Məhkəmə qərarları › İş №1(011)-291/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-291/2024

20.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-291/2024 20.06.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi, Dövlət ittihamçısı Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxxxxx 1962-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, əvvəllər məhkum olunmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında faktiki yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* saylı cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İbtidai istintaq orqanı ********* saylı cinayət işi üzrə müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs 25 yanvar 2024-cü il tarixdə saat 22:05-də "xxxx" MMC şirkətinə məxsus olmaqla 32 nömrəli marşrut xətti üzrə yol vərəqəsi əsasında idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan «BMC» markalı **-JA-*** dövlət qeydiyyat nişanlı avtobusla Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsi, Z.Yusifov küçəsi ilə Babək prospektinə doğru saatda 28 km sürətlə düzünə istiqamətdə hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə əsasən, yəni hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməklə baş verə biləcək yol-nəqliyyat hadisəsinin qarşısını almağa texniki imkanı olduğu halda yol-hərəkəti qaydalarına riayət etməyərək ünvan 3 ünvanda yerləşən «Ulduz» marketin qarşısında həmin vaxt yolun hərəkət hissəsini soldan sağa doğru adi yerişlə keçməkdə olan piyada X5 idarə etdiyi avtobusun qabaq tərəfi ilə vuraraq ehtiyatsızlıqdan ona baş beyin qişalarına, qişaları altına, toxumasına və mədəciklərinə qansızma və baş beynin dislokasiyası, ənsə sümüyünün sağ gicgah sümüyünə, oradan kəllə çuxuruna - əsas sümüyə keçən sınığı, sağ körpücük sümüyünün sınığı, hər iki ağciyərlərin kontuziyası, ənsə nahiyəsinin əzilmiş-cırılmış yarası və hematoması, sağ süd vəzi, sağ bazu və sağ baldır nahiyələrinin qançırları kimi həyat üçün təhlükəli və ölümlə birbaşa səbəbli əlaqəli olan, dərəcələrinə görə ümumilikdə sağlamlığa ağır zərər vuran xəsarətlər yetirməklə İrina Rzayevanın aldığı kəllə qapağı və əsası sümüklərinin sınıqları, baş beyinə qansızma nəticəsində inkişaf etmiş kəskin beyin ödemindən 29 yanvar 2024-cü il tarixdə X13 X10 ölümünə səbəb olması ilə nəticələnən yol-nəqliyat hadisəsi törətmişdir. Göstərilən xüsusatlar ekspert rəyləri,hadisə baş vermə anının video görüntüləri və işin tədqiq olunmuş digər halları ilə tam sübuta yetmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə elan edilən ittiham üzrə özünü təqsirli bilməmiş və istintaq zamanı verdiyi ifadəsini təsdiqləyərək qeyd etmişdir ki, özünü təcrübəli sürücü hesab edir . 25 yanvar 2024-cü il tarixdə saat 22:05-də "xxxx" MMC şirkətinə məxsus olmaqla 32 nömrəli marşrut xətti üzrə yol vərəqəsi əsasında idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan «BMC» markalı **-JA-*** dövlət qeydiyyat nişanlı avtobusla Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsi, Z.Yusifov küçəsi ilə Babək prospektinə doğru hərəkət edirmiş,hava qaranlıq və asfalt örtüyü yaş olmuşdur. Avtobusun yan güzgülərinə baxmış və dönüb önə baxdığı an anidən piyada yolu keçən qadının avtobusun önündə görmüş və məsafə az olduğundan qadını avtobusla vurmuşdur.Bu hadisənin qarşısını almağa onun heç bir imkanı olmamışdır.Avtobusdan düşdükdə qadının hüşünün özündə olmadığını görmüşdür.Daha sonra hadisə yerinə toplaşan insanların köməyi ilə qadın xəstəxanaya çatdırılmışdır.102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermiş və polislər hadisə yerinə gəlmişdir. Dörd gün sonra xəsarət alan xanım xəstəxananın reanimasiya şöbəsində ölmüşdür. Zərərçəkmiş şəxsin hüquqi varisinə dəymiş ziyanı qismən ödəmiş və onlarla barışıq əldə etmişdir. İttiham üzrə cəza alacağı təqdirdə sürücülük fəaliyyəti ilə məşğul ola bilməcəyini, təqaüdə çıxmasına 3 ay qalmasını, bu yaşda başqa iş tapa bilməyəcəyini, ailənin maddi ehtiyaclarını ödəyən yeganə insan olmasını qeyd edərək ona bəraət verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi X4 məhkəmə iclasının vaxtı və yeri barədə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq iştirak etməmiş, məhkəmə hazırlıq iclasında təqdim etdiyi ərizəsi nəzərə alınaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi X7 ərizəsində dəymiş zərərin ödənilməsini, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilərək tədqiq edilmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi X7 göstərmişdir ki, məlum yol-nəqliyyat hadisəsi nəticəsində dünyasını dəyişmiş X8 doğma anasıdır. İrina Rzayeva 11 dekabr 1948-ci ildə Bakı şəhərində anadan olmuşdur. O, 20 ildən artıq müddət pensiya almış və buna görə də günün əksər hissəsini evdə keçirmişdir. İrina Rzayeva fiziki cəhətdən tam olaraq sağlam olmuş, normal həyat tərzi sürmüş, ölümündən əvvəl hər hansı bir uzun müddət davam edən xroniki və digər xəstəliyi olmamışdır. 25 yanvar 2024-cü il tarixdə təxminən saat 23:30 radələrində yaşadığı evin yaxınlığında yerləşən avtoyuma məntəqəsində işləyən şəxslər həyat yoldaşı ilə telefon əlaqəsi saxlayaraq bir qədər əvvəl yaşadıqları Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsi, Z.Yusifov küçəsində yerləşən “Ulduz” marketin qarşısında anası X2 yolun hərəkət hissəsini piyada olaraq keçərkən "xxxx" MMC-yə məxsus marşrut xətt avtobusunun onu vurması və yoldan keçən avtomobillərdən biri ilə xəstəxanaya aparılması barədə məlumat vermişdir. O da həyəcanlı halda dərhal 1 saylı X12 getmişdir. Xəstəxananın tibbi personalı anasının əməliyyat olunması üçün Reanimasiya şöbəsində olmasını bildirmişlər. Sonrakı 4 gün ərzində anası xəstəxananın Reanimasiya Şöbəsində koma vəziyyətində qalmışdır. 29 yanvar 2024- cü il tarixdə səhər saatlarında anası X2 bütün müalicə tədbirlərinə baxmayaraq, xəstəxananın Reanimasiya Şöbəsində dünyasını dəyişmişdir. İş materiallarında olan yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, yol-nəqliyyat hadisəsi Bakı şəhəri, Xətai rayonu, Z.Yusifov küçəsi ilə Babək prospekti istiqamətində yolun hərəkət hissəsində baş vermişdir. Hadisə yerinə baxış zamanı sxem və fotocədvəl tərtib olunaraq protokola əlavə olunmuşdur. İş materiallarında olan nəqliyyat vasitəsinə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, «BMC» markalı **-JA-*** dövlət qeydiyyat nişanlı avtobusun hər hansı bir hissə və ya detalında zədə və ya deformasiya izləri aşkar edilməmişdir. Nəqliyyat vasitəsinə baxış zamanı fotocədvəl tərtib olunaraq protokola əlavə olunmuşdur. İş materiallarında olan videogörüntüyə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, "xxxx" MMC-dən daxil olmuş «BMC» markalı **-JA-*** dövlət qeydiyyat nişanlı avtobusun içərisində quraşdırılmış müşahidə kameralarının 25 yanvar 2024-cü il tarixdə saat 22:03-dən 22:10-dək müddət ərzində qeydə aldığı 1 ədəd DVD diskə baxış keçirilmiş, saat 22:05:22 dəqiqədə iş üzrə zərərçəkmiş şəxs X2 sol tərəfdən sağ tərəfə doğru keçməyə çalışması, elə həmin anda «BMC» markalı **-JA-*** dövlət qeydiyyat nişanlı avtobusun qabaq tərəfi ilə onu vurması, zərbənin təsirindən piyada X2 arxası üstə yol örtüyünə yıxılması, bundan sonra videogörüntünün davamında çoxsaylı şəxslərin toplaşması, hadisə anında avtobusun içərisində təxminən 10-12 nəfər sərnişinin olması, sürücünün diqqətinin tam olaraq avtobusun idarə olunması və yolun hərəkət hissəsində olması, lakin hadisənin baş verməsindən əvvəl saat 22:05:19 dəqiqədə başını anidən yuxarı qaldırıb aşağı endirməsi və məhz bundan 3 saniyə sonra hadisənin baş verməsi aşkar edilmiş, baxışda iştirak edən Təqsirləndirilən şəxs hadisə anında avtobusun onun tərəfindən idarə olunmasını və hadisənin onun tərəfindən törədilməsini təsdiq etmişdir. İş materiallarında olan videogörüntüyə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikası DİN X3 Xidmətinin TŞ 5-099 nömrəli müşahidə kamerasının 25 yanvar 2024-cü il tarixdə saat 22:03-dən 22:10-dək müddət ərzində qeydə aldığı 1 ədəd DVD diskə baxış keçirilmiş, saat 22:05:17 dəqiqədə iş üzrə zərərçəkmiş şəxs X2 yolun hərəkət hissəsinin bir kənarından adi yerişlə piyada hərəkətə başlayıb düzünə olaraq yolun hərəkət hissəsinin digər kənarına doğru hərəkət etməsi, saat 22;05:24 dəqiqədə «BMC» markalı **-JA-*** dövlət qeydiyyat nişanlı avtobusun qabaq tərəfi ilə onu vurması, bundan sonra videogörüntünün davamında yolun hərəkət hissəsində tıxac yaranmasıl və çoxsaylı şəxslərin toplaşması görünür. Baxışda iştirak edən Təqsirləndirilən şəxs hadisə anında avtobusun onun tərəfindən idarə olunmasını və hadisənin onun tərəfindən törədilməsini təsdiq etmişdir. İş materiallarında olan məhkəmə-yol-nəqliyyat hadisələri ekspertizasının 27 mart 2024-cü il tarixli 8/647 nömrəli rəyindən görünür ki, istintaq tərəfindən təqdim edilən məlumatlara əsasən «BMC» markalı **-JA-*** dövlət qeydiyyat nişanlı avtobusun sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət elməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 29 fevral 2024-cü il tarixli 12 saylı rəyindən görünür ki, mərhum X6 baş beyin qişalarına, qişalarıaltına, toxumasına və mədəciklərinə qansızma və baş beynin dislokasiyası, ənsə sümüyünün sağ gicgah sümüyünə, oradan kəllə çuxuruna - əsas sümüyə keçən sınığı, sağ körpücük sümüyünün sınığı, hər iki ağciyərlərin kontuziyası, ənsə nahiyəsinin əzilmiş-cırılmış yarası və hematoması, sağ süd vəzi, sağ bazu və sağ baldır nahiyələrinin qançırları müəyyən edilmişdir. Xəsarətlər həyati olub bərk-küt əşya (əşyalar) təsirindən törənmişlər, eləcə də yol-nəqliyyat hadisəsi şəraitində mərhumun xəstəxanaya (xx.xx.2024-cü il saat 23:58) müraciət etməsindən bir qədər əvvəl törənmişlər, dərəcəsinə görə ümumilikdə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərərvurmanın əlamətlərinə malik olmaqla onun ölümü ilə birbaşa səbəbli əlaqəlidirlər. Mərhum X2 ölümünə səbəb onun almış olduğu kəllə qapağı və əsası sümüklərin sınıqları, baş beyinə qansızma nəticəsində inkişaf etmiş kəskin beyin ödemi olmuşdur, mərhumun ölümünün baş vermə müddəti onun meyitinin müayinəsi başlanandan (xx.xx.2024-cü il saat 15:00) 4-6 saat əvvəllə uyğun gəlməklə xəstəxanada baş vermişdir. Mərhum X2 stasionar müalicədə olduğundan mərhumun meyitindən müayinə zamanı məhkəmə kimyəvi müayinə üçün qan nümunəsi götürülməmiş, onun adına tərtib edilmiş tibbi sənəddə İ.G.Rzayeva stasionar müalicəyə daxil olarkən onun sərxoş olması barədə hər hansı bir qeydiyyat aparılmamışdır. İş materiallarında olan sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında 26 yanvar 2024-cü il tarixli 2/4702 saylı protokoldan görünür ki, hadisə zamanı Təqsirləndirilən şəxs ayıq vəziyyətdə olmuşdur. İş materiallarında olan maddi sübut kimi tanımaq haqqında 05 mart 2024-cü il tarixli qərardan görünür ki, «BMC» markalı **-JA-*** dövlət qeydiyyat nişanlı avtobus maddi sübut kimi tanınmış və sahibi olan hüquqi şəxs "xxxx" MMC-də saxlanılması nəzərə alınmışdır. İş materiallarında olan 11 mart 2024-cü il tarixli maddi sübut kimi tanımaq haqqında qərardan görünür ki, Azərbaycan Respublikası DİN X3 Xidmətinin TŞ 5-099 nömrəli müşahidə kamerasının 25 yanvar 2024-cü il tarixdə saat 22:03-dən 22:10-dək müddət ərzində qeydə aldığı 1 ədəd DVD disk maddi sübut kimi tanınmış və iş materiallarında saxlanılmışdır. İş materiallarında olan 18 mart 2024-cü il tarixli maddi sübut kimi tanımaq haqqında qərardan görünür ki, BMC» markalı **-JA-*** dövlət qeydiyyat nişanlı avtobusun içərisində quraşdırılmış müşahidə kameralarının 25 yanvar 2024-cü il tarixdə saat 22:03-dən 22:10dək müddət ərzində qeydə aldığı 1 ədəd DVD disk maddi sübut kimi tanınmış və iş materiallarında saxlanılmışdır. Cinayət işinə əlavə edilmiş DİN BDYPİ Qİİ tərəfindən 01 mart 2022-ci il tarixində verilmiş BA 415145 seriyalı sürücülük vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs “A1, A, B1, B, C1, C, D1, D, C1E, CE” kateqoriyalı sürücülük hüququ vardır. Sürücülük vəsiqəsindən görünür ki, 01 mart 2032-ci il tarixədək etibarlılıq müddəti var. İş materiallarına əlavə edilmiş ********* saylı yol vərəqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs hadisə vaxtı BA 415145 seriyalı “A1, A, B1, B, C1, C, D1, D, C1E, CE” kateqoriyalı sürücülük vəsiqəsi ilə «BMC» markalı **-JA-*** dövlət qeydiyyat nişanlı avtobusu idarə etmək üçün "xxxx" MMC tərəfindən 25 yanvar 2024-cü il tarixi üçün yol vərəqəsi mövcuddur. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli əmək müqaviləsi bildirişinin surətindən görünür ki, Təqsirləndirilən şəxs ilə "xxxx" MMC arasında xx.xx.2024-cü il tarixədək əsas iş yeri üzrə avtobus sürücüsü kimi işə götürülməsi ilə bağlı müqavilə bağlanmışdır. İş materiallarına əlavə edilmiş Baş Dövlət Yol Polis İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə (xx.xx.2032-ci il tarixədək etibarlı olan) BA 415145 seriyalı “A1, A, B1, B, C1, C, D1, D, C1E, CE” kateqoriyalı sürücülük vəsiqəsi verilmiş və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı hər hansı bir məlumat qeydə alınmamışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. İş materiallarında olan 02 aprel 2024-cü il tarixli sübutların qiymətləndirilməsi barədə qərardan görünür ki, «BMC» markalı **-JA-*** dövlət qeydiyyat nişanlı avtobus cinayət işi üzrə maddi sübut hesab edilmiş və saxlanılması üçün mülkiyyətçisi olan hüquqi şəxs "xxxx" MMC-yə təhvil verilmişdir. İş materiallarında olan 05 aprel 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. İş materiallarında olan qətimkan tədbiri seçilməsi haqqında 05 aprel 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X1 xx.xx.2024cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını və onunla barışdığını bildirmişdir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, iş üzrə toplanmış və biri digərini tamamlayan sübutların cəminə qiymət verməklə məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli olması tam sübuta yetmişdir. «Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istimarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli qərarına əsasən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə bağlı cinayət işləri üzrə şəxsin təqsirlilik məsələlərini həll edərkən məhkəmələr işin bütün faktiki hallarını hərtərəfli, tam və obyektiv araşdırmaqla yanaşı, həm də təqsirləndirilən şəxsin «Yol hərəkəti haqqında» Qanunun məhz hansı normasının tələblərini pozduğunu və bu pozuntunun konkret nədə ifadə olunduğunu göstərməli, həmin qayda pozuntuları ilə baş vermiş nəticə arasında səbəbli əlaqənin mövcudluğunu, habelə təqsirləndirilən şəxsin yol-nəqliyyat hadisəsinin qarşısını almaq üçün texniki cəhətdən imkanının olub-olmadığını müəyyənləşdirməlidir. Göründüyü kimi iş üzrə tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, baş vermiş yol nəqliyyat hadisəsi zamanı Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş, həmin maddələrin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuş və sürücünün hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə olan uyğunsuzluqla, hadisənin baş verməsi arasında səbəbli əlaqə olmuşdur. Məhkəmə təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini də həll etmiş və belə nəticəyə gəlmişdir ki, təqsirləndirilən şəxsin özünü təqsirli bilməməsi özünü müdafiə xarakteri daşıyır.Özünü cinayət məsuliyyətindən və cəzadan qurtarmaq üçün verilmiş ifadə kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə tövsif edilmiş və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla təqsirləndirilən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini cəzanı yüngülləşdirici hal kimi nəzərə almışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar Təqsirləndirilən şəxs əməlində müəyyən olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinnin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xaraketerizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Qeyd edilənləri nəzərə alaraq, məhkəmə belə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinnin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə nisbətən aşağı həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən cəzasını X9 Müəssisəsində çəkməlidir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinnin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Hazırki halda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün "xxxx" MMC-yə təhvil verilmiş «BMC» markalı **-JA-*** dövlət qeydiyyat nişanlı avtobus hökm qanuni qüvvəsini aldıqdan sonra hüquqi şəxsə qaytarılmış hesab edilməli və iş üzrə maddi sübut kimi tanınmış 02 ədəd DVD disk iş materiallarında saxlanılmalıdır. Cinayət işi üzrə aparılmış ekspertiza tədqiqatının dəyərini təşkil edən 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Yuxarıdakıları nəzərə alaraq və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 344-347, 349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını X9 müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli X9 müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Məhkəmə xərci – ekspertiza tədqiqatının dəyəri olan 85 (səksən beş) manat Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinin xeyrinə tutulsun. Cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün "xxxx" MMC-yə verilmiş “BMC” markalı, **-JA-*** dövlət qeydiyyat nişanlı avtobus hökm qanuni qüvvəsini aldıqdan sonra hüquqi şəxs ”Baku Bus” MMC-nin istifadəsinə verilmiş hesab edilsin. Maddi sübut kimi tanınmış 02 ədəd DVD disk iş materiallarında saxlanılsın. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Bəxtiyar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar