Məhkəmə qərarları › İş №1(011)-289/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-289/2021

25.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-289/2021 25.06.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, prokuror - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1979-cu ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Binəqədi rayonu, Goradil bağ massivi nömrəsiz evdə yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 0,249 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin əldə edərək üzərində saxlayıb ünvan 3 ünvanına daşımış, 18 mart 2021-ci il tarixdə, saat 10:25-də həmin ünvanda Xətai Rayon Polis idarəsinin 34-cü Polis şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbiri zamanı yaxalanaraq ünvan 5 ünvanında yerləşən 34-cü Polis şöbəsinə gətirilərək şəxsi axtarış zamanı əynində olan tünd göy rəngli cins şalvarın sol arxa cibindən 1 ədəd bükümdə təmiz çəkisi 0,249 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 2010-cu ildə başqa şəxsə ağır bədən xəsarəti yetirməyi ilə bağlı həbs edilmiş və dörd il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. 2014-cü ildə azadlığa çıxmışdır. Azadlığa çıxdıqdan sonra narkotik vasitə heroin qəbul etməyə başlamışdır. 18 mart 2021-ci il tarixdə, səhər saatlarında o, Əhmədli qəsəbəsi, Ukrayna dairəsində olmuşdur. O, Zığda yaşayan qardaşıgildə qalmış və işi ilə bağlı Ukrayna dairəsinə gəlmişdir. Ukrayna dairəsinin yanında olanda iki nəfər mülki geyimli şəxs onu saxlayıb özlərini təqdim edib polis əməkdaşları olduqlarını, ona narkotik vasitə əldə etməyi ilə bağlı şübhəli olduğunu və bu səbəbdən də birlikdə 34-cü Polis Şöbəsinə getməli olduqlarını bildirmişlər. O, etiraz etməmiş və polis əməkdaşları ilə birlikdə 34-cü Polis Şöbəsinə getmişdir. Şöbədə vəkil dəvət edilib ona hüquqları izah edilmişdir. Bundan sonra polis əməkdaşı videoçəkiliş aparmaqla vəkilin iştirakı ilə onun üzərində axtarış aparmışdır. Axtarış zamanı polis əməkdaşı ona təklif etmişdir ki, üzərində hər hansı qanunsuz əşya varsa onu təqdim etsin. O da əynində olan tünd göy rəngli cins şalvarının sol arxa cibindən siqaretin qızılı kağızına bükülmüş bir büküm heroini çıxarıb polis əməkdaşına təqdim etmişdir. Ondan həmin bükümdə olan tozşəkilli kütlənin nə olduğunu və onu haradan əldə etdiyini soruşmuşdurlar. O bildirmişdir ki, bükümdə olan kütlə narkotik vasitə heroindir və onu şəxsi istifadəsi üçün tutulmamışdan bir az əvvəl 10 manata «Əhmədli» metrosunun yanında tanımadığı şəxsdən almış və cibində saxlamışdır. Bundan sonra onun üzərində axtarış aparılmış, başqa heç bir qanunsuz əşya aşkar edilməmişdir. Ondan götürülən bir büküm heroin polis əməkdaşı tərəfindən ağ zərfə qoyulub möhürlənmişdir. Daha sonra isə axtarışla bağlı protokol tərtib olunmuş və onlar protokolu imzalamışdır. 2014-cü il tarixdən etibarən narkotik vasitələri çəkmə və inyeksiya üsulu ilə qəbul etmişdir. Qəbul etdiyi narkotik vasitələri müxtəlif yerlərdən tanımadığı şəxslərdən almışdır. Həmçinin, əvvəllər “Kubinka” adlanan yerdə tanımadığı qaraçıdan istifadə etmək məqsədi ilə narkotik vasitə əldə etmişdir. Lakin 18 mart 2021-ci il tarixdə 34-cü Polis Şöbəsində üzərindən aşkar edilmiş 01 ədəd bükümdə olan narkotik vasitə heroini o, həmin tarixdə saat 10 radələrində Əhmədli metrostansiyasının yaxınlığında üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən istifadə etmək məqsədi ilə 10 manat məbləğində pul müqabilində almışdır. Həmin qızılı rəngli bükümdə olan narkotik vasitəni o, əynində olmuş tünd göy rəngli şalvarın sol arxa cibinə qoymuşdur. O, könüllü surətdə üzərində saxladığı və istifadə etmək məqsədi ilə əldə etdiyi 01 ədəd bükümdə olan narkotik vasitəni hüquqlarını müdafiə edən vəkilin iştirakı ilə təqdim etmişdir. Saxlandığı və barəsində şəxsi axtarış keçirilən zaman polis əməkdaşları tərəfindən ona heç bir fiziki və ya psixi təsir edilməmişdir. Törətdiyi cinayət əməlindən peşmançılıq çəkir və ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid1 ifadəsində göstərdi ki, 18 mart 2021-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu ərazisində “Samid” adlı şəxsin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı mötəbər mənbələrdən əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatın yoxlanılması məqsədi ilə əməliyyat qrupu yaradılmış, o da həmin əməliyyat qrupunun rəhbəri kimi, qrupun tərkibində olmuşdur. 18 mart 2021-ci il tarixdə saat 10:25 radələrində ünvan 3 ünvanının qarşısında tərəflərindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində xarici görünüşünə görə “Samid” adlı şəxsə bənzəyən şəxs müəyyən edilmişdir. Həmin şəxsə yaxınlaşaraq, özlərini təqdim etmiş, polis əməkdaşları olduqlarını bildirmiş və şəxsiyyətini təsdiq edən sənəd təqdim etməsini xahiş etmişdirlər. Həmin şəxs özünü Təqsirləndirilən şəxs kimi təqdim etdikdən sonra sonuncunu xidməti avtomobil ilə Xətai RPİ-nin 34-cü Polis Şöbəsində dəvət etmişdirlər. 34-cü Polis Şöbəsində olduqları zamanı həmin şəxsin xx.xx.1979-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkum olunmuş, ünvan 6 ünvanında qeydiyyatda olan və Bakı şəhəri, Binəqədi rayonu, Goradil bağlar massivində yaşayan Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Daha sonra 34-cü Polis Şöbəsində dəvət edilmiş müdafiəçinin iştirakı ilə videoçəkiliş vasitəsilə saxlanılan şəxs Təqsirləndirilən şəxs hüquqları və vəzifələri izah ediləndən sonra üzərinə şəxsi axtarış və götürmə aparılmışdır. Şübhəli şəxs qismində tutulmuş şəxs Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində əldə edilməsi, istifadəsi, daşınması, satışı, saxlanılması və digər formada dövriyyəsi qanunla qadağan olunmuş əşya, maddə və ya predmet varsa, könüllü olaraq təqdim etsin. Bu zaman Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarının arxa sol cibindən bir ədəd siqaretin iç kağızına bükülmüş bükümü çıxarıb təqdim edərək həmin bükümün içərisində kokos kimi bilinən “heroin” olduğunu, özünün narkotik vasitə istifadəçisi olduğunu, öz istifadəsi üçün “kubinka” adlanan ərazidən tanımadığı qaraçıdan aldığını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd bükümün içərisində qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər maddə aşkar edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bir ədəd bükümdə olan narkotik vasitə heroinə bənzər maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan, elektron tərəzi ilə çəkilmiş və ümumi çəkisinin 0,4 qram olduğu müəyyən edilmişdir. Daha sonra həmin büküm bir ədəd boş kağız zərfdə qablaşdırılıb, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 152 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə başa çatmış, bu barədə protokol tərtib olunmuş və protokol bütün iştirakçılar tərəfindən imzalanmışdır. O, əməliyyat tədbirlərindən əvvəl Təqsirləndirilən şəxs tanımamış və heç bir münasibəti, ədavəti və ya düşmənçiliyi olmamışdır. Şahid2 ibtidai istintaqda verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi faktları və halları eynilə təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 19 mart 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət işi başlanılmış və istintaq aparılması üçün icraata qəbul edilmişdir (i.v. 01); şübhəli şəxsin tutulması haqqında 18 mart 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 10:55-də Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (i.v. 23); şəxsi axtarış və götürmə aparılması haqqında 18 mart 2021-ci il tarixli protokoldan görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış və götürmə aparılmazdan əvvəl həmin istintaq hərəkətində iştirak edən şəxslərə CPM-də nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilmiş, bundan sonra Təqsirləndirilən şəxs üzərində olan hər hansı qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və sənədlərin könüllü surətdə təqdim olunması təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli cins şalvarının sol arxa cibindən 01 ədəd qızılı rəngli kağıza bükülmüş tünd qəhvəyi rəngli, toz şəkilli, spesifik qoxuya malik narkotik vasitəyə bənzər maddə aşkar edilərək götürülmüşdür. Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş maddənin nədən ibarət olması haqqında sual verilərkən sonuncu əynində olan tünd göy rəngli cins şalvarının sol arxa cibindən çıxan, qızılı rəngli kağıza bükülmüş qəhvəyi rəngli maddənin “heroin” adlanan narkotik vasitə olduğunu bildirmişdir (i.v. 33-34); Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 19 mart 2021-ci il tarixli, 6/1118 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN “Zərflər üçün №152” möhür əksi, “Təqsirləndirilən şəxs ...” və s. yazılar, imzalar olan zərfdəki 01 ədəd bükümdə, təmiz çəkisi 0,249 qram maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Heroin Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin”-in siyahısına daxildir (i.v. 39-43); təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 19 mart 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir (i.v. 50-51); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 4(011)-115/2021 saylı, 19.03.2021-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində 3 (üç) ay müddətinə həbs qismində qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 18 mart 2021-ci il tarixdən hesablanmışdır (i.v. 66-68); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən alınmış 09 aprel 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs ACDİÜ AR Məhkəməsinin 02.11.2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 126.2.4 və 221.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinmiş və ona 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. 17.06.2014-cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir (i.v. 90-91); Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X1 X2-Narkoloji Tibbi yoxlamanın 12.04.2021-ci il tarixli, 1042 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən suiistifadə edilməsi ilə nəticələnən Narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (i.v.97-98); 0cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında 20 may 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd təmiz çəkisi 0,249 qram olan narkotik vasitə heroin cinayət işi üzrə maddi sübut kimi tanınmış, tədqiqatdan sonra qalıq çəkisi 0,199 qram olan heroin cinayət işinin istintaqı başa çatdıqdan sonra iş üzrə məhkəmənin hökmünün icra olunmasınadək saxlanılması üçün Xətai RPİ-nin saxlanc yerinə təhvil verilmiş, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmasını özündə əks etdirən “Verbatim DVD-R 16x” yazıları olan 01 ədəd DVD maddi sübut kimi tanınmışdır (i.v. 115-120). Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahının 5-ci qrafasına əsasən təmiz çəkisi 0,15 qram olan heroin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün- ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkirlər. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur; 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkməsini CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs barəsində olan ACDİÜ AR Məhkəməsinin 02.11.2010-cu il tarixli hökmü üzrə olan məhkumluğu CM-nin 83.3.4-cü maddəsinə əsasən ödənildiyindən məhkumluqla bağlı heç bir hüquqi nəticə yaratmır və CM-nin 18.4-cü maddəsinə əsasən residivin müəyyən olunması zamanı nəzərə alınmır. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsiri nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs əvvəllər azadlıqdan məhrumetmə cəzasına məhkum olunmasını, yenidən qəsdən cinayət törətməsini, digər cəza ilə cəzanın məqsədinə nail olunmamasını, təqsirkarın şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğuna görə ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, təqsirlənirilən şəxs Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) az ciddi cəza növünün cəzanın məqsədlərini təmin edə bilməməsi nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu tarixindən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2.), barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli (CM-93.1.2), ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan narkotik vasitə hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, HÖKM E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 18 mart 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut - Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin MSK-da saxlanılan 01 ədəd bükümdə təmiz çəkisi 0,249 qram, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,199 qram heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 01 ədəd “DVD” disk iş materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 109,90 (bir yüz doqquz manat doxsan qəpik) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar