Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-298/2024 30.05.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi, Dövlət ittihamçısı Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə 10 avqust 1975-ci ildə Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər Bakı şəhər Xətai rayon Məhkəməsinin 14 noyabr 2022-ci il tarixli hökmü ilə AR Cinayət Məcəlləsinin 234.1–ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 01 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzasina məhkum edilmiş, cəzasını çəkmiş, lakin məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və Bakı şəhəri, Xətai rayonu, Kənd Əhmədli qəsəbəsində fərdi tikilmiş evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilərək AR Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Xətai Rayon Məhkəməsinə daxil olan ********* saylı cinayət işi üzrə ibtidai istintaq orqanı müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda bir ədəd bükümdə təmiz çəkisi 0,379 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış, Xətai RPİ-ni 34-cü Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində 12 fevral 2024-cü il tarixdə saat 16:15-də Bakı şəhəri, Xətai rayonu, ünvan 3 ünvanın yaxınlığında saxlanılıb ünvan 4İ-nin 34-cü PŞ-nə gətirilərək videoçəkilişdən istifadə etməklə müdafiəçinin iştirakı ilə aparılan şəxsi axtarış və götürmə zamanı əynində olan tünd göy rəngli cins şalvarın qabaq sağ yan cibindən, bir ədəd ağ rəngli kağıza bükülmüş vəziyyətdə təmiz çəkisi 0,379 qram olan boz rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin səmimi etirafı, şahid ifadələri, ekspert rəyi, şəxsi axtarış və götürmə aparılması haqqında protokol, video çəkilişə baxış protokolu və işin tədqiq olunmuş digər halları ilə aşağıdakı qaydada tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə elan edilən ittiham üzrə özünü təqsirli bilmiş və istintaq zamanı verdiyi ifadəsini təsdiqləyərək göstərmişdir ki, 4 ildir ki narkotik vasitə heroindən istifadə edir. 12 fevral 2024-cü il tarixdə saat 11 radələrində Bakı şəhəri, Nizami rayonu, “Neftçilər” metrostansiyasının yaxınlığında üzdən tanıdığı şəxsdən 20 manat müqabilində narkotik vasitə heroin almış və əynində olan cins şalvarın cibinə qoymuşdur. Həmin gün saat 16 radələrində Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 92 ünvanının yaxınlığında olan zaman 2 nəfər mülki geyimli şəxs ona yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşları olduqlarını, narkotik vasitələrin istifadəsində şübhəli olduğunu bildirib onu Xətai RPİ-nin 34-cü PŞ-nə dəvət etmişlər. Polis şöbəsində narkotik vasitələrin dövriyyəsində şübhəli olduğu və üzərində şəxsi axtarış keçiriləcəyi ona bildirilmişdir. Daha sonra müdafiəçinin iştirakı ilə videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilmişdir. Həmin zaman əynində olan tünd göy rəngli cins şalvarın qabaq sağ yan cibində saxladığı 01 ədəd ağ rəngli kağıza bükülmüş bükümü çıxarıb masanın üzərinə qoyaraq, həmin bükümün içərisində narkotik vasitə heroin olduğunu bildirmişdir. Üzərindən aşkar olunmuş maddə zərfə qoyulub möhürlənmişdir. Daha sonra əməlindən peşman olduğunu, səmimi etirafını nəzərə alaraq ona nisbətən yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Xətai RPİ-nin 34-cü PŞ-nin sahə inspektoru Şahid2 ifadəsində göstərmişdir ki, 12 fevral 2024-cü il tarixdə Təqsirləndirilən şəxs Bakı şəhəri, Xətai rayonu ərazisində narkotik vasitələrin qanunsuz qəbul etməsi və üzərində saxlaması barədə məlumat daxil olmuş, Təqsirləndirilən şəxs cinayət xarakterli əməlini ifşa edilməsi məqsədi ilə Xətai RPİ-nin 34-cü PŞ-nin CA üzrə əməliyyat müvəkkili Şahid1 tərəfindən əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuşdur. Bu səbəbdən ondan və Şahid1 ibarət əməliyyat qrupu yaradılmışdır. 12 fevral 2024-cü il tarixdə saat 16:15-da Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 92 ünvanının qarşısında Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim edərək narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib onu saxlayaraq Xətai RPİ-nin 34-cü PŞnə dəvət etmişlər. Şöbədə təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etməsi üçün vəkil dəvət edilmiş, həmin vəkilin iştirakı ilə onu şübhəli şəxs qismində tutmaqla hüquq və vəzifələrini izah edilmişdir. Bundan sonra onların və müdafiəçinin iştirakı ilə “Panasonic” markalı videokameradan Xətai RPİ-nin KTQ-nun inspektor kriminalisti Səftər Heydərov tərəfindən aparılan videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan əynində olan tünd göy rəngli cins şalvarın qabaq sağ yan cibindən, 01 ədəd ağ rəngli kağıza bükülmüş bükümü təqdim edərək həmin maddənin “kakos” adlanan narkotik vasitə heroin olmasını, 12 fevral 2024-cü il tarixdə səhər saatlarında Bakı şəhəri, Nizami rayonu, “Neftçilər” metrostansiyasınm yaxınlığında adını bilmədiyi və tanımadığı şəxsdən 20 manat pul verib şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Həmin büküm açılmış və iştirakçılara nümayiş etdirilmiş, bükümün içərisinə baxdıqda bükümün içərisində qəhvəyi rəngli, toz şəkilli maddə olması müəyyən edilmişdir. Bundan sonra Rasimin üzərindən aşkar olunmuş kütlə qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Bu barədə protokol tərtib olunmuş, iştirakçılara ucadan oxunmuş, iştirakçılar və Rasim tərəfindən həmin protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxsin səmimi etirafı nəzərə alınaraq iştirakını təmin edilməsi mümkün olmayan Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilərək tədqiq edilmişdir. Onun ifadəsi məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsinə oxşar məzmunlu olmuş və cinayət işinin yuxarıda göstərilən xüsusatlarını bir daha təsdiq etmişdir. İfadələr arasında heç bir ziddiyyət müəyyən edilməmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli şəxsi axtarış və götürmə aparılması barədə protokoldan görünür ki, Xətai RPİ-nin 34-cü PŞ-də Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş etməklə baxış keçirilən zaman ona əşyalarında və bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və sənədləri könüllü surətdə verilməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli cins şalvarın qabaq sağ yan cibindən, bir ədəd ağ rəngli bükümü çıxarıb təqdim etmiş və həmin maddənin heroin olmasını, şəxsi istifadəsi üçün 20 manat müqabilində almasını etiraf edir. Aşkar edilmiş maddə kağız zərfə qoyularaq qablaşdırılmış və zərfin üzəri möhürlənmişdir. İş materiallarına əlavə edilmiş 13 fevral 2024-cü il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan məlum olur ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntüsü olan 01 ədəd CD-R formatlı diskə baxış keçirilmiş və baxış zamanı Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki tünd göy rəngli cins şalvarın qabaq sağ yan cibindən bir ədəd ağ rəngli bükümü çıxarıb təqdim etməsi və həmin maddənin zərfdə qablaşdırılması, möhürlənməsi öz təsdiqini tapmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-kimyəvi ekspertizanın xx.xx.2024-cü il tarixli 3-16-16/2- 6/851 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, zərflər üçün № 152 dairəvi möhür əksi olan, "Təqsirləndirilən şəxs” sözləri, soyadlar və imzalar qeyd edilmiş bir ədəd zərfin içərisində 01 ədəd bükümdəki təmiz çəkisi 0,379 qram olan boz rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Tədqiqatdan sonra qalıq – 0.329 qram. İş materiallarına əlavə edilmiş ambulator məcburi-narkoloji tibbi yoxlamasının 06 aprel 2024-cü il tarixli 2249 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur, narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan xx.xx.2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan məlum olur ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq 0.329 qram narkotik vasitə heroin saxlanılması üçün Xətai RPİ-nin saxlanc anbarına təhvil verilmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə keçirilməsini özündə əks etdirən 01 ədəd CD-R disk maddi sübut kimi tanınmış və iş materiallarına əlavə olunmuşdur. İş materiallarında olan 12 fevral 2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 12 fevral 2024-cü il tarixdə şübhəli şəxs kimi tutulmuşdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli Bakı şəhər Xətai Rayon Məhkəməsinin qərarından məlum olur ki, Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbsin əvvəli 12 fevral 2024-cü il tarixdən hesablanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən və Bakı şəhər Xətai rayon məhkəməsinin xx.xx.2022-cı il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və CM-nin 66.5-ci maddəsinə əsasən qəti olaraq 01 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Bakı şəhər Xəzər rayon Məhkəməsinin xx.xx.2023-cı il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs cəza çəkməkdən 03 ay 20 gün vaxtından əvvəl şərti olaraq azad edilmişdir. Məhkumluğu ödənilməmişdir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Azərbaycan Respublikasının xx.xx.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları»nda ittiham aktında göstərilən narkotik vasitənin miqdarı xeyli miqdar kimi müəyyən edilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən hazırda müəyyən edilmiş əməl narkotik vasitələrin, qanunsuz əldə edilməsi və qanunsuz saxlanması kimi müəyyən edilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyləri, onun özünün, şahidlərin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdikləri ifadələri, digər iş materialları ilə onun istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə heroini əldə edib özündə saxlama və daşıma cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin residivini, xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs səmimi etirafını, əməlindən peşman olmasını cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Göründüyü kimi Təqsirləndirilən şəxs cəzanı çəkib qurtardığı gündən yeni cinayət törətdiyi günə qədər 02 il müddət keçməmiş, məhkumluğu ödənilməmiş və vaxtından əvvəl götürülməmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən əvvəllər məhkum olunmuş Təqsirləndirilən şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Məhkəmə, cinayətin residivini Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal hesab edir. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə uyğun olaraq, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. Azərbaycan Respublikasının CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə cəzanın növünü və həddini təyin edərkən CM-nin yuxarıdakı tələblərinə əməl edərək cinayətin residivini, xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini nəzərə alır. Bununla bağlı məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. Göstərilənləri əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən residiv nəzərə alınmaqla müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs əvvəllər azadlıqdan məhrumetmə növündə cəza çəkdiyini nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublıkası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə uyğun olaraq o, hazırki hökmlə təyin ediləcək cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir və cəzaçəkmə müddətinin əvvəli tutulduğu vaxtdan hesablanmalıdır, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-1.1-ci maddəsinə əsasən alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinin məqsədi həmin şəxslərin müalicə olunması, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılması, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılması, gələcəkdə həmin şəxslər tərəfindən insan psixikasına təsir göstərən maddələrdən sui-istifadənin və yeni cinayətlər törədilməsinin qarşısının alınmasından ibarətdir. Məhkəmə ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyi ilə müalicəyə ehtiyacı olduğunu nəzərə alaraq Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunmasını, həmçinin onun ərazi narkoloji dispanserdə qeydiyyatda alınmasını məqsədəmüvafiq sayır. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınan, Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin saxlanc anbarına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış ümumi çəkisi 0.329 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmasını əks etdirən 01 ədəd disk maddi sübut kimi tanındığından iş materiallarında saxlanılmalıdır. Məhkəmə hesab edir ki, ekspertiza tədqiqatının dəyəri – 65 (altmış beş) manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-nin 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 12 fevral 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan 01 ədəd disk iş materiallarında saxlanılsın. Maddi sübut kimi tanınmış Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin saxlanc anbarına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 0.329 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə aparılmış məhkəmə ekspertizası dəyəri 65 (altmış beş) manat Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinə keçirilsin. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən: Bəxtiyar Məmmədov
Məhkəmə qərarları › İş №1(011)-298/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-298/2024
30.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver