Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-289/2025 18.09.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Cəfərov Samid Sadiq oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Bakı şəhəri 34 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1988-ci il tarixdə Qəbələ rayonu, Vəndam qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Qəbələ rayonu, Vəndam Qəsəbə Ərazi Dairəsi, Vəndam qəsəbəsində qeydiyyatda olan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs etibarnamə əsasında idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “KİA RİO” markalı və modelli 99UZ401 dövlət qeydiyyat nişanlı avtomobili ilə xx.xx.2025-ci il tarixdə, saat 18:05-də Bakı şəhəri, Xətai rayonu, Babək prospektində yerləşən “keçmiş avtomobil bazarı”nın içərisində düzünə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin tələbini pozaraq, yəni hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şəraiti, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almalı, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməli, hərəkət üçün təhlükə yarandığını gördüyü, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda qanun normasına əməl etməyib hadisənin qarşısını almağa texniki imkanı olmasına baxmayaraq, Bakı şəhəri, Xətai rayonu, ünvan ünvanın qarşısında boş sahədə hərəkətdə olan piyada Zərərçəkmiş şəxs avtomobilin sağ yan tərəfi ilə vurmaqla, ehtiyatsızlıqdan sonuncuya bazu sümüyünün cərrahi boynunun, böyük qabarıqlığının qapalı yerdəyişmiş sınığı kimi dərəcəsinə görə sağlamlığına az ağır zərər vurmaya aid xəsarətlər yetirib yol hərəkəti qaydalarını pozmaqla yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə istintaqı zamanı cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə, saat 18 radələrində etibarnamə əsasında idarə etdiyi “KİA RİO” markalı, 99UZ401 dövlət qeydiyyat nişanlı avtomobil ilə Babək prospektində yerləşən avtomobil bazarına getmişdir. Bazarın içərisinə daxil olduqdan sonra avtomobildən düşmədən bir neçə mağazadan avtomobilinin şüşəsinin silgəcinin rezinini almaq üçün satıcılardan qiymət soruşmuşdur. Satıcılar ilə razılaşmadığından hərəkətini davam etdirib qarşı tərəfdə yerləşən mağazalar istiqamətində getmişdir. Həmin vaxt diqqəti mağazalarda olduğundan və diqqəti yoldan yayındığından sağ tərəfdə hərəkətdə olan piyadanı görməmişdir. Avtomobilinin sağ yan tərəfi ilə piyadanı vurduğunu hiss edib dərhal avtomobilini saxlamışdır. Zərbənin təsirindən piyada yerə yıxılmışdır. Avtomobilindən yerə düşüb avtomobilinin sağ yan tərəfinə keçib vurduğu piyadaya yaxınlaşıb səhhəti ilə maraqlanıb xəsarət aldığını görüb avtomobilinə əyləşdirib xəstəxanaya aparmışdır. Beləliklə o, əməlindən peşmançılıq çəkdiyini bildirərək barəsində yüngül cəza tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə, saat 18 radələrində özünə məxsus olan “X5” markalı avtomobilinə avadanlıq almaq üçün Xətai rayonu, Babək prospektində yerləşən, avtomobil bazarına getmişdir. İdarə etdiyi avtomobil ilə bazarın içərisinə daxil olub mağazanın qarşısında avtomobilini saxlamışdır. Avtomobilindən düşüb, qarşı tərəfə gedib bir neçə mağazaya daxil olub daha sonra avtomobili istiqamətində piyada hərəkətini davam etdirmişdir. Piyada hərəkətini davam etdirib avtomobilinin yanına yaxınlaşan zaman sol tərəfindən bazarın digər istiqamətindən yüksək sürətlə hərəkətdə olan “KİA RİO” markalı avtomobil sağ yan tərəfi ilə onu vurmuşdur. Zərbənin təsirindən o, yerə yıxılıb xəsarət almışdır. Avtomobilin sürücüsü düşüb ona yaxınlaşıb səhhəti ilə maraqlanıb xəsarət aldığını görüb avtomobilinə əyləşdirib xəstəxanaya aparmışdır. Hal hazırda cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxslə barışmamışdır, ona dəymiş ziyan ödənilməmişdir və barəsində ağır cəza təyin edilməsini xahiş edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında 01 may 2025-ci il tarixli protokoldan və sxemdən görünür ki, yol-nəqliyyat hadisəsinin baş verdiyi Bakı şəhəri, Xətai rayonu, ünvan ünvanda yerləşən avtomobil bazarına baxış keçirilmiş və sxem tərtib olunaraq protokola əlavə olunmuşdur (i.v. 3-6); nəqliyyat vasitəsinə baxış keçirilməsi və texniki vəziyyətinin yoxlanılması haqqında 02 may 2025-ci il tarixli protokoldan görünür ki, “Kia Rio minik” markalı, **-UZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş və nəqliyyat vasitəsinin fotoşəkilləri çəkilərək protokola əlavə olunmuşdur (i.v. 7-8); sürücülük vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası DİN BDYPİ Qİİ tərəfindən xx.xx.2018-ci il tarixdə 10 il müddətinə «BC» kateqoriyalı AD091354 nömrəli sürücülük vəsiqəsi verilmişdir (i.v. 15); sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə haqqında xx.xx.2025-ci il tarixli, 2/24285 nömrəli protokoldan görünür ki, Təqsirləndirilən şəxs hadisə törədilən zaman ayıq olmuşdur (i.v. 17); Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X2” X3 12 may 2025-ci il tarixli, 67/2025 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bazu sümüyünün cərrahi boynunun, böyük qabarıqlığının qapalı yerdəyişmiş sınığı müəyyən edilmişdir. Xəsarət bərk küt əşya təsirindən törənmişdir, qərarda göstərildiyi kimi xx.xx.2025-ci il tarixdə baş vermiş YNH zamanı törənə bilərdi, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid edilir (i.v. 32-34); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-yol nəqliyyat hadisələri ekspertizasının 15 may 2025-ci il tarixli, 8/1007 saylı rəyindən görünür ki, təhqiqat tərəfindən təqdim olunmuş məlumatlara əsasən “Kia Rio minik” markalı, **-UZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur (i.v. 35-38); zərərçəkmiş şəxs kimi tanınmaq haqqında 16 may 2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v. 40); videogörüntüyə baxış keçirilməsi haqqında 16 may 2025-ci il tarixli protokoldan görünür ki, Xətai rayonu, ünvan ünvanda yerləşən “Qarabağ Avto” adlı avtomobil avadanlıqları satılan mağazasından götürülmüş videogörüntüyə baxış zamanı müəyyən edilmişdir ki, həmin CD diskdə bir ədəd videofayl yerləşir. Görüntü ümumilikdə 42 saniyədən ibarətdir. Ekran görüntüsünün sağ üst tərəfində real vaxt rejiminə uyğun olan tarix və saat əks olunmuş, tarix xx.xx.2025-ci il, saat 18:05:13-dən başlayaraq 42 saniyə olan müddətdir. Görüntüdə tünd göy rəngli sedan tipli avtomobilin görüntünün sağ tərəfindən hərəkətdə olub, düzünə gələn piyadanı görüntünün 18:05:36 saniyəsində sağ yan tərəfi ilə vurması əks olunmuşdur. Görüntünün davamında avtomobil sürücüsünün avtomobildən düşərək xəsarət almışa şəxsə yaxınlaşaraq köməklik göstərməsi əks olunur. Baxış zamanı Təqsirləndirilən şəxs tünd göy rəngli sedan tipli avtomobilin özünün idarə etdiyi avtomobil olmasını, vurduğu piyadanın isə Zərərçəkmiş şəxs olduğunu bildirmişdir (i.v. 63); Qəbələ RİHB-nın Vəndan qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur (i.v. 69); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olması barədə əməliyyat kartotekasında heç bir məlumat yoxdur (i.v. 77); sübutların qiymətləndirilməsi haqqında 19 may 2025-ci il tarixli qərardan görünür ki, toplanmış böyük ictimai təhlükə törətməyən aşkar cinayətlər üzrə məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmiş hesab edilmiş, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 143, 263-1.1 və 264-cü maddələri ilə cinayət işinin başlanması rədd edilmiş, böyük ictimai təhlükə törətməyən aşkar cinayətlər üzrə məhkəməyədək sadələşdirilmiş icraatın ilkin materialları, məhkəmə-tibbi ekspertizasının, məhkəmə-yolnəqliyyat hadisələri ekspertizasının rəyləri, hadisə yerinə baxış protokolu və hadisə yerinin sxemi, videogörüntüyə baxış protokolu, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin, zərərçəkmiş şəxsin ifadələri sübut növü kimi qiymətləndirilmiş, “Kia Rio” markalı və modelli 99UZ401 dövlət qeydiyyat nişanlı avtomobil və videogörüntünün göstərildiyi CD disk maddi sübut kimi tanınmış, avtomobil Təqsirləndirilən şəxs qaytarılmışdır (i.v. 78-81); elektron portaldan əldə olunmuş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2019-cu il təvəllüdlü X1 vardır. Məhkəmə iclasında 01 ədəd “DVD-R” diskə baxış keçirilmiş və diskdə olan görüntünün 16 may 2025-ci il tarixli videogörüntüyə baxış keçirilməsi haqqında protokolun məzmununa uyğun olması öz təsdiqini tapmışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən yekun protokolda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin və zərərçəkmiş şəxsin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki Təqsirləndirilən şəxs əməli düzgün olaraq CM-nin 263.1-ci maddəsi ilə tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda— iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 21-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədibtörətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını (CM-59.2), himayəsində 1 (bir) azyaşlı övladının olmasını (CM-59.1.4) nəzərə alır və göstərilənləri onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan əsas cəza növlərindən azadlıqdan məhrum etmə cəzası və əlavə cəza olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası təyin edilməli, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.1), cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablanmalı (CİM-67.2), barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, maddi sübut olan Təqsirləndirilən şəxs idarə etdiyi “Kia Rio minik” markalı, **-UZ-*** dövlət qeydiyyat nişanlı avtomobil sahibinə geri qaytarılmalı və həmin avtomobilin təhqiqat zamanı sahibinə verilməsi nəzərə alınmalı (CPM-132), iş üzrə 85 (səksən beş) manat məbləğində məhkəmə-yol nəqliyyat ekspertizasının dəyəri cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsdən tutularaq dövlət nəfinə ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Reaspublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 09 (doqquz) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” qismində qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış “Kia Rio minik” markalı, **-UZ-*** dövlət qeydiyyat nişanlı avtomobil sahibinə geri qaytarılsın və həmin avtomobilin ibtidai istintaq zamanı sahibinə verilməsi nəzərə alınsın. İş üzrə maddi sübut 01 ədəd “DVD-R” formatlı diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. İş üzrə aparılmış məhkəmə-yol nəqliyyat ekspertizasının dəyəri 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə ödənilsin. Hökmdən elan olunduğu və ya alındığı andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №1(011)-289/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-289/2025
18.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver