Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-294/2025 23.06.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, müdafiəçi - Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında, xx xxxxxxxx 1991-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2aşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə, saat 09:10 radələrində Bakı şəhəri, Xətai rayonu, G.Şıxlinski küçəsi 51 saylı binanın birinci mərtəbəsinin dəhlizində, liftin qarşısında arvadı Zərərçəkmiş şəxs ilə qısqanclıq zəminində aralarında yaranmış mübahisə zamanı qəsdən əl və ayaq zərbələri ilə sonuncunun başının sol hissəsinə, burun və sağ qol nahiyəsinə vurmaqla döyərək burun nahiyəsinin yumşaq toxumalarının şişkinliyi halında əzilməsi, tənəffüs pozulması, başın sol təpə və sağ qulaqarası nahiyələrinin dərialtı hematomaları, sağ dirsək oynağı, sağ said nahiyələrinin və sağ əlin sıyrıqları kimi dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, qəsdən sağlamlığa yüngül zərərvurmaya aid edilən bədən xəsarətləri yetirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cinayət əməlini törətməkdə özünü təqsirli bilərək göstərdi ki, o, son zamanlar həyat yoldaşı Zərərçəkmiş şəxs ilə aralarında qısqanclıq zəminində mübahisələr olurdu. Bu səbəbdən xx.xx.2025-ci il tarixdən anasıgildə qalırdı. xx.xx.2025-ci il tarixdə özünə məxsus olan əşyaları götürmək məqsədi ilə ünvan 3 ünvanına gəlmişdir. Saat 09:10 dəqiqədə binanın 3-cü blokunun dəhlizində olan zaman Günel ilə rastlaşmışdır. Onu liftin içərisinə dəvət etsə də, o etiraz etdi. Bu anda əsəbləşib ona yaxınlaşaraq qəsdən əl zərbələri ilə onun baş nahiyəsinə zərbələr vuraraq döymüşdür. O yerə yıxıldıqda isə iki dəfə qəsdən onun qarın nahiyəsinə təpik vurmaqla onu döymüş və oradan uzaqlaşmışdır. Hazırda əməlindən peşmandır. Qeyd olunanlara əsasən ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs göstərdi ki, əri Təqsirləndirilən şəxs ilə, ünvan 4 ünvanında birlikdə yaşayırlar. Son zamanlar Təqsirləndirilən şəxs onu qısqanması səbəbindən aralarında mübahisələr olurdu. Bu səbəbdən son 3 gün idi ki, o anasının evində qalırdı. xx.xx.2025-ci il tarixdə, saat 09:10 dəqiqədə yaşadığı binanın 3-cü blokuna daxil olub lifti gözləyən zaman dəhlizdə Emin ilə rastlaşmışlar. Təqsirləndirilən şəxs onu liftin içərisinə dəvət etsə də, qorxduğu üçün liftə daxil olmaqdan imtina etmişdir. Həmin anda Emin onu təhqir edərək üzərinə gəlib əlləri baş nahiyəsinə bir neçə zərbə vurmuşdur. Zərbənin təsirindən yerə yıxılan zaman təpiklə qarın nahiyəsinə iki dəfə qəsdən zərbə vurmaqla onu döymüşdür. Başının sol hissəsi, burun və sağ qolundan ağrılı xəsarət aldığı üçün polisə müraciət etmişdir. Odur ki, Təqsirləndirilən şəxs qanuni və ədalətli cəza təyin edilməsini xahiş edir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmiş və onun təqsiri özünün etirafı ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs ilə X2 09 fevral 2019-cu il tarixdə 242 №-li qeydlə nikahları qeydə alınmışdır; (i.v.6) - 15 may 2025-ci il tarixli videogörüntüyə baxış keçirilməsi haqqında protokoldan görünür ki, vətəndaş Zərərçəkmiş şəxs şikayəti əsasında Xətai rayonu, G.Şıxlinski 51 saylı binanın 3-cü blokunda quraşdırılmış müşahidə kamerasına baxış keçirilmiş və müəyyən edilmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 09:09:37-də dəhlizdə əri Təqsirləndirilən şəxs ilə rastlaşmış və aralarında mübahisə yaranmışdır. Daha sonra Emin onun üzərinə gedərək qəsdən əl və ayaq zərbələri ilə onu döymüşdür. 09:10:25-də Emin dəhlizdən uzaqlaşmışdır. 09:10:46-da dəhlizə daxil olan bir kişi və bir qadın Günelə köməklik etmişdir; (i.v.10A) - Hadisənin videogörüntüsünü əks etdirən DVD disk iş materiallarına əlavə edilmişdir; (i.v.11) - Respublika Narkoloji Mərkəzinin 17 may 2025-ci il tarixli məktubundan görünür ki, xx xxxxxxxx 1991-ci il təvəllüdlü Təqsirləndirilən şəxs Respublika Narkoloji Mərkəzində narkoloji qeydiyyatda yoxdur; (i.v.26) - Respublika Psixiatriya Xəstəxanasının 21 may 2025-ci il tarixli məktubundan görünür ki, xx xxxxxxxx 1991-ci il təvəllüdlü, ünvan 5 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs arxiv məlumatına görə Respublika Psixiatriya Xəstəxanasında müalicədə olmamışdır; (i.v.27) - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X1 X3 18 may 2025-ci il tarixli, 460 saylı ekspert rəyində göstərilmişdir ki, vətəndaş Zərərçəkmiş şəxs burun nahiyəsinin yumşaq toxumalarının şişkinliyi halında əzilməsi, tənəffüs pozulması, başın sol təpə və sağ qulaqarxası nahiyələrinin dərialtı hematomaları, sağ dirsək oynağı, sağ said nahiyələrinin və sağ əlin sıyrıqları müəyyən edildi. Xəsarətlər bərk-küt əşya(lar) təsirindən törənmişlər, xx.xx.2025-ci il tarixdə kənar şəxs tərəfindən törənə bilərdi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aid edilir. Vətəndaş Zərərçəkmiş şəxs aşkar edilmiş xəsarətin xarakter və lokalizasiyasına görə özü-özünə yetirməsi, eləcə də öz boyu hündürlüyündən yıxılması nəticəsində əmələ gəlməsi inkar olunur; (i.v.29-30) - 19 may 2025-ci il tarixli zərərçəkmiş şəxs qismində tanınma haqqında qərardan görünür ki, vətəndaş Zərərçəkmiş şəxs qismində tanınmışdır; (i.v.31) - Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış 20 may 2025-ci il tarixli tələbnamədən və 30 mart 2018-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə cinayət tərkibi müəyyən edilmədiyindən toplanmış material üzrə cinayət işi başlanması rədd edilmişdir. (i.v. 42-43) - 23 may 2025-ci il tarixli məhkəməyədək sadələşdirilmiş icraat materialının araşdırılması ilə əlaqədar sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, toplanmış məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmiş hesab edilmiş, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsinin tərkibi olmadığından həmin xüsusat üzrə barəsində cinayət işinin başlanması rədd edilmiş, Zərərçəkmiş şəxs vermiş olduğu ifadəsi, Təqsirləndirilən şəxs vermiş olduğu ifadəsi, 15 may 2025-ci il tarixli baxış keçirilməsi haqqında protokol, hadisənin görüntülərinin əks etdirən DVD disk, Azərbaycan Respublikası "MTE və PA" Birliyi X3 Xətai rayon şöbəsinin xx.xx.2025-ci il tarixli, 460 saylı rəyi material üzrə sübut növü kimi qiymətləndirilmişdir. (i.v.61-62) Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu və digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin qeyd olunan maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, 01 dekabr 2017-ci il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli qərarında qeyd olunur ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-ci maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən şəxsin barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin təqsirləndirildiyi maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2ci maddəsinə əsasən, həmin cinayətin böyük ictimai təhlükə törətməyən cinayətlər sırasına aid edilməsini, Təqsirləndirilən şəxs şəxsiyyətini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən, Təqsirləndirilən şəxs cəza təyin edərkən məhkəmə, onun törətdiyi əməli etiraf etməsini və əməlindən peşmançılıq çəkməsini yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən iş üzrə cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini ədalətli, qanunauyğun və humanizm prinsiplərinə uyğun hesab edir. Çünki cəza təyin edilərkən ədalət və humanizm prinsiplərinə əməl edilməli olduğundan, “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamı və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarındakı tövsiyələr nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayəti törətmiş şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları, onun özünü təqsirli bilməsini və əməlindən peşmançılıq çəkməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, ona təqsirli bilindiyi həmin maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - ünvan 1 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 22:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Hazırki halda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 15 (on beş) iş saatına görə 165 (yüz altmış beş) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabına ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, onun müdafiəçisinin cinayət prosesində iştirakı dövlət büdcəsi vəsaiti hesabına təmin edilir, həmin Məcəllənin 193.5-ci maddəsinə görə hüquqi yardıma görə hər iş saatı üçün ödənişin məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir, müdafiəçinin təqdim etdiyi hesabat əsasında hesablanır və vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarına əsasən müdafiəçiyə hər iş saatı üçün ödənilən haqqın məbləği 11 manat məbləğində müəyyən edilmişdir. İş üzrə maddi sübut, xüsusi müsadirəyə məruz qalmalı əmlak və mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347- 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəzanın icrasının əvvəli Təqsirləndirilən şəxs cəzanın icrasına nəzarət edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Məhkum Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Bakı şəhərinin ərazisini tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin yerinə yetirilməsi qoyulsun. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında göstərdiyi cəmi 15 (on beş) saat hüquqi yardıma görə Bakı şəhəri 13 saylı vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 165 (yüz altmış beş) manat ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rəfail Sadıxov
Məhkəmə qərarları › İş №1(011)-294/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-294/2025
23.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver