Məhkəmə qərarları › İş №1(011)-299/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-299/2023

18.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-299/2023 18.05.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Təhməzov Nəcməddin Azər oğlunun katibliyi, Dövlət ittihamçısı Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1983-cü ildə Ağdaş rayonunda anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İstintaq orqanı ********* saylı cinayət işi üzrə müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 01 ədəd bükümdə təmiz çəkisi 0,531 qram narkotik vasitə olan heroini əldə edib üzərində saxlamaqla daşımış, Xətai RPİ-nin 36-cı PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində 01 fevral 2023-cü il tarixdə saat 15:30 radələrində Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi 73 ünvanının qarşısında saxlanılıb, ünvan 2əşən Xətai RPİ-nin 36-cı PB-nə gətirilərək müdafiəçinin iştirakı və videoçəkilişlə keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofana bükülmüş təmiz çəkisi 0,531 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin səmimi etirafı, şahidlərin ifadələri, ekspert rəyi, şəxsi axtarış və götürmə aparılması haqqında protokol, video çəkilişə baxış protokolu və işin tədqiq olunmuş digər halları ilə aşağıdakı qaydada tam sübuta yetirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilmiş və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiqləyərək göstərmişdir ki, himayəsində 3 yetkinlik yaşına çatmayan övladı vardır. Rəsmi olaraq heç bir yerdə işləmir. 4 aydır ki, narkotik vasitələrdən istifadə etməyə başlamışdır. Sonuncu dəfə 01 fevral 2023-cü il tarixdə saat 14:00 radələrində Xətai rayonu, “Həzi Aslanov” metrosu yaxınlığında Rasim adlı şəxsdən 20 manata heroin almışdır. Bundan təxminən bir neçə saat sonra Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi 73 ünvanının qarşısında dayandığı zaman polis əməkdaşları ona yaxınlaşıb onu polis bölməsinə dəvət etmişlər. 36-cı PB-də ona narkotik vasitələri üzərində daşımaqla qanunsuz dövriyyəsində şübhəli bilinməyi ilə bağlı məlumat vermişlər. Həmin polis bölməsində təhqiqatçı tərəfindən dövlət hesabına müdafiəçi təyin olunduqdan sonra, onun hüquq və vəzifələri izah olunmuş, daha sonra isə üzərinə şəxsi axtarış keçirilməsi barədə xəbərdar olunmuşdur. 36-cı PB-də müdafiəçi və videoçəkiliş ilə üzərinə şəxsi axtarış keçirilməyə başlanmışdır. Təhqiqatçı ona üzərində qanunla qadağan olunmuş hər hansı əşya və predmetin vardırsa təqdim edilməsini bildirdikdə, o, əynində olan göy rəngli şalvarın sağ cibindən bir ədəd sellofan bükümdə olan heroini çıxarıb masanın üzərinə qoyaraq təqdim edərək özünə məxsus olduğunu bildirmişdir. Üzərindən aşkar edilmiş narkotik vasitə heroin bir ədəd zərfdə qablaşdırılmış və onun tərəfindən, o cümlədən müdafiəçi, polis əməkdaşları tərəfindən imzalanmış və möhürlənmişdir. Tutulduğu tarixdən sonra əməlini dərk etmiş narkotik vasitələrdən uzaqlaşmış və bir daha qəbul etməmişdir. Daha sonra təqsirləndirilən şəxs son sözündə əməlindən peşman olmasını, ilk dəfə cinayət törətdiyini, himayəsində azyaşlı uşaqlarının olmasını qeyd edərək ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, o, Xətai RPİ-nin 36-cı PB-nin cinayət axtarış üzrə baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 01 fevral 2023-cü il tarixdə Təqsirləndirilən şəxs Bakı şəhəri, Xətai rayonu ərazisində narkotik qanunsuz qəbul etməsi və üzərində saxlaması barədə daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə onun tərəfindən əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuşdur. Buna görə də ondan və Xətai RPİ-nin 36-cı PB-nin əməliyyat müvəkkili Şahid2 ibarət əməliyyat qrupu təşkil olunmuşdur. Bundan sonra o və Vəfadar birlikdə məlumat əsasında həmin gün saat 15:30 radələrində ünvan 4 ünvanının qarşısına getmişlər. Həmin vaxt onlar xarici görkəm əlamətlərinə görə Elşadın əlamətləri ilə üst-üstə düşən bir nəfər şəxsin orada olmasını və özünü şübhəli apardığını görüb, həmin şəxsə yaxınlaşıb xidməti vəsiqələrini göstərib özlərini təqdim etmişlər və həmin şəxsdən də özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Onlar Elşada narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib sonuncunu saxlayaraq Xətai RPİ-nin 36-cı PB-nə dəvət etmişlər. Elşad da buna etiraz etmədikdən sonra sonuncunu PB-nə apararaq barəsində araşdırma aparılması üçün təhqiqatçı Ramil İsmayılova təhvil vermişlər. Ramil İsmayılov da Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etməsi üçün vəkil dəvət edərək həmin vəkilin iştirakı ilə sonuncunu şübhəli şəxs qismində tutmaqla hüquq və vəzifələrini izah etmişdir. Bundan sonra onların və müdafiəçinin iştirakı ilə videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməyə başlanmışdır. Şəxsi axtarış keçirməmişdən əvvəl Elşada üzərində qeyri-qanuni maddə və ya əşya varsa çıxarıb təqdim etməsi təklif edilmişdir. Elşad da əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd sellofan bükümü çıxarıb masanın üzərinə qoyaraq həmin bükümün içərisində narkotik vasitə heroin olduğunu, həmin maddəni xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Xətai rayonu, Həzi Aslanov metrostansiyasının yaxınlığında Rasim adlı şəxsdən şəxsi istifadəsi üçün 20 manata aldığını bildirmişdir. Bundan sonra axtarış iştirakçılarının iştirakı ilə Elşadın üzərindən aşkar olunmuş kütlə qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxsin səmimi etirafı nəzərə alınaraq iştirakı təmin edilməsi mümkün olmayan Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilərək tədqiq edilmişdir. Onun ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmə iclasında dindirilən Şahid1 ifadəsinə oxşar olmuş və cinayət işinin yuxarıda sadalanan xüsusatları ilə heç bir ziddiyət təşkil etməmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli şəxsi axtarış və götürmə aparılması barədə protokoldan görünür ki, Xətai RPİ-nin 36-cı PB-nə Təqsirləndirilən şəxs Bakı şəhəri, Xətai rayonu ərazisində narkotik vasitə qanunsuz dövriyyəsi ilə bağlı daxil olmuş məlumat əsasında Xətai RPİ-nin 36-cı PB-nin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı sonuncu 01 fevral 2023-cü il tarixdə saat 15:30 radələrində ünvan 5 ünvanın qarşısında Xətai RPİ-nin 36-cı PB-nin əməkdaşları tərəfindən saxlanılaraq Xətai RPİ-nin 36-cı PB-nin inzibati binasına gətirilmiş, videoçəkilişdən istifadə edilməkdə üzərində şəxsi axtarış aparılan zaman, ona üzərində qanunla dövriyyəsi qadağan edilmiş yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmiş və sonuncu əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofan bükümdə qəhvəyi rəngli maddəni çıxarıb təqdim edərək həmin maddənin “kakos” olduğunu bildirmiş, həmin maddənin 01 fevral 2023-cü il tarixdə Bakı şəhəri, Xətai rayonu, “Həzi Aslanov” metrostansiyasının yaxınlığında Rasim adlı şəxsdən şəxsi istifadəsi üçün 20 manat müqabilində aldığını bildirmişdir. Keçirilmiş istintaq hərəkətinin görüntüsü olan 01 ədəd DVD disk protokola əlavə edilmişdir. İş materiallarında olan Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 02 fevral 2023-cü il tarixli 6/629 saylı rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində AR DİN “Zərflər üçün №151” möhür əksi və “...Təqsirləndirilən şəxs” və s. yazılar, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,531 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir (tədqiqatdan sonra qalıq 0,481 qr). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X4 Şəxsinin 09 mart 2023-cü il tarixli 1373 saylı rəyindən göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan 16 mart 2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan məlum olur ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 01 ədəd zərfin içərisində bir ədəd bükümdə çəkisi 0,481 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin, habelə onun üzərində şəxsi axtarış və götürmə aparılarkən qeydə alınmış video çəkiliş əks olunan 01 ədəd DVD disk iş üzrə maddi sübut qismində tanınmışdır. Narkotik vasitə heroin saxlanılması üçün Xətai RPİ-nin saxlancına təhvil verilmiş, 01 ədəd disk isə cinayət işinə əlavə olunmuşdur. İş materiallarında olan tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 01 fevral 2023-cü il tarixdə saat 15:30-da şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Xətai rayon prokuroru Sərdar İmanov tərəfindən qəbul edilmiş 03 fevral 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi haqqında vəsatətin müdafiə edilməsindən imtina edilmiş və dərhal saxlanıldığı Xətai RPİ MSY-dən azad edilmişdir. İş materiallarında olan 03 fevral 2023-cü il tarixli qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamə əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2008-ci il təvəllüdlü X3, xx.xx.2012-ci il təvəllüdlü X1 və xx.xx.2018-ci il təvəllüdlü X2 adlı üç azyaşlı övladı var. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət, yəni satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroini qanunsuz olaraq əldə edib daşıyaraq üzərində saxlaması məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyi, onun özünün səmimi etirafı, şahidlərin ifadələri, digər iş materialları ilə tamamilə sübuta yetirildi. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən onun əməlindən peşman olmasını, ilk dəfə az ağır cinayət törətməsini, himayəsində 3 azyaşlı övladının olmasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxsin müsbət xasiyyətləndirilməsi, şəxsiyyəti, özünə tənqidi yanaşması, doğrudan da əməlindən peşman olması, azyaşlı övladlarının olmasını, əməlində yüngülləşdirici halların mövcud olması, ağırlaşdırılan halların olmaması kimi hallar məhkəmənin diqqətini cəlb etmişdir. Məhkəmə hesab edir ki, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri, həmçinin yuxarıda sadalanan bütün hallar nəzərə alınmalıdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs kimi saxlanıldığı 02 gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə nəzərə alınmaqla ona təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri və Abşeron rayonu ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini günün müəyyən vaxtı tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyi ilə müalicəyə ehtiyacı olduğunu nəzərə alaraq Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunmasını, həmçinin onun ərazi narkoloji dispanserdə qeydiyyatda alınmasını məqsədəmüvafiq sayır. Maddi sübutla bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və saxlanılması üçün Xətai Rayon Polis İdarəsinin saxlanc anbarına verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 01 ədəd zərfin içərisində bir ədəd bükümdə təmiz çəkisi 0,481 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Maddi sübut kimi tanınmış şəxsi axtarış və götürməni əks etdirən 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza tədqiqatının dəyəri 110 (yüz on) manat Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-nin 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il 07 (yeddi) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs kimi saxlandığı 02 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə nəzərə alınmaqla təyin olunmuş 01 (bir) il 07 (yeddi) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasından 04 (dörd) gün çıxılmaqla onun üzərində qəti olaraq 01 (bir) il 06 (altı) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri və Abşeron rayonu ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini saat 23:50-dən 07:00-dək tərk etməmək və elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Maddi sübut kimi tanınmış Xətai Rayon Polis İdarəsinin saxlanc anbarına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,481 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Maddi sübut kimi tanınmış şəxsi axtarış və götürməni əks etdirən 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri 110 (yüz on) manat Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinə keçirilsin. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Bəxtiyar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar