Məhkəmə qərarları › İş №1(011)-285/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-285/2024

25.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-285/2024 25.06.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi, Dövlət ittihamçısı Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs və müdafiəçisi “Alyans” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1987-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinərək 09 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində həbs qətimkan tədbiri seçilərək hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair ********* saylı cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İbtidai istintaq orqanı ********* saylı cinayət işi üzrə müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs özgənin əmlakını talama məqsədi ilə 12 dekabr 2023-cü il tarixdə saat 14 radələrində ünvan 2 ünvanda yerləşən 1 nömrəli çörək zavodunun qarşısında yol kənarına park edilmiş Zərərçəkmiş şəxs1 məxsus “Kia” markalı “Sorento” modelli, **-HD- *** dövlət qeydiyyat nişanlı avtomobilin qapı kilidinin açıq vəziyyətdə olmasından istifadə edərək qabaq sağ sərnişin qapısını açıb avtomobilin salonuna əyləşmiş, salonun ön panelində yerləşən daxıldakı (bardaçok) mobil telefon qutusunun içərisində olan Zərərçəkmiş şəxs1 məxsus 800 (səkkiz yüz) manat milli pul əskinaslarını gizli olaraq talayıb, Zərərçəkmiş şəxs1 ümumilikdə 800 (səkkiz yüz) manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o təkrarən özgənin əmlakını talama məqsədi ilə 16 fevral 2024-cü il tarixdə saat 00:26-da ünvan 3 ünvanın qarşısında park edilmiş Zərərçəkmiş şəxs2 məxsus ağ rəngli “BMW” markalı, “E60” modelli **-NM-*** dövlət qeydiyyat nişanlı avtomobilin qapı kilidinin açıq vəziyyətdə olmasından istifadə edərək sürücü qapısını açıb avtomobilin salonuna əyləşmiş, salonun ön panelində yerləşən daxıldan 150 manat dəyərində bir ədəd «Tissot 1853-T020317A» model qol saatını, 500 manat dəyərində bir ədəd «X1» model dəmir qolbaqlı qol saatını, arxa sərnişin oturacağının üzərində olan 50 manat dəyərində bir ədəd «Stefano Ricci» markalanma yazılı qara rəngli gödəkcəni, həmin gödəkçənin cibindəki 300 ABŞ colları həmin dövrün məzənnəsi ilə 510 manat və 10 manat nağd pulu, avtomobilin arxa yük yerindən 52 manat 80 qəpik dəyərində bir ədəd “Finlandiya” əmtəə nişanlı bir litrlik alkoqollu içkini gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 ümumilikdə 1272 (min iki yüz yetmiş iki) manat 80 (səksən) qəpik məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin səmimi etirafı, zərərçəkmiş şəxsin ifadəsi, ekspert rəyi və işin tədqiq olunmuş digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bildiyini, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiqlədiyini qeyd edərək göstərmişdir ki, 12 dekabr 2023-cü il tarixdə təxminən saat 14 radələrində yaşadığı evə gedən zaman bir nömrəli çörək zavodunun yanında dayanmış boz rəngli «Kia» markalı avtomobilin qabaq sağ qapısının yarım açıq vəziyyətdə olduğunu görmüşdür. Fürsətdən istifadə edərək avtomobilin sağ qabaq qapısını açmış və salonuna əyləşmişdir. Avtomobilin əşya qutusunu açıb orada mobil telefon qutusunu görmüş həmin qutunu açıb içərisində olan 800 manat pulu götürüb avtomobili tərk etmişdir. Bundan başqa 15 fevral 2024-cü il tarixdə axşam radələrində yaşadığı evdən çıxaraq piyada M.Hadi küçəsinə doğru hərəkət etmişdir. M.Hadi küçəsi 81 saylı ünvanın qarşısından keçən zaman ağ rəngli “BMW” markalı avtomobilin qapısının açıq vəziyyətdə olmasını görmüşdür. Fürsətdən istifadə edərək sürücü qapısını açıb şübhə doğurmadan avtomobilin salonuna əyləşmişdir. Salonun ön panelində yerləşən saxlanc yerini açıb nəzər yetirdikdə orada iki ədəd qol saatını görmüş və həmin saatları götürüb cibinə qoymuşdur. Bundan sonra arxa sərnişin oturacağının üzərində olan bir ədəd alkoqollu içkini və bir ədəd gödəkçəni götürüb dərhal oranı tərk edib yaşadığı evə getmişdir. Növbəti gün spirtli içkini içmişdir. Saatları isə yaşadığı evdə oğurladığı gödəkçə ilə birlikdə gzilətmişdir. xx.xx.2024-cü il tarixdə axşamüstü radələrdə oğurluq nəticəsində əldə etdiyi gödəkçəni üzərinə geyinib iki ədəd qol saatını da götürərək yaşadığı evdən çıxmışdır. Məqsədi həmin saatları satıb pul əldə etmək olmuş, lakin, yolda olan zaman polis əməkdaşları onu saxlayıb polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində olan zaman izahat verərək törətdiyi cinayət: etiraf etmiş və üzərində olan gödəkçənin və iki ədəd qol saatının avtomobildən oğurladığı əşyalar olmasını demişdir. Həmin əşyalar polis tərəfindən ondan götürülmüş və bununla bağlı protokol tərtib edilmişdir. Əməlindən peşman olduğunu,dəymiş ziyanları tam ödədiyini ,zərərçəkmiş şəxslərlə barışdığını, himayəsində 2 azyaşlı övladının olduğunu qeyd edərək barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, mülkiyyətində ağ rəngli “BMW” markalı “E60” modelli **-NM-*** dövlət qeydiyyat nişanlı avtombil var. xx.xx.2024-cü il tarixdə o idarə etdiyi avtomobillə yaşadığı ünvan 4 ünvanında saxlamışdır. xx.xx.2024-cü il tarixdə ona məxsus həmin avtomobildən oğurluq olmuşdur. O avtomobildə arxa sərnişin oturacağında gödəkçəsinin olmadığını görmüşdür. Avtomobilə baxış keçirtdikdə bir ədəd “Finlandiya 1L” alkoqollu içkinin, iki ədəd “Tissot” model qol saatlarının oğurlandığını anlamış və bu barədə 102 xidmətinə zəng edərək məlumat vermişdir. Hadisə nəticəsində onun iki ədəd “Tissot” modelli saatları, bir ədəd gödəkçə, gödəkçənin cibində 300 ABŞ dolları və 10 manat milli pul əskinazı məbləğdə pullar, bir ədəd alkoqollu içki olmuşdur. Bu əşyalardan başqa avtomobilindən heç bir əşya oğurlanmamışdır. Daha sonra istintaq zamanı oğurluq edənin Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir. İstintaq zamanı Təqsirləndirilən şəxs tərəfindən oğurlanmış əşyalar qaytarılmışdır. Bu səbəbdən onunla barışmış və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Digər Zərərçəkmiş şəxs1 məhkəməyə telefonoqram ünvanlayaraq işi ilə əlaqədar rayona ezam olunduğunu, bu səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini, təqsirləndirilən şəxslə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini qeyd etmişdir. Məhkəmə zərərçəkmiş şəxsin telefonoqramını, təqsirləndirilən şəxsin səmimi etirafını nəzərə alaraq iştirakı mümkün olmayan Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsini elan edərək tədqiq edilməsini mümkün hesab etmişdir. İbtidai istintaq zamanı ifadə verən Zərərçəkmiş şəxs1 bildirmişdir ki, Bakı şəhəri, Xətai rayonu, Aşıq Ələsgər küçəsində yerləşən bir nömrəli çörək zavodunda beş ildir sürücü işləyir. İşə səhər saatlarında özünə məxsus “Kia” markalı “Sorento” modelli, boz rəngli, **-HD-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə gedərək zavodun yanında saxlayır. 12 dekabr 2023-cü il tarixdə saat 04 radələrində həmin avtomobili ilə zavodun yanına gəlib, avtomobili saxlamışdır. Avtomobildə olan mobil telefon qutusunda özünə məxsus 800 manat pul olmuşdur. Həmin gün təxminən saat 13:30 radələrində avtomobilə yaxınlaşıb qapını açmış, avtomobilə özünə məxsus əşya qoyub getmişdir. Gedərkən avtomobilin qapılarını bağlamağı unutmuşdur. Təxminən 15:30 radələrində avtomobilə yaxınlaşıb əyləşərkən görmüşdür ki, avtomobilin salonunda olan əşya qutusu açıq vəziyyətdədir, əşya qutusunda olan telefon üçün qutu açıqdır və 800 manat pul qutuda yoxdur. Hadisə barədə DİN-in 102 Xidmətinə zəng edib məlumat vermiş sonra 34-cü PŞ-nə hadisə barədə məlumat verilmişdir. Polis şöbəsinə şikayət ərizəsi ilə müraciət etdikdən sonra polis əməkdaşlarının bildirməsindən molum olmuşdur ki, həmin oğurluq hadisəsini Təqsirləndirilən şəxs törətmişdir. Təqsirləndirilən şəxs tərəfindən təxminən 10 gündən sonra ona dəymiş ziyan yəni 800 manat tam ödənilmişdir. İş materiallarında olan 21 fevral 2024-cü il tarixli baxış və götürmə aparılması haqqında protokoldan məlum olur ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 00:26-da ünvan 3 ünvanının qarşısında park edilmiş Zərərçəkmiş şəxs2 məxsus “BMW” markalı avtomobildən oğurluq edərək ələ keçirdiyi 02 ədəd “Tissot” markalı kişi qol saatı və 01 ədəd “Stefano Ricci” brendinə məxsus gödəkçə aşkar edilərək götürülmüşdür. İş materiallarında olan 22 fevral 2024-cü il tarixli şübhəli şəxsin ifadəsinin yerində yoxlanması haqqında protokoldan görünür ki, ünvan 3 ünvanın qarşısında Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 00:26-da 02 ədəd qol saatını, 01 ədəd gödəkçəni, 01 ədəd alkoqollu içkini oğurlamasını bir daha göstərərək ifadəsini hadisə yerində bir daha təsdiq etmişdir. İş materiallarında olan 04 aprel 2024-cü il tarixli əşyanın tanınmaya təqdim edilməsi haqqında protokoldan məlum olur ki, Zərərçəkmiş şəxs2 ona təqdim edilmiş 03 ədəd fərqli model markalı gödəkçənin içərisindən 01 ədəd “Stefano Ricci” markalı gödəkçəni parçasına görə tanımış və göstərmiş, bundan başqa 03 ədəd kişi qol saatının içərisindən 01 ədəd “Tissot” modelli dəmir qolbaqlı saatı, həmçinin 03 ədəd fərqli model qol saatının içərisindən 01 ədəd “Tissot” markalı, qəhvəyi rəngli qayışı olan qol saatını tanımış və əyani olaraq göstərmişdir. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 19 mart 2024-cü il tarixli, 9/1584 nömrəli rəyindən məlum olur ki, ekspertiza tədqiqatına təqdim edilən əşyaların hadisənin baş verdiyi günə olan orta bazar qiyməti ilə dəyəri- bir ədəd «Tissot 1853-T020317A» markalı qəhvəyi rəngli dəri kəmərli qol saatının dəyəri 150.0 manat, bir ədəd «X1» markalı dəmir qolbaqlı qol saatının dəyəri 500,0 manat, bir ədəd İtaliya istehsalı olan üzərində « Stefano Ricci » markalanma yazıları olan qara rəngli, L ölçülü kişi üçün gödəkçənin dəyəri 50.0 manatdır. Bir ədəd “Finlandiya” əmtəə nişanlı 1l çəkidə alkoqollu içkinin 2024-cü ilin fevral ayına olan orta bazar qiyməti nəzəri qaydada təxminən 52,80 manat müəyyən edilmişdir. Ekspertiza tədqiqatına təqdim edilmiş istifadədə olmuş malların 2024-cü ilin fevral ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 700,00 manat müəyyən edilir. İş materiallarında olan 16 aprel 2024-cü il tarixli əşyanın maddi sübut hesab edilməsi haqqında qərardan görünür ki, hadisə yerində olan yaşayış binasının təhlükəsizlik kamerasından aşkar edilərək istintaqa təqdim edilmiş 01ədəd CD disk maddi sübut kimi tanınmışdır. İş materiallarında olan 16 aprel 2024-cü il tarixli videogörüntüyə baxış keçirilməsi haqqında protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 00:26 radələridir. Küçədə dayanmış vəziyyətdə olan bir ədəd ağ rəngli avtomobilə kənardan bir nəfər şəxs yaxınlaşır və həmin avtomobilin arxa yük yerinin qapısını açaraq yük yerini axtarmağa başlayır. Baxış zamanı Təqsirləndirilən şəxs videogörüntüdəki şəxsin özü olmasını etiraf etmişdir. İş materiallarında olan 15 aprel 2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan məlum olur ki, Təqsirləndirilən şəxs götürülmüş bir ədəd «Tissot 1853- T020317A» model qol saatı, bir ədəd «X1» model dəmir qolbaqlı qol saatı və bir ədəd « Stefano Ricci » markalanma yazılı qara rəngli gödəkçə maddi sübut kimi tanınmış və saxlanılması üçün qəbzlə Zərərçəkmiş şəxs2 təhvil verilmişdir. İş vərəqi 204-də olan qəbzdən məlum olur ki, Zərərçəkmiş şəxs2 01 ədəd «Tissot 1853-T020317A» model qol saatı, ir ədəd «X1» model dəmir qolbaqlı qol saatı, bir ədəd « Stefano Ricci » markalanma yazılı qara rəngli gödəkçəni xx.xx.2024-cü il tarixdə Xətai RPİ-nin İstintaq Şöbəsindən təhvil almışdır. İş materiallarında olan 22 fevral 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilmiş və ********* nömrəsi altında istintaq edilmişdir. İş materiallarında olan şübhəli şəxsin tutulması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs 21 fevral 2024-cü il tarixdə tutulmuşdur. İş materiallarında olan Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından məlum olur ki, Təqsirləndirilən şəxs barəsində 03 ay həddində qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 21 fevral 2024-cü il tarixdən hesablanmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistika İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən və hökmdən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinərək 09 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İş materiallarında olan Bakı Şəhər Probasiya İdarəsinin məktubundan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinərək ona təyin edilmiş 09 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasından tutulduğu tarixə yəni xx.xx.2024-cü il tarixə kimi 08 ay 29 gününü çəkmişdir, çəkilməmiş hissəsi 01 gün təşkil edir. İş materiallarında olan elektron çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs ailəlidir və ailəsi ilə birlikdə ünvan 5 ünvanında qeydiyyatdadır, daimi yaşayış yeri var. İş materiallarında olan elektron çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2014-cü il təvəllüdlü X2 və xx.xx.2017-ci il təvəllüdlü X3 adlı iki azyaşlı uşağı var. İş materiallarında olan Zərərçəkmiş şəxs2 ərizəsindən görünür ki, ona dəymiş ziyanın ödənildiyindən Təqsirləndirilən şəxs ilə barışmışdır. Ona qarşı şikayət və tələbi yoxdur. Bu səbəbdən cəza təyin edərkən nəzərə almağı məhkəmədən xahiş etmişdir. Məhkəmə hökmü əsaslandırarkən hesab edir ki, hökmün əsaslı olması üçün məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, təqsirləndirilən şəxsin səmimi etirafı, zərərçəkmiş şəxslərin ifadələri, maddi sübutlar, ekspert rəyi və digər iş materialları ilə Təqsirləndirilən şəxs təkrarən gizli olaraq özgənin əmlakını talaması tamamilə sübuta yetirildi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən vurulmuş ziyanın tam ödənilməsini, zərərçəkmiş şəxslərlə barışmasını, himayəsində iki azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən ağırlaşdırıcı hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 04 aprel 2023-cü il tarixli 1(011)-183/2023 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası hazırkı cinayət işi üzrə cinayətin residivi kimi nəzərə alına bilməz. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1 və 67.4-cü maddələrinə əsasən, hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir, bu zaman qəti cəza həm yeni törədilmiş cinayətə görə təyin edilmiş cəzadan, həm də məhkəmənin əvvəlki hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsindən çox olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, səmimi etirafını, zərərlərin ödənilməsini, zərərçəkmiş şəxslərlə barışıq əldə edilməsini, himayəsində iki azyaşlı uşağının olmasını nəzərə alır və belə hesab edir ki, onu cəmiyyətdən tam təcrid etmədən, yaşayış yeri üzrə onun azadlığını məhdudlaşdırmaqla islah etmək mümkündür. Bu səbəbdən onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzası Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 04 aprel 2023-cü il tarixli 1(011)-183/2023 saylı hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 01 gün hissəsi ilə tam birləşdirilərək qəti olaraq hökmlərin məcmusu üzrə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, Təqsirləndirilən şəxs həbsdə saxlandığı 04 (dörd) ay 04 (dörd) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə nəzərə alınmaqla təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla onun üzərində qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli, dərhal məhkəmə iclas zalından həbsdən azad edilməli və barəsində ”başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini günün müəyyən vaxtı tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda, məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübut kimi tanınmış və sahibi Zərərçəkmiş şəxs2 qaytarılmış bir ədəd “Tissot 1853-T020317A” model qol saatı, bir ədəd “X1” model dəmir qolbaqlı qol saatı və bir ədəd “Stefano Ricci” markalanma yazılı qara rəngli gödəkçə onun istifadəsinə verilmiş hesab edilməlidir. Maddi sübut kimi tanınmış və iş materiallarına əlavə edilmiş 01 ədəd CD disk iş materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə xərci 50 (əlli) manat Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-198, 344- 347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il 10 (on) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş 02 (iki) il 10 (on) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 04 aprel 2023-cü il tarixli 1(011)-183/2023 saylı hökmü ilə təyin edilmiş 09 ay müddətinə azadlığın məhdudlaşdırıması cəzasının çəkilməmiş qalan 01 gün hissəsi ilə tam birləşdirilərək hökmlərin məcmusu üzrə Təqsirləndirilən şəxs 02 (iki) il 10 (on) ay 01 (bir) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlandığı 04 (dörd) ay 04 (dörd) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə nəzərə alınmaqla təyin olunmuş 02 (iki) il 10 ay 01 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasından 08 (səkkiz) ay 08 (səkkiz) gün çıxılmaqla onun üzərində qəti olaraq 02 (iki) il 01 (bir) ay 23 (iyirmi üç) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini gecə saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək və elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin, o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin və onun başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Maddi sübut kimi tanınmış və sahibi Zərərçəkmiş şəxs2 qaytarılmış bir ədəd “Tissot 1853-T020317A” model qol saatı, bir ədəd “X1” model dəmir qolbaqlı qol saatı və bir ədəd “Stefano Ricci” markalanma yazılı qara rəngli gödəkçə onun istifadəsinə verilmiş hesab edilsin. Maddi sübut kimi tanınmış və iş materiallarına əlavə edilmiş 01 ədəd CD disk iş materiallarında saxlanılsın. İş üzrə məhkəmə xərci 50 (əlli) manat Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Bəxtiyar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar