Məhkəmə qərarları › İş №1(011)-290/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №1(011)-290/2021

12.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(011)-290/2021 12.11.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs3 və onun nümayəndəsi Müdafiəçi3, təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs və müdafiəçiləri – 13 saylı Vəkil bürosunun vəkili Müdafiəçi1 və 19 saylı Vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxxxx 1996-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmamış, subay, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs, 08 mart 2021-ci il tarixdə saat 20 radələrində atası X2 məxsus etibarnamə ilə idarə etdiyi “BMW 520” markalı, **-XR-*** dövlət qeydiyyat nişanlı, texniki cəhətdən saz vəziyyətdə olan avtomobillə Bakı şəhəri, Xətai rayonu, Süleyman Əhmədov küçəsi ilə Nobel prospekti istiqamətində saatda 60-65 km sürətlə hərəkətdə olan zaman ünvan 2 ünvanında yerləşən “X16”in yaxınlığında «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin və 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq, yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına və başqa əmlaka zərər vurmamalı, nəqliyyat vasitələri yaşayış məntəqələri daxilində saatda 60 km\saat-dan çox olmayan sürətlə hərəkət etməməli kimi qanunun bu tələblərinə riayət etməklə, hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, mümkün olan heç bir tədbir görməmiş, idarə etdiyi “BMW 520” markalı, **-XR-*** dövlət qeydiyyat nişanlı avtomobili saatda 60-65 km sürətlə idarə etməklə lazımi idarə olunma əməliyyatlarını vaxtında və düzgün yerinə yetirməməsi səbəbindən idarə etməni itirib, avtomobilin qabaq hissəsi isə əvvəlcə yolun sağ hissəsində dayanmış vəziyyətdə olan Zərərçəkmiş şəxs3 məxsus “Nissan Sentra” markalı, **-UR-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsindən vurmuş, zərbənin təsirindən “Nissan Sentra” markalı, **-UR-*** dövlət qeydiyyat nişanlı avtomobil irəli sıçrayaraq qabaq hissəsi ilə eyni istiqamətdə dayanmış vəziyyətdə olan Zərərçəkmiş şəxs2 məxsus “Hyundai Sonata minik” markalı, **-NG-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsindən dəyərək ehtiyyatsızlıqdan “Nissan Sentra” markalı, **-UR-*** dövlət qeydiyyat nişanlı avtomobildə olan sərnişin Zərərçəkmiş şəxs1 sol bayır malleol sümüyünün (topuq sümüyünün) qapalı yerdəyişmiş sınığı və başın ənsə nahiyəsinin qançırı kimi sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya səbəb olmuş xəsarətlər, eyni zamanda “Nissan Sentra” markalı, **-UR-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Zərərçəkmiş şəxs3 10038 manat və “Hyundai Sonata minik” markalı, **-NG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Zərərçəkmiş şəxs2 isə 3656 manat ziyan vurmaqla, yol hərəkəti qaydalarını pozmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, X13un 1996-cı il buraxılışlı “BMW” markalı, **-XR-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır. Həmin avtomobili atası 2014-cü ildə almışdır. X13 həmin nəqliyyat vasitəsini idarə etmək üçün 14.05.2016-cı il tarixdə ona etibarnamə vermişdir. Həmin etibarnamə əsasında, 2014-cü ildə aldığı BC kateqoriyalı, AD 032972 seriyalı sürücülük vəsiqəsi ilə 08.03.2021-ci il tarixdə təxminən saat 20 radələrində idarə etdiyi, atasına məxsus “BMW 520” markalı, **- XR-*** dövlət qeydiyyat nişanlı avtomobillə yaşadığı NZS qəsəbəsindən çıxaraq üzü Nobel prospekti istiqamətində saatda 60-70 km sürətlə hərəkət etmişdir. Eyni sürətlə Süleyman Əhmədov küçəsi ilə hərəkət edən zaman idarəetməni itirmiş və avtomobil yolun kənarında hərəkətsiz vəziyyətdə dayanmış ağ rəngli “Nissan Sentra” markalı, **- UR-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsindən vurmuşdur. Zərbənin təsirindən “Nissan” markalı avtomobil irəli hərəkət edərək qarşısında hərəkətsiz vəziyyətdə dayanmış “Hyundai Sonata” markalı **-NG-*** dövlət qeydiyyat nişanlı avtomobilə arxadan dəymişdir. Hadisə nəticəsində “Nissan Sentra” markalı avtomobilin içərisində əyləşmiş, adı sonradan ona məlum olan Zərərçəkmiş şəxs1 bədən xəsarəti almışdır. “Hyundai Sonata” markalı avtomobilə isə ciddi ziyan dəymişdir. Sonradan ona məlum olmuşdur ki, “Nissan Sentra” markalı avtomobil Zərərçəkmiş şəxs3, “Hyundai Sonata” markalı avtomobil isə Zərərçəkmiş şəxs2 Bəkir oğluna məxsusdur. Yol nəqliyyat hadisəsi törətdikdən sonra hadisə yerində dayanaraq polis və təcili tibbi yardımın gəlməsini gözləmişdir. Hadisə nəticəsində idarə etdiyi avtomobilə də ciddi ziyan dəymişdir. Təcili tibbi yardım briqadası hadisə yerinə gələrək hadisə nəticəsində bədən xəsarəti almış Zərərçəkmiş şəxs1 xəstəxanaya aparmışdır. O da polis əməkdaşları ilə birlikdə həmin vaxt sərxoş vəziyyətdə olub-olmamağının müəyyən olunması məqsədi ilə narkoloji dispanserə getmişlər. Avtomobil texniki cəhətdən saz vəziyyətdə olmuş, heç bir nasazlığı olmamışdır. Hadisə törədən zaman avtomobildə tək olmuşdur. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, özünə məxsus “Hyundai Sonata minik” markalı **-NG-*** qeydiyyat nişanlı avtomobili var və həmin avtomobili 2019-cu ildə almışdır. Avtomobili BC kateqoriyalı, AB № 707530 seriyalı sürücülük vəsiqəsi ilə idarə etmişdir. 08 mart 2021-ci il tarixdə saat 20 radələrində idarə etdiyi “Hyundai Sonata minik” markalı, **-NG-*** qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Xətai rayonu, S.Əhmədov küçəsində “X14” şirkətinin inzibati binasının qarşısında gedərək avtomobili insanların və nəqliyyat vasitələrinin hərəkətinə maneə törətməyən yerdə, yolun kənarında dayanmış “Nissan Sentra minik” markalı **-UR-*** qeydiyyat nişanlı avtomobilin qarşısında saxlayaraq yaxınlıqda fəaliyyət göstərən çay evinə getmişdir. Bundan təxminən 10 dəqiqə sonra yaxınlıqda yol-nəqliyyat hadisəsinin səsini eşidib çay evindən çıxan zaman NZS qəsəbəsindən Nobel prospekti istiqamətində S.Əhmədov küçəsi ilə hərəkətdə olan “BMW 520 minik” markalı, **-XR-*** qeydiyyat nişanlı avtomobilin sürücüsü idarəetməni itirdiyindən avtomobilin qabaq hissəsi ilə avtomobilinin arxa hissəsində hərəkətsiz vəziyyətdə olan “Nissan Sentra minik” markalı **-UR-*** qeydiyyat nişanlı avtomobilin arxa hissəsindən vurduğunu, həmin avtomobil isə irəli sıçrayaraq qabaq hissəsi ilə onun avtomobilinin arxa hissəsindən dəyərək zədələndiyini görmüşdür. O, hadisə yerinə yaxınlaşan zaman “Nissan Sentra” markalı, **- UR-*** qeydiyyat nişanlı avtomobildə olan adının sonradan Zərərçəkmiş şəxs1 xəsarət aldığını öyrənmişdir. Bundan sonra polis əməkdaşları gələrək hadisə yerini müayinə etmişlər. X10 Yardım xidmətinin həkim briqadası hadisə yerinə gələrək xəsarət almış Valehi xəstəxanaya aparmışlar. Səhəri gün, yəni 09.03.2021-ci il tarixdə avtomobilə dəymiş ziyanın müəyyən edilməsi məqsədi ilə "xxxx" MMC şirkəti tərəfindən avtomobilinə baxış keçirilmiş və avtomobilə hadisə nəticəsində 3656 manat maddi ziyan dəyməsi müəyyən edilmişdir. Baş vermiş hadisə zamanı “Hyundai Sonata minik” markalı **-NG-*** dövlət nişanlı avtomobilin zədələnməsinə görə ona ümumilikdə 3656 manat maddi ziyan dəymişdir. Hazırda ona dəymiş ziyan ödənilmişdir, təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, 08.03.2021-ci il tarixində saat 20 radələrində Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsində, S.Əhmədov küçəsində yolun kənarında qohumu Zərərçəkmiş şəxs3 məxsus “Nissan Sentra minik” markalı **-UR-*** qeydiyyat nişanlı avtomobildə qabaq sağ tərəfdə sərnişin qismində oturduğu zaman Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsindən S. Əhmədov küçəsi ilə yüksək sürətlə Nobel prospekti istiqamətində hərəkətdə olan “BMW 520 minik” markalı **- XR-*** qeydiyyat nişanlı avtomobilin sürücüsü idarəetməni itirdiyindən avtomobilin qabaq hissəsi ilə sərnişin olduğu dayanmış hərəkətsiz vəziyyətdə olan avtomobilin arxa hissəsindən vurmuşdur. Zərbədən “Nissan Sentra” markalı avtomobil irəli sıçrayaraq qabaq hissəsi eyni istiqamətdə dayanmış, hərəkətsiz vəziyyətdə olan “Hyundai Sonata minik” markalı **-NG-*** qeydiyyat nişanlı avtomobilin arxa hissəsindən dəymiş və nəticədə BMW markalı avtomobilin sürücüsü avtomobillərə maddi zərər dəyməsi, onun isə bədən xəsarəti almağı ilə nəticələnən yol nəqliyyat hadisəsi törətmişdir. Məhkəmədə zərərçəkmiş şəxs və mülki iddiaçı qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərdi ki, o, “X15” şirkətinin ictimai siyasi departamentində şef redaktoru vəzifəsində işləyir. Onun özünə məxsus “Nissan Sentra minik” markalı, **-UR- *** qeydiyyat nişanlı avtomobili vardır və həmin avtomobili 2014-cü ildə almışdır. Avtomobili B kateqoriyalı, AB № 397738 seriyalı sürücülük vəsiqəsi ilə idarə etmişdir. 08 mart 2021-ci il tarixdə qohumu Zərərçəkmiş şəxs1 ilə birlikdə idarə etdiyi “Nissan Sentra minik” markalı, **-UR-*** qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Xətai rayonu, S.Əhmədov küçəsində yerləşən işlədiyi “X14” şirkətinin inzibati binasının qarşısında, insanların və nəqliyyat vasitələrinin hərəkətinə maneə törətməyən yerdə, yolun kənarında saxlayaraq iş otağına getmişdir. Avtomobildə sərnişin qismində olan qohumu Valeh isə avtomobildə əyləşərək onu gözləmişdir. Həmin gün, yəni 08.03.2021-ci il tarixdə saat 20 radələrində işdə olan zaman Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsindən Nobel prospekti istiqamətində hərəkətdə olan “BMW 520” markalı **-XR-*** qeydiyyat nişanlı avtomobilin onun avtomobili ilə toqquşduğunu öyrənmişdir. Buna görə də tez avtomobili saxladığı yerə yaxınlaşan zaman Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsindən Nobel prospekti istiqamətində S.Əhmədov küçəsi ilə yüksək sürətlə hərəkətdə olan “BMW 520” markalı **-XR-*** qeydiyyat nişanlı avtomobilin sürücüsünün idarəetməni itirərək avtomobilin qabaq hissəsi ilə onun dayanmış və hərəkətsiz vəziyyətdə olan avtomobilinin arxa hissəsindən vurmasını, zərbənin təsirində ona məxsus avtomobilin irəli sıçrayaraq qarşıda dayanmış “Hyundai Sonata minik” markalı, **-NG-*** qeydiyyat nişanlı avtomobilin arxa hissəsindən dəyərək avtomobilləri zədələdiyini, eyni zamanda avtomobilində sərnişin olan qohumu Zərərçəkmiş şəxs1 xəsarət almasını görmüşdür. O, DİN-in 102 xidmətinə zəng vuraraq hadisə barədə məlumat vermişdir. Bundan sonra polis əməkdaşları gələrək hadisə yerini müayinə etmişlər. X10 Yardım xidmətinin həkim briqadası hadisə yerinə gələrək xəsarət almış Valehi xəstəxanaya aparmışlar. Baş vermiş hadisə nəticəsində avtomobili tamamilə yararsız vəziyyətə düşmüşdür. X9 məxsus avtomaşını idarə edən Təqsirləndirilən şəxs qanunzus hərəkətləri nəticəsində ona həm maddi, həm də mənəvi ziyan dəymişdir. 17.04.2021-ci il tarixdə avtomobilə dəymiş ziyanın müəyyən edilməsi məqsədi ilə "xxxx" MMC şirkəti tərəfindən avtomobilinə baxış keçirilmişdir və avtomobilə hadisə nəticəsində təmir xərci ilə birlikdə 10038 manat maddi ziyan dəyməsi müəyyən edilmişdir. Baş vermiş hadisə zamanı ona məxsus “Nissan Sentra minik” markalı, **-UR-*** qeydiyyat nişanlı avtomobilin zədələnməsinə görə ona ümumilikdə 10038 manat maddi ziyan dəymişdir. Göründüyü kimi, “BMW 520” markalı **- XR-*** qeydiyyat nişanlı avtomobil X6 mülkiyyətində olmaqla, o da dəymiş ziyana görə məsuliyyət daşıyır. Belə olan təqdirdə ona dəymiş maddi ziyan cavabdehlərdən müştərək qaydada alınaraq ona ödənilməlidir. Bu günə kimi ona heç bir maddi və mənəvi yardım göstərilməmişdir. Çəkilmiş xərclərdən əlavə cavabdehlərin hərəkətləri nəticəsində o, mənəvi sarsıntı və iztirab keçirmişdir. Odur ki o, cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində ona dəymiş maddi ziyan olaraq 10038 (on min otuz səkkiz) manat, mənəvi ziyana görə 5000 (beş min) manat, vəkilə çəkilmiş xərcə görə 200 manat və 30 manat dövlət rüsumunun cavabdehlərdən alınaraq ona ödənilməsini xahiş edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanılması və icraata qəbul edilməsi haqqında 08 aprel 2021-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır (i.v.1); hadisə yerinə baxış keçirilməsi haqqında 08 mart 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs və hal şahidlərinin iştirakları ilə yol-nəqliyyat hadisəsi baş vermiş Bakı şəhəri, Xətai rayonu, Süleyman Əhmədov küçəsinə baxış keçirilmiş və hadisə yerinin fotoşəkilləri çəkilərək iş materiallarına əlavə olunmuşdur (i.v. 9-18); sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında 2/6108 nömrəli, 08.03.2021-ci il tarixli aktdan görünür ki, Təqsirləndirilən şəxs hadisə zamanı ayıq olmuşdur (i.v. 19); "xxxx" MMC-nin 09 mart 2021-ci il tarixli aktından görünür ki, “Hyundai Sonata” minik markalı, **-NG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə baxış keçirilmiş və ehtiyyat hissələrinin dəyişməsi üçün nəzərdə tutulan məbləğ 3656 manat təşkil etmişdir (i.v. 27); Azərbaycan Tibb Universitetinin X3 09 mart 2021-ci il tarixli arayışından görünür ki, Zərərçəkmiş şəxs1 sol bayır topuqda şişkinlik, palpasiya zamanı ağrı, sol aşağı ətrafında hərəkət məhdudluğu müşahidə olunmuşdur. Rentgenoqrafiya zamanı sol bayır malleol sümüyünün qapalı yerdəyişmiş sınığı aşkar olunmuşdur. Xəstənin sol aşağı ətrafı gips sarğısı vasitəsilə immobilizasiya edilmişdir. Xəstəyə 6 həftə müddətində sol aşağı ətrafa yük vermək məsləhət görülməmişdir (i.v. 36); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X4 178 nömrəli, 26.03.2021-ci il tarixli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədəni üzərində müəyyən edilmiş xəsarət – sol bayır malleol sümüyünün (topuq sümüyünün) qapalı yerdəyişmiş sınığı və başın ənsə nahiyəsinin qançırı bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarda göstərilən 08.03.2021-ci il tarixdə yol-nəqliyyat hadisəsi şəraitində sərnişini olduğu avtomaşınla digər avtomaşının toqquşması nəticəsində törənə bilər, dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərərvurmaya aid edilir (i.v. 44-46); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 01.04.2021-ci il tarixli, 8/620 nömrəli ekspert rəyindən görünür ki, təhqiqat tərəfindən göstərilən şəraitdə “BMW-520” markalı, **-XR-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs nəqliyyat vasitəsini yaşayış məntəqəsində 60 km/saat sürətdən daha artıq sürətlə idarə etdiyi şəraitdə onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur (i.v. 47-50); zərərçəkmiş şəxs qismində tanınma haqqında 09 aprel 2021-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v. 51); "xxxx" MMC-nin 14 aprel 2021-ci il tarixli qüsur aktından görünür ki, “Nissan Sentra” minik markalı, **-UR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə baxış keçirilmiş və ehtiyyat hissələrinin dəyişməsi üçün nəzərdə tutulan məbləğ 10038 manat təşkil etmişdir (i.v. 65-66); zərərçəkmiş şəxs qismində tanınma haqqında 23 aprel 2021-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v. 80); zərərçəkmiş şəxs qismində tanınma haqqında 28 aprel 2021-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs3 zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v. 91); ifadənin yerində yoxlanılması haqqında 03 may 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində qeyd etdiyi xüsusatları yol-nəqliyyat hadisəsi baş vermiş Bakı şəhəri, Xətai rayonu, Süleyman Əhmədov küçəsində yerləşən “X16”in yaxınlığında göstərmiş və hadisə yerinin fotoşəkilləri çəkilərək iş materiallarına əlavə olunmuşdur (i.v. 104-105); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsinin 07 may 2021-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmasına dair məlumat əməliyyatkartotekasında mövcud deyil (i.v. 106); sübutların qiymətləndirilməsi haqqında 17 may 2021-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə ittiham elan olunmuş və barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilmiş, məhkəmə-tibbi ekspertizasının 10.03.2021-ci il tarixli, 178 saylı və məhkəmə-yol nəqliyyat hadisələri ekspertizasının 01.04.2021-ci il tarixli, 8/620 saylı rəyləri iş üzrə sübut əhəmiyyəti kəsb etdiklərindən, sübut növü kimi qiymətləndirilib cinayət işinin materiallarına əlavə edilmişlər, Təqsirləndirilən şəxs idarə etdiyi “BMW-520” markalı, **-XR-*** dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut kimi tanınmış və sahibinə qaytarılması nəzərə alınmış, cinayət işi üzrə Zərərçəkmiş şəxs2 məxsus “Hyundai Sonata” markalı, **-NG-*** dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut kimi tanınmış və sahibinə qaytarılması nəzərə alınmış, cinayət işi üzrə Zərərçəkmiş şəxs3 məxsus “Nissan Sentra” markalı, **-UR-*** dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut kimi tanınmış və sahibinə qaytarılması nəzərə alınmış, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1 və 264-cü maddələri ilə cinayət təqibinin başlanılması rədd edilmiş, iş üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 dəymiş maddi ziyan 3656 manat və Zərərçəkmiş şəxs3 dəymiş maddi ziyan 10038 manat hesab olunmuş, iş üzrə X1 Təqsirləndirilən şəxs barəsində şikayətinin olmaması nəzərə alınmışdır (i.v. 111-118); təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 17 may 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikasının CM-nin 263.1-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan edilmişdir (i.v. 128-130); təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi barədə 17 may 2021ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i.v. 144-146). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 24.09.2021-ci il tarixli, 9/4987 nömrəli ekspert rəyindən görünür ki, iş materiallarında olan “SM Şərq Motors”un 09.03.2021-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2011-ci il buraxılışlı “Hyundai Sonata” markalı, **-NG-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 3056 manat müəyyən edilir. İş materiallarında olan "xxxx" MMC-nin 14.04.2021-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2014-cü il buraxılışlı “Nissan Sentra” markalı, **-UR-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 8695 manat müəyyən edilir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 4(011)-327/2021 saylı 04.08.2021-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməklə barəsində 4 (dörd) ay müddətinə “həbs” qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 02 avqust 2021-ci il tarixdən hesablanmışdır. Zərərçəkmiş şəxs1 məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş ziyanın tam şəkildə ödənildiyini, ona qarşı şikayət və tələbinin olmadığını qeyd edərək ərizəsinin nəzərə alınmasını xahiş etmişdir. Zərərçəkmiş şəxs2 məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş ziyanın tam şəkildə ödənildiyini, ona qarşı şikayət və tələbinin olmadığını qeyd edərək cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs3 məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş ziyanın tam şəkildə ödənildiyini, ona qarşı şikayət və tələbinin olmadığını, eyni zamanda mülki iddiadan imtina etdiyini qeyd edərək ərizəsinin nəzərə alınmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs məhkəməyə ərizə təqdim edərək barəsində Azərbaycan Respublikası Milli Məclisinin qəbul etdiyi amnistiya haqqında qərarın tətbiq edilərək cinayət işinə xitam verilməsini xahiş etmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olan yol nəqliyyat hadisəsi törətməsi, təqsirləndirilən şəxsin törədilən əməli etiraf etməsi barədə verdiyi ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin iş materiallarında olan və məhkəmə istintaqı zamanı vermiş olduqları ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CM 144-146). Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs 8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin Qərarının təsiri altına düşdüyündən o, cinayət məsuliyyətindən azad olunaraq iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda — iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 9.1-ci bəndinə əsasən məhkəmələr icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1–1.16-cı bəndlərində göstərilən şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarır (bu Qərarın 10-cu və 11-ci hissələrində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla); Həmin qərarın 10-cu və 11-ci hissələrində nəzərdə tutulmuş məhdudiyyətlər Təqsirləndirilən şəxs aid deyildir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 39.1.12-ci maddəsinə əsasən amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir; 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. 186.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia vermiş şəxs məhkəmə hökm çıxarmaq üçün müşavirə otağına gedənədək cinayət təqibi üzrə icraatın istənilən anında digər şəxslərin hüquqları və qanuni mənafeləri pozulmursa, iddiadan imtina etməyə haqlıdır. Bu hüquqlara mənafeyinin müdafiəsi üçün prokuror tərəfindən mülki iddia verilmiş şəxslər də malikdirlər. 186.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə tərəfindən mülki iddiadan imtina edilməsinin qəbulu cinayət mühakimə icraatı zamanı mülki iddia üzrə icraata xitam verilməsinə səbəb olur və müvafiq şəxsləri cinayət mühakimə icraatında təkrar iddia vermək hüququndan məhrum edir. Beləliklə, məhkəmə, Təqsirləndirilən şəxs iş üzrə icraata xitam verilməsinə dair məhkəməyə təqdim etdiyi ərizəsini, qanunvericiliyin yuxarıda sadalanan müddəalarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli, CM-nin 263.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət təqibinə CPM-nin 43-cü maddəsinə əsasən xitam verilməli və hazırki cinayət işi üzrə onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. Zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs3 mülki iddiadan imtinaya dair ərizəsini nəzərə alaraq mülki iddia üzrə icraata xitam verilməlidir. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs idarə etdiyi “BMW-520” markalı, **-XR-*** dövlət qeydiyyat nişanlı avtomobilin, Zərərçəkmiş şəxs2 məxsus “Hyundai Sonata” markalı, **-NG-*** dövlət qeydiyyat nişanlı avtomobilin, Zərərçəkmiş şəxs3 məxsus “Nissan Sentra” markalı, **-UR-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahiblərinə qaytarılması nəzərə alınmalıdır. İş üzrə məhkəmə xərci 200 (iki yüz) manat Təqsirləndirilən şəxs alınaraq Dövlət büdcəsinə keçirilməlidir. (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, X5, kod 210005, VOEN **********, müxbir hesab AZ41 NABZ********************, SFİFTBİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VOEN **********, hesab AZ34CTRE********************). Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 39, 43, 186, 321, 344- 347, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05.11.2021-ci il tarixli qərarının 9.1-ci bəndinə əsasən xitam verilsin və Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs3 mülki iddiadan imtina etdiyindən mülki iddia üzrə icraata xitam verilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri - 200 (iki yüz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs idarə etdiyi “BMW-520” markalı, **-XR-*** dövlət qeydiyyat nişanlı avtomobilin, Zərərçəkmiş şəxs2 məxsus “Hyundai Sonata” markalı, **-NG-*** dövlət qeydiyyat nişanlı avtomobilin, Zərərçəkmiş şəxs3 məxsus “Nissan Sentra” markalı, **-UR-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahiblərinə qaytarılması nəzərə alınsın. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar