Məhkəmə qərarları › İş №1(011)-292/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-292/2021

30.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-292/2021 30.06.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1962-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, Bakı metropoliten QSC-də rəngsaz işləyən, məhkum olunmamış, Bakı şəhəri, Xətai rayonu, 2-ci Əhmədli küçəsi dalan 9 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Təqsirləndirilən şəxs, 31 mart 2021-ci il tarixdə yeni növ koronavirus (Covid-19) infeksiyasına yoluxmaqla hava-damcı yolu ilə keçən həmin yoluxucu xəstəliyin daşıyıcısı olduğunu bildiyi halda, Azərbaycan Respublikasının ərazisində yeni növ koronavirus (Covid-19) infeksiyasının insanlar arasında kütləvi yayılmasının və onun törədə biləcəyi fəsadların, infeksiyaya yoluxma hallarının qarşısının alınması məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması barədə» 19 noyabr 2020-ci il tarixli, “Azərbaycan Respublikasının ərazisində hava-damcı yolu ilə keçən yoluxucu xəstəliklər zamanı karantin nəzarətinə götürülmə və təcrid olunma Qaydaları”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 may 2020-ci il tarixli 161 nömrəli Qərarların tələblərini pozaraq, yəni yoluxucu xəstəliyə yoluxma faktı təsdiq edilmiş şəxs xəstəliyi yüngül formada keçirdiyi hallarda və onun xüsusi tibb müəssisəsindən kənarda müalicə olunması mümkün hesab edildikdə, o, həkim rəyinə əsasən mənzili (evi) tərk etməməsinə riayət etməklə, yaşadığı və ya olduğu yerdə təcrid olunmalı olduğu halda, bu qaydalara riayət etməyərək, 04.04.2021-ci il tarixdə saat 10 radələrində və 05.04.2021-ci il tarixdə saat 15 radələrində yaşadığı ünvan 1 ünvanı tərk edib həmin küçədə yerləşən marketə gedərkən vətəndaşların intensiv hərəkət etdiyi küçədə piyada olaraq sərbəst hərəkət edən zaman karantin rejimini pozmaqla xəstəliyin yayılması üçün real təhlükə yaratmışdır. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 139-1.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, ünvan 2 ünvanda həyat yoldaşı Şahid1 ilə birlikdə yaşayır. 27 mart 2021-ci il tarixdə həyat yoldaşı Şahid1 səhhətində narahatlıq hiss etdiyi və hərarəti olduğu üçün həmin günü ərazi üzrə 22 nömrəli birləşmiş şəhər xəstəxanasına gedərək “Covid 19” testi ilə bağlı yaxma analizi verib evə qayıtmışdır. 28 mart 2021-ci il tarixdə həyat yoldaşı Şahid1 istifadəsində olan ***-***-**-** mobil nömrəsinə sms gələrək cavabının “pozetiv” olduğu qeyd olunmuşdur. Bundan sonra həyat yoldaşı yaşadıqları evi tərk etmədən həkimin müalicə üçün yazdığı dərmanlardan isitifadə etməklə müalicəsini evdə davam etdirməyə başlamışdır. 30 mart 2021-ci il tarixdə saat 10 radələrində səhhətində narahatlıq hiss etdiyi və hərarəti olduğu üçün həmin günü ərazi üzrə 22 nömrəli birləşmiş şəhər xəstəxanasına gedərək “Covid 19” testi ilə bağlı yaxma analizi verərkən həmin vaxt həkimlər analizin cavabının mesaj vasitəsi ilə göndəriləcəyini bildirdikləri üçün o, əlaqə nömrəsi kimi onlara istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsini vermişdir. Həmin vaxt həkimlər ona analizin cavabının bir günə çıxacağını və cavab çıxana kimi yaşadığı evi tərk etməməyi, kənar şəxslərlə ünsiyyətdə olmamağı bildirmişdilər. 31 mart 2021-ci il tarixdə saat 10:25-də istifadəsində olan ***-***-**-** mobil nömrəsinə sms gələrək cavablarının “pozetiv” olduğu qeyd olunmuşdur. Yaşadığı evdə olan zaman 01 aprel 2021ci il tarixdə saat 15 radələrində ***-***-**-** nömrəli ev telefonlarına zəng gələrkən o, dəstəyi götürmüşdür. Dəstəyin o, biri tərəfindən “TƏBİB”-dən olduqlarını və verdiyi “COVİD-19” testinin nəticəsinin pozitivi olduğunu bildirib və heç bir yerə çıxmamağı barədə xəbərdarlıq olunmuşdur. O, evdə həyat yoldaşı Şahid1 ilə birlikdə qalaraq özlərini həkimin məsləhət gördüyü dərmanlarla müalicə etməyə başlamışlar. Həmin dərmanları oğlu və qızı aptekdən alaraq gətirib giriş qapının arxasına qoyaraq gedirmişlər. Onlarla ünsiyyətdə olmadığını bildirmişdir. Onlara lazım olan ərzaqları da oğlu və qızı gətirib qapının arxasına qoyaraq gedirmişlər. O, 04 aprel 2021-ci il tarixdə saat 10 radələrində və 05 aprel 2021-ci il tarixdə saat 15 radələrində özünü yaxşı hiss etdiyi üçün güman etmişdir ki, “Covid 19” xəstəliyindən sağalmışdır. Bu məqsədlə yaxınlıqda olan ərzaq mağazasına fərdi yaşayış evindən ağız nahiyəsində təhlükəsizliyi üçün maska olmaqla çıxıb çörək almağa getmişdir. Həmin vaxtı mülkü geyimli polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edərək Xətai RPİ-nin 34-cü PŞ-nin əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları ona “Covid 19” xəstəsi ola ola nə səbəbdən küçəyə çıxdığını soruşduqda o, səbəbə göstərə bilməyərək səhfini etiraf etmişdir. Bundan sonra onu şöbəyə apararaq videoçəkilişlə sorğu sual etmişlər. Həmin vaxt polis əməkdaşları hadisə ilə bağlı izahatını almışlar. O, etdiyi əməli dərk etməyərək bu qanun pozuntusuna yol verdiyini və ərzaq mağazasına gedib çörək alıb heç kimlə ünsiyyətdə olmadığı təqdiqrdə kimisə yoluxdurmaz deyə güman etmişdir. Lakin sonradan etdiyi əməlin düzgün olmadığını və bunun cinayət məsuliyyəti yaratdığını dərk etmişdir. Şahid qismində dindirilən Şahid1 ibtidai istintaqda verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində göstərmişdir ki, o, ünvan 2 ünvanda həyat yoldaşı X1 birlikdə yaşayır. 27 mart 2021-ci il tarixdə səhhətində narahatlıq hiss etdiyi və hərarəti olduğu üçün həmin günü ərazi üzrə 22 nömrəli birləşmiş şəhər xəstəxanasına gedərək “Covid 19” testi ilə bağlı yaxma analizi verib evə qayıtmışdır. 28 mart 2021-ci il tarixdə istifadəsində olan ***- ***-**-** mobil nömrəsinə sms gələrək cavabının “pozetiv” olması barədə sms almışdır. Bundan sonra yaşadığı evi tərk etmədən həkimin müalicə üçün yazdığı dərmanlardan isitifadə etməklə müalicəsini evdə davam etməyə başlamışdır. 30 mart 2021-ci il tarixdə saat 10 radələrində Təqsirləndirilən şəxs səhhətində narahatlıq hiss etdiyi və qızdırması olduğu üçün həmin günü ərazi üzrə 22 nömrəli birləşmiş şəhər xəstəxanasına gedərək “Covid 19” testi ilə bağlı yaxma analizi verərkən həmin vaxt həkimlər analizin cavabının mesaj vasitəsi ilə göndəriləcəyini bildirdikləri üçün onlara əlaqə nömrəsi kimi istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsini vermişdir. Həmin vaxt həkimlər ona analizin cavabının bir günə çıxacağını və cavab çıxana kimi yaşadığı evi tərk etməməyi, kənar şəxslərlə ünsiyyətdə olmamağı bildirmişdilər. 31 mart 2021-ci il tarixdə saat 10:25-də Üzeyirin istifadəsində olan ***-***-**-** mobil nömrəsinə sms gələrək cavabının “pozetiv” olduğu qeyd olunmuşdur. Yaşadığı evdə olan zaman 01 aprel 2021-ci il tarixdə saat 15 radələrində ***-***-**-** nömrəli şəhər telefonuna zəng gələrkən dəstəyi Üzeyir götürmüşdür. Dəstəyin o, biri tərəfindən “TƏBİB”-dən olduqlarını və verdiyi “COVİD-19” testinin nəticəsinin pozitivi olduğunu bildirib və heç bir yerə çıxmamağı barədə xəbərdarlıq etmişlər. Birlikdə evdə qalaraq özlərini həkimin məsləhət gördüyü dərmanlarla müalicə etməyə başlamışlar. Həmin dərmanları oğlu və qızı aptekdən alaraq gətirib giriş qapının arxasına qoyaraq gedirmişlər. Onlarla ünsiyyətdə olmurdular. Onlara lazım olan ərzaqlarıda gətirib qapının arxasına qoyaraq gedirdilər. Həyat yoldaşı Təqsirləndirilən şəxs 04 aprel 2021-ci il tarixdə saat 10 radələrində və 05 aprel 2021-ci il tarixdə saat 15 radələrində özünü yaxşı hiss etdiyi üçün yaxınlıqda olan ərzaq mağazasına ağız nahiyəsində təhlükəsizliyi üçün maska olmaqla çörək almağa getmişdir(i.v.49-51); Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, 2004-cu ildən DİO-da, 2020-ci ildən hazırkı, vaxtdadək 34-cü PŞ-nin baş əməliyyat müvəkkili vəzifəsində işləyir və polis mayoru rütbəsini daşıyır. 05 aprel 2021-ci il tarixdə 34-cü PŞ-nin rəisinə etdiyi müraciətlə bağlı Xətai RPİ-nin İŞ-nə dəvət olunaraq toplanmış mateial üzrə Xətai rayon Prokuroru tərəfindən başlanmış cinayət işi ilə tanış olmuşlar. Baş vermiş hadisə ilə əlaqədar olaraq 05 aprel 2021-ci il tarixdə saat 15 radələrində xidməti əraziləri olan Bakı şəhəri, Xətai rayonu, 2-ci Əhmədli küçəsində iş yoldaşı 34-cü PŞ-nin baş əməliyyat müvəkkili Şahid3la xidmətdə olarkən daxil olmuş məlumata əsasən həmin küçədə dalan 9 saylı ünvanda yaşayan karonavirus xəstəsi olan Təqsirləndirilən şəxs «COVİD-19» xəstəliyinin onda aşkar edilməsinə və test cavabının pozitiv olmasına, özünün və ailə üzvlərinin yaşadığı evi tərk etməməsini bilərək yaşadığı mənzili 04 aprel 2021-ci il tarixdə saat 10 radələrində və 05 aprel 2021-ci il tarixdə saat 15 radələrində tərk etmiş və yaşadığı evin qarşısında olan marketə ərzaq almaq məqsədi ilə getmişdir. 05 aprel 2021-ci il tarixdə saat 15 radələrində Bakı şəhəri, Xətai rayonu, 2-ci Əhmədli küçəsində Təqsirləndirilən şəxs onlar tərəfindən saxlanılmış və o, 34-cü PŞ-nə dəvət edilmişdir. Onun izahatı alınaraq mobil telefonla videoçəkiliş aparılarkən o, etdiyi əməli səmimi olaraq etiraf etmişdir Şahid qismində dindirilmiş Şahid3 ibtidai istintaq zamanı verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində Şahid2 ifadəsinə uyğun ifadə verərək həmin xüsusatları bir daha təsdiq etmişdir.(i.v.55-57); Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, o, hazırda 22 nömrəli birləşmiş şəhər xəstəxanasının həkimidir. Azərbaycan Respublikası ərazisində koronavirus pandemiyası ilə əlaqədar olaraq ərazi aidiyyəti üzrə koronavirus xəstəliyinə yoluxmuş şəxsləri qeydiyyata alaraq və mütəmadi olaraq onların səhhəti ilə maraqlanmışdır. 30 mart 2021-ci il tarixdə Təqsirləndirilən şəxs ərazi üzrə 22 nömrəli birləşmiş şəhər xəstəxanasına «COVİD-19» koronovirus testi verərək yaşadığı evə qayıtmışdır. 31 mart 2021-ci il tarixdə saat 10:25-də ona məxsus ***-***-**-** saylı mobil telefonuna “Təbib”-dən 30.03.2021-ci il tarixdə «COVİD-19» xəstəliyinin onda aşkar edilməsi və test cavabının pozitiv olması, özünün və ailə üzvlərinin yaşadığı evi tərk etməməyi barədə telefon vasitəsi ilə məlumat göndərilmişdir. Bakı şəhəri, Xətai rayonu, 2ci Əhmədli küçəsi dalan 9 ünvanında yaşayan və qeydiyyatda olan Təqsirləndirilən şəxs da koronavirus xəstəliyinə yoluxmuş şəxslərdən olmuşdur. Bu səbəbdən də Təqsirləndirilən şəxs poliklinikada koronavirus xəstəliyinə yoluxmuş şəxslər sırasında qeydiyyata düşmüşdür. Təqsirləndirilən şəxs qeydiyyatda olduğu və yaşadığı ərazi üzrə sahə həkimi olduğudan mütəmadi olaraq onunla əlaqə saxlamış və onun səhhəti ilə maraqlanıb öz tövsiyələrini vermişdir. O, Təqsirləndirilən şəxs ilə hər dəfə əlaqə saxlayanda nəinki ona tibbi tövsiyələrini, hətta Azərbaycan Respublikası Nazirlər Kabinetinin qəbul etdiyi qərarına əsasən karantin nəzarətinə götürülmüş şəxslərin qarşısına qoyulmuş tələblər barədə də məlumat verdiyini bildsirmişdir. Belə ki, o, dəfələrlə Təqsirləndirilən şəxs onunla birgə yaşayan şəxslərin xəstəliyə yoluxma riskini azaltması üçün ayrı otaqda qalmasını, bu mümkün olmadıqda, mənzili yaxşı havalandırmasını, onunla birgə yaşayan şəxslərlə ən az bir metr məsafədə olmasını və ünsiyyət zamanı tibbi maskadan istifadə etməsini, şəxsi gigiyena vasitələrini və istifadə etdiyi digər əşyaları onunla birgə yaşayan şəxslərdən təcrid etməsini, mənzilin daxilində mümkün qədər az hərəkət etməsini, ümumi istifadə yerlərini tez-tez havalandırmasını və özünü təcridetmə müddəti bitənə kimi yaşadığı mənzili qəti olaraq tərk etməməsini bildirmişdir. Bundan əlavə olaraq o, Təqsirləndirilən şəxs özünü təcridetmə müddətinin 14 gün olduğunu və yalnız bu müddət keçdikdən sonra yenidən müayinəsinin nəticəsinin neqativ çıxdığı halda yaşadığı mənzili tərk edə biləcəyini izah etmişdir. Onun özünü təcridetmə qaydalarını pozub pozmaması barədə hər hansı bir məlumatı yoxdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin başlanması və istintaq aidiyyatı üzrə göndərilməsi haqqında 12 aprel 2021-ci il tarixli qərarın surətindən görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsi ilə cinayət işi başlanılmışdır (i.v.01); Azərbaycan Respublikası, Səhiyyə Nazirliyi, Bakı şəhər Baş Səhiyyə idarəsi, 22 nömrəli birləşmiş şəhər xəstəxanasından alınmış 07 aprel 2021-ci il tarixli 144 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs 30.03.2021-ci il tarixdə yaxma testi vermiş analizin nəticəsi pozitiv çıxmışdır. Həmin tarixdən portala salınmış və sahə həkiminin qeydiyyatında götürülmüşdür(i.v.7); 21 aprel 2021-ci il tarixli qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona Azərbaycan Respublikası CM-nin 139- 1.1-ci maddəsində nəzərdə tutulmuş ittiham elan edilmişdir (i.v. 24-25); Qətimkan tədbirinin seçilməsi haqqında 21 aprel 2021-ci il tarixli qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri seçilmişdir (i.v. 38-39); Diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs yaşadığı evi tərk etməsinin görüntüsü olan 01 ədəd CD formatlı disk Təqsirləndirilən şəxs və onun müdafiəçisinin iştirakı ilə baxış keçirilmiş və baxış zamanı sonuncunun 04 aprel 2021-ci il tarixdə saat 10 radələrində və 05 aprel 2021-ci il tarixdə saat 15 radələrində ünvan 1 dalanda yerləşən ərzaq mağazasına fərdi yaşayış evindən çıxıb çörək almağa getdiyini və 05 aprel 2021-ci il tarixdə yaşadığı evin qarşısındakı küçədə polis əməkdaşları tərəfindən saxlanıldığı öz təsdiqini tapmışdır(i.v.43); Azərbaycan Respublikası İcbari Tibbi Sığorta Üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Publik Hüquqi şəxsdən alınmış 13.04.2021-ci il tarixli 10/122 cavab məktubundan görünür ki, Nazirlər Kabinetinin 377s nömrəli 21.07.2020-ci il tarixli protokolunun 1 nömrəli əlavəsinin 8.1 -ci bəndinə əsasən yoluxma faktı təsdiq olunmuş şəxslərin yaşayış yerində və ya olduğu yerdə 14 (on dörd) gün müddətində təcrid olunması qərarı qəbul olunmuşdur. X2 və X3 və Profilaktikası Mərkəzinin tövsiyələrinə əsasən xəstəliyin ağırlıq səviyyəsi yüksək olan şəxslər 10 gündən artıq müddətdə virus ifraz edə bilərlər. Bununla bağlı, təcrid müddəti və ehtiyat tədbirləri 21 günədək uzadıla bilər. COVİD-19 virus infeksiyasına yoluxmuş və heç bir simptomu olmayan şəxslərin yaşayış yerində və ya olduğu yerdə təcridolunma müddəti Nazirlər Kabinetinin 377s nömrəli 21.07.2020-ci il tarixli protokolunun 1 nömrəli əlavəsinin 9.3-cü bəndinə əsasən ən azı 7 (yeddi) gündən sonra 24 saat intervalla 2 (iki) ardıcıl keçirilən laboratoriya testinin nəticəsi neqativ olduqda bitə bilər(i.v.58); Məhkəmə-tibbi ekspertizasının 21.05.2021-ci il tarixli 516/KEŞ nömrəli rəyindən görünür ki, 30.03.2021-ci il tarixdə yeni növ virus infeksiyasmın (Covid-19 PCR) təyini üçün aparılmış laborator müayinə zamanı Təqsirləndirilən şəxs müayinənin nəticəsinin pozitiv olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs “Covid-19” virus infeksiyasının daşıyıcısı olduğu halda sanitar-gigiyena qaydalarını pozmaqla digər şəxsləri xəstəliyə yoluxdura biləcəyi istisna edilmir(i.v.62-65); Xətai rayonu İHB-nin Əhmədli qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur(i.v.47); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış 12.01.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (i.v. 48); cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında 29 may 2021-ci il tarixli qərarının surətindən görünür ki, iş üzrə Təqsirləndirilən şəxs elan edilmiş ittiham qüvvəsində saxlanılmış, 1 ədəd CD-R formatlı disk cinayət işinin materiallarında saxlanılması qərara alınmış, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbirinin seçilməsi nəzərə alınmışdır(i.v. 67-73); Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdıqda - iki min beş yüz manatdan beş min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəməhüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini, əvvəllər cinayət məsuliyyətinə cəlb edilməməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını CM-nin 59.2 maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM- 58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut – 1 ədəd disk iş materiallarında saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - Bakı şəhəri, Xətai rayonu, 2-ci Əhmədli küçəsi dalan 9 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 00:00-dan saat 06:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, əlavə olaraq kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə icra edilməsi üçün Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia və məhkəmə məsrəfləri yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, HÖKM E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Xətai rayonu, 2-ci Əhmədli küçəsi dalan 9 ünvanını axşam saat 00:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra edilməsi üçün Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut – 01 ədəd CD disk iş materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar