Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-288/2024 04.10.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Paşayev Orxan Zakir oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı Şəhər Şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, tərcüməçi - X2, müdafiəçi - Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında, xx xxxxxx 2006-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, əvvəl məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olan və Bakı şəh., ünvan 3 ünvanında yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən, o, istintaqa məlum olmayan tarixdə və şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda 01 ədəd bükümdə təmiz çəkisi 2,11 qram və 01 ədəd bükümdə təmiz çəkisi 4,76 qram olmaqla, ümumilikdə 6,87 qram qurudulmuş marixuananı əldə edib üzərində daşımaqla saxlamış və 28 dekabr 2023-cü il tarixdə saat 11:00-da Xətai Rayon Polis İdarəsinin PPXB-nün əməkdaşları xidmət apararkən Ağamir Nəcəfənin hərəkətləri şübhə doğurduğu üçün Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti 76 ünvanın qarşısında saxlanılıb ünvan 5n 37-ci PŞ-nin inzibati binasına gətirilərək müdafiəçinin iştirakı ilə videoçəkilişlə şəxsi axtarış- götürmə zamanı əynində olan tünd boz rəngli cins şalvarının sağ yan cibindən üzərində qırmızı rəngli «Beloçka» yazılmış tum paketinin içərisində olan 02 ədəd şəffaf sellofana bükülmüş 01 ədəd bükümdə təmiz çəkisi 2,11 qram və 01 ədəd bükümdə təmiz çəkisi 4,76 qram olmaqla, ümumilikdə 6,87 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, dekabrın 28-də Xətai rayonu, Ağ şəhər ərazisində motosikletlə köşkün qarşısında dayanmışdır. Həmin vaxt Post Patrul Xidmətinin əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etmişlər və bildirmişlər ki, hansı səbəbdən onun nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı yoxdur. O isə onlara bildirmişdir ki, onun nəqliyyat vasitəsinə dövlət qeydiyyat nişanı düşmür. Daha sonra onlar maşının qapısını açıb onu tutmaq istəyəndə o onlara tabesizlik göstərmiş və oradan uzaqlaşmışdır. PPX əməkdaşları da onu təqib etməyə başlamışlar. Həmin vaxt 1 post patrul maşını artıq 5 post patrul maşını olmuşdur. O sürətlə hərəkət edirdi, bu zaman post patrul maşını onun qarşısına çıxdı və onunla toqquşdu. Həmin vaxt o yerə yıxıldı və hərəkətsiz olaraq yerdə qaldı. Daha sonra onu maşına mindirib 37-ci PB-nə apardılar. Polis bölməsində ona bildirdilər ki, ittiham aktında qeyd olunanları boynuna almalıdır. İlk olaraq boynuna almağa razılaşmamışdır, lakin sonra 3 polis əməkdaşı tərəfindən ona təzyiq olunmuş və döyülmüşdür. Məcbur olaraq ona qol çəkdirdilər və ittiham aktında qeyd olunan maddə ilə ona ittiham irəli sürülmüşdür. Daha sonra onu Xətai RPİ-nə aparmışlar, o da müstəntiqə vəziyyəti olduğu kimi izah etmişdir. X3 ombudsmanın müvəkkiləri gəlmişdir, o da onlara dərhal hadisənin necə olduğunu izah etmişdir. Onlar isə bildirmişdirlər ki, qeydiyyata aldılar və bu məsələ ilə bağlı araşdırılma aparacaqlar. Daha sonra o müstəntiq tərəfindən idarəyə çağırılmışdır, müstəntiq də ona bildirmişdir ki, şikayətini geri götürsün. Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, onun özünü təqsirli bilməyərək ibtidai istintaqdan fərqli olaraq məhkəmə iclasında verdiyi ifadə özünü müdafiə xarakter daşıyır və aşağıdakı sübutlarla təkzib olunur. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Xətai RPİ-nin PPXB-nün polis nəfəri vəzifəsində xidmət edir, hazırda polis serjantı rütbəsindədir. 28 dekabr 2023-cü il tarixdə saat 11:00-da Xətai RPİ-nin PPXB-nün polis nəfəri, polis serjantı Şahid2 ilə birlikdə Bakı şəhəri Xətai rayonu 8 noyabr prospekti 76 ünvanın qarşısında xidmətdə olarkən bir nəfər şəxsin özünü narkotik vasitələrin qəbul edilməsində və daşınmasında şübhəli apardığını görüb həmin şəxsə yaxınlaşmış və özlərini təqdim etmiş, sonra həmin şəxsi Xətai RPİ-nin 37-ci PŞ-nə dəvət etmiş, polis şöbəsində həmin şəxsin xx xxxxxx 2006-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 8 ünvanda qeydiyyatda olan və Bakı şəhəri, ünvan 10 ünvanında yaşayan Təqsirləndirilən şəxs olması müəyyən edilmiş, sonra həmin şəxsin paltarında, əşyalarında, bədənində olması ehtimal edilən narkotik vasitələrin qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və cinayətin izlərinin aşkar olunaraq götürülməsi üçün müvafiq tədbirlərin görülməsi məqsədilə Xət Xətai RPİnin 37-ci PŞ-nin rəhbərliyinə raportla məruzə etmiş və Təqsirləndirilən şəxs şöbənin təhqiqatçısı, polis leytenantı Sənan Bədəlova təhvil vermiş, daha sonra təhqiqatçı Sənan Bədəlov tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunaraq ona hüquqlarının qorunması üçün dövlət hesabına müdafiəçi dəvət edilmiş və şübhəli şəxs qismində tutulmuş, bundan sonra onların və müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş aparılmaqla şəxsi axtarış keçirilmiş, həmin vaxt təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində olan qeyri-qanunu əşyaları çıxarıb masanın üzərinə qoymaq təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan tünd boz rəngli cins şalvarının sağ yan cibindən üzərində qırmızı rəngli «Beloçka» yazılmış tum paketinin içərisində olan 02 ədəd şəffaf sellofana bükülmüş qurudulmuş ot kütləsini çıxarıb təqdim etmiş, təhqiqatçı tərəfindən sorğu zamanı Təqsirləndirilən şəxs qeyd edilən bükülünün içərisindəki maddənin narkotik vasitə olan qurudulmuş marixuana olmasını və həmin marixuananı şəxsi istifadəsi üçün xx.xx.2023-cü il tarixdə tanımadığı şəxsdən 70 manata aldığını bildirmiş, daha sonra təhqiqatçı tərəfindən onların və vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsi barədə protokol tərtib olunmuş, onun üzərindən aşkar edilmiş 02 büküm qurudulmuş marixuana elektron tərəzidə çəkilib kağız zərfə qoyularaq qablaşdırılmış və üzəri möhürlənmiş, sonra bu barədə təhqiqatçı tərəfindən protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalarla təsdiq olunmuş, şəxsi axtarış və götürmə prosesini əks etdirən 01 ədəd CD disk isə protokola əlavə edilmiş, şübhəli şəxs Təqsirləndirilən şəxs motosiklet sürərkən PPX əməkdaşları tərəfindən təqib edilməmiş və PPX maşını ilə toqquşmamış, eləcə də tərəflərindən saxlanılarkən və şöbəyə aparılarkən ona hər hansı bir formada fiziki güc tətbiq edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsi Şahid1 ifadəsi ilə oxşarlıq təşkil edərək, onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iclas zalında elan edilmiş Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı, yəni ibtidai istintaq dövründə vermiş olduğu ifadəsində bildirmişdir ki, o, 28 dekabr 2023-cü il tarixdə saat 11 radələrində Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti 76 ünvanın qarşısında olan zaman iki nəfər polis əməkdaşı ona yaxınlaşıb özünü təqdim etmiş, sonra narkotik maddələrin istifadəsində və satışında ondan şübhələndikləri üçün Xətai rayonu 37-ci Polis Şöbəsinə dəvət etmiş, polis əməkdaşları ilə birlikdə Xətai RPİ-nin 37-ci polis şöbəsinə getmiş, orada şübhəli şəxs qismində tutularaq hüquq vəzifələri izah edilmiş, sonra təqdim olunmuş vəkillərin siyahısı əsasında seçmiş olduğu vəkilin, polis əməkdaşlarının iştirakı ilə videoçəkilişlə üzərinə şəxsi axtarış və götürmə aparılacağı izah edilmiş, bununla bağlı üzərində olan qeyri-qanuni əşyaları masanın üzərinə qoyması təklif olunmuş, bundan sonra əynindəki tünd boz rəngli cins şalvarının sağ yan cibindən üzərində qırmızı rəngli “Beloçka” yazılmış tum paketinin içərisində olan 02 ədəd şəffaf selofana bükülmüş tünd yaşıl rəngli otşəkilli maddəni çıxarıb təqdim etmiş, həmin ətşəkilli kütlənin nə olması soruşulduqda, narkotik maddə olan nəşə adı ilə bildiyi qurudulmuş marixuana olmasını bildirmiş, həmin paket açıldıqda içərisində 02 ədəd şəffaf selefona bükülmüş otşəkilli kütlə aşkar edilmiş, sonra həmin bükümdə olan maddə elektron tərəzidə çəkilmiş və bükümdəki kütlənin birinin çəkisi 2,30 qram, digərinin çəkisi isə 4,95 qram olmaqla ümmumilikdə həmin bükümlərin çəkisi qablaşdırma ilə bilikdə 7,25 qram olmuş, sorğu zamanı həmin ətşəkilli maddəni xx.xx.2023-cü il tarixdə Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində anket məlumatlarını bilmədiyi şəxsdən şəxsi istifadəsi üçün 70 manata almasını bildirmiş, bundan sonra üzərindən aşkar edilərək götürülmüş maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan 01 ədəd kağız zərfdə qoyularaq qablaşdırılmış və zərflər üçün 153 saylı möhürü ilə möhürlənmiş, bununla bağlı protokol tərtib edilmiş və həmin protokolla tanış olaraq iştirakçılarla birlikdə imza etmiş, polis əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinə dəvət edilən zaman ona qarşı hər hansı bir formada fiziki güc tətbiq edilməmiş, narkotik vasitə marixuanadan istifadə etsə də heç vaxt heç kəsə pay olaraq verməmiş və ya satmamış, üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə olan qurudulmuş marixuananı ona satmış şəxsin anket məlumatlarını bilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsi və şahidləri dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmiş və onun təqsiri şahid ifadələri və aşağıda göstərilən digər sübutlarla təsdiq edilir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 28 dekabr 2023-cü il tarixli qərardan görünür ki, vətəndaş Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və istintaq aparılması üçün icraata qəbul edilmişdir.(i.v.1) - Yetkinlik yaşına çatmayan şəxsin qanuni nümayəndəsi qismində tanınması haqqında 28 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Xətai rayon İcra Hakimiyyətinin YYÇİ və HMK-nin məsləhətçisi X6 yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs qanuni nümayəndəsi qismində tanınmışdır.(i.v.15) - Şübhəli şəxsin tutulması haqqında 28 dekabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 28 dekabr 2023-cü il tarixdə saat 11:00-da şübhəli şəxs qismində tutulmuşdur.(i.v.28) - Şəxsi axtarış və götürmə aparılması haqqında 28 dekabr 2023-cü il tarixli protokoldan görünür ki, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki tünd boz rəngli cins şalvarının sağ yan cibindən üzərində qırmızı rəngli "Beloçka” yazılmış tum paketinin içərisində olan 2 ədəd şəfaf selofana bükülmüş tünd yaşıl rəngli otşəkilli maddəni təqdim etmişdir. Ondan həmin otşəkilli kütlənin nə olması soruşulduqda, o həmin kütlənin narkotik maddə olan nəşə adı ilə bildiyi "marixuana" olmasını bildirmişdir. Həmin paket açıldıqda, içərisində otşəkilli kütlə aşkar edilmişdir. Həmin bükümdə olan maddələrin elektron tərəzidə çəkiləri çəkilmiş və məlum olmuşdur ki, həmin kütlənin birinin çəkisi 2,30 qram, digər bükümün çəkisi isə 4,95 qramdır. Ümumilikdə həmin bükümlərin çəkisi qablaşdırma ilə birlikdə 7,25 qramdır. O, həmin otşəkilli kütləni xx.xx.2023-cü il tarixdə gecə vaxtlarında anket məlumatllarını bilmədiyi şəxsdən 70 manata almasını və özü istifadə etmək üçün üzərində saxlamasını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan təhqiqatçı tərəfindən bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 153 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir. (i.v.40-41) - istintaq zamanı Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntüsü olan 01 ədəd CD formatlı disk maddi sübut kimi tanınaraq, cinayət işinə əlavə olunmuşdur; (i.v.42) - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının ekspertinin 3-16-16/2-7/1751 nömrəli 28 dekabr 2023cü il tarixli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində «Təqsirləndirilən şəxs.... sözləri yazılmış təqdim edilmiş zərfdə təmiz çəkisi 2,11 qram və 01 ədəd sellofan bükülüdə təmiz çəkisi 4,76 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. (i.v.51) - Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 29 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan ittiham ona elan edilmişdir.(i.v.61-62) - Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi barədə 29 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs - xx xxxxxx 2006-cı ildə Bakı şəhərində anadan olmuşdur, Azərbaycan Respublikasının vətəndaşıdır, orta təhsillidir, subaydır, işləməyəndir, əvvəllər məhkum olunmuşdur, ünvan 8 ünvanda qeydiyyatda olan və Bakı şəhəri, ünvan 11 ünvanında yaşayandır, barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmişdir.(i.v.81-83) - Diskə baxış keçirilməsi haqqında 08 yanvar 2024-cü il tarixli protokoldan və həmin diskə məhkəmə iclası zamanı baxışdan müəyyən olunmuşdur ki, süni işıqlandırma ilə işıqlandırılmış otaq Bakı şəhəri Xətai RPİ-nin 37-ci PŞ-nin təhqiqatçısı, polis leytenantı Sənan Bədəlovun xidməti iş otağıdır. Videogörüntüdən müəyyən edilir ki, təhqiqatçı Sənan Bədəlov şübhəli şəxs Təqsirləndirilən şəxs qanunla nəzərdə tutulmuş hüquq və vəzifələrini izah edir, üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyanı təqdim etməsini sonuncuya təklif edir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan tünd boz rəngli cins şalvarının sağ yan cibindən üzərində qırmızı rəngli «Beloçka» yazılmış tum paketinin içərisində olan 02 ədəd şəffaf sellofana bükülmüş kustar üsulla hazırlanmış qurudulmuş marixuananı çıxarıb təqdim edir. Təhqiqatçı tərəfindən sorğu zamanı Təqsirləndirilən şəxs qeyd edilən bükülünün içərisindəki maddənin narkotik vasitə olan qurudulmuş marixuana olmasını və həmin marixuananı şəxsi istifadəsi üçün xx.xx.2023-cü il tarixdə tanımadığı şəxsdən 70 manata aldığını bildirir. Bundan sonra təhqiqatçı Sənan Bədəlov tərəfindən həmin qurudulmuş ət kütləsi tərəzidə çəkilib kağız zərfə qoyularaq qablaşdırılmaqla üzəri iştirakçılar tərəfindən imzalanılır və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 153 saylı möhürü ilə möhürlənir.(i.v.91) - Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi haqqında 01 mart 2024-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə xx xxxxxx 2006-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 8 ünvanda qeydiyyatda olan və Bakı şəhəri, ünvan 11 ünvanında yaşayan Təqsirləndirilən şəxs barəsində təqsirləndirilən şəxs qismində axtarış elan edilmişdir.(i.v.123-124) - Cinayət işi üzrə icraatın dayandırılması haqqında 01 mart 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır.(i.v.127-128) - Azərbaycan Respublikası BƏSİİ-dən alınmış 26 mart 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin 16 avqust 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs 9 ay 26 gün azadlığın məhdudlaşması cəzası təyin edilmiş və 24.10 2023-cü il tarixdə Sumqayıt Apellyasiya Məhkəməsinin qərarı ilə hökm dəyişdirilmədən saxlanılmışdır. xx.xx.2024-cü il tarixdə Xəzər Rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-1-ci maddəsi ilə təqsirli bilinərək 11 ay 25 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və cəzası çəkilmiş hesab edilmişdir. (i.v.133-135) - Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)-9/2024 saylı, 17 yanvar 2024-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə təqsirli bilinmiş və ona 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Sumqayıt şəhər Məhkəməsinin 16 avqust 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş 01 (bir) il 10 (on) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə hazırkı hökmlə təyin edilmiş 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə qismən toplanılmış və ona qəti olaraq 01 (bir) il 11 (on bir) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 20 iyun 2022-ci il tarixdən 22 iyun 2022-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət və 29 iyun 2022-ci il tarixdən 22 iyun 2023-cü il tarixədək həbsdə saxlanıldığı 11 (on bir) ay 23 (iyirmi üç) gün müddət, ümumilikdə 11 (on bir) ay 25 (iyirmi beş) gün (Xəzər RM-nin xx.xx.2024-cü il tarixli düzəliş qərarı ilə 11 ay 27 gün) müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün nəzərə alınmaqla, cəzası çəkilmiş hesab edilmişdir. (i.v. 137-146) - Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 1(010)-10/2024 saylı, 06 avqust 2024cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-1-ci maddələri ilə təqsirli bilinmiş və ona 2 il müddətinə azadlıqdan məhrumetmə növündə cəza təyin edilmiş və Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə uyğun olaraq Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)-9/2024 saylı, 17 yanvar 2024-cü il tarixli hökmü ilə təyin edilmiş 01 il 11 ay azadlığın məhdudlaşdırılması cəzası ilə qismən toplanılmaqla qəti olaraq 02 il 02 ay müddətində azadlıqdan məhrum etmə növündə cəza saxlanılmışdır. Həbsdə saxlanıldığı 11 ay 27 gün müddət ona təyin olunmuş 2 il 2 ay azadlıqdan məhrumetmə cəzasından çıxılmaqla üzərində qəti olaraq 01 (bir) il 02 (iki) ay 03 (üç) gün müddətində azadlıqdan məhrum etmə növündə cəza saxlanılmışdır. Cəzasının əvvəli 22 may 2024-cü il tarixdən hesablanmışdır. - Cinayət işi üzrə icraatın təzələnməsi haqqında 26 mart 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat təzələnmiş və icraata qəbul edilərək istintaqı davam etdirilmişdir. (i.v.148-149) - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X7 14 dekabr 2023-cü il tarixli 8219 nömrəli Ambulator Məcburi-Narkoloji Tibbi yoxlama rəyindən görünür ki, Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur və narkomaniya xəstəliyindən əzab çəkmir, Nəcəfı Ağamir Abbas oğlunun narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur və onun ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür.(i.v.151-152) Yuxarıda qeyd olunanlara əsasən məhkəmə, təqsirləndirilən şəxsin ona elan edilmiş ittihamda özünü təqsirli bilməməsinə dair ifadəsinə tənqidi yanaşır və hesab edir ki, özünü müdafiə xarakterlidir, o cümlədən ifadəsi cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyır. Belə ki, iş materiallarında olan əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərarlar, əməliyyat qrupunun təşkil edilməsi barədə protokol, şəxsi axtarış və götürmə aparılması barədə protokol, təqsirləndirilən şəxsin müdafiə hüququnun təmin edilməsi məqsədilə ona müdafiəçinin təyin edilməsi, aparılan istintaq hərəkətlərində xüsusilə də şəxsi axtarış və götürmə aparılması zamanı müdafiəçinin iştirakının təmin edilməsi (həmçinin müdafiəçənin iştirakı ilə aparılması), o cümlədən şəxsi axtarış və götürülmənin aparılmasının videoçəkilişinə, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə şübhəli şəxs və təqsirləndirilən şəxs qismində vermiş olduğu ifadələrin əks olunduğu dindirmə protokollarına əsasən müəyyən edilir ki, təqsirləndirilən şəxsin məhkəmə iclasında göstərdiyi xüsusatlar hansılar ki, post patrul maşınlarının onun arxasınca düşməsi, polis bölməsində onun ittiham aktında qeyd olunanlarla ilk olaraq razılaşmamasını, lakin sonra 3 polis əməkdaşı tərəfindən ona təzyiq olunması və döyülməsi, məcbur olaraq ona qol çəkdirilməsi həqiqətə uyğun deyil. Belə ki, məhkəmə iclasında maddi sübut kimi tanınmış diskə baxış keçirilərkən müəyyən olunmuşdur ki, şəxsi axtarış və götürmə aparılması zamanı ona üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyanı təqdim etməsi təklif edilir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki tünd boz rəngli cins şalvarının sağ yan cibindən üzərində qırmızı rəngli "Beloçka” yazılmış tum paketinin içərisində olan 2 ədəd şəfaf selofana bükülmüş tünd yaşıl rəngli otşəkilli maddəni təqdim etmişdir. Ondan həmin otşəkilli kütlənin nə olması soruşulduqda, o həmin kütlənin narkotik maddə olan nəşə adı ilə bildiyi "marixuana" olmasını bildirmişdir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu və digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş « Narkotik vasitələr » adlı İ siyahının 109.1-ci qrafasına əsasən təmiz çəkisi 6.87 qram olan narkotik vasitə qurudulmuş marixuana xeyli miqdar hesab olunur. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin qeyd olunan maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-ci maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin təqsirləndirildiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən, həmin cinayətin az ağır cinayətlər sırasına aid edilməsini, Təqsirləndirilən şəxs şəxsiyyətini nəzərə alır. İş üzrə cinayətin yetkinlik yaşına çatmayan şəxs tərəfindən törədilməsini cəzanı yüngülləşdirən hal kimi nəzərə alır, ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Məhkəmə təqsirləndirilən şəxsin təqsirkarın şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğuna görə ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyələndirən halları, törətdiyi cinayət əməlinin xarakterini, cinayətin törədilməsi hallarını, cinayətin ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin törətdiyi əmələ münasibətini nəzərə alaraq qeyd edir ki, təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddənin sanksiyasından aşağı həddə cəzanın təyin edilməsi üçün müstəsna hallar, eləcə də cəzanın şərti tətbiq edilməsi üçün əsaslar yoxdur. Bu baxımdan məhkəmə qeyd edir ki, cəzanın əsas məqsədlərindən olan məhkumun islah olunması və qanunla qorunan ictimai münasibətlərin toxunulmazlığı və başqa şəxslərin qanunla qorunan hüquqlarına hörmət hissinin formalaşdırılması baxımından Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə həmin maddənin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəzasının təyin edilməsi qanuni və ədalətlidir, həm də cəzanın məqsədinə uyğundur. İşin yuxarıda qeyd edilən hallarına görə həmin maddə ilə nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının məhkuma tətbiq edilməsi cəzanın məqsədlərinə nail olmaq üçün yetərli deyildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən, cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Həmçinin birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 1(010)- 10/2024 nömrəli, 06 avqust 2024-cü il tarixli hökmü ilə təyin edilmiş 2 (iki) il 2 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin edilmiş cəza ilə qismən toplamaq yolu ilə, Təqsirləndirilən şəxs qəti cəzası təyin edilməlidir. Eyni zamanda məhkəmə tərəfindən təqsirləndirilən şəxsə cəza təyin edərkən, onun 28-29 dekabr 2023cü il tarixlərdə tutulduğu və əvvəlki hökm üzrə 11 ay 27 gün həbsdə saxlanıldığı müddətlər nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət; ev dustaqlığında saxlanıldığı müddət; məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət; Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin edilən azadlıqdan məhrum etmə növündə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli şəxsin bilavasitə tutulduğu tarixdən hesablanmalıdır. Məhkəmə iş üzrə keçirilmiş ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyinə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs yaşadığı ərazinin narkoloji dispanserində qeydə alınmalıdır. İş üzrə maddi sübut olan və Bakı şəhəri Xətai Rayon Polis İdarəsində saxlanılan təmiz çəkisi 6.77 qram marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınan - şəxsi axtarış və götürmə keçirilməsinin görüntüləri əks olunduğu qeyd edilən bir ədəd disk cinayət işi üzrə icraat materiallarının saxlanma müddəti ərzində hazırki cinayət işində saxlanılnalıdır. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 13 saylı vəkil bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 54 (əlli dörd) iş saatına görə 324 (üç yüz iyirmi dörd) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabına ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, onun müdafiəçisinin cinayət prosesində iştirakı dövlət büdcəsi vəsaiti hesabına təmin edilir, həmin Məcəllənin 193.5-ci maddəsinə görə hüquqi yardıma görə hər iş saatı üçün ödənişin məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir, müdafiəçinin təqdim etdiyi hesabat əsasında hesablanır və vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarı ilə müdafiəçiyə hər iş saatı üçün ödənilən haqqın məbləği 06 manat məbləğində müəyyən edilmişdir. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 72 (yetmiş iki) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. İş üzrə xüsusi müsadirə olunmalı əmlak yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347-349, 351- 353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 1(010)-10/2024 nömrəli, 06 avqust 2024-cü il tarixli hökmü ilə təyin edilmiş 02 (iki) il 02 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin edilmiş 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına qismən toplamaq yolu ilə, Təqsirləndirilən şəxs qəti olaraq 02 (iki) il 05 (beş) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, həbsdə saxlamanın müddəti azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə 28-29 dekabr 2023-cü il tarixlərdə tutulduğu 2 (iki) gün müddət və həbsdə saxlanıldığı 11 (on bir) ay 27 (iyirmi yeddi) gün təyin edilmiş cəzadan çıxılmaqla, Təqsirləndirilən şəxs üzərində 01 (bir) il 05 (beş) ay 01 (bir) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın, onun həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəzasının əvvəli 22 may 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin; onun həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəzasının əvvəli 22 may 2024-cü il tarixdən hesablansın; barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri “həbs” növündə qətimkan tədbiri ilə əvəz edilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın, digər iş üzrə seçilmiş “həbs” növündə qətimkan tədbiri nəzərə alınsın. Təqsirləndirilən şəxs yaşadığı ərazinin narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınan və Bakı şəhəri Xətai Rayon Polis İdarəsində saxlanılan 6,77 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınan - bir ədəd disk cinayət işi üzrə icraat materiallarının saxlanma müddəti ərzində hazırki cinayət işində saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında göstərdiyi cəmi 54 (əlli dörd) saat hüquqi yardıma görə Bakı şəhəri 13 saylı vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 324 (üç yüz iyirmi dörd) manat ödənilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 72 (yetmiş iki) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Hökmdən elan olunduğu (məhkum Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rəfail Sadıxov
Məhkəmə qərarları › İş №1(011)-288/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-288/2024
04.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver