Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-298/2021 30.06.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, 02 avuqst 1986-cı ildə Ağdam rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş, Ağdam rayonu, Qaradağlı kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi, 22 saylı peşə litseyinin yataqxanasında yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə, satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq 0,478 qram çəkidə narkotik vasitə olan heroini əldə edib üzərində saxlamaqla daşımış, 02 aprel 2021-ci il tarixdə saat 14 radələrində Xətai RPİ-nin 34-cü PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində ünvan 1 ünvanın yaxınlığında saxlanılaraq PŞ-nə gətirilmiş, üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən çıxardığı 01 ədəd gümüşü rəngli kağıza bükülmüş həmin 0,478 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, Ağdam rayonu, Qasımlı ərazi dairəsi, Qaradağlı kəndində qeydiyyatda olsa da, faktiki olaraq, Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi, 22 saylı peşə litseyinin yataqxanasında yaşayır. Təxminən 1 ilə yaxındır ki, narkotik vasitə olan heroin istifadə edir. İş olduqda şəhərin müxtəlif yerlərində tikinti sahələrində fəhlə kimi çalışıb öz maddi ehtiyaclarını qarşılamışdır. Narkotik vasitə istifadəçisi olduğundan bir neçə gündən bir Neftçilər metrostansiyası yaxınlığında üzdən tanıdığı şəxsdən narkotik vasitə alır. Həmin narkotik vasitəni aldıqdan sonra evində qəbul etmişdir. Cibində bir az pul olduğundan narkotik maddə əldə etmək üçün yenidən Neftçilər metrostansiyası yaxınlığında yerləşən məhəlləyə getmişdir. Neftçilər metrostansiyası yaxınlığına çatanda artıq axşam saatları olmuşdur. Narkotik vasitəni aldığı məhəlləyə girən zaman, ona narkotik maddə satan şəxsin orada olmadığını görmüşdür. Təxminən yarım saat gözlədikdən sonra həmin şəxsi məhəllədə görmüş və ona yaxınlaşmışdır. 10 manat müqabilində 01 büküm narkotik vasitə almış və yaşadığı mənzilə getmişdir. Narkotik vasitələrdən çox az miqdarda istifadə etdiyindən, aldığı narkotik vasitəni istifadə etməyərək cibində saxlamışdır. 02 aprel 2021-ci il tarixdə saat 14 radələrində ünvan 2 ünvanının qarşısından keçərkən özlərini polis əməkdaşları kimi təqdim edən 2 şəxs ona yaxınlaşıb onlarla birlikdə Xətai RPİ-nin 34-cü polis şöbəsinə getməli olduğunu bildirmişlər. O da, polis əməkdaşları ilə razılaşıb polis şöbəsinə getmişdir. Polis şöbəsinə gətirildikdən sonra orada ona vəkillər siyahısı təqdim edilərək siyahıda olan vəkillərdən istənilən vəkili seçə biləcəyi ona bildirilmişdir. O, dövlət hesabına olan istənilən vəkilin hüquqlarının müdafiə edilməsinə etirazının olmadığını bildirmişdir. Bundan sonra vəkil dəvət olunmuş, vəkilin və polis əməkdaşlarının iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmişdir. Axtarış keçirilməmişdən əvvəl ona, üzərində, paltarlarında qanunla dövriyyəsi qadağan olunmuş hər hansı bir əşya vardırsa təqdim etməyi təklif olunmuşdur. Bundan sonra o, əynində olan qara şalvarın sağ yan cibindən 01 ədəd bükülünü çıxarıb masanın üzərinə qoymuş və həmin bükümdə narkotik vasitə olan heroin olduğunu bildirmişdir. Əməlindən peşmandır və bir daha belə hallara yol verməyəcəyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, saxlaması və qəbul etməsi barədə şöbənin əməliyyat müvəkkili, polis leytenantı Abbas Nəzərova əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatla bağlı əməliyyat-axtarış tədbiri keçirilməsi üçün şöbə rəhbərliyi tərəfindən müvafiq əmr imzalanmış və 2 nəfərdən ibarət əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun rəhbəri, şöbənin əməliyyat müvəkkili polis leytenantı X3, digər üzvü isə o olmuşdur. 02 aprel 2021-ci il tarixdə saat 14 radələrində zahiri əlamətlərinə görə Təqsirləndirilən şəxs oxşar şəxsi ünvan 3 ünvanının yaxınlığında görüb onu saxlamışlar. Xidməti vəsiqələrini göstərərək özlərini saxladıqları şəxsə təqdim etmiş və həmin şəxsi 34-cü polis şöbəsinə dəvət etmişlər. Həmin şəxsin gətirilməsi ilə bağlı şöbə rəhbərliyinin adına raport yazmışlar. Polis şöbəsində məlum olmuşdur ki, həmin şəxs 08.02.1986-cı ildə Ağdam rayonu, Qaradağlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, məhkum olunmuş, subay, Ağdam rayonu, Qaradağlı kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi 22 saylı peşə litseyinin yataqxanasında yaşayan Təqsirləndirilən şəxsdur. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürülmə aparılması zərurəti yarandığından, şöbəyə müdafiəçi dəvət olunmuşdur. Onun, müdafiəçinin, Xətai RPİ-nin 34-cü PŞ-nin əməliyyat müvəkkili, polis leytenantı Abbas Nəzərovun iştirakı ilə videoçəkilişdən istifadə edilməklə şübhəli şəxs Təqsirləndirilən şəxs oğlunun üzərində şəxsi axtarış və götürmə keçirilmişdir. Şəxsi axtarış zamanı təhqiqatçı Elbrus Məmmədov, Təqsirləndirilən şəxs qanunla nəzərdə tutulmuş hüquq və vəzifələrini izah etmiş, daha sonra şübhəli şəxsə üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyanı təqdim etməsini təklif etmişdir. Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd gümüşü rəngli kağıza bükülmüş bükülünü çıxarıb masanın üzərinə qoymuşdur. Təhqiqatçı şübhəli şəxs Təqsirləndirilən şəxs bükümün içərisində nə olmasını soruşmuş, sonuncu bükümün içərisində narkotik vasitə olduğunu bildirmişdir. Daha sonra təhqiqatçı həmin narkotik vasitəni nə məqsədlə və kimdən aldığını soruşmuş, Təqsirləndirilən şəxs, tanımadığı şəxsdən öz istifadəsi üçün aldığını bildirmişdir. Bundan sonra təhqiqatçı şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində narkotik vasitədən başqa hər hansı bir qanunla qadağan olunmuş əşya və predmet olmasını soruşmuşdur.Təqsirləndirilən şəxs xeyr cavabı verdikdən sonra təhqiqatçı onun üzərində şəxsi axtarış aparmış və qanunla qadağan olunmuş heç bir əlavə əşya və predmet aşkar olunmamışdır. Həmin narkotik vasitəybənzər maddənin çəkisini müəyyən etmək həmin maddə elektron tərəzidə çəkilmiş və bükümün çəkisinin 0,84 qram olması müəyyən edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 01 ədəd bükülü onların qarşısında zərfə qoyularaq qablaşdırılmış və Azərbaycan Respublikası DİN-nin “Zərflər üçün” 153 saylı möhürü ilə möhürlənmişdir. Həmin zərfin üzəri şübhəli şəxs Təqsirləndirilən şəxs, müdafiəçi və polis əməkdaşları tərəfindən imzalanmışdır. Şahid qismində dindirilmiş X3 ibtidai istintaq zamanı verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində şahid X1 ifadəsinə uyğun ifadə verərək həmin xüsusatları təsdiq etmişdir (i.v. 105-108) İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 03 aprel 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin tərkibi olduğundan onun barəsində ********* saylı cinayət işi başlanılmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir (i.v.01); şübhəli şəxsin tutulması haqqında 02 aprel 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 14:40 radələrində CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (i.v.20); şəxsi axtarış və götürmə aparılması haqqında 02 aprel 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd gümüşü rəngli kağıza bükülmüş bükülünü çıxarıb masanın üzərinə qoyur. Təqsirləndirilən şəxs təqdim etdiyi həmin bükülünün içərisində narkotik vasitə heroin olduğunu, həmin narkotik vasitəni Neftçilər metrosunun yaxınlığındakı ərazidən tanımadığı şəxsdən öz şəxsi istifadəsi üçün 10 manata aldığını bildirmişdir(i.v.30-32); Məhkəmə-kimyəvi ekspertizasının 03.04.2021-ci il tarixli, 6/1303 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: “Təqsirləndirilən şəxs...” yazısı olan zərfdəki 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,478 qram qəhvəyi rəngli toz şəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir.Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in İ siyahısına daxildi (i.v.49-54); 04 aprel 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş ittiham elan edilmişdir (i.v. 60- 61); Bakı şəhəri Xətai rayon məhkəməsinin 04.04.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir(i.v.82- 83); Şəki şəhəri Yeni Çəlibixan məcburi köçkünlər qəsəbəsi üzrə icra nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur (i.v.84); Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən və Nizami rayon məhkəməsindən alınmış hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Nizami rayon məhkəməsinin 27.06.2003-cü il tarixli hökmü ilə CM-nin 185.2.1, 185.2.2-ci maddələri ilə təqsirli bilinmiş, CM-nin 70-ci maddəsi tətbiq olunmaqla 02 il sınaq müddəti ilə şərti hesab edilmişdir. ACDİÜ AR Məhkəməsinin 26.05.2009-cu il tarixli hökmü ilə CM-nin 120.1 və 228.4-cü maddəsi ilə təqsirli bilinərək 11 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. 20.10.2011-ci il tarixli Nizami rayon məhkəməsinin hökmünə əsasən CM-nin 317-2.1-ci maddəsilə təqsirli bilinərək 08 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. 06.11.2012-ci il tarixdə Nizami rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-nin 317-2.1-ci maddəsilə təqsirli bilinərək Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən 08 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 13.11.2019-cu il tarixdə Qaradağ rayon məhkəməsinin qərarı ilə 11 ay 23 gün vaxtından əvvəl şərti azad olunmuş, 06.11.2020-ci il tarixdə cəza müddəti başa çatdığı üçün qeydiyyatdan çıxarılmışdır. (i.v. 92-94,116-117) Məhkəmə-narkoloji ekspertizasının 07.04.2021-ci il tarixli, 974 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intiksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması il əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür(i.v.109-110); sübutların qiymətləndirilməsi haqqında 01.06.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 01 ədəd bükümdə ilkin təmiz çəkisi 0,478 qram olan narkotik vasitə olan heroin maddi sübut kimi tanınmış və qalıq qalmış 0,428 qram çəkidə narkotik vasitə olan heroinin saxlanış üçün Xətai RPİ-nin saxlanc anbarına təhvil verilmiş, 1 ədəd “CD” formatlı disk isə maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir(i.v.122-128); bir ədəd “DVD” diskdə olan videogörüntüdən görünür ki, həmin görüntü, şəxsi axtarış və götürmə aparılması haqqında 02 aprel 2021-ci il tarixli protokola uyğun olmuşdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahının 5-ci qrafasına əsasən təmiz çəkisi 0,478 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə – heroin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində cəza çəkmə müəssisələrində çəkməsi müəyyən edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 65.2-ci maddəsinə görə residivə görə cəzanın müddəti törədilmiş cina.yətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.2 və 83-cü maddələrinin şərh edilməsi ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 22 dekabr 2010-cu il tarixli qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.2-ci maddəsində nəzərdə tutulmuş cəzalar toplandıqda məhkumluğun ödənilmə müddətinin axımı cinayətlərin və ya hökmlərin məcmusu üzrə təyin edilmiş qəti cəzanın çəkilib qurtarması və ya cəzadan azad edilməsi anından başlayır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkumluğun anlayışı Azərbaycan Respublikası CM-nin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin «məhkum olunmuş şəxs» müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Eyni zamanda həmin qərarda qeyd edilmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. Məhkəmə, Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami rayon məhkəməsinin 27.06.2003cü il tarixli hökmü üzrə olan məhkumluğunu CM-nin 83.3.1-ci maddəsinə əsasən ödənildiyindən, Bakı şəhəri Nizami rayon məhkəməsinin 20.10.2011-ci il tarixli və 06.11.2012-ci il tarixli hökmləri üzrə olan məhkumluğu isə böyük ictimai təhlükə törətməyən cinayətlər olduğundan CM-nin 18.4-cü maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı nəzərə almır. Bununla belə Təqsirləndirilən şəxs barəsində olan ACDİÜ AR Məhkəməsinin 26.05.2009-cu il tarixli hökmü üzrə olan məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsini, yəni cinayətlərin residivini iş üzrə CM-nin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən, ona təyin ediləcək cəza təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzasının son həddinin yarısından az olmamalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.), az ciddi cəza növünün cəzanın məqsədlərini təmin edə bilməməsi nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəza təyin edilərkən cinayətlərin residivi nəzərə alınmalı (CM- 65.2.), cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu tarixdən hesablanmalı (CPM-158.2.1., 158.6), cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.3.), barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan Xətai RPİ-nin saxlanc anbarına təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 01 ədəd bükümdə ilkin təmiz çəkisi 0,478 qram olan tədqiqatdan sonra qalıq qalmış 0,428 qram çəkidə narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 1 ədəd “CD” formatlı disk iş materiallarında saxlanılmalı (CPM-132), 114( yüz on dörd) manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, HÖKM E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 02 aprel 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut – Xətai RPİ-nin saxlanc anbarına təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 01 ədəd bükümdə ilkin təmiz çəkisi 0,478 qram olan tədqiqatdan sonra qalıq qalmış 0,428 qram çəkidə narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 1 ədəd “CD” formatlı disk iş materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №1(011)-298/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-298/2021
30.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver