Məhkəmə qərarları › İş №1(011)-287/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-287/2024

15.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-287/2024 15.08.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Rəşid Şükür oğlunun sədrliyi, Səfərov Nihad Asif oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri 13 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1982-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-382/2023 nömrəli, 24 iyun 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək həmin Məcəlləsinin 69.3-cü maddəsi tətbiq edilməklə qəti olaraq 02 (iki) il 06 (altı) ay 06 (altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş və götürülməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, hazırda barəsində Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-122/24 nömrəli, 15 fevral 2024-cü il tarixli qərarı ilə “həbs” qətimkan tədbiri seçilərək Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, o, istintaqla müəyyən edilməmiş vaxtda və mənbədən, satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda 01 ədəd bükümdə təmiz çəkisi 0,325 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış və onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında 13 fevral 2024-cü il tarixdə, saat 17:30-da Xətai RPİ-nin 34-cü PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində ünvan 3 ünvanının yaxınlığında saxlanılaraq Xətai RPİ-nin 34-cü polis şöbəsinə gətirilərək videoçəkilişdən istifadə edilməklə müdafiəçinin iştirakı ilə keçirilən şəxsi axtarış və götürmə zamanı əynində tünd göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd ağ rəngli kağız bükümdə təmiz çəkisi 0,325 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, evdə olarkən ona zəng gəlmiş, həmin şəxs istifadəsində olan nömrəsinin başqa mobil operatorda mövcut olduğunu və kompanyaya düşdüyünü, mobil nömrəni götürmək üçün Ukrayna dairəsinin yaxınlığındakı “Asan xidmət”-in yanına gəldikdən sonra onunla əlaqə saxlamağını bildirmişdir. O, “Asan xidmət”-in qarşısına gələrək həmin şəxsə zəng etmiş, sonuncu ona üzü metroya tərəf hərəkət etməyini demiş, bu səbəbdən o həmin istiqamətə doğru getmişdir. Biraz irəlilədikdən sonra onu tutaraq polis bölməsinə aparmışlar. Polis bölməsində qarşısına bir kiloqram narkotik vasitə qoyaraq onu rəsmiləşdirəcəklərini bildirmişlər. O, iki körpə balasının olduğunu, ayağında elektron nəzarət vasitəsinin olduğunu, heç nə etmədiyini, ondan analiz götürəcəkləri təqdirdə heç bir narkotik vasitənin aşkar edilməyəcəyini bildirmişdir. Polis əməkdaşları hər bir halda həbs ediləcəyini bildirdiklərindən qollarını kəsmiş, şkafa vuraraq başına xəsarət yetirmişdir. Sonradan rəis onu qəbul edərək yalnız CM-nin 234.1-ci maddəsi ilə ittiham olunmasına köməklik edə biləcəyini bildirmiş, məcbur olduğundan razılaşmışdır. Polis bölməsində olan zaman ona qarşı fiziki zor tətbiq edilmiş, bədənində xəsarət izləri olmuşdur. Əlavə olaraq barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışının nəticəsində Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamda göstərilən cinayət əməlinin onun tərəfindən törədilməsi qanunla nəzərdə tutulmuş qaydada sübuta yetirilmiş, təqsirliliyini təsdiq edən sübutlar kifayət etmişdir. Məhkəmənin bu nəticəyə gəlməsi aşağıdakı sübutlarla əsaslandırılır. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinin Cinayət Axtarış üzrə əməliyyat müvəkkili Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək bildirmişdir ki, 13 fevral 2024cü il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrdən istifadə etməsi barədə əməliyyat məlumatı daxil olmuş, məlumatın yoxlanılması məqsədi ilə əməliyyat qrupu yaradılmışdır. Həmin tarixdə təxminən saat beş-altı radələrində Bakı şəhəri, Xətai rayonu, M.Hadi 51 ünvanının yaxınlığında bir nəfər şəxsin əməliyyat məlumatındakı görünüşündən müəyyən edərək dəqiqləşdirmək üçün Şahid2la birlikdə həmin şəxsə yaxınlaşaraq özlərini təqdim etmişlər. Sonuncunun Təqsirləndirilən şəxs olduğunu müəyyən etdikdən sonra onu polis şöbəsinə dəvət etmişlər. Bundan sonrada polis şöbəsində olan zaman şübhəli şəxsə vəkil təyin edilmiş, vəkilin iştirakı ilə video çəkilişdən istifadə edilməklə üzərinə baxış keçirilmiş, baxış zamanı üzərindən şəxsi istifadəsi üçün narkotik vasitə aşkar edilmiş və haradan aldığı soruşulduqda isə Ukrayna dairəsinin yaxınlığında on manat qarşılığında tanımadığı şəxsdən əldə etdiyini bildirmişdir. Onlar tərəfindən təqsirləndirilən şəxsə qarşı heç bir zor tətbiq edilməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinin əməliyyat müvəkkili Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edərək digər Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi faktları və halları eynilə təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: şübhəli şəxsin tutulması haqqında 13 fevral 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 17:30-da Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (i.v. 21); şəxsi axtarış və götürmə aparılması haqqında 13 fevral 2024-cü il tarixli protokoldan görünür ki, Xətai RPİ-nin 34-cü PŞ-nin təhqiqatçısı polis kapitanı X3 tərəfindən, Xətai RPİ-nin 34-cü PŞ-nin əməliyyat müvəkkili polis leytenantı Şahid1, Xətai RPİ-nin 34-cü PŞ-nin əməliyyat müvəkkili polis leytenantı Şahid2, şübhəli şəxs Təqsirləndirilən şəxs və müdafiəçi X6 iştirakları ilə Xətai RPİ-nin 34-cü PŞ-nin inzibati binasında video çəkilişdən istifadə edilməklə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə aparılmışdır. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli cins şalvarının sağ yan cibindən 01 bükümdə ağ rəngli kağıza bükülmüş tünd qəhvəyi rəngli, kütlə şəkilli, spesifik qoxuya malik narkotik vasitə bənzər maddə çıxararaq təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş, lakin üzərindən başqa heç bir əşya aşkar edilməmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddələrin nədən ibarət olması haqqında sual verilərkən sonuncu bildirmişdir ki, əynində olan tünd göy rəngli cins şalvarın sağ yan cibindən çıxan, 01 ədəd ağ rəngli kağıza bükülmüş, tünd qəhvəyi rəngli, kütlə şəkilli, spesifik qoxuya malik maddə “kakos” adlanan narkotik vasitədir. Götürülmüş kütlə elektron tərəzi vasitəsi ilə çəkilmiş və bir bükümdə olan ağ rəngli kağıza bükülmüş kütlənin çəkisi 0,49 qram müəyyən edilmişdir. Şəxsi axtarış və götürmə, xidməti iş otağında, süni işıqlandırma şəraitində aparılmış, şəxsi axtarış və götürmə zaman istifadə edilən video çəkilişin əks olunduğu məlumat daşıyıcısı protokola əlavə edilmişdir (i.v. 32-33); diskə baxış keçirilməsi haqqında 15 fevral 2024-cü il tarixli protokoldan görünür ki, bir ədəd “DVD-R” diskdə olan görüntü, şəxsi axtarış və götürmə aparılması haqqında 13 fevral 2024-cü il tarixli protokola uyğun olmuşdur (i.v. 83-84); Həmçinin məhkəmə iclasında tərəflərin iştirakı ilə videogörüntü tədqiq edilmiş, videogörüntülərdə hadisənin diskə baxış keçirilməsi haqqında protokolda göstərildiyi şəkildə davam etdiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 14 fevral 2024-cü il tarixli 3-16-16/2-6/890 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №152”-li dairəvi möhür əksləri olan, “Təqsirləndirilən şəxs “imza” ” və digər ad, soyad, imzalar qeyd edilmiş bir ədəd zərfdəki 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,325 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbayacan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir (i.v. 46-50); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X10 Şəxsi Ambulator X1 xx.xx.2024-cü il tarixli, 2376 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və kannabinoidlərin birgə qəbulu edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür ( i.v. 133-134); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2024-cü il tarixli cavabından görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin mərkəzləşdirilmiş uçotlarındakı məlumata əsasən Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29.177.2.1, 29.177.2.2, 29.177.2.3 və 177.3.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli bilinərək 11 (on bir) il müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Qaradağ Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4-cü maddələrinə tövsif olunmuş və cəzası 05 ilə endirilərək azad olunmuşdur. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 24 iyun 2023-cü il tarixli hökmünə əsasən CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay 06 (altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir (i.v. 122-123); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-382/2023 nömrəli, 24 iyun 2023-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və ona 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 01 noyabr 2022-ci il tarixdən 28 yanvar 2023-cü il tarixədək həbsdə saxlanıldığı 02 (iki) ay 27 (iyirmi yeddi) gün müddət, 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində, qəti olaraq, 02 (iki) il 06 (altı) ay 06 (altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır (i.v. 91-98); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhər Probasiya İdarəsinin xx.xx.2024-cü il tarixli, 21-1/3-12225-22 nömrəli məktubundan görünür ki, məhkum Təqsirləndirilən şəxs Xətai Rayon Məhkəməsinin 1(011)-382/2023 nömrəli, 24 iyun 2023cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay 06 (altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmış və cəzasının sonu xx.xx.2026-cı il tarixə hesablanmışdır. Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarına əsasən məhkum Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmışdır. xx.xx.2024-cü il tarixədək məhkum Təqsirləndirilən şəxs cəzasının 05 ay 23 gününü çəkmiş, çəkilməmiş hissəsi 02 il 13 gün təşkil edir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 4(011)-122/2024 nömrəli, 15 fevral 2024-cü il tarixli qərarından görünür ki, təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətində həbs qətimkan tədbirinin seçilməsi barədə təqdimat və vəsatət təmin edilmiş, Təqsirləndirilən şəxs həbsdə olmağı müddətinin əvvəli 13 fevral 2024-cü il tarixdən hesablanmışdır (i.v. 79- 82); sübutların qiymətləndirilməsi haqqında 25 aprel 2024-cü il tarixli qərardan görünür ki, istintaq zamanı Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin 0,325 qram hesab edilsin qalıq qalmış 0,275 qram olan narkotik vasitə heroin saxlanılması üçün Xətai RPİ-nin saxlanc təhvil verilməsi və həmçinin şəxsi axtarış və götürmə zamanı qeydə alınmış görüntüləri əks etdirən 01 ədəd diskin maddi sübut kimi tanınması qərara alınmışdır ( i.v. 142-148); Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmə baxış iclasında verdiyi ifadəsinə tənqidi yanaşır və hesab edir ki, onun ifadəsi cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyır. Müdafiə hüquqununun təməl institutu kimi Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə ittiham elan olunduğunu və bundan sonrakı mərhələdə onun bilə-bilə yalan ifadə verməsi cinayət məsuliyyəti yaratmadığından, belə düşünmək olar ki, o, özünü müdafiə xarakterli ifadə verməklə cinayət məsuliyyətindən yayınmağa çalışır. Lakin şahidlər Şahid1 və Şahid2 bilə-bilə yalan ifadə vermək barədə cinayət məsuliyyəti barədə xəbərdarlıq edilmiş və yalnız bundan sonra şahid qismində dindirilmişdirlər. Həmin şahidlər ifadələrində Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə edib üstündə saxlayaraq daşıması, keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs saxlanılması və video çəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılan zaman narkotik vasitəni sonuncunun üzərindən aşkar edilməsini göstərmişdir. Şahidlərin cinayət işinin materiallarında olan ifadələri ilə məhkəmə istintaqı zamanı vermiş olduğu ifadələri eyni məzmunlu olmuş, ümumiyyətlə ifadələri arasında hər hansı ziddiyət olmamışdır. Bununla yanaşı, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi məsələsinə baxılması üçün məhkəməyə gətirildiyi zaman məhkəmə iclasında şəxsi istifadəsi üçün əldə etdiyi narkotik vasitə heroini üzərində daşımasını etiraf etmişdir (i.v. 79-82). Eyni zamanda məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmənin baxış iclasında polis əməkdaşları tərəfindən ona təzyiq göstərilməsini və xəsarət yetirilməsini bildirsə də, məhkəmə istintaqı zamanı bu hal öz təsdiqini tapmamışdır. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasının xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, məhkəmənin sorğusu əsasında bildirilmişdir ki, həbs edilmiş şəxs Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Bakı İstintaq Təcridxanasına daxil olarkən Tibbi-sanitar hissəsində ilkin tibbi müayinədən keçirilərkən açılmış tibbi kitabçada müayinə zamanı onun bədənində xəsarət aşkar edilmədiyi, sol saidin və qarının ön səthində köhnə çapıq toxumalar, hər iki yuxarı və aşağı ətraflarda narkotik inyeksiyasının izləri və çapıqlaşmış sahələr müşahidə edildiyi qeyd edilmişdir. Həmçinin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Xətai rayon Polis İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, məhkəmənin sorğusu əsasında bildirilmişdir ki, Təqsirləndirilən şəxs saxlanılması üçün Xətai Rayon Polis İdarəsinin müvəqqəti saxlama yerinə xx.xx.2024-cü il tarixdə təhvil verilmiş, sonuncu qəbul edilərkən onun bədənində heç bir xəsarət olmamışdır. Bununla da, cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan göstərilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Xətai RPİ-nin 34-cü PŞ-nin əməkdaşları tərəfindən işgəncəyə məruz qalması ilə bağlı 110-C-2024 nömrəli materiala cinayət hadisəsi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahının 5-ci qrafasına əsasən təmiz çəkisi 0,325 qram heroin şəxsi istehlak miqdarından artıq hesab olunur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir; 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur; 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs azyaşlı övladları olan xx.xx.2011-cil il təvəllüdlü X4 və xx.xx.2019-cü il təvəllüdlü X2 onun himayəsində olmasını nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir (i.v. 72). Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran - Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilməmişdir. Məhkumluğun anlayışı «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin «məhkum olunmuş şəxs» müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Eyni zamanda həmin qərarda qeyd edilmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs barəsində olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(011)-382/2023 nömrəli hökmü üzrə olan məhkumluğu ödənilmədən hazırki cinayət əməlini törətmiş, lakin həmin məhkumluq azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətə görə məhkumluq olduğundan Azərbaycan Respublikası CM-nin 18.4.4-cü maddəsinə əsasən cinayətin residivi zamanı nəzərə alına bilməz. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” qərara dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 30 aprel 2021-ci il tarixli qərarına əsasən qərarın 16-cı bəndində qeyd edilmişdir ki, birinci hökm çıxarılanadək şəxsin başqa cinayətə görə CM-nin 66.5-ci maddəsinə əsasən cəza təyin edilməsi məsələsinə baxarkən məhkəmələr Cinayət Məcəlləsinin 66.2-ci və yaxud 66.3-cü maddələri ilə, əlavə cəzalara münasibətdə isə CM-in 66.4-cü maddəsində nəzərdə tutulmuş qaydaları tətbiq edirlər. Bu zaman qəti cəza məcmuya daxil olan cinayətlərdən hər hansı birinə görə təyin edilmiş ən ciddi cəzadan daha ciddi olmalıdır. Qanunun mənasından göründüyü kimi, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun hökmə qədər başqa cinayəti etməkdə təqsirli olduğu müəyyən edilərsə, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda məhkəmə həm əvvəlki, həm də sonrakı hökmlə müəyyən edilmiş cəzaları tam və ya qismən toplayaraq ona qəti cəza təyin edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 22 fevral 2012-ci il tarixli qərarına əsasən cinayətlərin məcmusu üzrə cəza ilkin mühakimədən əvvəl törədilmiş cinayətlərə, hökmlərin məcmusu üzrə cəza isə qanuni qüvvəyə minmiş hökmlə məhkum edilmiş şəxs tərəfindən yeni cinayət törədilməsi hallarına tətbiq edilir. Göründüyü kimi, qanunverici məcmu halında cəzanın təyin edilməsində fərqləndirməni cinayətlərin törədilməsi zamanı ilə əlaqələndirmişdir. İş materiallarında olan hökmün icra edilməsi barədə göstərişə əsasən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(011)-382/2023 nömrəli hökmünün 18 iyul 2023-cü il tarixdə qanuni qüvvəyə minməsini, həmçinin Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini 13 fevral 2024-cü il tarixdə törətməsini nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edərkən CM-nin 67-ci maddəsinin tələblərinə uyğun olaraq hökmlərin məcmusu üzrə cəza təyin edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs əvvəllər azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin olunmasına baxmayaraq yenidən cinayət törətməsini, azadlığın məhdudlaşdırılması cəzasının islah təsirinin ona yetərli olmamasını və həmin cəza ilə cəzanın məqsədinə nail olunmamasını, təqsirkarın şəxsiyyətini, üzərində qanunla dövriyyəsi qadağan olunmuş narkotik vasitə heroinin miqdarını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğuna görə ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM58.3.), daha əvvəl də onun azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunması, buna baxmayaraq, yenidən qəsdən cinayət törətməsi, az ciddi cəza növünün cəzanın məqsədlərini təmin edə bilməməsi nəzərə alınmaqla təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğuna görə ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(011)-382/2023 nömrəli hökmü ilə təyin edilmiş 02 (iki) il 06 (altı) ay 06 (altı) müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 02 (iki) il 13 (on üç) gün hissəsi azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmənin bir gününə hesabı ilə hesablanmalı (CM 68.1.1-1), hökmlərin məcmusu üzrə qəti cəza təyin edilməli (CM 67.1), cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM- 56.1.2), barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli (CM-93.1.2) və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan Xətai RPİ-nin saxlanc anbarına təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 01 ədəd bükümdə ilkin təmiz çəkisi 0,325 qram olan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,275 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 1 ədəd disk iş materiallarında saxlanılmalı (CPM-132), 89 (səksən doqquz) manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM198.1). “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 06 (altı) manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 25 (iyirmi beş) saat üçün nəzərdə tutulan 150 (bir yüz əlli) manat pul ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(011)-382/2023 saylı hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təyin edilmiş 02 (iki) il 06 (altı) ay 06 (altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 02 (iki) il 13 (on üç) gün hissəsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə hesabı ilə hesablanmaqla 01 (bir) il 06 (altı) gün azadlıqdan məhrumetmə cəzası həmin Məcəllənin 67.1ci maddəsinə əsasən hazırkı hökm üzrə təyin edilmiş 09 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzası ilə qismən birləşdirilməklə ona qəti olaraq 01 (bir) il 03 (üç) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli 13 fevral 2024-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut – Xətai RPİ-nin saxlanc anbarına təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 01 ədəd bükümdə ilkin təmiz çəkisi 0,325 qram olan tədqiqatdan sonra qalıq qalmış 0,275 qram çəkidə narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Ekspertiza tədqiqatının dəyəri 89 (səksən doqquz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut – 01 ədəd disk iş materiallarında saxlanılsın. Bakı şəhəri 13 saylı Vəkil bürosunun vəkili Müdafiəçi 25 (iyirmi beş) saat üçün nəzərdə tutulan 150 (bir yüz əlli) manat pul ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Rəşid Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar