Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-300/2023 10.05.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, Paşayev Orxan Zakir oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxx 1985-ci il tarixində Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 19 avqust 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək 04 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, ünvan 3-da qeydiyyatda olan, Bakı İstintaq Təcridxanasında saxlanılan, barəsində həbs qətimkan tədbiri seçilmiş – Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə olan heroini şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən satış maqsadi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,345 qram narkotik vasitə olan heroini əldə edərək üzərində saxlamaqla daşımış, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında Bakı şəhəri, Xətai RPİ 34-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində 04 fevral 2023-cü il tarixdə, saat 16:00 radələrində ünvan 1 ünvanın yaxınlığında saxlanılıb ünvan 2əşən Bakı şəhəri, Xətai RPİ-nin 34-cü PŞ-nin inzibati binasına gətirilərək orada videoçəkilişdən istifadə etməklə polis əməkdaşları və müdafiəçinin iştirakı ilə üzərində aparılan şəxsi axtarış və götürmə zamanı əynində olan qara rəngli şalvarının sağ yan cibindən 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,345 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə- heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün etirafedici ifadələri ilə yanaşı şahid ifadələri, şəxsi axtarış və götürmə, diskə baxış, ekspertiza rəyləri və iş üzrə toplanmış digər sənədlərlə də tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 3 ildir ki, narkotik vastələrdən istifadə edir. Narkotik vasitələrdən istifadə etdiyinə görə sonuncu dəfə Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən 2022-ci ildə məhkum olunmuşdur. Azadlığa çıxandan sonra yenə də narkotik vasitələri istifadə etmişdir. Narkotik vasitələri tanımadığı şəxlərdən alırmış. 04 fevral 2023-cü il tarixdə, saat 10 radələrində Nizami rayonu ərazisində yerləşən «Neftçilər» metro stansiyasının yaxınlığında tanımadığı şəxsdən 10 manata heroini bir bükümdə özü üçün istifadə etmək məqsədilə almış və əynindəki qara rəngli şalvarın sağ yan cibinə qoymuşdur ki, yaşadığı evin yaxınlığında bir yerdə istifadə etsin. Təxminən saat 16:00 radələrində Xətai rayonu, 3-cü Əhmədli küçəsi, 29 ünvanının yaxınlığında olarkən mülki geyimli şəxslər ona yaxınlaşıb polis əməkdaşları olduqlarını və onun narkotik vasitələrdən istifadə etməsinədən şübhələndiklərini bildirmişlər. Özünü onlara təqdim etdikdən sonra özünün razılığı ilə onu Xətai RPİ-nin 34-cü PŞnə aparmışlar. Şöbədə əynində olan qara rəngli şalvarının sağ yan cibindən 1 ədəd bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Sorğu zamanı bükümdə olan maddənin heroin olduğunu, onu «Neftçilər» metro stansiyasının yanından 10 manata tanımadığı şəxsdən özü üçün istifadə etmək məqsədilə aldığını bildirmişdir. Bundan sonra üzərində axtarış davam etsə də hər hansı bir maddə və ya əşya aşkar edilməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 04 fevral 2023-cü il tarixdə şöbəyə Təqsirləndirilən şəxs narkotik vasitənin istifadəsi barədə məlumat polis şöbəsinə daxil olmuş, həmin məlumatın yoxlanılmasına dair şöbənin rəhbərliyinin əmri ilə əməliyyat qrupu yaradılmış, qrupun rəhbəri o olmuş, üzvü isə sahə rəisi Şahid2 olmuşdur. Həmin gün saat 16 radələrində ünvan 3 ünvanın qarşısında Təqsirləndirilən şəxs görüb ona yaxınlaşmışlar, özlərini təqdim edib onun narkotik vasitənin qəbul edilməsi ilə məşğul olmasından şübhələndiklərini bildirmiş və onu 34-cü PŞ-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs heç bir etiraz etməyərək onlarla razılaşmışdır. Bundan sonra onlar Təqsirləndirilən şəxs gətirmiş, şöbədə sonuncunun şəxsiyyəti dəqiqləşdirildikdən sonra polis şöbəsinə vəkil dəvət edilmiş, bundan sonra xidməti otaqların birində Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilməklə vəkilin iştirakı ilə videoçəkiliş etməklə onun üzərində şəxsi axtarış aparılmağa başlanılmışdır. Təqsirləndirilən şəxs üstünə şəxsi axtarış keçirilməzdən əvvəl ona üzərində olan qeyri-qanuni əşyaları təqdim etməsi təklif olunmuş, Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarın sağ yan cibindən 01 ǝdad şəffaf selofan torbaya bükülmüş, içərisində toz şəkilli, qəhvəyi rəngli maddə olan bükümü masanın üzərinə qoymaqla təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində keçirilmiş şəxsi axtarış zamanı qanunla qadağan edilmiş hər hansı digər əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümdə nə olduğu barədə sual verildikdə o, həmin bükümdə narkotik vasitə heroin olduğunu, onu xx.xx.2023-cü il tarixdə saat 10 radələrində «Neftçilər» metro stansiyasının yaxınlığında şəxsi istifadəsi üçün tanımadığı şəxsdən aldığını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi narkotik vasitə heroinə bənzər maddə elektron tərəzi ilə çəkilən zaman 01 ədəd şəffaf selofan torbaya bükülmüş narkotik vasitə heroinin çəkisinin 0,42 qram olması müəyyən edilmişdir. İş üzrə digər Şahid2 məhkəmə iclasının vaxtı barədə qanuna müvafiq qaydada məlumatlandırılmasına baxmayaraq, o, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə həmin şahidin məhkəmə iclasında iştirak etməməsini nəzərə alaraq, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmiş, habelə istintaq dövründə vermiş olduğu ifadə elan olunmuşdur. Həmin ifadəsində o, iş üzrə digər Şahid1 ilə oxşar məzmunlu ifadələr verərək onun qeyd etdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 05 fevral 2023-cü il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işinin başlanılması və icraata qəbul edilməsi qərara alınmışdır. (i.v 1) şübhəli şəxsin tutulması haqqında 04 fevral 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində 04 fevral 2023-cü il tarixdə, saat 16:30-da Xətai RPİ 34-ci PB-də tutulmuş, tutulmanın əvvəli, azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni həmin tarixdən saat 16:00-dan hesablanmışdır ( i.v. 20); şəxsi axtarış və götürmə aparılması haqqında 04 fevral 2023-cü il tarixli protokoldan görünür ki, Bakı şəhəri Xətai RPİ-nin 34-ci PB-nin baş əməliyyat müvəkkili Şahid2, Bakı şəhəri Xətai RPİ-nin 34-ci PB-nin əməliyyat müvəkkili Şahid1, barəsində şəxsi axtarış və götürmə aparılan şübhəli şəxs Təqsirləndirilən şəxs, müdafiəçi 13 saylı vəkil bürosunun vəkili X2 iştirakları ilə şəxsi axtarış və götürülmə aparılmış, bu barədə müvafiq protokol tərtib olunmuşdur. Şəxsi axtarış və götürmə başlamazdan əvvəl bütün iştirakçılar bu prosessual hərəkətin aparılması zamanı “İphone” markalı mobil telefondan istifadə olunmaqla video çəkilişin həyata keçirilməsi barədə xəbərdar edilmişdir. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim edilməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofan torbaya bükülmüş spesifik iyə malik olan, qəhvəyi rəngli, tozşəkilli narkotik vasitə heroinə bənzər maddəni çıxarıb təqdim edərək həmin maddənin narkotik vasitə hesab edilən heroin (kakos) olduğunu və istifadəsi üçün Bakı şəhəri, Nizami rayonu, Neftçilər metrosunun yaxınlığında anket məlumatlarını dəqiq bilmədiyi şəxsdən 10 manat məbləğində aldığını bildirdi. (i.v. 30-31); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 05 fevral 2023-cü il tarixli, 6/705 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində" Azərbaycan Respublikası Zərflər üçün №152» dairəvi möhür əksi olan, “.. (imza) Təqsirləndirilən şəxs.” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfin içərisində 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,345 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ), daxildir. (i.v.39-40) təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 06 fevral 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona 06 fevral 2023-cü il tarixdə, saat 08:40-də Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan ittiham elan edilmişdir (i.v. 49-50); Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 06 fevral 2023-cü il tarixli 4(011)-81/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 04 fevral 2023-cü il tarixdən hesablanması qərara alınmışdır.(i.v.74-78) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirləndirilməsinə dair ********* saylı cinayət işi xx.xx.2022-ci il tarixində məhkəməyə göndərilmişdir. (i.v.82-83) Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 5 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 2 (iki) gün həbsdə saxlanıldığı müddət təyin edilmiş cəzadan çıxılmaqla, üzərində qəti olaraq 4 (dörd) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssiəsində çəkməsi, onun həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə. Cəzasının əvvəlinin 29 iyun 2022-ci il tarixindən hesablanması və barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması qərara alınmışdır. (i.v 89-94) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X7 Şəxsi Ambulator X1 xx.xx.2023-ci il tarixli, 780 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs Opiodlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı «Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə» Qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xastalıyına düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq hal hazırda Təqsirləndirilən şəxs İİ dərəcəli əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür. (i.v. 96-97) İş üzrə təyin edilmiş kompleks ambulator pixiatrik və psixoloji ekspertizasının xx.xx.2023- cü il tarixli 719 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Cinayət işi materiallarından və hal-hazırki psixiatrik müayinənin nəticələrindən görünür ki, Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə ifadə vermək və baş verənləri düzgün qavrayıb təsvir edə bilmək iqtidarındadır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs qeyd olunan cinayət törədilən anda əqli inkişafında ruhi xəstəliklə bağlı olmayan gerilik əlamətləri olmamışdır. O öz hərəkətlərini tam dərk etmək, hərəkət və davranışını tənzimləmək və onlara iradi nəzarət etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs əqli inkişaında gerilik əlamətləri aşkar olunmadı. O, qıcığa qarşı həssaslıq, hövsəsizlik, inadkarlıq, tez özündən çıxmaq, eqosentrizm, kinlilik kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs özündən uydurmağa və başqalarının təsiri altında hərəkət etməyə meyillilik əlamətləri müşahidə edilmədi Təqsirləndirilən şəxs cinayət törədən zaman fizioloji affekt vəziyyətində olmamışdır. Təqsirləndirilən şəxs cinayət törədildiyi zaman onun şüuruna və fəaliyyətinə təsir göstərə biləcək emosional vəziyyətdə olmamışdır. (i.v.99-102) Sübutların qiymətləndirilməsi haqqında 10 aprel 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilmiş 0,345 qram olan narkotik vasitə heroin, üzərində şəxsi axtarış və götürmə aparılmasını özündə əks etdirən 1 ədəd "CD-R" diski maddi sübut kimi tanınması, tədqiqata sərf edildikdən sonrakı qalıq çəkisi olan 0,295 qramı Xətai RPİ-nin maddi sübutların saxlanma kamerasına təhvil verilməsi və 1 ədəd "CD-R" diski cinayət işinin materiallarına əlavə edilməsi, ********* saylı cinayət işindən Təqsirləndirilən şəxs narkotik vasitə əldə etdiyi mənbə barəsində material ayrılaraq Xətai RPİ-nə göndərilməsi qərara alınmışdır.(i.v 103-106) Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2012-ci il təvəllüdlü X4 adlı övladı var. DSMF Xətai rayon şöbəsi tərəfindən verilmiş 028552 vəsiqədən görünür ki, Təqsirləndirilən şəxs 2-ci qrup əlildir. Məhkəmə iclasında tərəflərin iştirakı ilə videogörüntü tədqiq edilmiş, videogörüntüdə Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış aparıldığı, hüquq və vəzifələri izah edildiyi, üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyanı təqdim etməsi təklif edildiyi, Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd bükümdə bağlamanı çıxararaq onun heroin olduğunu və Nizami rayonu, Neftçilər metrosunun yaxınlığında anket məlumatlarını dəqiq bilmədiyi şəxsdən 10 manat məbləğində aldığını bildirmişdir. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin, şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəyinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməli Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahının 5-ci qrafasına əsasən təmiz çəkisi 0,345 qram olan heroin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində xx.xx.2012-ci il təvəllüdlü X4 adlı övladının olması(CM59.1.3), 2-ci qrup əlil olmasını, əməlindən səmimi peşmanlıq çəkməsini (CM-59.2) nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə məhkum olunduğu 04 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasını cəkib bitirdiyi tarixdən 2 ildən artıq müddət keçmədiyindən, yəni məhkumluq müddəti ödənilmədiyindən onun əməlində cəzanı ağırlaşdıran cinayətin residivi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hal cinayətin residivi(CM61.1.1) müəyyən edilmişdir. Təqsirləndirilən şəxs digər cəza ilə cəzanın məqsədinə nail olunmamasını, təqsirkarın şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğuna görə ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halın və əməlində cəzanı ağırlaşdıran halın olması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, az ciddi cəza növünün cəzanın məqsədlərini təmin edə bilməməsi nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu tarixindən hesablanmalı, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut kimi tanınan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut - 01 (bir) ədəd disk iş materiallarında saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 30 (otuz) saat üçün nəzərdə tutulan 180 (yüz səksən) manat pul ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01(bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli 04 fevral 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut – ekspertiza tədqiqatından sonra qalan Bakı şəhəri Xətai Rayon Polis İdarəsində saxlanılan ümumi təmiz çəkisi 0,295 qram olmaqla qalıq qalan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Ekspertiza tədqiqatının dəyəri 80 (səksən) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut – 01 ədəd disk iş materiallarında saxlanılsın. 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 30 (otuz) saat üçün nəzərdə tutulan 180 (yüz səksən)manat pul ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sülhanə Hacıyeva
Məhkəmə qərarları › İş №1(011)-300/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-300/2023
10.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver