Məhkəmə qərarları › İş №1(011)-29/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-29/2021

09.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-29/2021 09.02.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseyn Cavid Vaqif oğlunun sədrliyi, Paşayev Orxan Zakir oğlunun katibliyi, prokuror - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs, müdafiəçi – 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1991-ci ildə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 mənzil 7 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş – Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzabati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgə əmlakını gizli olaraq talamışdır. Belə ki, o, tamah niyyəti ilə özgənin əmlakını talama məqsədi ilə xx xxxxxx 2020-ci il tarixdə saat 10 radələrində Zərərçəkmiş şəxs məxsus oğluna məxsus ünvan 2 ünvanında yerləşən “Superfon” mobil telefonlar alış-satış mağazasında satıcının başının qarışmasından istifadə edərək vitrində olan 1300 manat dəyərində “Samsung S10” markalı mobil telefonu gizli talayıb Zərərçəkmiş şəxs cəmi 1300 (bir min üç yüz) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidin ifadələri, habelə cinayət işinin materiallarında olan işin tədqiq olunmuş digər halları ilə sübuta yetir. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs və mülki cavabdeh qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək və mülki iddianı etiraf edərək göstərdi ki, xx xxxxxx 2020-ci il tarixdə saat təxminən 10 radələrində ünvan 3 ünvanında yerləşən “Superfon” adlı mobil telefon və aksesuarları satışı mağazasına müştəri kimi getmiş və orada vitrində olan mobil telefonlara baxmağa başlamışdır. Həmin vaxt mağazada işləyən satıcılardan bir nəfər xanım ona yaxınlaşaraq hansı markalı mobil telefonlarla maraqlandığını sorumuş, xanıma “Samsung” markalı mobil telefonların bir neçə modelini göstərib həmin telefonlarla maraqlandığını bildirmişdir. Həmin xanım mobil telefonlar olan şüşə vitrinin qapısının açaraq oradan bir neçə “Samsung” markalı mobil telefonu ona göstərmiş və mobil telefonun enerjisi olmadığı üçün maraqlandığı telefonu açaraq ona göstərə bilməmişdir. Buna görə də satıcı xanım telefonu vitrindən götürüb cəryana qoşmaq üçün aparmışdır. Mağazda satıcı işləyən şəxslərin başlarının qarışıq olduğunu görüb vitrində olan “Samsung S 10” markalı mobil telefonu götürüb əlində saxlayaraq özünə məxsus mobil telefonu qulağına qoyaraq telefonla danışmağa başlamış, satıcı işləyən xanım telefonlar olan vitrinin qapısını bağlamış, satıcıların yeni gələn müştərilərlə başlarının qarışıq olduğunu görüb vitrindən götürdüyü “Samsung S10” markalı mobil telfonu özü ilə götürüb mağazanı tərk etmişdir. Oğurladığı “Samsung S 10” markalı mobil telefonu həmin gün tanımadığı şəxsə 170 manata satmışdır. Əldə etdiyi pulları şəxsi ehtiyaclarına xərcləmişdir. Törətdiyi əməldən səmimi peşmandır. Zərərçəkmiş şəxsə vuruduğu 1300 manat zərərdən 250 manatı ödəmiş, qalan hissəni hissəhissə ödəmək niyyətindədir. Zərərçəkmiş ondan şikayət yoxdur. Mülki iddianı tam etiraf edir və ondan 1050 manat pulun zərərçəkmiş şəxsin xeyrinə tutulmasına etiraz etmir. Qeyd edilənləri nəzərə alaraq məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, xx xxxxxx 2020-ci il tarixdən ünvan 2 saylı ünvanda yerləşən «Superfon» mobil telefonların və aksessuarların satışı mağazasını işlədir. xx xxxxxx 2020-ci il tarixdə saat 10:30-da mağazada olmuşdur. Həmin vaxt mağazada satıcı işləyən Şahid ona yaxınlaşaraq təxminən 20 dəqiqə öncə bir nəfər şəxsin müştəri qismində mağazaya gələrək «Samsung» markalı mobil telefonun bir neçə modeli ilə maraqlandığını, mobil telefonu elektrik cərəyanına qoşduğunu, müştərinin vitrinin açıq və nəzarətsiz olduğundan istifadə edərək həmin vitrindən bir ədəd «Samsung» markalı «S10» modelli mobil telefonu götürüb mağazanı tərk etdiyini bildirmişdir. Bundan sonra o, mağazada quraşdırılmış videomüşahidə kameraları ilə qeydə alınmış videogörüntülərə baxmış, bir nəfər şəxs mağazaya daxil olaraq vitrinə yaxınlaşdığını, sonra isə satıcı Lalənin həmin şəxsə yaxınlaşdığını, həmin şəxsin Lalədən bir neçə mobil telefonla maraqlandığını, Lalənin açarla vitrini açaraq həmin şəxsə «Samsung» markasının bir neçə modelini göstərdiyini, sonra Lalə həmin mobil telefonlardan birini elektrik cərəyana taxdığını, müştəri isə vitrinin açıq və nəzarətsiz olduğundan istifadə edərək oradan bir ədəd «Samsung» markalı «S10» modelli mobil telefonu götürdüyünü və mobil telefonla danışdığını, öz mobil telefonu ilə danışa-danışa mağazanı tərk etdiyini görmüşdür. Bundan sonra o, Xətai RPİ-nin 34-cü PŞ-ə zəng edib oğurluq hadisəsi barədə məlumat vermişdir. Oğurlanmış mobil telefon işlənməmiş vəziyyətdə olmuş, telefonun aksessuarlarla birilkdə satış qiyməti 1359 manat, mobil telefonun aksessuarsız qiyməti isə 1300 manatdır. Ona baş vermiş hadisə nəticəsində 1300 manat məbləğində maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxs ona dəymiş 1300 manat zərərdən 250 manat ödəmiş, qalan hissə ödənilməmişdir. Mülki iddiasını müdafiə edir və təqsirləndirilən şəxs və mülki cavabdehdən 1050 manat pulun xeyrinə tutulmasını xahiş edir. Təqsirləndirilən şəxsdən şikayəti yoxdur, ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, xx xxxxxx 2020-ci il tarixdən ünvan 2 saylı ünvanda yerləşən «Superfon» mobil telefonların və aksessuarların satışı mağazasında satıcı işləmişdir. xx xxxxxx 2020-ci il tarixdə saat 10 radələrində mağazada olmuşdur. Həmin vaxt bir nəfər şəxs müştəri qismində mağazaya gələrək girişdən solda yerləşən vitrinə yaxınlaşıb mobil telefonlara baxmışdır. O, həmin müştəriyə yaxınlaşıb hansı modellə maraqlandığını soruşmuş, həmin şəxs isə nişanlısı üçün incə bir mobil telefon almaq istədiyini demişdir. Həmin şəxsin əlində sadə düyməli bir mobil telefon olmuşdur. Həmin şəxs nişanlısı ilə anasını gözlədiyini və onların gəlib mobil telefon seçəcəklərini demişdir. O, girişdən solda yerləşən vitrini açarla açıb həmin şəxsə bir ədəd qırmızı rəngdə «Samsung» markalı «A20» modelli mobil telefonu göstərmişir. Lakin, həmin şəxs onu yormaq istəmədiyini və nişanlısı ilə anasının gəlib mobil telefon seçəcəklərini demişdir. Bir qədər sonra isə həmin şəxs girişdən sağda yerləşən vitrinə yaxınlaşmışdır. Həmin vitrinin qapısı üzərində olan açar yeri nasaz vəziyyətdə olduğu üçün işləməmişdir. Onlar yapışkan lentdən istifadə edib həmin vitrinin qapısını bağlamışlar. Həmin vitrinin qarşısında qeyd etdiyi müştəri bir neçə telefonla maraqlanmış, o da həmin şəxsə dedikləri mobil telefonları göstərmişdir. Sonra həmin şəxs «Redmi» markalı «Note 8» modelli mobil telefonla maraqlanıb həmin mobil telefonu elektrik cərəyana taxmağı xahiş etmişdir. O, vitrinin qapısını örtüb yapışkan lentlə açar yerini yapışdırmış və «A50» modelli mobil telefonu aparıb elektrik cərəyana qoşmuşdur. Müştəri isə vitrinin qarşısında gözləmişdir. Sonra vitrinin qarşısında gözləyən müştəri mobil telefonla danışaraq kiməsə mağazanın yerini izah etmişdir. Sonra arxaya çönəndə mağazaya başqa bir müştərinin daxil olduğunu görüb vitrinə yaxınlaşmışdır. Həmin vaxt vitrinin qapısının açıq vəziyyətdə olduğunu görüb qapını örtmüşdür. Mobil telefonlarla maraqlanan müştəri isə mağazanın ortasında dayanıb mobil telefonla söhbət etmişdir. O, vitrinin qapısını örtəndən sonra birinci müştəri və mağazaya gələn ikinci müştəri eyni vaxtda mağazanı tərk etmişlər. Həmin vaxt vitrində «Samsung» markalı «S10» modelli mobil telefonun yerində olmadığını aşkar etmişdir. Həmin mobil telefonu mağazada axtarsa da tapa bilməmişdir. Sonra bu haqda mağazanın müdirinə demişdir. Artıq başa düşmüşdür ki, mağazaya gələn birinci müştəri «Samsung» markalı «S10» modelli mobil telefonu oğurlamışdır. Sonra onlar mağazada quraşdırılmış videomüşahidə kameraları ilə qeydə alınmış videogörüntülərə baxan zaman görmüşlər ki, həqiqətən də mağazaya gələn birinci müştəri vitrinin qapısının açıq və nəzarətsiz olduğundan istifadə edərək oradan «Samsung» markalı «S10» modelli mobil telefonu oğurlayıb getmişdir. Oğurlanmış mobil telefon işlənməmiş vəziyyətdə olmuş, telefonun aksessuarlarla birilkdə satış qiyməti 1359 manat, mobil telefonun aksessuarsız qiyməti isə 1300 manatdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanılması haqqında xx xxxxx 2020-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə cinayət işinin başlanılması qərara alınmışdır (i.v. 1); xx xxxxxx 2020-ci il tarixli hadisə yerinə baxış protokolundan görünür ki, hadisənin baş verdiyi ünvan 2 saylı ünvana baxış keçirilmiş, hadisənin videogörüntüsü götürülmüşdür (i.v. 6-10); zərərçəkmiş şəxs qismində tanınma haqqında xx xxxxx 2020-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v. 22); tutma haqqında xx xxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə tutularaq Xətai RPİ-nin MSY-nə təhvil verilmişdir (i.v. 45); diskə baxış keçirilməsi haqqında xx xxxx 2020-ci il tarixli protokoldan görünür ki, diskə baxış zamanı əynində qırmızılı və qaralı rənglərdən ibarək gödəkcə, başında qırmızı rəngli papaq, əynində göy rəngli cins şalvar, ayağında qara rəngli ayaqqabı olan və mobil telefonla danışan bir nəfər cavan oğlanın mobil telefonla danışa danışa mağazada işləyən satıcıların başlarının qarışıq olmasından istifadə edib mobil telefonlar olan vitrinə yaxınlaşması, vitrinin qapısının açıq vəziyyətdə olması, həmin şəxsin vitrində lan mobil telefonlardan birini götürüb sol əlində saxlayaraq sağ əlində olan telefonu qulağına qoyaraq telefonla danışması, mağazada satıcı işləyən xanımın həmin şəxsə cəryana qoşduğu telefonu göstərməsi, həmin vaxt mağazaya bir nəfər əynində qara rəngli gödəkcə və qara rəngli papaq olan orta yaşlı şəxsin daxil olaraq mobil telefonlar olan vitrinə yaxınlaşaraq telefonlara baxması müşahidə olunur. Həmin vaxt mağazada satıcı işləyən xanımın mobil telefonlar olan vitrinə yaxınlaşaraq vitrinin açıq olan şüşə qapısını bağlaması, bundan sonra əynində qırmızılı və qaralı rənglərdən ibarək gödəkcə, başında qırmızı rəngli papaq olan şəxsin mobil telefonla danışadanışa mağazanın vitrinindən götürdüyü mobil telefonu cibinə qoyaraq mağazadan çıxıb getməsi aşkar olunmuşdur. Diskə baxışda istirak edən Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə saat 10 radələrində ünvan 2 ünvanında yerləşən “Superfon” mobil telefonlar alış satış mağazasında vitrindən mobil telefonu götürən və əynində qırmızılı və qaralı rənglərdən ibarək gödəkcə, başında qırmızı rəngli papaq olan şəxsin özü olmasını bildirmişdir (i.v. 62- 63); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. (i.v. 64-65); xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Xətai RPİ-nin MSYdən azad edilmiş, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmişdir (i.v. 78-79); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və X1 alınmış xx xxxx 2020-ci il tarixli tələbnaməyə cavabdan görünür ki, Hüseynov X2 Şəhər Məhkəməsinin xx xxxx 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirli bilinərək ona aylıq qazancından 15 (on beş) faizi dövlət nəfinə tutulmaqla 01 (bir) il müddətinə islah işləri cəzası təyin edilmiş, Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2018ci il tarixli qərarı ilə Mingəçevir Şəhər Məhkəməsinin xx xxxx 2017-ci il tarixli hökmü ilə təyin edilmiş aylıq qazancından 15 (on beş) faizi dövlət nəfinə tutulmaqla 01 (bir) il müddətinə islah işləri cəzasından azad edilərək iş üzrə icraata xitam verilmişdir (i.v. 87-88); Mingəçevir Şəhər Məhkəməsinin xx xxxx 2017-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirli bilinərək ona aylıq qazancından 15 (on beş) faizi dövlət nəfinə tutulmaqla 01 (bir) il müddətinə islah işləri cəzası təyin edilmişdir (i.v. 90-92); Məhkəmə psixatrik ekspertizasının xx xxxx 2020-ci il tarixli, 1077 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs emosional davamsız şəxsiyyət pozuntusu aşkar olunur. Bunu anamnestik məlumatlar və hazırki psixiatrik müayinənin nəticələri - xasiyyətcə əsəbi, hövsələsiz, affektiv reaksiyalara meylli olması, əsəbi gərginlik zamanı özünə xəsarətlər yetirməsi, hərbi xidmətə yararsız hesab edilməsi, Mingəçevir və Gəncə şəhərlərində, həmçinin Rusiya Federasiyasında psixiatr tərəfindən müalicə olunması, həmçinin hazırkı müayinə zamanı ünsiyyətə narazı tərzdə daxil olması, əhvali-ruhiyyəsinin dəyişkənliyi, emosional dayanıqsızlığı və s. təsdiq edir. Bununla yanaşı qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs aşkar edilən şəxsiyyət pozuntusu onu törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etməmişdir. Təqsirləndirilən şəxs ona ittiham olunan əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik müşahidə edilmir. Təqsirləndirilən şəxs emosional davamsız şəxsiyyət pozuntusu aşkar olunur. Təqsirləndirilən şəxs aşkar edilən “Emosional davamsız şəxsiyyət pozuntusu” onu törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etməmişdir. Təqsirləndirilən şəxs ona ittiham olunan əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür (i.v. 93-94); sübutların qiymətləndirilməsi haqqında xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə elan olunmuş ittihamın, barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri qüvvəsində saxlanılması, Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə cinayət təqibinin başlanmasının rədd edilməsi, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin toplanmış sübutların məcmusu ilə təsdiq edildiyindən təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin ifadələrinin, ifadənin yerində yoxlanılması protokolunun, diskə baxış keçirilməsi protokolunun sübut növü kimi qiymətləndirilməsi, «CD» diskin maddi sübut kimi tanınması qərara alınmışdır (i.v. 108-115); Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidin məhkəmədə verdiyi və iş materiallarında olan ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CM 144-146). Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.1-ci maddələri ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Məhkəmə, Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkməsini (CM-59.2), cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsini (CM-59.1.14), nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran - Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmədi. Həmçinin, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməsi onun şəxsiyyətini mənfi səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Bununla yanaşı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həm ibtidai istintaq, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” xx xxxxxx 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin qərarla məhkəmələrə tövsiyə olunmuşdur ki, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret halları, şəxsiyyəti barədə məlumatlar nəzərə alınmaqla daha yüngül cəza təyin edilməsi məsələsi müzakirə edilməlidir. Məhkəmə, cinayət əməlini törətmiş şəxsə cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən tam təcrid edilmədən də islah olunması mümkün olduğuna görə, ona təqsirli bilindiyi cinayət qanununun sanksiyasının hüdudları daxilində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə eyni zamanda hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - ünvan 1 mənzil 7 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23.00-dan saat 07.00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə Mingəçevir şəhərinin inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanına iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilməməlidir. İş üzrə maddi sübut 01 ədəd CD disk iş materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, hazırkı işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Mülki iddiaya münasibətdə məhkəmə qeyd edir ki, mülki iddia əsaslıdır və təmin edilməlidir. Belə ki, Məhkəmə hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 1996-cı il tarixli 4 saylı qərarının 21-ci bəndində qeyd edilir ki, məhkəmələrin diqqəti hökm çıxarılarkən mülki iddianın həllinə aid CPM-nin 324, 326, 330-cu maddələrinin tələblərinin ciddi yerinə yetirilməsi zərurətinə cəlb edilsin. Həmin tələblərə görə məhkəmə hökmdə mülki iddianın tam və ya hissə ilə təmin edilməsinin və ya rədd edilməsinin motivini göstərməlidir. İddia tam və ya hissə ilə təmin edildikdə, müvafiq hesablamalar aparmaqla mülki iddianın məhz hansı qanuna əsasən təmin edildiyi hökmdə qeyd edilməlidir. Bir neçə müttəhimə qarşı mülki iddia verilmişsə, hökmdə hansı məbləğin, kimlərdən müştərək qaydada, hansıların isə kimlərdən pay şəklində alınması göstərilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. 179.2-ci maddəsinə əsasən Mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. 179.3-cü maddəsinə əsasən mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir. İş materiallarında olan iddia ərizəsindən görünür ki, zərərçəkmiş şəxs mülki iddia ilə məhkəməyə müraciət edərək 1050 manat pulun Təqsirləndirilən şəxs oğlundan xeyrinə tutulmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs oğlu mülki iddianı etiraf edərək təmin edilməsinə etiraz etməmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs oğlunun özgənin əmlakını gizli olaraq talaması, bunun nəticəsində zərərçəkmiş şəxsə 1300 manat ziyan vurulması, ziyanın 250 manat hissəsinin ödənilməsi, 1050 manatının ödənilməməsi təsdiq edildiyindən, beləliklə, mülki iddia əsaslı olduğundan, təqsirləndirilən şəxs və mülki cavabdeh mülki iddianı etiraf edərək təmin edilməsinə etiraz etmədiyindən təmin edilməli, Təqsirləndirilən şəxs oğlundan 1050 manat pul tutularaq Zərərçəkmiş şəxs ödənilməlidir. İş üzrə məhkəmə məsrəfi və maddi sübut yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 179, 344-347, 349, 351- 353, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikasının CM-nin 177.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 03 (üç) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs oğlunun xx xxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixədək tutulub saxlanıldığı 01 (bir) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 02 (iki) gün azadlığın məhdudlaşdırılması cəzası ona təyin edilmiş 01 (bir) il 03 (üç) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində 01 (bir) il 02 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 mənzil 7 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Mingəçevir şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs oğlunun üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs oğlunun yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs oğlunun cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut 01 ədəd CD disk iş materiallarında saxlanılsın. Mülki iddia təmin edilsin. Təqsirləndirilən şəxs maddi ziyana görə 1050 (bir min əlli) manat pul Zərərçəkmiş şəxs xeyrinə tutulsun. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Cavid Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar