Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-30/2022 16.05.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Bakı şəhəri 21 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1991-ci ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan təbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə X1 etibarından suiistifadə edib, Zərərçəkmiş şəxs2 tərəfindən “Lalafo.az” elanlar saytında yerləşdirilmiş “Samsung S20+” markalı mobil telefon aparatını almaq adı ilə Zərərçəkmiş şəxs2 məxsus mobil nömrəyə zəng edərək telefonu almaq istədiyini bildirib, yoxlatdırmaq üçün işlətdiyi Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi 63 ünvanında yerləşən “Relax” çay evinə göndərməsini demiş, 25 may 2021-ci il tarixdə saat 16 radələrində Zərərçəkmiş şəxs2 tərəfindən taksi sürücüsü Şahid2 vasitəsi ilə göndərilmiş 900 manat dəyərində 01 ədəd “Samsung S20+” markalı mobil telefon aparatını Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi 63 ünvanında yerləşən “Relax” çay evində ələ keçirərək Zərərçəkmiş şəxs2 ümumilikdə 900 (doqquz əlli) manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan sonra o, təkrarən, özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə onunla birlikdə Relax” çay evində ofisiant işləyən Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edərək, 28 may 2021-ci il tarixdə saat 22 radələrində ünvan 2 ünvanda yerləşən “Relax” çay evində Zərərçəkmiş şəxs1 məxsus 700 manat dəyərində üzərində 5 manat dəyərində, 2 manat balansı olan ***-***-**-** saylı Azercell MMC-yə məxsus nömrə olan “Samsung Galaxy J7” markalı mobil telefonu zəng edib qaytaracağı adı ilə aldadıb ələ keçirərək, Zərərçəkmiş şəxs1 ümumilikdə 707 (yeddi yüz yeddi) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Xətai rayonu Ukrayna dairəsi yaxınlığında yerləşən “Relax” adlanan kafeni icarəyə götürmüşdür. Kafeni işlətdiyi müddətdə maddi vəziyyəti pisləşmişdir. 25.05.2021-ci il tarixdə saat 18 radələrində işlətdiyi “Relax” kafesində olan zaman “lalafo” sosial şəbəkəsində “Samsung S20 ultra” mobil telefonunu 950 manat məbləğində satışını görmüşdür. O, əvvəllər tanımadığı Nicat adlı şəxsə məxsus ***-***-**-** mobil nömrəyə istifadə etdiyi ***-***-**-** mobil nömrədən zəng edərək telefonu almaq istədiyini bildirmişdir. Bir az söhbət etdikdən sonra telefonu 920 manata alacağı barədə razılaşmışlar və telefonu ustada yoxlatdırdıqdan sonra pulu verəcəyini bildirmişdir. O, işlətdiyim kafenin yaxınlığında yerləşən mobil telefon mağazasını işlədən Əli adlı şəxslə danışaraq “Samsung S20 ultra” markalı mobil telefonu satmaq istəyini bildirmiş və Əliyə telefonun fotoşəkillərini atdıqda sonuncu telefonu ondan alacağını bildirmişdir. Nicata telefonu işlətdiyi “Relax” kafesinə göndərməsini xahiş etmiş və sonuncu da taksi sürücüsü olan Mais adlı şəxslə telefonu ora göndərmişdir. Mais telefonla birlikdə işlətdiyi kafeyə gəlmiş və o, telefona baxdıqdan sonra işlədiyi kafedə ofisiant kimi işləyən Teymur adlı şəxslə telefonu Əliyə göndərmişdir. Əli ona zəng edərək 300 manat göndərdiyini və qalan məbləği isə 1-2 günə verəcəyini bildirmişdir. Təxminən 25 dəqiqə sonra Teymur 300 manat pul ilə kafeyə gəlmişdir. Taksi sürücüsü Maisi müxtəlif bəhanələr ilə aldadıb, sonda pulu sabah verəcəyini bildirmişdir. 28.05.2021-ci il tarixdə telefonun sahibi Nicat, taksi sürücüsü Mais və tanımadığı bir nəfər şəxslə onun işlətdiyi kafeyə gəlmişlər. Nicat pulu tələb etməyə başlamışdır. O, Nicata müxtəlif bəhanələr gətirib maddi vəziyyətinin pis olduğunu deyərək inandırmağa çalışmışdır ki imkan olan kimi telefonu qaytaracaq. O, 920 manat pulu 2 günə ödəyəcəyinə söz verdikdən sonra Nicat oradan getmişdir. O, Nicatİ aldadaraq ona məxsus “Samsung S20 Ultra” markalı mobil telefonu Əli adlı şəxsə satmışdır. Bundan başqa 28.05.2021-ci il tarixdə saat təxminən saat 22 radələrində Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi 63 ünvanda yerləşən icarə əsasında işlətdiyi “Relax” çay evində olan zaman orada ofisiant işləyən Zərərçəkmiş şəxs1 sonuncuya məxsus olan “Samsung J7” markalı mobil telefonu danışmaq üçün istəmişdir. İlahə də “Samsung J7” markalı mobil telefonu danışmaq üçün ona vermişdir. O, telefonu alaraq çay evindən çıxıb oradan uzaqlaşmışdır. Telefonun kodunu bilmədiyi üçün telefondan istifadə etməmiş və həmin telefonu Əhmədli metro stansiyası yaxınlığında tanımadığı şəxsə 50 manata satmışdır. Bundan sonra Zərərçəkmiş şəxs1 dəfələrlə ondan özünə məxsus olan mobil telefonunu istəsə də, o, İlahəyə hər dəfə müxtəlif bəhanələr gətirərək mobil telefonunu ona geri verməmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, özünə məxsus olan “Samsung S20+” markalı mobil telefonu “Lalafo” saytında satmaq üçün yerləşdirmişdir. 25.05.2021-ci il tarixdə saat təxminən 16 radələrində “Lalafo” elanlar saytında mobil telefonunu almaq istəyən şəxs ***- ***-**-** saylı mobil nömrədən ona zəng vuraraq mobil telefonu almaq istədiyini bildirmişdir. O, həmin mobil telefonun qiymətini elanda 950 manata qoymuşdur. Həmin şəxs onunla mobil telefonun qiymətini 920 manata razılaşmışdır. Sonra həmin şəxs H.Aslanov metrosunun yaxınlığında yerləşən “Relax” çay evini icarəyə işlətdiyini, oradan çıxa bilmədiyini mobil telefonu taksi ilə ona gödərməsini, yoxlatdırdıqdan sonra pulu taksi sürücüsünə ödəyəcəyini bildirmişdir. O, həmin şəxslə razılaşıb özünə məxsus olan “Samsung S20+” markalı mobil telefonun içərisində olan özünə məxsus 051 ***-**-** nömrəsini çıxarıb tanıdığı taksi fəaliyyəti ilə məşğul olan Mais adlı şəxs ilə Rövşənə göndərmişdir. Bir müddət keçdikdən sonra Mais ona zəng vuraraq H.Aslanov metrosunun yaxınlığında “Relax” çay evində olduğunu, həmin şəxsin mobil telefonun pulunu ödəməkdən yayınmaq istədiyini bildirmişdir. O, dərhal yaşadığı ünvandan çıxaraq taksi ilə “Relax” çay evinə getmişdir. Orada mobil telefonu almaq istəyən şəxs özünü Rövşən kimi ona təqdim etmişdir. Sonra ona mobil telefonu yoxlatdırdığını və bəyəndiyini deyərək mobil telefonu almaq üçün 920 manat pulu 1 saata kimi atasının gətirəcəyini bildirmişdir. O, Mais ilə birlikdə orada çay evində oturub pulu gözləmişlər. Bir müddət gözlədikdən sonra çay evində bir nəfər şəxs onlara yaxınlaşıb özünü Azər kimi təqdim edib Rövşənin yaxın dostu olduğunu bildirmişdir. Dostu Rövşənin mobil telefonun pulunu gecikdirdiyini, onda problemlər yarandığını və may ayının 28-nə kimi ödəniş üçün ona möhlət verməsini xahiş etmişdir. O, əlacsız qalıb Rövşənin dostu Azərlə razılaşmışdır. 28.05.2021-ci il tarixdə “Relax” çay evinə Rövşəndən pulu almaq üçün getmişdir. Orada o, Rövşənlə görüşüb artıq mobil telefonunu qaytarmasını istəmişdir. Rövşən yenə müxtəlif bəhanələr gətirərək mobil telefonun pulunu 20 dəqiqəyə gedib gətirəcəyini deyib çay evində gözləməsini istəmişdir. O, təxminən 4 saata kimi “Relax” çay evində Rövşəni gözləmişdir. Sonradan ona məlum olmuşdur ki, Rövşən onu aldadaraq mobil telefonumu mənimsəyib oradan çıxıb getmişdir. O, “Samsung S20+” markalı mobil telefonu Rövşənə 920 manata satmağa razılaşsa da, mobil telefonun qiyməti 900 manat təşkil etmiş və hadisə nəticəsində ona ümumilikdə 900 manat maddi ziyan dəymişdir. Hal-hazırda o təqsirləndirilən şəxslə barışmışdır, ona dəymiş ziyan tam olaraq ödənilmişdir və təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, bir neçə ildir ki, ünvan 3 ünvanda yerləşən “Relax” çay evində ofisiant kimi fəaliyyət göstərmişdir. Hər gün səhər saat 09 radələrindən gecə saat 00:00 radələrinədək işdə olmuşdur. Oradan qazandığı aylıq məvacib ilə ailəsini dolandırmışdır. 2021-ci ilin may ayının əvvəllərində adını sonradan bildiyi Təqsirləndirilən şəxs həmin kafeni icarə əsasında işlətməyə başlamışdır. O da Rövşənlə birlikdə öz işini davam etdirmişdir. 28 may 2021-ci il tarixdə səhər saatlarında evdən çıxaraq yenə öz işlədiyi ünvan 3 ünvanda yerləşən “Relax” çay evinə getmişdir. İşdə səliqə sahman yaradıb öz işinə başlamışdır. 28 may 2021-ci il tarixdə saat 22 radələrində Rövşən onu yanına çağıraraq telefonunun ekranının xarab olduğunu, bu səbəbdən onun telefonu ilə danışmaq istədiyini bildirmişdir. O da müdiri olduğu üçün Rövşənə inanıb öz işlətdiyi “Samsung J7” markalı mobil telefonu sonuncuya vermişdir. Mobil telefonu Rövşənə verdikdən sonra kafedə öz işlərinə davam etmişdir. Rövşən isə onun telefonunu götürərək guya telefon ilə danışırmış kimi görüntü yaradaraq kafedən çölə çıxmışdır. O, Rövşəni bir neçə dəqiqə gözlədikdən sonra aldandığını anlamışdır. Bundan sonra o, Rövşənin istifadəsində olan ***-***-**-** mobil nömrəsinə zəng vursa da telefona zəng çatmamışdır. Təxminən 1 aya yaxın o, Rövşənin onu aldadaraq telefonunu ələ keçirməsi barədə polisə şikayət etməmişdir. Düşünmüşdür ki, Rövşən yaxın vaxtlarda onun telefonunu qaytarar. Lakin aradan uzun müddət keçməsinə baxmayaraq Rövşən onun telefonunu qaytarmamışdır. Bundan sonra o, Xətai RPİ-nin 36-cı PB-nə ərizə ilə müraciət edib telefonunun Təqsirləndirilən şəxs tərəfindən aldadılaraq ələ keçirdiyini bildirmişdir. Ona hadisə nəticəsində ümumilikdə 707 manat maddi ziyan dəymişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 2 ilə yaxındır ki, ünvan 4 ünvanında yerləşən “Trend Mobile” telefon dükanında satıcı işləyir. Satıcı işində aldığı məvacib ilə ailəsini dolandırmışdır. 25.05.2021-ci il tarixdə işlədiyi mağazanın yaxınlığındakı “Relax” çay evini işlədən Təqsirləndirilən şəxs ona zəng vuraraq işçisinə məxsus “Samsung S20+” markalı telefonu satmaq istədiyini bildirmişdir. O, Rövşənə həmin telefonu 630 manata ala biləcəyini bildirmişdir. Rövşən onunla razılaşmış və həmin telefonu öz ofisiantı ilə ona göndərəcəyini, pulu həmin ofisianta verməli olduğunu bildirmişdir. O da Rövşənə heç bir etirazının olmadığını və telefonu gözlədiyini bildirmişdir. Bir müddət sonra anket məlumatlarını bilmədiyi ofisiant onun işlədiyi dükana gəlmiş və Rövşənin göndərdiyi telefonu ona vermişdir. O, həmin telefonu yoxlatdırdıqdan sonra götürmüş və həmin ofisianta 300 manat pul vermişdir. Pulu verdikdən sonra ofisianta bildirmişdir ki qalan 330 manatı da 3 gün sonra Rövşənə verəcəkdir. Ofisiantı yola salıb öz işinə davam etmişdir. 3 gün sonra axşam saat 19 radələrində Təqsirləndirilən şəxs onun işlədiyi mağazaya gələrək 330 manatı ondan istəmiş və o da pulu Rövşənə vermişdir. Bundan sonra Rövşənlə sağollaşıb işlərinə davam etmişdir. Həmin telefonu özünün istifadəsi üçün aldığından heç kimə satmayaraq özü işlətməyə başlamışdır. Təxminən 1 ay sonra işlədiyi mağazada olarkən polis əməkdaşları mağazaya daxil olmuş və Təqsirləndirilən şəxs ona satdığı “Samsung S20+” markalı telefonu nə etdiyini maraqlanmışlar. O da həmin telefonu özü işlətdiyini bildirdikdən sonra polislər ona telefonun Rövşən tərəfindən dələduzluq yolu ilə ələ keçirildiyini bildirmişlər. Bundan sonra o, polis əməkdaşları ilə birlikdə Xətai RPİ-nin 36-cı PB-nə getmiş və orada ondan izahat alınmışdır. Daha sonra Rövşəndən alaraq işlətdiyi “Samsung S20+” markalı telefonu təhvil vermişdir. Orada ondan telefonu qəbul edib sənədləşdirmişlər. O, Təqsirləndirilən şəxs telefonu sonuncuya məxsus şəxsiyyət vəsiqəsinin kserosurəti ilə əldə etmişdir. Rövşən Azyevi işlədiyi mağazanın yaxınlığında yerləşən “Relax” çay evini işlədən bir şəxs kimi tanımışdır. Rövşən bir dəfə onun işlədiyim mağazaya gələrək ona “İphone X” markalı mobil telefon satmışdır. Təqsirləndirilən şəxs ona telefonu satan zaman telefonun işçisinə məxsus olduğunu və pula ehtiyacı olduğu üçün satdığını bildirmişdir, telefonun cinayət yolu ilə əldə edilməsi barədə heç bir məlumatı olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, ölkədə yaranmış pandemiya vəziyyəti ilə əlaqədar olaraq təhsil sistemləri onlayn qaydada keçirildiyindən universitetə getməmişdir. Ailə vəziyyətinin çox da yaxşı olmadığından işləmək qərarına gəlmişdir. Bu məqsədlə özünə iş axtarmışdır. 23 may 2021-ci il tarixdən Həzi Aslanov metro stansiyası yaxınlığında yerləşən “Relax” çay evinə yaxınlaşaraq işçi lazım olub-olmaması barədə soruşmuşdur. Rövşən ona yaxınlaşaraq oranın müdiri olduğunu və işçi lazım olduğunu bildirmişdir. O, Rövşənlə günü 12 manata ofisiant kimi işləməyə razılaşdır. 24 may 2021-ci il tarixdən həmin çay evində işə başlamışdır. 25.05.2021-ci il tarixdə işdə olan zaman Rövşən onu yanına çağırıb “Samsung S20+” markalı telefonu ona vermiş və həmin telefonu Həzi Aslanov metrosunun yaxınlığında yerləşən telefon mağazasına çatdıracağını və orada olarkən bir nəfər şəxsin ona zəng edərək telefon müqabilində pul verəcəyini bildirmişdir. O da Rövşəndən həmin telefonu götürərək dediyi yerə getmişdir. Metronun yanına çatan zaman bir nəfər şəxs ona zəng vuraraq onu yaxınlıqda olan lakin adını xatırlamadığı telefon mağazasına çağırmışdır. O, mağazaya daxil olaraq həmin şəxsə telefonu vermişdir. Mağazada işləyən şəxs telefonu yoxladıqdan sonra ona 300 manat pul vermiş və həmin pulu Rövşənə çatdırmalı olduğunu bildirmişdir. O, həmin 300 manatı götürərək işlədiyi çay evinə getmiş və pulu Rövşənə vermişdir. Bundan sonra o, işinə davam etmişdir. 2 gün işlədikdən sonra çay evində vəziyyətin yaxşı olmadığını və Rövşənin ona söz verdiyi gündəlik maaşı gecikdirdiyini görüb həmin çay evindən işdən çıxmışdır. Şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaqda verdiyi və məhkəmədə tədqiq ediən ifadəsində göstərmişdir ki, o, **-TX-*** dövlət qeydiyyat nişanlı, VAZ 2106 markalı avtomobili ilə taksi fəaliyyəti ilə məşğul olub ailəsini dolandırmışdır. Hər gün səhər saatlarından axşam saatlarınadək müştərilərə xidmət etmişdir. 25.05.2021-ci il tarixdə saat təxminən 16 radələrində tanışı Zərərçəkmiş şəxs2 zəng vuraraq özünə məxsus “Samsung S20+” markalı mobil telefonu Xətai rayonu, Həzi Aslanov metro stansiyası yaxınlığında “Relax” çay evinə çatdıraraq ***-***-**-** saylı nömrə ilə əlaqə saxlamağını, nömrənin sahibi Rövşən adlı şəxs ilə görüşərək həmin mobil telefonu Rövşənə verəcəyini, həmin şəxs mobil telefonu yoxlatdırdıqdan sonra ona 920 manat pul ödəyəcəyini bildirmişdir. O da Nicatdan telefonu götürərək “Relax” çay evinə getmişdir. Həzi Aslanov metro stansiyası yaxınlığına çatıb Nicatın verdiyi nömrə ilə əlaqə saxlayıb Rövşənlə metronun yaxınlığında yerləşən “Relax” çay evinin yaxınlığında görüşdür. Rövşən onu çay evinə dəvət etmiş və çay evinin müdiri olduğunu bildirmişdir. Sonra ondan telefonu istəmişdir. O da Nicatın verdiyi mobil telefonu Rövşənə vermişdir. Rövşən həmin mobil telefonu yoxlatdırmaq üçün telefon mağazasına göstərmək adı ilə adını bilmədiyi bir ofisiantı yanına çağıraraq həmin telefonu ofisianta vermişdir. Həmin ofisiant da çay evini tərk etmişdir. O, bir müddət çay evində gözlədikdən sonra Rövşənə pulu ödəməsini bildirmişdir. Rövşən isə bəhanələr gətirərək pulu ödəməkdən yayınmışdır. Bundan soran o, Rövşənin Nicatı aldatdığını düşünüb dərhal Nicata zəng etmiş və Rövşənin müxtəlif bəhanələr gətirərək pulu verməkdən yayındığını, onu çay evində gözlətdiyini bildirmişdir. Bir neçə dəqiqə sonra Nicat “Relax” çay evinə gələrək Rövşənlə tanış olmuşdur. X4 da bəhanələr gətirərək pulu verməkdən yayınmışdır. Bir az söhbət etdikdən sonra Rövşən onlara çay evində gözləmələrini təklif edib çay evini tərk etmişdir. Onlar çay evində gözləyən zaman onlara özünü Azər kimi təqdim edən bir şəxs yaxınlaşıb Rövşənin dostu olduğunu, Rövşənin problemləri olduğu üçün pulu ödəyə bilmədiyini, onlardan 28 may tarixinədək vaxt istəmişdir. Nicat da həmin şəxsin sözlərinə inanaraq razılaşmış və onlar “Relax” çay evini tərk etmişlər. 28 may 2021-ci il tarixdə o, Nicatla görüşüb Rövşəndən pulu almaq üçün “Relax” çay evinə getmişlər. Orada Rövşənlə görüşmüş və Nicat Rövşəndən artıq pulu istəməyərək telefonu qaytarmasını tələb etmişdir. Lakin Rövşən yenidən müxtəlif bəhanələr gətirərək pulu qaytarmaqdan yayınmış və onlara 20 dəqiqə gözləmələrini xahiş etmişdir. O da Nicatla birlikdə təxminən 4 saata yaxın Rövşəni gözləmişlər. Bundan sonra ona və Nicata aydın olmuşdur ki, Rövşən onları aldadaraq Nicata məxsus telefonu dələduzluq yolu ilə ələ keçirmişdir(i.v.111-113); İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanılması və istintaq aidiyyəti üzrə göndərilməsi haqqında 05 iyul 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 1781-ci maddəsi ilə cinayət işi başlanmışdır (i.v. 01); 31.05.2021-ci il tarixli “təqdim etmə və götürmə” protokolundan görünür ki, Şahid3 25.05.2021-ci il tarixdə Təqsirləndirilən şəxs ona satdığı “Samsung S20+” markalı mobil telefonu təhqiqata təqdim etmişdir.(i.v.17-18); zərərçəkmiş şəxs qismində tanınma haqqında 13 iyul 2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v. 37-38); zərərçəkmiş şəxs qismində tanınma haqqında 19 iyul 2021-ci il tarixli qərardan görünür ki, X2 cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v. 46); əşyanın tanınmaya təqdim edilməsi haqqında 19 iyul 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən dələduzluq yolu ilə ələ keçirilmiş 1 ədəd “Samsung S20+” markalı mobil telefon zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 tanınmaya təqdim edilmiş və tanınma zamanı Zərərçəkmiş şəxs2 həmin telefonu markasından, rəngindən, ölçüsündən və işlənmə dərəcəsindən tanıdığını bildirmişdir(i.v.55-56); şübhəli şəxsin tutulması haqqında 19 iyul 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 17:50 radələrində tutulmuşdur (i.v. 66-67); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 21 iyul 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 178.2.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir (i.v. 79-80); vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında 21 iyul 2021-ci il tarixli qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmiş və o, dərhal Xətai RPİ-nin MSY-dən azad edilmişdir (i.v. 94- 95); qətimkan tədbirinin seçilməsi haqqında 21 iyul 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir (i.v. 96-97); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsinin 11.08.2021-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (i.v.109); məhkəmə-əmtəəşünaslıq ekspertizasının 30.08.2021-ci il tarixli 9/5904 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 1 ədəd “Samsung” markalı, “SM-G985F/DS (S20+)” modelli 128 GB yaddaşlı mobil telefon aparatının istifadədə olduğunu nəzərə alaraq hazırkı orta bazar qiyməti təxminən 900,00 manat müəyyən olunur(i.v.127-129); cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında 20.09.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə elan edilmiş ittiham və barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilmədən saxlanılmış, Zərərçəkmiş şəxs2 məxsus 1 ədəd “Samsung S20+” markalı mobil telefon maddi sübut kimi tanınmış və sahibinə geri qaytarılmışdır (i.v.131-140); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-446/2021 saylı 22.11.2021-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində həbs nəzərdə tutulmaqla axtarış elan olmuşdur; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasının 31.03.2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 25.03.2022-ci il tarixdə Xətai RPİ-nin 34-cü PŞ-nin əməkdaşları tərəfindən tutularaq Bakı İstintaq Təcridxanasına gətirilmişdir. Zərərçəkmiş şəxs2 məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, o, təqsirləndirilən şəxslə barışdığını, ona dəymiş ziyanın tam olaraq ödənildiyini, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə təkrar törədildikdə – bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəməhüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli Qərarının 39-cu bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, dələduzluq cinayətinin törədilməsində təqsirli bilinmiş şəxslər barəsində cəza tədbiri seçərkən cəza təyin etmənin əsasları, prinsipləri və qaydaları təsbit edilmiş cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərinə əməl etsinlər, vurulmuş zərərin könüllü olaraq ödənilməsi və ya aradan qaldırılması kimi cəzanı yüngülləşdirən halı törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarla, habelə işin digər halları ilə birgə müzakirə edərək nəzərə alsınlar. Məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət nəticəsində vurmuş olduğu ziyanı qismən ödəməsini (CM-59.1.14), törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini (CM-59.2) nəzərə alır və onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, 19 iyul 2021-ci il tarixdən 21 iyul 2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün və 25 mart 2022-ci il tarixdən 16 may 2022-ci il tarixədək həbsdə saxlanıldığı 01 (bir) ay 21 (iyirmi bir) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı və üzərində müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalı (CM 69.3), barəsində seçilmiş «həbs» qətimkan tədbiri dəyişdirilərək «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilməli və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilməli, barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - Mingəçevir şəhəri, Əliağa Vahid küçəsi, ev 4, mənzil 26 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Mingəçevir şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanına iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur, maddi sübut - 1 ədəd “Samsung S20+” markalı mobil telefonun sahibinə geri qaytarılması nəzərə alınmalıdır. İş üzrə ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 19 iyul 2021-ci il tarixdən 21 iyul 2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün, 25 mart 2022-ci il tarixdən 16 may 2022-ci il tarixədək həbsdə saxlanıldığı 01 (bir) ay 21 (iyirmi bir) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 03 (üç) ay 16 (on altı) gün azadlığın məhdudlaşdırılması cəzası ona təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində 02 (iki) il 02 (iki) ay 14 (on dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı Mingəçevir şəhəri, Əliağa Vahid küçəsi, ev 4, mənzil 26 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Mingəçevir şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və o, dərhal məhkəmə iclas zalından azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Maddi sübut - 1 ədəd “Samsung S20+” markalı mobil telefonun sahibinə geri qaytarılması nəzərə alınsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №1(011)-30/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-30/2022
16.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver