Məhkəmə qərarları › İş №1(011)-293/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №1(011)-293/2025

23.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(011)-293/2025 23.06.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi, xüsusi ittiham qaydasında barəsində şikayət verilən – X3 müdafiəçisi Bakı şəhəri 31 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, xüsusi ittiham qaydasında barəsində şikayət verilən – X5 müdafiəçisi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili X10, xüsusi ittiham qaydasında barəsində şikayət verilən – X2 müdafiəçisi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili X18 və xüsusi ittiham qaydasında şikayət verən X1 nümayəndəsi Müdafiəçi1 iştirakı ilə, xüsusi ittiham qaydasında X1 şikayətinə məhkəmənin hazırlıq iclasında baxaraq, m ü ə y y ə n e t d i: X4 xüsusi ittiham qaydasında şikayət ilə məhkəməyə müraciət edərək, xüsusi ittiham qaydasında barəsində şikayət verilən X7 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1, 147.1 və 148-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməyə görə cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. X4 şikayətini onunla əsaslandırmışdır ki, X8 (qayın arvadı), X11 (Elnarənin qızı), X6 (Elnarənin qızı) qohum olmaqlarına baxmayaraq, ona məlum olmayan hər hansı məqsədə nail olmaq üçün (maddi və ya qeyri maddi maraq güdmələri ehtimalı ilə) onun şərəf və ləyaqətini ləkələyən, onu ailə üzvləri arasında nüfuzdan salan, həyat yoldaşı ilə aralarında olan münasibətləri sonlandırmağa yönələn, övladları qarşısında günahkar kimi qələmə verilməsi üçün, həmçinin iş şəraitindən uzaqlaşmağına yönələn təhqir və böhtan xarakterli məlumatları qohumları arasında, o cümlədən onun həyat yoldaşı və uşaqları arasında telefonla (Whatsapp tətbiqindən və s üsullardan istifadə etməklə) kütləvi şəkildə yayılmasına yol vermişlər. Onlar tərəfindən guya onun əxlaqsız həyat tərzi sürməyi, əri ölkə xaricində olmağından istifadə etməklə, digər qarşı cinsin nümayəndəsi ilə yaxın əlaqə yaratmağı barədə məlumatlar yayılmışdır. Bundan başqa ilk olaraq onu ailə üzvlərinin yanında gözdən salan, aşağılayan fikirlər yaymaqdan əvvəl onun iş yerinə də anonim zəng etməklə, onun könüllü şəkildə işdən çıxmağına səbəb olmuşlar (əfsuslar olsun ki, bu barədə əsaslı sübutları yoxdu). Həyat yoldaşının ölkə xaricində olmasından istifadə edən qohumlar onu təkləyərək, günahkar olduğunu etiraf etməyinə çalışmışlar. Bunun üçün müxtəlif psixoloji üsullardan istifadə etmişlər. Onlar guya qeyd etdikləri hadisənin 2024-cü ilin oktyabr ayında olduğunu ayında yoldaşı xaricdən gəlir. Onunla birgə təsərrufat işləri aparmışlar. Sonradan təxminən martın sonunda (2025) X9ynı ilə (Elşad Ələkbərovla) zəngləşərək, onun 2024 oktyabr ayında belə hərəkət etməyini ona bildirmişdir. Bu xəbəri eşidən Elşad Ələkbərov Bakıya gəlir. Heç kəsə bir söz demədən qohumları onların evinə yığırlar (2 baldız- Nərminə, Süsən, Elnarə özü, digər qaynının yoldaşı Elnarə, digər qaynının yoldaşı Lətifə, öz qızı Aydan, qaynı Elşad Ələkbərov, qaynı oğlu İsmayıl Ələkbərov, şikayətçi olduqları Elnarənin əri Azadbəxt Ələkbərov, yoldaşı Aləm Ələkbərov, baldızı oğlu Asif, xəstə qaynanası Zöhrə İsmayılova, şikayətçi olduğu Elnarənin onunla qalan oğlu 13 yaşlı İbrahimnur Ələkbərov). Qohumlarının qarşısında Elnarə çıxış edərək, bildirir ki, o yoldaşı Almaniyada olanda onu kimləsə görüb, guya o maşınlarla gəlib getmişdir, guya o kimisə iş yerindən tapıb əlaqə yaratmışdır. Bir sözlə qohumları içində yoldaşını inandırmağa çalışıblar ki, o əxlaqsız həyat tərzi sürdüyündən, onu boşamalı, belə gəlinin saxlanılması ailəyə ləkədir. Qohumların kütləvi görüşü zamanı Elnarənin qızı Gülüstan video görüntü ilə əlaqə saxlayaraq, guya onun və bacısı Nübarın "məni evdə yad əks cinslə çılpaq vəziyyətdə görüblər". Bundan artıq ona qarşı təhqir edilə bilməz, o ailəsindən, evindən, yoldaşından, oğlundan olmuşdur. Bu görüşdən savayı qohumlara müxtəlif səslər göndərməklə onu nüfuzdan salan ləkələyici hərəkətlər etmişdir. Bundan başqa Kiev şəhərində yaşayan oğluna da eyni məzmunlu səslər göndərib. Oğlu dərhal onunla görüntülü danışıb, ondan hər hansı sübutun olmasını tələb edib. O sübut təqdim edə bilməyib. Bununla da oğlu ilə onun arasında olan etibar və hörmət münasibətlərinə xələl gətirib. Elnarənin qızı Nübar da qaynı ilə (Elşad Ələkbərovla) danışığında guya onun kimləsə olmağını gördüyünü təsdiqləyib. Bu barədə onun qızı ilə də söhbətləri olub. Ümumiyyətlə Nübar da bu böhtana və təhqirə şahidlik edir. Guya onu çılpaq vəziyyətdə kimləsə görüb. Bu barədə qohumlara, o cümlədən yoldaşına və oğluna dayanmadan danışırlar. Çünki heç kəs onlara inanmır və sübut tələb edir. Digər qohumları da yığıb hərə bir tərəfdən müxtəlif yönlü suallar verməklə onu çaşdırmağa çalışmış, özlərinə lazımı sözləri almağa cəhdlər etmişlər. Özbaşına olaraq, onun üzərində heç bir üstünlük hüquqları olmadan ona qarşı LİNÇ MƏHKƏMƏSİ keçirməyə cəhdlər etmişlər. Ondan alınan hər sözü isə yazıb - ona qarşı istifadə etməyə çalışmışlar. Şikayət verdiyi şəxslər onun digər qohumlarını və yaxınlarını qabaqcadan məlumatlandırmaqla (onun əxlaqsız həyat tərzi sürməyi barədə müxtəlif şailəri Whatsapp tətbiqi ilə yaymaqla) bir araya yığmaqla ona qarşı xoşagəlməz söhbətlərin yayılmasına şərait yaratmışlar. Şikayət verdiyi şəxslər həmçinin onun həyat yoldaşı ilə münasibətlərinin əsaslı şəkildə silkələnməsinə, münasibətlərinin zədələnməsinə də səbəb olmuşlar. Hazırda onların səyi nəticəsində o yoldaşı ilə münasibətlərinin ən pis məqamını yaşayır. Bu yığıncaqdan sonra yoldaşı qardaşına bacısına zəng edib, məsələyə aydınlıq gətirilməsini istəyib. Heç bir dəlil olmadığından məsələ sadəcə əsəb gərginliyi ilə yekunlaşmışdır. Hər dəfə bu məsələ gündəmə gəldikdə şikayət etdiyi şəxslərin Whatsapp yazışmaları dinlənilmişdir. Bununla da hər dəfə onun adı ləkəli şəkildə hallandırılmışdı. Bundan başqa onların səyi nəticəsində onun övladaları ilə olan münasibətlərinə də xələl gətirilmişdir. Whatsapp tətbiqi vasitəsi ilə, həmçinin müxtəlif digər üsullarla, o cümlədən şifahi olaraq qohumlar və yaxınları arasında əxlaqsız həyat tərzi sürməyi barəmdə, adı məlum olmayan kiməsə baş qoşmaqla ərinə xəyanət etməyi barədə yalan məlumatlar yaymaqla, ailəsinin dayanıqlığını pozan, onu açıq-aşkar əxlaqsız həyat tərzi sürən biri kimi qələmə vermişlər. Bununla həyat yoldaşı ilə arasında olan mehriban və xoş münasibətlərinə sağalmaz təsir etmişlər. Bununla barəsində heç bir sübut və dəlil əsas gətirilmədən onu təhqir etmiş, alçaltmış, əsassız ittiham etmişlər. Məhkəmə tərəfindən onlar qanuna müvafiq formada cəzalanmadıqca onun şərəf və ləyaqətini alçaltmağa davam edəcəklər. Barəsində yayılan əsassız xəbərin mahiyyətinin həqiqətdən uzaq olması və yayılmış məlumatın ona qarşı təhqir və ağır ittiham hesab edilməklə, böhtan cinayətinə aid edilməlidir. Əldə edə bildiyi sübutları disk vasitəsilə məhkəməyə təqdim edəcək. Amma bir çox materialları əldə edə bilməmişdir. Belə ki, səs yazıları göndərilən qohumların bir çoxu, şikayət etdiyi şəxslərin uydurmasına inanmışlar. Bu səbəbdən onlardan səs yazılarının alınması mümkünsüzdür. Onun əxlaqı barədə məlumatın düzünü isə qonşuları verə bilər. Həmçinin bildirmək istəyir ki, Elnarənin 13 yaşlı uşağına da o baxır. Həmin uşaq 5 ayından etibarən onun himayəsində olub. Onun bütün qayğılarını, maddi ehtiyaclarını o çəkmişdir. Uşaq daim onun yanında olur, onu ana kimi qəbul edir. Onu məktəbə də o aparmış, məktəbdə iclaslarda da mən iştirak etmişdir. Bundan başqa qaynanasının da qulluğunda dayanır. Yoldaşının ölkə xaricindən olduğu müddət də daxil qaynanasının qayğısını o çəkmiş. Qaynanası yaşadıqları evin 1-ci mərtəbəsində yaşayır. Onun insult xəstəliyi var, təzyiqi var, danışmağında çətinlik çəkir. Qaynanası da onun qulluğundan çox razıdır. Onun xətrini çox istəyir və deyilən böhtan və təhqirlərə inanmır. Şikayət verdiyi şəxslər onun qohum qonşu arasında olan nüfuzunu, hörmətini qəbul etmək istəmədiklərindən ona "əvvəllər gəzdiyin şəkildə daha gəzməyəcəksən, əvvəlki həyat kimi həyat sürməyəcəksən” kimi ifadələrlə onu əzməyə çalışırlar. Bununla da etdikləri hərəkətlərin nəticələrini başa düşdüklərini ifadə edirlər. Onlar onun şərəf və ləyaqətimi alçaltmış, nüfuzunu ləkələmiş, onu pis (əxlaqsız) əməl törətməkdə ittiham etmişlər. Bununla da barəsində böhtan xarakterli və təhqiredici yalan məlumatlar yaymışlar. Qeyd etdiyi halları həmçinin şahidləri qızı Aydan İsmayilova, əri Ələkbərov Aləm, baldızı Nərminə, qardaşı Seymur, bacı Mətanət, Kievdə yaşayan oğlu Ələkbərov Ələkbər öz izahatları ilə təsdiq edə bilərlər. Qeyd edilənləri nəzərə alaraq onlar barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət işinin açılmasını, məsuliyyətinə cəlb edilmələrini və barələrində həmin maddələrin sanksiyalarında nəzərdə tutulan ən yuxarı həddə cəzanın təyin edilməsi barədə ittiham hökmünün çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında xüsusi ittiham qaydasında barəsində şikayət verilən X3 müdafiəçisi Müdafiəçi2 xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina olunması barədə qərar qəbul edilməlidir. Belə ki, məlum olduğu kimi Ali Məhkəmə Plenumunun Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında xx.xx.2024-cü il tarixli Qərarı ilə məhkəmələrə tövsiyyə edilmişdir ki, xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsində Məhkəmələrə tövsiyə edilsin ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlasınlar. Həmçinin qeyd edilmişdir ki, Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. CPM-nin 302.1-ci maddəsində xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilməsi əsasları müəyyən edilmişdir. 302.1.6. cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda; 302.1.7. şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə; 302.1.8. şikayəti vermiş şəxs şikayətindən imtina etdikdə və təqsirləndirilən şəxslə barışdıqda və ya məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlmədikdə. Hazırki şikayətdə cinayət əlaməti müəyyən edilmir. Şikayət verən şəxs barəsində təhqir və böhtan xarakterli məlumatlar yayıldığını qeyd etsə də, ərizədə təhqir və böhtan xarakterli məlumatların konkret olaraq hansı ifadələrdən ibarət olması göstərilməmiş, hansı sözlərlə və ya ifadələrlə onun şərəf və ləyaqətini ləkələməsini, hansı sözlərlə və ya ifadələrlə isə ona şər-böhtan atmasını qeyd etməmişdir. Şikayətə sübut olaraq əlavə etdiyi diskə aid isə qeyd etmişdir ki, müdafiə etdiyi şəxsin səsli mesajları var. Həmin səsli mesajlar əvvəla iki nəfər arasında danışıqlardır. Burda kütləvi hər hansı hal müəyyən edilmir. Müdafiə etdiyi şəxsin kimisə təhqir etmək və ya böhtan atmaq kimi bir niyyəti olmayıb. Hər hansı məlumatı yayması faktı isə ortada yoxdur. Şikayətdə də qanunvericiliyin tələbinə zidd olaraq naməlum və ümumi xarakterli ifadələr işlədilmişdir. CPM-300.1.3-cü maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina olunması barədə qərar qəbul edilir. Göstərilənləri nəzərə alaraq xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında xüsusi ittiham qaydasında barəsində şikayət verilən X5 müdafiəçisi X15 şikayəti əsassız hesab edərək, xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina olunması haqqında qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında xüsusi ittiham qaydasında barəsində şikayət verilən X2 müdafiəçisi X21 şikayəti əsassız hesab edərək, xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina olunması haqqında qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında xüsusi ittiham qaydasında şikayət verən X1 nümayəndəsi Müdafiəçi1 şikayəti müdafiə edərək, xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsi və məhkəmə baxışının təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, xüsusi ittiham qaydasında verilmiş şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1, 147.1 və 148-ci maddələrinə əsasən, təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmağa görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Eyni zamanda, “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli qərarında qeyd olunur ki, böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Lakin, CM-nin 147 və 147.2-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi nümayiş etdirilən əsər dedikdə, ən azı iki nəfər kənar şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər (fotoşəkillər, rəsm əsərləri, kinematoqrafıya əsərləri, reklam və sair) başa düşülür. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Adı çəkilən Plenum Qərarının 12-ci bəndinə əsasən kütləvi informasiya vasitələrində (internet informasiya ehtiyatlarında) təhqir və böhtan xarakterli məlumatı yaymış şəxs özünü bəlli etmədikdə, belə məlumatlar anonim şəkildə yayılmış məlumatlar hesab edilir, onların yayılması ilə bağlı xüsusi ittiham qaydasında verilmiş şikayət isə - CPM-in 293.3.1- 293.3.7-ci maddələrinin tələblərinə uyğun olmayan şikayət kimi qiymətləndirilir. Belə hallarda məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında qərar qəbul edir. Qeyd olunan Plenum Qərarının 11-ci bəndində məhkəmələrin nəzərinə çatdırılmışdır ki, xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Şikayətdə aşağıdakılar göstərilməlidir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barəsində məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş, şikayətin verildiyi tarix (il, ay və gün), şikayəti vermiş şəxsin imzası (CPM-in 293.3.1-293.3.7-ci maddələri). Məhkəmələrə tövsiyə edilsin ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-in 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olubolmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-in 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM): 299.1-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. 299.3.3-cü maddəsinə əsasən, cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayətin məzmununun bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrinin müddəalarına uyğun olub-olmaması barədə məsələlərə baxılır. 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu CPM-in 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir; CPM-in 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə, xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. CPM-in 293.3-cü maddəsi böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda göstərilməli olan məlumatların dairəsini müəyyən etmişdir ki, CPM-in 302-ci maddəsi də xüsusi ittiham qaydasında verilmiş şikayətin məzmununa dair bu tələblərin imperativ olmasını təsbit etmişdir. Məhkəmə, CPM-in sadalanan normalarını rəhbər tutaraq qeyd edir ki, xüsusi ittiham qaydasında verilmiş şikayətdə, həmçinin törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, şikayətin verildiyi tarix (il, ay və gün) və yer göstərilməlidir. Xüsusi ittiham qaydasında verilmiş şikayətdən görünür ki, xüsusi ittihamçı qanunvericiliklə üzərinə düşən vəzifələri icra etməyərək şikayət ərizəsinin forma və məzmununda qüsurlara yol verməklə məhkəməyə müraciət etmişdir. Belə ki, hazırki şikayətdə cinayət qanunu ilə nəzərdə tutulmuş konkret hansı əməlin AR CM-nin 147.1 və 148-ci maddələri ilə tərkib yaratdığını, məhz X8, X11 və X6 tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi, hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə, hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi göstərilməmiş, həmçinin CPM-in tələblərinə riayət olunmamış, cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə bağlı X4 şikayətin tərtib olunduğu yeri göstərməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 300.1-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində təqsirləndirilən şəxsin məhkəməyə verilməsi və məhkəmə baxışının təyin edilməsi barədə; xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsi və məhkəmə baxışının təyin edilməsi barədə; xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina olunması barədə; müvafiq olaraq cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat materiallarının və ya xüsusi ittiham qaydasında şikayətin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə; cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə; cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraatın dayandırılması barədə; cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi barədə qərarlardan biri qəbul edilir. 302.1.3 və 302.1.6-cı maddələrinə əsasən, şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda və cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda, məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. 302.2.3-cü maddəsinə əsasən, məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək, bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. 88.4.1-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək xüsusi ittihamçının vəzifəsidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X3, X5 və X2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə nəzərdə tutulan cinayət məsuliyyətinə cəlb olunmaları barədə xüsusi ittiham qaydasında X4 tərəfindən verilmiş şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 299, 302 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: X3, X5 və X2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə nəzərdə tutulan cinayət məsuliyyətinə cəlb olunmaları barədə xüsusi ittiham qaydasında X4 tərəfindən verilmiş şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rəfail Sadıxov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar