Məhkəmə qərarları › İş №1(011)-294/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-294/2022

05.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-294/2022 05.08.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Yaqubov Fərid Murtuza oğlunun sədrliyi, İskəndərova Əlvanə İlham qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs1, zərərçəkmiş şəxsin nümayəndəsi - “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili Nümayəndə, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, müdafiəçi - “Sigma” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında, xx xxxxxx 1991-ci ildə Quba şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2ında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən, o, 31 yanvar 2022-ci il tarixdə, saat 09:39-da «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinin 1-ci hissəsinin (2.5 “Dayanmadan keçmək qadağandır” üstünlük yol nişanının) tələblərini pozaraq, texniki cəhətdən saz vəziyyətdə olan «Opel Astra minik» markalı, **-XG-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Xətai rayonu, Neapol dairəsi istiqamətindən Ukrayna dairəsi istiqamətində yolun hərəkət hissəsinin orta zolağı ilə saatda 30-50 km sürətlə hərəkətdə olduğu vaxt, Ukrayna Dairəsində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinin 1-ci hissəsinin (2.5 “Dayanmadan keçmək qadağandır” üstünlük yol nişanının) tələblərini pozaraq, hərəkət üçün təhlükə yarandığını görüb nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməmiş, hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, bunu etməmiş və qarşıda Ukrayna Dairəsindən “Əhmədli” metrostansiyası istiqamətində hərəkətdə olan Zərərçəkmiş şəxs1 idarə etdiyi “Mercedes-Benz” markalı, Citan modelli **-AP-*** dövlət qeydiyyat nişanlı avtomobilin sağ arxa hissəsindən vuraraq toqquşmuş, nəticədə sürücü Zərərçəkmiş şəxs1 ehtiyatsızlıqdan sol bazu sümüyünün diafizinin qapalı qəlpəli yerdəyişmiş sınığı, mil sinirinin travmatik zədələnməsi və sol saidin yumşaq toxumasının hematoması xəsarətləri yetirərək, sağlamlığına az ağır zərər vurmuş, eyni zamanda avtomobildə olmuş sərnişin Zərərçəkmiş şəxs2 qapalı kəllə beyin travması ilə müşayiət olunan başın ənsə nahiyəsinin sol yan səthinin yumşaq toxumasının hematoması; sol qulaq seyvanın, sol kürəküstü və sol bazunun yumşaq toxumalarının hematoması kimi xəsarətləri yetirərək, sağlamlığına yüngül zərər vurulmasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, 2021-ci ilin payız ayından “Opel Astra” markalı, **-XG-*** dövlət qeydiyyat nişanlı avtomobili icarəyə götürüb, etibarnamə əsasında idarə edərək, taksi fəaliyyəti ilə məşğul olmuşdur. 31 yanvar 2022-ci il tarixdə, saat 09:30 radələrində Neapol dairəsindən Ukrayna dairəsinə istiqamətində yolun hərəkət hissəsinin orta zolağı ilə saatda 30-50 km sürətlə hərəkətdə olarkən, Ukrayna dairəsinə çatarkən, fikirli olduğundan, hərəkətini davam etdirib dairədə hərəkətdə olan “Mercedes-Benz” markalı, **-AP-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sağ hissəsindən idarə etdiyi avtomobilin qabaq sağ hissəsi ilə vurması nəticəsində, polis avtomobili qarşıda olan səkiyə dəymiş və polis əməkdaşlarının idarə etdiyi avtomobil sol yan üstə aşmışdır. Nəticədə avtomobildə olan polis əməkdaşları xəsarət almışdır. O, idarə etdiyi avtomobili qarşıda yolun hərəkət hissəsinin sağında saxlayaraq, yerə düşüb polis avtomobilinə yaxınlaşıb hadisə yerinə toplaşmış şəxslərin köməkliyi ilə polis əməkdaşlarının idarə etdiyi avtomobili aşdığı vəziyyətdən düzəltmişlər. Hadisə zamanı polis avtomobilində olmuş iki nəfər polis əməkdaşı xəsarət almışdır. Bir qədər sonra Xətai RPİ-nin əməkdaşları hadisə yerinə gəlib, baxış keçirmişlər. Hadisə nəticəsində xəsarət almasa da, idarə etdiyi avtomobilin qabaq sağ hissəsi zədələnmişdir. Törətdiyi əməldən hazırda səmimi peşmançılıq çəkdiyini bildirərək, ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs1 göstərdi ki, o, DİN-nin X2 Alayının 3-cü Patrul Bölüyünün polis nəfəri işləyir. Yol vərəqəsi əsasında 2439 çağırışlı «Mercedes- Benz» markalı, Citan modeli **-AP-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edir. 31 yanvar 2022-ci il tarixdə, saat 09:39-da iş yoldaşı Zərərçəkmiş şəxs2 ilə birlikdə idarə etdiyi «Mercedes-Benz» markalı, Citan modeli **-AP-*** dövlət qeydiyyat nişanlı avtomobillə dislokasiya üzrə xidmətdə olan zaman, Ukrayna dairəsindən “Əhmədli” metrostansiyası istiqamətində saatda 40-50 km sürətlə öz hərəkət yolunda hərəkətdə olduğu vaxt, qəflətən gözləmədiyi anda, idarə etdiyi avtomobilin sağ orta hissəsindən nəyinsə çırpıldığını hiss etmiş və idarəetməni itirərək avtomobili yolun sol hissəsinə tərəf manevr edərək avtomobil səkiyə dəyib dayanmışdır. Hadisə zamanı, avtomobildə sərnişin qismində olmuş Xəyyam və o, bədənlərinin müxtəlif nahiyələrindən xəsarət almışlar. “Opel Astra” markalı avtomobilin qabaq hissəsi, idarə etdiyi “Mercedes-Benz” markalı, Citan modelli **-AP-*** dövlət qeydiyyat nişanlı avtomobilin orta və arxa hissəsi zədələnmişdir. Hadisə yerinə polis əməkdaşları və təcili tibbi yardım briqadası gəlib, onu DİN-nin Respublika Hospitalına aparmışlar. Orada bir neçə gün müalicə olunduqdan sonra, evə buraxılmışdır. Hadisəni törədərək, ona bədən xəsarəti yetirmiş «Opel Astra» markalı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hal-hazıradək ona maddi cəhətdən heç bir köməklik göstərməmişdir. Bu səbəbdən də o, mülki iddia verərək, Təqsirləndirilən şəxs vurulmuş maddi və mənəvi ziyanın əvəzinin tutulmasını xahiş etmişdir. O, mülki iddianın təmin olunmasını xahiş edir və eyni zamanda, iş üzrə Təqsirləndirilən şəxs ağır cəzanın təyin olunmasını xahiş etdi. İş üzrə digər Zərərçəkmiş şəxs2 məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 315-ci maddəsinə əsasən, məhkəmə zərərçəkmiş şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 315-ci maddəsinə əsasən zərərçəkmiş şəxs (xüsusi ittihamçı) bu Məcəllənin 87.6-cı maddəsinin nəzərdə tutulmuş hüquqlardan istifadə etməklə məhkəmə baxışı zamanı bütün məhkəmə iclaslarında iştirak etmək hüququna malikdir. Zərərçəkmiş şəxs (xüsusi ittihamçı) ictimai və ya ictimai-xüsusi ittiham qaydasında həyata keçirilməli cinayət təqibi üzrə məhkəmə iclasına gəlmədikdə, məhkəmə cinayət prosesi tərəflərinin fikrini dinlədikdən sonra onun iştirakı olmadan cinayət təqibi ilə bağlı olan bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsinin, qanuni və əsaslı yekun məhkəmə qərarının çıxarılmasının mümkünlüyü barədə məsələni həll edir. Eyni zamanda, Zərərçəkmiş şəxs2 ərizə ilə məhkəməyə müraciət edərək, üzrlü səbəbdən məhkəmə iclaslarında iştirak edə bilməyəcəyini, iş üzrə Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir tələb və şikayətinin olmadığını bildirərək, təqsirləndirilən şəxsə yüngül cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş Zərərçəkmiş şəxs2 bildirmişdir ki, o, DİN-nin X2 Alayının 3-cü Patrul Bölüyünün polis nəfəri işləyir. Polis nəfəri Zərərçəkmiş şəxs1 yol vərəqəsi əsasında, 2439 çağırışlı «Mercedes-Benz» markalı, Citan modeli **-AP-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edir və o, da həmin avtomobillə xidmətdə olur. 31 yanvar 2022-ci il tarixdə, saat 09:39-da birlikdə Hüseynin idarə etdiyi «Mercedes-Benz» markalı avtomobillə dislokasiya üzrə xidmətdə olan zaman, Ukrayna dairəsindən “Əhmədli” metrostansiyası istiqamətində hərəkətdə olduqları vaxt, qəflətən gözləmədikləri anda avtomobilin sağ orta hissəsindən nəyinsə çırpıldığını hiss etmişdir. Həmin an avtomobil idarəetməni itirib, yolun sol hissəsinə tərəf manevr edərək, avtomobil səkiyə dəyib dayanmışdır. Hadisə zamanı o, və avtomobili idarə etmiş sürücü Hüseyn müxtəlif nahiyələrindən xəsarət almışlar. O, avtomobildən enib görmüşdür ki, Neapol dairəsindən gələn «Opel Astra» markalı, **-XG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü onların olduqları avtomobilin sağ arxa hissəsindən vurmuşdur. «Opel Astra” markalı avtomobilin qabaq hissəsi, onların olduqları “Mercedes-Benz” markalı avtomobilin isə orta və arxa hissələri zədələnmişdir. Hadisə vaxtı «Opel Astra» markalı avtomobilin sürücüsü heç bir bədən xəsarəti almadığını demişdir. Daha sonra hadisə yerinə polis əməkdaşları və təcili tibbi yardım avtomobili gəlib, həkimlər onu DİN-nin Respublika Hospitalına aparmışlar. Orada bir neçə gün müalicə olunduqdan sonra, evə buraxılmışdır. Hadisəni törədərək, onlara bədən xəsarəti yetirmiş, sonradan adı məlum olmuş «Opel Astra» markalı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs bu vaxta kimi heç bir köməklik göstərməmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmiş və onun təqsiri özünün etirafedici ifadəsi ilə yanaşı aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Belə ki, məhkəmə istintaqı zamanı tədqiq olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya birliyinin 15 fevral 2022-ci il tarixli, 147 saylı ekspert rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs2 üzərində müəyyən edilmiş xəsarətlər - qapalı kəllə beyin travması ilə müşayiət olunan başın ənsə nahiyəsinin sol yan səthinin yumşaq toxumasının hematoması, sol qulaq seyvanın, sol kürəküstü və sol bazunun yumşaq toxumalarının hematoması bərk küt əşyanın (əşyaların) təsirindən törənmiş, xx.xx.2022-ci il tarixdə yol-nəqliyyat hadisəsi şəraitində sərnişini olduğu avtomaşınla digər avtomaşının toqquşması nəticəsində əmələ gələ bilər, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Eyni zamanda, məhkəmə istintaqı zamanı tədqiq olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya birliyinin 15 fevral 2022-ci il tarixli, 152 saylı ekspert rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs1 üzərində müəyyən edilmiş xəsarətlər - sol bazu sümüyünün diafizinin qapalı qəlpəli yerdəyişmiş sınığı, mil sinirinin travmatik zədələnməsi və sol saidin yumşaq toxumasının hematoması bərk küt əşyanın (əşyaların) təsirindən törənmiş, xx.xx.2022-ci il tarixdə yol-nəqliyyat hadisəsi şəraitində sürücüsü olduğu avtomaşınla digər avtomaşının toqquşması nəticəsində əmələ gələ bilər, dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05 mart 2022-ci il tarixli, 8/446 nömrəli ekspert rəyində qeyd olunur ki, təhqiqat tərəfindən təqdim olunmuş məlumatlara əsasən, “Opel Astra” markalı, **-XG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 63-cü maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs verilmiş AB seriyalı 530044 nömrəli, “B” dərəcəli sürücülük vəsiqəsi etibarlıdır. İş materiallarında olan 31 yanvar 2022-ci il tarixli, 2/1527 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinə aktından görünür ki, Təqsirləndirilən şəxs ayıqdır, onda alkoqolun qəbulu əlamətləri yoxdur. İş materiallarından görünür ki, DİN-nin Avtomobil Təsərrüfatına məxsus “Mercedes- Benz” markalı, Citan modelli **-AP-*** dövlət qeydiyyat nişanlı və Təqsirləndirilən şəxs istifadəsində olan “Opel Astra” markalı, **-XG-*** dövlət qeydiyyat nişanlı avtomobillər cinayət işi üzrə maddi sübut kimi tanınaraq, saxlanması üçün sahiblərinə qaytarılmışdır. İş materiallarından görünür ki, 18 may 2022-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən verilmiş 11 may 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 2017 və 2020-ci il təvəllüdlü iki uşağı vardır. Eyni zamanda, iş materiallarından görünür ki, iş üzrə Zərərçəkmiş şəxs1 mülki iddia ilə müraciət edərək, cinayət əməli nəticəsində ona vurulmuş 6.990 manat maddi ziyanın, 3.000 manat mənəvi zərərin əvəzinin və ödənilmiş 120 manat dövlət rüsumunun, cəmi 10.110 manat məbləğində pulun iş üzrə Təqsirləndirilən şəxs tutularaq, onun xeyrinə ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu və digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin qeyd olunan maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-ci maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən şəxsin barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin təqsirləndirildiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən, həmin cinayətin böyük ictimai təhlükə törətməyən cinayətlər sırasına aid edilməsini, Təqsirləndirilən şəxs şəxsiyyətini nəzərə alır. Təqsirləndirilən şəxs cəza təyin edərkən məhkəmə, təqsirləndirilən şəxsin ilk dəfə cinayət əmələ törətməsini, törətdiyi əməli etiraf etməsini, əməlindən peşmançılıq çəkməsini, iş üzrə zərərçəkmiş şəxslərdən Zərərçəkmiş şəxs2 ilə aralarında barışıq əldə olunmasını və himayəsində azyaşlı uşaqların olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınan - DİN-nin Avtomobil Təsərrüfatına məxsus “Mercedes-Benz” markalı, Citan modelli **-AP-*** dövlət qeydiyyat nişanlı və Təqsirləndirilən şəxs istifadəsində olan “Opel Astra” markalı, **-XG-*** dövlət qeydiyyat nişanlı avtomobillərin sahiblərinə qaytarılması nəzərə alınmalıdır. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 85 (səksən beş) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Eyni zamanda, məhkəmə iş üzrə Zərərçəkmiş şəxs1 təqdim etdiyi mülki iddiasına aşağıda göstərilən qanun normalarına uyğun hüquqi qiymət verərək hesab edir ki, həmin ərizəyə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə olunmadığından, həmin mülki iddia baxılmamış saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Azərbaycan Respublikası CPM-nin 179.2-ci maddəsinə əsasən mülki prosessual qanunvericilyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülkiprosessual qanunvericiliyn normalarının tətbiqinə yol verilir. Azərbaycan Respublikası CPM-nin 184-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı fiziki və ya hüquqi şəxsin tələbi bu Məcəllənin müddəalarına əsasən mümkün deyilsə, mülki iddia vaxtında və ya müvafiq şəxsə verilməmişdirsə, yaxud iddia ərizəsi bu Məcəllənin 183.3-cü maddəsində nəzərdə tutulmuş tələblərə uyğun deyildirsə, cinayət prosesini həyata keçirən orqan iddia ərizəsini qəbul etməkdən imtina edir. Azərbaycan Respublikası MPM-nin 259.0.12-ci maddəsinə əsasən ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.0.1-150.0.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə, iddiaçı tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda, məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası CPM-nin 353.4.10-cu maddəsinə əsasən məhkəmənin ittiham hökmünün nəticəvi hisssində mülki iddianın həlli göstərilməlidir. Azərbaycan Respublikası CPM-nin 354.1-ci maddəsinə əsasən məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq aşağıdakı qərarlardan biri əks etdirilir: 354.1.1. iddianın tam və ya qismən təmin edilməsi; 354.1.2. iddianın rədd edilməsi; 354.1.3. iddianın baxılmamış saxlanması. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Zərərçəkmiş şəxs1 mülki iddiası baxılmamış saxlanmalı, ona cinayət əməli nəticəsində vurulmuş zərərin tələb edilməsi üçün mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347-349, 351- 353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, 1 (bir) il 3 (üç) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 1 (bir) il 9 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəzanın icrasının əvvəli Təqsirləndirilən şəxs cəzanın icrasına nəzarət edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Məhkum Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Bakı şəhərinin ərazisini tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin yerinə yetirilməsi qoyulsun. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınan - DİN-nin Avtomobil Təsərrüfatına məxsus “Mercedes-Benz” markalı, Citan modelli **-AP-*** dövlət qeydiyyat nişanlı və Təqsirləndirilən şəxs istifadəsində olan “Opel Astra” markalı, **-XG-*** dövlət qeydiyyat nişanlı avtomobillərin sahiblərinə qaytarılması nəzərə alınsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 85 (səksən beş) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Zərərçəkmiş şəxs1 mülki iddiası baxılmamış saxlansın; Zərərçəkmiş şəxs1 cinayət əməli nəticəsində ona vurulmuş zərərin tələb edilməsi üçün mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən: Fərid Yaqubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar