Məhkəmə qərarları › İş №1(011)-297/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-297/2024

23.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-297/2024 23.05.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru X3, Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxx 1982-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və vaxtda, satış məqsədi olmadan, qanunsuz olaraq, xeyli miqdarda 01 ədəd bükümdə, təmiz çəkisi 0,327 qram olan narkotik vasitə heroini əldə edib üzərində saxlayaraq daşımış, Xətai RPİ-nin 35-ci PŞnin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində 01 fevral 2024-cü il tarixdə saat 19:30-da ünvan 2 ünvanın yaxınlığında saxlanılıb ünvan 3 yerləşən Xətai RPİnin 35-ci PŞ-nin inzibati binasına gətirilərək müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofan kəsiyinə bükülmüş bükümdə, təmiz çəkisi 0,327 qram olan qəhvəyi rəngli maddə kütləsi, kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, 01 fevral 2024-cü il tarixdə, saat 19:30-da ünvan 2 ünvanın yaxınlığı ilə piyada hərəkət edərkən 2 nəfər mülki geyimli şəxs ona yaxınlaşmışdır. Həmin şəxslər xidməti vəsiqələrini göstərib özlərini polis əməkdaşı kimi təqdim etmişlər. Polis əməkdaşları onun narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu onu bildirib barəsində əməliyyat axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış etmişlər. Polis əməkdaşları onlarla birlikdə getməsi üçün onu Xətai RPİ-nin 35-ci PŞ-nin inzibati binasına dəvət etmişlər. O da hər hansı bir etiraz etmədən polis əməkdaşları ilə birlikdə Xətai RPİ-nin 35-ci PŞ-nə getmişdir. Şöbənin içərisində olan xidməti otaqların birində ona hüquq və vəzifələri izah edilmişdir. Daha sonra hüquqlarının dövlət hesabına müdafiə edilməsi məqsədilə vəkil dəvət edilmişdir. Müdafiəçi və polis əməkdaşlarının iştirakları ilə videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməmişdən əvvəl polis əməkdaşları ona üzərində olan qeyri-qanuni əşya və ya predmetləri könüllü təqdim etməyini təklif etmişlər. Bu təklifdən sonra gizlətməyin heç bir əhəmiyyəti olmadığını başa düşüb əynində olan qara rəngli cins şalvarın sağ yan cibində saxladığı 1 ədəd şəffaf rəngli sellofan kəsiyinə bükülmüş bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Həmin büküm açıldıqda içərisindən tünd qəhvəyi rəngli kütlə aşkar edilmişdir. Polis əməkdaşları ondan təqdim etdiyi bükümün içərisində olan kütlənin nə olmasını, haradan və nə məqsədlə əldə etdiyini soruşduqda təqdim etdiyi bükümün içərisində olan kütlənin narkotik vasitə olan heroin olmasını və şəxsi istifadəsi üçün 01 fevral 2024-cü il tarixdə səhər saatlarında Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən «Həzi Aslanov» metrostansiyasının yaxınlığında üzdən tanıdığı, lakin anket məlumatlarını və əlaqə vasitələrini bilmədiyi şəxsdən şəxsi istifadəsi üçün 20 manat məbləğində nağd pula aldığını bildirmişdir. Sonra üzərinə şəxsi axtarış keçirilsə də üzərindən başqa heç bir şey aşkar olunmamışdır. Bundan sonra isə həyata keçirilmiş bütün hərəkətlər protokollaşdırılmışdır. Təqdim etdiyi 1 ədəd büküm onun və digər iştirakçıların iştirakları ilə içərisi boş olan 1 ədəd zərfə qoyulmuş və zərfin üzəri möhürlənmişdir. Zərfin üzəri o da daxil olmaqla bütün iştirakçılar tərəfindən imzalanmışdır. Həmçinin üzərinə şəxsi axtarış keçirilməsi barədə protokol tərtib olunmuşdur. Protokol ona və digər iştirakçılara ucadan oxunduqdan sonra protokolla tanış olaraq doğruluğunu imzalarla təsdiq etmişdirlər. Ona qarşı hər hansıbir fiziki və ya psixi təsir göstərilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 bildirmişdir ki, 01 fevral 2024cü il tarixdə ona Təqsirləndirilən şəxs Bakı şəhəri, Xətai rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədilə tərəfindən bölmə rəhbərliyinə məruzə edilmişdir. Bölmə rəhbərliyinin göstərişindən sonra Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa olunması üçün əməliyyat tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuşdur. Ondan və Şahid2 ibarət əməliyyat qrupu təşkil olunmuşdur. Bundan sonra o və Şahid2 01 fevral 2024-cü il tarixdə, saat 19:30-da Xətai rayonu, Gəncə prospekti 20A saylı ünvanın yaxınlığına gəlmişlər. Həmin vaxt orada əməliyyat məlumatına əsasən xarici görünüş əlamətlərinə görə Təqsirləndirilən şəxs əlamətləri ilə üst-üstə düşən bir nəfər şəxsin olmasını görüb ona yaxınlaşmışlar. Həmin şəxsə xidməti vəsiqələrini göstərib özlərini təqdim etmişlər. Daha sonra həmin şəxsdən də özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Onlar Təqsirləndirilən şəxs 35-ci PB-nin inzibati binasına dəvət etmişlər. Təqsirləndirilən şəxs buna etiraz etmədikdən sonra onu Xətai RPİ-nin 35-ci PB-nin inzibati binasına gətirmişlər. Bölmədə Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah edilmişdir. Daha sonra onun üçün vəkil dəvət edilmişdir. Bundan sonra video çəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməyə başlanmışdır. Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd bükümü könüllü olaraq çıxarıb təqdim etmişdir. Büküm açıldıqda içərisində tünd qəhvəyi rəngli kütlənin olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs həmin kütləni 01 fevral 2024-cü il tarixdə, saat 14 radələrində «Həzi Aslanov» metrostansiyasının yaxınlığında üzdən tanıdığı, lakin anket məlumatlarını bilmədiyi şəxsdən şəxsi istifadəsi üçün 20 manat məbləğində pula aldığını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi büküm elektron tərəzidə çəkilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 ədəd bükümün içərisində olan kütlə şəxsi axtarışda iştirak edən iştirakçıların iştirakları ilə zərfə qoyulub qablaşdırılmış, zərfin üzəri möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi barədə protokol tərtib olunmuş, tərtib edilmiş protokol iştirakçılara ucadan oxunmuş, iştirakçılar və Təqsirləndirilən şəxs tərəfindən protokolun tərtibatına dair hər hansı bir şikayət, etiraz və ya təklif olmadığından doğruluğu o və digər iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxsə qarşı hər hansı bir fiziki və ya psixi təsir göstərilməmişdir. İbtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında tədqiq olunmuş ifadəsində şahid qismində dindirilmiş Şahid2 bildirmişdir ki, Xətai RPİ-nin 35-ci PB-nin cinayət axtarışı üzrə əməliyyat müvəkkili vəzifəsində işləyir. 01 fevral 2024-cü il tarixdə Təqsirləndirilən şəxs Bakı şəhəri, Xətai rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədilə bölmənin cinayət axtarışı üzrə baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 bölmə rəhbərliyinə məruzə etməsindən sonra Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa olunması üçün bölmə rəhbərliyinin göstərişi əsasında əməliyyat tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuşdur. Əməliyyat tədbirlərinin keçirilməsi üçün bölmənin cinayət axtarışı üzrə baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 rəhbəri olduğu və ondan ibarət əməliyyat qrupu təşkil olunmuşdur. Bundan sonra o və Şahid1 birlikdə daxil olmuş əməliyyat məlumatı əsasında 01 fevral 2024-cü il tarixdə, saat 19:30-da ünvan 2 ünvanın yaxınlığına gəlmişlər. Həmin vaxt orada əməliyyat məlumatına əsasən xarici görünüş əlamətlərinə görə Təqsirləndirilən şəxs əlamətləri ilə üst-üstə düşən təxminən 40-45 yaşlarında olan bir nəfər şəxsin olmasını görüb ona yaxınlaşmışlar. Həmin şəxsə xidməti vəsiqələrini göstərib özlərini təqdim etmişlər. Daha sonra həmin şəxsdən də özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs özünü xx xxxxx 1982-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, isşiz, əvvəllər məhkum olunmamış, ünvan 1-da qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Onlar Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib saxlayaraq onlarla birlikdə getməsi üçün Xətai RPİ-nin 35-ci PB-nin inzibati binasına dəvət etmişlər. Təqsirləndirilən şəxs buna etiraz etmədikdən sonra onu Xətai RPİ-nin 35-ci PB-nin inzibati binasına gətirmişlər. Daha sonra Təqsirləndirilən şəxs polis bölməsinə gətirmələri ilə bağlı tərəfindən bölmə rəhbərliyinə məruzə edilmişdir. Bölmə rəhbərliyinin göstərişi əsasında Təqsirləndirilən şəxs zəruri istintaq hərəkətlərinin aparılması üçün xidmətdə olan təhqiqatçı, polis mayoru Müşfiq Cəbrayılova təhvil vermişlər. Müşfiq Cəbrayılov ilk olaraq Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah etmişdir. Daha sonra ona hüquqlarının dövlət hesabına müdafiə edilməsi üçün vəkil dəvət etmiş və həmin vəkilin iştirakı ilə bir daha hüquq və vəzifələrini izah etmişdir. Bundan sonra bölmənin xidməti otaqlarının birində o, Şahid2 və dövlət hesabına təyin olunmuş müdafiəçinin iştirakı ilə video çəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməyə başlanmışdır. Şəxsi axtarış keçirilməmişdən əvvəl Təqsirləndirilən şəxs üzərində olan qeyri-qanuni və ya dövriyyəsi məhdudlaşdırılmış əşya və ya maddələri könüllü təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs da əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd şəffaf rəngli sellofan kəsiyinə bükülmüş bükümü könüllü olaraq çıxarıb təqdim etmişdir. Büküm açıldıqda içərisində tünd qəhvəyi rəngli kütlənin olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs həmin kütlənin nə olması, kimdən, nə vaxt və necə əldə etməsi soruşulduqda o, həmin kütlənin özünə məxsus olmaqla narkotik vasitə olan heroin olmasını və onu 01 fevral 2024-cü il tarixdə, saat 14 radələrində Bakı şəhəri, Xətai rayonu ərazisində «Həzi Aslanov» metrostansiyasının yaxınlığında üzdən tanıdığı, lakin anket məlumatlarını və əlaqə vasitələrini bilmədiyi şəxsdən şəxsi istifadəsi üçün 20 manat məbləğində pula aldığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan digər geyim paltarları təhqiqatçı, polis mayoru Müşfiq Cəbrayılov tərəfindən yoxlanılsa da hər hansı bir əlavə əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi büküm elektron tərəzidə çəkilərkən narkotik vasitə olan heroinə bənzər kütlənin çəkisinin 0,50 qram olması məlum olmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 ədəd bükümün içərisində olan kütlə şəxsi axtarışda iştirak edən iştirakçıların iştirakları ilə içərisi boş olan 1 ədəd zərfə qoyulub qablaşdırılmış, zərfin üzəri möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi barədə protokol tərtib olunmuş, tərtib edilmiş protokol iştirakçılara ucadan oxunmuş, iştirakçılar və Təqsirləndirilən şəxs tərəfindən protokolun tərtibatına dair hər hansı bir şikayət, etiraz və ya təklif olmadığından doğruluğu o və digər iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 02 fevral 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmış və ibtidai istintaq aparılması üçün icraata qəbul edilmişdir (i.v. 01); şübhəli şəxsin tutulması haqqında 01 fevral 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 19:30-da CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (i.v. 20); şəxsi axtarış və götürmə aparılması haqqında 01 fevral 2024-cü il tarixli protokolun surətindən görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış və götürmə aparılmazdan əvvəl həmin istintaq hərəkətində iştirak edən şəxslərə CPM-də nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilmiş, bundan sonra Təqsirləndirilən şəxs üzərində olan hər hansı qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və sənədlərin könüllü surətdə təqdim olunması təklif edilmiş, bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofana bükülmüş tünd qəhvəyi rəngdə toz şəklində heroinə oxşar maddə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümün içərisində olan maddənin heroin olduğunu və həmin narkotik maddəni xx.xx.2024-cü il tarixdə, saat 14 radələrində H.Aslanov metrostansiyasının yaxınlığında üzdən tanıdığı anket məlumatını bilmədiyi şəxsdən özü istifadə etmək üçün 20 manata aldığını bildirmişdir. Həmin bir büküm narkotik vasitəni qara rəngli cins şalvarın sağ yan cibinə qoymuş və xx.xx.2024-cü il tarixdə təxminən saat 19:30 radələrində ünvan 2 ünvanın qarşısında polis əməkdaşları tərəfindən saxlanılaraq Xətai RPİ-nin 35-ci Polis Bölməsinin inzibati binasına gətirilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş şəffaf rəngli sellofan kəsiyinə bükülmüş bir ədəd bükülü elektron tərəzi ilə çəkilərkən kütlənin çəkisinin 0,50 qram olması müəyyən olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan tərəfindən bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 154 saylı möhürü ilə möhürlənərək götürülmüşdür (i.v. 30-31); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 3-16- 16/2-6/743 nömrəli, 02 fevral 2024-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №154...” dairəvi möhür əksi və “...Əzizov –imza, üç-imza...” yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdə 1 (bir) ədəd bükümdəki təmiz çəkisi 0,327 qram olan qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir (i.v. 37-40); “CD-R” diskə baxış keçirilməsi haqqında 02 fevral 2024-cü il tarixli protokoldan görünür ki, diskdə olan həmin görüntü, şəxsi axtarış və götürmə aparılması haqqında 01 fevral 2024-cü il tarixli protokola uyğun olmuşdur (i.v. 51-52); təqsirləndirilən şəxs qismində cəb etmə haqqında 03 fevral 2024-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir (i.v. 53-54); vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında 03 fevral 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə verilmiş vəsatətin müdafiə edilməsindən imtina edilmiş və o, saxlanıldığı Xətai RPİnin MSY-dən dərhal azad edilmişdir (i.v. 67-68); təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında 03 fevral 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i.v. 69-70); maddi sübut kimi tanınma haqqında 12 fevral 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə həyata keçirilən zaman qeydə alınmış 01 ədəd “DVD-R” formatlı disk maddi sübut kimi tanınmışdır (i.v. 73); maddi sübut kimi tanınma haqqında 19 fevral 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 01 ədəd bükümdə ilkin təmiz çəkisi 0.327 qram olan, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalmış 0.277 qram narkotik vasitə heroin maddi sübut kimi tanınmışdır (i.v. 77); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X4 Şəxsinin xx.xx.2024-cü il tarixli, 1460 saylı ambulator məcburi-narkoloji tibbi yoxlama rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuşdur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (i.v. 91-92); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Xətai RPİ-də Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə başlanmış cinayət işinin icraatına xx.xx.2023-cü il tarixdə xitam verilmişdir (i.v. 94-95); cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında 08 aprel 2024-cü il tarixli qərardan görünür ki, təqsirləndirilən şəxs X2 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmış, təqsirləndirilən şəxs X1 barəsində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmiş, təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, şəxsi axtarış və götürmə, diskə baxış haqqında protokollar, maddi sübut kimi tanınma haqqında qərarlar, məhkəməkimyəvi və məhkəmə-narkoloji ekspertizalarının rəyləri sübut növü kimi qiymətləndirilmişlər, X1 üzərindən aşkar edilərək götürülmüş 01 ədəd bükümdə ilkin təmiz çəkisi 0.327 qram olan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 0.277 qram çəkidə narkotik vasitə heroin maddi sübut kimi tanınmış və Bakı şəhəri Xətai RPİ-nin Növbətçi Hissəsinə təhvil verilmişdir (i.v. 97-103). Məhkəmə iclasında bir ədəd “CD-R” diskə baxış keçirilmiş, diskdə olan video görüntüdən görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış və götürmə aparılmazdan əvvəl həmin istintaq hərəkətində iştirak edən şəxslərə CPM-də nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilir, bundan sonra Təqsirləndirilən şəxs üzərində olan hər hansı qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və sənədlərin könüllü surətdə təqdim olunması təklif edilir, bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofana bükülmüş tünd qəhvəyi rəngdə toz şəklində maddəni çıxarıb təqdim edir. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümün içərisində olan maddənin heroin olduğunu və həmin narkotik maddəni xx.xx.2024-cü il tarixdə, saat 14 radələrində H.Aslanov metrostansiyasının yaxınlığında üzdən tanıdığı anket məlumatını bilmədiyi şəxsdən özü istifadə etmək üçün 20 manata aldığını, həmin bir büküm narkotik vasitəni qara rəngli cins şalvarın sağ yan cibinə qoyduğunu və xx.xx.2024-cü il tarixdə təxminən saat 19:30 radələrində ünvan 2 ünvanın qarşısında polis əməkdaşları tərəfindən saxlanılaraq Xətai RPİ-nin 35-ci Polis Bölməsinin inzibati binasına gətirildiyini bildirir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahının 83-cü qrafasına əsasən təmiz çəkisi 0.327 qram olan kustar üsulla hazırlanmış heroin istehlak miqdarından artıq miqdar hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəməhüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Məhkəmə Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini etiraf etməsini, əməlindən peşman olmasını CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması, üzərindən aşkar edilmiş narkotik vasitə heroinin miqdarı, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, 01 fevral 2024-cü il tarixdən 03 fevral 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət ona təyin edilmiş cəzaya hesablanmalı (CM-69.3), öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ona narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut - Bakı şəhəri Xətai rayon Polis İdarəsinin Növbətçi Hissəsinə təhvil verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, 01 ədəd bükümdə ilkin təmiz çəkisi 0,327 qram olan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,277 qram çəkidə narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd “CD-R” disk iş materiallarında saxlanılmalı (CPM-132), 92 (doxsan iki) manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - ünvan 1 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, əlavə olaraq kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 03 (üç) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 01 fevral 2024-cü il tarixdən 03 fevral 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 04 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzası ona təyin edilmiş 02 (iki) il 03 (üç) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində 02 (iki) il 02 (iki) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut - Bakı şəhəri Xətai rayon Polis İdarəsinin Növbətçi Hissəsinə təhvil verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, 01 ədəd bükümdə ilkin təmiz çəkisi 0,327 qram olan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,277 qram çəkidə psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut – 01 ədəd “CD-R” disk iş materiallarında saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 92 (doxsan iki) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar