Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-285/2023 19.05.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Əliyeva Nailə Namiq qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, müdafiəçi – “Mirzəyev və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında, xx xxxxxx 1983-cü ildə Ağsu rayonu Gəgəli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, əvvəllər məhkum olunmuşməhkumluğu ödənilmiş, Ağsu rayonu, Gəgəli ərazi dairəsi, Gəgəli kəndində qeydiyyatda olan, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində nömrəsiz fərdi evdə yaşayan, barəsində «həbs» qətimkan tədbiri seçilmiş, hazırda Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs özgənin əmlakını talama məqsədi ilə 14 dekabr 2022-ci il tarixdə, saat 18:02 radələrində Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri, Xətai rayonu, F.Bayramov küçəsi, 1156, 2 saylı binanın 90 saylı mənzilinin giriş qapısını 2-3 dəfə möhkəm dartaraq asma qıfılı olan tutacağını sındırıb yaşayış sahəsi olan mənzilə qanunsuz daxil olaraq oradan Zərərçəkmiş şəxs məxsus 40 manat dəyərində bir ədəd «Candan» markalı plastik boruların birləşdirilməsi üçün qaynaq aparatını, 45 manat dəyərində bir ədəd «Bosch» markalı perforatoru, 30 manat dəyərində bir ədəd elektrik drelini, 60 manat dəyərində bir ədəd «Kalibr» markalı laqondanı, 15 manat dəyərində bir ədəd «Eltos» markalı plastik boruları kəsmək üçün aləti, 5 manat dəyərində plastik boru kranını, 5 manat dəyərində bir ədəd kombi üçün plastik kran başlığını, 200 manat dəyərində «Muravey» markalı məsafə ölçmək üçün lazer aparatını, hər biri 22 manat olmaqla ümumi dəyəri 792 manat olan cəmi 36 ədəd kombi sisteminə aid kollektor başlıqlarını gizli olaraq talayıb, Zərərçəkmiş şəxs ümumilikdə 1192 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, usta tanışı vasitəsilə Zərərçəkmiş şəxs ilə tanış olmuş, onun ünvan 1 ünvanda yerləşən evində hamam və tualetdə suvaq vurmuş və buna görə zəhmət haqqını almışdır. Balaca oğlu Muradın səhhətində, problemlər olmuş, oğlunun müalicəsinə lazım olan pul məbləğini toplaya bilməmişdir. Bu səbəbdən də, Zərərçəkmiş şəxs mənzilinə daxil olaraq, orada olan təmir və tikinti materialları oğurlamağı planlaşdırmışdır. Bu məqsədlə xx.xx.2022-ci il tarixdə axşam saatlarında yaşadığı evdən çıxıb avtobusla və metro ilə Zərərçəkmiş şəxs mənzilinin yerləşdiyi binanın qarşısına gəlmişdir. Binanın girişində domofon olduğu üçün bina sakinlərinin içəriyə girmələrini gözləmiş və onlarla birlikdə binaya daxil olmuşdur. Lift vasitəsilə 13-cü mərtəbəyə qalxmış, Qaraşovun mənzilinin çöl qapısına yaxınlaşmışdır. Qapını 2-3 dəfə güc tətbiq edərək dartmış və qapının asma qıfılı olan tutacağı sınmışdır. Mənzilə daxil olub üstündə olan alışqanın arxasında olan fonarla otaqları bir-bir gəzmiş, oğurlayacaği əşyaların sayını və qabritlərini nəzərə alaraq, evdən götürdüyü qara rəngli idman çantasını doldurmalı idi. Qaraşovun mənzilində tanımadığı bir ustaya məxsus olan boz rəngli idman çantasını da götürmüşdür. Həmin çantalara: 01 ədəd “KALİBR” markalı laqonda, 01 ədəd drel aparatı, 01 ədəd “BOSCH” markalı preforator, 01 ədəd “CANDAN” markalı “CM-01” modelli plastik boruların birləşməsi üçün qaynaq aparatı, 01 ədəd “MURAVEY” markalı lazer aparatını, 01 ədəd kombi üçün plastik kran başlığı, 01 “ELTOS” markalı plastik boru kəsən qurğunu və 36 ədəd istilik sisteminin kollektorlarının başlığını yığaraq mənzili tərk etmişdir. Mənzilə daxil olmağı və mənzildən çıxmağı 4-5 dəqiqə çəkmişdir. Mənzilə daxil olduqda və çıxanda onu heç kim görməmişdir. Binanın həyətində olan zaman özünə məxsus ***-***-**-** mobil nömrədən *2111 taksi xidmətinə zəng etmiş və həmin ünvandan Zabrat qəsəbəsində yerləşən 307 saylı tam orta məktəbin yanına getməyi şifariş etmişdir. Etdiyi sifarişdən 1-2 dəqiqədən sonra sifarişinə cavab verən **-UV-*** dövlət qeydiyyat nişanlı “TOYOTA” markalı “PRİUS” modelli minik avtomobili yaxınlaşmış, əllərində olan 2 ədəd çanta ilə taksiyə əyləşərək təxminən 30 dəqiqədən sonra təyinat yerinə çatmışdır. Taksi sürüçüsünə 5 (beş) manat pul ödəmiş və 307 saylı məktəbin yanında yerləşən adsız tikinti materialları dükanına daxil olmuşdur. Həmin dükanı tanışı Tərlan adlı şəxs işlədirmiş. Tərlana hər iki çantasında olan əşyaları satmaq istədiyini, yalandan guya ki, həmin ləzavimatlar onun özünə məxsus olmasını, balaca oğlunun gözündə olan problemlərin müalicəsi üçün pul lazım olduğu üçün bunu etdiyini bildirmişdir. Tərlan ondan heç bir sənəd istəməmiş və jurnalda hər hansı qeydiyyat aparmayaraq malları ondan almışdır. Ümumən oğurladığı əşyalara görə 150 (yüz əlli ) manat məbləğdə pul ona vermişdir. Əşyaları Tərlana satdıqdan sonra, onun dükanından çıxıb faktiki yaşadığı evə getmişdir. xx.xx.2023-cü il tarixdə 21:00 radələrində Bakı şəhəri Zabrat qəsəbəsində evinin yanında olarkən polis əməkdaşları tərəfindən saxlanılaraq Xətai RPİ-nin 37-ci PŞ-nə gətirilmişdir. Bu oğurluğu tək etmiş, oğurluq edəcəyi barədə heç kimə xəbər verməmişdir. Törətdiyi əməldən hazırda səmimi peşmançılıq çəkdiyini bildirərək, ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, təxminən 2013-cü ildən ünvan 2 ünvanda yerləşən evi almış, lakin həmin evdə yaşamırmış, bu yaxınlarda evin təmirinə başlamışdır. Həmin mənzildə ona məxsus tikinti materialları və alətlər olmuşlar. 14 dekabr 2022-ci il tarixdə təxminən saat 18 radələrində evdən ustalar qapını bağlayıb çıxmışlar. 15 dekabr 2022-ci ildə səhər mənzilə ustalar gələrkən aşkar etmişlər ki, mənzilin qapısının asma qıfılı sındırılıb, qapı açıqdır və mənzildən ona məxsus alətlər və tikinti materialları oğurlanmışlar. Əvvəl özü axtarmağa başlamış, lakin heç bir nəticə olmadığı üçün xx.xx.2022-ci il tarixdə DİN-nin 102 Xidmətinə zəng edib oğurluq barədə məlumat vermişdir. Ondan sonra Xətai RPİ-nin 37-ci PŞ-nə ərizə ilə müraciət etmişdir. Sonra eşitmişdir ki, oğurluq edən şəxs yaxalanıb. Həmin oğurluq nəticəsində aşağıda göstərdiyi ona məxsus əşyalar evdən oğurlanmışdır. Bir ədəd «Candan» markalı plastik boruların birləşdirilməsi üçün qaynaq aparatı, model CM-01, boz rəngdə, dəyəri 40 manat, bir ədəd «Bosch» markalı üzərində ağ boya ilə 2 ədəd «1» rəqəmləri yazılmış perforator, tünd yaşıl rəngdə, dəyəri 45 manat, Markası və modeli məlum olmayan bir ədəd elektrik dreli açıq boz rəngdə, dəyəri 30 manat, bir ədəd «Kalibr» markalı tünd yaşıl rəngli laqonda, dəyəri 60 manat, bir ədəd «Eltos» markalı plastik boruları kəsmək üçün qurğu, sarı-qara rəngdə, dəyəri 15 manat, plastik boru kranı, dəyəri 5 manat, bir ədəd kombi üçün plastik kran başlığı, dəyəri 5 manat, «Muravey» markalı məsafə ölçmək üçün lazer aparatı, təzə, 200 manat dəyərində, 36 ədəd kombi sisteminə aid kollektor başlıqları, hərəsinin dəyəri 22 manat, 36 ədədin ümumi dəyəri 792 manat, ümumilikdə həmin oğurluq nəticəsində ona 1192 manat məbləğində maddi ziyan dəymişdir. Sonradan 01 ədəd «CANDAN» markalı «CM-01» modelli plastik boruların birləşməsi üçün qaynaq aparatı, 01 ədəd üzərində «BOSCH HAMMERDRİLL» yazıları olan perforator, 01 ədəd markalanma yazıları olmayan drel, 01 ədəd üzərində «KALİBR MŞU-125/900 9010Vt» yazıları olan laqonda, 01 ədəd «ELTOS» markalı plastik boruları kəsmək üçün alət, 01 ədəd plastik kran və 01 ədəd kran başlığı geri qaytarılmışdır. Hazırda ona 992 manat dəymiş zərər ödənilməmişdir. Göstərilənlərə əsasən, iş üzrə Təqsirləndirilən şəxs cəza təyin olunması məsələsinin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Bakı şəhəri Sabunçu rayonu Zabrat qəsəbəsi X3 Mərkəzinin yanında yerləşən balaca xırdavat tikinti materialları dükanını işlədir. xx.xx.2022-ci i tarixdə axşam saatlarında tanışı Təqsirləndirilən şəxs dükana gəlmişdir. Sübhan 2 çanta tikinti və təmir üçün alətləri gətirib demişdir ki, balaca oğlu xəstədir, dərmana pul çatdıra bilmədiyindən özünə məxsus olan usta alətlərini satmaq istəyir. Bildirmişdir ki, mallar oğurluq nəticəsində əldə edilməmişdir. Dediyinə görə o, ustalıqdan artıq bezib, bu səbəbdən də alətləri satmaq istəyir. Sübhan bir-bir çantaları açaraq içində olan ləvazimatları təqdim etmişdir. Bunlar: 01 ədəd “KALİBR” markalı laqunda, 01 ədəd markasız drel aparatı, 01 ədəd “BOSCH” markalı perforator, 01 ədəd “CANDAN” markalı “CM-01” modelli plastik boruların birləşməsi üçün qaynaq aparatı, 01 ədəd “MURAVEY” markalı lazer aparatı, 36 ədəd kombi istilik sisteminin kollektorlarının başlıqları, 01 ədəd “ELTOS” markalı plastik boruları kəsmək üçün qurğu və 01 ədəd kombi üçün plastik kran başlığı olmuşdur. Sübhandan soruşanda ki, həmin əşyalara görə nə qədər pul istəyir, Sübhan əvvəl 200, sonra isə 150 manat istədiyini bildirmişdir. Sübhana həmin vaxt üstündə olan 100 manat pulu verərək, oğurlanan əşyaları təhvil almışdır. Qalan 50 manatı isə Sübhan növbəti gün, yəni xx.xx.2022-ci il tarixdə 12:00 radələrində gəlib götürmüşdü. Həmin əşyaları Təqsirləndirilən şəxs oğurluq nəticəsində əldə etməsini bilməmişdir. 01 ədəd “MURAVEY” markalı lazer aparatını tanımadığı adama 100 (yüz) manata, 36 ədəd istilik sisteminin kollektorlarının başlıqlarını isə hər birini 5 manat olmaqla, ümumilikdə 180 (yüz səksən) manata satmışdır. Təqsirləndirilən şəxs ona satdığı qalan əşyaları isə, polis əməkdaşlarına təhvil vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, təxmini 1 ildir ki, fərdi taksi fəaliyyəti ilə məşğuldur, **-UV-*** dövlət qeydiyyat nişanlı “TOYOTA” markalı “PRİUS” markalı avtomobili idarə edər. 14 dekabr 2022-ci il tarixdə 18:53-də ünvan 3 ünvanında fəaliyyət göstərən “Bakı Əyləncə Mərkəzi”nin qarşısına əvvəllər tanımadığı, anket məlumatlarını bilmədiyi bir şəxsin ***-***-**-** saylı mobil nömrəsi ilə şifarişini gəbul etmiş şifariş yerinə çatdıqdan sonra təxminən 1 dəqiqədən sonra şifarişi edən şəxs idarə etdiyi avtomobilə əyləşmişdir. Həmin şəxsin ciynində və sağ əlində çantaların olmasını görmüşdür. Həmin şəxs onu Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində yerləşən X3 Mərkəzinin yanına aparılmasını sifariş etmişdir. Təxminən 25-30 dəqiqəlik yoldan sonra təyinat nöqtəsinə çatmış və sərnişini düşürdərək ondan gediş haqqı 5 manat almışdır. Şəxs avtomobildən düşərək iki ədəd çantasını özü ilə götürüb getmişdir. Daha sonra Xətai RPİ-nin 37-ci PŞ-nin əməkdaşı onunla əlaqə saxlayaraq, izahatının alınması üçün həmin şöbəyə dəvət etmişdir. Həmin iki ədəd çantalarda olan əşyaların oğurlanmış olduğunu bilməmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmiş və onun təqsiri etirafı ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. İş materiallarında olan Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ********* nömrəli cinayət işi başlanılmışdır. Belə ki, iş materiallarında olan Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinin məsul növbətçisinin raportundan görünür ki, 21 dekabr 2022-ci il tarixdə DİN 102 qaynar xəttinə daxil olmuş müraciətə əsasən, Xətai rayonu, ünvan 5 ünvanda yaşayan Zərərçəkmiş şəxs xx.xx.2022-ci il tarixdə Xətai rayonu, Yer Yemonko küçəsi, ev 36, mərtəbə 20, mənzil 4 (keçmiş Fəzail Bayramov küçəsi 11/56, mənzil 90) ünvanındakı yeni təmir olunan mənzilində tikinti materialı və ustaların alətlərinin oğurlanması barədə məlumat daxil olmuşdur. İş materiallarında olan dikə baxış keçirilməsi barədə protokoldan görünür ki, Zərərçəkmiş şəxs təqdim etdiyi 00:16 saniyədən ibarət diskə baxış keçirilmiş, həmin diskdə bir nəfər qara kapüşonlu şəxsin ünvan 7 ünvanında götürdüyü qara rəngli bel çantası ilə 14 dekabr 2022-ci il tarixdə saat 18:02-də 2 nömrəli binadan çıxması görsənir. İş materiallarında olan Şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 25 yanvar 2023-cü il tarixdə saat 22:00-da şübhəli şəxs kimi tutulmuşdur. İş materiallarında olan Əşyaların təqdim olunması və götürülməsi haqqında protokoldan görünür ki, Şahid1 götürülmüş və Zərərçəkmiş şəxs İxlas oğluna məxsus 01 ədəd «CANDAN» markalı «CM-01» modelli plastik boruların birləşməsi üçün qaynaq aparatı, 01 ədəd üzərində «BOSCH HAMMERDRİLL» yazıları olan perforator, 01 ədəd markalanma yazıları olmayan drel, 01 ədəd üzərində «KALİBR MŞU-125/900 9010Vt» yazıları olan laqonda, 01 ədəd «ELTOS» markalı plastik boruları kəsmək üçün alət, 01 ədəd plastik kran və 01 ədəd kran başlığı iş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün mülkiyyətçiyə qaytarılmışdır. İş materiallarında olan İfadənin yerində yoxlanılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin binanın girişini göstərək bildirmişdir ki, 14 yanvar 2023-cü il tarixdə saat 18:30 radələrində həmin girişdən binanın 20-ci mərtəbəsinə liftlə qalxaraq 90 saylı mənzilin giriş qapısına yaxınlaşmış, giriş qapısını 2-3 dəfə möhkəm dartaraq asma qıfılı olan tutacağını sındırıb mənzilə daxil olaraq oradan plastik boruların birləşdirilməsi üçün qaynaq aparatını, «Bosch» markalı perforatoru, bir ədəd elektrik drelini, laqundanı, plastik boruları kəsmək üçün qurğunu, kombi üçün plastik kran başlığını, «Muravey» markalı məsafə ölçmək üçün lazer apparatını, 36 ədəd kombi üçün kollektor başlıqlarını oğurlamışdır. İstintaq hərəkətinin iştirakçıları 90 saylı mənzilin qarşısına gəlmiş, orada Təqsirləndirilən şəxs mənzilin giriş qapısının asma qıfılını sındırdığı yeri, mənzilə daxil olduqda isə dedikləri əşyaları haradan oğurladığı yeri göstərmişdir. Onun bildirdiyinə görə oğurladığı əşyalar həmin yerdə aşkar etdiyi plastik zənbillərə doldurub oğurlayaraq mənzildən çıxmışdır. Bundan sonra o, həmin əşyaları satmaq üçün yoldan keçən bir tanımadığı taksi avtomobilini tutaraq onları Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, X3 mərkəzinin yaxınlığında yerləşən adsız təmir- tikinti ləvazimatları mağazasına gətirərək 150 manata həmin mağazada işləyən tanışı Şahid1 satmışdır. İstintaq hərəkətinin iştirakçıları Təqsirləndirilən şəxs dediyi yerə-Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsinə, X3 mərkəzinin yaxınlığına gəlmiş və orada Təqsirləndirilən şəxs oğurladığı əşyaları satdığı Şahid1 işlədiyi mağazanı göstərmişdir. İş materiallarında olan Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 26 yanvar 2023-cü il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrlə ittiham elan edilmişdir. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 27 yanvar 2023-cü il tarixli, 4(011)-55/2023 saylı qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 25 yanvar 2023-cü il tarixdən hesablanmışdır. İş üzrə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 02 mart 2023-cü il tarixli 9/755 nömrəli rəyinə əsasən ekspertiza tədqiqatına təqdim edilmiş malların 2023-cü ilin yanvar ayına olan orta bazar qiyməti 01 ədəd işlənmiş vəziyyətdə “CANDAN” markalı, “CM-01” modelli plastik boruların birləşməsi üçün qaynaq aparatı – 40 manat, 01 ədəd işlənmiş vəziyyətdə üzərində “BOSCH HAMMERDRİLL” yazılı olan perforator – 70 manat, 01 ədəd işlənmiş vəziyyətdə, üzərində makalanma yazıları olmayan kiçik ölçüsü elektrik drel – 15 manat, 01 ədəd üzərində «KALİBR MŞU-125/900 9010Vt» yazıları olan yaşıl laqonda 25 manat, 01 ədəd üzərində “ELTOS” yazıları olan plastik boruları kəsmək üçün alət 5 manat, 01 ədəd plastik kran 5 manat və 1 ədəd kran başlığı 15 manat müəyyən olunmuşdur. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 05 iyul 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 05 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 15 noyabr 2019-cu il tarixli qərarı ilə Təqsirləndirilən şəxs cəzasının çəkilməmiş qalan 09 ay 19 gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmiş, 03 sentyabr 2020-ci il tarixdə cəza müddəti bitdiyi üçün qeydiyyatdan çıxarılmışdır. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3cü maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu və digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin qeyd olunan maddələri ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs hərəkətlərində əməlin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-ci maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən şəxsin barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin təqsirləndirildiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxsə cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən, həmin cinayətin az ağır cinayətlər sırasına aid edilməsini, Təqsirləndirilən şəxs şəxsiyyətini nəzərə alır. Təqsirləndirilən şəxs cəza təyin edərkən məhkəmə, təqsirləndirilən şəxsin törətdiyi əməli etiraf etməsini, əməlindən peşmançılıq çəkməsini və zərərçəkmiş şəxslə barışıq əldə etməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən olunmuşdur. İstinad edilən maddələrin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin edilən azadlıqdan məhrum etmə növündə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli tutulduğu tarixdən, yəni 25 yanvar 2023-cü il tarixdən hesablanmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınan - 01 ədəd «CANDAN» markalı «CM-01» modelli plastik boruların birləşməsi üçün qaynaq aparatı, 01 ədəd üzərində «BOSCH HAMMERDRİLL» yazıları olan perforator, 01 ədəd markalanma yazıları olmayan drel, 01 ədəd üzərində «KALİBR MŞU-125/900 9010Vt» yazıları olan laqonda, 01 ədəd «ELTOS» markalı plastik boruları kəsmək üçün alət, 01 ədəd plastik kran və 01 ədəd kran başlığı sahibinə qaytarılması nəzərə alınmalıdır. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. İş üzrə xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347- 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin; onun həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəzasının əvvəli 25 yanvar 2023-cü il tarixdən hesablansın; barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınan - zərərçəkmiş şəxs X2 məxsus 01 ədəd «CANDAN» markalı «CM-01» modelli plastik boruların birləşməsi üçün qaynaq aparatı, 01 ədəd üzərində «BOSCH HAMMERDRİLL» yazıları olan perforator, 01 ədəd markalanma yazıları olmayan drel, 01 ədəd üzərində «KALİBR MŞU-125/900 9010Vt» yazıları olan laqonda, 01 ədəd «ELTOS» markalı plastik boruları kəsmək üçün alət, 01 ədəd plastik kran və 01 ədəd kran başlığı sahibinə qaytarılması nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınan – iki ədəd “DVD-R” disklər cinayət işi üzrə icraat materiallarının saxlanma müddəti ərzində hazırkı cinayət işində saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Hökmdən elan olunduğu (məhkum Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Apellyasiya qaydasında şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Rəfail Sadıxov
Məhkəmə qərarları › İş №1(011)-285/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-285/2023
19.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver