Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-297/2022 10.08.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Yaqubov Fərid Murtuza oğlunun sədrliyi, İskəndərova Əlvanə İlham qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, müdafiəçi - Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında, 26 avqust 1998-ci ildə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 18 iyun 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən, ona qəti olaraq 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 05 noyabr 2021-ci il tarixli qərarı ilə vaxtından əvvəl şərti azad olunmuş, cəza müddəti başa çatdığı üçün qeydiyyatdan çıxarılmış, məhkumluğu ödənilməmiş, Xocalı rayonu, Meşəli kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilərək, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 180.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən, o, özgənin əmlakını talama məqsədilə, 15 mart 2022-ci il tarixdə, saat 20:00-da "xxxx" MMCnin ünvan 2 ünvanında yerləşən mağazasına müştəri kimi daxil olub, kassanın arxasında heç kimin olmamasını, satıcının isə müştəri ilə maraqlanmasını gördükdən sonra, pulları ələ keçirmək niyyətinə düşərək, mağazanın inzibatçısı işləyən Nümayəndə gözü önündə kassaya yaxınlaşdıqda, sonuncu kassaya kənar şəxslərin yaxınlaşmasına icazə verilməməsini deməsinə baxmayaraq, kassanın üzərində olan açar ilə saxlanc yeri hesab olunan kassanı açıb, orada olan 450 manat nağd pul vəsaitini götürüb hadisə yerindən qaçıb uzaqlaşmaq istəyərkən, Nümayəndə onun pulları ələ keçirəcəyini görüb arxasınca qaçaraq, onu saxladığından öz iradəsindən asılı olmayan səbəbdən hərəkətlərini başa çatdıra bilməyib soyğunçuluq etməyə cəhd etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, o, əvvəllər Xətai rayonu, N.Tusi küçəsi 17 ünvanında yerləşən “OBA” marketdə alış-veriş etmişdir. Maddi cəhətdən vəziyyəti ağır olduğundan, 15 mart 2022-ci il tarixdə N.Tusi küçəsi 17 ünvanında fəaliyyət göstərən “OBA" marketdən oğurluq etmək qərarına gəlmişdir. Həmin gün axşam saat 20 radələrində yaşadığı evdən çıxararaq, piyada qeyd olunan ünvanda yerləşən “OBA" marketə getmiş və içəri daxil olduqda görmüşdür ki, kassada oturan şəxs yerində yoxdur və kassa aparatının açarı üzərindədir. O, kassadan pul götürmək fikrinə düşmüşdür. Bu məqsədlə kassa aparatının yerləşdiyi masanın arxasına keçərək, kassa aparatını açan zaman, mağazanın əməkdaşı görmüş və səslənərək “nə işin var sənin kassanın yanında?” ifadəsini işlətmişdir. O, tez fürsətdən istifadə edib kassanı açaraq, miqdarını bilmədiyi pulu götürərək, mağazadan çıxararaq qaçmışdır. Mağazanın əməkdaşı arxasınca qaçaraq, dayanmağını səsləməsinə baxmayaraq, qaçmaqda davam etmişdir. Mağazadan təxminən 150 metr aralıda, arxasınca qaçan mağazanın əməkdaşı çatıb onu saxlamış və onlar birlikdə mağazaya qayıtmışlar. Həmin şəxs kassadan nə qədər pul götürdüyünü soruşduqda, əynində olan şalvarın cibindən oğurladığı pulu çıxardıb vermiş və məlum olmuşdur ki, kassadan ümumilikdə 450 manat pulu oğurlamışdır. Bundan sonra, mağazanın işçisi hadisə barədə polisə zəng edərək məlumat verdikdən sonra, polis əməkdaşları gələrək, onu polis bölməsinə aparmışlar. Polis bölməsində götürdüyü 450 manat pulu təqdim etmişdir. Törətdiyi əməldən hazırda səmimi peşmançılıq çəkdiyini bildirərək, ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında dindirilmiş zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi X2 göstərmişdir ki, o, 2020-ci ildən "xxxx" MMC-də hüquqşünas vəzifəsində işləyir. 15 mart 2022-ci il tarixdə, axşam saat 20 radələrində mağazanın satıcısı və kassiri vəzifəsində işləyən Laçın adlı əməkdaşı mağazada olan müştəriyə xidmət göstərən zaman, bir nəfər şəxs mağazaya müştəri kimi daxil olmuşdur. Mağazaya daxil olan şəxs kassanın boş olmasını və kassa aparatının üzərində açarının olmasını görüb, kassa yerləşən masanın arxasına keçmişdir. Həmin şəxsin kassanın yanında olmasını görmüş mağazanın inzibatçisi Nümayəndə qışqıraraq, oradan çıxmasını bildirmişdir. Lakin, həmin anda şəxs kassanı açaraq, kassada olan pulu götürüb cibinə qoyaraq, qaçmışdır. Nümayəndə həmin şəxsin arxasınca qaçaraq, dayanmasını tələb etmişdir. Əlirza qaçıb çataraq, həmin şəxsi saxlamışdır. Saxladıqdan sonra, həmin şəxsi mağazaya qaytarıb, kassadan nə qədər pul götürdüyünü soruşduqda, sonuncu kassadan üç ədəd 100 manatlıq əskinaz və üç ədəd 50 manatlıq əskinaz, yəni ümumilikdə 450 manat pul götürdüyünü etiraf etmişdir. Bundan sonra, baş vermiş hadisə ilə əlaqədar, Xətai RPİ-nin 35-ci Polis Bölməsinin növbətçi hissəsinə zəng edərək, məlumat vermişdir. Bir qədər sonra hadisə yerinə polis əməkdaşları gəlmiş və sonradan adı məlum olan hadisəni törətmiş Təqsirləndirilən şəxs polis bölməsinə aparmışlar. Polis bölməsində olan zaman, hadisə barədə rəsmi olaraq məlumat verərək, hadisə nəticəsində oğurlanmış 450 manat pulu təhvil almışlar. Göstərilənlərə əsasən, iş üzrə Təqsirləndirilən şəxs qanuni və ədalətli cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki, 2022-ci ilin yanvar ayından "xxxx" MMC-nin ünvan 3 ünvanında yerləşən mağazasında satıcı işləyir. 15 mart 2022-ci il tarixdə, axşam saat 20:00-da mağazada olan zaman, içəri müştəri kimi bir nəfər qadın daxil olmuş və mağazada heç kim olmadığı üçün həmin müştəriyə xidmət etməyə başlamışdır. Həmin vaxt mağazanın inzibatçısı Nümayəndə də mağazada olmuşdur. Müştəri qadına xidmət edən zaman, Əlirzanın anidən mağazadan qaçaraq, çıxdığını görmüş və şübhələnərək sonuncunun arxasınca küçəyə çıxmışdır. Mağazadan çıxdıqda, Əlirzanın bir nəfərin şəxsin arxasınca qaçdığını və həmin şəxsi saxlamasını görmüşdür. Əlirza həmin şəxsi mağazaya gətirdikdən sonra məlum olmuşdur ki, müştəri qadına xidmət göstərdiyi vaxt, həmin şəxs mağazaya daxil olaraq, kassadan pul götürərək qaçmışdır. Bundan sonra Əlirza baş vermiş hadisə ilə bağlı polisə məlumat vermiş və bir qədər sonra, hadisə yerinə polis əməkdaşları gələrək, kassadan ümumilikdə 450 manat pul oğurlayan şəxsi polis bölməsinə aparmışlar. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,180.2.3-cü maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmiş və onun təqsiri etirafedici ifadəsi ilə yanaşı aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Belə ki, iş materiallarında olan diskə baxış keçirilməsi haqqında 18 mart 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs və müdafiəçisinin iştirakı ilə hadisə yerindən götürülmüş və diskə köçürülmüş görüntüyə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, bir nəfər cavan oğlan kassa aparatına yaxınlaşıb əli ilə kassanı açmaq istəmiş, lakin kassanı açmır, həmin şəxs görüntüdən itir, beş saniyədən sonra isə yenidən kassaya yaxınlaşaraq əli ilə kassanı açır və oradan pulu götürür, bundan sonra isə kassadan uzaqlaşır. Baxış zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin şəxs özüdür. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs "xxxx" MMC-nin ünvan 2 ünvanında yerləşən mağazasından götürdüyü 450 manat pul cinayət işi üzrə maddi sübut kimi tanınaraq, sahibinə təhvil verilmişdir. Eyni zamanda, hadisənin videogörüntüsü əks olunmuş bir ədəd disk iş üzrə maddi sübut kimi tanınaraq, cinayət işinə əlavə edilmişdir. İş materiallarında olan Şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 16 mart 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 18 mart 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 16 mart 2022-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən verilmiş 21 aprel 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 18 iyun 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən, Bərdə Rayon Məhkəməsinin 14 may 2020-ci il il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3- cü maddəsi ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 11 (on bir) ay 08 (səkkiz) gün hissəsi iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla, 05 (beş) ay 19 (on doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən, həmin hökm üzrə təyin edilmiş 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə, ona qəti olaraq 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 05 noyabr 2021-ci il tarixli qərarı ilə vaxtından əvvəl şərti azad olunmuş, cəza müddəti başa çatdığı üçün qeydiyyatdan çıxarılmışdır. Hazırda həmin məhkumluq ödənilməmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Həmin Məcəllənin 83.4-cü maddəsinə əsasən, məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. İş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs vaxtından əvvəl cəza çəkməkdən azad edildiyi gündən iki il keçmədən hazırki cinayət əməlini törətmişdir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,180.2.3-cü maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu və digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin qeyd olunan maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-ci maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən şəxsin barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin təqsirləndirildiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən, həmin cinayətin az ağır cinayətlər sırasına aid edilməsini, Təqsirləndirilən şəxs şəxsiyyətini nəzərə alır. Təqsirləndirilən şəxs cəza təyin edərkən məhkəmə, təqsirləndirilən şəxsin törətdiyi əməli etiraf etməsini və əməlindən peşmançılıq çəkməsini cəzanı yüngülləşdirən hallar, cinayətlərin residivini isə cəzanı ağırlaşdıran hal kimi nəzərə alır. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Məhkəmə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin edərkən, residivə görə cəzanın təyin edilməsinə dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65-ci maddəsinin də tələblərini nəzərə alır. Belə ki, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün azadlıqdan məhrum etmə növündə cəzanın ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən olunmuşdur. İstinad edilən maddənin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin edilən azadlıqdan məhrum etmə növündə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli onun tutulduğu tarixdən, yəni 16 mart 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınan - Təqsirləndirilən şəxs "xxxx" MMC-nin ünvan 2 ünvanında yerləşən mağazasından götürdüyü 450 manat pulun zərərçəkmiş hüquqi şəxsə qaytarılması nəzərə alınmalıdır. İş üzrə maddi sübut kimi tanınan - hadisənin videogörüntüsü əks olunmuş bir ədəd disk cinayət işi üzrə icraat materiallarının saxlanma müddəti ərzində hazırki cinayət işində saxlanılmalıdır. İş üzrə məhkəmə xərci və mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347-349, 351- 353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,180.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin; onun həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəzasının əvvəli 16 mart 2022-ci il tarixdən hesablansın; barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınan - Təqsirləndirilən şəxs "xxxx" MMC-nin ünvan 2 ünvanında yerləşən mağazasından götürdüyü 450 manat pulun zərərçəkmiş hüquqi şəxsə qaytarılması nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınan - hadisənin videogörüntüsü əks olunmuş bir ədəd disk cinayət işi üzrə icraat materiallarının saxlanma müddəti ərzində hazırki cinayət işində saxlanılsın. Hökmdən elan olunduğu (məhkum Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən: Fərid Yaqubov
Məhkəmə qərarları › İş №1(011)-297/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-297/2022
10.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver