Məhkəmə qərarları › İş №1(011)-286/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-286/2023

30.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-286/2023 30.05.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Alyans Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxxxx 1987-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Xətai Rayon Məhkəməsinin 26 sentyabr 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 il 02 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 18 mart 2021-ci ildə Qaradağ Rayon Məhkəməsinin qərarı ilə cəzası 01 il 11 ay 28 günə endirilmiş,cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilməmiş, Bakı şəhəri, Xətai rayonu, A yaşayış massivi, məhəllə 2942 B-Q, ev 2, mənzil 91-də qeydiyyatda olan və yaşayan, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İbtidai istintaq orqanı ********* saylı cinayət işi üzrə müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs özgənin əmlakını talama məqsədilə 08 dekabr 2022-ci il tarixdə saat 00:15 dəqiqədə ünvan 1 ünvanda yerləşən “085” adlı avtoservisin sexinin qapısını açaraq qanunsuz olaraq içəri daxil olub oradan Zərərçəkmiş şəxs2 məxsus bir ədədinin dəyəri 60 manat olan 07 ədəd 420 manat dəyərində üzərində “X4 5W30” yazıları olan 4 litr tutumlu təzə vəziyyətdə avtomobil müəhərriki yağı, bir ədəd 30 manat dəyərində laqonda və sexin qarşısında dayanmış “Toyota Prius” markalı avtomobilin qapısını açaraq oturacağın üzərindən “Toyota” markalı avtomobillərə aid üç ədəd 150 manat dəyərində qara rəngli avtomobil açarlarını gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 ümumilikdə 600 (altı yüz) manat məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını talama məqsədilə 07 yanvar 2023-cü il tarixdə saat 23 radələrində ünvan 2 ünvanda yerləşən Zərərçəkmiş şəxs1 icarədarı olduğu ofisin giriş qapısını açaraq qanunsuz olaraq içəri daxil olub oradan sonuncuya məxsus bir ədəd 900 manat dəyərində Çin istehsalı “HP ENVY” markalı, “13-ay0002ur” model, “AMD Radeo, Ryzen 4000 seres” texniki xüsusiyyətli, qəhvəyi rəngli notebook komputer, bir ədəd 10 manat dəyərində üzərində “Toshiba” yazıları olan, 30x40 sm ölçülü, qara rəngli, parça materialdan olan notebook komputer çantası və bir ədədinin dəyəri 50 manat olan iki ədəd 100 manat dəyərində “Toyota Prius” markalı avtomobilə məxsus açarları gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 1.010 (bir min on) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, 08 dekabr 2022-ci il tarixdə axşam saatlarında yaşadığı evdən çıxaraq piyada gəzişməyə başlamışdır. Piyada hərəkət edərək ünvan 3 ünvanın yaxınlığında yerləşən “085” adlı avtomobil servisinin giriş qapısının yarım açıq vəziyyətdə olmasını görmüşdür. Pula ehtiyacı olduğuna görə orada qiymətli əşyalar olmasını fikirləşib içəri daxil olub oğurluq etmək qərarına gəlmişdir. Gecə saatları olduğu üçün ətrafda heç kəs olmamışdır. Saat 00:15 dəqiqədə servisin giriş qapısına yaxınlaşmış və içəri boylanaraq heç kəsin olmadığını görmüşdür. Servisin qarşısında “Toyota Prius” markalı avtomobil dayanmışdır. Servisə daxil olduqda içəri yalnız vitirinlərdə avtomobillərə məxsus mühərrik yağları görmüşdür. Servisin içərisində olan vitrindən 07 ədəd avtomobil mühərrik yağlarını götürüb sellofan torbaya qoymuşdur. Yerdə bir ədəd laqonda görmüş onuda götürüb yaqğları qoyduğu sellofan torbaya qoymuşdur. Bundan sonra isə servisin qarşısına çıxmışdır. Servisin qarşısında olan “Toyota Prius” markalı avtomobilin içərisində açarlar olmasını görmüşdür. Avtomobilin qapısını yoxladıqda açıq olmasını görüb avtomobilin qabaq sağ qapısını açıb oturacağın üzərində olan üç ədəd açarları götürüb oradan uzaqlaşmışdır. Həmin günü yaşadığı evə gəlmiş və yatmışdır. 08 dekabr 2022-ci il tarixdə sosial şəbəkə vasitəsilə müştəri tapmış və müştəri ilə telefon vasitəsilə əlaqə saxlayaraq Bakı şəhəri, Xətai rayonu, Ukrayna dairəsində görüşmüşlər. 07 ədəd mühərrik yağını tanımadığı şəxsə Ukrayna dairəsində özünə məxsus olmasını bildirməklə 75 manata satmışdır. Bundan sonra isə açarları satmaq üçün Babək prospektində yerləşən avtomobil bazarına getmişdir. Bazarda açarları özünə məxsus olmasını bildirməklə açar təmiri ilə məşğul olan şəxsə 190 manata satmışdır. Əldə etdiyi pulla isə borclarını qaytarmışdır. Bundan başqa 07 yanvar 2023-cü il tarixdə saat 23 radələrində ünvan 4 ünvanın qarşısında piyada hərəkət edən zaman orada binanın altında yerləşən ofislərin birinin qapısının aralı olmasını görmüşdür. Ətrafa baxıb kiminsə görmədiyini dəqiqləşdiridikdən sonra qapını açıb içəriyə daxil olmuşdur. Ofisin içərisinin işıqları sönülü olduğu üçün qaranlıq olmuşdur. İçərini heç kimin orada görməməsi üçün sürətli şəkildə axtarmış və ofisin içərisində girişdən sağ tərəfdə olan masanın üzərində qoyulmuş kiçik notebook komputerini götürüb soldakı masanın üzərində olan notebook çantasının içərisinə qoymuşdur. Yenidən sağdakı masanı axtaran zaman orada olan siyirməni açmış, bu zaman masanın siyirməsində olan iki ədəd “Toyota Prius” markalı avtomobilin açarını götürüb yaşadığı ünvana getmişdir. Yaşadığı mənzilə çatdıqdan oğurlamış olduğu əşyaları heç kim görməsin deyə gizlətmişdir. 09 yanvar 2022-ci il tarixdə saat 18 radələrində yaşdığı mənzildən oğurlamış olduğu əşyaları götürüb satmaq məqsədi ilə binanın qarşısına çıxmış, bu zaman ünvan 5 ünvanının qarşısında oğurlamış olduğu əşyalarla birlikdə saxlanılmışdır. Daha sonra səmimi etirafını, əməlindən peşman olmasını, zərərçəkmiş şəxslərlə barışmasını, ziyanın ödənilməsini qeyd edərək barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Xətai rayonu, İ.İsmayılov küçəsi 6 ünvanında yerləşən ofisi icarə götürmüş və öz fəaliyyətini həmin ofisdə həyata keçirmişdir. Həmin ofisdə öz şəxsi işləri ilə bağlı özünə məxsus olan əşyaları saxlamışdır. 07 yanvar 2023-cü il tarixdə saat 19 radələrində ofisin qapısını bağlayıb yaşadığı evə getmişdir. 08 yanvar 2023-cü il tarixdə saat 12:30 dəqiqədə ofisə qayıdan zaman ofisin qapısının kilid yerinin nasaz vəziyyətdə olmasını görmüş və içəri daxil olduqda masanın üzərinə qoyduğu bir ədəd 900 manat dəyərində “HP” markalı notebook komputer, bir ədəd 10 manat dəyərində “Toshiba” markalı notebook çantası və iki ədəd 100 manat dəyərində “Toyota Prius” markalı avtomobil açarlarının oğurlandığını aşkar etmişdir. Bundan sonra DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermişdir. Hazırda dəymiş ziyan Təqsirləndirilən şəxs tərəfindən ödənilmişdir.Bu səbəbdən onunla barışmışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Xətai rayonu, G.Şıxlinski küçəsi 39 ünvanın yaxınlığında yerləşən “085” adlı avtomobil servisinin sexində elektrik işləmişdir. 06 dekabr 2022-ci il tarixdə gecə saatlarında sexin qarşısında “Toyota Prius” markalı atomobildə elektrik işləri görmüşdür. Belə ki, avtomobilin qapılarının açılıb-bağlanma ilə əlaqədar nasazlığı olmuşdur. Buna görə də sexdə olan özünə məxsus açarlar ilə avtomobilin elektrik sistemində olan nasazlığı aradan qaldırmaq istəmişdir. Sexin qapısı isə açıq olmuşdur. Saat 23 radələrində işlərini yekunlaşdırıb sexin giriş apısını bağlamışdır. Sonra isə avtomobilin qapılarını bağlamışdır. Yaşadığı evə gəlib yatmışdır. Səhəri günü, yəni 07 dekabr 2022-ci il tarixdə işlədiyi sexə gəlmişdir. Sexin qarşısına çatdıqda “Toyota Prius” markalı avtomobilin qapısının açıq olmasını görmüşdür. Avtomobilə baxdıqda içərisində olan üç ədəd açarların olmadığını aşkar etmişdir. Bundan sonra sexə daxil olmuş və aşkar etmişdir ki, 07 ədəd “REV LİNE” markalı 4 litr həcmində avtomobil yağı və bir ədəd laqonda oğurlanmışdır. Məlum olmuşdur ki, gecə sexi bağlayıb getdikdən sonra kimsə sexə daxil olmuş və avtomobil yağlarını, bir ədəd laqondanı, eyni zamanda avtomobildən açarları oğurlamışdır. Həmin hadisə nəticəsində ona ümumilikdə 600 manat maddi ziyan dəymişdir. Dəymiş ziyan təqsirləndirilən Təqsirləndirilən şəxs tərəfindən ödənildiyindən onunla barışmış və ona qarşı şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid təqsirləndirilən şəxsin ifadəsinə oxşar ifadə vermişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ifadənin yerində yoxlanması haqqında protokoldan görünür ki, ifadəsi yerində yoxlanılması zamanı Təqsirləndirilən şəxs 08 dekabr 2022-ci il tarixdə saat 00:15 dəqiqədə ünvan 1 ünvanda yerləşən “085” adlı avtomobil servisinin açıq olan qapısından içəri daxil olaraq oradan 07 ədəd avtomobil mühərriki yağı, bir ədəd laqonda, servisin qarşısında olan “Toyota Prius” markalı avtomobilin qapısını açaraq içərisindən üç ədəd açarı, bundan başqa 07 yanvar 2023-cü il tarixdə saat 23 radələrində Bakı şəhəri, Xətai rayonu, İ.İsmayılov küçəsi 6 ünvanda yerləşən ofisin açıq qapısından içəri daxil olaraq oradan bir ədəd “HP” markalı notebook komputeri, bir ədəd komputer çantası və iki ədəd avtomobil açarlarını oğurladığını deyərək hadisə yerlərini göstərmiş və bu barədə protokol tərtib edilib fotoşəkillər çəkilərək cinayət işinə əlavə olunmuşdur. İş materiallarında olan Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinın 09 fevral 2023-cü il tarixli 9/133 saylı rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 3 ədəd “Toyota” markalı avtomobillərə məxsus qara rəngli avtomobil açarlarının istifadədə olması nəzərə alınmaqla hazırki (üzərində cızıqlar, rəng qopuqları mövcuddur) vəziyyətdə 2022-ci ilin dekabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 150,00 (3x50 man) müəyyən edilir. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinın 15 fevral 2023-cü il tarixli 9/346 saylı rəydən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 01 ədəd üzərində “X4 5W30” yazıları olan 4 litr tutumlu təzə vəziyyətdə avtomobil müəhərriki yağının 2022-ci ilin dekabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 60,00 manat müəyyən edilir. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinın 15 fevral 2023-cü il tarixli 9/347 saylı rəydən görünür ki, ekspertiza tədqiqatına təqdim edilən malların istifadədə olması, nəzərə alınmaqla 2023-cü ilin yanvar ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 960,00 manat müəyyən edilir. O, cümlədən: 01 ədəd Çin istehsalı “HP ENVY” markalı, “13-ay0002ur” model, “AMD Radeo, Ryzen 4000 seres” texniki xüsusiyyətli, qəhvəyi rəngli notebook - 900 manat; 01 ədəd üzərində “Toshiba” yazıları olan, 30x40 sm ölçülü, qara rəngli, parça materialdan olan notebook çantası - 10,00 manat; 01 ədəd “Toyota Prius” markalı avtomobilə məxsus açar - 50,00 manat. İş materiallarında olan 10 mart 2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, üç ədəd “Toyota” markalı avtomobillərə məxsus qara rəngli avtomobil açarları, bir ədəd Çin istehsalı “HP ENVY” markalı, “13-ay0002ur” model, “AMD Radeo, Ryzen 4000 seres” texniki xüsusiyyətli, qəhvəyi rəngli notebook, bir ədəd üzərində “Toshiba” yazıları olan, 30x40 sm ölçülü, qara rəngli, parça materialdan olan notebook çantası və iki ədəd “Toyota Prius” markalı avtomobilə məxsus açar maddi sübut kimi tanınmış və saxlanılması üçün sahiblərinə təhvil verilmişdir. İş materiallarında olan şübhəli şəxsin tutulması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs 09 yanvar 2023-cü il tarixdən tutulmuşdur. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından məlum olur ki, Təqsirləndirilən şəxs barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş və əvvəli 09 yanvar 2023-cü il tarixdən hesablanmışdır. İş materiallarında olan Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistika İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Xətai Rayon Məhkəməsinin 26 sentyabr 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək qəti olaraq 02 il 02 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. 18 mart 2021-ci ildə Qaradağ Rayon Məhkəməsinin qərarı ilə xx.xx.2020-ci il tarixli qanunu tətbiq edilərək cəzası 01 il 11 ay 28 günə endirilmişdir. 05 iyun 2021-ci ildə cəzasının sonu ilə azad olunmuşdur. İş materiallarında olan Zərərçəkmiş şəxs1 ərizəsindən görünür ki, dəymiş ziyan ödənildiyindən təqsirləndirilən şəxslə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün səmimi etirafı, zərərçəkmiş şəxslərin və şahidin məhkəmə baxışı zamanı verdikləri ifadələri, ekspert rəyləri və digər iş materialları ilə tamamilə sübuta yetirildi. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə tövsif edilmiş və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, səmimi etirafını, zərərçəkmiş şəxslərlə barışmasını, ziyanın ödənilməsini cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. İş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hal kimi Təqsirləndirilən şəxs əməlinin cinayətlərin residivini yaratması müəyyən edildi. Təqsirləndirilən şəxs məhkumluğu göründüyü kimi ödənilməmişdir. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə uyğun olaraq, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, yüngülləşdirici və ağırlaşdırıcı halları nəzərə alır və belə hesab edir ki, onu cəmiyyətdən təcrid etmədən islah etmək mümkün deyildir, ona görə də ona təqsirləndirildiyi maddənin sanksiyası həddində residiv nəzərə alınaraq azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilməli, barəsində həbs qətimkan tədbiri seçilməli, o, dərhal məhkəmə iclas zalında həbsə alınmalı, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cəzaçəkmə müsəssisəsinin rejimini müəyyən edilməsi ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə təsdiq olunur ki, Təqsirləndirilən şəxs 09 yanvar 2023-cü il tarixdə tutulmuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli həmin vaxtdan hesablanmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda, məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. İş üzrə ekspertiza tədqiqatının ümumi dəyəri 150 (yüz əlli) manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. İş üzrə maddi sübut kimi tanınmış və Zərərçəkmiş şəxs2 təhvil verilmiş üç ədəd “Toyota” markalı avtomobillərə məxsus qara rəngli avtomobil açarları və Zərərçəkmiş şəxs1 təhvil verilmiş bir ədəd Çin istehsalı “HP ENVY" markalı, “13-ay0002ur” model, “AMD Radeo, Ryzen 4000 seres” texniki xüsusiyyətli, qəhvəyi rəngli notebook, bir ədəd üzərində “Toshiba” yazıları olan, 30x40 sm ölçülü, qara rəngli, parça materialdan olan notebook çantası və iki ədəd “Toyota Prius” markalı avtomobilə məxsus açar hökm qanuni qüvvəyə mindikdən sonra onların istifadəsinə verilmiş hesab edilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-198, 344-347, 349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli 09 yanvar 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilsin, barəsində həbs qətimkan tədbiri seçilsin, o, dərhal məhkəmə iclas zalında həbsə alınsın və saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının ümumi dəyəri 150 (yüz əlli) manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış və Zərərçəkmiş şəxs2 təhvil verilmiş üç ədəd “Toyota” markalı avtomobillərə məxsus qara rəngli avtomobil açarları və Zərərçəkmiş şəxs1 təhvil verilmiş bir ədəd Çin istehsalı “HP ENVY" markalı, “13-ay0002ur” model, “AMD Radeo, Ryzen 4000 seres” texniki xüsusiyyətli, qəhvəyi rəngli notebook, bir ədəd üzərində “Toshiba” yazıları olan, 30x40 sm ölçülü, qara rəngli, parça materialdan olan notebook çantası və iki ədəd “Toyota Prius” markalı avtomobilə məxsus açar hökm qanuni qüvvəyə mindikdən sonra onların istifadəsinə verilmiş hesab edilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Bəxtiyar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar