub, çarpayıya tərəf itələdiyini, bundan başqa ona qarşı heç bir fiziki müdaxiləsi olmadığını göstərmiş və faktiki olaraq ona verilmiş ittihamı qəbul etməmişdir. Halbuki, Təqsirləndirilən şəxs məhkəməyədək sadələşdirilmiş icraatın aparılması nəticələrinə dair yekun protokolu ilə verilmiş ittihama əsasən, o, Zərərçəkmiş şəxs itələməklə və bədəninin müxtəlif nahiyələrinə vurmaqla döymüşdür. Göründüyü kimi, verilmiş ittihamı sübuta yetirmək üçün məhkəməyədək sadələşdirilmiş prosedur daxilində aparılması mümkün olmayan istintaq hərəkətlərinin aparılması zərurəti yaranmışdır. Məhkəməyədək icraatın ibtidai istintaq şəklində aparılmasının məcburiliyinə dəlalət edən halların olmasına baxmayaraq, onun məhkəməyədək sadələşdirilmiş icraat şəklində təhqiqat formasında aparılması CPM-nin 303.3.9-cu maddəsinə əsasən, məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməsi üçün əsasdır. Bundan başqa, məhkəmə hazırlıq iclasında ilkin dinləmələr zamanı, Təqsirləndirilən şəxs müqavilə üzrə müdafiəçisi Abdul Bağırov 13 may 2022-ci il tarixli order təqdim edərək, məhkəməyədək icraat zamanı Xətai RPİ-nin 34-cü Polis Şöbəsinin təhqiqatçısı İsaq Həsənova həmin orderi təqdim edərək, Təqsirləndirilən şəxs müdafiəçisi kimi buraxılmasını xahiş etdiyini, buna baxmayaraq, ümumiyyətlə məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata buraxılmadığını, Təqsirləndirilən şəxs dövlət hesabına müdafiəçi təyin edilərək, həmin müdafiəçinin faktiki iştirakı olmadığı halda, onun da iştirakını təsdiq edən müvafiq qeydlər və imzalar olan formal sənədlər tərtib edilərək, məhkəməyədək sadələşdirilmiş icraat materialına əlavə edilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs da müdafiəçisi Abdul Bağırovun dediklərini təsdiq etməklə, həmçinin dövlət hesabına təyin edilmiş müdafiəçisini ümumiyyətlə görmədiyini və onun hüquqi yardımından istifadə etmədiyini göstərmişdir. Qeyd olunanlarla müəyyən edilir ki, ibtidai araşdırma zamanı, Təqsirləndirilən şəxs müdafiə hüququ kobud şəkildə pozulmuşdur. Təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması CPM-nin 303.3.1-ci maddəsinə əsasən, məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməsi üçün əsasdır. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, dövlət ittihamçısı X4 və vəkil X5 tərəfindən verilmiş vəsatətlər təmin edilməlidir. Belə ki, məhkəməyədək sadələşdirilmiş icraat materialından görünür ki, iş üzrə Zərərçəkmiş şəxs izahatında 06 may 2022-ci il tarixdə, saat 19 radələrində yaşadıqları ünvanda olarkən, əri Təqsirləndirilən şəxs ilə aralarında mübahisə baş verdiyini, həmin zaman Niyazın onun qollarından tutaraq, divara çırpdığını, sonra isə əlləri ilə onun boyun, sağ ayaq və hər iki qol nahiyələrindən bir neçə dəfə vurduğunu, həmin zaman Niyazın əlində olan və nə olduğunu görə bilmədiyi kiçik ölçülü əşyanın da ona dəydiyini bildirmişdir. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs isə izahatında Zümrüdün sağ qol nahiyəsindən tutub divara itələdiyini, həmin zaman Zümrüdün ayağının çarpayıya dəydiyini görüb, nisbətən sakitləşdiyini və evdən çıxıb getdiyini bildirmişdir. Göründüyü kimi, toplanmış sübutlar ittihamın irəli sürülməsi üçün kifayət qədər olmadığından və cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsini sübuta yetirmək üçün müvafiq istintaq hərəkətlərinin aparılması zəruri olduğu halda, cinayət təqibi məhkəməyədək sadələşdirilmiş icraat qaydasında aparılmışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 295.1-ci maddəsinə əsasən, məhkəməyədək sadələşdirilmiş icraat şəklində təhqiqat böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə şikayətin təhqiqatçıya, müstəntiqə və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora daxil olduğu vaxtdan 10 (on) gün müddətində aparılır. Həmin Məcəllənin 295.2-ci maddəsinə əsasən, böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə məhkəməyədək sadələşdirilmiş icraat zamanı təhqiqatçı məhkəmə baxışının hərtərəfli, tam və obyektiv aparılmasını təmin etmək üçün zərər çəkmiş şəxsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsi, şahidləri və digər şəxsləri dindirməklə, habelə zəruri arayışlar tələb etməklə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi hallarını, onu törədənin şəxsiyyətini və zəruri olan digər halları müəyyən edir. Həmin Məcəllənin 294.3-cü maddəsinə əsasən, böyük ictimai təhlükə törətməyən aşkar cinayətlər üzrə şikayətə baxarkən və ya böyük ictimai təhlükə törətməyən aşkar cinayətlər üzrə məhkəməyədək sadələşdirilmiş icraat şəklində təhqiqatın gedişində məhkəməyədək sadələşdirilmiş prosedur daxilində aparılması mümkün olmayan istintaq hərəkətlərinin aparılması zərurəti yarandıqda, təhqiqatçının və ya müstəntiqin vəsatəti, yaxud öz təşəbbüsü ilə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror cinayət işinin başlanması haqqında qərar qəbul etmək və ibtidai istintaqın aparılmasını müvafiq istintaq orqanına tapşırmaq hüququna malikdir. Həmin Məcəllənin 297.0-cı maddəsinə əsasən, böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə məhkəməyədək sadələşdirilmiş icraatın materialları ona daxil olduqdan sonra, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror daxil olmuş materiallara dərhal baxmaq və böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə şikayətin baxılması zamanı təhqiqatçının hərəkətlərinin və həmin şikayət üzrə aparılmış məhkəməyədək sadələşdirilmiş icraatın qanuniliyini və əsaslılığını yoxlamalı, toplanılmış sübutlar və təhqiqat zamanı araşdırılmış hallar ittihamın irəli sürülməsinə imkan verdikdə, böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə məhkəməyədək sadələşdirilmiş icraatın nəticələrinə dair təhqiqatçı tərəfindən tərtib edilmiş yekun protokolunda ittihamın irəli sürülməsini təsdiq etməli və bütün materialları məhkəməyə göndərməli və gücləndirilmiş elektron imza ilə təsdiq edilmiş yekun protokolu “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə həmin sistemə yerləşdirməli, toplanılmış sübutlar ittihamın irəli sürülməsi üçün kifayət qədər olmadıqda və ya bu Məcəllənin 293-1-ci maddəsində nəzərdə tutulmuş hallar mövcud olduqda, məhkəməyədək sadələşdirilmiş icraatın materialları əsasında, cinayət işinin başlanması haqqında qərar çıxarmalı və ibtidai istintaqın aparılmasını müvafiq istintaq orqanına tapşırmalıdır. Eyni zamanda, məhkəmə iclasında müəyyən edildi ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs müdafiə hüququ pozulmuşdur. Belə ki, məhkəmə iclasında təqdim edilmiş xx.xx.2022-ci il tarixli vəkilin orderinin təsdiq edilmiş surətindən görünür ki, Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsində aparılan icraatla bağlı Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili X5 ilə müqavilə bağlamış, lakin həmin vəkil icraata buraxılmamış və vəkilin orderinin əsli iş materiallarına əlavə edilməmişdir. Həmçinin, Xətai RPİ-nin 34-cü Polis Şöbəsinin təhqiqatçısı İsaq Həsənov tərəfindən müdafiəçi qismində dəvət olunmuş Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs faktiki olaraq təqdim edilməmiş və nəticədə Təqsirləndirilən şəxs hər hansı bir hüquqi yardım göstərilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 61-ci maddəsinə əsasən, hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququ vardır. Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı maddəsinin 3-cü bəndinə əsasən, “Cinayət törətməkdə ittiham olunan hər kəs öz müdafiəsini hazırlamaq üçün kifayət qədər vaxta və imkana malik olmaq, şəxsən və ya özünün seçdiyi müdafiəçi vasitəsi ilə özünü müdafiə etmək, ya müdafiəçinin xidmətini ödəmək üçün vəsaiti kifayət etmədiyi zaman, ədalət mühakiməsinin maraqları tələb etdikdə, belə müdafiədən pulsuz istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 299.3.2-ci maddəsinə əsasən, cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında, aparılmış ibtidai araşdırma zamanı bu Məcəllənin tələblərinin pozulub-pozulmaması barədə məsələyə baxlır. Həmin Məcəllənin 303.1-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntularına yol verildiyini müəyyən etdikdə məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. Həmin Məcəllənin 303.3.1 və 303.3.9-cu maddələrinə əsasən, kobud pozuntular kimi, təqsirləndirilən şəxsin müdafiə hüququ pozulduqda və məhkəməyədək icraatın ibtidai istintaq şəklində aparılmasının məcburiliyinə dəlalət edən halların olmasına baxmayaraq, onun məhkəməyədək sadələşdirilmiş icraat şəklində təhqiqat formasında aparıldıqda, cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar çıxarılır. Həmin Məcəllənin 300.1-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində aşağıdakı qərarlardan biri qəbul edilir: təqsirləndirilən şəxsin məhkəməyə verilməsi və məhkəmə baxışının təyin edilməsi barədə; xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsi və məhkəmə baxışının təyin edilməsi barədə; xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina olunması barədə; müvafiq olaraq cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat materiallarının və ya xüsusi ittiham qaydasında şikayətin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə; cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə; cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraatın dayandırılması barədə; cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi barədə. Yuxarıda qeyd olunanları əsas tutaraq məhkəmə hesab edir ki, dövlət ittihamçısı X4 və vəkil X5 tərəfindən verilmiş vəsatətlər təmin edilməli, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə toplanmış məhkəməyədək sadələşdirilmiş icraat materialının baxılmasına xitam verilməli, material ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 321.2.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Dövlət ittihamçısı X4 və vəkil X5 tərəfindən verilmiş vəsatətlər təmin edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə toplanmış məhkəməyədək sadələşdirilmiş icraat materialının baxılmasına xitam verilsin. Material ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın. Sədrlik edən: Fərid Yaqubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar