Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(011)-286/2021 26.07.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçisi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1993-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmayan, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan, “barəsində başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs sürücülük vəsiqəsi düzəldəcəyinə dair yalan vəd verib bu adla 2021-ci ilin fevral ayı ərzində Xətai rayonu, X3 küçəsi 9 saylı ünvanda yerləşən mağazaya müştəri kimi gələrək özünü Yol Patrul Xidmətinin əməkdaşı kimi təqdim edərək hissə-hissə olmaqla ümumilikdə 1250 manat pulu alıb ələ keçirərək Zərərçəkmiş şəxs 1250 manat ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü tam təqsirli bilərək göstərdi ki, o, əvvəllər məhkum olunmamış və hal-hazırda heç bir yerdə işləmir. 02 fevral 2021-ci il tarixdə saat 23 radələrində qril almaq üçün Bakı şəhəri, Xətai rayonu, X3 küçəsi 9 ünvanda yerləşən toyuq məhsulları satılan mağazaya gəlmişdir. Həmin vaxt satıcı xanım mobil telefon vasitəsi ilə başqa bir nəfər şəxslə sürücülük vəsiqəsi almaq barədə danışırmış. O, həmin satıcıya qril almaq istədiyini bildirdikdə həmin xanım qrilin qurtardığını bildirmişdir. Bundan sonra həmin xanım sürücülük vəsiqəsi almaq istədiyini deyərək ondan sürücülük vəsiqəsinin qiymətləri barədə məlumatı olubolmamasını soruşmuşdur. O da həmin xanıma bu işlə məşğul olan bir nəfər tanışının olduğunu deyərək həmin xanımın yanında tanışına zəng etmiş və danışıqlarını həmin xanımın özünün də eşitməsi üçün mikrofona qoymuşdur. Həmin vaxt tanışı 1250 manat məbləğində pulun qarşılığında sürücülük vəsiqəsi almaq üçün həmin xanıma köməklik edə biləcəyini bildirmişdir. Bundan sonra həmin xanım onun istifadəsində olan mobil nömrəsini ondan istəyərək ona da öz istifadəsində olan mobil nömrəsini vermiş və ondan sürücülük vəsiqəsi almaq üçün ona köməklik etməsini xahiş etmişdir. Həmin xanım istifadəsində olan mobil nömrəsini ona verdiyi zaman adının Aynur olduğunu demiş və o, Aynurun nömrəsini mobil telefonunda qeyd etmişdir. Səhəri gün yəni, 03 fevral 2021-ci il tarixdə Aynur onunla mobil telefon vasitəsi ilə əlaqə saxladıqda o, Aynurdan məktəbə yazılmaq üçün 40 manat məbləğində pul istəmişdir. Aynur da həmin pulu ona vermək üçün, işlədiyi mağazaya dəvət etmişdir. Bundan sonra o, mağazaya getmiş və Aynurdan 40 manat məbləğində pulu almışdır. Həmin pulun qarşılığında həqiqətən Aynur məktəbə qeydiyyata saldırmışdır. Təxminən 10-12 gün keçdikdən sonra o, istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən Aynurun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng edərək sürücülük vəsiqəsini almaq üçün qalan 1210 manat məbləğində pulu ondan istəmişdir. Aynur yenə də ona 1210 manat məbləğində pulu təhvil alması üçün onu işlədiyi mağazaya dəvət etmişdir. O da mağazaya gedərək Aynurdan 1210 manat məbləğində pulu almışdır. Lakin həmin zaman problemləri yarandığı üçün Aynurun ona verdiyi 1250 manat məbləğində pulu iradəsinə zidd olaraq məcburiyyət qarşısında qalıb problemlərinin həllinə xərcləmişdir. Lakin o, zərərçəkmiş şəxslə barışdığını, ona dəymiş ziyanın tam ödənildiyini qeyd edərək, cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, atası X1 1992-ci il tarixdə Ağdərə rayonunda şəhid olmuşdur. Şəhid qızı olduğu üçün dövlət tərəfindən ona 2003-cü il tarixdə Bakı şəhəri, Xətai rayonu, X3 küçəsi 9 ünvanda yerləşən mağaza verilib. Həmin mağazanı 2012-ci ci il tarixdən etibarən özü işlədir. Həmin mağazada toyuq məhsulları satılır. 02 fevral 2021-ci tarixdə saat 23 radələrində mağazaya tanımadığı bir nəfər şəxs müştəri qismində gəlmişdir. Həmin vaxt o, mobil telefon vasitəsi ilə başqa bir nəfər şəxslə sürücülük vəsiqəsi almaq barədə danışırmış. Mağazaya gələn müştəri onun danışığını eşidib özünü Bakı şəhəri Yol Polis İdarəsinin əməkdaşı kimi təqdim etmiş və ona sürücülük vəsiqəsi almaqda köməklik edə biləcəyini bildirmişdir. Özünü Rüstəm kimi təqdim edən həmin şəxs sürücülük vəsiqəsini almaq üçün ona 1250 manat məbləğində pul verməli olduğunu demişdir. O, Rüstəmlə razılaşmış və Rüstəmin istifadəsində olan mobil nömrəsini soruşmuşdur. Rüstəm ona mobil nömrəsini təqdim etmiş və mağazanı tərk edərək getmişdir. Səhəri gün yəni, 03 fevral 2021-ci il tarixdə o, Rüstəmlə əlaqə saxladıqda Rüstəm ondan məktəbə yazılmaq üçün 40 manat məbləğində pul istəmişdir. O, həmin pulu Rüstəmə vermək üçün onu mağazaya dəvət etmişdir. Bir neçə saat keçdikdən sonra Rüstəm adlı şəxs mağazaya gəlmiş və o, Rüstəmə 40 manat məbləğində pulu vermişdir. Həmin zaman Şahid2 də mağazada imiş. Təxminən iki gün keçdikdən sonra Rüstəm istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng edərək sürücülük vəsiqəsi almaq üçün ona verməli olduğu 1210 manat məbləğində pulu istəmişdir. O da Rüstəmi 1210 manat məbləğində pulu ondan təhvil alması üçün işlədiyi mağazaya dəvət etmişdir. O, Rüstəmə 1210 manat məbləğində pulu verən zaman anası Şahid1 da mağazada imiş və onun Rüstəmə 1210 manat məbləğində pulu verməsinin şahidi olmuşdur. Rüstəm 1210 manat məbləğində pulu ondan aldıqdan sonra ona bir neçə gün keçdikdən sonra imtahan olacağını demiş və imtahan başa çatdıqdan sonra sürücülük vəsiqəsini Aynurun özünə təqdim edəcəyini bildirmişdir. Təxminən bir həftə keçdikdən sonra o, Rüstəmlə əlaqə saxladıqda Rüstəm bir neçə dəfə ona müxtəlif bəhanələr gətirərək imtahanın gecikdiyini deyirmiş. Lakin daha sonralar Rüstəm onun istifadəsində olan mobil nömrəsini blok etmiş və artıq o, Rüstəmin onu aldadaraq 1250 manat məbləğində pulunu dələduzluq yolu ilə ələ keçirdiyini anlamışdır. Bundan sonra o, ərizə ilə 34-cü Polis Şöbəsinə müraciət etmişdir. Lakin o, təqsirləndirilən şəxslə barışdığını, ona qarşı heç bir şikayətinin və tələbinin olmadığını, ona dəymiş ziyanın tam şəkildə ödənildiyini bildirərək, cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, həyat yoldaşı X1 şəhid olduğu üçün dövlət tərəfindən qızına 2003-cü il tarixdə Bakı şəhəri, Xetai rayonu, X3 küçəsi 9 ünvanda yerləşən mağaza verilmişdir. Həmin mağazanı 2012ci il tarixdən etibarən qızı Aynur işlədir. Həmin mağazada toyuq məhsulları satılır. 2021-ci il fevral ayının əvvəllərində qızı Aynur ona mağazaya müştəri qismində gəlib özünü polis əməkdaşı kimi təqdim edən Rüstəm adlı bir nəfər şəxsin 1250 manat məbləğində pulun qarşılığında ona sürücülük vəsiqəsi almağa köməklik edəcəyini bildirmişdir. O, Aynura tanımadığı şəxslə iş görməməsini bildirdikdə Aynur artıq Rüstəm adlı şəxslə razılaşdıqlarını və 40 manat məbləğində pulu məktəbə yazılmaq üçün verdiyini bildirmişdir. Aynur bundan əlavə olaraq imtahan öncəsi 1210 manat da verəcəyini demişdir. O da Aynura 1210 manat məbləğində pulu onun yanında verməsini istəmişdir. Təxminən bir neçə gün keçdikdən sonra o, mağazada olarkən Rüstəm adlı şəxs Aynurun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng edərək sürücülük vəsiqəsi almaq üçün ona verməli olduğu 1210 manat məbləğində pulu istəmişdir. Aynur da Rüstəmə 1210 manat məbləğində pulu ondan təhvil alması üçün onu mağazaya dəvət etmişdir. Təxminən yarım saat keçdikdən sonra Rüstəm mağazaya gələrək 1210 manat məbləğində pulu Aynurdan alıb Aynura bir neçə gün keçdikdən sonra imtahan olacağını demiş və imtahan başa çatdıqdan sonra sürücülük vəsiqəsini Aynurun özünə təqdim edəcəyini bildirmişdir. Təxminən bir həftə keçdikdən sonra Aynur Rüstəmlə əlaqə saxladıqda o, bir neçə dəfə Aynura müxtəlif bəhanələr gətirərək imtahanın gecikdiyini deyirmiş. Lakin daha sonralar Rüstəm Aynurun istifadəsində olan mobil nömrəsini blok etmişdir. Bununla da onlar Rüstəm adlı şəxsin Aynuru aldadaraq 1250 manat məbləğində pulunu dələduzluq yolu ilə ələ keçirdiyini anlamışlar. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs təxminən 8 il müddət olar ki, tanıyır. Belə ki, o, fərdi olaraq mağazalara kənd məhsulları satmaqla məşğuldur. Aynurun işlədiyi Xətai rayonu, X3 küçəsində yerləşən toyuq məhsulları satılan mağazada məhsulları o satır. 2021-ci ilin fevral ayının əvvəllərində o, Aynurun işlədiyi mağazada olarkən mağazaya əvvəllər görmədiyi bir nəfər şəxsin gəldiyini və Aynurun ona məbləğini dəqiq bilmədiyi pul verdiyini görmüşdür. Aynur ona pulu verdikdə onlar sürücülük vəsiqəsi almaq barədə söhbət edirmişlər. Həmin şəxs mağazanı tərk edərək getdikdən sonra Aynur ona həmin şəxsin Aynura sürücülük vəsiqəsini almaqda köməklik edəcəyini bildirmiş və pulu da həmin şəxsə sürücülük vəsiqəsini almaq üçün verdiyini demişdir. Təxminən 1 ay müddət keçdikdən sonra Aynur ona həmin şəxsin Aynuru aldadaraq ona sürücülük vəsiqəsini almağa köməklik etmədiyini və bunun müqabilində ondan aldığı 1250 manat məbləğində pulunu mənimsədiyini demişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanılması və istintaq aidiyyəti üzrə göndərilməsi haqqında 20 aprel 2021-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə cinayət işinin başlanılması qərara alınmışdır (i.v. 1); ifadənin yerində yoxlanması haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs 2021-ci ildə Bakı şəhəri, Xətai rayonu, X3 küçəsi 9 ünvanında yerləşən mağazada Təqsirləndirilən şəxs ona sürücülük vəsiqəsi düzətməkdən ötrü ondan 1250 manat məbləğində pul vəsaitini ələ keçirdiyini deyərək hadisə yerini göstərmiş, bu barədə protokol tərtib olunmuş və fotoşəkillər çəkilib protokola əlavə olunmuşdur (i.v. 8-10); cinayət işinin icraata qəbul edilməsi haqqında 27 aprel 2021-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işi icraata qəbul edilmiş və ibtidai istintaqı aparılmışdır (i.v. 20); zərərçəkmiş şəxs qismində tanınma haqqında 29 aprel 2021-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs qismində tanınmışdır ( i.v. 23); DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat aşkar olunmamışdır (i.v. 35); təqsirləndirilən şəxs qismində cəlb etmə barərə 13 may 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir (i.v. 50-51); qətimkan tədbirinin seçilməsi barədə 13 may 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmişdir (i.v. 63-64); 87 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanında daimi qeydiyyatdadır. Yaşadığı müddət ərzində 87 saylı MKİS-ə heç bir şikayət daxil olmamışdır (i.v. 67); sübutların qiymətləndirilməsi haqqında 18 may 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə elan edilmiş ittiham qüvvəsində saxlanılmış, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri dəyişdirilmədən qüvvədə saxlanılmış, zərərçəkmiş şəxs və şahidlərin ifadələri, ifadənin yerində yoxlanılması barədə protokol sübut növü kimi qiymətləndirilmişdir ( i.v. 68-72). Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, ona ibtidai istintaq zamanı düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə ittiham irəli sürülmüş və əməli həmin maddə ilə tövsif edilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməsi toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə tamamilə sübuta yetirilmişdir. Məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilmişdir, onunla barışmışdır və ona qarşı heç bir şikayəti, tələbi yoxdur. İş üzrə icraata xitam verilməsinə etiraz etmir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ərizə ilə müraciət edərək, özünü təqsirli bildiyini, zərərçəkmiş şəxslə barışdığını və ona dəymiş ziyanı tam olaraq ödədiyini qeyd etmişdir. İş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə cinayət işinin materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışdığına və ona dəymiş ziyanı tamamilə ödədiyinə görə cinayət məsuliyyətindən azad edilməli və cinayət işi üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası CM-nin 73-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 178.1, 179.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CPM-nin 43.1 və 43.1.2-ci maddələrinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərar çıxarır. Azərbaycan Respublikasının CPM-nin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Azərbaycan Respublikası CPM-nin 346.1.20-ci maddəsində nəzərdə tutulmuş məsələni həll edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə mülki iddia, maddi sübut yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 43.3, 321, 344-347, 356, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət işinin icraatına xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri ləğv edilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №1(011)-286/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №1(011)-286/2021
26.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver