Məhkəmə qərarları › İş №1(011)-292/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-292/2022

24.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-292/2022 24.10.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, Dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs X2, zərərçəkmiş şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçisi “Prospekt” Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxxxx 1991-ci ildə Gürcüstan Respublikası, Tbilisi şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, əvvəllər məhkum edilmiş və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 07 dekabr 2021-ci il tarixdə saat 09 radələrində “BC” kateqoriyalı, AD № 216757 nömrəli sürücülük vəsiqəsi ilə X6 məxsus və icarə əsasında "xxxx" MMC-yə verilməklə həmin şirkət tərəfindən tərtib edilmiş yol vərəqəsi əsasında idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan, “Hyundai Matrix” markalı, **-HY-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Xətai rayonu, Y.Səfərov küçəsində birinci hərəkət zolağı ilə saatda təxminən 50-60 kilometr sürətlə A.Cəlilov küçəsi istiqamətində hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1ci hissəsinin tələblərini pozaraq, yəni hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayandırma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görüb, hadisənin qarşısını almağa texniki imkanı olduğu halda həmin qaydaların tələblərini pozaraq idarə etdiyi avtomobilin qabaq sağ hissəsi ilə yolu sağdan sola doğru keçən piyada X4 vuraraq sonuncuya ehtiyatsızlıqdan sol körpücük sümüyünün qapalı sınığı ilə nəticələnən, sağlamlığın uzun müddətə pozulmasına səbəb olan xəsarətlər yetirərək zərərçəkmişin sağlamlığına az ağır zərər vurmaqla yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində bildirmişdir ki, o, 2021-ci ildə yol vərəqəsi əsasında “Hyundai Matrix” markalı **-HY-*** dövlət nömrə nişanlı avtomobili idarə etmişdir. Həmin avtomobillə əsasən Bakı şəhərində taksi fəaliyyəti ilə məşğul olmuşdur. Avtomobili “BC” kateqoriyalı sürücülük vəsiqəsi ilə idarə etmişdir. 07 dekabr 2021-ci il tarixdə səhər saatlarında taxi xidməti tərəfindən göndərilmiş sifariş əsasında Bakıxanov qəsəbəsinə getmişdir. Oradan iki nəfər müştəri götürmüşdür. Həmin iki nəfər müştərini Xətai rayonunda yerləşən “Neftçilər” xəstəxanasının yanına gətirməli idi. Səhər 09:00 radələrində o, Heydər Əliyev prospektindən Yusif Səfərov küçəsinə çıxmış və A.Cəlilov küçəsi istiqamətində hərəkət etmişdir. Bakı şəhəri, Xətai rayonu, Y.Səfərov küçəsində Bakı şəhər Baş Polis İdarəsinin qarşısında olan yolun sol zolağı ilə saatda təxminən 60 km sürətlə hərəkətdə olduğu zaman sağında olan zolaq üzrə hərəkət edən avtobus sürücüsü qəflətən hərəkət istiqamətini dəyişib sağ tərəfə keçmişdir. Bu zaman avtobusun qarşısından bir nəfər qadın çıxaraq avtomobilinin sağ tərəfinə çırpılmışdır. Həmin zaman qadın qəflətən avtobusun qarşısından çıxdığı üçün o, avtomobili saxlaya bilməmiş və sola tərəf çəkmişdir. Hətta avtomobil sol tərəfdə olan səkiyə belə dəymişdir. Bundan sonra o, avtomobili yolun qırağında saxlamış və qadına yaxınlaşaraq onu götürüb xəstəxanaya aparmaq istəmişdir, lakin həmin zaman küçədən keçən tanımadığı qadın qadına əl vurmamağını tələb etmişdir. O, buna görə oraya təcili tibbi yardım çağırmışdır. Bir neçə dəqiqə sonra oraya təcili tibbi yardım əməkdaşları yaxınlaşmış və qadını xəstəxanaya aparmışlar. Hadisə baş verdikdən sonra zərərçəkmiş şəxsin əri ondan 20600 manat pul istəmişdir, 20000 manat əməliyyat üçün və təxminən 600 manat xəstəxanada olan xərclər üçün. Məhkəmə iclasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə dindirilmiş zərərçəkmiş şəxs X5 ifadəsində bildirmişdir ki, keçən il yəni 07 dekabr 2021-ci il tarixdə övladının itirilmiş sənədi ilə bağlı Leyla Şıxlinskaya klinikasının yanında yerləşən Bakı şəhər Baş Polis İdarəsinə getməli olmuşdur. Yoldaşı öz avtomobili ilə onu oraya aparmış, geri qayıdanda onu apara bilməyəcəyini bildirmiş və oradan taksi sifariş verib geri qayıtmağını təklif etmişdir. İşini görüb qurtardıqdan sonra geri qayıtmaq üçün taksi sifariş vermişdir. Taksi ilə əlaqə saxladıqda sonuncu Bakı şəhər Baş Polis İdarəsi ilə üzbəüz yolun digər tərəfində onu gözlədiyini söyləmiş və ondan yolu keçməyini xahiş etmişdir. Həmin vaxt o, yolu keçmək istədiyi üçün yolun birinci zolağına çıxmışdır, həmin vaxt Yusif Səfərov küçəsində olan zolaqlar ilə 4 sedan avtomobil gəlirdi, onun yol keçmək istədiyini gördükləri üçün həmin avtomobillər dayanaraq ona yol vermişlər. O, avtomobillərin dayandığını gördüyü üçün yolu keçməyə başlamışdır. Bir neçə avtomobilləri keçdikdən sonra artıq yolun sonuncu zolağından arakəsmə səkiyə qalxanda bir nəfər sürücü hərəkət sürətini azaldan və yolda dayanaraq onun yol keçməyini gözləyən avtomobilləri vurmamaq üçün avtomobili onun tərəfə, yəni sol tərəfə çəkmiş və nəticədə onu vurmuşdur. Hətta həmin avtomobil sol tərəfə, yəni onun tərəfə avtomobili çəkdiyi üçün təkərləri səkiyə dəymişdir. Həmin sürücü onu vurduqdan sonra təxminən 6-7 metr məsafədən sonra avtomobili saxlaya bilmişdir. Bundan sonra o, ətrafda olan şəxslərdən təcili tibbi yardım əməkdaşlarını çağırmaqlarını istəmişdir. O bir neçə dəfə ayağa qalxmağa cəhd göstərsə də, ayağa dura bilməmişdir. Həmin vaxt ona polis əməkdaşları yaxınlaşdılar. Daha sonra bir nəfər tanımadığı qadın onun mobil telefonu ilə yoldaşına zəng etmişdir. Artıq təcili tibbi yardım avtomobilinə yerləşdirildiyi zaman yoldaşı oraya gəlmişdir. Onu vuran avtomobilin sürücüsü hadisə yerindən qaçmasa da ona yaxınlaşmamışdır. Daha sonra xəstəxanaya aparılmışdır. Xəsarətləri çox ağır idi. İndiyə qədər əli qalxmır, sol tərəfi işləmir. Yolu keçdiyi zaman orada avtobus olmamışdır. Yalnız sedan tipli avtomobillər olmuşdur. Təqsirləndirilən şəxs şikayətçidir və sonuncu ilə barışmaq fikri yoxdur. Sağalması üçün əməliyyata və müayinəyə xərclədiyi puldan ona heç bir ödəniş edilməmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs bildirmişdir ki, 07 dekabr 2022-ci il tarixdə səhər saatlarında anası X5 itmiş sənədin bərpası ilə bağlı Bakı Şəhər Baş Polis İdarəsinə getməli olmuşdur. Saat təxminən 09:30-da bir nəfər qadın anasının mobil telefonundan ona zəng edərək təcili olaraq Bakı şəhər Baş Polis İdarəsinin yanına gəlməyini bildirmişdir belə ki, anası Nəsibə avtomobillə vurularaq xəsarət almışdır. Həmin vaxt işdə olmuş və dərhal işdən çıxaraq qadının söylədiyi yerə getmişdir. O, Yusif Səfərov küçəsinə gəlib çatdıqda yolun ortasında bir çox insanların toplaşdığını görmüşdür. Avtomobili saxlayaraq onlara yaxınlaşmışdır. Orada dayanan insanlardan öyrənmişdir ki, “Hyundai” markalı avtomobilin sürücüsü bir nəfər qadını vuraraq yol-nəqliyyat hadisəsi törətmişdir. Həmin vaxt o, yolun qırağında “Hyundai” markalı avtomobili və onun yanında bir nəfər sürücünün dayandığını görmüşdür. İnsanlardan öyrənmişdir ki, xəsarət alan qadın xəstəxanaya aparmışdırlar. O, başa düşmüşdür ki, yol-nəqliyyat hadisəsi nəticəsində anası xəsarət alıb və KTM-ə yollanmışdır. Oraya çatdıqda görmüşdür ki, həkimlər anasını müayinə edirlər. Anasının sol körpücük sümüyünün sınması müəyyən edilmişdir. Anası bir gecə orada qalaraq müalicə almış və həmin günün sabahısı evə buraxılmışdır. Evə gəldikdən sonra anası baş verənlər barədə danışmışdır. Belə ki, anasının deməsinə görə, BBPİ-də sənəd məsələsini həll etdikdən sonra oradan çıxaraq avtobusdan istifadə etmək üçün dayanacağa doğru yolu keçmək istəmişdir, həmin vaxt avtomobillər yol verdikdən sonra baş idarədən yolun əks istiqamətinə yəni “Sevgililər parkı”na biraz cəld şəkildə yolu keçdiyi zaman artıq küçənin ortasında olan və əks istiqamətli yolları bir birindən ayıran səkiyə çatdıqda qəflətən “Hyundai” markalı avtomobil sol tərəfindən vurmuşdur. Hadisə baş verəndən sonra “Hyundai” markalı avtomobilin sürücüsü bir dəfə də olsun anasının səhhəti ilə maraqlanmamış və onlara hər hansı yardım etməmişdir. Məhkəmə iclasında şаhid qismində dindirilmiş Şahid ifadəsində bildirmişdir ki, o, X5 ilə nikahdadır. 07 dekabr 2022-ci il tarixdə səhər saatlarında arvadı Nəsibə itmiş sənəd ilə bağlı Bakı Şəhər Baş Polis İdarəsinə getməli olmuşdur. O Nəsibəni həmin yerə aparmış, lakin geri qayıtmaq üçün taksi sifariş etməsini xahiş etmişdir. Saat təxminən 09:30-da bir nəfər qadın arvadının mobil telefonundan istifadə edərək ona zəng edib təcili olaraq Bakı şəhər Baş Polis İdarəsinin yanına gəlməyini xahiş etmişdir. O bildirmişdir ki, arvadı Nəsibə xəsarət almışdır. O, hadisənin baş verdiyi Yusif Səfərov küçəsinə gəlmişdir. Oraya çatdıqda yolun ortasında bir çox insanların toplaşdığını görmüşdür. Həmin insanlardan nə baş verdiyini soruşmuşdur. Daha sonra özü görmüşdür ki, Nəsibə həkimlər tərəfindən təcili tibbi yardım avtomobilinə yerləşdirilmişdir. Orada dayanan insanlardan öyrənmişdir ki, “Hyundai” markalı avtomobilin sürücüsü onun yoldaşını vuraraq yol-nəqliyyat hadisəsi törətmişdir. O yolun qırağında “Hyundai” markalı avtomobilin dayandığını görmüşdür. Həmin avtomobilin yanında bir nəfər sürücü olmuşdur. Bundan sonra təcili tibbi yardım avtomobilinin dalınca 1 saylı X14 gəlmişdir. Orada olanda arvadının sol körpücük sümüyünün sınması müəyyən edilmişdir. Nəsibə bir gecə orada qalaraq müalicə almış və həmin günün sabahısı evə buraxılmışdır. Evə gəldikdən sonra arvadı baş verənlər barədə danışmışdır. Nəsibə ona bildirmişdir ki, BBPİ-də sənəd məsələsini həll etdikdən sonra oradan çıxaraq taksiyə minmək üçün yolu keçmək istəmişdir. Həmin vaxt avtomobillər yol verdikdən sonra baş idarədən yolun əks istiqamətinə yəni “Sevgililər parkı”na yolu keçdiyi zaman artıq küçənin ortasında səkiyə çatdıqda qəflətən “Hyundai” markalı avtomobil onu sol tərəfindən vurmuşdur. Hadisə baş verəndən sonra Nəsibəni vuran avtomobilin sürücüsü bir dəfə onların yaşadığı məhəlləyə təhqiqatçı ilə birlikdə gəlmişdir. Daha sonra həmin şəxsi bir daha görməmişdir. Xəstəxana xərcləri ilə bağlı Lançava onlara heç bir köməklik etməmişdir. Məhkəmə iclasında ekspert qismində dindirilmiş X10 ifadəsində bildirmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-yol nəqliyyat hadisələrinin ekspertizaları şöbəsinin eksperti kimi fəaliyyət göstərir. İstintaq orqanı tərəfindən təqdim olunmuş məlumatlar əsasında nəqliyyat vasitəsi ilə piyadanın vurulması hadisəsi üzrə hazırlanmış “NVP” proqramı tətbiq olunmaqla rəy tərtib edilmişdir. Aparılmış hesabata əsasən piyada vurulana qədər qət etdiyi yolu keçməyə başladığı anda nəqliyyat vasitəsi piyadanın vurulma yerindən 191.3 metr aralı məsafədə olmuşdur. Ona görə də avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Məhkəmə iclasında ekspert qismində dindirilmiş X12 ifadəsində bildirmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-yol nəqliyyat hadisələrinin ekspertizaları şöbəsinin baş eksperti kimi fəaliyyət göstərir. İstintaq tərəfindən verilən məlumatlara əsasən piyada, vurulana qədər qət etdiyi yolu keçməyə başlayanda nəqliyyat vasitəsinin piyadanı vurduğu yerdən olduğu məsafəsi onun mövcud şəraitə uyğun tam dayanma yolundan kifayət qədər böyükdür. Belə ki, proqram vasitəsi ilə və riyazi hesablama ilə müəyyən edilmişdir ki, piyada yola daxil olarkən sürücü hadisə yerindən 191.3 metr aralıda olunmuşdur. Sürücünun həmin vaxt saatda 60 kilometr sürətlə hərəkətdə olması nəzərə alnmaqla mövcüd şəraitdə dayanmaq üçün ona 41.9 metr məsafə lazımdır. Bu isə onu izah edir ki, təhlükə yaranandan sonra, sürücü ilə piyadanın vurulma yerinədək olan məsafə dayanma yolundan dəfələrlə artıq olmuşdur. Sürücünün tormozlama əməliyyatı aparmaqla yolu artıq keçməkdə olan piyadaya kimi nəqliyyat vasitəsini dayandırmağa imkanı olmuşdur. Piyada sağ tərəfdən hərəkət hissəsinə daxil olan anda “Hyundai Matrix” markalı avtomobilin piyadanın vurulma yerindən 191.3 metr aralı məsafədə olması nəzərə alınmaqla vurulma anından əvvəl avtomobilin sağ tərəfində olan zolaqla hərəkətdə olan avtobus olsa idi belə sürücünün piyadanı görməsini məhdudlaşdırmayacaqdı. Bununlada avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və istintaq aidiyyəti üzrə göndərilməsi haqqında 14 mart 2022-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və cinayət işi ibtidai istintaq aparılması üçün aidiyyəti üzrə Xətai RPİ-nin İstintaq Şöbəsinə göndərilmişdir (i.v. 1-2); yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında 07 dekabr 2021-ci il tarixli protokoldan, sxemdən və fotocədvəldən görünür ki, yol-nəqliyyat hadisəsinin baş verdiyi Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov küçəsinə baxış keçirilmiş, sxem tərtib olunaraq və fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur (i.v. 8-16); sürücülük vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası DİN BDYPİ Qİİ tərəfindən xx.xx.2019-cu il tarixdə 10 il müddətinə «BC» kateqoriyalı AD 216757 nömrəli sürücülük vəsiqəsi verilmişdir (i.v. 17); «Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları»na əlavə olan 2/36015 nömrəli xx.xx.2021-ci il tarixli sərxoşluq vəziyyətinin tibbi müayinə aktından müəyyən olunur ki, hadisə baş verən zaman sürücü Təqsirləndirilən şəxs ayıq olmuşdur (i.v. 22); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-yol nəqliyyat hadisələri ekspertizasının 28 dekabr 2021-ci il tarixli, 8/3199 saylı rəyindən görünür ki, istintaq tərəfindən verilmiş məlumatlara əsasən “Hyundai Matrix” markalı, **-HY-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur (i.v. 30-32); Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X9” X13 28 yanvar 2022-ci il tarixli, 09/2022 saylı rəyindən görünür ki, X1 körpücük sümüyünün qapalı sınığı müəyyən edilmişdir. Xəsarət bərk küt əşya təsirindən törənmişdir, xx.xx.2021-ci il tarixdə baş vermiş YNH zamanı törənə bilərdi, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid edilir (i.v. 33-34); zərərçəkmiş şəxs qismində tanınma haqqında 18 mart 2022-ci il tarixli qərardan görünür ki, X5 ********* saylı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v. 43); zərərçəkmiş şəxsin nümayəndəsi qismində tanınma haqqında 18 mart 2022-ci il tarixli qərardan görünür ki, oğlu Zərərçəkmiş şəxs ********* saylı cinayət işi üzrə X2 nümayəndəsi qismində tanınmışdır (i.v. 44); təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 08 aprel 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan edilmişdir (i.v. 59); təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi haqqında 08 aprel 2022-ci il tarixli qərardan görünür ki, xx.xx.1991-ci il təvəllüdlü Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və onun tutularaq Xətai RPİ-nin İŞ-nə təhvil verilməsi qərara alınmışdır (i.v. 61); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış 08 aprel 2022-ci il tarixli tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 181.2.1, 181.2.3, 181.2.4, 181.2.5-ci maddələri ilə təqsirli bilinərək 10 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarına əsasən hökm dəyişdirilərək cəzası 08 il 06 aya endirilmişdir, Nizami Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 181.2.1, 181.2.3, 181.2.4, 181.2.5-ci maddələri ilə əməli CM-nin 181.2.1, 181.2.3, 181.2.5-ci maddələrin sanksiyası həddində olduğundan cəza dəyişdirilmədən saxlanılmış, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarına əsasən xx.xx.2016-cı il tarixli qərar dəyişdirilərək cəzası 08 ilə endirilmişdir, Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə 01 il 01 ay 03 günü hissəsindən vaxtından əvvəl şərti azad edilmişdir, xx.xx.2020-ci il tarixdə cəza müddəti başa çatdığından qeydiyyatdan çıxarılmışdır (i.v. 68-69, 71-94); axtarışda olan şəxsin tutulması barədə xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 12:40 radələrində tutulmuşdur (i.v. 97); təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i.v. 119-120). sübutların qiymətləndirilməsi haqqında 08 may 2022-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə yeni məzmunda ittiham elan edilmiş, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsi , Təqsirləndirilən şəxs idarə etdiyi “Hyundai Matrix” markalı, **-HY-*** dövlət qeydiyyat nişanlı avtomobilin maddi sübut kimi tanınması və sahibinə qaytarılması nəzərə alınmışdır, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin nümayəndəsinin və şahidlərin ifadələri, yol-nəqliyyat hadisəsi yerinə baxış protokolu, məhkəmə-tibbi və məhkəmə-yol nəqliyyat ekspertizalarının rəyləri sübut növü kimi qiymətləndirilmişlər (i.v. 152-159); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin əlavə məhkəmə-yol nəqliyyat hadisələri ekspertizasının 23 may 2022-ci il tarixli, 8/1281 saylı rəyindən görünür ki, istintaq tərəfindən verilmiş məlumatlara əsasən “Hyundai Matrix” markalı, **-HY-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Rəyin tədqiqi hissəsində göstərilən səbəblərə görə piyadanın sağ tərəfdən hərəkət hissəsinə daxil olması Hyundai Matrix markalı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs görünüş dairəsində olmuşdur. Mövcud metodiki vəsaitin tələblərinə əsasən piyada məhkəmə yolnəqliyyat hadisələri ekspertizasının tədqiqat obyekti olmadığından və piyadanın hərəkətlərinin tədqiqi xüsusi texniki bilik tələb etmədiyindən piyadanın hərəkətlərinin tədqiqi ekspertin səlahiyyətinə aid deyildir (i.v. 191-195); məhkəməyə təqdim olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzi və “TOBB ETÜ” Xəstəxanası tərəfindən verilmiş xəstəlik tarixindən çıxarışlardan (epikrizlərdən) görünür ki, Təqsirləndirilən şəxs anası X7 siqmavarı bağırsağın bədxassəli yenitörəməsi diaqnozu qoyulmuşdur. Məhkəmə, Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməməsi və zərərçəkmiş şəxs X2 qəflətən avtobusun qarşısından çıxdığı üçün avtomobili saxlaya bilməməsi barədə ifadəsinə tənqidi yanaşır. Müdafiə hüququnun təməl insitutu kimi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə ittiham elan olunduğunu və bundan sonrakı mərhələdə onun bilə-bilə yalan ifadə verməsinin cinayət məsuliyyəti yaratmadığını nəzərə alır və hesab edir ki, belə ifadə verməklə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən yayınmağa çalışır. Zərərçəkmiş şəxs X5 ifadəsində yolu keçdiyi zaman orada avtobus olmadığını, yalnız sedan tipli avtomobillər olduğunu bildirmişdir. Məhkəmə qeyd edir ki, zərərçəkmiş şəxsə, şahidə və ekspertlərə bilə-bilə yalan ifadə vermək barədə cinayət məsuliyyəti barədə xəbərdarlıq edilmiş və yalnız bundan sonra həmin şəxslər dindirilmişlər. Həmin şəxslərin ifadələri ilə Təqsirləndirilən şəxs ifadəsi istisna edilmişdir. Həmçinin məhkəmə istintaqı zamanı tədqiq olunmuş iş materialları ilə də Təqsirləndirilən şəxs Eldaroviçin ifadəsi istisna olunmaqla digər ifadələr tam təsdiq olunmaqla üst-üstə düşmüşdür. Bundan başqa, məhkəmə iclasında ekspert qismində dindirilmiş X10 və X12 vermiş olduqları ifadələrində bildirmişlər ki, piyada yola daxil olarkən sürücü hadisə yerindən 191.3 metr aralıda olunmuşdur. Sürücünun həmin vaxt saatda 60 kilometr sürətlə hərəkətdə olması nəzərə alnmaqla mövcüd şəraitdə dayanmaq üçün ona 41.9 metr məsafə lazımdır. Bu isə onu izah edir ki, təhlükə yaranandan sonra, sürücü ilə piyadanın vurulma yerinədək olan məsafə dayanma yolundan dəfələrlə artıq olmuşdur. Sürücünün tormozlama əməliyyatı aparmaqla yolu artıq keçməkdə olan piyadaya kimi nəqliyyat vasitəsini dayandırmağa imkanı olmuşdur. Piyada sağ tərəfdən hərəkət hissəsinə daxil olan anda “Hyundai Matrix” markalı avtomobilin piyadanın vurulma yerindən 191.3 metr aralı məsafədə olması nəzərə alınmaqla vurulma anından əvvəl avtomobilin sağ tərəfində olan zolaqla hərəkətdə olan avtobus olsa idi belə sürücünün piyadanı görməsini məhdudlaşdırmayacaqdı. Bununlada avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin, zərərçəkmiş şəxsin nümayəndəsinin, şahidin və ekspertlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda—iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin: 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə aşağıdakılar daxildir: - tutulduğu və həbsdə saxlanıldığı müddət; - ev dustaqlığında saxlanıldığı müddət; - məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət; - Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 21-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yolnəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində onkoloji xəstəlikdən əziyyət çəkən anasının olmasını nəzərə alır və CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkumluğun anlayışı «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin «məhkum olunmuş şəxs» müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarına əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə təyin edilmiş cəzası dəyişdirilərək 08 il 06 aya endirilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarına əsasən Nizami Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı dəyişdirilərək cəzası 08 il 06 aydan 08 ilə endirilmişdir və Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə 01 il 01 ay 03 günü hissəsindən vaxtından əvvəl şərti azad edilmişdir, lakin cəzasının çəkilməmiş qalan hissəsindən şərti olaraq vaxtından əvvəl azad edildiyi vaxtdan altı il keçmədən yenidən cinayət əməli törətdiyi üçün onun məhkumluğu ödənilməmiş hesab olunmalıdır. Belə ki, CM-nin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. CM-nin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Həmçinin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs halhazırda təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə olan əməli ehtiyatsızlıqdan törədilmiş cinayət olduğundan və böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid edildiyindən CM-nin 18.4-cü maddəsinə əsasən cinayətin residivi kimi nəzərə alınmır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan əsas cəza növlərindən azadlıqdan məhrum etmə cəzası və əlavə cəza olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan əsas cəza növlərindən azadlıqdan məhrum etmə cəzası və əlavə cəza olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası təyin edilməli, ibtidai istintaq zamanı 18 aprel 2022-ci il tarixdə tutularaq saxlanıldığı 01 (bir) gün müddət təyin edilmiş cəzaya hesablanmalı (CM-69.3), cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.1), cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablanmalı (CİM 67.2), barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, maddi sübut olan Təqsirləndirilən şəxs idarə etdiyi «Hyundai Matrix» markalı, **-HY-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə qaytarılması nəzərə alınmalı (CPM-132), iş üzrə 185 (yüz səksən beş) manat məbləğində məhkəmə-yol nəqliyyat ekspertizalarının dəyəri təqsirləndirilən şəxsdən tutularaq dövlət nəfinə ödənilməlidir (CPM-198.1.). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Reaspublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 01 (bir) il müddətə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 18 aprel 2022-ci il tarixdə həbsdə saxlandığı 01 (bir) gün müddət ona təyin edilmiş 01 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzasından çıxılaraq üzərində 01 (bir) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış «Hyundai Matrix» markalı, **-HY-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə geri qaytarılması nəzərə alınsın. İş üzrə aparılmış məhkəmə-yol nəqliyyat ekspertizalarının dəyəri 185 (yüz səksən beş) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar